Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3087/2025 23.07.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X5 Cəmilovanın sədrliyi və məruzəsi ilə, X3 və X2 ibarət tərkibdə, X4-Yusiflinin katibliyi ilə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin təyin edilməsi” tələbinə dair iddiası üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1757/2024 saylı 15 may 2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 23 iyul 2025-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı əlillik vəziyyətinə tibb müəssisəsinin 2750003AAF14 saylı göndərişi əsasında baxılmış və cavabdeh tərəfindən “Göndərişin natamam doldurulması” səbəbi ilə imtina verilmişdir. Daha sonra həmin göndəriş əsasında əyani müayinəsi keçirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edilmişdir. İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Azərbaycan Respublikası Müdafiə Nazirliyinin Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-cı il tarixli qərarı əsasında ona əlilliyin təyin edilməsi öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı xx.xx.2022-ci il tarixli, 2750003AAF14 saylı tibbi göndəriş əsasında (Azərbaycan Respublıikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən verilmiş xx.xx.2016-cı il tarixli 847 nömrəli qərar nəzərə alınmaqla) əlilliyin təyin edilməsi vəzifəsinin Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi- Sosial Ekspertiza və Reablitasiya Agentliyinə həvalə edilməsi qərara alınmışdır. Bakı Apellyasiya Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərarı ilə cavabdehin apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati kollegiyasının xx.xx.2024-cü il tarixli qərardadı ilə cavabdehin kassasiya şikayəti mümkün sayılmamışdır. xx.xx.2025-ci il tarixdə iddiaçı 2-1(112)-1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərara izah verilməsi üçün Bakı İnzibati Məhkəməsinə müraciət etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı 15 may 2025-ci il tarixli qərardadı ilə ərizə təmin edilərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına əsasən İddiaçı təyin edilməli olan əlilliyin səbəbinin “Hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetiməklə əlaqədar” olmasının nəzərə alınması qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək, qərardadın ləğv edilməsi, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına ona təyin olunmuş əlilliyin səbəbinin “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik” (müharibə ilə əlaqədar əlillik) müəyyən edilməsinə dair izah verilməsi barədə yeni qərardad qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, şikayətə əlavə edəcəyi tibbi sənədlərin təhlili- X1 reabilitasiya kartasından çıxarış, AR SN Psixi Sağlamlıq Mərkəzi PHŞ-nin arayışı təsdiq edir ki, döyüş zonasında çoxsaylı travmalar almış və üzərindən illər keçməsinə baxmayaraq xəsarətin izləri hələ də davam edir, hazırda gündəlik həyatında xeyli çətinliklərlə qarşılaşır. Əlilliyin təyin edilməsi bu qədər uzunmüddətli və keşməkeşli proses olmuşkən, üstəlik vətənimizin ərazi bütövlüyü, müstəqilliyinin müdafiəsi ilə əlaqədar şücaət göstərən hərbi qulluqçu olaraq 5 il müddətinə ona əlilliyin təyin edilməsi düşünür ki, ədalətli qərar deyildir. Həmçinin səhhətini və yaşını da nəzərə alsaq, hər dəfə cavabdeh quruma əlilliyə bərpa ilə bağlı müraciət etməyi çox ağır prosesdir. Ən azından əsaslı araşdırma aparılaraq ona müddətsiz əlilliyin təyin edilməsi mümkün ola bilərdi. Sağlamlıq vəziyyətilə bağı tibbi sənədlərin təhlili və son müayinələrin nəticələrinə əsasən onun əlilliyinə səbəb olan halın müharibə ilə əlaqədar olduğu müəyyən edilmişdir. Buna baxmayaraq, əlillik səbəbinin müvafiq şəkildə qeyd edilməməsi (Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik) onun hüquqlarının pozulmasına səbəb olur. Qeyd etmək istədiyi bir digər məqam odur ki, Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən AR Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyasının 847 nömrəli xx.xx.2016-ci il tarixli Qərarı rəhbər tutularaq ona əlillik təyin edilmişdir. Belə ki, müvafiq qərarda qeyd edilən “hərbi travmalar Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” ifadəsi məhz onun “Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlillik təyin olunanlar” siyahısına aid olduğunu təsdiq edir. Lakin ona “hərbi xidmət vəzifəsini yerinə yetirməklə əlaqədar” əlillik təyin edilmişdir. Məhz bu səbəbdəndir ki, o qanunda nəzərdə tutulan çoxsaylı güzəştlərdən yararlana bilmir. xx.xx.2025-ci il tarixdə keçirilən məhkəmə iclası barədə məlumatlı olsa da cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş və bunun səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. İnzibati məhkəmə icraatının iştirakçısı işə cavabdehin nümayəndəsinin iştirakı olamadan baxılmasına etirazı olmadığını bildirimişdir. Bununla bağlı məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3cü maddəsinə əsaslanaraq hazırki işə cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin nümayəndəsinin iştirakı olmadan baxılıb iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. İddiaçı ərizənin və apellyasiya şikayətinin dəlillərinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərardadının ləğv edilməsini və ərizənin təmin edilməsi barədə qərardad qəbul edilməsini xahiş etmişdir. Göründüyü kimi, hazırda iddiaçının tələbi Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərarına izah verilməsi barədədir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 1.2-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda müəyyən edilmədiyi və bu Məcəllə ilə nəzərdə tutulmuş prosessual prinsiplərə zidd olmadığı hallarda, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatında (bundan sonra - inzibati məhkəmə icraatı) Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin müddəaları tətbiq oluna bilər. Azərbaycan Respublikasının Mülki Prosessual Məcəlləsinin: 230.1. İşə baxmış hakim işdə iştirak edən şəxslərin ərizəsi əsasında ləğv edilməmiş qətnaməsini, onun məzmununu dəyişdirmədən izah etməyə haqlıdır. 230.2. Birinci instansiya və apellyasiya instansiyası məhkəməsinin qətnaməsi və ya qərardadı dəyişirsə və yeni məhkəmə aktı çıxarılırsa, onun izah edilməsini iş üzrə son qətnaməni və ya qərardadı çıxarmış məhkəmə həyata keçirir. 230.3. Qətnamə və ya qərardad icra edilməmişsə və məcburi qaydada icra ediləcəyi müddət keçməmişsə, onun izah edilməsinə yol verilir. İş materiallarında olan cavabdehin birinci instansiya məhkəməsinin elektron kabinetinə xx.xx.2025-ci il tarixdə yerləşdirdiyi məktubdan və ona əlavə olunmuş iddiaçıya aid əlillik alt sistemindən çıxarışdan (i.v.176-178) görünür ki, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1757/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərarı icra edilərək, iddiaçı Məmmədov Murad Ələkbər oğluna xx.xx.2022-ci il tarixdən 5 il müddətinə İİ dərəcə əlillik təyin edilmişdir. Həmin sənədlərdən görünür ki, iddiaçıya təyin edilmiş əlilliyin səbəbi olaraq “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” qeyd olunmuşdur. Hazırda görünür ki, iddiaçı ona təyin edilmiş əlilliyin səbəb əlaqəsi ilə narazıdır və buna görə də istədiyi məqsədə nail olmaq üçün məhkəmə qərarına izah verilməsini istəyir. Halbuki yuxarıda qeyd edilən qanunvericilik normalarından da görünür ki, qərar icra edilməmişsə onun izah edilməsinə yol verilir. Hazırki işdə isə izah verilməsi tələb olunan Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı artıq icra olunmuşdur. Buna baxmayaraq birinci instansya məhkəməsi qərarın izahına dair ərizəyə mahiyyəti üzrə baxmış və onu təmin etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq hesab edir ki, icra olunmuş məhkəmə qərarının izahına qanunla yol verilmədiyi üçün belə ərizələr mahiyyəti üzrə baxışa məruz qala bilməz. Odur ki, məhkəmənin xx.xx.2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizə qeyd olunan əsasla qeyri-mümkün sayılmalıdır. O ki qaldı iddiaçının ona qanuni qüvvəsini almış məhkəmə qərarı ilə təyin edilmiş əlilliyin “hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar” səbəb əlaqəsi ilə razılaşmamasına, məhkəmə kollegiyası iddiaçıya izah edir ki, onun bu barədə ayrıca icraat çərçivəsində birinci instansiya məhkəməsinə müraciət etmək hüququ vardır. Qeyd olunanlarla bağlı məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin olunmalı, Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 1757/2024 saylı 15 may 2025-ci il tarixli qərardadı ləğv edilməli və ərizə qeyri-mümkün sayılmalıdır. Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1757/2024 saylı 15 may 2025-ci il tarixli qərardadı ləğv edilsin. Ərizə qeyri-mümkün sayılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Rəşid Səmədov Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3087/2025
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3087/2025
23.07.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver