Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3090/2021 01.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X3 Cəmilovanın sədrliyi və məruzəsi ilə, Mirzə Nəsib oğlu Tağızadədən və Həmid Üzeyir oğlu Həmidovdan ibarət tərkibdə, Aysu Əli qızı Orucovanın katibliyi ilə, İddiaçının nümayəndəsi və vəkili X1 iştirakı ilə, İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” tələbinə dair iddiası üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1805/16 saylı 25 iyul 2016-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinin mümkünlüyünün yoxlanılması məsələsinə 01 dekabr 2021-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin (ünvan: ünvan 2əhəllə) binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh DƏDRX-nin Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, “mülkiyyət hüquqlarının dövlət reyestrində qeydiyyata alınmaqla reyestrdən çıxarışın verilməsi” barədə qərar qəbul edilməsini xahiş etmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1805/16 saylı 25 iyul 2016-cı il tarixli qərardadı ilə iddiaçının iddiadan imtinasının qəbul edilməsi və iş üzrə icraata xitam verilməsi qərara alınmışdır. Həmin qərardaddan narazı qalan İddiaçı tərəfindən apellyasiya şikayəti verilərək qərardadın ləğv edilməsi xahiş edilmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, o, məhkəmənin iclasında iştirak etməmiş, onun həmin iclasda iştirakını təsdiq edən hər hansı sübut yoxdur, 28.06.2016-cı il tarixdə məhkəməyə iddiadan imtina edilməsi barədə ərizə verməmiş, həmin ərizəyə imza etməmiş, ərizədə olan imza ilə onun imzası arasında heç bir oxşarlıq yoxdur, sözügedən ərizənin kim tərəfindən tərtib edilib məhkəməyə təqdim edilməsi barədə məlumatı yoxdur. Həmin qərardad onun tərəfindən alınmamış, 2021-ci il tarixdə məhkəməyə təkrar müraciət edilmiş və qərardad 05.11.2021-ci il tarixdə onun nümayəndəsinə rəsmi olaraq təqdim edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.2-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi apellyasiyanın mümkünlüyü əsaslarını yoxlayır. İnzibati prosessual qanunvericiliyin tələblərinə görə apellyasiya şikayətinin vaxtında verilməsi apellyasiyanın mümkün sayılması üçün əsas şərtlərdən biridir. Apellyasiyanın mümkünlüyü məsələsinə baxılması 01.12.2021-ci il tarixə təyin edilmişdir. Həmin tarixdə keçirilən məhkəmə iclasında cavabdeh nümayəndəsinin iştirakını təmin etməmişdir. İddiaçının nümayəndəsi və vəkili cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasına etiraz etməmişdir. Buna görə də məhkəmə kollegiyası hazırki işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Apellyasiya baxışı zamanı iddiaçının nümayəndəsi və vəkili X2 izahatında 2016-cı il tarixdə keçirilmiş məhkəmə iclasında nə iddiaçının, nə də onun nümayəndəsinin iştirak etmədiyini, iştirakını təsdiq edən imzanın olmamasını, qərardadda texniki səhv nəticəsində onun adının qeyd edildiyini bildirmiş və bununla bağlı apellyasiyanın mükün sayılmasını xahiş etmişdir. Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilinin izahatını dinləyib, iş materiallarını araşdıraraq hesab edir ki, birinci instansiya məhkəməsinin 25.07.2016-cı il tarixli qərardadından verilmiş apellyasiya şikayəti mümkün sayılmamalıdır. Belə ki, iş materiallarında olan reyestrdən (i.v 51) müəyyən olunur ki, 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1805/16 saylı 25 iyul 2016-cı il tarixli qərardadı poçt vasitəsilə rəsmi qaydada 25 iyul 2016-cı il tarixli məktubla iddiaçıya göndərilmişdir. Lakin sözügedən qərardadın iddiaçı tərəfindən alınıb-alınmamasına dair hər hansı sübut iş materiallarında mövcud deyildir. Apellyasiya şikayəti isə 12.11.2021-ci tarixdə məhkəməyə daxil olmuşdur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 75.3-cü maddəsinə görə məhkəmə qərarı, bu Məcəllənin 20.1-ci maddəsində nəzərdə tutulmuş qaydada proses iştirakçılarına təqdim edilir. Həmin Məcəllənin 20.1-ci maddəsinə əsasən müddətin axımının başlanmasına səbəb olan məhkəmə qərarları, qərardadları, sərəncamları, eləcə də məhkəmə iclasının tarixinin müəyyən olunması ilə və ya məhkəməyə çağırışla bağlı olan məhkəmə sənədləri proses iştirakçılarına şəxsən və ya digər üsullarla təqdim edilməlidir. Hər bir halda təqdimetmənin təsdiqi barədə müvafiq qeydlər və ya sənədlər iş üzrə materiallara əlavə olunur. Həmin Məcəllənin 22.1-ci maddəsinə əsasən bu Məcəllə ilə başqa qayda nəzərdə tutulmamışdırsa, müddətin axımı təqdim edilmə anından, təqdim edilmənin bu Məcəllə ilə məcburi hesab olunmadığı hallarda isə, elan edilmə anından başlanır. Eyni zamanda həmin Məcəllənin 23.1-ci maddəsinə əsasən məhkəmə qərarına (qərardadına) qarşı şikayət verilməsi ilə bağlı bu Məcəllədə nəzərdə tutulmuş müddətin axımı, proses iştirakçısına həmin qərara (qərardada) qarşı şikayət vermənin qaydası və müddəti, şikayətin verilə biləcəyi məhkəmə və onun ünvanı barədə məlumatların nəzərdə tutulduğu məhkəmə aktının və ya bu barədə məhkəmə tərəfindən yazılı məlumatın təqdim edildiyi gündən başlanır. Həmin Məcəllənin 85.1-ci maddəsinə əsasən şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Həmin Məcəllənin 23.2-ci maddəsinə əsasən hüquqi müdafiə vasitələri, həmin hüquqi müdafiə vasitələrindən istifadə qaydası və müddəti ilə bağlı məlumat bu Məcəllənin 23.1-ci maddəsində nəzərdə tutulmuş qaydada təqdim olunmadıqda və ya təhrif olunmuş şəkildə təqdim olunduqda, məhkəmə qərarına (qərardadına) qarşı onun təqdim olunduğu və ya elan olunduğu gündən 1 il müddətində şikayət verilə bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. İş materiallarından göründüyü kimi, iddiaçı 25.07.2016-cı il tarixdə qərardad qəbul edilərkən məhkəmə iclasında iştirak etmiş və iddiadan imtinası ilə bağlı iş üzrə icraata xitam verilməsi barədə qərardad onun iştirakı ilə elan olunmuşdur. Belə olan halda iddiaçı sözügedən qərardaddan şikayət verilməsi üçün qanunla müəyyən edilmiş son bir illik müddəti də ötürmüşdür, hansı ki həmin müddət keçdiyinə görə onun bərpası ilə bağlı ərizənin də verilməsi qanunla istisna olunur. O ki qaldı iddiaçının apellyasiya şikayətində göstərdiyi “məhkəmə prosesində iştirak etməməsi və hər hansı ərizə verməməsi” barədə dəlilinə, bu hallar iş materialları ilə öz təsdiqini tapmır, əksinə, qeyd olunan hallar onun müvafiq ərizəsi və məhkəmənin qəbul etdiyi qərardadda göstərilənlərlə təkzib olunur. Digər tərəfdən, Kollegiya onu da nəzərə alır ki, iddiadan imtina ilə bağlı çıxarılmış qərardaddan apellyasiya şikayətinin verilməsi inzibati prosessual qanunvericilikdə nəzərdə tutulmamışdır. Belə ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.5-ci maddəsinə əsasən iddiaçı iddiadan imtina etdikdə və ya iddia məhkəmə tərəfindən geri götürülmüş sayıldıqda, məhkəmə icraata xitam verilməsi barədə qərardad qəbul edir. Həmin qərardadda iddiadan imtina edilməsinin və ya iddianın geri götürülmüş sayılmasının bu Məcəllədə nəzərdə tutulmuş hüquqi nəticələri göstərilməlidir. Məhkəmənin həmin qərardadından şikayət verilə bilməz. Beləliklə, məhkəmə kollegiyası inzibati prosessual qanunvericiliyin yuxarıda sadalanan normaları baxımından hesab edir ki, iddiaçının apellyasiya şikayəti qeyrimümkün sayılmalı və onun qəbulundan imtina edilməlidır. Həmin Məcəllənin 87.3-cü maddəsinə əsasən apellyasiya mümkün sayılmadıqda apellyasiya instansiyası məhkəməsi şikayəti qəbul etməkdən imtina edir. Yuxarıdakılara əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası QƏRARA ALDİ: 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-1805/16 saylı 25 iyul 2016-cı il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti qeyri-mümkün hesab edilsin və şikayətin qəbulundan imtina edilsin. Qərardaddan, onun işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şıkayəti verilə bilər. Sədrlik edən Xəyalə Cəmilova Hakimlər Mirzə Tağızadə Həmid Həmidov
Məhkəmə qərarları › İş №2-1(103)-3090/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3090/2021
01.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver