Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3082/2021 13.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Quluzadə Arzu İsrafil qızının katibliyi ilə; İddiаçı İddiaçı cаvаbdеh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qarşı “razılaşma aktının və razılaşmanın ləğv edilməsi” tələbinə dair iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6512/2021 saylı, 26 avqust 2021- ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İddiаçı İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qаrşı iddia ərizəsi ilə məhkəməyə mürаciət edərək “imzalanmış razılaşma aktının saxta olmasını nəzərə alaraq ləğv edilməsi” hаqqındа qərаr qəbul еdilməsini хаhiş еtmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçının obyekti 11.08.2014-cü ildə heç bir məhkəmə qərarı olmadan məcburi olaraq iddiaçının əlindən alınaraq dağıdılmışdır.15.03.2015-ci ildə isə iddiaçıya 64850 manat və əlavə 100 kv.metrlik obyekt veriləcəyi bildirilərək iddiaçı aldadılaraq razılaşma aktı imzalatdırılmışdır. Lakin 64850 manat məbləği iddiaçıya verilsə də razılaşma imzalandıqdan sonra iddiaçıya 100 kv.metrlik obyekt verilməmişdir. Məlum olmuşdur ki, 100 kv.metrlik obyekt üçün iddiaçıya verilən məktub yalnız iddiaçının aldadılaraq həmin razılaşmanı imzalatdırmaq və onunla da 64850 manatın iddiaçıya verilməsi olmuşdur. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6512/2021 saylı, 26 avqust 2021- ci il tarixli qərardadı ilə İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Hakimiyyətinə qаrşı “imzalanmış razılaşmanın saxta olmasını nəzərə alaraq ləğv edilməsi” hаqqındа iddiası mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6512/2021 saylı, 26 avqust 2021-ci il tarixli qərardadının ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun olaraq tərtib edilmişdir. İddiaçıya və cavabdeh məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar edilsə də, məhkəmə iclasına gəlməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının və cavabdehin nümayəndəsinin iştirakları olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini nəzərdən keçirərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. Belə ki, iş materiallarından göründüyü kimi hazırkı iş üzrə iddia tələbinin predmetini “Xətai rayon İcra Hakimiyyəti tərəfindən təsdiq edilmiş 2015-ci il tarixli razılaşma aktı”nın etibarsız hesab edilərək ləğv edilməsi təşkil edir. Bununla əlaqədar olaraq qeyd edilməlidir ki, iddia tərəfindən mübahisələndirilmiş “razılaşma aktı”nın məzmununa əsasən, akt - Xətai rayon ərazisində Babək prospekti, Xəqani Rüstəmov, Süleyman Vəzirov, Yavər Əliyev küçələrinin əhatəsində və Nobel prospekti ilə Xəzər dənizi arasında yerləşən yaşayış və qeyri-yaşayış sahələrinin köçürülməsinə görə daşınmaz əmlak sahibərinə müəyyən edilmiş qaydada kompensasiya ödənilməklə köçürülmə işlərinin həyata keçirilməsi üçün Xətai rayon İcra Hakimiyyəti başçısının sərəncamı ilə yaradılmış komissiyanın tərkibi, komissiyanın işinin gedişi, həmin ərazidə yerləşən Turşsu küçəsi, 12 ünvanında yerləşən və İddiaçı mülkiyyətində olan qeyri-yaşayış sahəsinə görə təklif edilən təzminatın məbləği və həmin təzminatın hesablanması qaydası barədədir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən ləğv edilməsi tələb edilən “razılaşma aktı” inzibati akt olmadığından, hazırkı iddia tələbinə inzibati məhkəmə icraatı qaydasında baxıla bilməz. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 2.0.2-ci maddəsinə əsasən, inzibati akt – inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi ilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakmiyyət tədbirdir. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 nömrəli qərarının 12-ci bəndinə əsasən inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. Həmin qərarın 13-cü bəndində göstərilmişdir ki, inzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. Qeyd edilən qərarın 14.1-ci bəndinə görə inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. “İnzibati və mülki hüquq münasibətlərindən irəli gələn mübahisələrin məhkəmə aidiyyətinə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun Qərarının 5.2-ci bəndinə əsasən dövlət hakimiyyəti orqanlarının və yerli özünüidarə orqanlarının xüsusi hüquq münasibətlərinin bərabərhüquqlu subyekti kimi çıxış etdiyi hallarda, onlarla fiziki və ya hüquqi şəxslər arasındakı münasibətlərdən (o cümlədən icarə, əmlak kirayəsi, podrat, alqı-satqı, tapşırıq, xidmətlərin göstərilməsi və s. müqavilələrdən və ya əqdlərdən) irəli gələn mübahisələrə mülki məhkəmə icraatı qaydasında baxılır. Məhkəmə kollegiyasi hesab edir ki, qanunvericiliyin tələblərinə əsasən iddiaçı tərəfindən mübahisələndirilən “razılaşma aktı” inzibati akt olmadığından, birinci instansiya məhkəməsinin iddia tələbinin mümkün sayılmaması barədə gəldiyi nəticə düzgün olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Eyni zamanda məhkəmə kollegiyası əlavə olaraq, qeyd edir ki, işin birinci instansiya icraatı zamanı məhkəmə tərəfindən iddiaçıya Azərbaycan Respublikasının İnzibati- Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddia tələbinin dəqiqləşdirilməsi təklif edilmiş, əks halda iddianın mümkün sayılmayacağı ehtimalının mümkünlüyü və bununla bağlı prosessual nəticələr izah edilmişdir, lakin İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə verməyəcəyini məhkəmə iclasında bildirmiş, işə ərizədə göstərilən tələb üzrə baxılaraq qərar qəbul edilməsini məhkəmədə xahiş etmişdir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6512/2021 saylı, 26 avqust 2021- ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3082/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3082/2021
13.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver