Məhkəmə qərarları › İş №2-1(103)-3082/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3082/2024

03.10.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3082/2024 03.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Şirinov İkram Sabir oğlu və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı “qərarın ləğv edilməsi və pensiyadan tutulmuş ödənişlərin qaytarılması tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialına qarşı mübahisələndirmə haqqında iddia ərizəsi, sonradan isə iddianın dəqiqləşdirilməsi barədə ərizə təqdim edərək, cavabdeh Dövlət Sosial Müdafiə Fondu Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəz Filialı tərəfindən barəsində qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17-113-3- 3765/2024 saylı qərarın ləğv edilməsi, iddiaçı barəsində 50 yaşdan, yəni xx.xx.2008-ci ildən, təyin edilmiş pensiyanın bərpa edilməsi, xx.xx.2008-ci ildən təyin edilmiş (50 yaş üzrə) pensiya məbləği üzrə ödənilməmiş fərqin hesablanaraq iddiaçıya ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırılmışdır: “...xx.xx.2008-ci il tarixdən gözəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin olunmuş, lakin cavabdeh tərəfindən araşdırma aparılaaq ona gözəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyini əsas gətirərək son 3 il üzrə ona artıq ödənilmiş 25266,95 manat pul vəsaitinin büdcəyə bərpa edilməsi üçün ondan yazılı yazılı razılığı tələb olunmuşdur. xx.xx.2024-cü ildə iddiaçının iştirakı ilə akt tərtib olunmuş və o, sözügedən məbləğin ondan geri tutulmasından imtina edərək öz razılığını verməmiş və akta müvafiq qeydlər apararaq həmin davranışın hüquqlarının pozulması kimi qiymətləndirilməli olduğunu, pensiyasının azaldılmasını qanuna uyğun olmadığını bildirmiş, lakin buna baxmayaraq cavabdeh orqan 2024-cü ilin mart ayından 1501,87 manat pensiyasını qanunsuz və əsassız olaraq onun razılığı olmadan 681,12 manata qədər azaldaraq hər ay pensiyasından 820,75 manat tutmuşdur. Halbuki, 16 il qanunamüvafiq qaydada pensiya alır və bu günədək hər hansı dövlət orqanı tərəfindən pensiyasının təyin olunmasının qanunsuzluğu barədə ona məlumat verilməmişdir. “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunun 67 və 67.8-ci maddəsinə istinad edərək dövlət orqanının pensiya təminatı barədə verdiyi qərara güvəndiyini, etimad göstərdiyi bildirmişdir. Əgər dövlət orqanının səhvi nəticəsində hər hansı qərar qəbul edilmişdirsə, bunun nəticələri iddiaçının hesabına aradan qaldırıla bilməz. Bu həmin dövlət orqanının hesabına aradan qaldırılmalıdır. Hazırda cavabdeh dövlət orqanı olaraq əvvəllər yol verdiyi səhvlərin nəticələrini iddiaçının hesabına aradan qaldırmaqdadır...” Cavabdeh iddia ərizəsinə etirazında iddianın rədd olunmasını xahiş edərək bunu aşağıdakılarla əsaslandırmışdır: “...Vətəndaşların pensiya təyinatı haqqında" Qanuna edilmiş dəyişikliyə uyğun olaraq, 1 aqvust 2000-ci il tarixindən etibarən güzəştli şərtlərlə pensiya yaşı kişilər və qadınlar üçün müvafiq olaraq 52 (2 nömrəli Siyahı üzrə isə 57) yaş və 47 (2 nömrəli Siyahı üzrə isə 52) yaş müəyyən edilmişdir. Əmək pensiyaları haqqında Qanunun 9.8-ci maddəsində məhz Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüwədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Qeyd olunanlara əsasən, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 12 mart 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Son üç il üzrə iddiaçıya 25266,95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Həmin 25266,95 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək aşağıdakılar qərara alınmışdır: “...Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı əmək pensiyasının yenidən hesablanması barədə xx.xx.2024-cü il tarixli, 3-17-113-3-3765/2024 saylı qərarı ləğv edilsin. İddiaçı 50 yaşdan, yəni xx.xx.2008-ci ildən təyin edilmiş pensiyanın bərpa edilməsi və xx.xx.2008-ci ildən təyin edilmiş (50 yaşdan) pensiya məbləği üzrə ödənilməmiş fərqin hesablanaraq iddiaçıya ödənilməsi öhdəliyi cavabdehin üzərinə qoyulsun...” Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya mümkündür. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsində bu Qanunun qüvvəyə mindiyi tarixədək, yəni xx.xx.2006-cı il tarixinədək müvafiq stajı toplamış şəxslərə əvvəlki qanunvericiliyə əsasən təyinat hüququ müəyyən edilir. Həmin tarixə isə kişilər üçün 1 nömrəli Siyahı üzrə 52 yaş (qadınlar üçün isə 47 yaş), 2 nömrəli Siyahı üzrə isə kişilər üçün 57 yaş (qadınlar üçün isə 52 yaş) həddi qüvvədə idi. Fond tərəfindən Qanunun sözügedən dəyişiklikləri nəzərə alınaraq xx.xx.2006-cı il tarixinədək müvafiq Siyahılar üzrə tələb olunan güzəştli və ümumi 20 (25) ili toplamış kişilərə 52 (57) yaşdan (qadınlara 47 (52) yaşdan) pensiya təyin edilir. Araşdırma zamanı, iddiaçıya güzəştli şərtlərlə yaşa görə əmək pensiyası 52 yaşının tamamlandığı xx.xx.2010-cu il tarixindən pensiya sığorta kapitalına əsasən təyin edilməli olduğu halda, qanunvericiliyə zidd olaraq 50 yaşının tamamlandığı xx.xx.2008-ci il tarixindən əmək haqqına əsasən hesablanaraq təyin edildiyi aşkar edilib. “Əmək pensiyaları haqqında” Qanunun 27-ci maddəsinin 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş redaksiyasına əsasən 01.01,2006-cı il tarixinədək olan iş stajının hər tam ilinə 170 manat götürülməklə 01.01,2006-cı il tarixindən sonrakı dövrə fərdi hesabın sığorta hissəsində toplanan pensiya kapitalının cəmindən və həmin dövrdə baza hissəsi götürülməklə əmək pensiyası hesablanırdı. Bununla əlaqədar olaraq, iddiaçının əmək pensiyası tərəfimizdən aşağıdakı qaydada hesablanıb. İddiaçının pensiya işinə dair sənədlərdə qeyd olunan məlumatlara əsasən, 1 yanvar 2006-cı il tarixinədək onun ümumi iş stajı 30 il 2 ay 25 gün təşkil edir. Bununla əlaqədar xx.xx.2006-cı il tarixinədək iş stajına uyğun olaraq, Qanunun 27-ci maddəsinin tələblərinə əsasən həmin tarixə iddiaçının pensiyasının sığorta hissəsi 35,70 manat (30,24 il x 170 manat:144 ay) hesablanaraq xx.xx.2010-cu il tarixinə indeksləşdirilib 55,31 manat müəyyən edilməklə üzərinə, xx.xx.2006-xx.xx.2010-cu il tarixləri arasındakı işlədiyi dövr ərzində fərdi hesabının sığorta hissəsində qeydə alınmış 2754,72 manat sığorta kapitalına uyğun 19,13 manat (2754,72:144) və 75,00 manat baza hissəsi əlavə edilərək xx.xx.2010cu il tarixinə 149,44 manat (55,31+19,13+75,00) (indeksləşdirilərək xx.xx.2011 -ci il tarixinə 163,69 manat) məbləğində əmək pensiyası müəyyən edilib. xx.xx.2011-ci il tarixindən iddiaçının işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 34695,58 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1-ci maddəsinin tələblərinə uyğun qaydada (1804,98 : 134 ay (144 ay-10 ay (əmək pensiyaçısı kimi işlədiyi ayların sayı))=13,47 manat) həmin tarixdən yenidən hesablanaraq 163,69 manatdan 177,16 manata (163,69+13,47) (indeksləşdirilərək xx.xx.2018-ci il tarixinə 245,25 manat) artırılıb. Bundan başqa, iddiaçının əmək pensiyası yenidən hesablandığı gündən sonra 6 il və daha çox işlədiyi üçün işləyən əmək pensiyaçısı olduğu dövrdə fərdi hesabının sığorta hissəsində qeydə alınmış 14675,22 manat sığorta kapitalına görə əmək pensiyası Qanunun 37.3.1 -ci maddəsinin və 45-ci maddəsinin ikinci cümləsinin tələblərinə uyğun qaydada (14675,22 : 114 ay (63 il 6 ay - 60 il =42 ay+(144 ay-72 ay))=128,73 manat) xx.xx.2018-ci il tarixli müraciətinə əsasən xx.xx.2018-ci il tarixindən yenidən hesablanaraq 245,25 manatdan 373,98 manata (245,25+128,73) (indeksləşdirilərək xx.xx.2024-cü il tarixinə 681,12 manat) artırılıb. Qeyd olunanlara əsasən, iddiaçının pensiyasının yenidən hesablanması ilə əlaqədar aparılmış inzibati icraatın gedişində onun iştirakı ilə 12 mart 2024-cü il tarixində qəbul keçirilərək yuxarıda göstərilənlər barədə ona ətraflı məlumat verilməklə mülahizələrinin dinlənilməsinə dair birgə akt tərtib olunub. Qanunun 39.1 -ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Qeyd olunanları nəzərə alaraq, son üç il üzrə iddiaçıya 25266,95 manat artıq pul vəsaiti ödənildiyi müəyyən edilib. Həmin 25266,95 manat pul vəsaitinin əmək pensiyasından tutularaq büdcəyə bərpa edilməsi üçün yazılı razılığını mümkün qısa müddətdə Mərkəzi Filiala təqdim etməsi xahiş edilmişdir. Göründüyü kimi, tərəfimizdən “İnzibati icraat haqqında” Qanunun tələblərinə əməl olunmuş və hər hansı qanun pozuntusuna yol verilməmişdir. Lakin Bakı İnzibati Məhkəməsi yuxarıda qeyd edilənlənləri nəzərə almadan əsassız olaraq iddianı təmin etmişdir...” Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin olunmasını, iddiaçının nümayəndəsi isə onunla razılaşmamış, qərarın qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. ІІ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə nəticəyə gəlir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsi ilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Mübahisələndirmə haqqında iddia mübahisə edilən inzibati aktın icra olunması nəticəsində meydana gəlmiş nəticələrin aradan qaldırılması tələbini özündə əks etdirən əlavə ərizə ilə birlikdə də qaldırıla bilər. İddiaçının işə əlavə olunmuş pensiya işinə dair sənədlərin surətlərinə (çıxarışlara) əsasən müəyyən olunur ki, Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsinin pensiya və pensiyalara əlavə olunan müavinət təyin edən komissiyanın 24 iyul 2008-ci il tarixli qərarı ilə ona xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, lakin sonradan, Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən qəbul edilmiş “Əmək pensiyasının yenidən hesablanması haqqında” xx.xx.2024-cü il tarixli 3-17- 1/3-3-3765/2024 saylı qərarı ilə onun pensiya yaş hüququnu 50 yaşdan 52 yaşa qaldıraraq, əmək pensiyasını 681,12 manat (əvvəlki pensiya məbləği 1501,87 manat) məbəlğində müəyyən etmiş və həmin hesablama nəticəsində yaranmış 25266,95 manat pul vəsaitini artıq ödəmə adı ilə Əmək pensiyaları haqqında Qanunun 39.1-ci maddəstinə istinadən pensiyasından tutmağa başlamışdır. İş materiallarının araşdırılması onu göstərir ki, cavabdeh tərəfindən iddiaçı barəsində qeyd olunan əlverişsiz inibati akt qəbul edilərkən, pensiya qanunvericiliyinin tələbləri kobud surətdə pozulmuş, iddiaçının pensiya hüququnu ehtiva edən maddi hüquq normaları açıq şəkildə təhrif oluraq özü biddiyi şəkildə təfsir olunmuşdur. Ümumiyyətlə, cavabdeh tərəfindən qüvvədə olan “Əmək pensiyaları haqqında” Qanunun 9.8-ci maddəsinin tələblərinə istinadən, iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququnun 50 yaşından deyil, 52 yaşından hesablanmalı qənaətinə gələrək, Qanunu bu qədər qeyri-professional formada səhv təsvir etməsi başa düşüləməzdir. Belə ki, xx.xx.2006-cı il tarixdən qüvvədə olan «Əmək pensiyaları haqqında» Qanunun 9.1-ci maddəsinin iddiaçıya güzəştli pensiya təyin edilərkən qüvvədə olmuş redaksiyasına əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, incəsənətin xüsusi sahələrində, həmçinin, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq olunan siyahısı üzrə) çalışan sığortaolunanların: kişilər – 57 yaşına çatdıqda, azı 25 il sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa, əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. Həmin Qanunun 9.8-ci maddəsinə əsasən bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir. Əvvəllər (xx.xx.2006-cı il tarixə qədər) qüvvədə olmuş, 23 sentyabr 1992-ci il tarixindən qüvvəyə minmiş «Vətəndaşların pensiya təminatı haqqında» Qanunun xx.xx.1997-ci il tarixədək qüvvədə olan 13-cü maddəsinin «a» bəndinə əsasən yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə kişilər - 50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna malikdir. Qanunun qeyd edilən 13-cü maddəsinə xx.xx.1997-ci il 321-İQD saylı Qanunu ilə dəyişiklik edilərək 50 yaş həddi 1997-ci ilin avqustun 1-dən başlayaraq 2000-ci ilin avqustun 1-dək hər il 6 ay artırılmış və 2000-ci ilin avqust ayının 1-dən 52 yaş həddinə çatdırılmışdır. Qanunvericiliyin qeyd olunan tələbləri baxımından, iddiaçının 1 avqust 1997-ci il tarixinə qədər güzəştli şərtlərlə pensiya hüququ verən, tam əmək stajı, yəni, azı 20 il ümumi, 10 il güzəştli pensiya hüququ verən stajı mövcud olduqda, onun 50 yaşından güzəştli şərtlərlə pensiya hüququ yaranmış olur. Çünki, yaş artımı 1 avqust 1997-ci il tarixindən qüvvəyə minmişdir. İş materiallarına əsasən də xx.xx.1958-ci il təvəllüdlü iddiaçının 1997-ci ilin avqust ayının 1-nə qədər olan müddət ərzində azı 20 il ümumi və həmin stajın 10 ildən də çoxunu o, 1 nömrəli Syiahıda nəzərdə tutulan “Metaltökmə” zavodunda xüsusilə ağır peşələrdə işləməklə, 50 yaşından pensiya hüququnu qazanmış və pensiya təyinedicisi tərəfindən də ona həmin yaşının tamam olduğu xx.xx.2008-ci il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Göründüyü kimi, iddiaçıya vaxıtilə Dövlət Sosial Müdafiə Fondunun Binəqədi rayon şöbəsi tərəfindən 50 yaşından (xx.xx.2008-ci il tarixdən) yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməsi qanuni və əsaslı olmuşdur. Başqa sözlə, hazırkı cavabdehin əmək pensiyasının yenidən hesablanması barədə mübahisələndirilən qərarı ilə onun pensiyasının 52 yaşına artırılaraq, Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olan redaksiyasına əsasən hər ay onun pensiyasından əmək pensiyasından son üç il üçün tutulmalar həyata keçirilməsi tamamilə qanunsuzdur. Çünki, “Əmək pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinin tələbinə görə əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Qanunun qeyd olunan tələbi baxımından, son üç ilə görə artıq ödənilmiş hesab edilən vəsaitini cavabdeh iki əsasla iddiaçının pensiyasından tutmaq hüququna malikdir:

1. Pensiyaçının razılığına aldıqda qəbul etdiyi müvafiq qərarı əsasında; 2.Əgər belə razılıq yoxdursa, yalnız məhkəmə qərarı əsasında. Lakin cavabdeh orqan Qanunun qeyd olunan imperativ tələblərinə riayət etməyi özünə rəva bilməmiş, özbaşınalıq nümayiş etdirərək daha asan yolla, iddiaçının razılığı olmadan, pensiyasından tutulmalar həyata keçirməyi üstün tutmuşdur. Belə ki, iş materiallarına əsasən iddiaçının müvafiq razılığının alındığına dair sənəd-sübut mövcud deyil. Əksinə, həmin tutulmadan narazı qalan iddiaçının iddia ərizəsində şərh olunanlardan göründüyü kimi, ilk öncə cavabdehə narazılığını birgə tərtib olunmuş 12 mart 2024-cü il tarixli aktda bildirmiş, daha sonra isə hazırkı iddia ərizəsi məhkəməyə müraciət etmişdir. Beləliklə də, cavabdeh tərəfindən Qanunun 39.1-ci maddəsində nəzərdə tutulan razılığının alınmadığı aşkar görünür. Həm də bu zaman cavabdeh tərəfindən inzibati icraat haqqında qanunvericiliyin tələblərinə də məhəl qoyulmamışdır. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 13.1-ci maddəsinə əsasən, inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. İnzibati aktın ünvanlandığı və yaxud belə akt ilə maraqlarına toxunan şəxs yalnız həmin Qanunun 67.6cı maddəsində göstərilmiş hallarda etimadın qorunması hüququna malik olmur. Həmin Qanunun 67.5-ci maddəsinə əsasən maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Həmin Qanunun 67.6-cı maddəsinə əsasən, maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. İddiaçı tərəfindən Qanunun qeyd olunan normasında sadalanan hallardan hər hansı birinə yol verilməmiş, ümumiyyətlə, cavabdehin apellyasiya şikayətində və məhkəməyə təqdim edilmiş sənədlərə əsasən iddiaçı tərəfindən Qanunun 67.6-cı maddəsində göstərilən hallardan hər hansı birinə yol verildiyi görünmür və bununla bağlı cavabdehin heç bir əsaslandırması və dəlil-sübutu da mövcud deyildir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə iddiaçının tələbinin təmin edilməsini işin hallarına və qanunvericiliyə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası, cavabdehin apellyasiya şikayətinin, onun tərəfindən hər hansı qanun pozuntusuna yol verilmədiyini, məhkəmə tərəfindən qanunvericiliyin tələblərinə əməl olunmadan, əsassız qərar qəbul edildiyini mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 8269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İPM-in 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər. Qeyd edilənlərə əsasən və İPM-in 68, 69, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə

q ə r a r a a l d ı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8269/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar