Məhkəmə qərarları › İş №2-1(103)-308/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-308/2025

19.02.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-308/2025 19.02.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı, cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasının yenidən hesablanması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4508/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, aylıq vəzifə maaşı miqdarında aylıq vəzifə maaşına əlavə, hakimlərin stajına görə vəzifə maaşının 15 faizi miqdarında əlavə, hakimlik səlahiyyətlərinin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyətlə bağlı 2 aylıq əmək haqqı, müalicə ilə bağlı 2 aylıq əmək haqqı miqdarında müavinətlər nəzərə alınmaqla, əmək pensiyasının yenidən hesablanması, qeyd edilən əlavələrdə nəzərə alınmaqla orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyanın hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. Əmək fəaliyyətinə xx.xx.1976-cı ildə Bakı “Elektorştamp” zavodunda başlamışdır. xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilə qədər hərbi xidmətdə olmuşdur. Yenidən xx.xx.1980cı il tarixdən xx.xx.1991-ci il tarixədək həmin zavodda işləmişdir. xx.xx.1992-ci ildən xx.xx.1998-ci ilə qədər “Fərid” Kooperativində hüquq məsləhətçisi, xx.xx.1998-ci ildən xx.xx.2005-ci il tarixə kimi "xxxx" Firmasının nəzdində fəaliyyət göstərən “Bilik” Hüquq Məsləhətxanasında hüquq məsləhətçisi, xx.xx.2005-ci ildən xx.xx.2008-ci ilə qədər Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Hüquq Məsləhətxanasında vəkil işləmişdir. xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər Gəncə şəhər Nizami Rayon Məhkəməsində hakim vəzifəsində işləmiş, xx.xx.2017-ci ildən indiyə kimi Azərbaycan Respublikası Vəkillər Kollegiyasının 4 saylı Vəkil Bürosunda vəkil kimi işləmişdir. Ona xx.xx.2023-cü ildən yaşa görə 463 manat əmək pensiyası təyin edilmişdir. Cavabdehə xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə kimi hakim vəzifəsində işlədiyinə görə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh xx.xx.2023-cü il tarixli məktubu ilə hakim kimi pensiya təyin etməsindən imtina etmişdir. İmtina məktubunda qeyd edilir ki, "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, iddiaçının hakim vəzifəsində iş stajı 15 ildən az (5 il (xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də ona sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İmtina məktubunu xx.xx.2023-cü ildə almışdır. Cavabdehin imtinası qanunsuz və əsassızdır. İddiaçı hakim təyin edilən zaman qüvvədə olan “Məhkəmələr və hakimlər haqqında” Qanunun 106-cı maddəsinə əsasən azı 5 (beş) il hakim işləmiş və pensiya yaşma çatmış sabiq hakimlərə hakim işlədiyi müddətdən asılı olaraq 5 (beş) il hakim işləmiş və pensiya yaşına çatmış hakimlər hakim vəzifəsində aldıqları 5 ilin orta əmək haqqının 45%-i miqdarında pensiya təyin edilməlidir. Eyni zamanda həmin Qanuna əsasən hakimlər dövlət tibbi xidməti ilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların 2 aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir. Əmək haqqı artımlarmdakı sonraki dəyişikliklər pensiya mələğinə şamil edilir. Həmçinin xx.xx.2006-cı il tarixdən xx.xx.2017-ci ilə tarixə qədər qüvvədə olan redaksiyaya görə də 5 il hakim işləmiş sabiq hakimlərə hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45%-i miqdarında pensiya təyin edilməlidir. Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin xx.xx.2023-cü il tarixli arayışına qeyd edilir ki, rayon (şəhər) məhkəməsi hakimlərinin maaşı xx.xx.2022-ci il tarixdən 1988,00 manat təşkil edir. Eyni zamanda «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%, 10 ilinə görə 30%, 15 ilinə görə 45% həcmində əlavə haqq ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2022-ci il tarixədək hakimlərə müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial sığorta haqqı tutulmuşdur. Bakı İnzibati Məhkəməsinin (hakim Aygün Abdullayeva) 2-1(112)-4508/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsi öhdəliyi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilmişdir. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “Məhkəmə və hakimlər haqqında” Qanunun 109-cu maddəsində hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirildiyi qeyd edilmişdir. “Konstitusiya Məhkəməsi haqqında” Qanununun 73.7-ci maddəsinə müvafiq olaraq Konstitusiya Məhkəməsinin hakiminin, sabiq hakiminin və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. “Məhkəmələr və hakimlər haqqında” Qanunun adından, həmçinin Azərbaycan Respublikası Konstitusiyasında hakimlərə dair müddəalardan (vəzifəyə təyin və azad olunma qaydaları və s.) göründüyü kimi, məhkəmə orqanları əməkdaşları (müvafiq məhkəmənin aparatında işləyən aparat rəhbəri, şöbə müdirləri və onların müavinləri, sektor müdirləri və məsləhətçilər, məhkəmə iclas katibləri, kargüzarlar, tərcüməçilər və s.) ilə hakimlərin statusları qanunvericilikdə fərqləndirilmişdir. Bundan başqa, qulluq stajına görə əmək pensiyasına əlavənin verilməsi üçün “Əmək pensiyaları haqqında” Qanunun 20-ci maddəsinin bəzi müddəalarında əmək stajı müəyyən qurumdakı xidməti və ya iş fəaliyyətini ehtiva etdiyi halda, həmin maddə məhkəmə hakimlərinə münasibətdə məhkəmə orqanlarındakı əmək fəaliyyətini deyil, məhz “hakim işləmiş” şəxsə “hakim vəzifəsində aldıqları” vəsaitdən hesablanan əlavəni nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Qanunun 20.7-ci maddəsinin hal-hazırda qüvvədə olan redaksiyasına əsasən, bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əmək haqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əmək haqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əmək haqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əmək haqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir. İş materialları ilə müəyyən olunur ki, iddiaçının hakim vəzifəsində çalışdığı iş stajı 15 il az olmaqla xx.xx.2008-xx.xx.2013-cü illəri əhatə edir. Göründüyü kimi, ona “Əmək pensiyaları haqqında” Qanunun tələbləri tətbiq edilməklə sabiq hakim kimi pensiya təyin edilə bilməz. “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1 və 20.7.2-ci maddələrinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsasən: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əmək haqqının 2 faizi miqdarında əlavə olunmaqla. İş materialları ilə müəyyən edilir ki, İddiaçı xx.xx.1958-ci il təvəllüdlüdür. Onun 65 yaşı xx.xx.2023-cü il tarixdə tamam olduğundan “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddəsinin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasının tələbləri ona münasibətdə tətbiq edilə bilməz. Azərbaycan Respublikasının xx.xx.2007-ci il tarixli 260-İİİQD №li Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 17-ci maddəsinin sonuncu abzasına və “Konstitusiya Məhkəməsi haqqında” Qanunun 73.7-ci maddəsinin xx.xx.2007ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən pensiya yaşına çatmış Konstitusiya Məhkəməsinin sabiq hakimi fəaliyyətdə olan Konstitusiya Məhkəməsi hakiminin vəzifə maaşının 80 faizi məbləğində pensiya alır və vəzifə maaşı artımındakı sonrakı dəyişikliklər həmin məbləğə şamil edilir. “Əmək pensiyaları haqqında” Qanunun 37.3.4-cü maddəsinin tələblərinə əsasən sabiq hakimin əmək pensiyasına qulluq stajına görə əlavənin ödənilməsi bu əlavənin təyin edilməsi üçün əsas götürülmüş vəzifədə çalışdığı halda mümkün hesab edilmir. İddiaçı öz tələbini əsaslandırarkən Azərbaycan Respublikası Konustitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə istinad etmişdir. Konustitusiyanın 149cu maddəsinin Vİİ hissəsinə əsasən fiziki və hüquqi şəxslərin hüquqi vəziyyətini yaxşılaşdıran, hüquq məsuliyyətini aradan qaldıran və ya yüngülləşdirən normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilir. Başqa normativ hüquqi aktların qüvvəsi geriyə şamil edilmir. İddiaçı Konstitusiyanın bu müddəalarını əsas gətirib ona “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına müvafiq olaraq ona 5 il hakim işləmiş sabiq hakim kimi pensiya təyin edilməsinin onun hüquqi vəziyyətini yaxşılaşdıran hal kimi məhkəmə tərəfindən nəzərə alınmasının və iddia tələbinin təmin olunmasını xahiş edir. Birinci instansiya məhkəməsi qərar qəbul edərkən “Əmək pensiyaları haqqında” Qanunun 20.7.1-ci maddənin 01 iyul 2017-ci il tarixədək qüvvədə olan redaksiyasına əsaslanmışdır. Lakin iddiaçınin 5 il hakim işləmiş sabiq hakim kimi ona əmək pensiyasının təyin edilməsi tələbi ilə məhkəməyə müraciət etməsinə baxmayaraq, onun tətbiq edilməsini tələb etdiyi qanunun xx.xx.2017-ci il tarixədək qüvvədə olan redaksiyasına müvafiq olaraq qanunla tələb edilən yaş həddinə malik deyildir. Bununla yanaşı, iddiaçıya sabiq hakim kimi əmək pensiyasının təyin edilməməsinə baxmayaraq, birinci instansiya məhkəməsi tərəfindən cavabdehin üzərinə əmək pensiyasının yenidən hesablanması öhdəliyi qoyulmuşdur. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi Nümayəndə apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini məhkəmədən xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, qərar digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış 22 noyabr 2023cü il tarixli məktubda qeyd edilir: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.7.1-ci, 20.7.2-ci maddələrinə əsasən hakim kimi yaşa görə əmək pensiyası 15 il və daha yuxarı müddətdə hakim işləmiş şəxsə münasibətdə təyin edilir. Mərkəzi Filialda mövcud olan sənədlərdə qeyd olunan məlumatlardan göründüyü kimi, Sizin hakim vəzifəsində iş stajınız 15 ildən az (5 il (xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr)) təşkil edir. Bu səbəbdən də Sizə sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmir. İş materiallarında olan Azərbaycan Respublikasının Ədliyyə Nazirlyinin xx.xx.2023-cü il tarixli arayışından görünür ki, İddiaçı İsgəndər oğluna ondan ötrü ki, rayon (şəhər) məhkəməsi hakiminin vəzifə maaşı xx.xx.2022-ci il tarixdən 1988,00 manat təşkil edir. Eyni zamanda «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 106-cı maddəsinə əsasən hakimlərə hakimlik stajının 5 ilinə görə vəzifə maaşlarının 15%, 10 ilinə görə 30%, 15 ilinə görə 45% həcmində əlavə haqq ödənilir. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikasının Qanununa əsasən xx.xx.2022-ci il tarixədək hakimlərə müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı verilmişdir. Bundan əlavə, birinci instansiya məhkəmələrinin hakimlərinə səlahiyyətlərinin icrası ilə əlaqədar xx.xx.2019-cu il tarixdən vəzifə maaşının 25%-i miqdarında aylıq pul təminatı verilir. Həmçinin xx.xx.2019-cu il tarixdən hakimlərə bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə verilir. Hakim vəzifəsində işlədiyi dövrdə ona ödənilmiş müavinətlərdən və ödənişlərdən 3% miqdarında məcburi sosial siğorta haqqı tutulmuşdur. Məhkəmənin sorğusuna əsasən cavabdeh tərəfindən iddiaçıya məxsus pensiya işinin təsdiq edilmiş surəti məhkəməyə təqdim edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş sabiq hakimlər. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: 20.1.4. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək əlilliyi müəyyən edilmiş sabiq hakimlər). 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əlavələr hakim vəzifəsindəki fəaliyyətin son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki əməkhaqqının orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək əməkhaqqındakı sonrakı artımlar da nəzərə alınmaqla, aşağıdakı qaydada müəyyən edilir: 20.7.1. 15 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında; 20.7.2. 15 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları orta aylıq əməkhaqqının 50 faizi miqdarında və 15 ildən yuxarı hakimlik stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün həmin orta aylıq əməkhaqqının 3 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. (xx.xx.2017-ci ilədək olan redaksiyası - 20.7. Bu Qanunun 20.1.4-cü maddəsində nəzərdə tutulan şəxslərin əmək pensiyasına əmək haqqındakı sonrakı artımlar da nəzərə alınmaqla: 20.7.1. 5 il hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları 5 ilin orta aylıq əmək haqqının 45 faizi miqdarında; 20.7.2. 5 ildən 10 ilə qədər hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 45 faizi miqdarında, 5 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 2 faizi miqdarında əlavə olunmaqla; 20.7.3. 10 ildən yuxarı hakim işləmiş sabiq hakimlərə - hakim vəzifəsində aldıqları istənilən 5 ilin orta aylıq əməkhaqqının 55 faizi miqdarında, 10 ildən yuxarı hakimlik stajının hər ili üçün həmin orta aylıq əməkhaqqının 5 faizi miqdarında əlavə olunmaqla, lakin həmin orta aylıq əməkhaqqının 80 faizi miqdarından çox olmamaq şərtilə müəyyən olunan məbləğlə bu Qanımla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə ödənilir). “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun: 106-cı maddəsinin birinci hissəsinə əsasən hakimlərin aşağıdakı məbləğdə aylıq vəzifə maaşları müəyyən edilir və onlara bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə ödənilir (12 iyul 2019-cu il tarixli 1647-VQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə əsasən). 106-cı maddəsinin ikinci hissəsinə əsasən hakimlik stajının hər 5 ilinə görə, həmçinin elmi dərəcəyə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində (45 faizdən çox olmamaq şərti ilə) əlavə haqq verilir. Hakim vəzifəsinə təyin edilmiş prokurorluq işçilərinin prokurorluq orqanlarındakı xidmətinin hər 5 ilinə görə eyni həcmdə əlavə haqq verilir. 106-cı maddəsinin üçüncü hissəsinə əsasən səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün Azərbaycan Respublikası Ali Məhkəməsinin hakimlərinə vəzifə maaşının 25 faizi miqdarında, apellyasiya instansiyası məhkəmələrinin hakimlərinə vəzifə maaşının 20 faizi miqdarında, birinci instansiya məhkəmələrinin hakimlərinə vəzifə maaşının 15 faizi miqdarında vergilərdən azad olunan aylıq pul təminatı verilir (xx.xx.2019cu il tarixədək olan qüvvədə olan redaksiyası). Hazırda qüvvədə olan redaksiyası - Səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün hakimlərə vəzifə maaşının 25 faizi miqdarında vergidən azad olunan aylıq pul təminatı verilir. 107-ci maddəsinin birinci hissəsinə əsasən hakimlərə hər il qırx təqvim günü müddətində məzuniyyət verilir. Hakimlərə məzuniyyətə çıxdığı vaxt iki aylıq əmək haqqı məbləğində müavinət verilir (xx.xx.2019-cu il tarixədək olan qüvvədə olan redaksiyası). 109-cu maddəsinin dördüncü hissəsinə əsasən hakimlər dövlət tibb xidmətilə təmin olunurlar. Hakimlərə müalicə olunmaları üçün onların iki aylıq əmək haqqı məbləğində müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş qaydada pul təminatı verilir (xx.xx.2022-ci il tarixədək qüvvədə olan redaksiyası). 109-cu maddəsinin beşinci hissəsinə əsasən hakimlərin, sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (hazırda qüvvədə olan redaksiyası). 109-cu maddəsinin beşinci hissəsinə əsasən azı 5 il hakim işləmiş və pensiya yaşına çatmış və ya bu yaşa çatanadək əlil olmuş sabiq hakimlərin və onların ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir (xx.xx.2018-ci il tarixədək qüvvədə olan redaksiyası). «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında qeyd olunur: 1. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsi və «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları Azərbaycan Respublikası Konstitusiyasının 127-ci maddəsinin İ hissəsində nəzərdə tutulmuş hakimlərin müstəqilliyinin təminatlarından biri kimi qəbul edilməli və onların barəsində hakim vəzifələrində işlədikləri dövrdə mövcud olmuş daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları tətbiq olunmalıdır. 2. Hakimlərin sosial müdafiəsi ilə bağlı məsələlər həll edilərkən Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinin Vİİ hissəsinə uyğun olaraq «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7-ci maddələrinin müddəalarından daha üstün sosial müdafiə təminatları müəyyənləşdirən: 30 dekabr 2005ci il tarixədək vəzifəyə təyin olunmuş ümumi yurisdiksiyalı məhkəmələrin hakimlərinə həmin günədək qüvvədə olmuş «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu maddəsinin; 19 oktyabr 2007-ci il tarixədək vəzifəyə təyin olunmuş Konstitusiya Məhkəməsinin hakimlərinə - həmin günədək qüvvədə olmuş «Konstitusiya Məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü maddəsinin müddəaları tətbiq olunmalıdır. «Məhkəmələr və hakimlər haqqında» Azərbaycan Respublikası Qanununun 109-cu, «Konstitusiya məhkəməsi haqqında» Azərbaycan Respublikası Qanununun 73-cü və «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun 20.1.4 və 20.7 maddələrinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2008-ci il tarixli Qərarında həmçinin qeyd edilir ki, … hakimlərin sosial müdafiəsinə yönəldilən pensiya təminatı onların müstəqilliyini və qərəzsizliyini qorumaq üçün verilən Konstitusiya və beynəlxalq-hüquqi aktlarda nəzərdə tutulan təminatların zəruri tərkib hissəsidir. Hakimlərin layiqli sosial müdafiə təminatları onların yüksək konstitusiya-hüquqi statusundan irəli gəlir və xüsusi növ hakimiyyət fəaliyyətinin — ədalət mühakiməsinin daha səmərəli həyata keçirilməsi üçün hətta bir çox xüsusi statusa malik olan şəxslərlə müqayisədə hakimlər barəsində pensiya qanunvericiliyinin fərqli yanaşmasını tələb edir. Qanunvericilik hakimiyyəti orqanı özünün diskresiya səlahiyyətlərindən istifadə edərkən hər hansı şəxslərin, o cümlədən hakimlərin pensiya təminatı hüququnun həyata keçirilməsinin şərtlərini müəyyənləşdirərək bunun üçün müvafiq hüquqi tənzimləmə qaydalarını qəbul edə bilər. Lakin dövlət hakimiyyəti orqanlarında çalışan və müxtəlif vəzifələri həyata keçirən şəxslərin, o cümlədən hakimlərin inkişaf prosesində olan pensiya təminatına dair qanunvericilik tənzimləmələri yalnız konkret və obyektiv hüquqi meyarlara söykənməklə həyata keçirilməlidir. Hakimlərə münasibətdə isə nəzərə alınmalıdır ki, məhkəmənin istənilən təsirə dayanıqlığı yalnız hakimlərin etikası, nüfuzu, ixtisası, ləyaqəti və məsuliyyətilə deyil, həmçinin onların müstəqilliyinin bir hissəsi kimi qəbul olunan yüksək maddi-sosial təminatları ilə də birbaşa bağlıdır. Konstitusiyanın 127-ci maddəsində göstərilmiş hakimlərin müstəqilliyi, ədalət mühakiməsinin həyata keçirilməsinin əsas prinsip və şərtləri məhz yuxarıda qeyd edilən hakimlərin real maddi və sosial təminatlarından asılıdır. Bu mənada, pensiya təminatı hakimlər üçün müəyyənləşdirilmiş maddi-sosial imtiyaz kimi deyil, əksinə, hakimlərin müstəqilliyinin təminatının bir vasitəsi kimi dəyərləndirilməlidir. … hakimlərin səlahiyyət müddətində mövcud olmuş və tədricən dəyişdirilmiş (əvəz olunmuş) hakimlər üçün daha üstün sosial müdafiə təminatlarını əks etdirən qanunvericiliyin müddəaları Konstitusiyanın 149-cu maddəsinin Vİİ hissəsinin müddəası nəzərə alınmaqla mövcud qanunvericiliyin dəyişdirilməsindən asılı olmayaraq qüvvəsini saxlamalıdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli Qərarında qeyd olunur: “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin faktiki halları ondan ibarətdir ki, İddiaçı xx.xx.2023-cü il tarixdə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialı tərəfindən yaşa görə əmək pensiyası təyin edilmişdir. İddiaçı xx.xx.2008-ci ildən xx.xx.2013-cü ilə qədər Gəncə şəhər Nizami Rayon Məhkəməsində hakim vəzifəsində işləmişdir. İddiaçı hazırda cavabdeh orqana müraciət edərək, sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsini və ona aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının təyin edilməsi, habelə pensiyaya qeyd edilən əlavələr nəzərə alınmaqla müəyyən edilmiş orta aylıq əmək haqqının 45 faizi miqdarında pensiyaya əlavənin hesablanaraq ödənilməsini tələb edir. Lakin cavabdeh tərəfindən iddiaçının hakim vəzifəsində iş stajı 15 ildən az olduğundan sabiq hakim kimi yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilməmiş və müraciətinin təmin edilməsindən imtina edilmişdir. Sadalanan qanunvericilik normalarından görünür ki, iddiaçının hakim vəzifəsində çalışdığı dövrdə qanunvericilikdə 5 il hakim işləmiş sabiq hakimlərin qulluq stajına görə əmək pensiyasına əlavə almaq hüququ nəzərdə tutulsa da, sonradan (2017 və 2018-ci illərdə edilmiş dəyişikliklərə əsasən) bu staj 15 il müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçıya pensiya təyin olunarkən hazırda qüvvədə olan pensiya qanunvericiliyi yox, onun vəzifəyə təyin olunduğu dövrdə qüvvədə olan normalar tətbiq edilməli və ona 5 ildən artıq hakim stajı olan sabiq hakim kimi pensiya təyin edilməklə qulluq stajına görə əlavə hesablanmalıdır. Eyni zamanda qeyd edilməlidir ki, iddia tələbinə əsasən iddiaçı sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq, səlahiyyətlərin yerinə yetirilməsi ilə bağlı xərclərin ödənilməsi üçün vəzifə maaşının 25 faizi miqdarında aylıq pul təminatı, məzuniyyət vaxtı iki aylıq əmək haqqı məbləğində müavinət, müalicə olunmaq üçün iki aylıq əmək haqqı məbləğində pul təminatı nəzərə alınmaqla əmək pensiyasının hesablanmasını xahiş edir. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı beş il müddətində hakim vəzifəsində çalışmışdır. Qanunda nəzərdə tutulmuş hakimlik stajının hər 5 ilinə görə hakimlərə hər ay vəzifə maaşlarının 15 faizi həcmində əlavə haqq 5 il tamam olduqdan sonra verilməyə başlayır. İddiaçı hakim vəzifəsində işləyərkən həmin əlavə haqqı almamışdır. Bundan başqa, bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavənin ödənilməsi ilə bağlı norma “Məhkəmələr və hakimlər haqqında” Azərbaycan Respublikasının Qanununun 106cı maddəsinə xx.xx.2019-cu ildə əlavə edilmiş və xx.xx.2019-cu ildən qüvvəyə minmişdir. İddiaçı hakim vəzifəsində işləyərkən həmin əlavəni də almamışdır. Qeyd olunan əlavələri iddiaçı hakim vəzifəsində işləyərkən almadığı üçün həmin əlavələr pensiya məbləği hesablanarkən nəzərə alına bilməz. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı qismən - «sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq» hissəsində ləğv edilməli və həmin hissədə iddia təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı digər hissədə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı qarşı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4508/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı qismən - «sabiq hakim kimi aldığı vəzifə maaşına uyğun olaraq hakimlərə hər ay ödənilən bir aylıq vəzifə maaşı həcmində vəzifə maaşına əlavə, hakimlik stajının 5 ilinə görə vəzifə maaşının 15 faizi həcmində əlavə haqq» hissəsində ləğv edilsin və həmin hissədə iddia təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4508/2024 nömrəli, 04 iyun 2024-cü il tarixli qərarı digər hissədə dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar