Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3080/2024 22.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X1 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X2 ibarət tərkibdə, Eldarzadə Şirazı Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6450/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “əmək pensiyasından tutulmaların qanunsuz hesab edilməsi və pensiyanın yenidən hesablanması barədə qərarın ləğv edilməsi” tələbi ilə məhkəməyə müraciət etmişdir. Tələb onunla əsaslandırılmışdır ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərarı əsassız hesab edir və hesab edir ki, ona təyin olunmuş əmək pensiyası qanunvericiliyə uyğun olaraq 50 yaşdan təyin olunmuşdur. İddiaçı hesab edir ki, hazırda ondan əlavə pul tutulması qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək, iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2006-cı il tarixindən təyin edildiyi aşkar edilib. Azərbaycan Respublikasının 6 mart 2007-ci il tarixli 260-İİİQD nömrəli Qanunu ilə qüvvədən düşmüş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 17-ci maddəsinə əsasən həmin Qanunun 13-cü maddəsinin “a” bəndinə uyğun olaraq, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiqlənmiş 1 №-li Siyahı üzrə ağır və zərərli işlərdə çalışan şəxslərə pensiya orta aylıq əmək haqqından hesablanarkən 20 il ümumi iş stajına görə orta aylıq əmək haqqının 70%-i, tələb olunan ümumi iş stajından artıq hər il üçün 2%, güzəştli iş stajının 10 ildən artıq hər ili üçün isə 1% olmaqla, lakin 100%-dən çox olmamaqla hesablanırdı. “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 71-ci maddəsinin ikinci absazına əsasən pensiya üçün müraciət edən şəxsin arzusuna əsasən orta aylıq əmək haqqı onun müraciət etdiyi aydan əvvəlki əmək fəaliyyətinin axırıncı 24 ayına və ya əmək fəaliyyətinin hər hansı ardıcıl gələn 60 ayına aid əmək fəaliyyətində fasilələr nəzərə alınmadan faktiki orta aylıq əmək haqqından hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası onlar tərəfindən aşağıdakı qaydada hesablanıb. İddiaçının Mərkəzi Filialda mövcud olan sənədlərində qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 32 il, güzəştli iş stajı isə 22 il təşkil edir. İddiaçının əmək pensiyası əmək haqqına əsasən hesablanarkən, 20 ilə görə 70 faiz, 20 ildən artıq olan 12 ilə görə 24 faiz (12x2%), 10 ildən artıq olan güzəştli iş stajına görə 12 faiz (12x1%) olmaqla olmaqla orta aylıq əmək haqqının 100 faizi (70 %+24%+12% (100 faizdən artıq olmamaqla)) miqdarında müəyyən edilmişdir. Belə ki, iddiaçının əmək pensiyasının sığorta hissəsi xx.xx.2006-cı il tarixinə 221,55 manat (5317,20:24) orta aylıq əmək haqqına uyğun həmin tarixə 196,55 manat (221,55x100%- 25,00 (baza hissə)) hesablanaraq, indeksləşdirilməklə xx.xx.2008-ci il tarixinə 248,41 manat müəyyən edilərək, üzərinə xx.xx.2006-xx.xx.2008-cı il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 1710,72 manat sığorta kapitalına uyğun 11,88 manat (228,96:144) manat və 60,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2008-ci il tarixinə 320,29 manat (248,41+11,88+60,00) (indeksləşdirilərək xx.xx.2017-ci il tarixinə 556,66 manat) məbləğində əmək pensiyası təyin edilib. Eyni zamanda, Qanunun 37.3.1-ci maddəsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən işləyən əmək pensiyaçılarına yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Qanunun 45-ci maddəsinə əsasən gözlənilən pensiya ödənişi müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin ikinci cümləsinin 29 iyun 2022-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına uyğun olaraq Qanunun 9-cu maddəsinə əsasən yaşa görə əmək pensiyası təyin olunan şəxslərin əmək pensiyasının sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı (144 ay) güzəştli şərtlərlə pensiyaya çıxma yaşı ilə Qanunun 7-ci maddəsi ilə müəyyən edilmiş pensiya yaşı (xx.xx.2017-ci il tarixinə kişilər 63 il 6 ay) arasındakı ayların sayı qədər artırılır. Bununla əlaqədar, iddiaçının xx.xx.2017-ci il tarixində işləməyən əmək pensiyaçısı kateqoriyasına keçməyi ilə əlaqədar işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 26026,56 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (26026,56:96 ay (63 il 6 ay-61 il 6 ay = 24 ay + (144 ay-72 ay) = 271,11 manat) həmin tarixdən yenidən hesablanaraq, qanuni 556,66 manat pensiya məbləği 827,77 (556,66+271,11) manata (Qanunun 26.4-cü maddəsi nəzərə alınaraq və indeksləşdirilərək xx.xx.2023-cü il tarixinə 1407,43 manat) artırılıb. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Son üç il üzrə iddiaçıya 4679,47 manat artıq pul vəsaitinin ödənildiyi müəyyən olunub. Qeyd olunanlara əsasən cavabdeh iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6450/2024 nömrəli, 26 aprel 2024-cü il qərarı ilə (hakim O.Həsənov) iddia təmin edilmiş, İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə 29 noyabr 2023-cü il tarixli qərarının ləğv edilməsi, artıq ödəmə adı ilə 4.679,47 manat pul vəsaitinin iddiaçıdan tutulması Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qadağan edilməsi, iddiaçının 50 yaşdan güzəştli şərtlərlə əmək pensiyası təyinatının bərpa edilməsi və tutulmuş 140,47 manat pul məbləğini iddiaçıya geri qaytarılması öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh inzibati orqan həmin qərardan apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Cavabdehin apellyasiya şikayəti iddiaya dair yazılı etiraza uyğun əsaslandırılmışdır və əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsi qeyd olunan məsələləri araşdırmamış, həqiqətə nail olmaq üçün göstərilən faktlara hüquqi münasibət bildirmədən əsassız olaraq iddianı təmin etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin rədd edilməsini xahiş etdi. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb, hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki, iddiaçı xx.xx.1958-ci ildə anadan olmuşdur. - 17 yanvar 2024-cü il tarixli məktubda qeyd edilmişdir ki, iddiaçıya 52 yaşının tamam olduğu tarixdən pensiya təyin edilməli olduğu halda 50 yaşından pensiya təyin edildiyi aşkar edilmişdir. Əmək pensiyaçı olduğu dövrdə yığılmış sığorta kapitalı da əmək pensiyasının yenidən hesablanması zamanı düzgün nəzərə alınmamış, nəticədə artıq ödəmə yaranmışdır. Müəyyən edilmişdir ki, 4.679,47 manat pul vəsaiti artıq ödənilmişdir ki, hər ay 140,74 manat tutulmaqla büdcəyə bərpa edilməkdədir. - Əmək pensiyasının yenidən hesablanması barədə 29 noyabr 2023-cü il tarixli qərardan görünür ki, 1.551,80 manat olan pensiya məbləği yenidən hesablanaraq 1.407,43 manat olmuş, hesablamanın əsası pensiya yaşının 52 yaşdan təyin edilməli olduğu halda 50 yaşdan təyin edilməsi ilə bağlı olmuşdur. İşə birinci instansiya qaydasında baxmış məhkəmə tərəfindən müəyyən edilmişdir ki, hazırki iş üzrə qəbul edilmiş əmək pensiyasının yenidən hesablanması barədə qərardan, iddiaçıya və məhkəməyə təqdim edilmiş sənədlərdən görünür ki, hazırkı mübahisə iddiaçıya 50 yaşdan pensiya təyin edilib-edilməməsi ilə bağlıdır. Cavabdeh inzibati orqan şəxsə pensiyanın 52 yaşdan təyin edilməli olduğu qənaətindədir ki, birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh təyinatın həmin yaşdan təyin edilməli olması hissəsində də qanunsuz və əsassız mövqe nümayiş etdirmişdir. Qanunvericiliklə nəzərdə tutulmuş stajların mövcud olması cavabdeh tərəfindən mübahisələndirilmir. Mübahisə 01 avqust 2000-ci il tarixdən etibarən pensiya yaşının kişilər üçün 52 yaşdan müəyyən edilməsi ilə bağlıdır ki, cavabdeh iddiaçının 50 yaşının tamam olduğu dövrün məhz həmin tarixdən sonra olmasına istinad edərək pensiyanın 52 yaşdan təyin edilməli olması qənaətindədir. Halbuki, yuxarıda istinad edilən müddəanın tələbindən göründüyü kimi bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilməlidir. Odur ki, iddiaçıya düzgün olaraq pensiya yaşına çatdığı 50 yaşda 20 illik ümumi, 10 illik xüsusi stajı nəzərə alınmaqla ilkin təyinat aparılmışdır. Bu səbəbdən də əmək pensiyasının yenidən hesablanması barədə qərar ləğv edilməklə 50 yaşdan aparılmış təyinat bərpa edilməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir, 3.1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. 1.0.2-ci maddəsinə görə sosial sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikası Qanununun 01 avqust 1999-cu il tarixinə olan redaksiyasına görə 13-cü maddəsində müəyyən olunmuşdur ki, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir:
1. yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər- 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanununa dəyişikliklər və əlavələr edilməsi barədə» Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli Qanunun 1-ci bəndinə əsasən, bu Qanunun 13-cü maddədə nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Qeyd olunanlar nəzərə alınmaqla da əsas tələb təmin edildiyindən onun hüquqi nəticəsi kimi artıq ödəmə adı ilə 4.679,47 manat pul vəsaitinin tutulmasının qadağan edilməsi, tutulmuş 140,74 manat pul məbləğinin geri qaytarılmasının cavabdehə həvalə edilməlidir. Bundan başqa, əmək pensiyasının yenidən hesablanması barədə qərar qanuni və əsaslı olsa belə həmin hal iddiaçıdan pul vəsaitinin artıq ödəmə adı ilə tutulmasına əsas vermir. Belə ki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbindən görünür ki, əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Lakin, iş üzrə pensiya işində belə bir razılıq mövcud olmamış, eləcə də razılıq olmadığı halda məhkəmə qaydasında tutulma ilə bağlı tədbirlərin cavabdeh tərəfindən görülməsi də müəyyən edilməmiş, pensiya işində hər hansı məhkəmə qərarı mövcud olmamışdır. Məhkəmə prosessual qənaət prinsipi baxımından göstərilən formada tutulmanın qanunsuz və əsassızlığını hazırkı iş üzrə cavabdeh iddia irəli sürülmədən də hazırkı mübahisə çərçivəsində qiymətləndirmək səlahiyyətindədir. Belə ki, iddiadan görünür ki, mübahisə pul məbləğinin tutulmasının qanunsuz hesab edilib-edilməməsi ilə bağlıdır. Məhkəmə kollegiyası hesab edir ki, 39.1-ci maddəsinin tələblərindən əlavə, məhkəmə cavabdeh tərəfindən tutulmanın ümumilikdə qanunsuz hesab edilməsinə səbəb ola biləcək digər hallara və qanunvericiliyin tələblərinə istinad etməyə haqlıdır. Bunun üçün mütləq qaydada pensiya orqanının iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında mütləq olaraq qiymətləndirilməli olması ilə bağlı qanunvericilik müddəası mövcud olmadığından, yəni istər hazırkı iş üzrə cavabdehin qaldırmalı olduğu artıq ödəmənin geri tələb edilməsi barədə iddia ərizəsi üzrə, istərsə də nə qədər ki, tutulmanın qanunsuz hesab edilməsi tələb edilirsə hazırkı iddia üzrə həmin halın qanunsuz və əsasızlığı məhkəmə predmetini təşkil edə bilər. “İnzibati icraat haqqında” Qanunun: - maddə 2.0.8. qarşılıqlı etimad - inzibati orqanla fiziki və ya hüquqi şəxs arasındakı qarşılıqlı münasibətlərdə müəyyən qanuni hərəkətlərə və ya inzibati praktikaya əsaslanan inamdır. - maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. - maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. - maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. - maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: - 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; - 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. -maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. İnzibati icraat haqqında qanunvericiliyin müəyyən etdiyi ən əsas prinsiplərdən biri şəxsin inzibati orqanların inzibati praktikasına olan etimadının qanunla qorunması prinsipidir. Bu prinsip onu ehtiva edir ki, inzibati orqanın praktikası davamlı və ümumi xarakter daşımalı, maraqlı şəxs inzibati orqanın hərəkətlərini əvvəlcədən müəyyən etmək imkanına malik olmalıdır. Yəni inzibati orqan heç bir əsas olmadan öz praktikasını dəyişməməli, maraqlı şəxs inzibati orqanın məsələni inzibati praktikaya uyğun qaydada, oxşar işlərlə anoloji qaydada həll ediləcəyini bilməlidir. Lakin qeyd edilməlidir ki, bu hal mütləq xarakter daşımır, yəni inzibati orqan mövcud inzibati praktikanı yeni praktika ilə dəyişdirə bilər. Lakin bu yalnız o zaman baş verə bilər ki, ictimai maraqlar bunu tələb edir. Yəni cəmiyyətdə ümumi vəziyyətin dəyişməsi, yeni dəyərlərin meydana gəlməsi, nəticədə ictimai maraqların tələb etməsi halında inzibati orqanın praktikasını dəyişdirməsi mümkündür. İşin yuxarıda istinad olunan hallarından görünür ki, cavabdeh inzibati orqan xx.xx.2006-cı ildə, həmin dövrdə formalaşmış inzibati praktikasına uyğun olaraq iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin etsə də, sonradan heç bir əsas olmadan bu praktikanı dəyişmiş, bu zaman hər hansı bir əsaslandırma etməmiş, deməli praktikasını dəyişməkdə haqlı olmamışdır. Qanunvericiliyə əsasən maraqlı şəxsin inzibati orqanın inzibati praktikasına etimadı o halda qorunmur ki, şəxs rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Hazırkı iş üzrə cavabdeh bu hallardan hər hansı birinin mövcud olmasını da sübuta yetirə bilməmişdir. İddiaçının ona 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı inzibati orqanın praktikasına etimadı mövcuddur və onun bu etimadı qanunla qorunur. “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsindən görünür ki, qanunverici aşağıdakı qanunsuz əlverişli inzibati aktın ləğv edilməsinə yol vermir: 1. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu; 2. başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı; 3. cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın. İşin yuxarıda göstərilən hallarına əsasən iddiaçıya 50 yaşdan güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi ilə bağlı qəbul edilmiş xx.xx.2006-cı il tarixli inzibati akt: 1.iddiaçının məzmununa etimad göstərdiyi və bu etimadın qanunla qorunduğu inzibati aktdır; 2. onun qəbul edilməsi başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmamışdır; 3.iddiaçı üçün cari pul öhdəliklərini nəzərdə tutmaqla onun üçün əlverişli inzibati akdır. Belə olan halda aydındır ki, həmin inzbati aktın qanunsuz olduğu barədə cavabdehin dedikləri həqiqət olsa belə, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən cavabdehin onu ləğv emək hüququ olmamışdır. Bundan başqa, o da qeyd edilməlidir ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin qayda bu Qanunun 67.6.1-ci maddəsində nəzərdə tutulmuş hallara şamil olunmur. Cavabdehin 29 noyabr 2023-cü il tarixli qərarı qəbul edərkən istinad etdiyi normalar iddiaçıya 50 yaşının tamam olduğu xx.xx.2006-cı ildən güzəştli şərtlərlə pensiya təyin edilməsi barədə qərar qəbul edilən zaman da mövcud olmuş, lakin cavabdeh yuxarıda qeyd olunan Qanunun 67.12-ci maddəsinin tələbini pozmaqla həmin əsaslara 18 il sonra istinad etmiş və iddiaçıya 52 yaşdan pensiya təyin edilməsi qənaətinə gələrək bununla ona 50 yaşdan təyin edilmiş qərarın qüvvədən düşməsinə səbəb olmuşdur. Beləliklə, göstərilənlərə əsasən cavabdehin iddiaçıya 50 yaşdan təyin edilmiş güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının dəyişdirilərək pensiya yaşının, pensiya hüququnun yarandığı 52 yaşa çəkməsi barədə 29 noyabr 2023-cü il tarixli qərarı qanunsuz əliverişsiz inzibati aktdır. “İnzibati icraat haqqında” Qanunun 67.3-cü maddəsinə əsasən isə qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə və hüquqi mövqeyi ilə razılaşaraq qeyd edir ki, cavabdehin iddia ərizəsinə etirazda və apellyasiya şikayətində göstərdiyi dəlillər tamamilə üst-üstə düşür. Bu səbəbdən də, birinci instansiya məhkəməsinin müəyyən etdiyi hallarla və istinad etdiyi qanunvericilik normaları ilə razılaşıb, onların təkrar qeyd edilməsinə zərurət görmür. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.
Nəticəvi hissə:
Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Cavabdeh inzibati orqanın apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6450/2024 nömrəli, 26 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev