Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3086/2025 02.12.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı işi üzrə QƏRARİ (Açar sözlər: “dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər Şərafət Asif qızı Məmmədova (sədrlik edən və məruzəçi), Ceyhun Bəşir oğlu Məmmədov və X1 ibarət tərkibdə, Türkan Kamran qızı Əmənovanın katibliyi, İddiaçı, onun vəkili Vəkil, Cavabdehin nümayəndəsi Nümayəndə2 iştirakları ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İşin halları
1. İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş, X2 xx.xx.2025-ci il tarixli məktubunda göstərilmişdir ki: - 1982-2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddətinin dövlət qulluğunda qulluq stajına daxil edilibedilməməsi ilə bağlı bildirilir ki, yuxarıda qeyd edilən Siyahının 1.15-ci bəndində yalnız Azərbaycan SSR nazirlik, dövlət komitələrinin aparatında mövcud olan vəzifələrin "İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması aparılmışdır. -Azərbaycan SSR Nazirlər Sovetinin 5 noyabr 1973-cü il tarixli 360 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan SSR Nazirlər Soveti yanında Mərkəzi Statistika İdarəsi və Naxçıvan MSSR-də, DQMV-də, Azərbaycan SSR şəhər və rayonlarında dövlət statistika orqanları haqqında Əsasnamə”nin 28-ci hissəsinə əsasən dövlət statistikasının rayon və şəhər məlumat hesablama stansiyaları (mərkəzləri) təsərrüfat hesabı əsasında işləmişdir. -Dövlət statistikası rayon və şəhər məlumat hesablama stansiyalarının (mərkəzlərinin) bütün xərcləri təsdiq edilmiş istehsal-maliyyə planlarına və xərclər smetalarına uyğun olaraq onların təsərrüfat fəaliyyəti nəticəsində əldə etdiyi vəsait hesabına ödənilmişdir. -Adıçəkilən Əsasnamə “Azərbaycan SSR Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 30 mart 1988-ci il tarixli 114 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. -Azərbaycan SSR Dövlət Statistika Komitəsinin “Azərbaycan Kommunist Partiyası Mərkəzi Komitəsi və Azərbaycan SSR Nazirlər Sovetinin 17 avqust 1987-ci il tarixli 294 nömrəli qərarı haqqında” 31 avqust 1987-ci il tarixli 3 nömrəli əmrinin 2-ci hissəsinin dördüncü abzasına əsasən Naxçıvan MSSR-da müvafiq statistika idarəsi və məlumat hesablama xidməti üzrə təsərrüfat hesablı birliklərinin əsasında Naxçıvan MSSR statistika idarəsi yenidən təşkil edilmişdir. Həmin əmrin 2-ci hissəsinin 10-cu abzasına əsasən statistika idarələrinin və şöbələrinin fəaliyyəti “Dövlət müəssisəsi (birlikləri) haqqında” Qanuna uyğun olaraq təsərrüfat hesabı prinsipi əsasında həyata keçirilmişdir. -Yuxarıda adıçəkilən Qərar “Azərbaycan Respublikası hökumətinin bəzi qərarlarının qüvvəsinin itirilmiş hesab edilməsi barədə” Azərbaycan Respublikası Nazirlər Kabinetinin 12 dekabr 1994-cü il tarixli 414 nömrəli Qərarına əsasən qüvvədən düşmüşdür. -Əlavə olaraq bildirilir ki, “Azərbaycan SSR Dövlət Statistika Komitəsi strukturunun təkmilləşdirilməsi haqqında” Azərbaycan SSR Nazirlər Sovetinin 1 noyabr 1988-ci il tarixli 389 nömrəli qərarı ilə təsdiq edilmiş strukturuna əsasən Baş Hesablama Mərkəzi Komitənin Aparatında deyil, yanında nəzərdə tutulmuşdur. -Azərbaycan Respublikası Nazirlər Kabinetinin 6 noyabr 1995-ci il tarixli 238 nömrəli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamə”nin 14-cü hissəsinə əsasən Baş Hesablama Mərkəzi Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin sistemində fəaliyyət göstərmişdir. -“Azərbaycan Respublikası Nazirlər Kabinetinin “Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi haqqında Əsasnamənin təsdiq edilməsi barədə” 6 noyabr 1995-ci il tarixli 238 saylı Qərarı haqqında” Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin 28 noyabr 1995-ci il tarixli 234/T nömrəli əmrinin 4-cü bəndinə əsasən Baş Hesablama Mərkəzi təsərrüfat hesabı ilə fəaliyyət göstərmişdir. -“Dövlət qulluğu haqqında” Azərbaycan Respublikası Qanununun 1.1.4-cü maddəsinə əsasən dövlət orqanı Azərbaycan Respublikasının Konstitusiyası və Azərbaycan Respublikasının qanunları ilə müəyyən edilmiş hüdudlarda dövlətin məqsədini və funksiyalarını həyata keçirən, Azərbaycan Respublikasının dövlət büdcəsindən, Naxçıvan Muxtar Respublikasının büdcəsindən və qanunla müəyyən edilən hallarda əlavə olaraq büdcədənkənar vəsaitlər hesabına maliyyələşdirilən, Azərbaycan Respublikasının Konstitusiyasına və Azərbaycan Respublikasının qanunlarına uyğun olaraq yaradılan dövlət təsisatıdır. -Qeyd edilənlərə əsasən 1982-2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
2. 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddətilə bağlı bildirilir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 19 may 2010-cu il tarixli 91 nömrəli Qərarına əsasən Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin strukturuna daxil olmayan tabeliyindəki qurum olmuşdur.
3. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 19 dekabr tarixli 277 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət orqanlarının aparatının (və ya onların fəaliyyətini təmin edən qurumların) və onun bölmələrinin adları”nda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Aparatı və rayon (şəhər) statistika idarələri (şöbələri) nəzərdə tutulmuşdur. Həmin Qərarda Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzi nəzərdə tutulmamışdır.
4. Qeyd edilənlərə əsasən 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
5. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı xx.xx.1959-cu il təvəllüdlüdür, iddiaçı dövlət qulluqçusu kimi əmək pensiyası təyin edilməsi ilə bağlı DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, lakin cavabdeh inzibati orqan tərəfindən onun dövlət qulluğu stajının olmaması səbəbindən müraciətinin təmin edilməsindən imtina edilmişdir.
İş üzrə qəbul edilmiş məhkəmə aktı
a) Birinci instansiya məhkəməsində icraat
İddia tələbi və iddiaçının əsaslandırması, cavabdehin etirazları və digər prosessual hərəkətlər:
6. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşi iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzindəki xidmət illərinin dövlət qulluğunda xidmət illəri kimi hesab edilməsi və əlavələr nəzərə alınmaqla pensiyanın buna uyğun hesablanması, xx.xx.2022-ci ildən bu günədək (2 il 7 ay) pensiya fərqinin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddiaçı xx.xx.2025-ci il tarixdə məhkəmə iclasında iddianın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona sabiq dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
8. Məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ilə, iddiaçı tərəfin verdiyi iddianın dəyişdirilməsi barədə ərizə qeyd edilən məzmunda icraata qəbul edilmişdir.
9. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1982-ci ildə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində əmək fəaliyyətinə başlamış və xx.xx.2015-ci ilədək fasiləsiz olaraq Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, qrup rəhbəri, büro rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işləmişdir. xx.xx.2022-ci il tarixindən pensiyaya çıxmış, lakin pensiyası hesablanarkən Baş Hesablama Mərkəzindəki xidmət illəri dövlət qulluğu kimi nəzərə alınmamışdır.
10. Cavabdeh iddiaya dair etirazla məhkəməyə müraciət edərək, qeyd etmişdir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.
11. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
12. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, İddiaçı xx.xx.1982-xx.xx.2015-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, qrup rəhbəri, büro rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işlədiyini və həmin vəzifənin dövlət qulluğu kateqoriyasına aid olduğunu iddia edir.
13. X2 yuxarıda istinad edilən xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi, 1982- 2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
14. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
15. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hеsаb еdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
16. Qərardan iddiaçı apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 4596/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərarının ləğv edilməsini və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
17. Apellyasiya şikayəti iddia ərizəsinin dəlilləri ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, göründüyü kimi bilavasitə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə tabe olduğu, dövlət quluğunda olan yerli statistika orqanlarının işinə, həmçinin hüquqi və fiziki şəxslərin hesabat intizamına nəzarət edərək onların fəaliyyətini yoxladığı və qiymətləndirdiyi, hesabat intizamını pozmuşlara inzibati cəza vermək hüququnun olması onu göstərir ki, iddiaçı işlədiyi dövlət qurumu olan Baş Hesablama Mərkəzində işçi kimi göstərdiyi fəaliyyət “Dövlət quluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilən dövlət quluğunun ümumi anlayışı icra etdiyi vəzifə Qanunun 3-cü maddəsində qeyd edilən vəzifə ilə bir olması və Mərkəzin özünün göstərdiyi fəaliyyət həmin qanunun 7ci maddəsində qeyd olunan dövlət orqanının anlayışı ilə əhatə edilir. Belə olan halda dövlət quluqçusu statusundan məhrum edilməyi haqlı olaraq təəccüb və təəssüf doğurur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçmiş sədri A.Vəliyevin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına ünvanladığı 1/2-82 saylı, xx.xx.2004-cü il tarixli müraciətdən də görünür ki, BHM-nə qarşı ədalətsizlik olmuşdur. Onu da qeyd etmək istəyir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2l(102)-306/2022 saylı qərarında iddia təmin edilərək, iddiaçının Baş Hesablama Mərkəzindəki xidmət illəri dövlət quluğunda xidmət illəri kimi nəzərə alınmışdır. Təəssüf ki, məhkəmə bu qərarı yox sayaraq heç bir qiymət verməmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi də eyni idarədə, eyni vəzifədə işləmiş insanlara fərqli yanaşma nümayiş etdirmişdir.
ç) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
18. Apellyasiya şikayətinə iddia ərizəsinə etirazla oxşar məzmunda yazılı etiraz daxil olmuşdur.
d) Prosses iştirakçılarının izahatları
19. Məhkəmə Kollegiyasının iclasında iddiaçı və onun vəkili apellyasiya şikayətinin təmin olunmasını xahiş etmişlər.
20. Məhkəmə Kollegiyasının iclasında cavabdehin nümayəndəsi apellyasiya şikayətinin təmin olunmamasını xahiş etmişdir.
Tətbiq edilən hüquq
21. Azərbaycan Respublikasının Konstitusiyası: Maddə 38. Sosial təminat hüququ İ. Hər kəsin sosial təminat hüququ vardır. ... İİİ. Hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir ...
22. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 20.1. Qulluq stajına görə əmək pensiyasına əlavələr aşağıdakı əmək pensiyaçılarına təyin edilir: ... 20.1.7. əmək pensiyası yaşına çatmış və ya bu yaşa çatanadək orqanizmin funksiyalarının 81-100 faiz pozulmasına görə əlilliyi müəyyən edilmiş «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanununa uyğun olaraq inzibati və yardımçı vəzifələr tutan, habelə 1991-ci il oktyabrın 18-dən «Dövlət qulluğu haqqında» Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək qanunvericilik, icra və məhkəmə hakimiyyəti orqanlarında, həmçinin müvafiq icra hakimiyyəti orqanının müəyyənləşdirdiyi siyahı üzrə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet və partiya orqanlarında xidmət etmiş Azərbaycan Respublikasının vətəndaşları. 20.11. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasına əlavələr dövlət qulluğunun son 24 ayı və ya istənilən ardıcıl gələn 60 ayı ərzindəki dövlət məvacibinin orta aylıq məbləğindən, pensiya təyinatı tarixinədək dövlət məvacibindəki sonrakı artımlar da nəzərə alınmaqla aşağıdakı qaydada müəyyən edilir: 20.11.1. dövlət qulluğu vəzifəsində 15 il (bu Qanunun 20.11-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı olan şəxsə- dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında; 20.11.2. dövlət qulluğu vəzifəsində 15 ildən yuxarı qulluq stajı olan şəxsə dövlət məvacibinin orta aylıq məbləğinin 50 faizi miqdarında və 15 ildən yuxarı qulluq stajının hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün dövlət məvacibinin orta aylıq məbləğinin 3 faizi miqdarında əlavə olunmaqla, lakin dövlət məvacibinin orta aylıq məbləğinin 80 faizi miqdarından çox olmamaq şərti ilə müəyyən olunan məbləğlə bu Qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər əlavə təyin edilir. 20.12. Bu qanunun 20.1.7-ci və 20.1.9-cu maddələrində nəzərdə tutulmuş şəxslərə qulluq stajına görə əmək pensiyasına əlavələrin təyin edilməsi üçün dövlət qulluqçusunun qulluq stajının müəyyənləşdirilməsi qaydası və dövlət məvacibinin hesablanması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
23. “Dövlət qulluğu haqqında” Azərbaycan Respublikasının Qanunu: 2.1. Bu Qanun dövlət orqanlarının struktur qurumlarında qulluq keçən dövlət qulluqçularına şamil edilir. 2.2. Bu Qanunda başqa hal nəzərdə tutulmamışdırsa, bu Qanun Azərbaycan Respublikasının Prezidentinə, Azərbaycan Respublikasının Birinci vitse-prezidentinə və vitse-prezidentlərinə, Azərbaycan Respublikasının Baş nazirinə və onun müavinlərinə, Azərbaycan Respublikası Milli Məclisinin deputatlarına, Azərbaycan Respublikası məhkəmələrinin hakimlərinə, Azərbaycan Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Azərbaycan Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə və onların müavinlərinə, Azərbaycan Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, sədr müavininə, katiblərinə və digər üzvlərinə, Azərbaycan Respublikası Hesablama Palatasının sədrinə, sədr müavininə və auditorlarına, yerli icra hakimiyyəti orqanlarının rəhbərlərinə (başçılarına), Azərbaycan Respublikasının Audiovizual Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası Ali Məclisinin deputatlarına, Naxçıvan Muxtar Respublikasının Baş nazirinə və onun müavinlərinə, Naxçıvan Muxtar Respublikasının İnsan hüquqları üzrə müvəkkilinə (ombudsmana), Naxçıvan Muxtar Respublikası Mərkəzi Seçki Komissiyasının sədrinə, Naxçıvan Muxtar Respublikası Televiziya və Radio Şurasının sədrinə, sədr müavinlərinə və digər üzvlərinə, Naxçıvan Muxtar Respublikası mərkəzi icra hakimiyyəti orqanlarının rəhbərlərinə, Naxçıvan Muxtar Respublikasının Bakı şəhərində Daimi Nümayəndəliyinin rəhbərinə və hərbi qulluqçulara şamil olunmur. 23.1. Dövlət qulluqçusunun və onun ailə üzvlərinin pensiya təminatı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq həyata keçirilir. 23.2. Dövlət qulluqçusunun pensiyasının məbləği dövlət qulluğu vəzifəsində qulluq stajından və dövlət məvacibinin məbləğindən asılıdır. Dövlət qulluqçusuna “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa uyğun olaraq qulluq stajına görə əmək pensiyasına əlavələr təyin edilməsi üçün dövlət qulluğu vəzifəsində minimum 15 il (bu Qanunun 23.2-1-ci maddəsində nəzərdə tutulan hal istisna olmaqla) qulluq stajı tələb olunur. 32-1.1-ci madəsinə əsasən, dövlət qulluqçusunun dövlət qulluğunda olmasının yaş həddi 65-dir.
24. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: Maddə 68.1 məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2 məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
Apellyasiya baxışının hədləri
25. Apellyasiya şikayətində qərar tam mübahisələndirildiyindən birinci instansiya məhkəməsinin aktı bütövlükdə yoxlanılır.
26. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
Apellyasiya instansiyası məhkəməsinin mövqeyi
27. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir.İddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
28. Daha sonra məhkəmə Kollegiyası qeyd edir ki, Azərbaycan Respublikasının Konstitusiyası və beynəlxalq-hüquqi aktlar sosial təminat hüququnu əsas insan və vətəndaş hüquqlarından biri kimi təsbit edir. Sosial təminat hüququ qanunla müəyyən edilmiş hallarda və hədlərdə pensiya almaq hüququnu da ehtiva edir. Pensiya hüququ sosial təminatın tərkib hissəsi və onun qanunla müəyyən olunmuş ən mühüm formasıdır.
29. Əmək pensiyası qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əmək haqqı və digər gəlirlərin, yaxud sığortaolunanların ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara ödənilən aylıq pul ödənişidir. Başqa sözlə, sığortaolunanın əmək pensiyası ona pensiya təyin olunduqdan əvvəl aldığı əməkhaqqı və digər gəlirlərin kompensasiyası məqsədilə verilən pul ödənişidir.
30. İddia ərizəsindən və iddiaçının izahatından məlum olur ki, İddiaçı xx.xx.1982xx.xx.2015-ci illərdə Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iqtisadçı, baş iqtisadçı, qrup rəhbəri, büro rəisi, şöbə rəisinin müavini, şöbə rəisi vəzifələrində işlədiyini və həmin vəzifənin dövlət qulluğu kateqoriyasına aid olduğunu iddia edir.
31. Cavabdeh isə bununla razılaşmayaraq bildirir ki, Azərbaycan Respublikası Prezidentinin 2003-cü il 4 avqust tarixli 911 nömrəli Fərmanı ilə təsdiq edilmiş “İnzibati və yardımçı vəzifələrin Təsnifat Toplusu”nda, həmçinin Azərbaycan Respublikası Prezidentinin 2005-ci il 1 sentyabr tarixli 290 nömrəli Fərmanı ilə təsdiq olunmuş “Əmək pensiyaları haqqında” Qanuna əsasən pensiya təyin edilməsi üçün dövlət qulluqçusunun müraciət etdiyi vaxt dövlət məvacibinin hesablandığı dövlət qulluğu vəzifəsi mövcud olmadıqda, habelə 1991-ci il oktyabrın 18-dək dövlət, sovet, partiya orqanlarında çalışmış dövlət qulluqçularının vəzifələrinin İnzibati və yardımçı vəzifələrinin Təsnifat Toplusunda göstərilən dövlət qulluğu vəzifələrinə uyğunlaşdırılması Siyahısı”nda vaxtilə iddiaçının işlədiyi vəzifələr nəzərdə tutulmamışdır.
32. Həmçinin, cavabdeh iddiaçının müraciətinə baxarkən mübahisə ilə bağlı X3 müraciət etmişdir.
33. X2 yuxarıda istinad edilən xx.xx.2025-ci il tarixli məktubundan göründüyü kimi, 1982- 2003-cü illərdə Azərbaycan SSR Mərkəzi Statistika İdarəsinin (Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin) Respublika Hesablama Mərkəzində və Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır. Həmçinin, 2003-2015-ci illərdə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin Baş Hesablama Mərkəzində iş müddəti dövlət qulluğunda qulluq stajı hesablanarkən nəzərə alınmır.
34. Qeyd edilənləri təkzib edəcək hər hansı sübut iddiaçı tərəfindən təqdim edilməmişdir.
35. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə Kollegiyası hеsаb еdir ki, birinci instansiya məhkəməsi haqlı olaraq nəticəyə gəlmişdir ki, iddiaçının dövlət qulluqçusu kimi əmək pensiyasının təyin edilməsi tələbindən qаnuni əsаslаrlа imtinа оlunduğundаn, işin bu cür hаlındа isə cavabdeh tərəfindən hər hаnsı qаnunsuz hərəkətə yоl vеrilməsi hər hаnsı dəlil ilə sübutа yеtirilmədiyindən, iddia təmin еdilməməlidir
36. Apellyasiya şikayətinin dəlillərinə gəlincə məhkəmə Kollegiyası qeyd edir ki, şikayətin dəlilləri iddia ərizəsi ilə oxşar məzmunda olmaqla əlavə olaraq onunla əsaslandırılmışdır ki, göründüyü kimi bilavasitə Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinə tabe olduğu, dövlət quluğunda olan yerli statistika orqanlarının işinə, həmçinin hüquqi və fiziki şəxslərin hesabat intizamına nəzarət edərək onların fəaliyyətini yoxladığı və qiymətləndirdiyi, hesabat intizamını pozmuşlara inzibati cəza vermək hüququnun olması onu göstərir ki, iddiaçı işlədiyi dövlət qurumu olan Baş Hesablama Mərkəzində işçi kimi göstərdiyi fəaliyyət “Dövlət quluğu haqqında” Azərbaycan Respublikası Qanununun 2.1-ci maddəsində göstərilən dövlət quluğunun ümumi anlayışı icra etdiyim vəzifə Qanunun 3-cü maddəsində qeyd edilən vəzifə ilə bir olması və Mərkəzin özünün göstərdiyi fəaliyyət həmin qanunun 7-ci maddəsində qeyd olunan dövlət orqanının anlayışı ilə əhatə edilir. Belə olan halda dövlət quluqçusu statusundan məhrum edilməyi haqlı olaraq təəccüb və təəssüf doğurur. Azərbaycan Respublikası Dövlət Statistika Komitəsinin keçmiş sədri A.Vəliyevin Azərbaycan Respublikası Prezidentinin İcra Aparatına ünvanladığı 1/2-82 saylı, xx.xx.2004-cü il tarixli müraciətdən də görünür ki, BHM-nə qarşı ədalətsizlik olmuşdur. Onu da qeyd etmək istəyir ki, Ali Məhkəmənin xx.xx.2022-ci il tarixli 2-l(102)-306/2022 saylı qərarında iddia təmin edilərək, iddiaçının Baş Hesablama Mərkəzindəki xidmət illəri dövlət quluğunda xidmət illəri kimi nəzərə alınmışdır. Təəssüf ki, məhkəmə bu qərarı yox sayaraq heç bir qiymət verməmişdir. Azərbaycan Respublikası Dövlət İmtahan Mərkəzi də eyni idarədə, eyni vəzifədə işləmiş insanlara fərqli yanaşma nümayiş etdirmişdir.
37. Məhkəmə Kollegiyası apellyasiya baxışı zamanı Azərbaycan Respublikası X3 mütəxəssis rəyinin verilməsi üçün müraciət etmişdir.
38. Belə ki, Azərbaycan Respublikası İPM-nin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra-inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər.
39. Azərbaycan Respublikası MPM-nin: 64.1. İşə baxılarkən məhkəməyə kömək etmək üçün zəruri texniki, digər bilik və düşüncəyə malik olan şəxs məhkəmədə mütəxəssis qismində çıxış edə bilər. 64.2. Mütəxəssis qismində məhkəməyə çağırılmış şəxs məhkəməyə gəlməyə, məhkəmənin və tərəflərin verdiyi suallara cavab verməyə, şifahi və yazılı məsləhətlər və izahatlar verməyə, zəruri hallarda məhkəməyə texniki kömək göstərməyə borcludur.
40. X2 yuxarıda istinad edilən məsələ ilə bağlı xx.xx.2025-ci il tarixli münasibəti xx.xx.2025-ci il tarixli məktubu ilə eyni məzmunlu olmuşdur.
41. Apellyasiya şikayətinin dəlilləri ilə bağlı məhkəmə Kollegiyası daha sonra qeyd edir ki, Konstitusiyada təsbit olunmuş digər hüquqlarla (şəxsi, iqtisadi, siyasi və mədəni) bərabər, sosial hüquqların eyni qaydada qorunmasına və müdafiəsinə təminat verilməsinə baxmayaraq, həmin hüquqların təmin edilməsində və həyata keçirilməsində bir sıra səciyyəvi xüsusiyyətlər mövcuddur. Belə ki, şəxsi və siyasi hüquqlardan fərqli olaraq, sosial hüquqların səmərəli həyata keçirilməsi dövlətin bu hüquqları təmin edə biləcək maliyyə imkanları ilə bağlıdır. Xüsusilə qeyd olunmalıdır ki, qanunverici pensiyaların növlərinin, onların hesablanmasının, pensiyaların təyin və əldə edilməsinin, həmçinin bəzi kateqoriya vətəndaşlara güzəştli şərtlərlə pensiyanın təyin edilməsinin ümumi əsaslarının və qaydalarının tənzimlənməsində müstəqildir (sərbəstdir) (Konstitusiya Məhkəməsi Plenumunun “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 8.1-ci və 8.3-cü maddələrinin Azərbaycan Respublikasının Konstitusiyasına uyğunluğunun yoxlanılmasına dair” 1 dekabr 2010cu il tarixli Qərarı).
42. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı rədd etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir.
43. Beləliklə, məhkəmə Kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2025 saylı, 08 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
44. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2-ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4596/2025 saylı, 08 aprel 2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.