Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2021 10.02.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X6 Ullahın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “qaçqın statusu verilmə haqqında vəsatətin təmin edilməsi, qaçqın statusu verilmə vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə GİRİŞ HİSSƏ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər Xəyalə Adil qızı Cəmilovanın sədrliyi və məruzəsi ilə, Vidadi Məmməd oğlu Məmmədovdan və Namiq Şamil oğlu Cəfərovdan ibarət tərkibdə, X3-Yusiflinin katibliyi ilə, X6 Ullahın cavabdeh Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə qarşı “cavabdehin imtinaedici qərarının qanunsuz hesab edilərək, ona qaçqın statusu verilməsi haqqında vəsatətinin təmin edilməsi, iddiaçıya və ailə üzvünə (arvadı xx.xx.1997-ci il təvəllüdlü Mohammadi Nazia) qaçqın statusu verilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarından iddiaçının nümayəndəsi və vəkili Vəkil tərəfindən verilmiş apellyasiya şikayətinə xx xxxxxx 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq aşağıdakı qərarı qəbul etdi. TƏSVİRİ HİSSƏ İşin halları: X6 Ullah Qəzni vilayəti sakini olmuşdur. Ərizəçi arvadı Nazia ilə sonuncunun ailəsinin razılığı olmadan qaçmaq yolu ilə evlənmişlər və buna görə onların hər ikisi təqib edilmək riski altındadır. Belə ki, Nazia ailəsi onun ərizəçi ilə evlənməyinə etiraz etmiş və ərizəçinin elçiliyinə bir neçə dəfə imtina etmişdir. Bundan sonra ərizəçi arvadı ilə qaçmaq yolu ilə evlənmişdir. Hazırda ərizəçinin qaynı ərizəçini və arvadını təqib edir. Bundan əlavə, ərizəçi Həzara olduğuna görə Əfqanıstanda anti-həzara silahlı qruplaşmaları tərəfindən təqib riski altındadır. Ərizəçi 2019-cu ilin sentyabr ayında Azərbaycana gəlmiş, xx xxxxxxx 2019-cu sığınacaq vəsatəti ilə Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Dövlət Miqrasiya Xidməti onun vəsatətini ***-**** saylı iş nömrəsi ilə qeydiyyata almış və ərizəçiylə müsahibə aparmışdır. Ərizəçi arvadı ilə qeyri-məqbul formada evləndiyinə görə sonuncunun ailəsi tərəfindən təqib edilməkdən qorxduğu üçün Əfqanıstana geri qayıtmaq istəmədiyini bildirmişdir. Cavabdeh orqanın DMX İQ-07/2 saylı xx xxxxxx 2020-ci il tarixli qərarı ilə ərizəçinin sığınacaq vəsatəti rədd edilmişdir. İddiaçı cavabdehin qərarından inzibati qaydada şikayət vermis, 86 saylı xx.xx.2020-ci il tarixli qərarla şikayəti rədd edimişdir. Cavabdeh inzibati orqanın qərarından narazı qalan iddiaçı hazırki iddia ilə məhkəməyə müraciət etmişdir. İddiaçının əsaslandırması: İddia tələbi onunla əsaslandırılmışdı ki, Dövlət Miqrasiya Xidmətinin qərarı (əlverişli inzibati aktın qəbul edilməsindən imtina edilməsinə dair akt yaxud imtinaedici akt) qanuni və əsaslı deyil. Qanunilik dedikdə, inzibati aktın maddi və prosessual hüquq normalarına uyğunluğu, əsaslılıq dedikdə, inzibati aktın gəldiyi nəticənin iş materialları ilə təsdiqlənməsi başa düşülür. Qərarda fundamental səhvlərə yol verilmişdir. Dövlət Miqrasiya Xidməti işin mühüm faktlarını müəyyən etməmiş və iş üzıə mühüm faktların mötəbərliyini qiymətləndirməmişdir. Belə ki, iş üzrə mühüm fakt ərizəçinin mənsubiyyətinə görə (arvadının ailəsi tərəfindən təhdid edilmə) təqib edillməsi riskidir. Cavabdeh onun əsaslı təqib qorxusunun yaxud real riskin olmamasına dair nəticəyə gələrkən əsaslandırma aparmamış və şablon ifadələrdən istifadə etmişdir. Qaçqın statusu verilməsi iki mərhələli yoxlamadan ibarətdir: 1-ci mərhələ, işin mühüm faktlarının müəyyən edilməsi və bu faktların mötəbərliliyinin qiymətləndirilməsi; 2-ci mərhələ, əsaslı təqib qorxusunun və real riskin qiymətləndirilməsi. Mühüm faktların müəyyən edilməsi mərhələsində iddiaçının izahatlarına əsasən iş üzrə mühüm faktlar müəyyən edilməli və həmin faktların mötəbərliliyi qiymətləndirilməlidir. Əsaslı təqib qorxusunun qiymətləndirilməsi mərhələsində isə müəyyən edilmiş mühüm faktların işığında ona münasibətdə əsaslı təqib qorxusunun və real riskin olub-olmadığı yoxlanılmalıdır. İş üzrə mühüm faktlardan biri iddiaçının etnik/dini mənsubiyyətinə görə təqib edilməsi riskidir. Mühüm faktlara dair iddiaçının təqdim etdiyi yeganə sübut onun inzibati icraatda verdiyi izahatlarıdır. Müsahibədən görünür ki, ərizəçi işin mühüm faktları, yəni onun təqibə məruz qalmasını təsdiq edən xüsusatlar barədə müfəssəl izahatlar vacib və həmin izahatlar ərizəçinin işinin hallarına münasibətdə spesifikdir. Eləcə də həmin izahatlar bir-biri ilə ziddiyyət təşkil etmir. Nəzərə almaq lazımdır ki, ərizəçinin izahatları ona verilən suallar çərçivəsində olmuş və ona verilməyən sualları əhatə etməmişdir. Nəticə etibarilə, ərizəçinin izahatları müfəssəldir, spesifikdir və ziddiyyətli deyildir. Buna görə də həmin izahatlar daxili mötəbərlik tələbini ödəyir. Dövlət Miqrasiya Xidməti iddia üçün əsas ola bilən elementləri- ərizəçinin etnik mənsubiyyətini, ərizəçinin arvadının ailəsinin razılıq vermədiyi halda onların evlənməsini, ərizəçinin arvadının ailəsi tərəfindən ərizəçinin və arvadının təqib edilməsi riski halları müəyyən və təhlil edilməmişdir. Bundan əlavə, ərizəçi həzaradır. Cavabdeh orqan ərizəçinin mənşə ölkəsi olan Qəzni vilayətində ümumi təhlükəsizlik vəziyyətini və dövlət müdafiəsinin olmamasını müəyyən etmək üçün mənşə ölkəsi məlumatlarına istinad etməmişdir. Ərizəçinin izahatları MOM-lə təsdiq edilir. Başqa sözlə, ərizəçinin izahatında qeyd etdiyi xüsusatların mənşə ölkəsində baş verə bilən olduğu müəyyən edilir. Buna görə də ərizəçinin izahatları daxili və xarici mötəbərliyin tələbatını ödəyir və onun izahatları mötəbər sayılmalıdır. Cavabdehin etirazları: İş üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaya dair yazılı etiraz daxil olmamışdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə: Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı ilə iddia tələbinin rədd edilməsi qərara alınmışdır. Həmin qərardan narazı qalan iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə uyğun əsaslandırılmış, əlavə olaraq göstərilmişdir ki, Əfqanistana qayıdacağı təqdirdə onun həyatı və səhhəti zorakılıq riski altındadır. Əfqanistana qayıdacağı təqdirdə onun X4 Bəyannamə və Sivil və Siyasi Hüquqlar haqqında Beynəlxalq Paktla nəzərdə tutulan yaşamaq, pis rəftara məruz qalmamaq, azadlıq hüquqları təhlükə altına düşə bilər. Ona qarşı təqibi həyata keçirən qeyri-dövlət birləşməsi olan antihəzara silahlı birləşmələridir. Onin təqib edilməsinin əsasını etnik və dini mənsubiyyəti təşkil edir. O, həzaradır. MÖM göstərir ki, həzaralar qeyri-adekvat mühitdə yaşayırlar. O, qeyrirəsmi qurumlar tərəfindən təqib edilir. Lakin Əfqanıstan rəsmi qurumları onu qorumaq iqtidarında və niyyətində deyildir. Həzaralar adekvat müdafiə ilə təmin edilmirlər. Onun işin mühüm faktları üzrə verdiyi izahatları mötəbərdir və buna görə də həmin izahatlar iş iizrə müəyyən edilmiş fakt kimi qəbul edilməlidir. O, etnik və dini mənsubiyyətinə və müəyyən sosial qrupa mənsubiyyətə görə təqiblərə məruz qaldığı və buna görə də onun əsaslı təqib qorxusu olduğu üçün vətəndaşı olduğu ölkənin (Əfqanistanın) himayəsindən istifadə edə bilməyən şəxsdir. Ona qaçqın statusu verilməsinin maddi-hüquqi əsasları mövcuddur. Cavabdeh onun dinlənilmə hüququnu təmin etməmişdir. Onun müsahibəsi cavabdehin müvafiq əməkdaşı tərəfindən alınmış, bundan sonra iş mahiyyəti üzrə Qaçqın statusu verilməsinə dair Komissiyada müzakirə edilmişdir. Lakin onun həmin Komissiyada iştirakı və dinlənilməsi (o cümlədən arqumentlərə qarşı öz dəlillərini təqdim etməsi imkanı) təmin edilməmişdir. Müsahibənin alınması sübut toplamaya aid müvafiq hərəkətdir. Dinlənilmə hüququ mahiyyət üzrə iclasda iddiaçının iştirakını nəzərdə tutur. Bundan əlavə cavabdeh orqan iddiaçının izahatlarına qarşı ağlabatan əks-sübutlar təqdim etmədikləri halda onların izahatlarını mötəbərlik prezumpsiyasına uyğun qiymətləndirməmişdir. Eləcə də cavabdeh onun müsahibəsinin alınmasında qərəzsiz tərcüməçinin iştirakını təmin etməmiş, bununla da qanun pozuntusuna yol vermişdir. Həmçinin cavabdeh ona lazımi hüquqi məsləhətlər də verməmişdir. Cavabdehin qərarı yazılı akt olmasına baxmayaraq əsaslandırılmamışdır. Belə ki, həmin qərarda əsaslandırma zamanı işin hüquqi halları və bu halları təsdiq və ya rədd edən sübutlar göstərilməmişdir. Beləliklə, cavabdeh iddiaçının dinlənilmək, qərəzsiz tərcümə və hüquqi məsləhət almaq hüququnu, eləcə də mötəbərlik prezumpsiyası və sübutların qiymətləndirilməsi qaydalarını pozmuş, eləcə də cavabdehin qərarı əsaslandırılmamışdır. Birinci instansiya məhkəməsi cavabdehin yol verdiyi pozuntuları aradan qaldırmamış və öz qərarını cavabdehlə eyni əsaslarla əsaslandırmışdır. Bununla da iddiaçının sığınacaq hüququ, inzibati icraat hüququ, pis rəftara məruz qalmamaq hüququ, şəxsi həyata hörmət hüququ və səmərəli vasitələr hüququ pozulmuşdur. Cavabdehin qərarı maddi-hüquqi və prosessual baxımdan qanuni deyil. Eləcə də həmin qərar əsassızdır, qaçqın statusunun verilməsindən imtina edilməsinə dair inzibati akt qanuna ziddir və iddiaçının hüquqlarının pozulmasına səbəb olub. Tərəflərin izahatları: Apellyasiya baxışı zamanı məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmış tərəflər iştiraklarını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq hazırki işə tərəflərin iştirakı olmadan baxılması və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. ƏSASLANDİRİCİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. İşin faktiki hallarından görünür ki, xx.xx.1996-cı il təvəllüdlü milliyətcə həzarə, dini etiqadına görə islam (şiə) Əfqanıstan İslam Respublikası vətəndaşı İddiaçı xx.xx.2019-cu ildə Azərbaycan Respublikasına gəlmiş, xx.xx.2019-cu ildə sığınacaq vəsatəti ilə Azərbaycan Respublikası Dövlət Miqrasiya Xidmətinə müraciət etmişdir. Onun vəsatəti araşdırılması üçün Dövlət Miqrasiya Xidməti tərəfindən qeydiyyata alınmış, adına ***-**** saylı saylı şəxsi iş açılmış, təqdim etdiyi sənədlərin kserosurətləri şəxsi işə əlavə edilmiş və onunla müsahibə keçirilmişdir. İddiaçı müsahibə zamanı təhsilli olmadığını, məktəbi 7-ci sinifə qədər oxuduğunu, məktəbə neçə yaşında getdiyini xatırlamadığını, Cağoridə “Əbdülqəffur Soltani” adına liseydə oxuduğunu, maddi imkansızlıq səbəbilə təhsilini yarımçıq qoyduğunu, xüsusi bir peşəsinin olmamasını, məktəbdə oxuyarkən atası ilə birlikdə dükanda işlədiyini, mağazanın atasına məxsus olduğunu, həmin dükanda qadın paltarlarını satqılarını, sonra 1387(2008)-ci ildə isə dükanı sataraq Pakistana, Kvetta şəhərinə köçdüyünü, orada 1 ay qaldığını, sonra atası ilə birlikdə İrana getdiklərini, Tehran şəhərində tikintidə fəhlə işlədiklərini, təxminən 3.5 il İranda qaldıqlarını, arada 1 ay Əhvazada da tikintidə fəhləlik etdiyini, yenidən İrana qayıtdığını, atasının ondan əvvəl Pakistana qayıtdığını, sənədlərini düzəldib Səudiyyə Ərəbistana getdiyini, onun isə Pakistana qayıdıb Kvetta şəhərində qadın paltarı dükanı açdığını, təxminən 6 il işlədiyi, təxminən 2014-cü ilin sonlarında Naziani qaçırdığını, birlikdə Cağoriyə getdiklərini, təxminən 2 ilə Cağoridə, Sorxab və Gərdanesəng kəndində 2 il yaşadıqlarını, bu müddət ərzində heç bir işlə məşğul olmadığını, sonra Kabilə getdiklərini əslində qaynından qaçaraq gah Kabildə, gah da Cağoridə yaşadıqlarını, Kabildə də işləmədən yaşadıqlarını, 2 il Cağori və Kabildə yaşadıqdan sonra arvadı ilə birlikdə qanuni yolla pasport düzəldərək İrana getdiyini, Tehran şəhərində 2 ildən çox yaşadıqlarını, bu müddət ərzində tikintidə işlədiyini, lakin əfqan olduğu çün orada iranlılar tərəfindən təhqir olunduğunu, Azərbaycana gəlmək üçün İranı tərk edib Əfqanıstana qayıtdığını, orada işləmədiyini, pasportların vaxtı bitdiyi üçün onları əvəz edərək Azərbaycana gəldiklərini, evli olduqıarını, ovladlarının olmadığını, 3 qardaş və 3 bacısının olduğunu, Azərbaycana onunla birlikdə arvadı Nazia və qaynanası Qulbəxtlə birlikdə gəldiyini, Azərbaycan Respublikasında yaşayan qohumlarının olmadığını, məcburi olmadığı üçün hərbi xidmətə çağırılmadığını, həbs olunmadığını, vətəndaşı olduğu ölkədə sonuncu yaşayış yerinin Cağori əyaləti, Sorxab kəndində olduğunu, xx.xx.2019-cu ildə oranı qanuni qaydada tərk etdiyini, Azərbaycan Respublikasına gəlməzdən qabaq İran İslam Respublikasının Tehran şəhərində təxminən 3 aydan çox qaldıqlarını, qanuni qaydada avtomobillə Azərbaycan Respublikasına gəldiyini, ünvan 3 ünvanda yerləşən mənzildə qeydiyyata alınmaqla arvadı Nazia, qaynansı Qulbəxt ilə yanaşı Nəjib Ahmadi ilə bir yerdə qaldığını, əvvəllər qaçqın statusu almaq üçün müraciət etmədiyini, “Əfqanıstanı niyə tərk etmisiniz?” sualına “ Mən arvadımı qaçırdıb evləndiyim üçün qaynım bizi təhdid edirdi, deyirdi ki, əlimə keçsəniz həm səni, həm də arvadını öldürəcəyəm, bizim problemimiz yalnız budur, başqa problem yoxdur. Mənim Pakistanda çox yaxşı gəlirim var idi, lakin Nazianı istədikdə mənə vermədilər, onu yalnız Avstraliyada yaşadığı üçün 35 yaşlı və 3 oğlu olan biri ilə evləndirmək istəyirdilər, qardaşı pul ilə satmışdı onu, pul müqabilində bacısını ona verməli idi”, “Qaynananız Qulbəxt necə oldu ki, sizinli birlikdə gəldi?” sualına “Mənə Nazianı qardaşı vermirdi, qaynamam da oğlunun əlindən bezara gəlmişdi, əziyyət çəkirdi, qaynanam mənə dedi ki, bir şərtlə qızımın səninlə getməyinə icazə verirəm ki, məni də aparasınız, mən də razılaşdım, ürəyim yandı ona, gətirdim özümlə”, “Siz Pakistanda işləyərkən gəliriniz nə qədər idi?” sualına, “Bir məbləğ deyə bilmərək, bir gün olurdu alver, bir gün olmurdu, lakin işimiz çox yaxşı gedirdi, gəlirim yaxşı idi”, “Siz hansı tarixdə qaçdınız?” sualına, “2014-cü ildə qaçdıq, tarix dəqiq yadımda deyil”, “Nazianın qardaşı nə qədər başlıq istəyirdi onu vermək üçün?” sualına, “məndən umumiyyətlə pul istəmirdi, mənə qızı heç vermək istəmirdi”, “Siz qeyd edirsiniz ki, qardaşı Nazianı pul müqabilində başqa birinə verirdi, eyni zamanda deyirsiniz ki, yaxşı gəliriniz vardı Pakistanda, maddi vəziyyətiniz yaxşı idi, belə olduqda nə üçün istədiyi qədər başlıq verib Nazia ilə evlənməyə qardaşından icazə almadınız?” sualına, “Əbdülxaliq əvvəldən Avstraliyada yaşayan adamdan pul götürmüşdü, söz vermişdi ki, bacısını ona verəcək”, “Qaynananız nə vaxtdan sizinlə birlikdə yaşayır?” sualına, “ Qızını qaçırdan gündən mənimlə birlikdə qalır. Biz Cağoriyə qaçdıqda o da bizimlə gəldi, lakin ayrı yaşayırdı. İrana getdikdə isə bizimlə getdi və bizimlə yaşadı, o vaxtdan etibarən bizimlə birlikdə yaşayır”, “Cağoridə kimin yanında qalırdı?” sualına, “Cağoridə gah qardaşıgildə, gah bacısıgildə, gah da bizdə qalırdı. Qonaq kimi gedib-gəlirdi. Daimi yaşamırdı bizimlə bir evdə”, “Nazianın atası vardır?” sualına, “Xeyr, vəfat edib”, “Neçə müddət əvvəl vəfat edib?” sualına, “Xeyr”, “Nazianın neçə bacı-qardaşı vardı?” sualına, “Onun atasının 2 arvadı olub, Nazia ilə doğma olan 2 bacısı və 2 qardaşı var, ögeylər isə 1 bacısı var, 3 qardaşını tanıyıram, digərlərini tanımıram, çünki xaricdə yaşayırlar”, “Əbdülxaliq Nazianın doğma qardaşıdır yoxsa ögey?” sualına, “Ögey qardaşıdır, atasının birinci arvadından olan ən böyük oğludur, neçə qardaşını göndərib xaricə heç xəbəri də yoxdur onlardan, İranda da Nazianın bir qardaşı vardı, lakin son dəfə biz İrana gedəndə onu da tapa bilmədik”, “Naziadan böyükdür Əbdülxaliq?” sualına, “Bəli, böyükdür”, “Digər qardaşları Əbdülxalıq ilə razı idilər?” sualına, “Əbdülxaliq Nazianın ən böyük qardaşı idi, heç kim onun sözünün qarşısında söz deyə bilmiridi, evin himayəçisi o idi, evi o idarə edirdi”, “Əbdülxaliqin neçə yaşı var?” sualına, “Fikrimcə 50 yaşı olar”, “Nazia evin ən kiçik övladırı?” sualına, “Xeyr, Naziadan kiçik yalnız Afiradır, onu da Əbdülxaliq kiçik yaşında ərə verdi”, “Şəxsən sizi nə vaxtsa təhdid ediblərmi?” sualına, “Bəli bir neçə dəfə Əbdülxaliq mənə zəng edib dedi ki, bacımın ətəyini burax”, “Bu zəngləri sizə Əbdülxaliq hansı tarixlərdə etmişdi?” sualına, “Biz qaçmamışdan əvvəl, Pakistanda olarkən zəng edib demişdi”, “Siz qaçdıqdan sonra Əbdülxaliq sizi təhdid etdimi?” sualına, “ Bəli, bizi Əbdülxaliq təhdid eeirdi, lakin birbaşa bizimlə əlaqəyə girə birmirdi, baldızım Cəmilə bizə həmişə xəbər verirdi ki, siz Cağoridə filan yerdəsiniz, Əbdülxaliq yerinizi öyrənib gəlmək istəyir, Əbdülxaliq Cağoriyə gəlir, Əbdülxaliq Kabilə gəlir, Əfqanistana gəlir deyirdi, biz də çox narahat olurduq, yerimizi dəyişirdik, Əbdülxalıqın arvadı Cəmiləyə xəbər verirdi, Cəmil də bizə zəng edirdi ”, “Əbdülxalıqın arvadının adı nə idi?” sualına, “Bilmirəm adını”, “Əbdülxaliqin bir arvadı vardi?” sualına, “Bəli, bir arvadı vardı. Əbdülxaliq çox şər adamdır, bu səbəblə də onun ayağının biri kəsilib, yoxdur”, “Onun ayağını kim kəsib?” sualına, “Bilmirəm dəqiq, deyəsən taliblər kəsiblər”, “Taliblər onun ayağını nə üçün kəsiblər?” sualına, “Mən dəqiq bilmirəm onun ayağını kim kəsib, heç kimə demir ayağı niyə kəsilib, mən güman etdim ki, ola bilsin taliblər kəsiblər”, “Ailə üzvlərinizdən kimsə, nə vaxtsa təhdid edilibmi”? sualına, “Ailə üzvlərimi təhdid etməyib heç kim, lakin o vaxt mən Nazianı istəyərkən onda deyirdi ki, sən Naziani fikrindən çıxart, yoxsa sənin ailənə də xətər yetirərik ”, “Siz Nazia ilə artıq 5 ildir ki, qaçmısınız və evlənmisiniz, bu müddət ərzində Əbdülxaliq ailənizi təhdid etdimi ?” sualına, “Biz təxminən 5 ilə yaxındır ki, evlənmişik, bu müddətdə Əbdülxaliq ailə üzvlərimi təhdid etməyib, yalnız bizim özümüzü axtarır”, “Nazianın doğma qardaşları haradadır?” sualına, “Onlar itkin düşüblər, birini yəni Abdullahı kiçik olarkən Əbdülxaliq taliblərə qoşdu, indi onun sağ olub-olmamasından heç bir xəbərimiz yoxdur, digər doğma qardaşı Əhmədi isə 15 yaşı olarkən qaynanam özü İrana göndərdi, ondan da indi xəbər yoxdu”, ”Əbdülxaliq Abdullahı taliblərə verib?” sualına, “Bəli, Əbdülxaliq özü taliblərlə əlbirdir”, “Əbdülxaliq Andullahı neçənci ildə taliblərə verib?” sualına, “Məlumatım yoxdur, kiçik uşaq imiş”, “Siz Naziaya elçi gedərkən Abdullah evdə idi, yoxsa yox?” sualına, “Xeyr, o vaxt artıq uşaq taliblərə verilmişdir, mən onu heç görməmişəm”, “Əfqanıstanı tərk etməyinizin hər hansı bir başqa səbəbi də varmı ?” sualına, “Xeyr, başqa səbəb yoxdur”, “Əfqanıstana qayıtmaq istəyirsinizmi?” sualına, “Xeyr”, “Əgər Əfqanıstana qayıtsanız həyatıız üçün hansı təhlükə ola bilər?” sualına, “Biz Əbdülxaliqdən qorxuruq, əgər o bizim üçün təhlükə yaratmasa idi biz heç ölkəmizi tərk edib Azərbaycana gəlməzdik”, “Bizim təşkilatdan xahişiniz nədir?” sualına, “Mən Sizdən xahiş edirəm ki, bizə icazə verəsiniz burada yaşayaq, təhlükəsizlikdə olaq, istər burda, istər başqa bir ölkədə yaşamaq bizə fərq etmir, əsas odur ki, təhlükəsiz yaşayaq”, “Fars dilində verilən sualları başa düşdünüzmü?” sualına “Bəli“ cavabını verərək və hazırkı iddia ərizəsində göstərilən halları əsas gətirərək ona qaçqın statusunun verilməsini xahiş etmişdir. “Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinə əsasən qaçqın - Azərbaycan Respublikasının vətəndaşı olmayıb, irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barəsində tam əsaslı ehtiyat üzündən vətəndaşı olduğu ölkədən kənarda qalan və eyni ehtiyat üzündən həmin ölkənin himayəsindən istifadə edə bilməyən və ya istifadə etmək istəməyən, yaxud müəyyən vətəndaşlığı olmayıb oxşar hallar nəticəsində əvvəl adətən yaşadığı ölkədən kənarda qalan, ehtiyat üzündən oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən şəxsdir. Həmin Qanunun 10-cu maddəsinin birinci hissəsinə görə qaçqın statusu almaq niyyətində olan şəxslər onlara qaçqın statusu verilməsi haqqında ərizə ilə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanına müraciət etməli, məcburi köçkün (ölkə daxilində köçürülmüş şəxsin) statusu verilməsi üçün isə Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçməlidirlər; ikinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında vəsatətə baxılması qaydasını Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı müəyyənləşdirir. Həmin Qanunun 12-ci maddəsinin birinci hissəsinə əsasən qaçqın statusu verilməsi haqqında qərarı Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanı qaçqın statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir. Həmin Qanunun 13-cü maddəsinin birinci hissəsinə görə şəxsə qaçqın statusu verməkdən imtina edildikdə bu barədə ona qərarın qəbul edildiyi vaxtdan beş gün müddətində imtinanın səbəbləri və qəbul edilmiş qərardan şikayət verilməsi qaydası göstərilməklə yazılı məlumat verilir. Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000-ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”na əsasən “Qaçqın” statusu verilməsi barədə vəsatətlə müraciət edən şəxs vəsatətində "Qaçqın” statusu verilməsi xahişinin səbəblərini göstərməklə xüsusi anket blankını doldurmalı, özünün, habelə (himayəsində və qəyyumluğunda olan şəxslər də daxil olmaqla) ailə üzvləri barədə məlumatları göstərməklə ölkəsi, doğulduğu yer, ailə vəziyyəti haqqında məlumatları qeyd edir, yol sənədini və şəxsiyyətini təsdiq edən sənədi (xarici pasport, yol vəsiqəsi və s.) Dövlət Miqrasiya Xidmətinə təhvil verir. Həmin Qaydanın 13-cü bəndinə əsasən şəxsə "Qaçqın" statusu verilməsi və ya bundan imtina edilməsi barədə qərarı Dövlət Miqrasiya Xidməti "Qaçqın" statusu verilməsi haqqında vəsatətin qeydə alındığı gündən üç ay ərzində qəbul edir və bu barədə, imtina haqqında qərar qəbul edildikdə isə belə qərardan inzibati qaydada və (və ya) məhkəmə qaydasında şikayət verilməsi hüququ göstərilməklə, həmin şəxsə və Daxili İşlər Nazirliyinə beş gün müddətində yazılı bildiriş göndərir. Həmin “Qayda”nın 7-9-cu bəndlərinə əsasən “Qaçqın” statusu verilməsi haqqında vəsatət verən şəxslə Dövlət Miqrasiya Xidmətinin səlahiyyətli əməkdaşları müsahibə aparır. Müsahibə fərdi qaydada keçirilir və məzmunu aşkarlanmır. Müsahibə zamanı şəxs “Qaçqın” statusu verilməsi xahişinin səbəblərini izah edən faktları bildirməli, həmçinin onun yaşadığı yerlər, hərəkət marşrutları, başqa dövlətlərin ərazisində dayanma səbəbləri, həmin dövlətlərdə ona “Qaçqın” statusu verilməsi barədə müraciət edib-etməməsi və digər zəruri faktlar barədə məlumat verməlidir. “Qaçqın” statusu almaq niyyətində olan şəxs özü barəsində məlumat verməkdən imtina edərsə və ya “Qaçqın” statusu verilməsi xahişinin səbəblərinə dair bilərəkdən yanlış məlumat verərsə, onun vəsatətinə baxılması müxtəlif mərhələlərdə dayandırılır və şəxsə qüvvədə olan qanunvericiliyə uyğun olaraq “Qaçqın” statusu verməkdən imtina edilir. Qaçqınların statusu haqqında 1951-ci il Konvensiyası və onun 1967-ci il tarixli Protokolu altmış ildir ki, qaçqınların beynəlxalq himayəsi rejiminin təməlini təşkil edən əsas sənəd rolunu oynayırlar. 1950-ci ildə X1 Ali Komissarlığı təsis ediləndən və 1951-ci il Konvensiyası qəbul olunandan bəri ölkə sərhədlərini keçərək didərgin düşmüş şəxslər üçün beynəlxalq himayənin təmin edilməsi olduqca mürəkkəb qlobal vəzifə olaraq qalır. Konvensiyanın 1-ci maddəsinə görə “Bu Konvensiyanın məqsədləri üçün “qaçqın” anlayışı: irqinə, dininə, milliyyətinə, konkret sosial qrupa mənsubluğuna və ya siyasi rəyinə görə təqib ediləcəyinə dair əsaslı qorxunun olması səbəbindən vətəndaşı olduğu ölkədən kənarda olan və həmin qorxunun ucbatından bu ölkənin müdafiəsindən yararlanmaq istəməyən, yaxud vətəndaşlığı olmayan və yuxarıdakı səbəblərlə bağlı hadisələr nəticəsində adətən əvvəllər yaşadığı ölkədən kənarda olan və ya həmin səbəblərlə bağlı qorxu ucbatından oraya qayıda bilməyən və ya qayıtmaq istəməyən istənilən şəxsə şamil olunur.” İddiaçı Əfqanıstana qayıtdıgı təqdirdə Avropa Konvensiyasının 3-cü maddəsinə zidd olan rəftarın baş verəcəyinə dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblərin oldugunu göstərmir. Bunların olub-olmadığını müəyyən edərkən Məhkəmə ona təqdim edilmiş, yaxud da öz təşəbbüsü ilə əldə etdiyi bütün materialları əsas kimi götürür (bax: H.L.R. Fransaya qarşı iş üzrə yuxarıda adı çəkilən qərar, b. 37; və X2rşı, ərizə N 45276/99, b. 60, AİHM 2001-İİ). Bu işlərdə real riskin mövcudluğunun Məhkəmə tərəfindən araşdırılması ciddi şəkildə aparılır (Çahalın işi üzrə qərar, b. 96). Barəsində şikayət edilən tədbir həyata keçiriləcəyi təqdirdə iddiaçının 3-cü maddəyə zidd rəftara məruz qalacağına dair real riskin mövcud olduğunu düşünmək üçün əsaslı səbəblər olduğunu sübut etməyə qadir olan sübutların təqdim edilməsi prinsipcə iddiaçının öhdəsinə düşür (bax: N. Finlandiyaya qarşı, ərizə N 38885/02, b. 167, xx xxxx 2005). Bu cür sübut təqdim edildikdə onunla bağlı hər hansı şübhələri dağıtmaq isə hökumətin öhdəsinə düşür. Qəddar rəftar riskinin olub-olmadığını müəyyən etmək üçün Məhkəmə iddiaçını onu qəbul edəcək ölkəyə göndərməyin öncədən görülə bilən nəticələrini araşdırır və bu zaman oradakı ümumi situasiyanı və iddiaçının şəxsi vəziyyətini nəzərə alır (bax: Vilvaraca və başqalarının işi üzrə yuxarıda adı çəkilən qərar, b. 108, yekun hissə). Hazırkı işdə iddiaçı ölkəsini tərk etməsini həyatı üçün təhlükə olması ilə əlaqələndirmiş, lakin özünün hər hansı cinayət təqibinə məruz qalmasını (polisdə saxlanılma, tavandan asma, zorlama ilə hədələmə, elektroşokun tətbiqi, başını suya salınması, döymə və bəndəni siqaretlə yandırma – bütün bunlar, şübhəsiz ki, 3-cü maddənin tələb etdiyi qəddarlıq səviyyəsinə çatan cəza praktikalarıdır, işgəncə və qəddar rəftar iddialarının səlahiyyətli orqanlar tərəfindən araşdırılmaması, şikayətlərinə baxmaqdan imtina edilməsi və məcburiyyət altında ittiham hökmlərini təmin etmək üçün alınmış etiraflardan istifadə edilməsi) təsdiq edən hər hansı subutu məhkəməyə təqdim etməmişdir. Bundan başqa iddiaçının istinad etdiyi ümumi narahatçılıq özü-özlüyündə qaçqın statusunun verilməsi üçün əsas təşkil etmir. Həmçinin iddiaçının vətəndaşlığı olduğu ölkədə heç bir sosial qrupa qoşulmadığı, siyasi fəaliyyətlə məşğul olmadığı, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmadığı, vətəndaşlığı olduğu ölkədə dövlət orqanları tərəfindən də təqibə məruz qalmadığı müəyyən olunur. Buna görə də inzibati orqan tərəfindən iddiaçıya qaçqın statusunun verilməsi ilə bağlı onun irqi əlamətinə, milliyyətinə, dini etiqadına, müəyyən sosial qrupa mənsubluğuna və ya siyasi əqidəsinə görə təqiblərin qurbanı olmaq barədə tam əsaslı təqib qorxusunun mövcudluğu halı aşkar olunmamışdır. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, iddiaçının Əfqanıstan İslam Respublikasına qayıdacağı təqdirdə Konvensiyanın 3-cü maddəsinə zidd olan rəftara məruz qala biləcəyinə dair real riskin mövcud olması iş materialları əsasında sübut olunmur. Beləliklə, iddiaçınin vəsatəti onunla aparılan müsahibədən sonra əldə olunmuş nəticələrə görə əsaslandırılmış təqib qorxusuna uyğun gəlmədiyindən, ona qaçqın statusu verilməsindən cavabdeh inzibati orqanın imtina etməsi qanuni və əsaslı olmuşdur. Məhkəmə kollegiyası onu da nəzərə alır ki, iddiaçının qaçqın statusu verilməsi ilə bağlı gətirdiyi dəlillər "Qaçqınların və məcburi köçkünlərin (ölkə daxilində köçürülmüş şəxslərin) statusu haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsində "qaçqın"a verilən anlayışın tələbləri ilə əhatə olunmur. Həmçinin, cavabdehin iddiaçı ilə apardığı müsahibə zamanı və digər sənədlərlə müəyyən edilmişdi ki, iddiaçı vətəndaşı olduğu ölkədə dövlət orqanları və digər şəxslər tərəfindən təqibə məruz qalmamış, siyasi əqidəsinə, irqi əlamətinə, milliyyətinə və dini etiqadına görə təqib olunmamışdır. Ona görə də iddiaçının bildirdikləri ona qaçqın statusunun verilməsinə əsas kimi qəbul oluna bilməz. Azərbaycan Respublikası İnzibati prosessual Məcəllənin 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 58.1-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən şifahi məhkəmə iclasında araşdırılır. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 68.1-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Məhkəmə kollegiyası iş üzrə müəyyən edilmiş faktiki hallara yuxarıda qeyd olunan maddi hüquq normalarının tələbləri baxımından hüquqi qiymət verərək belə qənaətə gəlir ki, cavabdeh inzibati orqanın imtinası Azərbaycan Respublikası Prezidentinin xx xxxxxx 2000ci il tarixli 419 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Qaçqın” statusu verilməsi haqqında vəsatətə baxılması Qaydası”nın tələblərinə uyğun olduğundan iddia tələbi əsassızdır və birinci instansiya məhkəməsi tərəfindən düzgün olaraq rədd edilmişdir. İddiaçının apellyasiya şikayətində qeyd edilmiş “iddiaçı ilə müsahibə zamanı cavabdeh orqan tərəfindən tərcüməçinin iştirakının təmin edilməməsi” barədə dəlilinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, qaçqın statusunun verilməsi haqqında vəsatətin (ərizəanketin) 40-ci bəndindən görünür ki, iddiaçıdan Fars dilində verilən sualları başa düşübdüşməməsi soruşulmuş və o da “Bəli” deyərək cavablandırmışdır. Apellyasiya şikayətinin digər dəlillərinə gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, həmin dəlillərin bir qismi formal mülahizə xarakterli olub, iş materialları və qanunvericiliklə təkzib edildiyindən, kifayət qədər əsaslandırılmadığından, bir qismi isə bu qərarın əsaslandırıcı hissəsində göstərilənlərlə bağlı əsassızdır, buna görə də təmin edilməməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının nümayəndəsi və vəkili tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanmalıdır. NƏTİCƏVİ HİSSƏ Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4149/2020 saylı xx xxxxxxx 2020-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Vidadi Məmmədov Namiq Cəfərov
Məhkəmə qərarları › İş №2-1(103)-308/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-308/2021
10.02.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver