Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3081/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nağıyeva Elmira Eyvaz qızından (sədrlik edən və məruzəçi), Həmidov Həmid Üzeyir oğlundan və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Əliyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı (xx.xx.1979-cu il tarixində Laçın rayonunun Pircahan kəndində anadan olmuş, Laçın rayonu, Qayğı qəsəbə Ərazi Dairəsi, Qayğı qəsəbəsi ünvanında qeydiyyatdadır, faktiki olaraq yaşadığı ünvan- ünvan 2deh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı (üçüncü şəxs Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əlillik Siyasəti Şöbəsi) “cavab məktublarının poçt vasitəsilə ünvanına göndərilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2- 1(112)-10156/2021 nömrəli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı 07.09.2021-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, 24.04.2021-ci ildən 30.07.2021-ci ilədək onun elektron şəxsi kabinetinə Əmək Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yazılan 30 ədəd məktubların olduğu kimi elektron sistemdən çıxarış edilərək imzalanmış, möhürlənmiş şəkildə heç bir düzəliş edilmədən poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia ərizəsini onunla əsaslandırmışdır ki, o, xx.xx.1979-cu il tarixində Laçın rayonu, Pircahan kəndində anadan olmuşdur. 27.07.1996-cı ildən 21.08.2013-cü ilədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində hərbi xidmətdə olmuşdur. Xidmət müddətində Müdafiə Nazirliyinin tərkibində olan N saylı hərbi hissələrdə mayor rütbəsində zabit kimi müxtəlif vəzifələrdə xidmət etmişdir.2004-cü ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 10 illiyi (1991-2001) yubiley, 2008-ci ildə Azərbaycan Respublikası Silahlı Qüvvələrinin 90 illik yubiley, 2011-ci ildə 3-cü dərəcəli qüsursuz xidmətlərə görə medalları ilə təltif olunmuşdur. Xidmətinin çox bir hissəsini Xüsusi Təyinatlı və Kəşfiyyat hərbi hissələrdə, axırıncı N ilini düşmənlə təmas şəraitində olan Qazax rayon Kəmərli, Aslanbəyli, Qaymaqlı, Abbasbəyli, Fərəhli, Məzəm Quşçuayrım, Cəfərli, Qızılhacılı kəndlərindən keçirmişdir. Hal-hazırda ehtiyatda olan zabitdir, Prezident təqaüdçüsü, 2014cü ildən 2-ci qrup müharibə əlilidir. Müraciətinə əsasən 25.06.2021-ci ildə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin göstərişi ilə o, əyani müayinəyə göndərilmiş, müayinə olunmuş və onun əlilliyinin səbəb əlaqəsi dəyişdirilmişdir. Sonradan 30.06.2021ci il tarixdə Laçın rayon Mərkəzi Xəstəxanası tərəfindən 0280003AAFMA forma 88 yazılıb elektron sistemə daxil edildikdə ona 09.07.2021-ci ildə 5 il müddətində ikinci dərəcə əlillik təyin olunmuşdur. Hətta bu barədə 30.07.2021-ci il tarixə kimi dəfələrlə, 30.07.2021-ci il tarixdə isə axırıncı dəfə onun şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və X1 Heyətinin sədrinin müavini Mətanət Məmmədovadan cavab məktubu şəxsi kabinetə yerləşdirərək “0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi qeydlər aparılmışdır. Eyni zamanda bu barədə onun şəxsi kabinetində qeydiyyat vardır və sms vasitəsi ilə telefonuna bildiriş gəlmişdir.24.04.2021-ci ildən 30.07.2021-ci ilədək onun elektron şəxsi kabinetində Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın təsdiq edilməsi haqqında Qərarının 3-cü (Əlillik səbəbinin dəyişdirilməsi və şikayət qaydası) və Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanlarının məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”nin tələblərinə əsasən 0280003AAFMA nömrəli göndəriş əsasında 09.07.2021-ci il tarixdə qiymətləndirilmiş və Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar səbəbindən 5 il müddətinə ikinci dərəcə əlillik təyin edilməsi barədə qərar qəbul edilmişdir” kimi yazılmış 30 ədəd məktub yerləşdirilmişdir ki, bu məktubların heç bir poçt vasitəsi ilə ona göndərilmişdir. 05.08.2021-ci il tarixdə o, şəxsi kabinetinə baxış keçirən zaman görmüşdür ki, ümumi səhifədə əlillik qiymətləndirilməsi 5 rəqəmindən 4 rəqəminə düşüb, əlilliyin axırıncı qiymətləndirilməsi sistemdən silinib, əlillik müddəti və diaqnoz dəyişdirilmişdir. Bu səbəbdən də hesab edir ki, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi bu cavab məktublarında gələcək sistemdən silərək “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci və 10-cu maddələrinin tələblərini kobud şəkildə pozaraq özbaşınalıq və saxtakarlıq edəcəklər. İddiaçı tərəfindən 30.09.2021-ci il tarixdə məhkəməyə daxil olmuş iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizədə iş üzrə müraciətinə əsasən 24.04.2021-ci il, 14.06.2021ci il, 01.07.2021-ci il, 02.07.2021-ci il, 08.07.2021-ci il 2 ədəd, 09.07.2021-ci il, 12.07.2021ci il, 13.07.2021-ci il, 17.07.2021-ci il, 22.07.2021-ci il, 26.07.2021-ci il, 30.07.2021-ci il tarixlərdə onun elektron şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yazılan məktubların olduğu kimi elektron sistemdən çıxarış edilərək imzalanmış, möhürlənmiş şəkildə heç bir düzəliş edilmədən poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsi öhdəliyinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında X3 və Reabilitasiya Agentliyinə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-10156/2021 nömrəli qərardadı ilə (hakim A.Oruczadə) İddiaçı iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-10156/2021 nömrəli qərardadının ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı izahat verərək, apellyasiya şikayətini müdafiə etdi. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 izahat verərək, apellyasiya şikayətini qəbul etməmişdir. Üçüncü şəxsin nümayəndəsi ümumiyyətlə məhkəmə iclaslarında iştirak etməmiş, iş üzrə hər hansı bir yazılı münasibət bildirməmişdir. Cavabdeh və üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşaraq aşağıdakıları qeyd edir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması zamanı deyil, konkret hüquqların pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir. İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli qərarındakı hüquqi mövqelərdən biri belə olmuşdur ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Hüququn həqiqətən pozulub-pozulmadığının müəyyən olunması məsələsinin eyni zamanda iddianın əsaslılığının yoxlanılmasını tələb etdiyini nəzərə alaraq məhkəmələr bu meyar üzrə mümkünlüyün yoxlanılması mərhələsində diqqətli olmalı, belə yoxlamanı əsaslılığın yoxlanılması qaydasında aparmamalıdırlar. İddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia tələbindən göründüyü kimi o, 24.04.2021-ci il, 14.06.2021-ci il, 01.07.2021-ci il, 02.07.2021-ci il, 08.07.2021-ci il 2 ədəd, 09.07.2021-ci il, 12.07.2021-ci il, 13.07.2021-ci il, 17.07.2021-ci il, 22.07.2021-ci il, 26.07.2021-ci il, 30.07.2021-ci il tarixlərdə onun elektron şəxsi kabinetinə Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən yazılan məktubların olduğu kimi elektron sistemdən çıxarış edilərək imzalanmış, möhürlənmiş şəkildə heç bir düzəliş edilmədən poçt vasitəsi ilə müraciət edilən ünvana göndərilməsini xahiş edir. İş materiallarında olan sənədlərdən isə görünür ki, iddiaçı 30.07.2021-ci il, 26.07.2021-ci il, 22.07.2021-ci il, 17.07.2021-ci il, 13.07.2021-ci il, 12.07.2021-ci il, 09.07.2021-ci il, 08.07.2021-ci il, 02.07.2021-ci il, 01.07.2021-ci il, 14.06.2021-ci il, 24.04.2021-ci il tarixlərdə elektron qaydada müraciətlər etmiş və onun müraciətlərinə də elektron qaydada cavab verilmişdir. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 7.3-cü maddəsinə əsasən müraciətə baxan subyektlərin müraciətlərin qəbul edilməsi və cavablandırılması işini habelə elektron formada həyata keçirmək hüququ vardır. “Vətəndaşların müraciətləri haqqında” Azərbaycan Respublikası Qanununun 8.1.4-cü maddəsinə əsasən vətəndaşın təkrar müraciətlərinə bir il ərzində 3 dəfə mahiyyəti üzrə əsaslandırılmış cavab verildikdə və təkrar müraciətdə məsələnin həlli üçün yeni məlumatlar olmadıqda müraciət baxılmamış saxlanılır. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 62.2-ci maddəsinə əsasən poçt rabitəsi vasitəsilə ölkə daxilində göndərilmiş inzibati akt, onun poçta təqdim edildiyi gündən 5 gün keçdikdən sonra, elektron üsulla göndərilmiş inzibati akt isə göndərildiyi gündən 3 gün keçdikdən sonra maraqlı şəxsə təqdim olunmuş sayılır. Həmin Qanunun 63.1-ci maddəsinə əsasən inzibati orqan öz təşəbbüsü ilə və ya maraqlı şəxslərin ərizəsinə əsasən qəbul etdiyi inzibati aktda olan yazı və hesab səhvlərini düzəldə bilər. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının müraciətinə cavabdeh tərəfindən cavab verildiyindən, iddiaçının tələbi üzrə qaldırılan məsələlər yenidən vəzifə kimi cavabdehin üzərinə qoyula bilməz. Məhkəmə kollegiyası hesab edir ki, hazırkı iş üzrə cavabdehin hərəkət və ya hərəkətsizliyindən iddiaçının hansı hüquqlarının pozulması müəyyən edilmədiyindən, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 03 noyabr 2021-ci il tarixli, 2-1(112)-10156/2021 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3081/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3081/2021
24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver