Məhkəmə qərarları › İş №2-1(103)-3088/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3088/2025

03.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3088/2025 03.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X14 Oruczadənin sədrliyi və məruzəsi ilə, Günel Məhərrəm qızı Abbasova və X13 ibarət tərkibdə, Abbaslı Sücayət Hafiz qızının katibliyi ilə, İddiaçı, Üçüncü şəxs X1 (eyni zamanda üçüncü şəxs X4 qanuni nümayəndəsi ) və onun nümayəndəsi X2 iştirakları ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon polis idarəsinə qarşı (X5, X8 və X3 üçüncü şəxslər olduğu) yaşayış sahəsindən qeydiyyatdan çıxarılma öhdəliyinin qoyulması barədə tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6256/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərarından üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon polis idarəsinə qarşı X5, X8 və X3 Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanından qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, o, ünvan 1 ünvanında 1983-cü ildə fərdi yaşayış evi inşa etmiş və həmin evdə ailəsi ilə birgə yaşamışdır. Həmin ünvana dair Bakı şəhər İcra Hakimiyyəti tərəfindən 1983-cü ildə iddiaçının adına texniki pasport verilmişdir. İddiaçı həmin evə yalnız ailə üzvlərini və qohumlarını qeydiyyata almışdır. Lakin evin sənədlərinin hazırlanması zamanı həmin ünvanda digər şəxslərin – xx.xx.1976-cı il təvəllüdlü X5, xx.xx.2009-cu il təvəllüdlü X8 və xx.xx.2003-cü il təvəllüdlü X3 qeydiyyatda olduğu məlum olmuşdur. İddiaçı həmin şəxslərin qeydiyyata düşməsinə razılıq verməmiş, həmin şəxslərin iddiaçı ilə hər hansı əlaqəsi yoxdur, onlar iddiaçının evində heç bir zaman yaşamamışlar. İddiaçı onların qeydiyyatdan çıxarılması ilə bağlı cavabdehə müraciət etsə də, onun müraciətinə cavabdeh tərəfindən baxılaraq müraciətin təmin olunmasından imtina edilmişdir. Cavabdehin imtinası ilə razılaşmayan iddiaçı hazırki iddia tələbi ilə məhkəməyə müraciət etmişdir Üçüncü şəxs X5 xx.xx.2025-ci il tarixdə məhkəməyə daxil olmuş ərizədə, iddiaya etiraz edib bildirmişdir ki, onlara məxsus evin ünvanı iddiaçının evinin ünvanı ilə eynilik təşkil edir. Bu iki ev bir-biri ilə aralıda yerləşir və aralarında bir neçə ev var. Onların heç birinin Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanına mülkiyyət hüququnu təsdiq edən sənədi – çıxarışı yoxdur. İddiaçının iddiasının təmin olunaraq, onun və ailə üzvlərinin qeydiyyatdan çıxarılması onun mülkiyyət hüquqlarının pozulması deməkdir. Belə ki, hər ikisi ayrı evdir, sənəddə ünvanların eyni qeyd edilməsi isə onların təqsiri deyildir. Cavabdeh iddia ərizəsinə münasibət bildirməmiş və yazılı etirazını təqdim etməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6256/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərarı ilə (hakim A.Hüseynov) iddia tələbi təmin edilmişdir. Qərardan narazı qalan üçüncü şəxs X5 qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddianın rədd olunması barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayətlərinin dəlilləri: Apellyasiya şikayəti etiraza uyğun olaraq onunla əsaslandırılmışdır ki, nə iddiaçının, nə də onun ünvan 3 ünvanına dair mülkiyyət hüqunu təsdiq edən sənəd - çıxarış yoxdur. Sadəcə olaraq onlar üçü də öz evlərində qeydiyyatda olmaqlarına baxmayaraq, ünvanın eyni olması səbəbi ilə iddaçı İddiaçı Bakı İnzibati Məhkəməsinə müraciət edərək onun və ailə üzvlərinin Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli evdən qeydiyyatdan çıxarılmasını cavabdeh Bakı Şəhəri Xətai Rayon Polis İdarəsindən tələb etmişdir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə iclasında iştirak edən üçüncü şəxs X5 (eyni zamanda üçüncü şəxs X4 qanuni nümayəndəsi) və onun nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək, apellyasiya şikayətinin təmin olunması, birinci instansiya məhkəməsinin qərarının ləğv olunub, iddia tələbinin rədd edilməsini xahiş etdilər. Əlavə olaraq 3-cü şəxs izahatında bildirdi ki, onların evi iddiaçının ünvanından aralıda yerləşir, evləri özbaşına tikilidir, inzibati orqanda pasport qeydiyyatına alınan zamanı özlərinin də xəbəri olmadan onları iddiaçının ünvanına qeydiyyata almışdırlar. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətinin dəlillərinə etiraz edərək təmin edilməməsini, birinci intansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etdi. Məhkəmə iclasının vaxtı və yeri haqqında lazımi qaydada məlumat verilsə də, cavabdeh məhkəmə iclasında nümayəndəsinin iştirakını təmin etməmiş, məhkəməyə ərizə ünvanlayaraq onların iştirakı olmadan işə baxılmasını xahiş etmişdir. Məhkəmə Kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). İşdən göründüyü kimi, iddia təmin olunaraq, üçüncü şəxslər X5, X8 və X3 ünvan üzrə qeydiyyatdan çıxarılması qərara alınsa da, 3-cü şəxslərdən yalnız X5 apellyasiya şikayəti verdiyindən, məhkəmə kollegiyası yalnız üçüncü şəxslər X5 və onun yetkinlik yaşına çatmayan qızı X6 münasibətdə qərarın qanuniliyini və əsaslılığını yoxlayır. Belə ki, apellyasiya şikayəti yalnız X5 tərəfindən tərtib edilərək imzalanmışdır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti üçüncü şəxslər X5 və onun yetkinlik yaşına çatmayan qızı X6 münasibətdə təmin edilməməli, onlara münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası qənaətini əsaslandırmaq üçün mövcud qanunvericiliyin aşağıda qeyd olunan normalarını diqqətə çəkir: Azərbaycan Respublikası Mülki Məcəlləsinin: -152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. -152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun: -1-ci maddəsinə görə Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. - 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. - 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. - 9-cu maddəsinə görə müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiyası Məhkəməsi Plenumunun xx.xx.2020-ci il tarixli qərarına əsasən “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarında da qeyd edilir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 5-ci bəndinin müddəaları onu göstərir ki, məhkəmələr bu növ iddialara baxarkən, hər bir halda şəxsin həmin yaşayış sahəsində yaşayıbyaşamaması, istifadə hüququnun mövcud olub-olmaması məsələsini araşdırmalıdır. Belə ki, istifadə hüququ mövcud olmadığı halda ona xitam verilməsi məsələsindən də söhbət gedə bilməz. Eyni zamanda, həmin qərarda qeyd edilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə, mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Apellyasiya şikayətinin dəlillərinə münasibət: “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli qərarına istinadən mülkiyyətçinin ərizəsi ilə digər şəxsin qeydiyyatdan çıxarılması üçün aşağıdakı şərtlər mövcud olmalıdır:

1. şəxs həmin yaşayış sahəsinə hər hansı əmlak hüququ əldə etməməlidir;

2. şəxs həmin yaşayış sahəsində faktiki olaraq yaşamamalıdır. Birinci instansiya məhkəməsinin gəldiyi nəticəni əsaslı hesab edən məhkəmə kollegiyası əvvəla qeyd edir ki, sözügedən ünvan üzrə iddiaçının mülkiyyət hüquqları qeydiyata alınmasa da həmin əmlak üzrə sahiblik və istifadə hüquqlarına malikdir. Həmçinin, müvafiq “gözlənti hüququ” vardır. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 13 yanvar tarixli 439 nömrəli “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanunu qüvvəyə minənədək əldə edilmiş və yaranmış daşınmaz əmlak obyektləri üzərində hüquqların əldə edilməsini təsdiq edən sənədlərin Siyahısı”na Azərbaycan Respublikası Prezidentinin 16 iyul 2025-ci il tarixli 444 nömrəli Fərmanı ilə əlavə edilmiş sənədlərdən biri də yaşayış və bağ evlərinə dair texniki inventarlaşdırma orqanları tərəfindən 2001-ci il yanvarın 1-dək tərtib olunmuş texniki pasportlar (müvafiq tikililərin yerləşdiyi həyətyanı torpaq sahələrinin ölçüsü göstərildiyi halda) hesab edilir. İş materiallarından müəyyən olunur ki, Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən 1983-cü ildə Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli evə dair İddiaçı Məmməd oğlunun adına “Şəxsi mülkiyyət hüququ ilə evlərin texniki inventarizasiya və qiymətləndirilməsinə aid pasport” tərtib edilmişdir. Texniki pasporta əsasən, qeyd edilən ev 1977-ci ildə tikilmişdir. Texniki pasportun təsdiq edilmiş surəti iddiaçının müraciəti əsasında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsi tərəfindən xx.xx.2021-ci il tarixdə təqdim edilmişdir. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Daxili İşlər Nazirliyi Baş Pasport Qeydiyyat və Miqrasiya İdarəsindən daxil olmuş xx.xx.2025-ci il tarixli məktubda bildirilmişdir ki, X5, X8 və X7 xx.xx.2015-ci il tarixdən Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsi ev 49/4B ünvanında qeydiyyatdadırlar. Onların qeydiyyata alınmalarına əsas olmuş sənədlərin saxlama müddəti bitdiyi üçün məhv edildiyindən, həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. Kollegiya hesab edir ki , İddiaçı məxsus Bakı şəhəri, Xətai rayonu, Qafqaz küçəsində yerləşən 49/4B nömrəli fərdi yaşayış evi 1977-ci ildə tikilmiş, həmin evə dair Bakı Şəhər Sovetinin İcraiyyə Komitəsinin Texniki İnventarizasiya Bürosu tərəfindən xx.xx.1983-cü il tarixli texniki pasport tərtib edilmiş, həmin texniki pasportun əsli, həmçinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestrinin 1 saylı Bakı ərazi idarəsinin arxivində saxlanılan nüsxəsi məhkəməyə təqdim edilmişdir. Həmin məhəllədə iş üzrə üçüncü şəxslərin yaşadıqları ev isə 2013-cü ildə tikilmiş, qeyd olunan evə dair hər hansı hüquqmüəyyənedici sənəd mövcud deyil, üçüncü şəxs iddiaya etirazında həmin evin ünvanının da ünvan 5 ünvanın verilməsini təsdiq edən hər hansı sənəd məhkəmə araşdırmalaraı zamanı təqdim edilməmişdir, yalnız səlahiyyətli olmayan orqan (mənzilkommunal istismar sahəsi) tərəfindən tərtib edilmiş evin texniki planında iddia olunan ünvan, yəni “ünvan 6a isə qeyd olunan daşınmaz əmlakın etibarlı ünvanı müəyyən edilmir. Eyni zamanda üçüncü şəxs X5 və onun övladının sözügedən ünvanda faktiki olaraq yaşaması da sübut olunmur, üçüncü şəxs özü də məhkəməyə verdiyi izahatlarında və apellyasiya şikayətinin dəlillərində hazırda sözügedən evdə yaşamadığını bildirmişdir. Lakin həmin evdə iddiaçının ailə üzvü olmayan və faktiki olaraq həmin evdə yaşamayan üçüncü şəxslər qeydiyyatdadır. Bu isə iddiaçının həmin ev üzərində qanunvericiliklə mövcud olan hüquqlarını məhdudlaşdırır. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Göründüyü kimi, üçüncü şəxslərin mübahisəli fərdi yaşayış evinə hər hansı əmlak hüquqları mövcud deyildir, eyni zamanda onlar, həmin ünvanda faktiki olaraq yaşamır, qeydiyyat formal xarakter daşıyır. Yuxarıda qeyd edilənləri nəzərə alaraq Məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, məhkəmə qərarı üçüncü şəxslər X5 və onun yetkinlik yaşına çatmayan övladı X6 münasibətdə dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin: - 52-ci maddəsinə görə məhkəmə iddia ərizəsinin ifadə tərzi ilə bağlı olmasa da, iddia tələbindən kənara çıxmağa haqlı deyildir. - 68.1-ci maddəsinin tələbinə görə məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. - 68.2-ci maddəsinin tələbinə görə məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. - 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər.

Nəticəvi hissə:

Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası

QƏRARA ALDİ:

Üçüncü şəxs X5 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6256/2025 nömrəli, 16 may 2025-ci il tarixli qərarı üçüncü şəxslər X5 və onun yetkinlik yaşına çatmayan övladı X6 münasibətdə dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Sədrlik edən: Aytən Oruczadə Hakimlər: Günel Abbasova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar