Məhkəmə qərarları › İş №2-1(103)-3089/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3089/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3089/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X4 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, iddiaçının nümayəndəsi və vəkili Vəkil, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxs X2) “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-784/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 4000 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 kv.m. torpaq sahəsinə mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınaraq, daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın və texniki pasportun verilməsi öhdəliyinin cavabdehə həvalə olunması barədə qərar qəbul edilməsini xahiş etmişdir, ərizə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X2 üçüncü şəxs qismində (zəruri cəlbetmə) inzibati məhkəmə icraatına cəlb edilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1994 saylı Qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 4000 kv.m. torpaq sahəsi fərdi yaşyış evinin tikinti üçün alqı-satqı yolu ilə iddiaçının mülkiyyətinə verilmişdir. Torpaq sahəsinin yerləşdiyi ərazinin planı Bələdiyyə tərəfindən tərtib və təsdiq edilmişdir. Sənədləri toplayıb qanuni istifadəsində olan 4000 kv.m. torpaq sahəsinin hüquqi qeydiyyata alınmasına dair çıxarışın və texniki pasportun verilməsi məqsədi ilə xx.xx.2022-ci il tarixdə cavabdehə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli cavab məktubu ilə torpaq sahəsinin özəlləşdirilməsinə dair çıxarışın və texniki pasportun verilməsindən imtina etmişdir. Cavabdehin imtinası qanuna ziddir və təqdim etdiyi sənədlər qanunvericiliyə əsasən ona məxsus torpaq sahəsinə dair hüquqların qeydiyyata alınması üçün əsasdır. Belə ki, Binəqədi rayon Binəqədi Bələdiyyəsi tərəfindən xx.xx.2006-cı il tarixli 1994 saylı qərarı ilə Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 4000 kv.m. torpaq sahəsi onun mülkiyyətinə verilmişdir. Həmin vaxtdan etibarən torpaq sahəsindən sahiblik, istifadə hüquqlarını həyata keçirir. Vaxtı-vaxtında bələdiyyə vergilərini ödəyir. Lakin mülkiyyət hüquqları qeydə alınmadığından əmlakı üzərində sərəncam vermək hüquqları məhdudlaşdırılmışdır. Bu səbəbdən qanuni istifadəsində olan torpağın hüquqi qeydiyyata alınması vəzifəsi cavabdehin üzərinə qoyulmalıdır. Bakı İnzibati Məhkəməsinin (hakim Həmid Ağalarov) 2-1(112)-784/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı ilə İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı, X2 üçüncü şəxs qismində cəlb edilməklə “çıxarışın və texniki pasportun verilməsi” tələbinə dair iddiası təmin edilməmiş, aparılmış ekspertiza tədqiqatının dəyəri olaraq 50 (əlli) manat məbləğində pulun İddiaçı alınaraq Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin hesabına (VÖEN: ********** Hesab AZ34CTRE********************) köçürülməsi qərara alınmışdır. Həmin qərardan iddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı qanunsuzdur, əsassızdır və işin hallarına uyğun deyildir. Məhkəmə tərəfindən məsələ tam araşdırılmamışdır. Belə ki, məhkəmə İddiaçı məxsus torpaqla İbrahimov Kamala məxsus torpaqın eyni sahədə yerləşən torpaq olub-olmaması məsələsini araşdırmamışdır. İşə üçüncu şəxs kimi cəlb edilmiş X2 isə məhkəmədə iştirak etməmiş və bu məsələylə bağlı münasibət bildirməmişdir. Sözügedən torpaq sahəsi isə qərarla fərdi yaşayış evinin tikilməsi üçün iddiaçının adına ayrılmışdır və hazırda da istifadəsindədir. İş materiallarına əlavə edilmiş bələdiyyə tərəfindən verilmiş əlavədə də ayrılmış torpağın iddiaçının adına keçdiyi qeyd edilir. Digər tərəfdən məhkəmə öz qərarında iş üzrə əldə edilmiş müvafiq ekspert rəyinə əsaslanaraq hesab edir ki, ayrılmış torpaq sahəsi bələdiyyə torpağı deyil, dövlətə məxsusdur. Burada vətəndaşın hüququnun etimad prisnipi qorunmalıdır. Vətəndaş onun adına ayrılmış torpağın kimə məxsus olmasını araşdırmağa borclu deyildir və bu, onun vəzifəsi deyildir. Bundan əlavə, iddiaçının adına ayrılmış torpaq sahəsi ilə qonşuluqda yerləşən Namazova (Turabova) Vüsalə İlhan qızının adına ayrılmış torpaq sahəsinə dair müvafiq qaydada çıxarış verilmişdir. Həmin çıxarışı hazırda əldə etmək imkanı vaxt məhdudiyyətinə görə mümkünsüzdür. Bu barədə məhkəmə aidiyyatı üzrə müvafiq sorğu göndərərsə, qonşuluqda yerləşən digər torpaq sahələrinə dair çıxarışların olması halı aşkar olunar. Torpaq sahəsinin mülki qanunvericiliklə nəzərdə tutulmuş məqsədlər ücün maraqlı subyektlərə ayrılması ilə bağlı icra hakimiyyəti orqanlarının və bələdiyyələrin fəaliyyəti publik-hüquqi fəaliyyət sayılır və sahəvi xüsusi qanunvericilik normları ilə yanaşı, həm də “İnzibati icraat haqqında” Qanunla nəzərdə tutulmuş ümumi prosedur qaydalara və prinsiplərə uyğun olaraq həyata keçirilməlidir. Həmin Qanunun tələblərinə görə, torpaq sahəsinin qeyd edilən məqsədlər üçün ayrılması ilə bağlı maraqlı şəxsin səlahiyyətli icra hakimiyyəti orqanına və ya bələdiyyəyə (inzibati orqana) müraciəti əsasında müvafiq inzibati icraat həyata keçirilməli və icraatın yekununda torpaq sahəsinin ayrılması və ya ayrılmasından imtina barədə inzibati akt - qərar qəbul olunmalıdır. İnzibati icraatda obyektiv araşdırma prinsipi hakimdir və həmin prinsipin tələbinə görə icraat zamanı və icraat çərçivəsində torpaq sahəsinin ayrılması ilə bağlı halların tam və hərtərəfli araşdırılması inzibati orqanın xidməti vəzifəsidir. Başqa sözlə, icraat zamanı tələb olunan, o cümlədən qanunvericiliklə nəzərdə tutulmuş müəyyən işlərin görülməsi, müvafiq sorğuların göndərilməsi və rəylərin alınması, razılaşdırmaların həyata keçirilməsi, habelə plan-ölçünün hazırlanması torpaq sahəsinin ayrılması ilə bağlı inzibati icraatın tərkib hissəsi kimi nəzərdən keçirilməli və icraat nəticəsində obyektiv qanunauyğun qərarın qəbulu məqsədlərinə xidmət edən tədbirlər kimi dəyərləndirilməlidir. İctimai maraqlara xidmət edən həmin tədbirlərin görülməsi torpağı ayırmaq səlahiyyətinə malik olan inzibati orqanın xidməti vəzifəsinə və məsuliyyət sferasına aid edilməlidir. Maraqlı şəxsə münasibətdə isə icraat gedişində həyata keçirilmiş həmin tədbirlər deyil, yalnız inzibati icraatın nəticəsində qəbul edilmiş qərar müstəqil xarici hüquqi təsirə malikdir və şəxs üçün hüquqi nəticələr yaradır. İnzibati icraat çərçivəsində qərarın (inzibati aktın) qəbul edilməsinədək tələb olunan razılaşmaların həyata keçirilməməsi, rəylərin alınmaması və s. bu kimi hərəkətlər xarici hüquqi təsir effektinə malik olmadığından inzibati akt hesab olunmurlar və öz təbiətləri etibarilə inzibati icraat nəticəsində qərarın (konkret halda torpağın ayrılması barədə) qəbulunda iştirak xarakteri daşıyırlar. Xarici hüquqi təsir əlaməti belə qərarların inzibati akt kateqoriyasına aid edilməsində həlledici əhəmiyyət daşıyır. Bunun səbəbi onunla bağlıdır ki, inzibati orqanların daxili idarəçiliklə bağlı fəaliyyət sahəsini dövlət-vətəndaş münasibətlərinin yarandığı əsas hüquqlar sahəsindən fərqləndirmək üçün məhz həmin əlamətdən istifadə olunur. Bu baxımdan, inzibati icraatın gedişində qanunvericiliklə nəzərdə tutulmuş müəyyən rəylər alınmadan və razılaşdırmalar aparılmadan inzibati orqan tərəfindən torpağın ayrılması barədə qərarın qəbul edilməsi məsuliyyətini və riskini də məhz həmin inzibati orqan daşıyır. Torpaq ayrılması ilə bağlı qərar qəbul edilənədək qanunvericiliyin tələblərinə riayət edilib-edilmədiyinin yoxlanılması və ümumən bu fəaliyyətin həyata keçirilməsi üzərində qanunçuluğa nəzarət inzibati orqanların təşkilati sistemi daxilində mövcud olan nəzarət xarakterli hüquqi mexanizmlər vasitəsilə təmin edilməlidir. “İnzibati icraat haqqında” Qanunun 65-ci maddəsinə əsasən inzibati aktın etibarsız hesab edilməsi üçün əsaslar mövcud deyildirsə, inzibati orqan tərəfindən geri çağırılmadığı və ya qanunla müəyyən edilmiş qaydada ləğv edilmədiyi hallarda, maraqlı şəxsə ünvanlanmış həmin qərar formal-hüquqi baxımdan qanunsuz olmasına rəğmən etibarlı sayılmalı və qeydiyyat üçün hüquqi əsas kimi qəbul edilməlidir. Belə yanaşma publik-hüquqi fəaliyyətin həyata keçirilməsi ilə bağlı səlahiyyətlər bölgüsü, etimad hüququnun qorunması və hüquqi təhlükəsizlik prinsiplərinin tələblərinə riayət olunmasına əsaslanır. Cavabdeh inzibati orqan qanunvericiliklə onun üzərinə qoyulmuş öhdəlikləri icra etməmiş, iddiaçının mülkiyyətində qanuni əsaslarla torpaq sahəsinin olmasına baxmayaraq, iddiaçının torpaq sahəsinə dair mülkiyyət hüququnun dövlət qeydiyyatına alınmasından imtina etmişdir. Məhkəmə də əsassız olaraq hərtərəfli araşdırma aparmadan məsələyə hüquqi qiymət vermişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Vəkil apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X3 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, üçüncü şəxs məhkəmə iclasına gəlməmiş, gəlməməsinin səbəbləri barədə məlumat verməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası onun iştirakı olmadan işə baxılmasını və iş üzrə qərar qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatlarını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan cavabdeh tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda qeyd olunur: Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsində yerləşən torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair xx.xx.2022-ci il tarixli müraciətinizə baxılmışdır. Tərəfinizdən təqdim edilmiş torpaqların alqı-satqısına dair akt ləğv edilmiş “Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi” tərəfindən qeydə alınmamışdır. Azərbaycan Respublikası Prezidentinin 1997-ci il 10 yanvar tarixli, 534 nömrəli fərmanı ilə təsdiq edilmiş “Torpaqların alqı-satqısı” qaydalarına əsasən rayon, şəhər bələdiyyə orqanı 10 gün müddətində məsələyə baxıb müvafiq qərar qəbul edir. Satışa icazə verildikdə torpaq sahəsini alan şəxs onun dəyərini (pulla) bələdiyyənin müvafiq bankda xüsusi hesabına keçirir və bu qaydalara əlavə edilmiş formaya uyğun olaraq torpaqların alqı-satqısına dair üç nüsxədən ibarət akt tərtib edilir. Aktı müvafiq rayon, şəhər bələdiyyə orqanının rəhbəri, torpaq şöbəsinin müdiri və torpaq alan şəxs imzalayır və o, möhürlə təsdiq edilir. İş materiallarında olan Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 1994 saylı “Vətəndaş İddiaçı torpaq sahəsinin alqı-satqı qaydasında ayrılması haqqında” Qərarının surətindən görünür ki, Binəqədi Rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün vətəndaş İddiaçı alqısatqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən xx.xx.2023-cü il tarixli məktubla məhkəməyə təqdim edilmiş mütəxəssis rəyində qeyd olunur: göstərilən torpaq sahəsi faktiki olaraq 356,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən 356,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X -401726.4284; 401725.8104; 401710.8183; 401711.4094; Y- 4478264.4412; 4478239.8668; 4478241.7368; 4478264.6185. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə Dövlət mülkiyyəti torpağıdır. İş materiallarında olan Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin xx.xx.2024-cü il tarixli 3-16-16/2-10/565 nömrəli ekspert rəyindən görünür ki, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsin 1 saylı Bakı Ərazi İdarəsinin Yerquruluşu üzrə mühəndisi Orxan Səmədzadənin tərtib etdiyi xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-177/2024 saylı mütəxəssis rəyinə əsasən müəyyən edilmişdir: Göstərilən torpaq sahəsi faktiki olaraq 356,0 kv.m təşkil edir. Torpaq sahəsinin üzərində yaşayış evi və köməkçi tikililər mövcuddur. Faktiki olaraq göstərilən 356,0 kv.m torpaq sahəsinin koordinatları əlavə olunur: X - 401726.4284; 401725.8104; 401710.8183; 401711.4094; Y-4478264.4412; 4478239.8668; 4478241.7368; 4478264.6185. Vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun: 2.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. 2.2-ci maddəsinə əsasən Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində (bundan sonra - dövlət reyestri) aparılır. 8.0-cı maddəsinə əsasən daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.1. qanunla müəyyən edilmiş qaydada icra hakimiyyəti və bələdiyyə orqanları tərəfindən müvafiq olaraq dövlətə və ya bələdiyyələrə məxsus olan daşınmaz əmlakın özgəninkiləşdirilməsinə, icarəsinə, istifadəsinə, ipoteka qoyulmasına dair qəbul olunmuş aktlar. 11.1-ci maddəsinə əsasən hüquqların mövcudluğunu, əldə edilməsini, başqasına keçməsini, məhdudlaşdırılmasını (yüklənməsini), onlara xitam verilməsini təsdiq edən sənədlər hüquqların dövlət qeydiyyatı üçün qanunla müəyyən edilmiş tələblərə uyğun olmalıdır. 15.1-ci maddəsinə əsasən hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: 15.1.1. dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; 15.1.2. hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; 15.1.3. hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; 15.1.4. daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; 15.1.5. daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; 15.1.6. bu qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda. 23.1-ci maddəsinə əsasən qeydiyyat orqanının vəzifəli şəxsləri bu qanuna uyğun olaraq dövlət reyestrində daşınmaz əmlaka hüquqların qeydiyyatının dəqiqliyinə və vaxtında aparılmasına, dövlət reyestrindən verilən məlumatın tam və düzgün olmasına cavabdehdirlər. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikasının Qanunu: 4.0. Torpaq münasibətlərinin tənzimlənməsi sahəsində bələdiyyələrin öz inzibati əraziləri daxilində səlahiyyətləri aşağıdakılardır: 4.0.1. qanunvericiliklə müəyyən edilmiş qaydada bələdiyyə mülkiyyətində olan torpaqlara sahiblik, onlardan istifadə və onlar barədə sərəncam vermək. 6.1. Bələdiyyə mülkiyyətində olan torpaqlar Azərbaycan Respublikasının torpaq qanunvericiliyinə, "Bələdiyyələrin əraziləri və torpaqları haqqında" Azərbaycan Respublikasının Qanununa və torpaq münasibətlərini tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq mülkiyyətə, istifadəyə və icarəyə verilir. 6.2. Bələdiyyə mülkiyyətində olan torpaqların hər hansı hüquqla hüquqi və fiziki şəxslərə verilməsi bələdiyyələrin qərarı və tərəflər arasında bağlanmış müqavilə əsasında həyata keçirilir. Müqavilədə tərəflərin hüquqları və vəzifələri, torpaq sahəsinin hüquqi statusu, öhdəliklər, servitutlar və digər məhdudiyyətlər, müqaviləyə xitam verilməsinin əsasları və torpaqların istifadəsi və mühafizəsi üzrə başqa şərtlər nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 1994 saylı rərarına əsasən Binəqədi Rayonu Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində, Binəqədi qəsəbə ərazisindən istifadəsində olan 400 kv.m torpaq sahəsinin fərdi yaşayış evinin tikintisi üçün İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır. İddiaçı qeyd olunan torpaq sahəsi üzərində hüquqların daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması ilə əlaqədar cavabdehə müraciət etsə də, cavabdeh inzibati orqan müraciətin təmin edilməsindən imtina etmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırki iş üzrə məhkəmə tərəfindən məhkəmə tikinti-texniki ekspertizası keçirilmişdir və ekspert rəyi ilə müəyyən edilmişdir ki, vahid elektron kadastr baza məlumatlarına əsasən göstərilən sahə dövlət mülkiyyəti torpağıdır. Beləliklə, iddiaçıya ayrılmış torpaq sahəsinin dövlət mülkiyyəti olması məhkəmə iclasında araşdırılmış sübutlarla öz təsdiqini tapır. “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun yuxarıda qeyd olunan müddəalarından isə görünür ki, bələdiyyə yalnız bələdiyyə mülkiyyətində olan torpaqlar barəsində, həm də qanunvericiliklə müəyyən edilmiş qaydada sərəncam verə bilər. Eyni zamanda qeyd olunmalıdır ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 1994 saylı qərarına əsasən torpaq sahəsinin İddiaçı ayrılması qeyd olunsa da, iddiaçı ilə bələdiyyə arasında Torpaqların alqı-satqısına dair Akt imzalanmamışdır. Həmin torpaq sahəsi ilə əlaqədar Torpaqların alqı-satqısına dair Akt digər şəxslə - X2 ilə imzalanmışdır, habelə həmin torpaq sahəsinə dair ödəniş X2 tərəfindən edilmişdir. Belə ki, iş materiallarında olan “Torpaqların Alqı-Satqısına dair Akt”ına əsasən Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsinin ərazisində yaşayan X2 tərəfindən Binəqədi qəsəbə Bələdiyyəsinə xx.xx.2006-cı il tarixində torpaq sahəsi almaq barədə müraciət edilmişdir, ərizəyə bələdiyyə orqanının iclasında baxılmış və bələdiyyə ərazisində 400 kv.m. torpaq sahəsi satılması barədə xx.xx.2006-cı il tarixli 1994 saylı qərar qəbul edilmişdir, bunun müqabilində onun tərəfindən ******* manat haqq ödənilmişdir. Göründüyü kimi, qeyd olunan qərara əsasən iddiaçı ilə bələdiyyə arasında Torpaqların alqı-satqısına dair aktın imzalanması, iddiaçı tərəfindən müvafiq ödənişin edilməsi öz təsdiqini tapmamışdır, iddiaçı bununla əlaqədar sübutları məhkəməyə təqdim edə bilməmişdir. İş materiallarına əlavə edilmiş Binəqədi rayon Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən iddiaçının vəkilinə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda qeyd edilir ki, özəlləşdirilməmiş torpaq sahələrinin özgəninkiləşdirilməsinin yolverilməz olduğunu nəzərə alaraq, vətəndaşın daimi mülkiyyətinə verilmiş torpaq sahəsinə dair reyestr xidməti tərəfindən qeydiyyata alınaraq çıxarış verilənə qədər vətəndaşlar öz aralarında torpaq sahələrini bələdiyyə qərarları ilə satmaq və ya bağışlamaq istədikləri halda bələdiyyə qərarları ilə bir addan başqa ada keçirilməsi qərarı alqı-satqı aktı olmadan aparıldığından alıcı tərəflə əlavə müqavilə bağlanılmadan həyata keçirildiyi üçün birincinin adına olan alqı-satqı aktı dəyişdirilmədən saxlanılır. Bununla əlaqədar məhkəmə kollegiyası qeyd edir ki, Bakı şəhəri Binəqədi rayonu Binəqədi qəsəbə Bələdiyyəsinin 13 dekabr 2006-cı il tarixli 1994 saylı qərarında torpaq sahəsinin İddiaçı alqı-satqı yolu ilə mülkiyyətinə ayrılması qərara alınmışdır, həmin qərarda torpaq sahəsinin addan-ada keçirilməsi nəzərdə tutulmamışdır. Lakin buna baxmayaraq, qeyd olunan qərara əsasən iddiaçı ilə bələdiyyə arasında Torpaqların alqı-satqısına dair akt imzalanmamışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, cavabdehin imtinası qanuni və əsaslıdır, iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilə bilməz. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-784/2024 nömrəli, 24 aprel 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar