Məhkəmə qərarları › İş №2-1(103)-3082/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3082/2022

18.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3082/2022 18.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Oruczadə Aytən Pənah qızı və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə Abbasov Zeynəlabidin Abbas oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın yenidən hesablanması” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, onun təminat vərəqəsində digər növ əlavə kimi qeyd olunmuş 3644 manat müavinətin hərbi qulluqçu kimi pensiyasına "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının qanununda, Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14 maddələrinin şərh edilməsinə dair" Qərarında, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarında göstərildiyi kimi, yəni aylara bölünmədən, tam şəkildə hesablanması və ona 2020-ci ilin iyun ayının 01-dən ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Daha sonra iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə müraciət edərək, ona xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmuşdur. Qərardan narazı qalan cavabdeh apelyasiya şikayəti verərək, qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı xidmət etdiyi orqandan 31 may 2020-ci il tarixində tərxis olunmağıla əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş ona dair məlumat vərəqəsinə əsasən təqvimi xidmət illəri 24 il 5 ay 22 gün, ali təhsili 2 il 6 ay və güzəştli xidmət illəri 2 il 4 ay 6 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddəti 29 il 3 ay 28 gün, vəzifə maaşı 1055,00 manat, rütbə maaşı 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəsi 535,05 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəsi 158,25 manat, digər növ əlavə 303,67 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla təminat xərcliyi 2249,97 manat təşkil etmişdir. Bu halda əmək pensiyası aşağıdakı qaydada hesablanacaqdır. 1.Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajından xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 11 ay) çıxılır: 26 il 11 ay 22 gün (təqvim ili) -2 il 11 ay= 24 il 22 gün Deməli, onun xx.xx.2017-ci il tarixinədək stajın (güzəştli xidmət illəri ilə birlikdə) ümumilikdə 26 il 4 ay 28 gün (24 il 22 gün+ 2 il 4 ay 6 gün) təşkil edir. 2.xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüquğuna münasibətdə- - 20 il üçün - təminat xərcliyinin 55 faizi; - 6 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi. 3.xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı (2 il 11 ay) müddəti üçün isə -2 il üçün-hər ilə görə 2 faizi olmaqla (2x2) təminat xərcliyinin 4 faizi miqdarında; -11 aya görə təminat xərcliyinin 1,83 faizi miqdarında müəyyən edilir. 4.Əmək pensiyanın ümumi məbləği tərxis olunduğun günə müəyyən olunmuş təminat xərcliyinin (2249,97 manat) 78,83 (55+18+4+1.83) faizi-1773,65 manat məbləğində hesablanacaqdır. Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 03 fevarl 2022 -ci il tarixli, HPxx/xx-1495/25 saylı məktubuna əsasən İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəbik) pul vəsaiti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında) Azərbaycan Respublikası Qanunun 20 9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğu müəyyən edilir. Beləki, əmək pensiyası - "Əmək pensiyaları haqqında" Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanın onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanın ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədi ilə vətəndaşlara aylıq pul ödənişidir. Yəni pensiya müəyyən qrup insanların həyati tələbatlarının təmin olunmasına, onların itirdikləri əmək haqqı və digər gəlirlərin kompensasiya olunmasına yönəlmişdir. Məhkəmə İddiaçı ildə bir dəfə iki aylıq əmək haqqı məbləği həcmində müavinətin onun əmək pensiyasına əlavə edilməsini qərara alsa da, bu pensiya hüququnun ümumi prinsiplərinə uyğun deyildir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək, qərarın ləğv edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız və qanunsuz olduğunu, bu səbəbdən də təmin edilməməsini, qərarın qüvvədə saxlanılmasını xahiş etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarında olan: - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********5 saylı məktubda qeyd olunur: Ərizənizə baxaraq bildiririk ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilir. Qeyd olunanları nəzərə alaraq bildiririk ki, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra sizə hərbi (xüsusi) rütbəli şəxs kimi əmək pensiyası təyin olunması məsələsinə baxıla bilər. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********6 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 16 iyun 2021-ci il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialda mövcud olan pensiya işinizə dair sənədlərdə X4 rayon şöbəsi tərəfindən 19 iyun 2012-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Müraciətinizə əsasən əmək pensiyanız yenidən hesablanaraq 2686,42 manat məbləğində müəyyən edilməklə müvafiq kart hesabınıza köçürülür. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 5.1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının qanunları ilə müxtəlif pensiya hüququ olan şəxslərə öz arzuları ilə yalnız bir pensiya təyin edilir. Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş Sizə dair 8 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə hərbi qulluqçu kimi 1534,27 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunacaqdır. Qeyd edilənləri nəzərə alaraq, hazırda Sizə tərəfimizdən prokurorluq orqanlarının sabiq əməkdaşı kimi yaşa görə əmək pensiyası ödənildiyindən, eyni zamanda hərbi qulluqçu kimi əmək pensiyası təyin olunması qanunvericiliyin tələbləri baxımından mümkün deyil. Bundan başqa Sizə prokurorluq orqanlarının sabiq əməkdaşı kimi ödənilən pensiya məbləğiniz (2686,42 manat) dayandırılaraq, hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyası (1534,27 manat) təyin ediləcəyi təqdirdə pensiya məbləğiniz azalacaqdır. Buna görə də X3 tərəfindən hərbi qulluqçu kimi güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması təxirə salınmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində DSMF-nun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2021-ci il tarixli **********8 saylı məktubda qeyd olunur: Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 12 avqust 2021-ci il tarixində daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, pensiya işinizə dair sənədlərdə X4 rayon şöbəsi tərəfindən iyun 2012-ci il tarixindən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edildiyi qeyd olunmuşdur. Hazırda əmək pensiyanızın məbləği 2686,42 manat təşkil edir. Eyni zamanda bildiririk ki, Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən təqdim olunmuş Sizə dair 8 iyun 2021-ci il tarixli 000011 nömrəli məlumat vərəqəsində qeyd olunanlara əsasən “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq Sizə hərbi qulluqçu kimi əmək pensiyası təyin olunacağı təqdirdə pensiya məbləğiniz 2686,42 manatdan 1773,65 manata azalacaqdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20.14.1-ci maddəsinin tələblərinə uyğun olaraq hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara əmək pensiyası 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla hesablanır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun müvafiq tapşırığına uyğun olaraq 2017-ci ilin 1 iyul tarixinədək 20 təqvim ili və daha çox hərbi xidmətdə olmuş şəxslər xidmətdən tərxis olunduqdan sonra onların əmək pensiyasının aşağıdakı qaydada müəyyən edilməklə hesablanması nəzərdə tutulur: - 1 iyul 2017-ci il tarixinədək 20 təqvim ilindən çox xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin hər ili üçün müvafiq təminat xərcliyinin 3 faizi məbləğində; - 1 iyul 2017-ci il tarixindən sonrakı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün isə müvafiq təminat xərcliyinin 2 faizi məbləğində. Xidmət etdiyiniz orqandan 31 may 2020-ci il tarixində tərxis olunmağınızla əlaqədar Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim olunmuş Sizə dair məlumat vərəqəsinə əsasən təqvimi xidmət illəriniz 24 il 5 ay 22 gün, ali təhsiliniz 2 il 6 ay və güzəştli xidmət illəriniz 2 il 4 ay 6 gün müddətindən ibarət olmaqla cəmi xidmət müddətiniz 29 il 3 ay 28 gün, vəzifə maaşınız 1055,00 manat, rütbə maaşınız 134,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 45 faizi miqdarında əlavəniz 535,05 manat, məharət dərəcəsinə görə vəzifə maaşının 15 faizi miqdarında əlavəniz 158,25 manat, digər növ əlavəniz 303,67 manat və ərzaq payı əvəzinə kompensasiya 64,00 manat olmaqla təminat xərcliyiniz 2249,97 manat təşkil etmişdir. Bu halda əmək pensiyanız aşağıdakı qaydada hesablanacaqdır. 1. Təqvim illəri üzrə (ali təhsil ilə birlikdə) stajınızdan xx.xx.2017- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzindəki staj (2 il 11 ay) çıxılır: 26 il 11 ay 22 gün (təqvim ili) -2 il 11 ay= 24 il 22 gün. Deməli, Sizin xx.xx.2017-ci il tarixinədək stajınız (güzəştli xidmət illəri ilə birlikdə) ümumilikdə 26 il 4 ay 28 gün (24 il 22 gün+ 2 il 4 ay 6 gün) təşkil edir. 2. xx.xx.2017-ci il tarixinədək qazanılmış pensiya hüququna münasibətdə - 20 il üçün - təminat xərcliyinin 55 faizi; - 6 il üçün (aylar nəzərə alınmadan) - hər ilə görə 3 faizi miqdarında olmaqla (6x3) təminat xərcliyinin 18 faizi. 3. xx.xx.2017-xx.xx.2020-ci il tarixləri arasındakı (2 il 11 ay) müddəti üçün isə - 2 il üçün - hər ilə görə 2 faizi olmaqla (2x2) təminat xərcliyinin 4 faizi miqdarında; -11 aya görə təminat xərcliyinin 1,83 faizi miqdarında müəyyən edilir. 4. Əmək pensiyanızın ümumi məbləği tərxis olunduğunuz günə müəyyən olunmuş təminat xərcliyinizin (2249,97 manat) 78,83 (55+18+4+1,83) faizi - 1773,65 manat məbləğində hesablanacaqdır. Qeyd olunanlara əsasən Sizə “Əmək pensiyaları haqqında" Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi təxirə salınmışdır. İş materiallarında olan Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun xx.xx.2020-ci il tarixli HP-13/68 saylı arayışından görünür ki, İddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 09 fevral 2022-ci il tarixli HP- 13/11 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğundan və həmin pul vəsaitinin hərbi xidmətdən buraxıldığı gün ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğunun 30 mart 2022-ci il tarixli HP- 13/37 saylı arayışından görünür ki, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat İdarəsinə göndərilmiş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti “Prokurorluq orqanlarında qulluq keçmə haqqında” Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət olduğundan və həmin pul vəsaitinin hərbi xidmətdən buraxıldığı gün ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. Təminat vərəqəsinin tərtibi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na ƏLAVƏ-də göstərilmişdir. Həmin Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. - Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən məhkəməyə ünvanlanmış 08 aprel 2022-ci il tarixli məktubda qeyd olunur: Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. Təminat vərəqəsinin tərtibi forması Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə «Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları»na ƏLAVƏ-də göstərilmişdir. Həmin Qərara və Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun 15 may 2020-ci il tarixli “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Qərarına əsasən İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanmışdır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçı ona xx.xx.2020-ci il tarixdən hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsi və xx.xx.2021-ci il tarixdə Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən Dövlət Sosial Müdafiə Fonduna təqdim edilən 000011 nömrəli məlumat vərəqində digər növ əlavə kimi göstərilmiş 3644,00 manat müavinət (müalicə olunma ilə əlaqədar ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti) məbləğinin aylara bölünmədən, tam şəkildə hesablanmaqla təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən ödənilməsi tələbilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən müraciəti əmin olunmadıqda hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Birinci instansiya məhkəməsi tərəfindən mübahisə iddianın təmin edilməsi ilə yuxarda qeyd olunan şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun: 20.9-cu maddəsinə əsasən prokurorluq işçiləri (pensiyaya çıxmış işçilər də daxil olmaqla), o cümlədən onların ailə üzvləri pulsuz dövlət tibb xidməti ilə təmin olunurlar. Prokurorluq işçilərinin müalicə olunmaları ilə əlaqədar ildə bir dəfə onlara iki aylıq əmək haqqı məbləğində birdəfəlik pul müavinəti verilir. 20.14-cü maddəsinə əsasən pensiyaya çıxmış prokurorluq işçilərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 20.15-ci maddəsinə əsasən hərbi prokurorluq orqanlarının hərbi qulluqçularına əlavə olaraq Azərbaycan Respublikasının qanunları ilə hərbi qulluqçular üçün müəyyən edilmiş pensiya, tibbi və başqa növ maddi və sosial təminatlar da şamil edilir. 21.1-ci maddəsinə əsasən prokurorluq işçilərinin əmək haqqı vəzifə maaşından, rütbələrə, xidmət illərinə görə əlavələrdən və qanunvericiliklə nəzərdə tutulan digər ödənişlərdən ibarətdir. 32.2-ci maddəsinə əsasən prokurorluq işçisinin prokurorluqda qulluqda olmasının yaş həddi 60 yaşdır. 32.4-cü maddəsinə əsasən yaş həddi çatanadək prokurorluqda azı 35 il qulluq etmiş prokurorluq işçiləri (xüsusi rütbələrdən məhrum edilmiş prokurorluq işçiləri istisna olmaqla) yaşa görə pensiya hüququna malikdirlər və xahişləri ilə onların qulluq keçməsinə xitam verilə bilər. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. İşin birinci instansiya məhkəməsi tərəfindən müəyyən edilmiş hallarından görünür ki, iddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Eyni zamanda iş materiallarından müəyyən edilir ki, Azərbaycan Respublikası Hərbi Prokurorluğunun sabiq əməkdaşı İddiaçı tərtib olunmuş 000011 nömrəli məlumat vərəqəsinin 14.6-cı bəndində qeyd olunan (3644 manat 00 qəpik) pul vəsaiti «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmin Qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. İddiaçı barəsində tərtib olunmuş təminat vərəqəsinin 14.6-cı bəndində xidmətin son gününə aldığı birdəfəlik müavinət pulu aylara bölünmədən digər növ əlavə kimi göstərilməklə təminat xərcliyinə hesablanması üçün nəzərdə tutulmuşdur. İddiaçı 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildə iddiaçı «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikası Qanununun 32.2-ci maddəsinə əsasən prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarından görünür ki, iddiaçı Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda xidmət etmişdir. Ona 19 iyun 2012-ci il tarixdən prokurorluq orqanlarının əməkdaşı kimi ona xidmət illərinə görə əmək pensiyası təyin edilmişdir. xx.xx.2020-ci ildə isə iddiaçı prokurorluqda qulluqda olmanın yaş həddinə çatdığına görə həmin tarixdən tutduğu vəzifədən azad olunub prokurorluq orqanlarında qulluq keçməsinə xitam verilmişdir. İş materiallarından müəyyən edilir ki, iddiaçı 2020-ci ilin may ayında ikiqat əmək haqqı həcmində müalicə ilə bağlı müavinət almış və bu müavinətdən Dövlət Sosial Müdafiə Fonduna köçürmələr həyata keçirilmişdir. Həmin vəsait hərbi xidmətdən buraxıldığı gün iddiaçıya ödənildiyindən təminat xərcliyinə daxil edilmişdir. Həmçinin məlumat vərəqi Azərbaycan Respublikasının Hərbi Prokurorluğu tərəfindən DSMF-na təqdim edilmişdir. Cavabdeh tərəfindən təminat xərcliyində göstərilən 3644,00 manat 12 aya bölünərək hesablanmış və iddiaçının pensiyasına əlavə edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşaraq hesab edir ki, qeyd edilən məbləğ aylara bölünərək deyil, bütövlükdə hesablanmalıdır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir. 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. 20.14-cü maddəsinə əsasən bu qanunun 20.1.11-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr təminat xərcliyindəki sonrakı artımlar nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.14.1. hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin—50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə—55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin—2 faizi (müvafiq icra hakimiyyəti orqanı sistemində xidmət edən şəxslər üzrə isə - 3 faizi) miqdarında əlavə olunmaqla. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5 və 20.14-cü maddələrinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 15 may 2020-ci il tarixli Qərarına əsasən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 20-ci maddəsində göstərilən “sonrakı artımlar” müddəası pensiya hüququ olan şəxsin vaxtilə müvafiq vəzifədə aldığı əmək haqqının, təminat xərcliyinin, dövlət məvacibinin tərkib hissələrinə daxil olmuş və verilmiş ödənclərdəki artımları nəzərdə tutur. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.1, 1.0.2, 1.0.5, 9.5 və 20.14-cü maddələrinin tələblərinə görə, şəxsə pensiya təyin edilərkən və ya təyin edildikdən sonra yenidən hesablanarkən xidmət etdiyi, işlədiyi və ya qulluq keçdiyi dövrdə almadığı və məcburi dövlət sosial sığortasına cəlb olunmayan əlavələrə edilən artımlar nəzərə alına bilməz. Həmçinin Kollegiya vurğulamağı zəruri hesab edir ki, «Prokurorluq orqanlarında qulluq keçmə haqqında» Azərbaycan Respublikasının Qanununun 20.9-cu maddəsinə əsasən prokurorluq işçilərinin müalicə olunması ilə əlaqədar ona ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində pul müavinətidir və həmin pul vəsaiti hərbi xidmətdən buraxıldığı gün ona ödənildiyindən təminat xərcliyinə daxil edilmiş və qeyd edilən qanunda prokurorluq işçilərinə ildə bir dəfə verilən iki aylıq əmək haqqı məbləği həcmində müavinət pulunun aylara bölünməsi nəzərdə tutulmamışdır. Bundan əlavə Kollegiya qeyd edir ki, iddiaçı cavabdehə ilkin olaraq xx.xx.2020-ci il tarixdə müraciət etmişdir. İddiaçının prokurorluq orqanlarında qulluq keçməsinə xitam verildiyi xx.xx.2020-ci il tarixədək olan bütün məlumatlar (o cümlədən təminat xərcliyi) isə məlumat vərəqində əks olunmuşdur. Odur ki, birinci instansiya məhkəməsi haqlı olaraq pensiyanın iddiaçıya xx.xx.2020-ci il tarixdən təyin edilməli olmasını və təyin edilmiş pensiya məbləğinin xx.xx.2020-ci il tarixdən hesablanaraq ödənilməsini qərara almışdır. Beləliklə, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3327/2022 saylı iş üzrə qəbul etdiyi xx.xx.2022ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Aytən Oruczadə Xəyalə Cəmilova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar