Məhkəmə qərarları › İş №2-1(103)-308/2020

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-308/2020

17.03.2020 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2020 17.03.2020 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızının sədrliyi ilə (məruzəçi); Məmmədov Vidadi Məmməd oğlu və Həmidov Həmid Üzeyir oğlundan ibarət tərkibdə; Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (ünvan 1 m. 27 ünvanında qeydiyyatdadır) cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon Şöbəsinə qarşı “yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı qərarından cavabdehtərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İddiaçı 06 may 2019-cu il tarixdə cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə (bundan sonra DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun 23.06.1970-ci ildən etibarən 07.11.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, 2018-ci il tarixdən yaşa görə əmək pensiyasının hesablanması vəzifəsinin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Sonradan 02.07.2019-cu il tarixdə iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, əmək kitabçasına uyğun olaraq 08.06.1988-ci ildən 12.05.1994-cü ilədək işlədiyi müddətin sığorta stajına daxil edilməklə, 20.11.2018-ci il tarixdən ona yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin DSMF-nin Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası İPM-nin 54.3-cü maddəsinə müvafiq olaraq, birinci instansiya məhkəməsi tərəfindən iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizənin icraata qəbul edilməsi barədə qərardad qəbul etməmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 23.06.1970-ci ildən əmək fəaliyyətinə başlamış 07.11.2004-cü il tarixədək müxtəlif müəssisələrdə işləmiş, bu barədə ona aid əmək kitabçasında işə daxil olma və işdən azad olma ilə bağlı müvafiq qeydlər aparılmışdır.İddiaçı ona əmək pensiyasının təyin edilməsi üçün DSMF-nin Bakı şəhər Xətai rayon şöbəsinə müraciət etmiş, cavabdehin 06.03.2019-cu il tarixli, **********3 saylı cavab məktubu ilə ona imtina edilmiş, imtinaya əsas kimi 08.06.1988-ci ildən 12.05.1994cü ilədək olan əmək fəaliyyətinin təsərrüfat hesablı olduğu və həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsinin öz təsdiqini tapmadığı göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2039/2019 saylı qərarı ilə (hakim X.İmanov) iddia təmin edilmiş, 23.06.1970-ci ildən 07.11.2004-cü il tarixədək işlədiyi illərin sığorta stajına daxil edilməklə, İddiaçı 64 yaşdan, yəni 20.11.2018-ci il tarixdən yaşa görə əmək pensiyası təyin edilməsi vəzifəsi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinə həvalə edilmişdir. 03.12.2019-cu il tarixdə cavabdeh apellyasiya şikayəti verərək, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı qərarının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 08.06.1988-ci ildən 12.05.1994-cü ilədək olan vətəndaşın əmək fəaliyyəti təsərrüfat hesablı olduğundan həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmaları ödəməyi öz təsdiqini tapmamışdır. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı izahat verərək, iddia tələbini müdafiə etdiyini, apellyasiya şikayətini qəbul etmədiyini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə xəbərdar edilmiş cavabdehin nümayəndəsi sonuncu məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikası İPM-in 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun nümayəndəsinin iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. Əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi İsgəndərov Ceyhun Abış oğlu izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsin izahatını dinləyib, iş materiallarını yoxlayaraq və apellyasiya şikayətinin dəlilini araşdıraraq hesab edir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan iddiaçıya məxsus AZE № ******** seriya və nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən İddiaçı xx.xx.1954-cü il tarixdə Bakı şəhərində anadan olmuşdur. İddiaçıya məxsus əmək kitabçasının təsdiq edilmiş surətinə əsasən: -İddiaçı 61 ok saylı 19.06.1970-ci il tarixli əmrlə 23.06.1970-ci il tarixdən “Azərenerjitəmir” zavodunda mexaniki sexə tornaçı şagirdi peşəsinə qəbul edilmiş, 108 ok saylı 02.11.1970-ci il tarixli əmrlə 02.11.1970-ci il tarixdən ona birinci dərəcəli tornaçı, 42 saylı 08.06.1971-ci il tarixli əmrlə isə birinci dərəcəli tornaçı dərəcəsi verilmiş, -07.05.1973-cü ildən 26.05.1975-ci ilədək Sovet Ordusunda xidmət etmiş, -140k saylı 22.07.1975-ci il tarixli əmrə əsasən P.Montin adına zavoda 23.02.1975-ci il tarixdən MYS 3-2 dərəcəli tornaçı, 240 saylı 02.06.1976-cı il tarixli əmrə əsasən isə MYS 3-3 dərəcəli tornaçı peşəsinə qəbul edilmiş, 181 k saylı 23.09.1976-cı il tarixli əmrə əsasən 24.09.1976-cı il tarixdən öz xahişi ilə işdən azad edilmiş, -158 nömrəli 26.10.1976-cı il tarixli əmrə əsasən 26.10.1976-cı il tarixdən Avtomobil nəqliyyat kontoru AzMİİ “Xəzərbalıq” müəssisəsinə 3-cü dərəcəli sürücü qəbul edilmiş, 163 nömrəli 10.11.1976-cı il tarixli əmrlə 10.11.1976-cı il tarixdən Azərbaycan SSR ƏHQM-in 37-ci maddəsi ilə işdən azad edilmiş, -217 saylı 10.11.1976-cı il tarixli əmrlə 18.11.1976- cı il tarixdən P.Montin adına zavoda MYS 3-3-cü dərəcəli tornaçı peşəsinə işə qəbul edilmiş, 15k saylı 24.01.1977-ci il tarixli əmrlə 24.01.1977-ci il tarixdən öz xahişi ilə işdən azad edilmiş, -117 k saylı 14.02.1977-ci il tarixli əmrlə 11.02.1977-ci il tarixdən Xətai (keçmiş Şaumyan) rayon yeyinti ticarəti idarəsi 60 saylı mağazaya işçi qismində işə qəbul edilmiş, 1169k saylı 30.12.1977-ci il tarixli əmrlə 30.12.1977-ci il tarixdən həmin mağazada lotokçu işinə keçirilmiş, 628k saylı 08.08.1978-ci il tarixli əmrə əsasən 07.08.1978-ci il tarixdən Azərbaycan SSR ƏHMK 37-ci maddəsinə əsasən işdən azad edilmiş, -831k saylı 20.10.1978-ci il tarixli əmrə əsasən 19.10.1978-ci il tarixdən Şaumyan RYT 16 saylı mağazaya kiçik satıcı vəzifəsinə təyin edilmiş, 227 k saylı 18.04.1980-ci il tarixli əmrlə 14.04.1980-ci il tarixdən həmin mağazaya satıcı vəzifəsinə keçirilmiş, 242 k saylı 22.04.1981-ci il tarixli əmrlə 01.05.1981-ci il tarixdən Azərbaycan SSR-nin ƏHKM 36cı maddəsinin 5-ci bəndinə əsasən Nizami yeyinti ticarət idarəsinə keçirilməsi ilə əlaqədar işdən azad edilmiş, 18 saylı 04.05.1981-ci il tarixli əmrlə 01.05.1981-ci il tarixdən Nizami yeyinti ticarəti 16 saylı mağazaya satıcı təyin edilmiş, 83 nömrəli 11.06.1981-ci il tarixli əmrə əsasən 27.05.1981-ci il tarixdən 6 saylı mağazaya satıcı keçirilmiş, 290 saylı 21.08.1981-ci il tarixli əmrlə 21.08.1981-ci il tarixdən 59 mağazaya satıcı keçirilmiş, 496 saylı 11.11.1981-ci il tarixli əmrlə 11.11.1981-ci il tarixdən Azərbaycan SSR ƏHKM 36-cı maddəsinə əsasən işdən azad edilmiş, -126 ok saylı 20.11.1981-ci il tarixli əmrlə 23.11.1981-ci il tarixdən Bakı mexaniki sexinə üçüncü dərəcəli tornaçı peşəsinə təyin edilmiş, 1300 ok saylı, 03.12.1982-ci il tarixli əmrlə 05.11.1982-ci il tarixdən Azərbaycan SSR ƏHKM 37-ci maddəsinə əsasən işdən azad edilmiş, -83 ok saylı, 14.12.1982-ci il tarixli əmrlə 14.12.1982-ci il tarixdən 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, 21 ok saylı 11.05.1988-ci il tarixli əmrə əsasən Azərbaycan SSR ƏHKM 37-ci maddəsinə əsasən öz xahişi ilə işdən azad edilmiş, -37 ok saylı 08.06.1988-ci il tarixli əmrlə 08.06.1988-ci il tarixdən XTTTS DİM “Farmasiya” müəssisəsinə 3-cü dərəcəli sürücü vəzifəsinə təyin edilmiş, 12.05.1994-cü il tarixli əmrlə Birliyin tərkibində fəaliyyət göstərən təmir-tikinti sahəsinin bazasında “Xəzri” təmir tikinti və ticarəti sahəsi təsis edilmiş, 48k saylı 07.11.2004-cü il tarixli əmrlə 07.11.2004-cü il tarixdən öz xahişi ilə işdən azad edilmişdir. Məhkəmənin 23.07.2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı sorğusuna cavab olaraq məhkəməyə təqdim edilmiş “Xəzri” təmir-tikinti və ticarət sahəsinin 018 saylı, 24.07.2019-cu il tarixli arayışından müəyyən edilir ki, xx.xx.1954-cü il təvəllüdlü İddiaçı “Xəzri” təmir-tikinti və ticarət sahəsində 1988-ci ildə sürücü vəzifəsinə işə qəbul edilmiş, davamlı olaraq 2004-cü ilədək “Xəzri” təmir-tikinti və ticarət sahəsində sürücü vəzifəsində çalışmışdır. Əlavə olaraq qeyd edilmişdir ki, 1988-ci ildə ГПO “Farmasiya” İdarəsi olmuş, 1994-cü ildə idarə ləğv olunaraq, “Xəzri” təmir-tikinti və ticarət sahəsi təsis edilmiş, 2006cı ildə sahə özəlləşdirildiyindən bütün sənədlər Baş Apteklər İdarəsinin arxivinə təhvil verilmişdir. Hal-hazırda “Xəzri” təmir-tikinti və ticarət sahəsinin fəaliyyəti dayandırılmışdır. Bu səbəbdən hər hansı bir əmrdən və arayışdan çıxarışın təqdim edilməsi mümkün deyildir. Əmək kitabçasında göstərildiyi kimi İddiaçı “Xəzri” təmir-tikinti və ticarət sahəsində 1988-ci ildən 2004-cü ilədək sürücü vəzifəsində işləməsi təsdiq edilir. DSMF-nin Xətai rayon şöbəsi tərəfindən iddiaçıya ünvanlanmış 06.03.2019-cu il tarixli, **********3 saylı cavab məktubunda İddiaçı ona yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı DSMF-nin Xətai rayon şöbəsinə təqdim edilmiş ərizəsinə cavab olaraq bildirilmişdir ki, 08.06.1988-ci ildən 12.05.1994-cü ilədək olan əmək fəaliyyəti təsərrüfat hesablı olduqdan və həmin dövrdə məcburi dövlət sosial sığorta ayırmalarının ödənilməsi öz təsdiqini tapmadığından ərizənin təmin edilməsi mümkün olmamışdır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır. «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 1.0.2-ci maddəsinə əsasən sosial sığorta stajı əmək pensiyası hüququnun muəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərti ilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Həmin Qanunun 7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2021ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1-dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. “Əmək pensiyaları haqqında” Qanunun 21.1-ci maddəsinə görə qanunvericilikləmüəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydalarının 3.1-ci bəndinə əsasən sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı əhatə etdiyi dövr üzrə 2 hissəyə - Qanunun qüvvəyə mindiyi 01.01.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı və Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı dövrlərinə bölünür. Qaydaların 3.2-ci bəndinə görə bu Qanunun qüvvəyə mindiyi günədək sığorta olunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı PAS-a daxil edilmiş məlumatlara əsasən əmək kitabçasına əsasən müəyyən edilir. «İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları» haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin 1996-cı il 26 dekabr tarixli, 186 saylı qərarının 1.1-ci maddəsinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəd hesab edilir. Cavabdehin apellyasiya şikayətində qeyd etdiyi dəlili ilə bağlı məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının 1988-ci ildən 12 may 1994-cü ilədək olan dövr üçün əmək fəaliyyəti isə həm əmək kitabçası, həm “Xəzri” təmir-tikinti və ticarət sahəsinin 018 saylı, 24.07.2019-cu il tarixli arayışı ilə təsdiq edilir və göstərilən iş stajı, məhz onun sığorta stajı kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının işdə olan şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, onun 63 yaşı 20.11.2017-ci ildə tamam olmuşdur. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinin qeydinə uyğun olaraq iddiaçının yaşa görə əmək pensiyası hüququ 64 yaşından, yəni 20.11.2018-ci ildən yaranır. Qanunvericiliyin qeyd olunan tələblərinə əsasən məhkəmə hesab edir ki, iddiaçının 64 yaşının tamam olduğu 20.11.2018-ci il tarixə 25 ildən artıq (31 il 09 ay 13 gün) sosial sığorta stajının olması, ona yaşa görə əmək pensiyasının təyin edilməsi üçün əsasdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)-2039/2019 saylı qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalı, cavabdehin apellyasiya şikayəti əsassız olduğundan təmin olunmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Xətai rayon şöbəsinin apellyasiya şikayəti təmin edilməsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 31 oktyabr 2019-cu il tarixli, 2-1(82)- 2039/2019 saylı qərarıdəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar