Məhkəmə qərarları › İş №2-1(103)-3083/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3083/2024

25.07.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3083/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” işi üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ərizəsi üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Cavabdehin nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinatı üzrə Mərkəzi Filialının ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(112)-2552/2024 saylı qərardadından verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ

1. İddiaçı Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək 1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, ona 07 dekabr 2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

2. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018ci il tarixli qərarı ilə İddiaçı 1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, ona 07 dekabr 2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Nizami rayon Şöbəsinə həvalə edilmişdir.

3. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018ci il tarixli qərarından cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini, iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

4. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1895/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

5. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)-2309/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1895/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

6. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli (iş № 2-1(82)- 2552/2018) qərarı icraya yönəldilərək xx.xx.2019-cu il tarixədək icra edilərək məhkəməyə məlumat verilməsi tələb olunmuşdur.

7. Şöbə tərəfindən məhkəmə qərarı icra edilərək xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə 37177,28 manat İddiaçı adına açılmış şəxsi hesabda qeyd edilməklə ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği 36 aya bölünməklə xx.xx.2019-cu ildən başlanaraq aylıq pensiya məbləğinin üzərinə hər ay 1032,70 manat əlavə olunmaqla plastik kart hesabına köçürülmüşdür. Ödənişin başlanıldığı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 66284,55 manat təşkil etmişdir.

8. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixdən dayandırılmışdır. İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ

a) Birinci instansiya məhkəməsində icraat:

9. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı “1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla 07 dekabr 2015-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması” tələbinə dair inzibati işin icraatının təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Bakı şəhəri Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir.

10. Ərizə onunla əsaslandırılmışdır ki, İddiaçı iddia ərizəsi ilə Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək onun 1981 -ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla 07 dekabr 2015-ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin (bundan sonra-Şöbə) üzərinə qoyulmasını xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 2552/2018 nömrəli qərarı ilə iddia təmin edilmişdir. Həmin qərardan apellyasiya şikayəti verilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1(103)- 1895/2018 nömrəli qərarı ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmışdır. Bakı Apellyasiya Məhkəməsinin qeyd olunan qərarından verilmiş kassasiya şikayəti Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının xx.xx.2018-ci il tarixli 2-1 (102)-2309/2018 nömrəli qərarı ilə təmin olunmamışdır. İş üzrə icraatın təzələnməsi üçün əsaslar: Pensiya işində olan sənədlərə əsasən, o cümlədən notarial qaydada təsdiq ediməmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətindən məlum olmuşdur ki, yaşayış yeri Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küçəsi, yataqxana, ev 10 olan xx.xx.1963-cü il təvəllüdlü İddiaçı adından yazıldığı ehtimal olunan, imza edilməyən, xx.xx.2018-ci il tarixli ərizəsi Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsində qeydiyyata alınmış və dərkənar qoyulmuş, təqdim edilmiş ərizənin tarixi ilə eyni olan şöbənin Pensiya üzrə komissiyasının 579 Ne-li qərarı ilə tələb olunan sosial sığorta stajı olmadığı əsas göstərilməklə İddiaçı əmək pensiyası təyin edilməsindən imtina edilmişdir. Bu barədə vətəndaşa rəsmi məlumat verildiyini bildirən xx.xx.2018-ci il tarixli 15/2013 №-li məktubun surəti pensiya işinə tikilmişdir. İddiaçı ərizəsinin şöbəyə daxil olduğu tarixlə eyni olan həmin məktubun surətində Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq yeraltı işlərdə, əmək şəraiti xüsusi ilə zərərli və ağır olan işlərdə çalışan sığortaolunanlar; kişilər 60 yaşına çatdıqda, azı 25 sosial sığorta stajına malik olduqda və bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışmışlarsa və fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olduğu, tələb olunan güzəştli iş stajının çatışmadığı səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinin qanunvericiliklə mümkün olmaması İddiaçı nəzərinə çatdırılmaqla ona məlumat verilmişdir. Bununla belə, şöbə tərəfindən ərizəsinə imtina edilməsinə və bu barədə vətəndaşa məktub göndərilməsinə baxmayaraq həmin sənədlərlə tarixi eyni olan və nömrəsi qeyd edilməyən məktub rəsmiləşdirilməklə Fondun keçmiş İri Sığortaedənlərlə İş üzrə İdarəsinə (İSİD) sorğu edilməklə İddiaçı işləmiş olduğu “Geoservices SC”-nin Azərbaycan Respublikası nümayəndəliyi üzrə xx.xx.2006-xx.xx.2012 və “X13” şirkəti üzrə xx.xx.2012xx.xx.2016-cı illər üzrə təqdim edilmiş B3 hesabatlarına əsasən fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalının məbləği barədə əlavənin (F4) verilməsi barədə məktub göndərilmiş, həmin məktuba müvafiq idarənin xx.xx.2018-ci il tarixli 99/xx/xx- 11535 N°-li cavab məktubu xx.xx.2018-ci il tarixdə şöbəyə daxil olmuş və qeydiyyata alınmışdır. Pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərin icra tarixlərinin araşdırılması ilə müəyyən edilmişdir ki, vətəndaş İddiaçı pensiyasının ötən dövrlərdən təyin edilməklə yenidən hesablanaraq yüksək məbləğə çatdırılması ilə əlaqədar işlərə pensiya təyinatı aparıldıqdan sonra bu işdə maraqlı olmuş şəxslər tərəfindən əvvəlcədən planlaşdırıldığı qaydada dərhal başlanılmış, sonrakı mərhələdə məhkəmə qərarlarının alınmasına və ötən dövrlərdən daha yüksək miqdarda aylıq pensiya məbləğinin təyin edilərək ödənilməsinə nail olunmuşdur. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 2552/2018 nömrəli pensiya işinə tikilmiş qərarında qeyd olunanlara əsasən məlum olmuşdur ki, İddiaçı şöbəyə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, onun 1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987- ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla 07 dekabr 2015-ci il tarixindən 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı xx.xx.1986-cı il tarixindən xx.xx.2016-cı il tarixinə kimi əmək fəaliyyəti ilə məşğul olmuş, işlədiyi illər xüsusi zərərli iş stajına aiddir. Bununla bağlı cavabdeh DSMFnin Bakı şəhər Nizami rayon şöbəsinə müraciət etmiş, lakin ona pensiya təmin edilməsindən imtina edilmişdir. Cavabdehin imtinası qanunsuzdur. Qeyd olunanlara əsasən iddiaçı, Azərbaycan Respublikası Konstitusiyasının 149-cu maddəsinə, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 7-ci maddəsinə, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.8, 27-ci maddələrinə istinad edərək, onun 1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla xx.xx.2015ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı şöbəyə qarşı qaldırdığı iddiaya baxılaraq 2 saylı Bakı İnzibati İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)- 2552/2018 nömrəli qəbul etdiyi qərarı ilə iddia təmin edilmişdir. Araşdırma nəticəsində İddiaçı pensiya işinə tikilmiş AZE seriyalı ******** №-li şəxsiyyət vəsiqəsinin surətinin saxtalaşdırıldığı müəyyən edilmişdir. Belə ki, həmin surətdə qeyd olunan məlumatlarla “Giriş-çıxış və qeydiyyat” X1 Axtarış Sistemi”ndə (İAMAS) və araşdırma zamanı İddiaçı özünün təqdim etdiyi mövcud olan məlumatların qarşılıqlı üzləşdirilməsi zamanı onun yaşayış yerinin “Azərbaycan, Bakı, Yasamal, Nərimanov pr, D,19”, vəsiqəni verən orqanın adı “Asan3”, vəsiqənin verimə tarixi “xx.xx.2013”, qan qrupunun “l(+)” qeyd edildiyi halda pensiya işinə tikilmiş şəxsiyyət vəsiqəsinin surətində müvafiq məlumatların təhrif olunduğu faktı aşkar olunmuşdur. Lakin pensiya işinə tikilmiş ******** Ns-li şəxsiyyət vəsiqəsinin arxa hissəsinin surətində vətəndaşın yaşayış yeri “Bakı şəhəri, Nizami rayonu, M.Abbasov küç, YAT/NA, ev 10”, vəsiqəni verən orqanın adı “Bakl-Nizami RPİ”, vəsiqənin verilmə tarixi “xx.xx.2004”, qan qrupu “A(İİ)RH+” qeyd olunmuşdur. Eyni zamanda, təhrif edilmiş şəxsiyyət vəsiqəsinin surətində vəsiqə sahibinin imzasının İddiaçı özünün təqdim etdiyi və İAMAS-dakı vəsiqəsində əks olunmuş imza ilə uyğunluq təşkil etmədiyi aşkar edilmişdir. Qeyd edilənlər pensiya işinə əlavə olunmuş şəxsiyyət vəsiqəsinin surətinin saxtalaşdırıldığına əsaslı şübhələr yaratmışdır. Göründüyü kimi, Qanunun 30-cu maddəsinin həmin dövrdə qüvvədə olan tələblərinə uyğun olması üçün bu işdə maraqlı olmuş şəxslər və ya vətəndaş tərəfindən şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmışdır (Maddə 30.1. Əmək pensiyası şəxsin (ərizəçinin) daimi yaşadığı yer, qaçqın və məcburi köçkünlərə isə məskunlaşdıqları yer üzrə məcburi dövlət sosial sığortası, pensiyalar və pensiyalara əlavələr sahəsində idarəetməni həyata keçirən müvafiq icra hakimiyyəti orqanı tərəfindən təyin edilir. Xaricdə daimi yaşayan Azərbaycan Respublikası vətəndaşlarının əmək pensiyasının təyinatı müvafiq icra hakimiyyəti orqanı tərəfindən aparılır.). Eyni zamanda, həmin surətin əsli ilə düzgünlüyü notarial qaydada təsdiq edilməmişdir. Qeyd olunanlardan əlavə, pensiya işinə tikilmiş və əlyazma qaydasında doldurulmuş ərizənin (1 nömrəli əlavə) “ünvanda yaşayan” qrafasında vətəndaşın ünvanı Bakı şəhəri Mənzil- Kommuanl Təsərrüfatı Departamenti Nizami rayonu Mənzil-Kommunal Təsərrüfatı Birliyi 67 saylı MKİS-in xx.xx.2018-ci il tarixli 47/A/3 N-li arayışına istinad etməklə onun Bakı şəhəri Nizami rayonu 67 saylı MKİS-in ərazisində yerləşən Əzimzadə küçəsində yerləşən 23 saylı evin 2 N-li mənzilində qeydiyyatsız yaşaması barədə məlumata əsasən “M.Əzimzadə 23 ev 2” qeyd edilmişdir. İlk 2 instansiya məhkəməsinin qəbul etdiyi qərarlarında qeyd edilənlərdən məlum olmuşdur ki, həmin məhkəmələr tərəfindən proseslər zamanı vətəndaşdan ümumiyyətlə şəxsiyyət vəsiqəsinin əsli və ya surəti tələb edilməmiş, iş materiallarına əlavə olunmuş yuxarıda qeyd edilən 67 saylı MKİS-in müvafiq arayışı ilə kifayətlənməklə həmin arayışa istinad olunaraq yaşayış yeri “Bakı şəhəri, Nizami rayonu, 67 saylı MKİS-in ərazisində yerləşən 28 saylı, 1 N-li mənzil” kimi qeyd edilməklə ünvanı səhv göstərilmişdir. Lakin Ali Məhkəmənin müvafiq qərarının təsviri hissəsinin ilk abzasında İddiaçı təqdim etdiyi AZE seriyalı ******** N-li şəxsiyyət vəsiqəsinə istinad etməklə onun xx.xx.1963-cü il tarixdə Bakı şəhərində anadan olduğu, ünvan 2 ünvanında qeydiyyatda olduğu göstərilmişdir. Göründüyü kimi, vətəndaşın ünvanı və yaşayış yeri şöbədə ona pensiya təyin olunması və məhkəmə qərarlarının alınması məqsədilə aidiyyəti şəxsiyyət vəsiqəsinin surəti saxtalaşdırılmış, həmçinin məhkəmə orqanlarına şəxsiyyət vəsiqəsinin əslinin təqdim olunmamasına nail olunmuşdur. Pensiya işinə tikilmiş, doldurulduğu tarix “xx.xx.1986” qeyd olunmuş, İT-İ ******* nömrəli, əmək kitabçasının notarial qaydada təsdiq olunmamış surətində qeyd olunanlara əsasən İddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində “Kaspmorneftqaz” İstehsalat Birliyinin “Bulla” Dəniz Kəşfiyyat qazma İdarəsində neft və qazçıxarma üzrə operator, xx.xx.1987-xx.xx.1987-ci il tarixləri arasındakı dövr ərzində həmin idarədə mühəndis, xx.xx.1987-xx.xx.1989-cu il tarixləri arasındakı dövr ərzində N.Nərimanov adına Neftqaz Çıxarma İdarəsinin (NQÇİ) Qazkompressor sexində mühəndis, xx.xx.1989-xx.xx.1993-cü il tarixləri arasındakı dövr ərzində həmin idarənin Qazkompressor sexinin hava kompressoru stansiyasının rəisi, xx.xx.1993-xx.xx.1998-ci il tarixləri arasındakı dövr ərzində “Bulla” NQÇİ-də mühəndis, xx.xx.2000-xx.xx.2003-cü il tarixləri arasındakı dövr ərzində “Xəzərdənizneftgeofizika” trestinin 56 saylı qazkarotaj dəstəsində geofizik, xx.xx.2003xx.xx.2004-cü il tarixləri arasındakı dövr ərzində “Geoservices” səhmdar cəmiyyətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində qazma məhlulları üzrə böyük mütəxəssis, xx.xx.2004-xx.xx.2012-ci il tarixləri arasındakı dövr ərzində həmin nümayəndəlikdə məlumatlar üzrə kiçik mühəndis, mühəndis və böyük mühəndis, xx.xx.2012-xx.xx.2016-cı il tarixləri arasındakı dövr ərzində “X12” şirkətinin Azərbaycan Respublikasındakı nümayəndəliyində “GSS” şöbəsinin kəsiyin keçiriciliyi üzrə mühəndis, xx.xx.2016-cı ildən quyunun keyfiyyətinə nəzarət üzrə mütəxəssis vəzifəsində çalışdığı qeyd olunmuşdur. İddiaçı araşdırma zamanı təqdim etdiyi və “Schlumberger” şirkətinin “əsli ilə düzdür” möhürü ilə təsdiq olunmuş əmək kitabçasının surətində qeyd olunanlara əsasən onun xx.xx.2019-cu il tarixindən hazıradək həmin şirkətin “GSS” şöbəsində quyu keyfiyyəti və təmizlənməsi, qazma məlumatlarının analizi üzrə mütəxəssis vəzifəsində çalışdığı məlum olmuşdur. Həmçinin, təqdim olunmuş hərbi biletin surətinə əsasən İddiaçı həqiqi hərbi xidmətdə olmadığı, təhsil aldığı dövrdə hərbi hazırlıq kursu keçdiyi məlum olmuşdur. Pensiya işinə tikilmiş və notarial qaydada təsdiq olunmuş diplomun surətinə əsasən İddiaçı xx.xx.1981-xx.xx.1986-cı illərdə M.Əzizbəyov adına X16 ordenli Azərbaycan Neft və Kimya İnstitutunda “neft və qaz yataqlarının işlənilməsinin texnologiya və kompleks mexanikləşdirilməsi” ixtisası üzrə tam kursu bilirərək “dağ mühəndisi” ixtisasını qazanmışdır. Məhkəmə qərarlarından göründüyü kimi, İddiaçı xx.xx.1987-ci il tarixindən xx.xx.2006-cı il tarixinədək işlədiyi illəri güzəştli iş stajı kimi nəzərə alınmaqla, xx.xx.2615-» ci il tarixindən 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsinin Fondun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərarlar qəbul edilmişdir. Araşdırma ilə müəyyən edilmişdir ki, bütün instansiya məhkəmələrində vətəndaşın xüsusilə zərərli və xüsusilə ağır işlərdə işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli 12 nömrəli qərarı ilə təsdiq edilmiş və hazırda qüvvədə olan “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda (Güzəştli siyahı), habelə vaxtilə qüvvədə olmuş Nazirlər Kabinetinin 320 nömrəli xx.xx.1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin 1 və 2 N-li Siyahılarında göstərilmiş peşələrə uyğunluğu barədə əsaslı sənədlər alınmadan iddia tələbi təmin edilərək vətəndaşın xeyrinə qərarlar qəbul edilmişdir. Birinci instansiyanın məhkəmə qərarında məhkəmə iddiaçının işlədiyi operator peşəsini 1 N-li siyahısıda göstərilən “11000000 - X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsi (kod 11000000a- 15824 neft və qaz hasilatı üzrə operatorlar) peşəsinə, mühəndis peşəsi (1100000b-22247 bilavasitə buruqlarda məşğul olan qazma üzrə mühəndislər (qazma işləri üzrə) peşəsinə, geofizik (kod 1100000b-17541 quyularda geofiziki tədqiqatlar aparan mədən-geofiziki partiyaların və dəstələrin rəhbərləri və mütəxəssisləri; mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları) peşəsinə uyğun hesab edilərək əsaslandırma aparılmışdır. Həmçinin, müəyyən edilmişdir ki, məhkəmələrdə vətəndaşın iş yerindən onun zərərli və ağır olan işlərdə işləməsini təsdiq edən müvafiq rəsmi sənədlərin, o cümlədən güzəştli arayışın alınması təmin və tələb edilməmiş, ağır və zərərli işlərdə işləməsi və peşəsi barədə zəruri tədqiqat işləri aparılmamış, nəzərə alınmış dövrün zərərli əmək stajı hesab edilməsi barədə əsaslı sənədlər olmadan iddia tələbi təmin edilmişdir. Göstərilənlərlə yanaşı, İddiaçı iddiasında və birinci instansiya məhkəmə qərarında qeyd olunanların heç bir dəyişiklik olunmadan apellyasiya və kassasiya məhkəmələrinin qərar hissəsinə köçürüldüyü aşkar edilmişdir. Pensiya işi və uçot vərəqinə tikilmiş sənədlərin araşdırılması zamanı İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün şöbəyə ünvanladığı müraciətinin və müvafiq məhkəmə instansiyasına təqdim etdiyi iddia ərizəsinin surətləri, məhkəmələrin şöbə ilə yazışmaları pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə aşkar edilməmişdir. Beləliklə, göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti vətəndaşa əmək pensiyasının təyin edilməsi və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. Bununla belə, pensiyanın təyin edilməsi barədə qərarın rəsmiləşdirildiyi 2019-cu il tarixinədək İddiaçı 4 il əvvəl, yəni 2015-ci ildən güzəştli şərtlərlə pensiya hüququ yaranmışdırsa, onun pensiya təyinatı üçün aidiyyəti qurumlara müraciət etməməsi və ya hansısa səbəblərdən güzəştli şərtlərlə pensiya təyin edilməməsi onun 52 yaşından güzəştli şərtlərlə pensiya hüququnun yaranmaması, müvafiq qanunvericiliyin tələblərinə və şərtlərinə zidd olması kimi səciyyələndirmək olar. Pensiya işində mövcud olan sənədlərə əsasən müəyyən olunmuşdur ki, şöbə tərəfindən verilmiş kassasiya şikayəti üzrə Ali Məhkəmədə prosesin davam etdirildiyi dövrdə həmin məhkəmənin qərarını gözləmədən xx.xx.2006-cı il tarixinədək hesablanmış 21 il 8 ay sosial sığorta stajı Fondun keçmiş İSİD-in xx.xx.2018-ci il tarixli 99/xx/xx-11535 Ne-li arayışında göstərilmiş 236608,33 manat pensiya kapitalı nəzərə alınmaqla şöbənin Pensiya üzrə komissiyasının sədri-şöbənin müdiri və Pensiya sektorunun müdirinin imzası ilə təsdiq edilərək tarixi qeyd edilməyən 579 N°-li qərarla İddiaçı xx.xx.2015-ci il tarixindən 884,77 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmiş, pensiyaların baza hissəsinin artırılmasına və müvafiq dövrlər üzrə istehlak qiymətləri indeksinin illik səviyyəsinə uyğun indeksləşdirilməsinə müvafiq olaraq hesablanmaqla və pensiya işi üzrə açılmış uçot vərəqində qeyd edilməklə xx.xx.2016-cı il tarixindən 916,15 manat, xx.xx.2016-cı il tarixindən 926,15 manat, xx.xx.2017-ci il tarixindən 1027,36 manat, xx.xx.2018-ci il tarixindən 1085,92 manat, xx.xx.2019-cu il tarixindən 1118,50 manata çatdırılmış, xx.xx.2019-ci il tarixində ödənişə göndərilmişdir. Qeyd olunan qərarın arxasına tikilmiş ağ vərəqdə İddiaçı əmək fəaliyyəti və pensiyası barədə müvafiq hesablama aparılmış və həmin hesablamaya uyğun olaraq onun sosial sığorta stajının 21 il 08 ay 05 gün olduğu qeyd olunmuşdur. Şöbənin xx.xx.2018-ci il tarixli 579 №-li imtina qərarı, habelə 579 №-li və tarixi qeyd edilməyən pensiya təyin edilməsi barədə qərar layihəsi şöbənin Pensiya təyinatı sektorunun sabiq məsləhətçisi X5 tərəfindən hazırlanmış və imza edilmiş, həmin qərarları şöbənin Pensiya üzrə komissiyasının sədri, eyni zamanda şöbənin müdiri olmuş X3 və komissiyanın üzvü, eyni zamanda şöbənin Pensiya sektorunun müdiri olmuş X8 tərəfindən imza edilməklə şöbənin möhürü ilə təsdiqlənmişdir. Bununla da güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda, həmçinin hazırda da hər hansı bir növə görə əmək pensiyası hüququ yaranmadığı halda xx.xx.2015-cı il tarixindən şöbə tərəfindən qanunsuz pensiya təyinatı aparılması nəticəsində xx.xx.2021-ci il tarixinədək vətəndaşın hesabına köçürülmüş və nağdlaşdırılmış əsassız pensiya məbləğinin cəmi 66284,55 manat təşkil etmişdir. Qeyd olunanların davamı olaraq bildiririk ki, Ali Məhkəmənin İnzibati-İqtisadi Kollegiyasının şöbənin kassasiya şikayətinin təmin olunmadığı barədə xx.xx.2018-ci il tarixli qərarı (iş N° 2-1(102)- 2309/2018) həmin məhkəmənin xx.xx.2019-cu il tarixli üst məktubu ilə birlikdə xx.xx.2019- cu il tarixdə şöbəyə daxil olmuş və qeydiyyata alınmışdır. Xüsusilə qeyd olunmalıdır ki, şöbəyə ünvanlanmış və xx.xx.2019-cu il tarixdə şöbəyə daxil olmaqla qeydiyyata alınmış 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2019-cu il tarixli məktubu ilə 3 instansiya məhkəməsinin İddiaçı xeyrinə qəbul edilmiş qərarlarının, o cümlədən 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli (iş 2-1(82)-2552/2018) qərarının xx.xx.2019cu il tarixinədək icra edilərək məhkəməyə məlumat verilməsi tələb olunmuşdur. Əks halda Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə görə üzərinə qoyulmuş öhdəlikləri icra edilmədiyi üçün inzibati orqana cərimə tətbiq olunacağı bildirilmişdir. Görünənlərdən belə məlum olur ki, məhkəmə orqanı İddiaçı 2018-ci ilin dekabr ayında təyin olunmuş pensiyadan və həmin məktub göndərilənədək artıq şöbə tərəfindən xx.xx.2019-cu ildən başlayaraq ümumilikdə 6453,60 manat vəsaitin ödənilməsindən məlumatsız olmuş və ya bu işdə maraqlı şəxslər tərəfindən qeyd edilən faktlar məhkəmə orqanlarından bilərəkdən gizlədilmişdir. İddiaçı pensiyasının aylıq məbləği sonrakı dövrlərdə sığorta hissəsinin avtomatlaşdırılmış qaydada indeksləşdirilməsi nəticəsində xx.xx.2020-ci il tarixindən 1304,17 manata, xx.xx.2021-ci il tarixindən 1452,84 manata çatdırılaraq plastik kart hesabına köçürülmüşdür. Araşdırma ilə əlaqədar İddiaçı təyin olunmuş əmək pensiyasının ödənişi xx.xx.2021-ci il tarixindən dayandırılmışdır. Şöbə tərəfindən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərkən heç bir rəsmi sənədə və ya notarial qaydada təsdiq olunmuş sənədin surətinə istinad olunmamış, 2 məhkəmə orqanının qərarları əsas götürülməklə pensiya təyin edilmişdir. Araşdırma zamanı İddiaçı təqdim etdiyi Azərbaycan Respublublikası Dövlət Neft Şirkətinin Geofizika və Geologiya İdarəsinin İddiaçı verdiyi 12 noyabr 2021-ci il tarixli SOCAR**********80020123X00120 Ne-li arxiv arayışında onun xx.xx.1998-ci il tarixindən xx.xx.2003-cü il tarixinədək olan dövr ərzində çalışdığı karotajçı, mühəndis, geofizik peşələrinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il 320 nömrəli qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na uyğun olduğu və həmin peşələrin siyahıda müvafiq kodlarla göstərildiyi bildirilməklə cəmi xüsusi (güzəştli) iş stajının 3 il 9 ay 12 gün təşkil etdiyi qeyd edilmişdir. Beləliklə, araşdırma nəticəsində yuxarıda qeyd olunanlar da nəzərə alınmaqla Qanunun 9.8-ci maddəsinə əsasən İddiaçı 52 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun olmadığı halda ona müvafiq növə görə əmək pensiyasının təyin olunduğu müəyyən edilmişdir (Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9-cu maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə təyin edilir.).Belə ki, qanunvericiliyin tələblərinə əsasən Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixinədək vətəndaş 20 il ümumi və 10 il xüsusi (güzəştli) iş stajına malik olmalıdır. Beləliklə, şöbə tərəfindən məhkəmə qərarları əsasında xx.xx.2015-ci ildən xx.xx.2019-cu ilədək olan dövr üzrə 37177,28 manat İddiaçı adına açılmış şəxsi hesabda qeyd edilməklə ötən dövrlər üçün fərq məbləği hesablanmışdır. Həmin fərq məbləği 36 aya bölünməklə xx.xx.2019-cu ildən başlanaraq aylıq pensiya məbləğinin üzərinə hər ay 1032,70 manat əlavə olunmaqla plastik kart hesabına köçürülmüşdür. Ödənişin başlanıldığı xx.xx.2019-cu il tarixindən xx.xx.2021-ci il tarixinədək vətəndaşın plastik kart hesabına faktiki köçürülmüş aylıq pensiyanın cəmi məbləği isə 66284,55 manat təşkil etmişdir. Beləliklə, saxtalaşdırıldığı ehtimal olunan sənədlər əsasında Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Qanunun tələblərinə zidd olmaqla xx.xx.2015-cı il tarixindən məhkəmə qərarları əsasında güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilərək xx.xx.2021-ci il tarixinədək ödənilməsinə nail olunması nəticəsində İddiaçı plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 66284,55 manat təşkil etmişdir. Eyni zamanda araşdırma nəticəsində adıçəkilən şəxsə qanunazidd olaraq əsassız yüksək məbləğdə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunmasına və yenidən hesablanmasına nail olunmasında aşkar edilmiş hallar üzrə inzibati xəta və ya cinayət əlamətləri nəzərə alınaraq müəyyən olunmuş faktlara hüquqi qiymətin verilməsi məqsədilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən 07 sentyabr 2022-ci il tarixində Azərbaycan Respublikası Baş Prokurorluğuna göndərilmişdir. Həmin orqandan Nazirliyə daxil olmuş xx.xx.2022-ci il tarixli 02/3-5553xid nömrəli məktubda sözügedən iş üzrə müraciətin müvafiq cinayət işinə əlavə edildiyi qeyd olunmuşdur, (surəti əlavə olunur). Həmçinin, hazırki iş üzrə ərizəçi olan Fondun Bakı şəhəri Nizami rayon şöbəsinin əsl ərizəçi Fondun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialı ilə əvəz edilməsi zərurəti yaranmışdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Yuxarıda qeyd olunanlara əsasən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin xx.xx.2018-ci il tarixli 2-1(82)-2552/2018 nömrəli qərarına yeni açılmış hallar üzrə yenidən baxılması zərurəti yaranmışdır.

11. Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(112)-2552/2024 nömrəli qərardadı ilə (hakim:A.Əhədova) iddiaçı X4 cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinə qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsi mümkün sayılmamışdır.

b) Apellyasiya şikayətinin dəlilləri

12. Ərizəçi Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı apellyasiya şikayəti verərək “yeni açılmış hallarla bağlı icraatın təzələnməsi” ərizəsinə dair Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli, 2-1(112)-2552/2024 nömrəli qərardadından ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

13. Apellyasiya şikayəti ərizənin dəlilləri ilə eynilik təşkil etməklə əsaslandırılmışdır.

14. Əlavə olaraq qeyd edilmişdir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan bütün faktiki hallar aydınlaşdırılmamış, məhkəmə tərəfindən müəyyən edilmiş, iş üçün əhəmiyyəti olan hallar sübut edilməmiş, məhkəmənin qərardadda göstərdiyi nəticələr işin hallarına uyğun gəlməmişdir.

c) apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

15 Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.

Tərəflərin iştirakı:

16. Ərizəçinin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-2552/2018 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadın ləğv edilməsini, ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir.

17. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş iddiaçı məhkəmə iclasına gəlməmiş, gəlməmə səbəbləri barədə məlumat verməmişdir.

18. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə tərəfin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

19. İnzibati Prosessual Məcəllə

Maddə 100. Qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Maddə 103.1. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Maddə 103.2. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. Maddə 103.3. Bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Maddə 106.1. Məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. Maddə 106.2. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. Maddə 106.3. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir.

APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ

20. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.

21. Qərardad bütövlükdə mübahisələndirildiyi üçün hazırkı icraat çərçivəsində məhkəmə aktının qanuniliyi və əsaslılığı tam olaraq yoxlanılacaqdır.

MƏHKƏMƏNİN MÖVQEYİ

22. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Məhkəmənin qərardadının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

23. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi institutunun mahiyyəti ondan ibarətdir ki, qüvvəyə minmiş məhkəmə qərarının qanuniliyini və əsaslılığını şübhə altına alan yeni sübutların və faktların aşkar olunduğu hallarda, ərizəçinin hüquqlarının müdafiəsi baxımından həmin qərarın yenidən yoxlanılmasını həyata keçirmək mümkün olsun. Lakin bununla bağlı nəzərə almaq lazımdır ki, yalnız mübahisə barədə işə baxılması və həll edilməsi zamanı obyektiv mövcud olan, lakin işə baxan məhkəməyə və ərizəçiyə aşkar və məlum olmayan və ya məlum olması istisna edilən, eyni zamanda işin düzgün həlli üçün mühüm əhəmiyyət kəsb edən və artıq həll edilmiş mübahisənin predmetinə aid faktiki halları təsdiq və ya təkzib etmək keyfiyyətinə malik olan sübutlar və ya hüquqi faktlar icraatın təzələnməsini şərtləndirə bilər.

24. Yeni açılmış hallarla bağlı icraatın təzələnməsi zamanı həmçinin tərəfin təqsiri ilə bağlı qanunvericiliyin tələbi də nəzərə alınmalıdır. Belə ki, yalnız mübahisənin həll edilməsi zamanı mövcud olan, lakin ərizəçinin təqdim edə bilmədiyi və təqdim etmək imkanına malik olmadığı sübutlar və hallar yuxarıda istinad olunan normanın təsir dairəsi ilə əhatə olunur. Bu mənada ilkin icraat zamanı ərizəçi tərəfindən yol verilmiş ehtiyatsızlıq onun ziyanına təfsir edilməlidir. Ərizəçinin diqqətli olacağı təqdirdə, həmin sübutların və halların aşkar edilməsi və ya müəyyən edilməsinin (məhkəməyə təqdim edilməsinin) mümkün olduğu və ya bunun ehtimal olunduğu hallarda da həmin qayda tətbiq olunmalıdır. Bu qaydanın tətbiqi ehtiyatsızlığın ərizəçinin məsuliyyət sferasına və risklərinə aid edilməsindən irəli gəlir.

25. Bu zaman həm də nəzərə almaq lazımdır ki, ərizəçi tərəfindən təqdim olunmuş yeni hallar və sübutlar ilkin məhkəmə icraatının gedişində məlum olsaydı, onların məhkəmənin qərarına həlledici təsir göstərəcəyi və ərizəçiyə münasibətdə pozitiv qərarın qəbuluna əhəmiyyətli təsir edəcəyi ehtimalının olub-olmaması da qiymətləndirilməlidir. Bundan başqa, həmin halların işin düzgün həlli üçün qeyd edilən əhəmiyyəti əlavə izahatlara bağlı olmamalıdır.

26. Məhkəmə kollegiyası, həmçinin qeyd edir ki, yeni açılmış hallarla bağlı icraatın təzələnməsi yalnız müəyyən zaman çərçivəsində mümkündür. Belə ki, yuxarıda istinad olunan normalardan da göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizənin verilməsi üçün qanunverici tərəfindən müəyyən müddət məhdudiyyəti nəzərdə tutulmuşdur. Müddət məhdudiyyəti institutu inzibati idarəçilikdə, mülki dövriyyədə və ümumiyyətlə, hüquq münasibətlərində hüquqi müəyyənliyin və sabitliyin bərqərar olması, hüquqi təhlükəsizliyin təmin olunması məqsədlərinə xidmət edir.

27. Yuxarıda istinad edilən normaların tələbinə görə, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə yol verilmir. 3 illik müddət keçdikdən sonra icraatın təzələnməsinə dair ərizə yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər.

28. Belə ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə İddiaçı 1981-ci ildən 1986-cı il tarixinə kimi təhsil aldığı illəri və xx.xx.1987-ci ildən xx.xx.2006-cı il tarixinə kimi işlədiyi illərin güzəştli iş stajı kimi nəzərə alınmaqla, ona 07 dekabr 2015-ci il tarixdən, 52 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi və pensiya təyin edilərkən yaranmış məbləğ fərqinin hesablanaraq birdəfəlik ödənilməsi vəzifəsi DSMF-nin Nizami rayon Şöbəsinə həvalə edilmişdir.

29. Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)- 1895/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı ilə cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməmiş, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

30. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2- 1(102)- 2309/2018 saylı, 26 dekabr 2018-ci il tarixli qərarı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon Şöbəsinin kassasiya şikayəti təmin edilməmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2-1(103)-1895/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır.

31. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 2552/2018 saylı, xx.xx.2018ci il tarixli qərarı xx.xx.2018-ci il tarixdən qanuni qüvvəsini aldıqdan sonra xx.xx.2019-cu il tarixli məktubla icra edilməsi üçün cavabdeh inzibati orqana göndərilmiş, DSMF Nizami rayon şöbəsinin 15/**********6 nömrəli xx.xx.2019-cu il tarixli məktubu ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-2552/2018 saylı, xx.xx.2018-ci il tarixli qərarının icra edildiyi bildirilmişdir. Eyni zamanda cavabdeh özü yeni açılmış hallarla bağlı ərizəsində iddiaçıya məhkəmə icraatı getdiyi dövrdə xx.xx.2019-cu il tarixdən etibarən pensiya ödənişinə başladığını bildirmişdir.

32. Cavabdeh inzibati orqan iş üzrə məhkəmə qərarlarını rəsmi qaydada əldə etdiyindən ərizəsində yeni açılmış hal kimi istinad etdiyi məlumatlar barəsində həmin qərarları əldə etdiyi və ya ən geci icra etməyə başladığı vaxtdan məlumatlı olsa da, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəni 5 il keçdikdən sonra xx.xx.2024cü il tarixdə məhkəməyə təqdim etmişdir. Beləliklə, cavabdeh yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizədə istinad etdiyi halların ona məlum olduğu gündən qanunvericiliklə müəyyən edilmiş müddət buraxılmaqla verilmişdir.

33. Beləliklə, işin müəyyən olunmuş hallarından görünür ki, qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə başa çatmış məhkəmə icraatının təzələnməsi üçün yuxarıda qeyd olunan müəyyən müddət məhdudiyyəti hazırkı mübahisəyə münasibətdə ödənilməmişdir.

34. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun Y.Cümşüdovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair Məhkəmə Tərkibinin 5 dekabr 2019-cu il tarixli qərardadının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair xx.xx.2020-ci il tarixli qərarında qeyd olunmuşdur ki, qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılması mülki mühakimə icraatının xüsusi növüdür. Bu icraat növü apellyasiya və kassasiya qaydasında işə baxılmasından mahiyyəti üzrə fərqlənir.

35. Bu icraat prosesində qərar qəbul edilərkən işin nəticəsinə əhəmiyyətli şəkildə təsir edəcək və ya iş üçün xüsusi əhəmiyyət kəsb edən hallar araşdırılır. İşə yeni açılmış hallar üzrə yenidən baxılmasının mahiyyəti iş üzrə məhkəmə aktının qanuni qüvvəyə minməsindən sonra qanunvericiliklə nəzərdə tutulan şərtlər əsasında işə yenidən baxılmasıdır.

36. Qanuni qüvvəyə minmiş məhkəmə aktlarına yeni açılmış hallar üzrə yenidən baxılmasına dair icraat qaydaları Mülki Prosessual Məcəllənin 45-ci fəslinin normaları ilə tənzimlənir. Həmin Məcəllənin 432.2-ci maddəsi yeni açılmış hallar üzrə məhkəmə aktlarına yenidən baxılmasının fərqli, lakin bir-biri ilə əlaqəli olan dörd əsasını müəyyən etmişdir: - məhkəmə aktı çıxarıldıqdan sonra işə əvvəllər baxılarkən məlum olmayan həlledici materialların aşkar edilməsi; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və qanunsuz, yaxud əsassız qətnamənin çıxarılmasına səbəb olmuş şahidin bilə-bilə yalan ifadələr verməsi, ekspertin bilə-bilə yalan rəy verməsi, tərcüməçinin bilə-bilə düzgün tərcümə etməməsi, sənədlərin və ya maddi sübutların saxtalığı; - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü ilə müəyyən edilmiş və həmin işə baxılarkən tərəflərin, işdə iştirak edən digər şəxslərin, yaxud onların nümayəndələrinin cinayətkar hərəkətləri və ya hakimlərin cinayətkar əməlləri; - həmin məhkəmə aktlarının çıxarılması üçün əsas olmuş məhkəmə qətnaməsinin, hökmünün, qərardadının və ya qərarının, yaxud sair orqanın qərarının ləğv edilməsi.

37. Konstitusiya Məhkəməsinin Plenumu əvvəlki hüquqi mövqelərinə istinad edərək qeyd etmişdir ki, mülki prosessual qanunvericiliyin yeni açılmış hallar üzrə işə yenidən baxılması üçün qoyduğu şərtlər nəticə etibarı ilə hüquqi müəyyənlik prinsipinin qorunmasına xidmət edir və qanuni qüvvəyə minmiş məhkəmə aktlarının əsassız ləğvinin qarşısını almaq məqsədini güdür.

38. Məhkəmə təcrübəsində hüquqi müəyyənlik prinsipinin əsas meyarı son məhkəmə instansiyası qərarının mübahisələndirilməməsidir. Əks halda ədalət mühakiməsinin təminatı uzun müddətə artırıla bilər və hər hansı bir ağlabatan müddətin pozulmasına səbəb ola bilər. Digər tərəfdən isə istənilən zaman son məhkəmə qərarının yenidən baxılıb ləğv edilməsi insanlarda ümumiyyətlə məhkəmə qərarlarına və ədalət mühakiməsinə inamı zəiflədə bilər.

39. Konstitusiya Məhkəməsinin Plenumu bir sıra qərarlarında bildirmişdir ki, məhkəmə təcrübəsində res judicata (artıq həll olunmuş iş) prinsipi qorunmalıdır. Qanuni qüvvəyə minmiş məhkəmə qərarı yenidən mübahisələndirilməməlidir.

40. Hüquqi müəyyənliyin əsas amili ondan ibarətdir ki, tərəflərdən heç birinin həmin iş üzrə yenidən məhkəmə araşdırılmasının aparılması və yeni qərarın qəbul edilməsi məqsədi ilə qüvvəyə minmiş yekun məhkəmə qərarına yenidən baxılmasını tələb etmək imkanı olmamalıdır.

41. Odur ki, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, həmin dəlillər qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır.

42. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94, 100, 103, 106-cı maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Ərizəçi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 may 2024-cü il tarixli 2-1(82)-2552/2018 nömrəli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər.

Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar