Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3090/2024 29.08.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “daşınmaz əmlakların üzərinə qoyulmuş qadağanın icra edilməsi tələbinə dair” iddia ərizəsi üzrə Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6515/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı məhkəməyə iddia ərizəsi, sonradan isə ona əlavə verərək, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012- ci il tarixli 2(102)- 2277/2012 saylı qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 və 156 nömrəli torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilməsi üçün qoyulan qadağanın bərpasını və qüvvədə saxlanılmasını, qərarın icrasının qüvvəyə mindiyi tarixdən bu günə qədər olan tarixədək Azərbaycan Respublikası qanunvericiliyinə zidd olan hər hansı hərəkətlərin ləğv edilməsinin icra edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 saylı qərarı ilə Badamdar qəsəbəsi, 3-cü yaşayış massivində yerləşən 154 və 156 nömrəli torpaq sahələrinin və onun üzərindəki fərdi tikililərlə əlaqədar hər hansı hərəkətin edilməsi qadağan olunmuş və həmin qərarın icrası Azərbaycan Respublikası ƏMDK yanında DƏDRX-nın Bakı şəhər Ərasi İdarəsinə və Səbail rayon İcra şöbəsinə həvalə edilmişdir. O, həmin işdə iddiaçıdır. Məhkəmənin həmin qərarı icra edilməsi üçün cavabdeh İdarəyə göndərilmiş vç sonuncu tərəfindən xx.xx.2012-ci il tarixdə qismən icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulmuş, lakin torpaq sahələrinin üzərində olan tikililərinin üzərinə qadağa qoyulmamışdır. Bununla da, cavabdeh tərəfindən Ali məhkəmənin qərarındakı tələblər tam icra edilməmişdir. Bu barədə o, 2023-cü il oktyabr ayında xəbər tutaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarının tam icra edilməsini xahiş etmiş, lakin oradan xx.xx.2024-cü il tarixli, 3-21-3/2-Y- 01xx-xx/2023 saylı məktubla bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 nömrəli qərarı xx.xx.2012-ci il tarixdə icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulsa da, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə daxil olmuş xx.xx.2014-cü il tarixli 10934/14 nömrəli məktubda X1 iddiaçı olduğu mülki işə Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq xx.xx.2012- ci il tarixdə 2(005)-1405/2012 nömrəli qətnamə qəbul edildiyindən və qətnamə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra olunduğundan həmin torpaq sahələrinin üzərinə qadağanın qoyulması zərurəti aradan qalxmışdır. Beləliklə də, cavabdeh tərəfindən Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin (“MPM”)162.1-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, MPM-in 162.1-ci maddəsinə əsasən, müvəqqəti təminat tədbirləri məhkəmənin təşəbbüsü ilə və ya tərəflərin, işdə iştirak edən şəxslərin, yaxud işdə iştirak etməyə cəlb edilməyən, lakin qəbul edilən qərardad onların hüquq və vəzifələrinə toxunan hallarda digər şəxslərin ərizəsi ilə həmin məhkəmənin (yəni müvəqqəti təminat tədbirini tətbiq edən məhkəmənin) özü tərəfindən ləğv oluna bilər. Ali Məhkəmə tərəfindən cavabdehə həmin daşınmaz əmlakların üzərinə qoyulmuş qadağanın götürülməsi barədə heç bir sənəd göndərilməmişdir. Belə olan halda, Nərimanov Rayon Məhkəməsinin hər hansı bir məhkəmə aktı ilə Ali Məhkəmənin qoyduğu qadağa götürülə bilməzdi.” Cavabdeh iddia ərizəsinə etirazında iddia ərizəsinin rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır: “Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarına əsasən iddiaçı X1 ərizəsinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilmənin qadağan edilməsi qərara alınmışdır. Daha sonra, Ali Məhkəmənin Mülki Kollegiyasının 10934/14 saylı, xx.xx.2014- cü il tarixli məktubu (daxilolma nömrəsi - **********) nəzərə alınmaqla, torpaq sahələri üzərinə qoyulmuş qadağalar ********** və ********** ərizə nömrələri ilə götürülmüşdür. İdarəyə ********** qeydiyyat nömrəsi ilə Ali Məhkəmənin xx.xx.2014-cü il tarixli, 10934/14 saylı məktubu daxil olmuşdur. Müvafiq məktub İdarəyə ünvanlanmışdır. Məktubda qeyd edilmişdir ki, “Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarına əsasən iddiaçı X1 ərizəsinin təmin edilməsi, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilmənin qadağan edilməsi qərara alınmışdır. Göstərilən mülki iş Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq xx.xx.2012-ci il tarixdə 2(005)-1405/2012 saylı qətnamə qəbul edilmiş və Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra olunmuşdur. Odur ki, həmin əmlakların üzərinə qadağanın qoyulması zərurəti aradan qaldırılmışdır...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 6515/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və iddia ərizəsinin mümkün sayılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 85-ci maddəsinin tələbləriənə uyğun verilmiş, apellyasiya mümkün sayılmışdır. Apellyasiya şikayəti aşağıdakılarla əsaslandırılmışdır: “...Aşağıda göstərdiyi səbəblərə görə qərardad qanunsuz və əsassızdır. Belə ki, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli, 2(102)- 2277/2012 saylı qərarı icra edilməsindən ötrü cavabdeh Daşınmaz Əmlakın Kadastrı və Reyestri Publik Hüquqi Şəxsi 1 Saylı Bakı Ərazi İdarəsinə göndərilmişdir. Cavabdeh tərəfindən həmin qərar xx.xx.2012-ci il tarixdə qismən icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulsa da, lakin həmin torpaq sahələrinin üzərində olan tikililərinin üzərinə qadağa qoyulmamışdır. Bununla da, cavabdeh tərəfindən Ali məhkəmənin qərarındakı tələblər tam icra edilməmişdir. Bu barədə 2023-cü il oktyabr ayında xəbər tutaraq Əmlak Məsələləri Dövlət Xidmətinə müraciət edib, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 saylı qərarının tam icra edilməsini xahiş etmişdir. Lakin oradan ona ünvanlanan xx.xx.2024-cü il tarixli, 3-21-3/2-Y-01xx-xx/2023saylı məktubda bildirilmişdir ki, Ali Məhkəmənin xx.xx.2012-ci il tarixli, 2(102)-2277/2012 nömrəli qərarı xx.xx.2012-ci il tarixdə icra olunaraq torpaq sahələrinin üzərinə qadağa qoyulsa da, lakin cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin Bakı Şəhər Ərazi İdarəsinə daxil olmuş xx.xx.2014-cü il tarixli 10934/14 nömrəli məktubda X1 iddiaçı olduğu mülki işə Nərimanov Rayon Məhkəməsində mahiyyəti üzrə baxılaraq xx.xx.2012-ci il tarixdə 2(005)-1405/2012 nömrəli qətnamə qəbul edildiyindən və qətnamə Nərimanov Rayon İcra Şöbəsi tərəfindən icra olunduğundan həmin torpaq sahələrinin üzərinə qadağanın qoyulması zərurəti aradan qalxmışdır. Beləliklə də, cavabdeh Azərbaycan Respublikası Mülki Prosessual Məcəlləsinin 162.1-cü maddəsinin tələbləri pozulmuş və məhkəmə qərarının icrası ilə bağlı icra sənədinin təmin edilməsinə dair hərəkətsizlik göstərilmişdir.Cavabdehin bu hərəkətsizliyi ona qarşı qanunla inzibati məhkəmədə iddia qaldırmağım üçün əsasdır. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun "İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair" xx.xx.2015-cü il tarixli, 05 saylı qərarında göstərilir ki, iddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə, konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. Azərbaycan Respublikası Konstitusiyasının 60-cı maddəsinə əsasən "Hər kəsin hüquq və azadlıqlarının məhkəmədə müdafiəsinə təminat verilir. Hakim tərəfindən işə onun iştirakı olmadan baxılmaqla İnzibati Prosessual Məcəllənin (“İPM”) 62.1 və 62.2-ci maddələrinin tələbləri pozulmuşdur. Belə ki, həmin Məcəllənin 62.1 və 62.2-ci maddələrinə əsasən məhkəmə proses iştirakçılarını işə şifahi və ya yazılı icraat qaydasında baxılması, şifahi məhkəmə baxışı ilə bağlı iclasın vaxtı və yeri, prosessual hüquq və vəzifələri, habelə ayrı-ayrı prosessual hərəkətlər haqqında xəbərdar etməyə borcludur. Məhkəmə bildirişi şifahi məhkəmə baxışı ilə bağlı iclasın təyin edildiyi tarixə (günə) ən azı 10 gün qalmış proses iştirakçılarına təqdim edilməlidir.Lakin hakim tərəfindən bizə məhkəmə iclasının vaxtı və yeri barədə heç bir bildiriş göndərilməmişdir...” Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş tərəflər (nümayəndələri) məhkəmə iclasına gəlməmiş, İPM-in 62-ci maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası, onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Belə ki, İPM-in 35.1-ci maddəsinin tələbinə görə bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Məcəllənin qeyd olunan normasının mənası onu ehtiva edir ki, inzibati məhkəmə icraatı qaydasında qaldırılan iddianın mümkünlüyü şərtlərinin yerinə yetirildiyi halda, yolveriləndir. Yəni, iddia subyektiv hüququ olan şəxs tərəfindən, inzibati məhkəmə icraatına aid iddia növündə və qanunla müəyyən edilmiş iddia müddəti çərçivəsində cavabdehlik özdəliyi üzərinə düşən inzibati orqana qarşı qaldırıldığı və formal olaraq (sübutlar da əlavə olunmaqla) əsaslandırıldığı halda, mümkün iddia kimi icraata qəbul edilir. Əks halda, həmin Məcəllənin 35.3-cü maddəsinə müvafiq olaraq iddianın mümkün sayılmaması barədə qərardad çıxarılır. Konkret halda isə iddianın mümkünlük şərtləri yerinə yetirilmir. Belə ki, işin hallarından göründüyü kimi, Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının xx.xx.2012-ci il tarixli 2(102)-2277/2012 saylı qərarı ilə iddiaçı X1 ərizəsinin təmin edilərək, Bakı Apellyasiya Məhkəməsinin xx.xx.2012-ci il tarixli qərardadının ləğv edilməsi, iş üzrə yeni qərarın qəbul edilməsi, X1 mülkiyyətində olan Bakı şəhəri, Səbail Rayonu, Badamdar qəsəbəsi, 3-cü yaşayış massivi, 154 və 156 saylı torpaq sahələri və həmin torpaq sahələrində yerləşən fərdi yaşayış evləri ilə bağlı hər hansı hərəkətlərin edilmənin qadağan edilmişdir (İşin 187-188-ci vərəqlərindən görünür ki, həmin torpaq sahələri 2014-cü ildə X2 adına mülkiyyət hüququ ilə reyestrdə qeydə alınmışdır.) Konkret halda, iddiaçı hazırkı iddia ərizəsində mübahisələndirir ki, Ali Məhkəmənin həmin qərarı cavabdeh qeydiyyat orqanı tərəfindən icra edilməmişdir. Halbuki, iş materiallarına o cümlədən, Azərbaycan Respublikası Ali Məhkəməsinin işə əlavə olunmuş DƏDRX-in Bakı şəhəi Ərazi İdarəsinə ünvanlanmış 10 iyul 2014-cü il tarixli 10934/14 saylı məktubunda bildirmişdir ki, Ali Məhkəməsinin xx.xx.2012-ci il tarixli 2(102)-2277/2012 saylı qərarı Nərimanov İcra şöbəsi tərəfindən icra olunduğundan həmin əmlakların üzərinə qadağanın qoyulması zərurəti aradan qaxmışdır (i.v.63). Birincisi, İPM-in 44.4-cü maddəsinin tələbi baxımından, qeyd edilənlərə hüquqi qiymət verildikdə, müvəqqəti xarakterli müdafiə barədə qərardad ən geci inzibati aktın artıq mübahisələndirilə bilmədiyi gün və ya iş üzrə qəbul edilmiş qərarın qanuni qüvvəyə mindiyi gün öz qüvvəsini itirmiş sayılır. Lakin konkret halda, iddiaçı tələbində qeyd olunan qadağaların bərpasını tələb edir. Halbuki, işin qeyd olunan hallarından göründüyü kimi, həmin işə inzibati məhkəmə icraatı qaydasında deyil, mülki icraat qaydasında baxılaraq yekun məhkəmə qərarı qəbul olunmuş və həmin qərarı icra edən orqan isə Nərimanov Rayon İcra Şöbəsidir. Belə olan halda, «İcra haqqında» Qanunun 26-cı maddəsinin tələbinə görə icra sənədlərinin vaxtında və düzgün icra edilməsinə nəzarət icra qurumunun rəhbəri və məhkəmə tərəfindən öz səlahiyyətləri daxilində həyata keçirilir. Digər tərəfdən, «Homsbi Yunanıstana qarşı» işdə (19 mart 1997 40-cı bənd) Avropa Məhkəməsi də məhz, qərarında qeyd etmişdir ki, «İnsan hüquqları haqqında» Konvensiyanın 6-cı maddəsində nəzərdə tutulan ədalətli məhkəmə araşdırması huququ, dinləmədən sonrakı prosedurları, məsələn, məhkəmə qərarının icrası prosedurunu da əhatə edir. Göründüyü kimi, qanunvericiliyin tələblərinə görə icra sənədinin icra edilməsinə nəzarət həmin icra sənədini icra edən icra qurumunun rəhbəri və həmin icra sənədini verən məhkəmənin özü tərəfindən həyata keçirilməlidir. Başqa sözlə, mülki icraat qaydasında baxılan iş üzrə qanuni qüvvəsini almış məhkəmə qətnaməsinin icrası həmin tərəflərin məhkəmə müdafiəsi hüquqlarının tərkib hissəsini təşkil edir və həmin işin davamı kimi qəbul edilir. Konkret halda, məhkəmənin qanuni qüvvəyə minmiş qərarının icrası ilə əlaqədar cavabdeh inzibati orqanın, həyata keçirdikləri fəaliyyət inzibati hüquq sahəsinə aid fəaliyyət kimi qəbul edilmir və bu istiqamətdə edilmiş hərəkətlər (hərəkətsizliklər) inzibati hüquq münasibəti ilə bağlı faktiki xarakterli hərəkəti kimi qiymətləndirilmir. İPM-in 2.1-ci maddəsinin mənasına görə qanunla başqa aidiyyət qaydası müəyyən edilmişdirsə, inzibati mübahisələrə dair işlər üzrə məhkəmə icraatı inzibati məhkəmələr və inzibati kollegiyalar tərəfindən həyata keçirilə bilməz. Beləliklə də, iddiaçının hazırkı iddia tələbinin inzibati məhkəmə icraatının mümkün sayılmasını zəruri edən faktiki şərtlərin mövcudluğu sübuta yetirilmir. Belə olan halda, iddia İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından, əsaslandırılmış iddia kimi qiymətləndirilə bilməz. Həmin Məcəllənin 35.3-cü maddəsi isə nəzərdə tutur ki, məhkəmə tərəfindən iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edilir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərardadı ilə hazırkı iddianın mümkün sayılmamasını işin hallarına və prosessual hüquq normalarının tələblərinə uyğun nəticə kimi qiymətləndirir. İddiaçının ona məhkəmə iclası barədə məlumat verilmədiyini bildirən dəlilləri ilə əlaqədar isə onu qeyd etmək lazımdır ki, iş materiallarına əsasən həmçinin müəyyən olunur ki, birinci instansiya məhkəməsi tərəfindən ona, mübahisələndirilən qərardadın qəbul olunduğu məhkəmə iclası barədə İPM-in 9-1.3-cü və 62.2-ci maddələrinin tələblərinə müvafiq olaraq e-məhkəmə informasiya stistemində yaradılmış elektron kabineti vasitəsilə xx.xx.2024-cü il tarixdə (saat 09:40) məlumat verilmiş, lakin məhkəmə iclasına gəlməmişdir (Həmin üsulla məhkəmə kollegiasının hazırkı iclası barədə də ona məlumat verilsə də nə özü, nə də səlahiyyətli nümayəndəsi məhkəməyə gəlməmişdir). Beləliklə də yuxarıda göstərilənləri nəzərə alan məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin həmin qərardadın qanunsuz və əsassız olduğunu, prosessual hüquq normalarının pozulması ilə çıxarıldığını mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə nəticəyə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6515/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutub məhkəmə kollegiyası qəraraaldı: İddiaçının apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6515/2024 nömrəli xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3090/2024
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3090/2024
29.08.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver