Məhkəmə qərarları › İş №2-1(103)-309/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-309/2024

21.02.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-309/2024 21.02.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və üçüncü şəxs X2 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 2242/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarından üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı (üçüncü şəxs X4) iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X2 iddiaçının mülkiyyətində olan ünvan 1 ünvandan qeydiyyatdan çıxarılması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı adına ünvan 1 ünvanında yerləşən fərdi yaşayış evi xx.xx.2010-cu il tarixdə rəsmi qeydiyyata alınmaqla mülkiyyətinə keçmişdir. Həmin mənzilin mülkiyətçisinə MA seryalı ******* nömrəli çıxarış təqdim olunmuşdur. xx.xx.2022-ci il tarixdə DİN-nin Bakı şəhər Səbail Rayon Polis İdərəsinin 065- 23175/2C-3222 saylı məktubundan məlum olur ki, İddiaçı mülkiyyətində olan ünvan 1 ünvanında yaşamayan şəxs - X4 daimi qeydiyyatda vardır. Cavabdehin sözügedən evdə olan qeydiyyatı formal xarakter daşıyır və eyni zamanda da mülkiyyətçi kimi hüquqlarını pozur. Onun əvəzinə kommunal xərclərdə əlavə ödənişlər etməli olur. Bundan əlavə onun mənzildə qeydiyyatda qalması mülkiyyətçinin həmin mənzillə bağlı sərəncam vermək və sair hərəkətlər etmək hüquqlarını məhdudlaşdırır. Şəxsin pasport qeydiyyatı onun yaşayış yeri üzrə olmalıdır. Çünki şəxsin öz yaşayış yeri üzrə qeydiyyatda olması şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi məsələsini asanlaşdırır. Üçüncü şəxsin isə faktiki olaraq başqa yerdə yaşaması, amma onun evində qeydiyyatda olması onun dövlət və cəmiyyət qarşısında da vəzifələrinin icrasına ciddi maneələr yaradır. Mülkiyyətçinin razılığı olmadan qeydiyyatda olanların pasport qeydiyyatından çıxarılması üçün Səbail rayon Polis İdarəsinin Pasport Qeydiyyat şöbəsinə müraciət edilsə də, cavabdeh orqan 065-23175/2C-3222 saylı məktubla imtina vermişdir. İddiaçı göstərilənlərə əsasən iddia tələbinin təmin edilməsini məhkəmədən xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Miminat Hacıbəyova) 2-1(112)-2242/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı xüsusi mülkiyyətində olan ünvan 1 ünvanından X2 pasport qeydiyyatından çıxarılması vəzifəsi cavabdeh Bakı şəhəri Səbail rayon Polis İdarəsinin üzərinə qoyulmuşdur. Həmin qərardan üçüncü şəxs X4 apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddia tələbinin rədd edilməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı onun anasıdır, yəni ailə üzvüdür. Qeyd edilən mənzildə o, uşaq vaxtından, təxminən 1960-cı illərdən başlayaraq 2002-2003-cü illərə kimi daimi əsaslarla yaşamışdır. Ailə qurduqdan sonra anası ilə həyat yoldaşı arasında mübahisə olduğu üçün məcbur qalıb kirayələrdə qalmışdır. Lakin həmişə hazırki iş üzrə mübahisəli mənzilə gəlib-getmişdir, ailəsi yaşamasa da özü yaşamışdır. Yəni həm ailəsi ilə, həm də yaşlı anası ilə yaşamışdır. İstifadə hüququnun mövcud olduğu mənzildə daim yaşamağa çalışsa da digər qohumların anasını yanlış istiqamətləndirməsi nəticəsində anası bəzən evdə yaşamağa ona imkan verməmişdir. Hətta ailə münaqişələri nəticəsində işlərinin polisə düşdüyü hallar da olmuşdur. Hazırda da yaşlı anası digər şəxslərin təsiri altında qeyd edilən iddianı qaldırmış və onun məhkəmə proseslərindən xəbəri olmamışdır. Məhkəmə iddianı təmin edərkən işin hallarını tam araşdırmamış, iddiaçı ilə onun ailə üzvü olmağı və qeyd edilən mənzilə istifadə hüququnun olması məsələsi nəzərə alınmamışdır. Məhkəmə sadəcə qeyd edir ki, mənzil iddiaçının mülkiyyətindədir və o, hazırda həmin mənzildə yaşamır. Həmçinin, onun həmin mənzildə istifadə hüququnun olması barədə cavabdeh tərəfindən sübut təqdim edilməmişdir. Bu səbəbdən də iddianı təmin etmişdir. Lakin məhkəmə iddiaçının onun anası olması, yəni ailə üzvü olmaları məsələsinə, onun hansı tarixlərdə mənzildə yaşadığı, hazırda müvəqqəti olaraq yaşamama səbəbinin nədən ibarət olması, mənzilə istifadə hüququnun olub-olmaması məsələlərini ümumiyyətlə araşdırmamış və əsassız qərar qəbul etmişdir. Şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması üçün əsasların dairəsi «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində konkret müəyyən edilmişdir. Ona münasibətdə «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Qanunun 9-cu maddəsində göstərilən əsaslardan hər hansı biri, o cümlədən onun yaşayış sahəsindən istifadə hüququna xitam verilməsi barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı mövcud deyil. İş materiallarında olan Bakı şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil-Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS-in 235 nömrəli 18 aprel 2022-ci il tarixli arayışında da onun İddiaçı oğlu olması məsələsi qeyd edilmişdir. Lakin məhkəmə nədənsə bu məsələyə ümumiyyətlə toxunmamış, onun nə vaxtdan hansı əsaslarla ünvan 1 ünvanında qeydiyyatda olması məsələsi də araşdırılmamışdır. Hazırkı tələb inzibati orqan olan rayon polis idarəsinə qarşı yönəldiyindən, qeydiyyatdan çıxarılması tələb olunan şəxs kimi onun mübahisəli mənzilə dair hər hansı əmlak hüququnun, o cümlədən istifadə hüququna sahib olub-olmamasını müəyyənləşdirmək və bu əsasdan onu mənzilə əmlak hüququ olmayan şəxs kimi tanıyaraq iddiaçının tələbi əsasında qeydiyyatdan çıxarmaq cavabdeh inzibati orqanın öz qiymətləndirməsi ilə həll edə biləcəyi məsələ deyildir. Bu baxımdan cavabdeh inzibati orqanın imtinası əsaslı olmuş və onu qeydiyyatdan çıxarmamışdır. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən üçüncü şəxs X4 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı əvvəlki məhkəmə iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi X5 apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə üçüncü şəxs tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyib, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Bakı şəhəri Səbail Rayonu Polis İdarəsi tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli 065-23175/2C-3222 nömrəli imtina məktubundan görünür ki, ünvan 3 ünvanda hal-hazırda qeydiyyatda olan vətəndaş X2 göstərilən ünvandan qeydiyyatdan çıxarılması ilə əlaqədar mövcud qanunvericiliyin tələblərini nəzərə alaraq, «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə əsasən məhkəmə orqanlarına müraciət edilməsi məqsədəmüvafiq hesab edilmişdir. İş materiallarında olan Bakı Şəhəri İcra Hakimiyyəti Başçısının Aparatı Mənzil- Kommunal Təsərrüfatı Departamenti Səbail rayon Mənzil-Kommunal Təsərrüfatı Birliyi 58 saylı MKİS-in 235 nömrəli 18 aprel 2022-ci il tarixli arayışından görünür ki, İddiaçı Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi 5 saylı evin 42 saylı mənzilində oğlu X4 ilə birlikdə qeydiyyatdadır, lakin oğlu uzun müddətdir ki, yuxarıda göstərilən ünvanda yaşamır. İş materiallarında olan Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən çıxarışdan görünür ki, ümumi sahəsi 42,02 kv.m olan ünvan 4 ünvanında yerləşən mənzilə İddiaçı xüsusi mülkiyyət hüququ daşınmaz əmlakın dövlət reyestrində xx.xx.2010-cu il tarixdə qeydiyyata alınmışdır, qeydiyyat nömrəsi **********. İş materiallarında olan Bakı şəhər İcra Hakimiyyəti Başçısının X1 və Mülkiyyət Hüquqlarının Qeydiyyatı İdarəsinin xx.xx.1994-cü il tarixli qeydiyyat vəsiqəsinə əsasən ünvan 5 ünvanında yerləşən mənzil xüsusi mülkiyyət kimi İddiaçı adında qeydiyyatdan keçirilmişdir. İş materiallarında olan Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2022-ci il və xx.xx.2022-ci il tarixdə məktubları ilə bildirmişdir ki, ünvan 4 ünvanı üzərində X2 istifadə hüququnun qeydiyyata alınmasına dair hər hansı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikası Konstitusiyasının: 13-cü maddəsinə əsasən mülkiyyət toxunulmazdır və dövlət tərəfindən müdafiə olunur. 29-cu maddəsinin İ və İİ bəndlərinə əsasən hər kəsin mülkiyyət hüququ vardır. Mülkiyyətin heç bir növünə üstünlük verilmir. Mülkiyyət hüququ, o cümlədən xüsusi mülkiyyət hüququ qanunla qorunur. «İnsan hüquqlarının və əsas azadlıqların müdafiəsi haqqında» Konvensiyanın 1 nömrəli protkolunun 1-ci maddəsinə əsasən hər bir fiziki və hüquqi şəxs öz mülkiyyətindən maneəsiz istifadə hüququna malikdir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 152.1-ci maddəsinə əsasən mülkiyyət hüququ - subyektin ona mənsub əmlaka (əşyaya) öz istədiyi kimi sahib olmaq, ondan istifadə etmək və ona dair sərəncam vermək üzrə dövlət tərəfindən tanınan və qorunan hüquqdur. 152.5-ci maddəsinə əsasən mülkiyyətçi qanunda və ya müqavilədə müəyyən edilən məhdudiyyətlər nəzərə alınmaqla müəyyənləşdirilmiş hədlərdə əmlaka (əşyaya) sərbəst surətdə sahib ola bilər, ondan istifadə edə bilər və ona dair sərəncam verə bilər, həmin əmlaka başqa şəxslərin sahibliyinə yol verməyə bilər, ona mənsub əmlak barəsində öz mülahizəsi ilə istənilən hərəkətləri edə bilər, bir şərtlə ki, həmin hərəkətlər qonşuların və ya üçüncü şəxslərin hüquqlarını pozmasın, yaxud hüquqdan sui-istifadə olmasın. 157.4-cü maddəsinə əsasən əgər mülkiyyətə qəsd və ya başqa maneələr əşyanı götürmədən və ya ondan məhrum etmədən törədilirsə, mülkiyyətçi qəsd edəndən bu hərəkətlərə son qoymağı tələb edə bilər. Bu cür hərəkətlər davam etdirildikdə mülkiyyətçi həmin hərəkətlərə son qoyulmasını məhkəmə vasitəsilə tələb edə bilər. 178.1-ci maddəsinə əsasən daşınmaz əmlaka mülkiyyət hüququ onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun: 1-ci maddəsinə əsasən Azərbaycan Respublikasının vətəndaşları, əcnəbilər və vətəndaşlığı olmayan şəxslər (bundan sonra şəxslər) Azərbaycan Respublikasında yaşayış yeri və olduğu yer üzrə qeydiyyata alınmalıdırlar. Yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın məqsədi Azərbaycan Respublikasında yaşayan şəxslərin uçota alınması, onların başqa şəxslər, dövlət və cəmiyyət qarşısında vəzifələrinin icra edilməsi, insan və vətəndaş hüquqlarının və azadlıqlarının həyata keçirilməsi (sosial müdafiə, pensiya təminatı, hərbi xidmətə çağırış, məhkəmə qərarlarının icrası və s.) üçün zəruri şərait yaratmaqdır. 2-ci maddəsinə əsasən şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. 5-ci maddəsinin 2-ci hissəsinə əsasən yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq dövlət orqanına müraciət etməlidir. 9-cu maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə - yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə - müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə - ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə - məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. «Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında» Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair» Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 24 sentyabr 2020-ci il Qərarına əsasən Azərbaycan Respublikası Mülki Məcəlləsinin 228-ci, Azərbaycan Respublikası Mənzil Məcəlləsinin 30-cu və “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci maddəsinin mənası baxımından şəxsin yaşayış yeri üzrə qeydiyyatı onun yaşadığı yerin dövlət tərəfindən rəsmi qaydada qeydə alınmasını təmin edən vasitə olmaqla məhdud əşya hüququ mənasında istifadə hüququnu ehtiva etmir. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin mənasına görə mülkiyyətçinin ərizəsi əsasında qeydiyyata alınmış, lakin həmin yaşayış sahəsində faktiki yaşamayan və ya istifadə hüququ olmayan şəxsin qeydiyyatına mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilməlidir. Yaşayış sahəsinə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında qeydiyyatdan çıxarılmasından inzibati orqan tərəfindən imtina edildikdə, məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. Həmin Qərarda həmçinin qeyd edilir ki, mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etməyi zəruri hesab edir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Mülkiyyətçinin iradə ifadəsi olan razılıq ərizəsi ilə ona məxsus yaşayış sahəsinə digər şəxsin qeydiyyata alınması nəticəsində yaranmış hüquqi münasibətlərə mülkiyyətçinin inzibati orqana müraciəti əsasında xitam verilə bilər. Belə ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunda əsas müddəa kimi təsbit edilən yaşayış yeri və olduğu yer üzrə qeydiyyatın yalnız Azərbaycan Respublikasının qanunvericiliyi ilə müəyyən edilmiş hallarda hüquqi nəticəyə səbəb ola biləcəyi nəzərə alınmaqla yaşayış sahəsinə münasibətdə əmlak hüquqları mövcud olmayan şəxslərin mülkiyyətçinin tələbi əsasında müvafiq icra hakimiyyəti orqanı (inzibati orqan) tərəfindən qeydiyyatdan çıxarılması təmin olunmalıdır. Əks halda məhkəmələr bununla bağlı mübahisələrə inzibati məhkəmə icraatı qaydasında baxaraq şəxsin yaşayış yeri üzrə qeydiyyatdan çıxarılması öhdəliyini həmin orqanın üzərinə qoya bilər. İşin faktiki hallarından görünür ki, Bakı şəhəri, Səbail rayonu, T.Elçin küçəsi, 5 saylı evin 42 saylı mənzili İddiaçı xüsusi mülkiyyətindədir. Üçüncü şəxs X4 iddiaçının oğludur. Üçüncü şəxs tərəfindən apellyasiya şikayətində qeyd edilənlərdən görünür ki, o, 2003-cü ildə nikaha daxil olduqdan sonra daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Göründüyü kimi, üçüncü şəxs nikaha daxil olaraq daimi yaşamaq üçün başqa ünvana köçmüş, yaşayış yerini dəyişmişdir. Hazırda o, iddiaçıya məxsus ünvanda qeydiyyatda olsa da orada yaşamır, ailə üzvləri ilə birlikdə başqa ünvanda yaşayır. Üçüncü şəxs iddiaçıya məxsus ünvanda yaşamağa çalışsa da, anasının ona həmin ünvanda yaşamağa imkan vermədiyini bildirsə də, bununla əlaqədar sübutları, o cümlədən mənzilə köçürülmə və istifadə hüquqlarının tanınması tələbi ilə bağlı məhkəməyə müraciət etməsinə dair sübutları məhkəməyə təqdim etməmişdir. Göründüyü kimi, üçüncü şəxs hazırda qeyd olunan ünvanda qeydiyyatda olsa da, orada yaşamır, daimi yaşamaq üçün başqa ünvana köçmüşdür. Üçüncü şəxs iddiaçıya məxsus ünvanda formal qeydiyyatdadır. Üçüncü şəxsin iddiaçının mülkiyyətində olan ünvanda formal olaraq qeydiyyatda qalması iddiaçının mülkiyyət hüququnu məhdudlaşdırır. Bu səbəbdən də cavabdehin imtinası əsassızdır və iddiaçının hüquqlarının pozulmasına səbəb olan hal kimi qiymətləndirilməlidir. Məhkəmə kollegiyası qeyd olunanları nəzərə alaraq belə qənaətə gəlir ki, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Məhkəmə kollegiyası qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Üçüncü şəxs X4 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2242/2023 nömrəli, 17 yanvar 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar