Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3090/2023 19.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), X1 və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, iddiaçının iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı “icra hərəkətlərinin dayandırılması" tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9391/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Bakı şəhəri Xətai rayon İcra Şöbəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, iş üzrə icra hərəkətlərinin dayandırılması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İşin faktiki hallarına əsasən Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3702 saylı xx.xx.2009-cu il tarixli icra sənədinə əsasən borclu İddiaçı 611996 ABŞ dolları məbləğində borc tələbkar Azərbaycan Beynəlxalq Bankı ASC-nin xeyrinə tutulmalıdır. Tutma, İddiaçı məxsus Xətai rayon H.Aslanov qəsəbəsi 5-ci Dairəvi küçəsi,ev 40 ç fərdi yaşayış evinə yönəldilmişdir. "xxxx" MMC-tərəfindən həmin ev cəmi 450.000 manata qiymətləndirilmişdir. İddiaçı 3 mərtəbəli, ümumi sahəsi 390 kv.m 5,5 sot torpaq sahəsində yerləşən fərdi yaşayış evinin bu dəyərdə qiymətləndirilməsi qanunsuz və əsassızdır. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9391/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini, işə mahiyyəti üzrə baxılması barədə qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə öz qərardında hesab etmişdir ki, işə icraya nəzarət edən məhkəmə tərəfindən baxılmalıdır. Məhkəmənin bu mövqeyi ilə razılaşmır. Belə ki, hazırkı iş inzibati orqanın hərəkət və hərəkətsizliyi ilə bağlı olduğu üçün ancaq inzibati məhkəmə icraatı qaydasında baxılmalıdır. Qərardad onun məhkəməyə müraciət etmək hüqüqunu məhdudlaşdırır. Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini iddia ərizəsinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh (səlahiyyətli nümayəndələri) məhkəmə iclasına gəlməmiş, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşıdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati icraat qaydasında baxılan iddia subyektiv hüququ olan şəxs tərəfindən qanunla üzərinə müvafiq öhdəlik düşən inzibati orqana qarşı qaldırılmalı və inzibati icraat qaydalarına müvafiq olan iddia növünə uyğun olmaqla, iddiaçı tərəfindən hüquq və azadlıqların pozulması (sübutlar da əlavə olunmaqla) əsaslandırmalıdır ki, iddiasının inzibati məhkəmə icraatı mümkün olsun. Əks təqdirdə, həmin Məcəllənin 35.3-cü maddəsinə əsasən məhkəmə, iddianın mümkün sayılmaması barədə qərardad qəbul edir. Konkret halda isə hazırkı iddianın inzibati məhkəmə icraatının mümkünlük şərtləri öz təsdiqini tapmır. Belə ki, işin faktiki hallarından göründüyü kimi, mübahisələndirilən məsələ mülki icraat qaydasında baxılıb qanuni qüvvəsini almış, Bakı şəhəri Xətai rayon Məhkəməsinin 2(011)-3702 saylı xx.xx.2009-cu il tarixli qətnaməsinə əsasən verilmiş icra sənədinin icrasından irəli gələn məsələlərlə əlaqədar olub, konkret halda tutmanın yönəldiyi evin dəyərinin aşağı qiymətləndirilməsindən narazı qalan borclu (iddiaçının) həmin qiymətləndirməni qanunsuz olduğunu hesab edərək, cavabdeh icra orqanının üzərinə icraatın dayandırılması öhdəliyi qoyulmasını tələb etmişdir. Bununla əlaqədar, İPM-in 1.1-ci maddəsinin tələbini nəzərə alan məhkəmə kollegiyası, ilk öncə qeyd edir ki, inzibati icraat qaydasında qaldırılan iddianın ilkin mümkünlük şərti, onun inzibati hüquq münasibətlərindən yaranması təşkil etməlidir. Konkret halda isə iddia olunan məsələnin inzibati hüquq münasibətlərindən irəli gəldiyi müəyyən olunmur. Belə olan halda da iddianın inzibati məhkəmə icraatı istisna edilir. Lakin işin hallarından göründüyü kimi, iddiaçı icraatın dayandırılması barədə tələbini mülki icraat çərçivəsində işə baxan məhkəməyə deyil, inzibati məhkəməyə müraciət etmişdir. Halbuki, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Həmin Qanunun 29.1-ci maddəsinə əsasən məhz, həm də onu nəzərdə tutur ki, tərəflər icra hərəkətlərinin həyata keçirilməsində iştirak etmək və bu zaman şifahi və yazılı izahatlar vermək, icraatın gedişində meydana çıxan bütün məsələlər üzrə öz dəlil və mülahizələrini bildirmək, icraatda iştirak edən digər şəxslərin vəsatətlərinə, dəlil və mülahizələrinə etiraz etmək, icra məmuruna etiraz etmək və onun hərəkətlərindən (hərəkətsizliyindən) şikayət vermək hüquqlarına malikdirlər. Digər tərəfdən «Homsbi» Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir.» Göründüyü kimi, həm daxili, həm də beynəlxalq qanunvericiliyə görə icra sənədinin icra edilməsinə nəzarət icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, icra sənədi üzrə icraatın iştirakçıları (tələbkar və borclu) icra məmurunun qanunsuz hərəkətlərindən irəli gələn məsələləri icra sənədini vermiş məhkəmədə mübahisələndirilə bilər. Məhkəmə kollegiyası onu da qeyd edir ki, icra sənədinin icrası zamanı icra məmurunun həyata keçirdiyi icra hərəkətləri və ya hərəkətsizliyi inzibati hüquq sahəsinə aid olan publik xarakterli məsələlərin tənzimlənməsinə yönəlmir. Belə ki, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qərarının icrası həmin icraat çərçivəsində tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. İcra orqanına qarşı o halda inzibati icraat qaydasında iddianın qaldırılması mümkündür ki, icra məmuru icraatın predmetindən kənara çıxsın və ya başqa şəxslərin qanunla qorunan mənafeyini pozmuş olsun. Beləliklə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati-Məhkəməsinin 2-1(112)- 9391/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati-Məhkəməsinin 2-1(112)-9391/2023 saylı xx.xx.2023-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3090/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3090/2023
19.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver