Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3085/2025 11.02.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Cəfərov Namiq Şamil oğlu və X2 ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinə qarşı “daşınmaz əmlaka hüququn dövlət qeydiyyatının aparılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8443/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli, 451 saylı sərəncamına əsasən ona verilmiş Xudu Məmmədov küçəsi 4, mənzi 65 nömrəli ünvan üzərində hüquqlarının bərpa edilməsi və qeydiyyata alınması öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı 1987-1989-cu illərdə SSRİ-nin silahlı ordu sıralarının tərkibində müddətli həqiqi hərbi xidmət keçmişdir. 1992-1993-cü illərdə Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda, erməni silahlı qüvvələrinin Qarabağ torpaqlarının işğalı zamanı Qubadlı rayonunun 814 saylı özünümüdafiə batalyonu və Füzuli rayon N saylı hərbi hissənin tərkibində erməni işğalçılarına qarşı döyüş əməliyyatlarında iştirak etmişdir. xx.xx.1993-cü il tarixdə Füzuli rayonu uğrunda gedən döyüşlərdə odlu silahdan güllə yarası alaraq yaralanmışdır. Hal-hazırda İİ qrup Qarabağ müharibəsi qazisidir. X6 üzücü heyətinin rəhbərliyi və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınaraq, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli, 451 saylı sərəncamı əsasında ümumi sahəsi 16,22 kv.m olan Xudu Məmmədov küçəsi 4-də yerləşən, 65 nömrəli mənzilin ona verilməsi qərara alınmışdır. Hal-hazırda həmin mənzildə Şuşa qaçqını F.Allahverdiyeva və ailə üzvləri məskunlaşmışlar, məlumat məqsədilə bildirir ki, F.Allahverdiyevanın ailəsinə məxsus Mərdəkan qəsəbəsində 2 mərtəbəli (sakinlərin verdiyi məlumata görə) fərdi yaşayış evi var. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-8443/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri iddia ərizəsinin dəlillərini təkrarlamaqla onunla eynilik təşkil edir və əlavə olaraq qeyd olunmuşdur ki, birinci instansiya məhkəməsi iddianı rədd edərkən qərarının hüquqi əsasını “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə istinadla izah etmişdir. Lakin məhkəmənin bu istinadı yalnız zahiri hüquqi forma baxımından mövcud olub, əslində isə maddi hüquq normalarının tətbiqi baxımından tamamilə əsassız və qeyri-dəqiq olmuşdur. Belə ki, qeyd olunan qanunvericilik normasının tətbiqi üçün ilkin və zəruri hüquqi şərt, yəni nə hazırkı mübahisələndirilən mənzilin (Xudu Məmmədov küçəsi 4, mənzil 65), nə də daha əvvəl onun adına özəlləşdirildiyi qeyd olunan mənzilin (H.Tağızadə küçəsi 19, mənzil 31) dövlət və ya ictimai mənzil fonduna aid olması birinci instansiya məhkəməsi tərəfindən ümumiyyətlə araşdırılmamış, bu xüsusda heç bir sübut və ya rəsmi mövqe təqdim edilməmişdir. Xüsusilə vurğulanmalıdır ki, hazırda iddianın predmetini təşkil edən ünvan 1 ünvanında yerləşən 65 nömrəli mənzil hər nə qədər formal olaraq Səbail rayon İcra Hakimiyyətinin 26 mart 1997-ci il tarixli, 451 nömrəli sərəncamı ilə ona verilmiş olsa da, həmin sərəncamın hüquqi əsasında məhz “X6”nin daxili qərarı dayanır. Belə ki, mənzil ona “X6”ndə əmək fəaliyyəti dövründə, həmin təşkilatın rəhbərliyi və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən, Azərbaycan Respublikasının ərazi bütövlüyü uğrunda gedən döyüşlərdə iştirakı nəzərə alınaraq ayrılmışdır. Yəni həmin mənzil dövlət və ya ictimai yox, məhz xüsusi mənzil fondundan ayrılmışdır. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Qanunun 7-ci maddəsinə görə isə dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Göründüyü kimi, yalnız dövlət və ya ictimai mənzil fonduna aid mənzillərin əvəzsiz özəlləşdirilməsi hüququ qanunla bir dəfəlik məhdudlaşdırılmışdır. Əgər söhbət xüsusi mənzil fondundan gedirsə, bu halda belə bir məhdudiyyət tətbiq edilə bilməz. Oxşar hüquqi mövqe və yanaşma Azərbaycan Respublikası Ali Məhkəməsinin 24 avqust 2023-cü il tarixli, 2-1 (102)-1233/2023 nömrəli Qərarında da aydın şəkildə ifadə olunmuşdur. Həmin iş üzrə Ali Məhkəmə konkret olaraq belə qənaətə gəlmişdir ki, aşağı instansiya məhkəmələri tərəfindən işin halları tam, hərtərəfli və obyektiv araşdırılmamış, qərar isə qanunvericiliyin tələblərinə uyğun çıxarılmamışdır. Nəticədə, həm Bakı İnzibati Məhkəməsinin, həm də Bakı Apellyasiya Məhkəməsinin qərarları ləğv edilmiş və iddiaçı tərəfindən irəli sürülmüş, hazırkı iş üzrə də eyni predmeti və eyni hüquqi əsasları əhatə edən iddia tam şəkildə təmin olunmuşdur. Ali Məhkəmənin həmin Qərarı yalnız presedent xarakteri daşımır, həm də bu cür hüquqi münasibətlərin qiymətləndirilməsində məhkəmə təcrübəsində formalaşmış sabit və əsaslı mövqeyi əks etdirir. Göstərilənləri nəzərə alaraq, apellyasiya şikayətinin və iddia tələbinin təmin olunması xahiş edilmişdir. Azərbaycan Respublikası İqtisadiyyat nazirinin 29 iyul 2025-ci il tarixli 3-21/3-1-F- 110/2025 nömrəli əmri ilə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin tabeliyində Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri (bundan sonra-DƏDKR) publik hüquqi şəxsinin Nizamnaməsi, strukturu və ştat cədvəli yeni redaksiyada təsdiq edilmiş, Nizamnamə yeni redaksiyada qeydiyyata alındıqdan və müvafiq təşkilati xarakterli tədbirlər başa çatdırıldıqdan sonra DƏDKR-in tabeliyindəki ərazi idarələrinin (ixtisaslaşdırılmış hüquqi şəxslərin) fəaliyyətinə xitam verilməsi, onların funksiyalarının və balanslarındakı əmlakların DƏDKR-ə verilməsi qərara alınmışdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra – inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin: 58.1-ci maddəsinə əsasən barəsində mübahisə edilən hüquq münasibətində və ya qətnamə ilə müəyyən edilən hüquq münasibətində tərəflərdən biri sıradan çıxdıqda (şəxs öldükdə, hüquqi şəxs yenidən təşkil edildikdə, tələb güzəşt edildikdə, borc köçürüldükdə və maddi hüquq münasibətlərində şəxslərin dəyişməsinin digər hallarında) məhkəmə həmin tərəfi onun hüquq varisi ilə əvəz etməyə yol verir. Hüquq varisliyi prosesin hər hansı mərhələsində mümkündür. 58.2-ci maddəsinə əsasən hüquq varisi prosesə daxil olana qədər prosesdə edilmiş bütün hərəkətlər, onun əvəz etdiyi şəxs üçün məcburi olduğu kimi, hüquqi varisi üçün də məcburidir. Apellyasiya baxışı zamanı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi onun hüquq varisi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi ilə əvəz edilmişdir. Apellyasiya baxışı zamanı iddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi 4 saylı evin 65 saylı mənzilinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X1 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli, iddia təmin edilməlidir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir: Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 451 saylı, xx.xx.1997-ci il tarixli sərəncamı ilə Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin, 65 saylı mənzilinin Şuşa qaçqını F.Allahverdiyeva tərəfindən boşaldıqdan sonra İddiaçı orderin verilməsi qeyd olunmuşdur. Qeyd olunan mənzilə İddiaçı yaşayış yeri üzrə qeydiyyata alındığı barədə hər hansı sənəd əlavə olunmamışdır. Həmçinin İdarənin mütəxəssislərinə texniki inventarlaşdırma işlərinin aparılması üçün şərait yaradılmadığı və qeyd olunan mənzildə məcburi köçkün ailəsinin məskunlaşdığı müəyyən edilmişdir. Bakı şəhəri, Xətai rayonu, H.Tağızadə küçəsi 19 saylı evin, 31 saylı mənzilinin qanunvericiliyin tələblərinə uyğun olaraq İddiaçı adına xx.xx.2001-ci il tarixdə qeydiyyata alındığı müəyyən olunmuşdur. İş materiallarında olan Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli, 451 saylı sərəncamının surətindən görünür ki, Xəzərdənizgəmiçiliyi üzücü heyətinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən 2-ci qrup Qarabağ əlili İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin 1 otaqla 16.22 kv.m sahəsi olan 65 saylı mənzili verilmişdir. Mənzil komissiyasının 08 nömrəli xx.xx.1997-ci il tarixli rəyi nəzərə alınaraq, Xəzərdənizgəmiçiliyinin 18 nömrəli xx.xx.1997-ci il tarixli protokolunun təsdiq edilməsi və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin 1 otaqla 16.22 kv.m sahəsi olan 65 saylı mənzilin verilməsi qərara alınmışdır (Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-48-2F/2-3174/2025 nömrəli məktubla həmin sərəncamın arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir). İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubudan görünür ki, Bakı şəhəri, Xətai rayonu, X.Məmmədov küçəsi, ev 4, 65 saylı mənzilin qeydiyyatdan keçməsi ilə bağlı məlumat, həmçinin İddiaçı adına qeydiyyatdan keçmiş daşınmaz əmlak aşkar edilməmişdir. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun: 2.0.6-cı maddəsinə əsasən inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. 15.1-ci maddəsinə əsasən qanunla məcburi şərt kimi nəzərdə tutulmuş hallar istisna olmaqla, yalnız formal tələblərə əməl olunmasını təmin etmək məqsədilə inzibati orqanlar tərəfindən fiziki və hüquqi şəxslərin üzərinə bu və ya başqa öhdəliklərin qoyulması qadağandır. 15.2-ci maddəsinə əsasən qanunda birbaşa nəzərdə tutulmadığı hallarda fiziki və ya hüquqi şəxslər tərəfindən formal tələblərə əməl olunmaması və ya lazımi qaydada əməl olunmaması inzibati orqanlar tərəfindən müvafiq qərarın qəbul olunmasından imtina üçün əsas ola bilməz. 19.1-ci maddəsinə əsasən inzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 20.1-ci maddəsinə əsasən hər bir şəxsin onun hüquq və qanuni maraqlarına bilavasitə aid olan məsələlərlə bağlı inzibati orqana müraciət etmək, vəsatət vermək və ya inzibati orqandan məlumat əldə etmək hüququ vardır. 20.2-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan onun səlahiyyətlərinə aid olan məsələlər üzrə müraciətlərə baxmağa, həmin müraciətlər üzrə müvafiq qərar qəbul etməyə və ya məlumat verməyə borcludur. 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. 24.4-cü maddəsinə əsasən təqdim olunmuş sübutlar yetərli olmadıqda, inzibati orqan öz təşəbbüsü ilə əlavə sübutlar toplamağa borcludur. “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən dövlət və ya ictimai mənzil fondunun mülkiyyətçisi ilə mənzil kirayə müqaviləsi bağlamış Azərbaycan Respublikasının vətəndaşlarının, habelə vətəndaşlığı olmayan şəxslərin yaşadıqları mənzilləri (evləri) bu Qanunla müəyyən edilmiş şərtlərlə və qaydada əvəzsiz olaraq şəxsi mülkiyyətinə keçirmək hüququ vardır. 2-ci maddəsinə əsasən bu Qanun Azərbaycan Respublikasında dövlət mənzil fondunun özəlləşdirilməsi şərtlərini və qaydasını, habelə ictimai mənzil fondunun özəlləşdirilməsinə dair əsas müddəaları müəyyən edir. 7-ci maddəsinə əsasən dövlət və yaxud ictimai mənzil fondu mənzillərini əvəzsiz özəlləşdirmək hüququndan yalnız bir dəfə istifadə edilə bilər. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi: 17.1. Mənzil fondu – Azərbaycan Respublikasının ərazisində yerləşən bütün yaşayış sahələrinin məcmusudur. 17.2. Mülkiyyət formasına görə mənzil fondu aşağıdakılara bölünür: 17.2.1. xüsusi mənzil fondu – fiziki və hüquqi şəxslərin mülkiyyətində olan yaşayış sahələrinin məcmusu; 17.2.2. dövlət mənzil fondu – mülkiyyət hüququ əsasında Azərbaycan Respublikasına məxsus olan yaşayış sahələrinin məcmusu; 17.2.3. bələdiyyə mənzil fondu – bələdiyyələrə mülkiyyət hüququ əsasında məxsus olan yaşayış sahələrinin məcmusu. 146.1. Bu Məcəllə qanuni qüvvəyə minən günədək “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının 26 yanvar 1993cü il tarixli Qanununa əsasən dövlət mənzil fondunun mənzillərini özəlləşdirmək hüququ olan şəxslər öz hüquqlarını saxlayır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı (bundan sonra - hüquqların dövlət qeydiyyatı) Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar; 8.0.11. Azərbaycan Respublikasının Mənzil Məcəlləsi qüvvəyə minənədək (2009-cu il oktyabrın 1-dək) dövlət və ya ictimai mənzil fondundan yaşayış sahəsinin verilməsinə dair müvafiq icra hakimiyyəti orqanının sərəncamı, order və ya mənzil kirayəsi müqaviləsi. 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Çıxarışda daşınmaz əmlakın reyestr nömrəsi göstərilməlidir. Çıxarış qeydiyyat orqanının vəzifəli şəxslərinin müvafiq elektron imzası ilə təsdiqlənməklə X3 Sistemində yerləşdirilir və hüquq sahibinin elektron üsulla real vaxt rejimində əldə etməsi imkanı təmin olunur. Hüquq sahibinin istəyindən asılı olaraq çıxarış elektron üsulla (o cümlədən elektron poçt ünvanı vasitəsilə) hüquq sahibinə göndərilir. 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda; 15.1.7. bu Qanunun 9.2-1-ci maddəsində nəzərdə tutulan araşdırmanın nəticəsində sənədlərdə göstərilən məlumatların yanlış olduğu təsdiq edildikdə. «Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8-ci maddəsinin şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010-cu il tarixli Qərarında göstərilir ki, Azərbaycan Respublikası qanunvericiliyində təsbit edilmiş mülkiyyət hüququnun təminatı mexanizmi məhz daşınmaz əmlakın dövlət reyestrində qeydiyyat əsasında həyata keçirilir. Daşınmaz əmlaka aid olan məlumatların vahid dövlət reyestrində qeydiyyatı həm dövlət, həm də mülkiyyətçilərin mənafelərinin qorunması baxımından vacibdir. Daşınmaz əmlakın dövlət qeydiyyatının nəticəsində şəxsin qanuni əsaslarla əldə etdiyi müvafiq daşınmaz əmlaka mülkiyyət hüququnun tanınması bu hüququn pozulmasının və mübahisə edilməsinin qarşısını alır. Daşınmaz əmlakın dövlət qeydiyyatı əmlaka dair mülkiyyət hüququnu təsdiqləyən sənədlərin həqiqiliyinə və əsaslılığına təminat kimi qiymətləndirilir. Dövlət orqanlarının bu istiqamətdəki fəaliyyətinin əsas məqsədlərindən biri isə hər kəsin hüquq və qanuni mənafelərinin qorunmasıdır. Bu baxımdan qeyd olunan sahədə dövlət orqanlarına həvalə edilmiş səlahiyyətlərin həyata keçirilməsi nəticəsində hər hansı fiziki və ya hüquqi şəxsin hüquqlarının, o cümlədən mülkiyyət hüquqlarının tam həcmdə reallaşdırılmasının əsassız olaraq məhdudlaşdırılmasının yolverilməzliyi də xüsusi əhəmiyyət kəsb edir. İşin faktiki hallarından görünür ki, Xəzərdənizgəmiçiliyi üzücü heyətinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən 2-ci qrup Qarabağ əlili kimi iddiaçıya Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin 1 otaqlı 16.22 kv.m sahəsi olan 65 saylı mənzili verilmişdir və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli, 451 saylı sərəncamına əsasən Xəzərdənizgəmiçiliyinin 18 nömrəli xx.xx.1997-ci il tarixli protokolunun təsdiq edilməsi və İddiaçı Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi, 4 saylı evin 1 otaqla 16.22 kv.m sahəsi olan 65 saylı mənzilin verilməsi qərara alınmışdır. İddiaçı qeyd olunan mənzil üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh müraciətin təmin edilməsindən imtina etmişdir. Birinci instansiya məhkəməsi iddiaçının ona ayrılmış başqa mənzili - Bakı şəhəri, Xətai rayonu, H.Tağızadə küçəsi, 19 saylı evin, 31 saylı mənzilini özəlləşdirməklə bu hüququndan artıq bir dəfə istifadə etdiyinə əsaslanaraq ona münasibətdə “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 7-ci maddəsinin müddəalarını tətbiq etmiş və həmin normaya istinadən iddianı təmin etməmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsinin iddianın təmin olunmamasının hüquqi əsası kimi istinad etdiyi “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu dövlət və ya ictimai mənzil fondunun mənzillərinin özəlləşdirilməsi qaydalarını və şərtlərini müəyyən edir. Mübahisəli mənzil isə dövlət və ya ictimai mənzil fonduna aid mənzili deyil, hüquqi şəxsin - «Xəzərdənizgəmiçiliyi»nin balansında olmaqla xüsusi mənzil fonduna aid mənzil olmuşdur. Həmin mənzil Xəzərdənizgəmiçiliyi üzücü heyətinin rəhbərliyinin və həmkarlar komitəsinin birgə iclasının qərarına əsasən 2-ci qrup Qarabağ əlili kimi iddiaçıya verilmiş və Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının 26 mart 1997-ci il tarixli, 451 saylı sərəncamına əsasən Xəzərdənizgəmiçiliyinin 18 nömrəli xx.xx.1997-ci il tarixli protokolu təsdiq edilmişdir. Əvəzsiz özəlləşdirmək hüququndan istifadəyə qoyulmuş (yalnız bir dəfə istifadə ilə bağlı) məhdudiyyət isə yalnız dövlət və yaxud ictimai mənzil fondu mənzillərinə münasibətdə nəzərdə tutulmuşdur. Bu səbəbdən də “Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun müddəaları, xüsusən həmin Qanunun 7-ci maddəsi sözügedən mənzillə bağlı hazırkı mübahisəyə münasibətdə tətbiq edilə bilməz. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, Bakı şəhəri Səbail rayon İcra Hakimiyyəti başçısının qeyd olunan sərəncamı “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0.1-ci maddəsində nəzərdə tutulmuş akt anlamında qəbul olunmalıdır. Sadalanan normaların təhlilindən göründüyü kimi, qanunverici «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Qanunun 8-ci maddəsində nəzərdə tutulan sənədlərdən hər hansı birinin təqdim olunmasını hüquqların dövlət qeydiyyatı üçün kifayət hesab edir. Həmin normada təsbit olunmuş əsaslardan (sənədlərdən) hər hansı birinin təqdim olunması cavabdeh tərəfindən qeydiyyatın aparılması üçün yetərli sayılmalıdır. İddiaçı tərəfindən qeyd olunan əsas cavabdehə təqdim edilmişdir. Məhkəmə icraatında iddiaçının təqdim etdiyi sənədlərin qeyri-mötəbərliyi ilə bağlı cavabdeh tərəfindən heç bir sübut və dəlil verilməmişdir. Belə olan halda, iddiaçının təqdim etdiyi sənədlər mötəbər sübut qismində qiymətləndirilir. Azərbaycan Respublikası Dövlət Arxivinin Bakı filialı tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2025-ci il tarixli 3-48-2F/2-3174/2025 nömrəli məktubla qeyd olunan sərəncamın arxivdə saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmin sərəncam ləğv edilməmişdir, etibarsız hesab edilməmişdir, hazırda qüvvədədir və «Daşınmaz əmlakın dövlət reyestri haqqında» Azərbaycan Respublikası Qanununun tələblərinə əsasən daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslardan biri kimi nəzərdə tutulmuşdur. Bundan başqa, həmin sərəncam geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. İddiaçı ona münasibətdə əlverişli xarakter daşıyan sərəncama etimad göstərərək onun məzmununa uyğun davranmışdır. Eyni mövqe Azərbaycan Respublikası Ali Məhkəməsinin analoji işlər üzrə 2-1(102)- 1233/2023 nömrəli, xx.xx.2023-cü il tarixli qərarında da göstərilmişdir. Məhkəmə kollegiyası cavabdeh inzibati orqanın imtina üçün istinad etdiyi halları əsassız hesab edərək həmin halları hüquqların dövlət qeydiyyatından imtina üçün əsas hesab etmir. Belə ki, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün müəyyən olunmuş hallar “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Qanunun 15.1-ci maddəsində sadalanmışdır. Qanunverici hüquqların dövlət qeydiyyatına alınmasından imtinanın əsaslarını dəqiq müəyyən etmişdir. Hazırkı mübahisəyə münasibətdə iş üzrə aparılmış araşdırma zamanı həmin hallardan hər hansı birinin mövcudluğu müəyyən edilməmişdir. Göründüyü kimi, hüquqların dövlət qeydiyyatına alınmasından imtina edilməsi üçün qanunvericilikdə nəzərdə tutulmuş əsaslar mövcud deyildir. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı maddi hüquq normalarının pozulması ilə qəbul edildiyindən və məhkəmənin qərarda göstərdiyi nəticə işin hallarına uyğun gəlmədiyindən apellyasiya şikayəti təmin edilməli, birinci instansiya məhkəməsinin qərarı ləğv edilməli, iş üzrə yeni qərar qəbul edilməli və iddia təmin edilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8443/2024 nömrəli, 10 sentyabr 2024-cü il tarixli qərarı ləğv edilsin. İş üzrə yeni qərar qəbul edilsin. İddia təmin edilsin. Bakı şəhəri, Xətai rayonu, Xudu Məmmədov küçəsi 4 saylı evin 65 saylı mənzilinə İddiaçı mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq bu barədə çıxarışın verilməsi öhdəliyi cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin üzərinə qoyulsun. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3085/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3085/2025
11.02.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver