Məhkəmə qərarları › İş №2-1(103)-3082/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3082/2023

27.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3082/2023 27.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), X2 və X1 ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “57 yaşdan əmək pensiyasının təyin edilməsi və yaranmış fərq məbləğinin ödənilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçı məhkəməyə müraciət edərək güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququnun yarandığı 15 oktyabr 2022-ci il tarixindən, 57 yaşdan, “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinə əsasən 01 yanvar 2006-cı il tarixinə kimi qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun güzəştli pensiya təyinatı üçün yaşa və staja görə tələbləri nəzərə alınmaqla, güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsinin və həmin tarixdən hal-hazıra kimi hesablanaraq yaranmış fərqin ödənilməsinin Azərbaycan Respublikası Əhalinin Əmək və Sosial Müdafiəsi Nazirliyi yamnda Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar çıxarılması xahiş edilmişdir Tələb onunla əsaslandırılmışdır ki, əmək kitabçasındakı qeydlərə əsasən 20 il 9 ay 25 gün ümumi (həmin qədər də elektrik qaynaqçısı vəzifəsində topladığı güzəştli iş stajı) iş stajı (həqiqi hərbi xidmət də daxil olmaqla) öz əksini tapmışdır. Əlavə olaraq, iddiaçı 01 sentyabr 1981-17 iyul 1984-cü il tarixində Bakı şəhər 16 nömrəli orta texniki peşə məktəbində əyani təhsil almışdır ki, həmin dövrü də qeyd edilən stajın üzərinə topladıqda, ümumilikdə, 23 il 8 ay 10 günlük staj ortaya çıxır. Hazırki iddia üzrə mübahisə doğuran yeganə məsələ isə, iddiaçının 15 avqust 1993-12 may 1994-cü (atəşkəsə qədər) tarixləri arasında döyüş bölgəsində xidmət dövrünün güzəştli şərtlərlə hesablanmasındadır. Belə ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun 9-cu maddəsinin 8-ci bəndinin -Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir-müddəasına əsasən, 01 yanvar 2006-cı il tarixinədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 68-ci maddəsinə əsasən, iş stajının hesablanmasında güzəştlər maddəsinin birinci hissəsinin ikinci abzasının həmin dövrdə qüvvədə olmuş redaksiyasının tələblərinə əsasən üçqat ölçüdə hesablanmalı idi ki, cavabdeh bunu etməmiş, əvəzində həmin dövrü qeyd edilən 68-ci maddənin birinci hissəsinin ikinci abzasının 01 sentyabr 2005-ci il tarixindən qüvvəyə minmiş redaksiyasının tələblərinə əsasən ikiqat ölçüdə hesablamış və nəticədə iddiaçının ümumi iş stajının 25 ildən az olması qənaətinə gəlmişdir. Halbuki, cavabdeh, iddiaçı 15 avqust 1993-12 may 1994-cü il tarixlərində döyüş bölgəsində olduğu müddətin ümumi iş stajına üçqat ölçüdə daxil edildiyi dövrdə bu hüququ qazandığım üçün məhz 01 sentyabr 2005-ci il tarixinə kimi qüvvədə olmuş tələblərə uyğun staj hesablanması aparmalı idi. Cavabdehin imtina məktundan aydın olur ki, o; -güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən ən azı 12 il 6 aylıq iş stajımın olmasını mübahisələndirmir; -pensiya kapitalı ilə bağlı heç bir iradı yoxdur; -özünün qəbul etdiyi ümumi iş stajının (cavabdehin mülahizəsinə görə - 24 il 4 ay 17 günlük) olmasını qəbul edir, bu stajı onun ilkin sübutetmə yükü çərçivəsində sübut etdiyini qəbul edir. Yuxanda sadalanan bu hallar işin mübahisələndirilməyən halları kimi qəbul edilməlidir. Hazırki iddiada mübahisələndirilən yeganə məsələ-döyüş bölgəsində aktiv döyüşlər gedən dövrdə əmək stajının güzəştli şərtlərlə hesablanmasında qanunvericilik tələblərinə cavabdehin qeyri-hüquqi və qeyri-qanuni olaraq fərqli yanaşmasıdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 57 yaşının tamam olduğu xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdeh Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçının Mərkəzi Filiala təqdim etdiyi sənədlərdə qeyd olunan məlumatlara əsasən, iddiaçının 1 yanvar 2006-cı il tarixinədək ümumi iş stajı 25 ildən az (21 il 6 ay 17 gün (xx.xx.1984-xx.xx.1984-cü il, xx.xx.1985-xx.xx.1985-ci il, xx.xx.1985-xx.xx.1987-ci il, xx.xx.1987-xx.xx.1993-cü il, xx.xx.1993-xx.xx.1994-cü il (döyüşən ordunun tərkibində olduğunuz dövr ikiqat ölçüdə), xx.xx.2004-cü il və xx.xx.2004-xx.xx.2005-ci il tarixləri arasındakı dövrlər)) təşkil edir. Əlavə olaraq bildirilir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala 1981-1984-cü illər ərzində təhsil aldığı müddətin əyani olub-olmamasını təsdiq edən iddiaçı tərəfindən məhkəmə ic asında təqdim edilmişdir.. Bu səbəbdən də, həmin illəri iş stajına daxil etmək mümkün olmamışdır. Eyni zamanda, həmin müddət nəzərə alınsa belə iddiaçının ümumi stajı 25 ildən az təşkil edəcəkdir. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında cavabdeh tərəf apelyasiya şikayətini müdafiə edərək, hazırkı iş üzrə birinci instansiya məhkəməsi tərəfindən qəbul edilən qərarın ləğv edilməsini və yeni qərar qəbul edilərək iddianın rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iddiaçı cavabdehin apelyasiya şikayətinin təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Apellyasiya instansiya məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyib, apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Cavabdehin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İş materiallarından da görünür ki, iddiaçı ona 57 yaşdan, yəni hüququnun yarandığı xx.xx.2022-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsilə bağlı ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciətindən ümumi iş stajının 01 yanvar 2006-cı il tarixədək 25 ildən az təşkil etməsinə istinad edilərək imtina edilmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya tərəfindən yuxarıda göstərilən qaydada həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, 01 yanvar 2006-cı il tarixdən qüvvəyə minmiş “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər - 60 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə, qadınlar - 55 yaşına çatdıqda, azı 20 il sığorta stajına malik olduqda və bu müddətin azı 10 ilini həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. xx.xx.2006-cı il tarixədək qüvvədə olmuş “Vətəndaşların pensiya təminatı haqqında” Qanununun 13-cü maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: b)əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər-istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər-55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar-50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa... Azərbaycan Respublikasının 13 iyun 1997-ci il tarixli 321-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə edilmiş dəyişikliyə müvafiq olaraq Qanunun 13-cü maddəsində nəzərdə tutulmuş yaş hədləri 1997-ci il avqustun 1-dən başlayaraq 2000-ci il avqustun 1-dək hər il altı ay artırılır. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının 2017-ci il 11 dekabr tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi” Qaydalarının 3.1-ci bəndinə görə sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Qaydaların 3.2.1-ci bəndinə görə 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı əmək kitabçası üzrə müəyyən edilir. Qaydaların 3.6-cı bəndinə görə qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı sığortaolunanın fərdi uçot məlumatları əsasında müəyyən olunur. “Qaydalar”ın 4.1.10-cu bəndinə görə Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. Sadalanan normaların tələbləri nəzərə alındıqda, yuxarıda qeyd edilən 2 nömrəli Siyahıya (Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 1993-cü il 21 iyun tarixli 320 №-li Qərarı ilə təsdiq edilmişdir) uyğun olaraq (kişilərə): - 55 yaşdan pensiya təyin edilməsi üçün, şəxs “Vətəndaşların pensiya təminatı haqqında” Qanunun 13-cü maddəsinin “b” bəndində nəzərdə tutulmuş 25 illik ümumi və 12,5 illik xüsusi iş stajını 1997-ci il avqustun 1-dək qazanmış olmalıdır; - həmin stajların tam qazanılması 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək olan dövrə təsadüf etdikdə, yaş həddinin həmin dövrdə hər il 6 ay artırıldığı nəzərə alınır; - həmin stajlar 2000-ci ilin avqustun 1-dən 2006-cı il yanvarın 1-dək (“Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi tarixədək) olan dövrdə qazanıldıqda, güzəştli şərtlərlə yaşa görə pensiya 57 yaşdan təyin edilir. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi üçün 2 əsas şərt: 1) 57 yaşının tamam olması; 2) xx.xx.2006-cı il tarixə 25 illik ümumi və 12,6 illik xüsusi iş stajının toplanması. İddiaçının tələb olunan yaş həddinə çatması və əmək şəraiti ağır və zərərli işlərdə stajı mübahisələndirilmir. İddiaçıya məxsus AZE 09900531 nömrəli şəxsiyyət vəsiqəsinin surətindən görünür ki, iddiaçı xx.xx.1965-ci il il tarixdə doğulmuşdur. İddiaçının 57 yaşı xx.xx.2022-ci il tarixdə tamam olmuşdur. İddiaçının peşəsi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli, 320 №li qərarı ilə təsdiq edilmiş 2 №li siyahının XXXİİİ bölməsində. (Ümumi peşələr) kəsməkdə və əl ilə, qaynaq işlərində, yarımavtomat maşınlarda, həmçinin tərkibində təhlükəliliyi 3-cü sinifdən aşağı olmayan zərərli maddələr olan flüs tətbiq etməklə avtomat maşınlarda məşğul olan elektrik qaz qaynaqçıları (kod 23200000— 19756) uyğun olmaqla əmək şəraiti ağır və zərərli işlərdə stajı ən azı 12 il 6 aydır. Qeyd edilən hal iş yerindən verilən güzəştli arayışlarla təsdiq edilmişdir. Göründüyü kimi, yaşla bağlı və xüsusi stajla bağlı qanunvericilikdə nəzərdə tutulmuş tələblər ödənilmişdir. İddiaçının ümumi əmək stajının 21 il 6 ay 17 günü cavabdeh tərəfindən mübahisələndirilmir. Hətda apellyasiya şikayətindən görünür ki, iddiaçının 1981-1984-cü illər ərzində təhsil aldığı müddət inkar edilmir, sadəcə olaraq bildirilir ki, həmin dövrdə iddiaçının əyani təhsil almasını təsdiq edəcək sənəd Mərkəzi Filiala təqdim edilməmiş, daha sonra məhkəmə iclasında təqdim edilmişdir. Kollegiya qeyd edir ki, “İnzibati İcraat Haqqında qanuna görə” inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. Təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur(maddə 24.1, 24.2, 24.3, 24.4). Qeyd olunanlara əsasən Kollegiya bildirir ki, işin hərtərəfli araşdırılması inzibati orqanın borcu olduğundan, cavabdeh vətəndaşın müracətini təmin etməkdən dərhal imtina etmək əvəzinə, vətəndaşı dəvət edib izahatını alıb, ziddiyyətli məqamların aradan qaldırılması istiqamətində tədbirlər görə bilərdi. Ən azından sorğular verə bilər və yaxudda iddiaçıya müvafiq sənədi təqdim etməyi təklif edə bilərdi. Həmçinin qeyd edilməlidir ki, iddiaçı tərəfindən həmin sənədin məhkəmə iclasında təqdim edilməsi həmin dövrün iddiaçının ümumi stajına hesablanmasına mane olmur. Başqa sözlə desək iddiaçı əyani təhsil almasını təsdiq edən sübutu təqdim etdikdən sonra cavabdeh tərəfindən tələbi təmin oluna bilərdi. Lakin cavabdeh tərəfindən nəinki həmin dövr iddiaçının stajına nəzərə alınmış, hətda apellyasiya şikayətinin dəlili olaraq göstərilmişdir. Bundan başqa cavabdeh apellyasiya şikayətində bildirmişdir ki, iddiçının təhsil illər nəzərə alınsa belə iddiaçının ümumi stajı 25 ildən az təşkil edəcəkdir. Məhkəmə Kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi iddiaçının döyüş əməliyyatları zamanı xidmət dövrü iki qat hesabladıqlarını, bu halda belə iddiaçının 25 il stajının tamamlanmadığını bildirmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Bakı şəhəri Xətai Rayon İdarəsinin xx.xx.2022-ci il tarixli 411 nömrəli arayışdan görünür ki, 1965-ci təvəllüdlü İddiaçı həqiqətən xx.xx.1985-ci il tarixdən xx.xx.1987-ci il tarixədədk keçmiş SSR-i Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmət keçmişdir. xx.xx.1993-cü il tarixdən xx.xx.1995-ci il tarixədək Ağdam uğrunda gedən döyüşlərdə iştirak etmişdir. Cavabdehin dəlillərinə münasibətdə Kollegiya bildirir ki, iddiaçının döyüş əməliyyatlarında iştirak etdiyi zaman qüvvədə “Vətəndaşların pensiya təminati haqqında Qanunun” 1 sentyabr 2005-ci il tarixdək qüvvədə olan 68-ci maddəsinin birinci hissəsinin ikinci abzasından görünür ki, döyüş əməliyyatları dövründə döyüşən ordunun tərkibində xidmət və muzdla iş dövrü, eləcə də Azərbaycan Respublikasının Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq müddəti üçqat ölçüdə hesablanır. Odur ki, iddiaçının döyüş əməliyyatları dövründə xidmət etdiyi müddətlər, yəni, xx.xx.1993-cü il tarixdən xx.xx.1994-cü il tarixə qədər olan dövr (8 ay 25 gün) üçqat ölçüdə (2 il 6 ay 15 gün) nəzərə alınmalıdır və nəzərə alındıqda iddiaçının ümumi stajının 25 ildən artıq olduğu mübahisəsiz haldır. Yuxarıda sadalanları nəzərə alaraq, məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işin faktiki hallları düzgün qiymətləndirilmiş və işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: Apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6203/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar