Məhkəmə qərarları › İş №2-1(103)-3084/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3084/2024

20.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3084/2024 20.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X2 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X3 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair inzibati iş üzrə cavabdehin yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(82)-1796/2016 saylı qərardadından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: Təsviri hissə: İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Nizami rayon şöbəsinə qarşı iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət edərək, ona “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci il tarixdən xx.xx.2010-cu il tarixədək işlədiyi dövrün iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. 2 saylı Bakı İnzibati-İqstisadi Məhkəməsinin xx.xx.2016-cı il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı 1974-cü ildən 1977-ci ilədək 50 nömrəli orta texniki peşə məktəbində təhsil müddətini, xx.xx.1977-ci ildən xx.xx.1979-cu ilədək hərbi xidmətdə olduğu dövrün sosial sığorta stajı kimi, habelə “Neftqaztikinti” trestinin idarələrində xx.xx.1980-ci il tarixdən xx.xx.1997-ci il tarixədək iş stajının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli, 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına uyğun olaraq xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla xx.xx.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi, təyin edilmiş pensiyanın xx.xx.2009- cu ildə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq yenidən heasblanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdaifəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Sözügedən qərar yuxarı instansiya məhkəmələri tərəfindən dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı xx.xx.2024cü il tarixdə ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək hazırkı iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsi və ərizəçi Fondun Nizami rayon şöbəsini əsl ərizəçi olan Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı ilə əvəz edilməsinə dair qərar çıxarılmasını xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, araşdırma zamanı, şöbə tərəfindən İddiaçı adına açılmış pensiya işində və “Pensiyaçının uçot vərəqi”ndə onun xx.xx.2009-cu il tarixdən 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə uyğun olaraq təyin edilməsi və ya yenidən hesablanması ilə bağlı şöbəyə müraciət sənədi (ərizəsi), şöbənin Pensiya təyin edən komissiyasının vətəndaşın müraciəti ilə əlaqədar verdiyi imtina qərarı, imtina barədə vətəndaşa şöbə tərəfindən ünvanlanmış məktub, məhkəmənin şöbə ilə bəzi yazışmaları, şöbənin birinci instansiya məhkəməsinə göndərdiyi müvafiq etiraz məktubu aşkar edilməmişdir. Bütün dövr ərzində Fond tərəfindən yerli qurumlara pensiya işlərinin inventarizasiyasının aparılması barədə verilmiş ciddi tapşırıqlara baxmayaraq, İddiaçı aid işə tikilmədiyi qeyd edilən zəruri sənədlərlə əlaqədar şöbənin məsul işçiləri tərəfindən heç bir tədbir görülməmişdir. Araşdırma zamanı vətəndaşın pensiya işində olan əmək kitabçasının surətində qeyd olunmuş elektrik qaynaqçısı peşəsinin Güzəştli siyahının 35-ci “Ümumi peşələr” bölməsinin əl ilə qaynaq aparan elektrik qaynaqçıları” peşəsinə aid olduğu, 1 №-li siyahıya uyğun olmadığı müəyyən edilmişdir. Belə ki, elektrik qaynaqçısı peşəsi 2 №-li siyahıda müvafiq olaraq 23200000-19906 kodu ilə konkret müəyyən edilmiş, bu kodla İddiaçı güzəştli şərtlərlə əmək pensiyası hüququ 50 deyil, 57 yaşdan, yəni xx.xx.2016-cı ildən yaranır. Beləliklə, araşdırma nəticəsində qüvvədə olan qanunvericiliyə əsasən İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququna 50 yaşından malik olmadığı, məhkəmə qərarlarında vətəndaşın güzəştli hesab olunan işlədiyi istehsalat sahəsi və peşəsinin qüvvədə olan Güzəştli siyahıda, habelə 1 və ya 2 №-li siyahılarda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) uyğunluğunun əsaslandırılmadığı, vətəndaşın işlədiyi peşəsinin qüvvədə olmuş 2 №-li siyahı və Güzəştli siyahı üzrə 57 yaşından əmək pensiyası hüququ olduğu halda qüvvədə olan normativ hüquqi aktların tələblərinə zidd olaraq ümumi mülahizələr əsasında 50 yaşından güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması barədə müvafiq məhkəmə qərarlarının qəbul edilməsinə nail olunması müəyyən edilmişdir. Göstərilənlər təsdiq edir ki, məhkəmə baxışları formal olaraq keçirilmiş, məhkəmə qərarlarının tərtibi və rəsmiləşdirilməsi zamanı şablon mətnlərdən istifadə edilmiş, məhkəmə predmeti ötən dövrlərdən təyin edilməklə və yenidən hesablanmaqla vətəndaşa təyin edilmiş əmək pensiyasının aylıq miqdarının yüksək məbləğə çatdırılması və ötən dövrlərdən yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsinin qoyulması olmuşdur. xx.xx.2016-cı il tarixdən xx.xx.2020-ci il tarixədək olan dövr üzrə İddiaçı qanunvericiliklə cəmi ödənilməli pensiya məbləği 22043,36 manat təşkil edəcəkdir. xx.xx.2009-cu il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ olmadığı halda məhkəmə qərarları nəzərə alınmaqla orta aylıq əməkhaqqı əsasında Fondun keçmiş Bakı şəhəri Nizami rayon şöbəsinin müvafiq sərəncamı ilə İddiaçı aylıq əmək pensiyasının yüksək məbləğə çatdırılmasına və xx.xx.2020-ci il tarixədək ödənilməsinə nail olunması nəticəsində plastik kart hesabına köçürülmüş və nağdlaşdırılmış cəmi əsassız məbləğ 131 354,52 manat (153397,88 - 22043,36) təşkil etmişdir. Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(82)-1796/2016 saylı qərardadı ilə (hakim H.Ağalarov) Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsi mümkün sayılmamışdır. Cavabdeh iş üzrə icraatın təzələnməsi barədə ərizənin məzmunu ilə eyni məzmunda əsaslandırılan apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(82)-1796/2016 saylı qərardadının ləğv edilməsini, ərizənin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “yeni açılmış hallarla bağlı” ərizəsinin təmin edilərək iş üzrə icraatın təzələnməsi barədə qərar qəbul edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Məhkəmə kollegiyası tərəfləri dinləyib, iş materiallarını və ərizəni araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Belə ki, Azərbaycan Respublikası İPM-in: -100-cü maddəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. - 101-ci maddəsinə görə yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəyə qərarına qarşı ərizə verilmiş məhkəmə tərəfindən baxılır. - 102-ci maddəsinə əsasən yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə vermiş şəxs (ərizəçi), habelə qərarına qarşı ərizə verilmiş məhkəmədə icraatın iştirakçıları olmuş başqa şəxslər, yeni açılmış hallar üzrə məhkəmə icraatının iştirakçıları sayılırlar. - 103.2-ci maddəsinə əsasən mübahisə edilən qərarın qanuni qüvvəyə mindiyi vaxtdan 3 il keçdikdən sonra yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, yalnız ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü ləğv olunduğu hallarda verilə bilər. -103.3-cü maddəsinə əsasən bu Məcəllənin 103.1-ci və 103.2-ci maddələrində nəzərdə tutulmuş müddətlərin buraxıldığı hallarda, həmin müddətlərin bərpasına yol verilmir. Məhkəmə kollegiyası qeyd edir ki, iş materiallarından və “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizədən məlum olur ki, iş üzrə cavabdeh DSMF Bakı şəhəri Nizami rayon şöbəsi tərəfindən Bakı İnzibati Məhkəməsinin hazırkı iş üzrə müvafiq qərarından verdiyi apelyasiya şikayəti təmin edilməmiş, cavabdeh tərəfindən verilən kassasiya şikayəti isə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 30 avqust 2016-cı il tarixli qərarı ilə dəyişdirilmədən saxlanılmışdır. İPM-in 89-cu maddəsinə görə bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır. Lakin, “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə isə, məhkəməyə 13 mart 2024-ci il tarixdə – ona qarşı ərizə verilmiş məhkəmə qərarının qanuni qüvvəyə mindiyi 30 avqust 2016-cı il tarixdən (iş üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının qərarı 30 avqust 2016-cı il tarixdə qəbul edilmişdir) 8 ildən artıq vaxt keçdikdən sonra təqdim edilmişdir. Halbuki, inzibati prosessual qanunvericiliyin tələbləri “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizənin verilməsini müvafiq məhkəmə hökmünün (ilkin icraat zamanı məhkəmənin istinad etdiyi ittiham hökmü) ləğv edildiyi hal istisna olmaqla, məhkəmə qərarının qanuni qüvvəyə minməsindən 3 il keçənədək mümkün sayır və ərizənin verilməsi üzrə buraxılmış həmin müddətin bərpasını istisna edir. Nəzərə alınmalıdır ki, hazırkı iş üzrə ilkin icraat zamanı məhkəmə hər hansı məhkəmə hökmünə istinad etməmişdir. İPM-in 106-cı maddəsinə görə məhkəmə icraatın təzələnməsi üçün ərizədə göstərilmiş əsaslarla bağlıdır. İcraatın təzələnməsi üçün məhkəmə bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olduğunu müəyyən etdiyi hallarda, ərizənin təmin edilməsi və yeni açılmış hallarla bağlı icraatın təzələnməsi haqqında qərardad qəbul edir. İcraatın təzələnməsi üçün bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş əsaslardan hər hansı birinin mövcud olmadığı hallarda, ərizənin rədd edilməsi haqqında məhkəmə tərəfindən qərardad qəbul edilir. İPM-in 107.1-ci maddəsinə əsasən müvafiq səlahiyyətli məhkəmə ilkin icraat üzrə araşdırmanı davam etdirir. İlkin məhkəmə qərarının qəbul edildiyi zaman istinad edilmiş faktiki hallar yeni sübutlar əsasında məhkəmə tərəfindən araşdırılır və ilkin ərizə üzrə yeni qərar qəbul edilir. Göründüyü kimi, inzibati mübahisələrin məhkəmə aidiyyəti, onlara məhkəmədə baxılmasının və həll edilməsinin prosessual prinsip və qaydaları İPM-lə müəyyən edilir. Bu Məcəllədə mübahisəyə mahiyyəti üzrə baxılıb qərar qəbul edildikdən sonra müvafiq səlahiyyətli məhkəməyə “yeni açılmış hallarla bağlı” icraatın təzələnməsinə dair ərizə verilməsi və Məcəllədə göstərilən əsasların mövcud olduğu hallarda həmin ərizə təmin olunmaqla icraatın təzələnməsi, əks təqdirdə isə ərizənin təmin olunmaması nəzərdə tutulsa da, ərizə bu Məcəllə ilə müəyyən edilmiş müddətə əməl edilmədən təqdim edildikdə, tətbiq edilməli prosedur qayda və nəticə əks olunmamışdır. «Normativ hüquqi aktlar haqqında» Azərbaycan Respublikasının Konstitusiya Qanununun 13-cü maddəsinə görə konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda hüququn analogiyasından və ya qanunun analogiyasından istifadə oluna bilər. Əvvəlcə qanunun analogiyasından istifadə olunur. Konkret ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları olmadıqda, həmin ictimai münasibətlərə oxşar ictimai münasibətləri tənzimləyən qanunvericilik normaları tətbiq edilir. Cavabdehin apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, inzibati məhkəmə icraatında bu halı tənzimləyən konkret müddəa olmadığından, “yeni açılmış hallarla bağlı” ərizə məhkəməyə qanunla müəyyən edilmiş müddət kriteriyasına əməl olunmadan verildikdə, ərizənin qanunun analogiyası tətbiq edilməklə mümkün sayılmaması daha adekvat prosessual nəticə kimi qəbul olunandır, nəinki “rədd edilməsi”. Çünki, məhkəməyə “iddia ərizəsi”nin daxil olması zamanı iddiaya və “yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair” ərizə təqdim edilərkən həmin ərizədə göstərilənlərə mahiyyəti üzrə baxılmasının mümkünsüz sayılması bir-birindən nəticə etibarı ilə fəqlənmir (həmin vaxtadək olan vəziyyəti dəyişdirmir) və bu halların qeyd olunan xüsusat baxımından analoji xarakterli qiymətləndirilməsi İPM-in prinsiplərini pozmur. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə prosessual hüquq normalarının tətbiqi baxımından qanuni, işin faktiki halları baxımından əsaslı olduğu üçün qərardad dəyişdirilmədən saxlanılmalı, apellyasiya şikayətinin dəlilləri əsassız olduğundan təmin edilməməlidir. Nəticəvi hissə: Şərh edilənlərə əsasən və İPM-in 80, 89, 90, 100, 103, 107-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Qərara aldı: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 21 may 2024-cü il tarixli, 2-1(82)-1796/2016 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar