Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2024 27.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakının Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Cahangir Afər oğlu Yusifovdan və X2 ibarət tərkibdə, Mərziyyə Tofiq qızı Bağırlının katibliyi, Cavabdehin nümayəndəsi X1 iştirakı ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. Tampontaj və Layların Neft verilməsinin və artırılması İdarəsinin nəznində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoldan çıxarışdan görünür ki, həmin iclasda 179 saylı sahəsi 1200 kv.m olan bağ sahibi X4, ona ayrılmış bağ sahəsində heç bir abadlıq işi aparmadığına görə Bağçılıq Yoldaşlıq üzvlüyündən azad edilməsi, həmin ərazidə olan 179 saylı torpaq sahəsinin cəmiyyətinin üzvü İddiaçı verilməsi qərara alınmışdır.
2. Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısında İddiaçı adı göstərilmişdir.
3. Bağçının üzvlük kitabçasından görünür ki, İddiaçı 15 mart 1994-cü il tarixdə Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığına üzv qəbul edilmiş, Tampontaj və Layların Neft verilməsinin və artırılması İdarəsinin nəznində “Neftçi” bağçılıq-yoldaşlıq üzrə idarə heyətinin xx.xx.1994-cü il tarixli, 03 saylı protokoluna əsasən ona 179 saylı torpaq sahəsi verilmişdir.
4. Bakı şəhər İcra Hakimiyyəti Başçısının xx.xx.1996-cı il tarixli 1342 №-li Sərəncamı ilə bağçılıq yoldaşlıq üzvlərinin istifadələrindəki bağ evlərinin və tikililərinin onların xüsusi mülkiyyətlərinə verilməsi Əhaliyə xidmət, fərdi və bağ evlərinin tikintisi üzrə Baş İstehsalat İdarəsinə həvalə edilmişdir.
5. 1 saylı Bakı Ərazi İdarəsinin arxivində saxlanılan Tompanaj və LNA-si idarəsinin Bağçılıq Yoldaşlığı üzvlərinin ümumi siyahısı 13 sentyabr 1986-cı il tarixdə tərtib olunmuş, həmin Siyahıda cəmiyyətin 40 üzvünün adları göstərilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraatİddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı bağ sahəsinə çıxarışın verilməsi barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.
7. İddia onunla əsaslandırılır ki, Bakı şəhəri, Xəzər rayonu, Zirə qəsəbəsi ünvanında yerləşən 179 saylı bağ sahəsi iddiaçının istifadəsindədir. İddiaçının həmin torpaq sahəsi üzərində mülkiyyət hüquqlarının yaranmasını təsdiq edən hüquqmüəyyənedici sənəd qismində üzvlük kitabçası, həmçinin bağçılıq yoldaşlığın yenilənmiş siyahısı mövcuddur. İddiaçı bağ sahəsi üzərində mülkiyyət hüquqlarının qeydə alınması ilə bağlı cavabdeh inzibati orqana müraciət etmiş, lakin sonuncu onun muraciətinin təmin edilməsindən imtina etmişdir. İddiaçı hesab edir ki, cavabdehin imtinası əsassızdır.
8. Cavabdehin etirazı onunla əsaslandırılmışdır ki, cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, 1 saylı Bakı Ərazi İdarəsinə təqdim edilmiş “Neftçi” bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında iddiaçının adı və protokoldan çıxarışda qeyd olunan X3 adı aşkar olunmamışdır. Həmçinin, texniki baxış keçirilən zaman bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlana və mərzçəkmə işlərinin aparılmadığı aşkar olunmuşdur. Eyni zamanda, İdarənin mütəxəssisləri tərəfindən keçirilmiş yerli baxış zamanı məlum olmuşdur ki, beş bağ sahəsi bir hasar daxilində yerləşir, ara sərhədləri şərtidir. Ümumi hasar daxilində olan fermanın tikililərinin bir hissəsi göstərilən bağ sahəsinin ərazisində yerləşir.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ilə iddianın təmin edilməsi, “Neftçi” bağçılıq-yoldaşlıq təsərrüfat üzvlərinin 15 mart 1994cü il tarixli 03 saylı iclasının qərarına əsasən Bakı şəhəri, Xəzər rayonu, Zirə bağ massivində yerləşən 179 saylı bağ sahəsinə dair mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydə alınması, həmin əmlaka dair İddiaçı adına daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və plan-ölçünün verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə həvalə edilməsi qərara alınmışdır.
b) Apellyasiya instansiya məhkəməsində icraat Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
10. Qərardan cavabdeh apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
11. Cavabdehin apellyasiya şikayəti iddia ərizəsinə etirazın dəlilləri ilə oxşar məzmunda əsaslandırılmışdır.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
12. Apellyasiya şikayətinə yazılı etiraz daxil olmamışdır
.e) Prosses iştirakçılarının izahatları
13. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
14. Məhkəmə Kollegiyasının iclasının vaxtı və yeri barədə lazımı qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasında iştirak etməmişdir.Məhkəmə Kollegiyası İPM-in 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
Tətbiq edilən hüquq
15. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu: 2-ci maddəsinə görə, daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Mülki Məcəlləyə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 8.0.Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: ...... 8.0.7. 2007-ci il mayın 22-dək müvafiq icra hakimiyyəti orqanlarının nəzdində olan bağ təsərrüfatı idarələri tərəfindən vətəndaşlara ayrılmış bağ sahələrinə dair verilən icarə müqavilələri, sərəncamlar və orderlər kollektiv bağçılıq-yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısına müvafiq olaraq verilmiş üzvlük kitabçası və ya üzvlərin iclasının protokolundan çıxarış;
16. Azərbaycan Respublikası Torpaq Məcəlləsinin:
M a d d ə 6 5 . Torpaq sahəsinin planı. Torpaq sahəsinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi
1. Torpaq sahəsinin yerquruluşu planı torpaq sahəsinin müəyyən miqyasda tərtib edilmiş və planaalma aparılan anda özündə ərazinin bütün vəziyyətini (bitki örtüyü, çaylar, yollar və digər obyektlər), şərti işarələr və nişanələr vasitəsilə əks etdirən xəritədir.
2. Torpaq ayrılması üçün sahə seçildikdə həmin sahənin istifadəyə və icarəyə verilməsi (satılması) barədə müvafiq qərar qəbul edilənə qədər onun sərhədləri yerdə (naturada) və xəritədə müəyyən edilir. Torpaq sahələrinin sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi yerquruluşu qaydasında aparılır.
5. Torpaq sahəsinin planı və ölçüsünün hazırlanması, onun sərhədlərinin yerə (naturaya) keçirilməsi yerquruluşu işlərinin aparılmasına hüququ olan təşkilatlar tərəfindən həyata keçirilir və yerdə yoxlandıqdan sonra müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilir.
6. Torpaq sahəsinin təsdiq edilmiş planı torpaq sahəsinin istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilənin ayrılmaz hissəsidir.
7. Torpaq sahələrinin sərhədləri yerə (naturaya) keçirildikdən sonra onun sahəsi ölçülür və torpaqların istifadəyə və ya icarəyə verilməsi (satılması) barədə müqavilə bağlanılır.
8. Torpaq sahəsinin planının əsası kadastr işində saxlanılır, surəti isə torpaq mülkiyyətçisinə, istifadəçisinə və ya icarəçisinə verilir.
9. Torpaq sahəsinin ayrı-ayrı hissələrinin özgəninkiləşdirilməsi zamanı onların sərhədlərinin yerdə (naturada) müəyyən edilməsi də bu maddədə göstərilən qaydada aparı
17. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2-məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir. Apellyasiya baxışının hədləri
18. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
19. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
20. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
21. Məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti aşağıdakılara görə əsaslıdır və təmin olunmalıdır.
22. Məhkəmə Kollegiyası qeyd edir ki, işin müəyyən edilmiş faktiki hallarına görə, cavabdehin istinad etdiyi dəlillərdən biri ondan ibarətdir ki, İdarəyə təqdim edilmiş bağçılıq yoldaşlıq təsərrüfatının üzvlərinin siyahısında nə iddiaçının, nə də ki bağ sahəsinin ilkin sahibi X3 adı aşkar olunmamışdır. Məhkəmə Kollegiyası həmin dəlilləri əsassız sayaraq qeyd edir ki, İşdəki sənədlərdən müəyyən olunur ki, iddiaçının adı həqiqətən də bağçılıq yoldaşlığının 40 nəfərdən ibarət ilkin siyahısında olmamışdır. Lakin daha sonra “Neftçi” bağçılıq yoldaşlıq cəmiyyətinin idarə heyətinin 03 saylı, xx.xx.1994-cü il tarixli protokol qərarı ilə mübahisəli bağ sahəsi iddiaçıya verilmişdir. Həmin qərarda da bu məsələ ilə bağlı aşkar şəkildə göstərilmişdir ki, 179 saylı bağ sahəsi ilə bağlı heç bir abadlıq işləri aparılmadığından, bağın ilkin sahibi üzvlükdən azad edilmiş və həmin boş saxlanılmış bağ iddiaçıya verilmişdir. Bununla da, iddiaçı faktiki olaraq bağçılıq yoldaşlığının siyahısına sonradan daxil edilmişdir.
23. Məhkəmə Kollegiyası cavabdehin imtina əsası kimi göstərdiyi ikinci dəlilə münasibətdə qeyd edir ki, birinci instansiya məhkəməsi mövqeyini belə əsaslandırmışdır ki, iddiaçının istifadəsində olan bağ sahəsinin digər bağ sahələri ilə ümumi hasar daxilində yerləşdiyi, hasarlanma və mərzçəkmə işlərinin aparılmamasını təsdiq edən dəlil təqdim olunmamışdır.
24. Lakin birinci instansiya məhkəməsi cavabdehin bu dəlili üzrə araşdırma aparmadan nəticəyə gəlmişdir.Belə ki, iş materiallarının 70-ci vərəqində olan “müayinə aktı” ndan görünür ki, torpaq sahəsi 1200,0 kv. təşkil edir, beş bağ sahəsi bir hasarın daxilindədir, ara sərhədləri şərtidir.Bağ sahəsində 25,9 kv.m gözətçi otağı, 8.6 kv.m sanitar qovşağı, toyuq fermasının üç ədəd hinlərinin bir hissəsi bağın ərazisində yerləşir.
25. Məhkəmə Kollegiyası qeyd edir ki, işin bu halları iş materiallarında hər hansı sübutla təkzib olunmur.Nə də iddiaçı tərəfindən təkziberici dəlillər irəli sürülməmişdir.
26. Bağ sahəsindəki ferma tikililərinin beş bağ sahəsinin hansının üzərində yerləşməsi və tikilinin kimə məxsus olması barədə sübutlar və iddiaçı tərəfindən dəlillər gətirilməmişdir.
27. Həmçinin, bir hasar daxilində yerləşmiş beş bağ sahəsinin məxsus olan şəxslərin “bölgü sxemi” də iddiaçı tərəfindən məhkəməyə təqdim edilməmişdir.
28. Məhkəmə Kollegiyası qeyd edir ki, hazırkı inzibati iş xx.xx.2023-cü il tarixdə apellyasiya məhkəməsinin icraatına daxil olmuş, məhkəmə iclasları xx.xx.2023-cü il və xx.xx.2024-cü il tarixlərə təxirə salınaraq iddiaçının iştirakı üçün lazımı qaydada bildiriş göndərilərək məhkəmə iclası barədə xəbərdar edilmişdir.Lakin iddiaçı (nümayəndəsi) məhkəmə Kollegiyasının iclasında iştirak etməmiş, apellyasiya şikayətinin dəlillərinə etiraz təqdim etməmişdir.
29. Beləliklə, Bu qərarın 16-cı bəndində istinad olunan hüquq normalarının tələbləri baxımından iddiaçının iddia etdiyi torpaq sahəsinin ölçülərək ayrılıb iddiaçının istifadəsinə verilməsi barədə sübutlar mövcud deyildir.
30. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanununa əsasən Qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər.(maddə 23.1.)
31. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin edərkən işin yuxarıda qeyd edilən faktiki halları üzrə düzgün nəticəyə gəlməyərək maddi və prosessual hüququn pozulması ilə mübahisələndirilən qərarı qəbul etmişdir.
32. Göstərilənlərə əsasən məhkəmə Kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir.
33. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Cavabdehin və 3-cü şəxsin apellyasiya şikayətləri təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-722/2023 saylı, xx.xx.2023-cü il tarixli qərarı ləğv olunsun. İddia rədd edilsin. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.