Məhkəmə qərarları › İş №2-1(103)-3084/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3084/2022

27.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3084/2022 27.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Oruczadənin sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və Mirzə Nəsib oğlu Tağızadədən ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 3724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “müharibə veteranı adı və vəsiqəsinin verilməsi” tələbini irəli sürərək iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1967-ci ildə Zəngilan rayon Ağalı kəndində anadan olmuşdur. O, könüllü olaraq müharibədə iştirak etmək üçün N may N-ci il tarixdə N nömrəli hərbi hissəyə xidmət keçmək üçün göndərilmiş, daha sonra Müdafiə Nazirinin əmrinə əsasən N nömrəli hərbi hissədən N nömrəli hərbi hissəyə xidmətini davam etdirmək üçün göndərilmişdir. xx.xx.N-cü il tarixdən xx.xx.1996-cı il tarixədək N nömrəli hərbi hissədə xidmət etmişdir. Xidmət dövrü ərzində müharibə zamanı döyüş əməliyyatları icra olunan zaman döyüş şəraitində “Döş qəfəsinin kor güllə yarası” xəsarətini alaraq, xx.xx.1994-cü il tarixdə hospitala təxliyyə olunmuşdur. xx.xx.1994-cü il tarixdə hospitaldan xəstəliyi ilə əlaqədar 45 (qırx beş) günlük məzuniyyətə buraxılmışdır. Məzuniyyətdən xidməti yerinə N nömrəli hərbi hissəyə qayıtmış, yenidən N (o beş) günlük məzuniyyətə buraxıldıqdan sonra məzuniyyətdən xidməti yerinə qayıtmışdır. Daha sonra atəşkəs olmuşdur. O, yenə də, xidməti yerində olmuşdur. Xidməti yerini hər hansı özbaşına tərk etmə faktı olmayıb. xx.xx.1995-ci il tarixdə Silahlı Qüvvələrin Baş Klinik Hospitalında döyüş əməliyyatları zamanı aldığı xəsarətə görə əməliyyat olunaraq döş qəfəsində olan güllə çıxarılmışdır. xx.xx.1996-cı il tarixli, N nömrəli hərbi hissə komandirinin müvafiq əmri ilə Ordu Sıralarından tərxis olunmuşdur. Uzun illərdir “Müharibə veteranı” adının və vəsiqəsinin verilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, Müdafiə Nazirliyi qanunsuz olaraq ona müharibə veteranı adı və vəsiqəsinin verilməsi üçün dəfələrlə müraciət etməsinə baxmayaraq, cavabdeh qanunsuz olaraq ona müharibə veteranı adı və vəsiqəsini verməmişdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı etiraz təqdim edilərək bildirilmişdir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında” Əsasnamənin 1-ci bəndinə əsasən “1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığını yerinə yetirilməsi üçün ezam olunmuş hərbi qulluqçulara 10 may 1994-cü il tarixdən sonra döyüş zonasında hərbi xidmət keçərkən yaxud döyüş zonasında döyüş tapşırığını yerinə yetirməsi ilə bağlı ezamiyyətlərdə olarkən bilavasitə döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara - müdafiə, daxili işlər, milli təhlükəsizliyi, ədliyyə orqanları, Dövlət Sərhəd Xidməti və hərbi hissələr və Xüsusi Dövlət Mühafizə Xidməti və Naxçıvan Muxtar Respublikasının Ədliyyə Nazirliyi tərəfindən verilmiş arayışlar, şəxsi işlər, hərbi biletlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar və əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında “Müharibə veteram” adı verilir. Həmin Qərara dəyişiklər edilməsinə dair Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2018-ci il tarixli 422 №-li Qərarına əsasən” Əsasnamənin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndində ‘‘hərbi biletlər”sözlərindən sonra (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrinin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda) sözləri əlavə edilmişdir. Müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş “Müharibə veteranı”, “Silahlı qüvvələr veteranı”, və “Əmək veteranı” adlarının verilməsi qayda və şərtləri haqqında” Əsasnamənin Silahlı Qüvvələrində tətbiq edilməsi qaydalarına dair Təlimatının 1.6-cı bəndindən görünür ki, “Müharibə Veteranı” adı və vəsiqəsi almaq üçün döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanın şəxsi heyətinin siyahılarında olmasını sübut edən nizami hissə üzrə əmrlərində hərbi hissənin səxsi heyətinin siyahısından çıxarılması barədə məlumat mütləq təqdim edilməlidir. Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin 15 yanvar 2016-cı il tarixli arayışına əsasən İddiaçı N nömrəli hərbi hissədə N dekabr N-cü il tarixdən hərbi xidməti və müalicə olunaraq 14 fevral 1994-cü il tarixdən 30 mart 1994-cü il tarixədək xidməti barədə məlumat aşkar olunmamışdır və eyni zamanda iddiaçı bu barədə məhkəməyə heç bir sübut təqdim etməmişdir. Göstərilənlərə əsasən hesab edirlər ki, İddiaçı müharibə veteranı adı və vəsiqəsi verilməsindən Azərbaycan Respublikası Müdafiə Nazirliyi əsaslı və qanuni olaraq imtina etmişdir. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 14.3-cü maddəsinə görə inzibati aktın qəbul edilməsi tələbinə dair iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə qərar qəbul edərkən onun Ordu Sıralarından tərxis olunmağı ilə bağlı əmrin olmamasına istinad etmişdir. Lakin məhkəmə arxiv arayışında qeyd edilən Azərbaycan Respublikası Silahlı Qüvvələrin BQRnin 27.06 95-ci il drektivinə əsasən 25 və yuxarı özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 40 №-li (əsas: səh.83, § 7, sıra – 429) əmrilə sıravi İddiaçı şəxsi heyət siyahısından və bütün təminat növlərindən çıxarılmışdır sözünü nəzərə almamışdır. Cavabdeh orqan mənim xx.xx.1994-xx.xx.1994-cü il tarixlərdə xidməti barədə məlumat olmadığına görə mənə “Müharibə veteranı” adı və vəsiqəsinin verilməsindən imtina etdiyini bildirmiş və məhkəmə həmçinin onu əsas götürmüşdür. Lakin məhkəmə öz qərarının təsviri əsaslandırıcı hissədə qeyd etdiyi hospitalın həmin dövrü üçün mənə məzuniyyət verilməsi barədə arayışı və xx.xx.1994-cü il tarixdən xx.xx.1994-cü il tarixədək Müdafiə Nazirliyinin Baş Klinik Hospitalında stasionar müayinə və müalicədə olmağı barədə məlumatı nəzərə almamışdır. O, müharibə dövründə könüllü olaraq hərbi xidmətə yollamış, döyüşmüş və yaralanmışdır. Yaralandıqdan sonra hospitalda mərhələli şəkildə müalicədə və müayinədə olmuşdur. Lakin xidməti yerini xx.xx.1994-cü il tarixədək tərk etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətində qeyd edilənlərə uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini, iddia tələbini təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etdilər. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilmiş cavabdeh nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk öncə iddianın mümkünlüyü ilə bağlı aşağıdakıları qeyd edir: Baxılan işdə iddianın ümumi və xüsusi mümkünlük şərtləri mövcuddur. Hazırki işdə söhbət İnzibati Prosessual Məcəllənin 1.1-ci maddəsində nəzərdə tutulmuş mənada inzibati mübahisədən gedir ki, buna da baxmaq səlahiyyəti inzibati məhkəmələrə aiddir (İPM-in 2.1, 3.1 və 8.1-ci maddələri). İddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. İPM-in 2.2.2-ci maddəsinə əsasən inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Həmin Məcəllənin 33.1-ci maddəsinə əsasən məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. Məcburetmə haqqında iddianın xüsusi mümkünlük şərti, sözügedən iddia tələbi ilə məhkəməyə müraciət etməmişdən öncə müvafiq inzibati orqana müraciət edilməsidir ki, iş materiallarına əlavə olunmuş cavabdehin xx.xx.2021-ci il tarixli, 413-802 nömrəli məktubunun surətindən görünür ki, iddiaçı məhkəməyə müraciət etməmişdən öncə müvafiq ərizə ilə cavabdehə müraciət etmiş, cavabdeh tərəfindən onun müraciəti təmin edilməmişdir. Bundan sonra iddiaçı tərəfindən müvafiq iddia ərizəsi ilə xx.xx.2020-ci il tarixdə məhkəməyə müraciət edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, iddia mümkün iddia olsa da, mahiyyəti üzrə əsassız olması nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. «Veteranlar haqqında» AR Qanununun 3-cü maddəsinin birinci hissəsinin ücüncü abzasına görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarında iştirak etmiş şəxslər müharibə veteranları sayılırlar. Həmin maddənin ikinci hissəsinə görə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının aparıldığı ərazilərin və dövrlərin siyahısı, habelə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatlarının iştirakçılarına aid edilən şəxslərin kateqoriyalarının siyahısı müvafiq icra hakimiyyəti tərəfindən təsdiq edilir. Sözügedən Qanunun 7-ci maddəsinin birinci hissəsinə görə Müharibə veteranı, Silahlı Qüvvələrin veteranı və əmək veteranı adlarının verilməsi qaydaları və şərtləri müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Həmin maddənin üçüncü hisəssinə görə veteran adları və vəsiqələri öz səlahiyyətləri daxilində müvafiq icra hakimiyyəti orqanları tərəfindın verilir. AR Nazirlər Kabinetinin 216 saylı 22 sentyabr 1995-ci il tarixli Qərarı ilə təsdiq edilmiş «Müharibə veteranı, silahlar qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə»nin 1-ci hissəsinin 1-ci bəndinin 8-ci yarımbəndinə görə müharibə veteranı adı Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda 1988-ci il fevralın 1-dən 1994-cü il mayın 12-dək erməni millətçi dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində – Naxçıvan MR (Kərki kəndi daxil olmaqla), keçmiş DQMV ərazisində, habelə Laçın, Qubadlı, Zəngilan (Seyidlər kəndi daxil olmaqla), Cəbrayıl, Füzuli, Ağdam, Tərtər (keçmiş Mirbəşir), Goranboy (Qasım İsmayılov və Şaumyan (kənd), Daşkəsən, Göygöl (keçmiş Xanlar), Kəlbəcər, Gədəbəy, Tovuz, Ağstafa, Qazax (Sofulu, Barxudarlı, Yuxarı Əskipara kəndləri daxil olmaqla) rayonlarının ərazilərində aparılan döyüş əməliyyatlarında özünümüdafiə dəstələrinin və birləşmələrinin tərkibində iştirak etmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə, döyüş əməliyyatları aparan hərbi hissələrə və ya orqanlara döyüş tapşırığının və ya döyüş təminatı ilə bağlı tapşırıqların yerinə yetirilməsi üçün ezam olunmuş, həmçinin 1994-cü il 12 may tarixindən sonra döyüş zonasında hərbi xidmət keçərkən, yaxud döyüş zonasında döyüş tapşırığının yerinə yetirilməsi ilə bağlı ezamiyyətlərdə olarkən, bilavasitə döyüş əməliyyatlarında iştirak edən və həmin döyüş əməliyyatları ilə əlaqədar xəsarət (yaralanma, travma, kontuziya) almış hərbi qulluqçulara – müdafiə, daxili işlər, dövlət təhlükəsizliyi, ədliyyə, fövqəladə hallar orqanları, AR Dövlət Sərhəd Xidməti, AR Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidməti, AR Xüsusi Dövlət Mühafizə Xidməti və hərbi idarəetmə orqanları tərəfindən verilmiş arayışlar, hərbi biletlər (hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edildiyi halda), şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, xəsarət (yaralanma, travma, kontuziya) alma haqqında arayışlar, yerli icra hakimiyyəti orqanlarının təsdiq etdikləri siyahılar (döyüşlərdə iştirakı sübut edən sənədlərlə birgə təqdim edildiyi halda), əmrlərdən çıxarışlar, hərbi döyüşlərdə iştirakı sübut edən başqa sənədlər əsasında verilir. Azərbaycan Respublikası müdafiə nazirinin xx.xx.1998-ci il tarixli 4 nömrəli əmri ilə qüvvəyə minmiş «Müharibə veteranı», «Silahlı Qüvvələr veteranı» və «Əmək veteranı» adlarının verilməsinin qayda və şərtləri haqqında» Əsasnamənin Silahlı Qüvvələrdə tətbiq edilməsi qaydalarına dair Təlimat»ın 1.6-cı bəndinə əsasən 1988-ci il fevralın 1-dən 1991ci il oktyabrın 9dək erməni milliyyətçi quldur dəstələrinə qarşı Ermənistanla həmsərhəd inzibati ərazi vahidlərində - keçmiş DQMV ərazisində ... aparılan döyüş əməliyyatlarında iştirak etmiş şəxslərə ... - 1991-ci il oktyabrın 9-dan 1994-cü il mayın 10-dək döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş şəxslərə «Müharibə veteranı» adı və vəsiqəsi Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçməsini sübut edən sənədlər (şəxsi işlər, orden və medallarla təltif olunmaq haqqında vəsiqələr, döyüşlərdə yaralanma haqqında arayışlar, nizami hissə üzrə əmrlərdən çıxarışlar, hərbi biletlər, Müdafiə, Daxili işlər və Milli Təhlükəsizlik nazirliklərinin orqanları, yerli icra hakimiyyəti, hərbi idarəetmə orqanları və ya hərbi hissələri tərəfindən verilmiş arayışlar) əsasında verilir. “Hərbi qulluqçuların statusu haqqında” Azərbaycan Respublikası Qanunun 3-cü maddəsinə əsasən, vətəndaşlar Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş qaydada Azərbaycan Respublikasının Silahlı Qüvvələrinə çağırıldıqları, könüllü qaydada və ya bağlaşma üzrə Silahlı Qüvvələrdə xidmətə daxil olduqları, toplanışlara çağırıldıqları, hərbi təhsil müəssisələrinə daxil olduqları gündən hərbi qulluqçu statusu əldə edir və Azərbaycan Respublikasının Silahlı Qüvvələrində xidmətdən buraxıldıqları, qoşun hissəsinin siyahılarından çıxarıldıqları, hərbi təhsil müəssisələrindən çıxarıldıqları və ya kənar edildikləri, toplanışı başa çatdırdıqları gündən bu statusu itirirlər. (7 oktyabr 1997-ci il tarixli 378-İQD nömrəli Azərbaycan Respublikasının Qanunu ilə bu maddədə “qoşun hissəsinin siyahılarından” sözləri hərbi hissənin siyahılarından” sözləri ilə əvəz edilmişdir). “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 14-cü maddəsinə əsasən, hərbi qulluqçunun həqiqi hərbi xidmətin sonu hərbi hissə komandirinin əmri ilə şəxsi heyət siyahısından çıxarıldığı gün sayılır. Mövcud qanunvericilik normaları aidiyyəti qurumlar tərəfindən verilmiş arayışlar və hərbi biletlərlərin “müharibə veteranı” adı verilməsi üçün əsas kimi müəyyən edərkən onların hərbi xidmət keçməsini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları ilə birgə təqdim edilməsi ilə şərtləndirir. İş materiallarında olan cavabdeh inzibati orqanın xx.xx.2022-ci il tarixli 4/2-5762 nömrəli məktubunda qeyd edilmişdir ki, “N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 160 №-li əmrilə (əsas: § 1) İddiaçı batalyonun tərkibinə daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 164 №-li əmrində (əsas: § 3, sıra 4, əmrdə atasının adı yazılmamışdır) İddiaçı müqavilə əsasında batalyonun tərkibinə daxil edilməsi barədə məlumat vardır. N №-li hərbi hissə komandirinin xx.xx.N-ci il tarixli 182 №-li əmrində (əsas: § 1, sıra 8, əmrdə atasının adı yazılmamışdır) İddiaçı Şayıflı postuna ezam olunması barədə məlumat vardır. Xidmətini davam etdirmək üçün N №-li hərbi hissədən gəlmiş 1967-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 364 №-li əmrilə (əsas: səh 414, § 27, sıra 62) BMO-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: səh 147, § 3, sıra 11) İddiaçı yaralanaraq hospitala göndərildiyi üçün BMO-nun qazan təminatından çıxarılmışdır. Qeyd edilir ki, N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N №-li hərbi hissə komandirinin fevral- dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti barədə məlumat aşkar edilməmişdir.” Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Mərkəzi Arxivinin xx.xx.2016-cı il tarixli 9/2-274 nömrəli arxiv arayışına əsasən, 1967-ci il təvəllüdlü İddiaçı ondan ötrü ki, N №-li hərbi hissə komandirinin N may N-ci il tarixli 160 №-li (əsas: § 1. sıra - 1.) əmrilə İddiaçı taburun tərkibinə daxil olunmuşdur. Azərbaycan Respublikası Müdafiə Nazirinin 24.12.93-cü il tarixli müvafiq saylı əmrinə əsasən N №İ hərbi hissə komandirinin N №-İİ ( Əmrdə tarix yazılmamışdır. 281 №-li əmr xx.xx.N-cü il tarixdə yazılmışdır.) əmrilə bir qrup hərbi mükəlləfiyyətlilər hərbi xidmətini davam etdirmək üçün N №-li hərbi hissəyə göndərilmişdir. Əmrdə adlı siyahı yazılmadığı üçün İddiaçı xidməti əmr üzrə təsdiq edilə bilinmir. Azərbaycan Respublikası Müdafiə Nazirinin 25.12.93~cü il tarixli sərəncamına əsasən N №-li hərbi hissədən xidmətini davam etdirmək üçün N №-li hərbi hissə komandirinin sərəncamına gəlmiş kiçik çavuş İddiaçı N №-li hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli 364 №-li (əsas: səh. 414. § 27. sıra - 62.) əmrilə şəxsi heyət siyahısına və bütün təminat növlərinə qoyulmuşdur. Azərbaycan Respublikası Silahlı Qüvvələrin BQR-nin 27.06.95-ci il tarixli drektivinə əsasən 25 və yuxarı yaş həddinə görə hərbi hissəni özbaşına tərk etdiyinə görə N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli 40 №-li ( əsas: səh. 83. § 7. sıra -- 429.) əmrilə sıravi İddiaçı şəxsi heyət siyahısından və bütün təminat növlərindən çıxarılmışdır. İş materiallarında olan Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş 531 nömrəli, xx.xx.2016-cı il tarixli Qərarın surətindən görünür ki, Zəngilan RHK tərəfindən N-ci ildə hərbi xidmətə çağırılmış, Füzuli Hərbi Prokurorluğunun xx.xx.2016-cı il tarixli məktubunda barəsində təqsirləndirici materialın və cinayət işinin olmadığı qeyd edilmiş vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı, xx.xx.1994-cü ildən, xx.xx.1994-cü ilə kimi X1 Cərrahiyyə Mərkəzində müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Döş qəfəsinin kor güllə yarası" və 02.11,1995-ci ildən 22.11,1995-ci ilə kimi Müdafiə Nazirliyini Mərkəzi Hərbi Klinik Hospitalında müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: “Hemopnevmotoraks ilə döş qəfəsinin sag yarısının odlu silahla kor güllə yaralanması nəticəsində diafraqmanın sağ hissəsinin yad cismi” (Azərbaycan Respublikası SHXÇDXnin Zəngilan rayon bölməsinin xx.xx.2016-ci il tarixli 437 nömrəli göndərişi, xx.xx.2016-cı il tarixli 207 nömrəli arayışı, X1 Cərrahiyyə Mərkəzindən verilmiş xx.xx.1994-cü il tarixli çıxarış epikrizi, MN MHKH-dan verilmiş xx.xx.1995-ci il tarixli çıxarş epikrizi, MN Mərkəzi Hərbi Poliklinikasının hərbi həkim komissiyası tərəfindən verilmiş xx.xx.1994-cü il tarixli 1577 nömrəli arayışı, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “HƏRBİ TRAVMADİR, AZƏRBAYCAN RESPUBLİKASİNİN MÜDAFİƏSİ ZAMANİ ALİNMİŞDİR”. Apellyasiya şikayətinin dəlillərinə cavab olaraq Məhkəmə kollegiyası qeyd edir ki, işin araşdırılmış hallarından göründüyü kimi, N nömrəli hərbi hissədən gəlmiş 1967-ci il təvəllüdlü kiçik çavuş İddiaçı N nömrəli hərbi hissə komandirinin xx.xx.N-cü il tarixli, 364 nömrəli əmrilə (əsas: səh 414, §27, sıra 62) BMO-nun şəxsi heyətinin siyahısına və bütün növ təminatlara daxil edilmişdir. N №-li hərbi hissə komandirinin xx.xx.1994-cü il tarixli 27 №-li əmrilə (əsas: səh 147, § 3, sıra 11) İddiaçı yaralanaraq hospitala göndərildiyi üçün BMO-nun qazan təminatından çıxarılmışdır. Hərbi hissəni özbaşına tərk etdiyi üçün yuxarı yaş hədli, 1967-ci il təvəllüdlü sıravi İddiaçı Azərbaycan Respublikası Silahlı Qüvvələri Baş Qərargah rəisinin xx.xx.1995-ci il tarixli müvafiq Direktivinə əsasən N №-li hərbi hissə komandirinin xx.xx.1996-cı il tarixli, 40 №-li əmrilə (əsas: səh 83, § 7, sıra 429) şəxsi heyətin siyahısından və bütün növ təminatlardan çıxarılmışdır. N №-li hərbi hissə komandirinin dekabr N-cü il tarixli, N №-li hərbi hissə komandirinin fevral-dekabr 1994-cü il tarixli nizami hissə üzrə əmrlərində İddiaçı xidməti, məzuniyyətə getməsi və qayıtması barədə məlumat aşkar edilməmişdir. Beləliklə, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1995-ci il tarixli, 216 №-li Qərarı ilə təsdiq edilmiş “Müharibə veteranı, silahlı qüvvələr veteranı və əmək veteranı adlarının verilməsi qaydası və şərtləri haqqında Əsasnamə”nin 1-ci hissəsinin birinci bəndinin səkkizinci yarımbəndinə əsasən döyüş əməliyyatları aparan hərbi hissə və ya orqanların tərkibində hərbi xidmət keçmiş hərbi qulluqçulara hərbi biletlə yanaşı, hərbi xidmət keçmələrini sübut edən hərbi hissələrin nizami hissə üzrə əmrləri və ya arxiv arayışları təqdim edilməli olduğundan, iddiaçının isə qanuni əsaslarla tərxis olunmsı və döyüş əməliyyatları aparılan hərbi hissədə xidmət etməsi barədə hərbi hissənin nizami hissə üzrə əmrlərin olması işin halları ilə sübuta yetirilmədiyindən iddia tələbi əsaslı hesab edilə bilməz. Yuxarıda qeyd olunanlara əsasən, Məhkəmə kollegiyası hesab edir ki, iddiaçıya “müharibə veteranı” adı və vəsiqəsi verilməsindən cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin imtinasının qanuna zidd sayılmaması və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməməsi nəticəsinə gəlməkdə birinci instansiya məhkəməsi haqlı olmuşdur. İPM-in 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. İPM-in 68-ci maddəsinə əsasən məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, dəlillər qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq, şikayət təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır (İPM-87.6). Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 62, 81, 75 və 85-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-3724/2022 saylı, 14 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Xəyalə Cəmilova Mirzə Tağızadə

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar