Məhkəmə qərarları › İş №2-1(103)-3085/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3085/2024

05.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3085/2024 05.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X2 (sədrlik edən və məruzəçi), X5 və Cəmilova Xəyalə Adil qızından ibarət tərkibdə, Nizamli Aygün Ülviyyət qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2125/2024 nömrəli, xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə şifahi məhkəmə icraatı qaydasında Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi: İŞİN HALLARİ

1. AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsinin surətinə əsasən xx.xx.1963-cü il təvəllüdlü İddiaçı (bundan sonra – iddiaçı) Bakı şəhəri, Zirə qəsəbəsi, ünvan 1 ünvanında qeydiyyatdadır.

2. H3 ******* nömrəli hərbi biletin surətinə əsasən İddiaçı xx.xx.1981-ci ildə hərbi xidmətə çağırılmış, xx.xx.1983-cü ildə hərbi xidmətdən tərxis edilmişdir.

3. İddiaçıya məxsus 02 oktyabr 1980-ci il tarixli, ИТ-İ № ******* nömrəli əmək kitabçasının surətinə əsasən İddiaçı “Artemnefteqaz” Neft - Qaz Çıxarma İdarəsinə işə girməzdən əvvəl istehsalat təcrübəsi olmayıb, xx.xx.1980-ci ildə “Artemnefteqaz” Neft - Qaz Çıxarma İdarəsi Elmi-tədqiqat istehsalat işlər üzrə sexə 1-ci dərəcəli köməkçi işçi kimi işə qəbul edilib, xx.xx.1981-ci ildə Təbəqəyə buxarın vurulması üzrə buxar generator qurğusunun üçüncü dərəcəli maşinisti kimi köçürülüb, xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilib, xx.xx.1981-ci ildə Elmi-tədqiqat istehsalat işlər üzrə sexə neft təbəqəsinə buxarın vurulması üzrə buxar generator qurğusunun üçüncü dərəcəli maşinisti kimi əvvəlki iş yerinə bərpa edilib, xx.xx.1981-ci Quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3-cü dərəcəli operator kimi köçürülüb, xx.xx.1981-ci ildə Sovet Ordusu sıralarına çağırılması ilə əlaqədar olaraq işdən azad edilib, xx.xx.1984-cü ildə “Artemnefteqaz” NeftQaz Çıxarma İdarəsi İstehsalatın avtomatlaşdırılması sexinə nəzarət-ölçü qurğularının və avtomatikanın 3-cü dərəcəli çilingəri kimi işə qəbul edilib, xx.xx.1984-cü ildə Layların Neftveriminin artırılması və quyuların əsaslı təmiri üzrə İxtisaslaşdırılmış Dəniz İdarəsinə köçürülmə qaydasında işdən azad edilib, xx.xx.1984-cü ildə Neft və qaz hasilatı obyektlərinə Artemovski sahəsinin avadanlığın təmiri və quraşdırılması üzrə 3-cü dərəcəli çilingər-təmirçi kimi köçürülmə qaydasında işə qəbul edilib, xx.xx.1984-cü ildə həmin sahəyə quyuların kimyəvi işlənməsi (emalı) üzrə 3-cü dərəcəli operator kimi işə qəbul edilib, xx.xx.1986-cı ildə Quyuların kimyəvi işlənməsi (emalı) üzrə operatorun 4-cü dərəcəsi təqdim edilib, xx.xx.1987-ci ildə işdən azad edilib, xx.xx.1987-ci ildə Elmitədqiqat və istehsalat işləri uzrə sexə Layların Neftveriminin artırılması və quyuların əsaslı təmiri üzrə İxtisaslaşdırılmış Dəniz İdarəsinə koçurulmə qaydasında dördüncü dərəcəli quyuların kimyəvi işlənməsi (emalı) üzrə operator kimi işə qəbul edilib, xx.xx.1987-ci ildə işdən azad edilib, xx.xx.1987-ci ildə “Artemneftqaz” NQÇİ-dən köçürülmə yolu ilə Neftin tam hazırlanması və təhvil vermə sexinə dördüncü dərəcəli əmtəə operatoru kimi işə qəbil edilib, xx.xx.1988-ci ildə Əməyin ödənilməsi üçün yeni qayda şərtlərinin tətbiq edilməsi ilə əlaqədar olaraq 4 (dördüncü) dərəcə təqdim edilib, xx.xx.1990-cı ildə işdən azad edilib, xx.xx.1990-cı ildə “Dübəndi” sahəsinə 4-cü dərəcəli əmtəə operatoru qəbul edilib, xx.xx.2002-ci ildə həmin peşə üzrə 5ci dərəcə təqdim edilib, xx.xx.2011-ci ildə ştat cədvəlində edilmiş dəyişikliklər əsasasən Neftin tam Hazırlanması və təhvil sahəsində 5-ci dərəcəli operatoru sayılıb, xx.xx.2014-cü ildə ştat cədvəlində edilmiş dəyişikliklər əsasasən Neftin tam Hazırlanması və təhvil sahəsində 5-ci dərəcəli əmtəə operatoru sayılıb, xx.xx.2023-cü ildən hal-hazıra kimi işləyir.

4. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq “Azneft” İB “28 MAY” NQÇİ-nin xx.xx.2023-cü il tarixli, 14-2-1-7/2-12/2023 nömrəli məktubunda qeyd edilmişdir ki, İddiaçı hal-hazırda "28 May" NQÇİ-nin Neftin tam hazırlanması və təhvili sahəsinin Neftin tam hazırlanması və təhvili xidmət sahəsində 5-ci dərəcəli əmtəə operatoru peşəsində çalışır. Müvafiq peşə təlimatının təsdiq olunmuş surəti və işçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı"nda qeyd olunmuş peşədə çalışdığı üçün arayış əlavədə Sizə təqdim olunur. Əlavə olaraq qeyd edirik ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2004-cü il tarixli, 92 nömrəli qərarı ilə təsdiq edilmiş "Əmək şəraitinə və əmək funksiyalarının xarakterinə görə əlavə məzuniyyət hüququ verən, zərərli və ağır istehsalatların, peşə və vəzifələrin Siyahısı”nın Vİ. Neft və qaz sənayesi bölməsinin 14-cü bəndinə əsasən İddiaçı əmtəə operatoru peşəsində çalışdığı müddətdə (xx.xx.1990 - halhazıradək) hər iş ilində 6 (altı) gün əlavə məzuniyyət verilmişdir. Həmçinin “28 May” NQÇİnin struktur bölmələrində iş yerlərinin attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, işçinin tarif maaşına 4% əlavə ödəniş edilmişdir. Həmin məktubla göndərilmiş sənədlərin surətindən görünür ki: - SOCAR, “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma İdarəsinin Şəxsin güzəştli şərtlərlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair Arayışında qeyd edilmişdir ki, arayış verilir İddiaçı ondan ötrü ki, o, “28 May” Neft və Qazçıxarma İdarəsində çalışdığı - aşağıdakı cədvəldə qeyd edilən peşə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda nəzərdə tutulmuş müvafiq peşəyə uyğundur: İşlədiyi vəzifənin peşənin adı: Əmtəə operatoru, Siyahının bölməsi və Siyahıda müvafiq peşənin adı: 10.5.1. (a)- əmtəə operatorları, Vəzifəyə (peşəyə) təyin edilmə tarixi: xx.xx.1990, Vəzifədən (peşədən) azad edilmə tarixi: hal-hazıradək, Əmrin (sərəncamın) nömrəsi və tarixi: 135-k xx.xx.1990.

5. Bakı İnzibati Məhkəməsinin sorğusuna cavab olaraq “Azneft” İB “28 MAY” NQÇİ-nin xx.xx.2024-cü il tarixli, 14-2-1-7/2-8/2024 nömrəli məktubunda qeyd edilmişdir ki, sizin xx.xx.2023-ci il tarixli, 2-1 (112)-113266/2023 nömrəli eyniməzmunlu sorğunuza “28 May” NQÇİ tərəfindən xx.xx.2023-cü il tarixli, 14-2-1-7/2-12/2023 nömrəli məktubla cavab verilmişdir.

6. Sığortaolunanın hesabına dair məlumatlardan görünür ki, Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçının hesabına 2008-2014-cü illər uçun məcburi sığorta ödənişləri edilmişdir. Dövlət Neft şirkəti “Azneft” İstehsalat Birliyi tərəfindən iddiaçının hesabına 2015-2023-cü illər üçün sığorta ödənişləri edilmişdir.

7. İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra – cavabdeh) xx.xx.2023-cü il tarixdə ərizə ilə müraciət edərək ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş etmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən X3 ünvanlanmış xx.xx.2023-cü il tarixli, 3-17-1/2-A172106/2023 nömrəli güzəştli şərtlərlə pensiya təyinatından imtina haqqında məktubda bildirilmişdir ki, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 10 iyul 2023-cü il tarixində daxil olmuş müraciətinizə və ona əlavə olunmuş sənədlərə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Eyni zamanda bildiririk ki, Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativhüquqi aktlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlər Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunmuş siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür va şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr yarımbəndində əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Mərkəzi Filiala təqdim etdiyiniz SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsinin sizə dair 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışında xx.xx.1990-cı il tarixindən bugünədək sözügedən müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. Göründüyü kimi, işlədiyiniz sahə sözügedən arayışda istinad edilən yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Bu səbəbdən də sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyinatı qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir. Müraciətinizə baxılmasının bu məktubda əks olunan nəticəsi ilə bağlı qərarla razı olmadığınız təqdirdə 30 gün müddətində yuxarı inzibati orqana və ya məhkəməyə müraciət etmək hüququnuz vardır.

İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ

a) Birinci instansiya məhkəməsində icraat

8. İddiaçı cavabdehə qarşı iddia tələbi ilə məhkəməyə müraciət edərək, ona güzəştli şərtlərlə əmək pensiyasının xx.xx.2023-cü il tarixdən təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

9. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı əmək kitabçasına görə xx.xx.1990cı ildən SOCAR “Azneft” İstehsalat Birliyi “28 may” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru işləyir. Hal-hazırda orada da əmək fəaliyyətini davam etdirir. İşi ondan ibarətdir ki, neft quyusundan daxil olan neftin çənlərini təmizləyir. Bu proses ağır və zərərli iş şəraiti ilə müşayiət olunur. Neftin tərkibindəki əsas elementlər insan sağlamlığına mənfi təsir göstərir, bir sıra xəstəliklərə yol açır. 13 may 2023-cü il tarixdə onun 60 yaşı tamam olmuşdur. O, güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması üçün cavabdehə müraciət etmişdir. Lakin cavabdeh ona güzəştli şərtlərlə əmək pensiya təyinatından imtina haqqında xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli məktub göndərmişdir. İmtinanın əsas səbəbi kimi, guya SOCAR “Azneft” İstehsalat Birliyi “28 may” Neft və Qazçıxarma İdarəsində əmtəə operatoru vəzifəsindəki işi Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsində (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa) əmtəə operatorları vəzifəsi nəzərdə tutulmaması göstərilir. Bu imtina ilə razı deyil və onu qeyri-qanuni hesab edir. SOCAR "Azneft" İstehsalat Birliyi "28 may" Neft və Qazçıxarma İdarəsinin "Şəxsin güzəştli şərtlə əmək pensiyası hüququ verən işdə çalışmasına dair" xx.xx.2023-cü il tarixli, 01-03/62 nömrəli arayışına əsasən o, xx.xx.1990cı ildən hal-hazırki vaxtadək əmtəə operatoru vəzifəsində işləyir və bu vəzifə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli qərarı ilə təsdiq edilmiş "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı"nın 10.5.1(a) bəndində nəzərdə tutulmuşdur. Bundan başqa, təqdim etdiyim 204 №li Əmək müqaviləsindən görünür ki, əmək fəaliyyəti ağır və zərərli şəraitlə bağlıdır. Buna görə də Azərbaycan Respublikası Əmək məcəlləsinin 115-ci maddəsinə əsasən əsas məzuniyyət müddətinə 6 gün əlavə edilmişdir.

10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək iddia tələbinin rədd edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

11. Etiraz onunla əsaslandırılmışdır ki, iddiaçı 10 iyul 2023-cü il tarixdə Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi ilə bağlı ərizə ilə müraciət etmişdir. Lakin iddiaçının müraciətinə baxılaraq xx.xx.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli imtina məktubu ilə qanunvericiliklə tələbi olunan güzəştli iş stajının olmaması səbəbindən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi mümkün hesab edilmədiyi bildirilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə əsasən axırıncı iş yerindən asılı olmayaraq güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrində, yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin istehsalatın, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin həmin Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ vardır. “Əmək pensiyaları haqqında” Qanunun 7-ci maddəsinə əsasən 65 yaşına çatmış kişilərin fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1-dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filial əsasnaməsinə uyğun olaraq öz fəaliyyətində Azərbaycan Respublikasının Konstitusiyasını, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələri, Azərbaycan Respublikasının qanunlarını, Azərbaycan Respublikası Prezdentinin fərmanlarını və sərəncamlarını, Azərbaycan Respublikası Nazirlər Kabinetinin qərar və sərəncamlarını, Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Əsasnaməsini və Dövlət Sosial Müdafiə Fondunun Nizamnaməsini, Nazirliyin normativ-hüquqi aktlarını, əmək və əhalinin sosial müdafiəsi nazirinin əmr və sərəncamlarını, X7 qərarlarını, X7 sədrinin sərəncam və əmrlərini rəhbər tutur. Qanunun 1.0.2-ci maddəsinə əsasən sığorta stajı əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. “Əmək pensiyaları haqqında” Qanunun 9.1-ci maddəsinə görə yeraltı işlər, incəsənətin xüsusi sahələri, əmək şəraiti xüsusi ilə ağır olan işlər Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan siyahı üzrə müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısının Neftin qazılması və hasilatı, neft, qaz kondensatı, kömür və şistin emalı bölməsinin (10) neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı yarımbölməsinin (10.5) istehsalatda aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: neft məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması, təbii sulu qazın konversiyası, neft məhsullarının, suni maye yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə eskadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyasının xidməti və təmiri bəndinin (10.5.1) fəhlələr yarımbəndində əmtəə operatorları vəzifəsi nəzərdə tutulmuşdur. Cavabdeh inzibati orqan tərəfindən 31,07.2023-cü il tarixli 3-17-1/2-A-172106/2023 nömrəli imtina məktubunda qeyd edilmişdir ki, iddiaçı tərəfindən Mərkəzi Filiala təqdim edilən SOCAR “Azneft” istehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsi tərəfindən iddiaçıya verilmiş 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışda İddiaçı xx.xx.1990-cı il tarixdən bugünədək həmin müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyi qeyd edilmişdir. Göründüyü kimi, iddiaçının işlədiyi fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Buna görə də iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur. Belə olan halda İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericiliyin tələblərinə əsasən mümkün hesab edilməmişdir. Odur ki, yuxarıda göstərilənləri və Azərbaycan Respublikası inzibati Prosessual Məcəllənin 47-ci maddəsini rəhbər tutaraq iş üzrə İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə mərkəzi filialına qarşı "güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi" tələbinə dair iddiasının təmin olunmaması barədə qərar qəbul edilməsi xahiş edilmişdir.

12. İddiaçı xx.xx.2024-cü il tarixli məhkəmə iclasında iddia tələbinə dəqiqləşmə barədə ərizə təqdim edərək ona 60 yaşdan, yəni xx.xx.2023-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir.

13. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmişdir.

14. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, məhkəmənin sorğusuna cavab olaraq “28 May” Neft və Qazçıxarma İdarəsi tərəfindən təqdim edilmiş arayışlarda iddiaçının Neftin tam hazırlanması və təhvili xidmət sahəsində əmtəə operatoru vəzifəsində işlədiyi və həmin vəzifənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1. (a)- əmtəə operatorları vəzifəsinə uyğun olduğu bildirilmişdir.

15. Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”na əsasən: - bənd 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - yarımbənd 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: əmtəə operatorları

16. Məhkəmə sorğusu əsasında işəgötürən tərəfindən təqdim edilmiş “Azneft” X4 operatoru haqqında (dərəcələr üzrə) Təlimatında 5-ci dərəcə üzrə vəzifənin xüsusiyyətləri, əmək funksiyaları arasında: - İllik neft məhsulları satışının həcmi 40 min tondan 100 min tona qədər olan paylayıcı neft bazalarının avadanlığına xidmət edilməsi və illik neft məhsulları satışının həcmi 100 min tondan artıq olan paylayıcı neft bazalarının bütün işlərinə rəhbərlik edilməsi; - əmtəə və rezervuar parklarına, dəmir yolu və avtoestakadalara, gəmi yanalma məntəqələrinə, magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə, neft emalı zavodlarının yük dövriyyəsi sutkada 5000-10000 tona qədər olan ötürücü neft bazalarına və doldurma məntəqələrinə xidmət edilməsi; - yüksək keyfiyyətli və mürəkkəb kommunikasiyalı neft məhsulları parklarına xidmət edilməsi, əmtəə məhsulu hazırlamaq üçün neft məhsullarının kompaund edilməsi, benzinin etilləşdirilməsi, aşqarlar və ingibitorlar əlavə edilməsi, - nəqliyyat təşkilatlaı ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, dəmir yolu ilə maliyyə hesablaşmalarının aparılması; - doldurucu-boşaldıcıların işinə rəhbərlik edilməsi qeyd edilmişdir. İşəgötürən iddiaçıya işlədiyi peşənin zərərli xüsusiyətinə uyğun olaraq ona əmtəə operatoru peşəsində çalışdığı müddətdə (xx.xx.1990 - hal- hazıradək) hər iş ilində 6 (altı) gün əlavə məzuniyyət verildiyini, iş yerlərinin attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, işçinin tarif maaşına 4% əlavə ödəniş edildiyini qeyd etmişdir.

17. Beləliklə, qeyd edilən siyahıdan və iddiaçının işlədiyi peşənin peşə təlimatından görünür ki, neftin, qazın, qaz kondensatının emalında məşğul olan, bilavasitə neft (xam) və neft məsullarının istehsalı, tərkibinin təmizlənməsi və ya zənginləşdirilməsi, doldurulubboşaldılması kimi, başqa sözlə, bilavasitə neft və neft məhsulları ilə bilavasitə təmasda olan əmtəə operatorlarının yerinə yetirdiyi iş zərərli iş hesab edilməklə adıçəkilən siyahıda öz əksini tapmışdır.

18. Məhkəmə iddiaçının işlədiyi vəzifənin adı, aid olduğu sahə və işəgötürən müəssisənin təqdim etdiyi güzəştli arayışı nəzərə alaraq iddiaçının işlədiyi peşənin Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli 12 nömrəli qərarı ilə təsdiq etdiyi “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda 10.5.1. (a) əmtəə operatorları vəzifəsinə uyğun hesab edir. Bu vəzifədə iddiaçının 60 yaşının tamam olduğu (xx.xx.1990xx.xx.2023-cü il) günə güzəştli iş stajı 33 il 13 gün təşkil edir.

19. Cavabdeh apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini məhkəmədən xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ

b) Apellyasiya şikayətinin dəlilləri

20. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinə etirazın dəlilləri ilə oxşarlıq təşkil etməklə onunla əsaslandırılmışdır ki, birinci instansiya məhkəməsi iddiaçının işlədiyi peşənin əmək funksiyalarının və müvafiq siyahıya uyğunluğunun yoxlanılması ilə bağlı analoji müəssisələrdə mövcud olan eyni adlı peşələrin müqayisəli təhlilini aparmamış, heç bir əsas olmadan iddiaçının işlədiyi vəzifənin güzəştli şərtlərlə pensiya hüququ verən vəzifəyə aid etmişdir. Analoji işlər üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2- 1(102)-1640/2023 nömrəli, 2-1(102)-1030/2023 nömrəli və s qərarlarında da məhkəmə kollegiyası qeyd edir ki, apellyasiya instansiya məhkəməsi iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən etməli idi. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilməlidir. İddiaçıya məxsus SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsi tərəfindən iddiaçıya verilmiş 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışda İddiaçı xx.xx.1990-ci il tarixdən bugünədək həmin müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Buna görə də iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur.

c) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri

21. Apellyasiya şikayətinə qarşı yazılı etiraz daxil olmamışdır.

d) Prosses iştirakçılarının izahatları

22. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmasını, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.

23. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin təmin olunmamasını, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılması barədə qərar qəbul edilməsini xahiş etmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ

24. Azərbaycan Respublikasının Konstitusiyası:

Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir.

25. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu:

Maddə 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. Maddə 1.0.2. Sosial sığorta stajı (bundan sonra - sığorta stajı) əmək pensiyası hüququnun müəyyən edilməsi zamanı nəzərə alınan iş və ya digər fəaliyyət dövrlərinin (müvafiq icra hakimiyyəti orqanına məcburi dövlət sosial sığorta haqları ödəmək şərtilə) və eləcə də müvafiq qanunvericiliklə sığorta stajına daxil edilən digər dövrlərin məcmusudur. Maddə 3.1. Azərbaycan Respublikasının vətəndaşları bu Qanunda göstərilən hallarda əmək pensiyası təminatı hüququna malikdirlər. Maddə 4.1. Bu Qanuna uyğun olaraq əmək pensiyasının aşağıdakı növləri müəyyən edilir: yaşa görə əmək pensiyası; əlilliyə görə əmək pensiyası; ailə başçısını itirməyə görə əmək pensiyası. Maddə 9.8. Bu Qanun qüvvəyə mindiyi günədək bu Qanunun 9.1-ci maddəsində göstərilən işlərdə güzəştli şərtlərlə pensiya hüququ verən tam əmək stajı olan şəxslərə pensiyalar yaşa və staja görə əvvəllər qüvvədə olmuş qanunvericiliklə müəyyən edilmiş tələblərə müvafiq surətdə bu Qanuna uyğun olaraq təyin edilir. Maddə 21.1. Qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir. Maddə 21.2.3. müddətli həqiqi hərbi (alternativ) xidmət (1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində müddətli həqiqi hərbi xidmət dövrü daxil olmaqla) və müvafiq icra hakimiyyəti orqanında qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olduğu müddət, müvafiq icra hakimiyyəti orqanlarında və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət müddəti. Maddə 22.1. Əmək pensiyası hüququ verən sığorta stajının hesablanması təqvim (illər, aylar, günlər) əsasında həyata keçirilir. Maddə 23.2. 1992-ci il yanvarın 1-dək keçmiş SSRİ-nin ərazisində qazanılmış əmək stajı bu maddədə göstərilən şərt nəzərə alınmadan ümumi qaydada sığorta stajına daxil edilir.

26. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın:

1.1. Bu Qayda “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 5.3-cü maddəsinə əsasən hazırlanmışdır və bu Qaydanın 1.2-ci bəndi nəzərə alınmaqla, əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi qaydasını müəyyən edir. 4.1. Əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;

2. seçkili və ya təyinatlı vəzifə tutan şəxslərin fəaliyyət müddəti barədə əmək kitabçasında qeydlər olmadıqda, həmin şəxslərin vəzifəyə seçildiyi və ya təyin edildiyi orqanın arayışına əsasən;

3. hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin fəaliyyət müddəti məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi haqqında mədaxil qəbzlərinə və ya bu Qaydaya 8 nömrəli Əlavəyə əsasən;

4. əyani təhsil dövrünü təsdiq edən müvafiq sənədə (təhsil müəssisəsinin arayışı, arxiv arayışı və s.) əsasən;

5. kolxozlarda əmək fəaliyyəti dövrünü təsdiq edən müvafiq sənədə (kolxozçunun əmək kitabçası (müəyyən edilmiş əmək iştirakı minimumunun yerinə yetirilməsi barədə qeydin olması şərtilə) əsasən;

6. işləməyən ananın körpə uşaqlarına qulluq etdiyi və ya uşağa qulluğa görə qismən ödənişli sosial məzuniyyət dövrləri uşaqların doğum haqqında şəhadətnamələrinə əsasən; 4.1.2. 2006-cı il yanvarın 1-dən sonrakı dövr üzrə – dövlət sosial sığorta sistemində fərdi uçot (bundan sonra – fərdi uçot) məlumatlarına əsasən; 4.1.3. işçinin işəgötürən tərəfindən hesablanmış əməkhaqqına məcburi dövlət sosial sığorta haqqı ödənilən iş müddəti – fərdi uçot məlumatlarına əsasən;

27. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsi:

Maddə 217.2. Qətnamə mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan maddi hüquq normalarına və işin baxılması zamanı qüvvədə olan prosessual hüquq normalarına uyğun çıxarılmalıdır.

28. xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun:

Maddə 13. Əmək şəraitinə görə güzəştli pensiyalar Axırıncı iş yerindən asılı olmayaraq əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə pensiya hüququna aşağıdakılar malikdir: a) yeraltı işlərdə, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərdə çalışan işçilər, dənizdə çalışan neftçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikasının Nazirlər Kabineti tərəfindən təsdiq olunan 1 nömrəli siyahısı üzrə: kişilər—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa; qadınlar—45 yaşına çatdıqda və azı 15 il iş stajı olduqda bu müddətin azı 7 il 6 ayını həmin işlərdə çalışarsa. b) əmək şəraiti zərərli və ağır olan digər işlərdə çalışan işçilər—istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Azərbaycan Respublikası Nazirlər Kabineti tərəfindən təsdiq olunan 2 nömrəli siyahısı üzrə: kişilər—55 yaşına çatdıqda və azı 25 il iş stajı olduqda bu müddətin azı 12 il 6 ayını həmin işlərdə çalışarsa; qadınlar—50 yaşına çatdıqda və azı 20 il iş stajı olduqda bu müddətin azı 10 ilini həmin işlərdə çalışarsa.

Maddə 67. İş stajına daxil edilən əmək fəaliyyətinin növləri mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Əgər kolxoz üzvü ictimai təsərrüfatda müəyyən edilmiş əmək iştirakı minimumunu üzürlü səbəb olmadan yerinə yetirməyibsə, 1965-ci ildən sonrakı dövr üçün kolxozda iş stajı hesablanarkən iş vaxtı bu dövrdə müəyyən olunmuş minimum əmək iştirakı normasına görə faktik müddət üzrə nəzərə alınır. İş stajına bunlardan başqa aşağıdakılar daxil edilir: v) hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti; ğ) ali, orta ixtisas; texniki peşə məktəblərini bitirmiş şəxslərin təhsil müddəti, habelə kadr hazırlayan kurslarda, ixtisasartırma və yenidən ixtisaskeçmə kurslarında, aspiranturada, doktoranturada və klinik ordinaturada təhsil müddəti; Maddə 69. İş stajının təsdiq edilməsi qaydası İş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. ... Əmək kitabçası və ya bu kitabçada müvafiq qeydlər olmadıqda mövcud iş stajını sübut etmək qaydasını Azərbaycan Respublikasının Nazirlər Kabineti müəyyənləşdirir.

29. Azərbaycan Respublikasının Əmək Məcəlləsi:

Maddə 87.1. İşçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir.

30. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tərtibi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir.

31. Qüvvədən düşmüş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi Kollegiyasının xx.xx.2017-ci il tarixli 17 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”:

3.1. Sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: 3.1.1. Qanunun qüvvəyə mindiyi xx.xx.2006-cı il tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; 3.1.2. Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. 3.2. 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası; 3.2.2. əmək fəaliyyəti barəsində sənədlər üzrlü səbəbdən (təbii fəlakət, qəza, dağıntı, yanğın, hərbi əməliyyatlar, milli münaqişə və digər fövqəladə hallarla bağlı) təqdim edilə bilmədikdə və həmin sənədləri başqa qaydada bərpa etmək mümkün olmadıqda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarı; 4.1.10. Qanunun 9.8-ci maddəsinə uyğun olaraq pensiya o halda təyin oluna bilər ki, həmin şəxslər əvvəllər qüvvədə olmuş qanuna əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsi üçün tələb olunan xüsusi və ümumi sığorta stajını Qanunun qüvvəyə mindiyi 2006-cı il yanvarın 1-dək qazanmış olsunlar. “Qaydalar”a 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4.1-ci bəndinə görə, Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı təqdim edilməlidir.

32. “İnzibati icraat haqqında” Qanunun:

15-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. Qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz 17-ci maddəsinə əsasən, fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2-ci maddəsinə əsasən təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur.

33. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:

Maddə 14.1. Mübahisələndirilən inzibati aktı qəbul etmiş inzibati orqan həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etməlidir. Maddə 14.3. İnzibati aktın qəbul edilməsi tələbinə dair (məcburetmə haqqında) iddialar üzrə həmin aktın qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının üzərinə düşür. Lakin inzibati orqan iddiaçının arzuladığı inzibati aktın qəbulunu konkret halda istisna edən faktiki şərtlərin mövcudluğuna istinad etdiyi hallarda, belə şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi həmin inzibati orqanın üzərinə düşür. Maddə 68.1. Məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2. Məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 70.1.İnzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. İnzibati akt qəbul edilərkən inzibati icraatın inzibati orqanın qərarına təsir edən şəkildə pozulduğu hallarda da bu qayda tətbiq olunur. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.

APELLYASİYANİN MÜMKÜNLÜYÜ, APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ

34. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.

35. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.

36. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ

37. Əvvəla məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.

38. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.

39. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.

40. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.

41. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.

42. Məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının hüquqi marağı 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunması öhdəliyinin cavabdehin üzərinə qoyulmasıdır.

43. İşin faktiki hallarından görünür ki, iddiaçı xx.xx.1963-cü il təvəllüdlü olmaqla, ona yaşa görə əmək pensiyasının təyin edilməsini xahiş edir. Bununla bağlı müraciəti cavabdeh qurum tərəfindən təmin edilməmişdir.

44. Məhkəmə hesab edir ki, aşağıda qeyd edilən səbəblərdən və istinad olunan normalara əsasən iddiaçıya 60 yaşı tamam olduğu vaxtdan, yəni xx.xx.2023-cü il tarixindən güzəştli şərtlərlə əmək pensiyasının təyin olunmasından imtina etməkdə cavabdeh inzibati orqan haqlı sayıla bilməz.

45. Belə ki, qanunvericilik müddəalarının mübahisəyə tətbiqi göstərir ki, iddiaçının 57 yaşdan əmək şəraitinə görə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququnun yaranması üçün 3 şərtə birlikdə əməl olunmalıdır: a. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli, 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 2 nömrəli Siyahıda nəzərdə tutulan peşələrdə iş stajı minimum 12 il 6 ay olmalı; b. 12 il 6 ay xüsusi (müvafiq arayışla təsdiq edilən) və 25 il ümumi iş stajı xx.xx.2006-cı il tarixədək mövcud olmalı; c. 60 yaşı tamam olmalıdır.

46. İlk öncə qeyd edilməlidir ki, iddiaçının güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ yarandığı dövrdə qüvvədə olan qanunvericilik normasının tələbinə görə, iddiaçıya 57 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyinatının aparılması üçün o, 57 yaşını tamamlayanda azı 25 il ümumi və azı 12 il 6 ay güzəştli iş stajını toplamalı idi.

47. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, iddiaçı yuxarıda qeyd olunan hərbi bilet və əmək kitabçasına əsasən iddiaçının xx.xx.1981-xx.xx.1983-cü ilədək hərbi xidmət dövrü, əmək fəaliyyəti dövrü xx.xx.1980-xx.xx.1981-ci ilədək, xx.xx.1981-xx.xx.1981-ci ilədək, xx.xx.1984-cü xx.xx.1984-cü ilədək, xx.xx.1984-xx.xx.1987-ci ilədək, xx.xx.1987xx.xx.1987-ci ilədək, xx.xx.1987-xx.xx.1990-cı ilədək, xx.xx.1990-xx.xx.2023-cü ilədək (60 yaşı tamam olduğu tarixədək) ümumilikdə stajı 42 il 07 ay 07 gün təşkil edir.

48. Həmçinin, kollegiya qeyd edir ki, iddiaçının 60 yaşa çatması mübahisəli deyil. Belə ki, iş materiallarında olan İddiaçı məxsus AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsindən məlum olur ki, iddiaçı xx.xx.1963-cü il tarixdə doğulmuşdur. xx.xx.2023-cü il tarixdə iddiaçının 60 yaşı tamam olmuşdur.

49. Kollegiyaq qeyd edir ki, hazırkı halda mübahisəli hal iddiaçının güzəştli iş stajının olmamasıdır. Cavabdeh orqanın imtina dəlili ondan ibarətdir ki, iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur. İddiaçıya məxsus SOCAR “Azneft” İstehsalat Birliyi “28 May” Neft və Qazçıxarma idarəsi tərəfindən iddiaçıya verilmiş 26 iyun 2023-cü il tarixli 01-03/62 nömrəli arayışda İddiaçı xx.xx.1990-ci il tarixdən bu günədək həmin müəssisədə əmtəə operatoru vəzifəsində işlədiyi qeyd olunmuşdur. Göründüyü kimi iddiaçının işlədiyi fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil. Buna görə də iddiaçının qanunvericiliklə nəzərdə tutulan güzəştli iş stajı yoxdur.

50. İşin məhkəmə tərəfindən müəyyən edilən hallarına görə iddiaçının 60 yaşının tamam olduğu vaxt onun 12 il 6 aydan artıq güzəştli iş stajının və 25 ildən artıq ümumi iş stajının olması sübuta yetirilmişdir. Belə ki, iddiaçının işlədiyi müvafiq peşələr Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda və Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 23 yanvar tarixli, 12 nömrəli qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda öz əksini tapmışdır. İddiaçının çalışdığı peşələrin adı qeyd edilən siyahılarda sadalanan peşələr ilə eynilik təşkil etməsi əmək funksiyaları barədə işəgötürən tərəfindən verilmiş güzəştli arayışlarla da müəyyən edilir.

51. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın “iddiaçının işlədiyi fəaliyyət sahəsi sözügedən arayışda istinad olunan, yuxarıda qeyd olunan Qərarla təsdiq edilmiş siyahıda nəzərdə tutulan neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı sahəsinə aid deyil” dəlili ilə bağlı bildirir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”na 2 nömrəli əlavə olan “Əmək pensiyasının təyin olunması üçün zəruri sənədlərin Siyahısı”nın 2.4-cü bəndinə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün: 2.4.1 əsasən şəxsin güzəştli şərtlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı tələb olunur.

52. Göstərilənlərə əsasən məhkəmə kollegiyası qeyd edir ki, işçinin əmək funksiyasını, yəni yerinə yetirməli olduğu müvafiq işi və ya göstərməli olduğu xidməti işəgötürən müəyyən etdiyi üçün güzəştli arayış məhz iş yerindən tələb olunur.

53. Məhkəmə sorğusu əsasında işəgötürən tərəfindən təqdim edilmiş “Azneft” X4 operatoru haqqında (dərəcələr üzrə) Təlimatında 5-ci dərəcə üzrə vəzifənin xüsusiyyətləri, əmək funksiyaları arasında: - əmtəə və rezervuar parklarına, dəmir yolu və avtoestakadalara, gəmi yanalma məntəqələrinə, magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə magistral neft məhsulları kəmərlərinin doldurma məntəqələrinə, neft emalı zavodlarının yük dövriyyəsi sutkada 5000-10000 tona qədər olan ötürücü neft bazalarına və doldurma məntəqələrinə xidmət edilməsi; - yüksək keyfiyyətli və mürəkkəb kommunikasiyalı neft məhsulları parklarına xidmət edilməsi, əmtəə məhsulu hazırlamaq üçün neft məhsullarının kompaund edilməsi, benzinin etilləşdirilməsi, aşqarlar və ingibitorlar əlavə edilməsi, - nəqliyyat təşkilatları ilə təhvil vermə, yüklənmə, hesablaşma və rəsmiləşdirmə əməliyyatlarının aparılması, dəmir yolu ilə maliyyə hesablaşmalarının aparılması; - doldurucu-boşaldıcıların işinə rəhbərlik edilməsi qeyd edilmişdir. İşəgötürən iddiaçıya işlədiyi peşənin zərərli xüsusiyətinə uyğun olaraq ona əmtəə operatoru peşəsində çalışdığı müddətdə (xx.xx.1990 - hal- hazıradək) hər iş ilində 6 (altı) gün əlavə məzuniyyət verildiyini, iş yerlərinin attestasiyanın nəticələri əsasında əmək şəraitinin ağır və zərərlik səviyyəsindən asılı olaraq, işçinin tarif maaşına 4% əlavə ödəniş edildiyini qeyd etmişdir.

54. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 Qərarı ilə “Əmək şəraiti zərərli və ağır olan işlərdə çalışanlara yaşa görə güzəştli şərtlərlə pensiya hüququ verən istehsalatların, işlərin, peşələrin, vəzifələrin və göstəricilərin 2 nömrəli Siyahısı”nda, həmçinin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarı ilə “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nda iddiaçının işlədiyi peşələr göstərilmişdir.

55. Həmin “Siyahı”ya əsasən: - bənd 10.5. Neftin, qazın, qaz kondensatının emalı (dəniz neftçilərindən başqa), kömürün və şistin emalı - yarımbənd 10.5.1. İstehsalatda məşğul olan aşağıda sadalanan fəhlələr, rəhbərlər və mütəxəssislər: nefit məhsullarının və neftin katalitik riforminqinin distillə edilməsi, krekinqləşdirilməsi, neft məhsullarının pirolizi, neft xammalının hazırlanması, qaz benzininin istehsalı, sıxışdırılmış qazlar, qaz benzininin kondensasiyası, tutulması; təbii sulu qazın konversiyası, neft məhsullarının, süni maye yanacağın qələvi təmizlənməsi, yanacaq hazırlanması, yanacaq verilməsi, bərk yanacağın zənginləşdirilməsi, bitium, konsistent yağlayıcıların istehsalı, həmçinin reagent təsərrüfatında və neft məhsullarının doldurub boşaldılması üzrə estakadaların neft məhsulları və qaz üçün qablar parkı və kommunikasiyanın, ventilyasiyanın, istehsalat kanalizasiyasının, texnoloji avadanlıq və əsas istehsalatların kommunikasiyasının xidməti və təmiri: a) fəhlələr: əmtəə operatorları

56. Beləliklə qeyd edilən siyahıdan və iddiaçının işlədiyi peşənin peşə təlimatından görünür ki, neftin, qazın, qaz kondensatının emalında məşğul olan, bilavasitə neft (xam) və neft məsullarının istehsalı, tərkibinin təmizlənməsi və ya zənginləşdirilməsi, doldurulubboşaldılması kimi, başqa sözlə, bilavasitə neft və neft məhsulları ilə bilavasitə təmasda olan əmtəə operatorlarının yerinə yetirdiyi iş zərərli iş hesab edilir.

57. Ali Məhkəmənin oxşar işlər üzrə artıq formalaşmış mövqeyinə görə məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. (Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1122/2023 nömrəli xx.xx.2023-cü il tarixli qərarının 45-ci bəndinə əsasən).

58. Həmçinin analoji mübahisələrlə bağlı işə Ali Məhkəmənin 2-1(102)-1871/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə münasibət bildirilmişdir. Belə ki, şikayətin əsaslandırılmamış hesab edilməsi üçün yuxarıda sadalanan hər üç şərt (vahid məhkəmə təcrübəsi mövcud və aydın olmalı, kifayət qədər müddət ərzində davamlı tətbiq edilməklə sabit təcrübəyə çevrilməli və təcrübə tərəflər üçün əlçatan və bəlli olmalıdır) mövcuddur. Belə ki, kassasiya instansiyası məhkəməsinin analoji faktlara əsaslanan oxşar işlər üzrə qəbul etdiyi bir çox qərarlarda formalaşmış məhkəmə təcrübəsi ondan ibarətdir ki, “Əmək pensiyaları haqqında” Qanunun 37.8-ci maddəsi əmək pensiyasının dayandırılması əsaslarını müəyyən edir. Belə əsaslardan hər hansı birini aşkar etdikdə, cavabdeh inzibati orqan müvafiq qaydada inzibati icraat başlamalı, həmin icraatı iştirakçıların dinlənilmə hüququnu təmin etməklə və digər mühüm prinsiplərə riayət etməklə aparmalı, yardım etmə vəzifəsinə əməl etməklə işin hallarını obyektiv araşdırmalı, icraat nəticəsində pensiya ödənişinin dayandırılmasına əsas verən hallardan hər hansı birinin müəyyən edildiyi təqdirdə icraatın sonunda bu barədə müvafiq inzibati akt (qərar) qəbul etməlidir. Əks təqdirdə, pensiya təyin edilməsinə dair əvvəlki inzibati aktın qüvvədə olduğu müddətdə ödənişin dayandırılması “İnzibati icraat haqqında” Qanunun 64.2-ci maddəsində təsbit edilmiş normanın pozuntusunu yaradar və qüvvədə olan inzibati aktın etibarlığına və hüquqi qüvvəsinə zidd olardı (Bununla bağlı bax: Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının xx.xx.2022-ci il tarixli 2-1(102)-881/2022 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 510/2023 nömrəli, xx.xx.2023-cü il tarixli 2-1(102)- 1265/2023 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-470/2024 nömrəli, xx.xx.2024-cü il tarixli 2-1(102)-995/2024 nömrəli qərarları).

59. Göstərilənlərə əsasən məhkəmə qeyd edir ki, hazırkı iş üzrə iddiaçının 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi üçün ümumi və güzəştli iş stajı mövcud olduğundan cavabdeh inzibati orqanın imtina üçün gətirdiyi dəlili əsassızdır.

60. Məhkəmə həmçinin qeyd edir ki, hazırkı iddia məcburetmə haqqında iddia deyil, öhdəliklərin icrası haqqında iddialara aid olsa da, məcburetmə haqqında iddialarda olduğu kimi öhdəliyin icrası haqqında iddialar üzrə də həmin öhdəliyin icra edilməli olmasını zəruri edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi iddiaçının, belə öhdəliyin icrasını istisna edən faktiki şərtlərin mövcudluğunu sübut etmək vəzifəsi isə cavabdehin üzərinə düşür ki, hazırkı işdə sübutetmə yükü üzərinə düşən tərəf kimi cavabdeh iddiaçıya 60 yaşdan güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilməsindən imtinaya əsas olan faktiki halların mövcudluğunu sübut edə bilməmişdir.

61. Beləliklə, iddiaçıya güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün zəruri olan şərtlərin (60 yaş, azı 25 il ümumi iş stajı və 12 il 6 ay xüsusi iş stajının tamamlanması) ödənilməsi işin məhkəmə araşdırması ilə sübuta yetirilmişdir.

62. “İnzibati icraat haqqında” Qanunun 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır.

63. Həmçinin, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının əmək pensiyasının yenidən hesablanmasından və əmək pensiyasına əlavənin hesablanmasından cavabdehin imtinası qanuna zidd olmuş və iddiaçının Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsində nəzərdə tutulmuş sosial təminat hüququnun pozulmasına səbəb olmuşdur.

64. Beləliklə, yuxarıda istinad olunan normalar baxımından və qeyd edilən səbəblərdən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiyası məhkəməsinin iş üzrə gəldiyi nəticə qanuni və əsaslı hesab olunmalıdır. Odur ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.

65. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2125/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar