Məhkəmə qərarları › İş №2-1(103)-3091/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3091/2022

15.11.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3091/2022 15.11.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apelyasiya Məhkəməsinin İnzibati Kollegiyası Sədrlik edən və məruzəçi-hakim Bəktaşi Səadət İnayət qızı, hakimlər Hüseynov Azər Soltanhəmid oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, Nahidə Rasim qızının katibliyi, cavabdehin nümayəndəsi X5 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “qərarın ləğv edilməsi” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-6878/2022 saylı, 22 iyun 2022-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə Bakı Apelyasiya Məhkəməsinin binasında, şifahi məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına (bundan sonra mətndə DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2021-ci il tarixli **********6 №-li qərarının ləğv edilməsi və cavabdeh inzibati orqan tərəfindən qanunsuz olaraq xx.xx.2021-ci il tarixdən etibarən pul məbləğinin tutulması barədə hərəkətlərinin qanunsuz hesab edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir. İddiaçı tələbini onunla əsaslandırmışdır ki, o, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuşdur. Ona xx.xx.2008-cı il tarixdə ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Xidməti yoxlama zamanı ona xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində 15746,62 manat artıq hesablanıb ödənildiyi qeyd edilmişdir. Bunula əlaqədar cavabdehin xx.xx.2021 -ci il tarixli **********6 №-li qərarına əsasən xx.xx.2008 - xx.xx.2020ci il tarixlərində artıq ödənilmiş 15 746,62 manat vəsaitin ondan tutulması göstərilmişdir. Göründüyü kimi cavabdeh inzibati orqan tərəfindən artıq ödəmənin tutulması barədə xx.xx.2021-ci il tarixli **********6 №-li “Artıq ödənilmiş əmək pensiyası məbləğinin tutulması haqqında” Qərar qəbul edilmişdir. Həmin qərarın ləğv olunmasını xahiş edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6878/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək, Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “artıq ödənilmiş əmək pensiyası məbləğinin geri qaytarılması haqqında” qərarı ləğv edilməsi və həmin qərar üzrə cavabdeh inzibati orqan tərəfindən iddiaçıdan pul məbləğinin tutulması barədə hərəkətlərin qanunsuz hesab edilməsi qərara alınmışdir. (hakim: N.Abıyev) Həmin qərardan narazl qalan cavabdeh apelyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. Cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, Bakı İnzibati Məhkəməsinin xx.xx.2022-ci il tarixli 2-1(112)-6878/2022 nömrəli qərarı ilə İddiaçı iddiası təmin olunaraq cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının İddiaçı barəsində qəbul etdiyi xx.xx.2021-ci il tarixli, **********6 nömrəli “artıq ödənilmiş əmək çpensiyası məbləğinin geri qaytarılması haqqında” qərarı ləğv edilərək, həmin qərar üzrə çcavabdeh inzibati orqan tərəfindən iddiaçıdan pul məbləğinin tutulması barədə hərəkətləri qanunsuz hesab edilmişdir. Aşağıdakı səbəblərdən birinci instansiya məhkəməsinin qərarı əsassızdır və ləğv edilməlidir. Belə ki, Fondun Bakı şəhəri Xətai rayon şöbəsi tərəfindən iddiaçıya 29 iyun 2008-ci il tarixindən sabiq ədliyyə orqanları əməkdaşlarının ailə üzvü kimi ailə başçısını itirməyə görə əmək pensiyası təyin edilmişdir. Fondun Daxili nəzarət departamenti tərəfindən aparılmış audit araşdırmaları zamanı məlum olmuşdur ki, 1 noyabr 2008-ci il tarixindən iddiaçının mərhum həyat yoldaşı X4 vaxtilə qulluq keçdiyi vəzifələr üzrə mumilikdə vəzifə maaşının orta aylıq məbləği 266,38 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 46,40 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 93,39 manat olmaqla orta aylıq əmək haqqısı 528,17 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3cü maddəsinə əsasən 10 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (528,17 manat) 55 faizi-290,49 manat məbləğində hesablanılmışdır. Həmin Qanunun 20.20ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (290,49 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)- 116,20 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-xx.xx.2013-cü il tarixləri arasındakı dövr ərzində ümumilikdə 7088,20 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 11534,26 manat ödənilmişdir. Bu səbəbdən də iddiaçıya yuxarıda qeyd olunan dövr ərzində 4446,06 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 dekabr 2013-cü il tarixindən mərhum həyat yoldaşı İlham Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 410,00 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 65,26 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 143,28 manat olmaqla orta aylıq əmək haqqısı 740,54 manat təşkil etmişdir. Bununla əlaqədar mərhuma ödənilməli olan əmək pensiyası “Əmək pensiyaları haqqında” Qanunun 1 iyul 2017-ci il tarixinədək qüvvədə olmuş 20.19.3-cü maddəsinə əsasən 10 il 6 ay 9 gün qulluq stajına uyğun olaraq orta aylıq əmək haqqının (740,54 manat) 55 faizi-407,30 manat məbləğində hesablanılmışdır. Həmin Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (407,30 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)-162,92 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2013xx.xx.2018-ci il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 332,57 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində çona 8652,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 26.3-cü maddəsinə çəsasən 2017-ci il iyulun 1-dək Qanunun 20ci maddəsində nəzərdə tutulmuş şəxslərə təyin çedilmiş əmək pensiyasının ümumi məbləği 2017-ci il iyulun 1-i tarixinə azaldılmamaqla ödənilir. Həmin şəxslərin əmək pensiyasına qulluq stajına görə əlavələrin sözügedən Qanunun 29.1-ci maddəsinə uyğun olaraq indeksləşdirilmə və sonrakı artımlar nəzərə alınmaqla yenidən hesablanması qaydası Azərbaycan Respublikasının Prezidenti tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanı ilə təsdiq çedilmiş “2017-ci il iyulun 1-dək təyin edilmiş əmək pensiyalarına qulluq stajına görə əlavələrin yenidən hesablanması Qaydası”nın 2.2.3-cü bəndinə əsasən əmək pensiyası orta aylıq əmək haqqının sonrakı artımları zamanı, həmin bənddə nəzərdə tutulmuş şəxslərin qulluq dövrü 5 il və daha çox, lakin 15 ildən az olduqda (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla), onların pensiyalarına qulluq stajına görə əlavə, Qanunun 20-ci maddəsinə uyğun olaraq bu əlavəni almaq hüququ verən minimum qulluq stajına (15 il) əsasən götürülür. Bu zaman minimum qulluq stajına görə müəyyən edilmiş orta aylıq əmək haqqının 50 faizinin 15 ilə nisbətinin faktiki qulluq dövrünün aylarının sayına hasili nəticəsində müəyyən edilən faiz dərəcəsi orta aylıq əmək haqqının artım məbləğinə vurulur və həmin şəxslərin 1 iyul 2017-ci il tarixinədək hesablanmış pensiya məbləğinin üzərinə əlavə olunur. Bununla əlaqədar mərhum İ.Hüseynovun 10 il 6 ay 9 gün qulluq stajına görə əmək pensiyasının hesablanması üçün vaxtilə qulluq keçdiyi vəzifə üzrə orta aylıq əmək haqqının artım hissəsinə tətbiq olunan cəmi faiz dərəcəsi 35 faiz təşkil edir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 mart 2018-ci il tarixindən mərhum İlham Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 449,38 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 70,42 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 157,02 manat olmaqla orta aylıq əmək haqqısı 798,82 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin yuxarıda haqqında bəhs olunan 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 mart 2018-ci il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (740,54 manat) ilə 1 mart 2018-ci il tarixindən sonrakı orta aylıq əmək haqqının (798,82 manat) arasındakı fərq məbləğinin (58,28 manat) 35 faizi-20,40 manat 1 mart 2018-ci il tarixinədək hesablanmış pensiyasının (407,30 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 427,70 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” Qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (427,70 manat) 40 faizi (həmçinin X2 ailə başçısını itirməyə görə əmək pensiyası ödənildiyi üçün)-171,08 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2018-xx.xx.2019- cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 342,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 2229,63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. 1 aprel 2019-cu il tarixindən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının 80 faizinə çatdırılaraq (X6 18 yaşına çatması səbəbindən Yeganə Hüseynovaya ailə başçısının itirməyə görə ödənilən əmək pensiyasının dayandırılması ilə əlaqədar) 342,16 manat məbləğində müəyyən edilmişdir. Lakin xx.xx.2019-xx.xx.2019-cu il tarixləri arasındakı dövr ərzində iddiaçıya hər ay 342,59 manat məbləğində əmək pensiyası ödənilmişdir. Bu səbəbdən də həmin dövr ərzində ona 2,15 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Ədliyyə orqanları əməkdaşlarının vəzifə maaşlarının artırılmasına dair Azərbaycan Respublikası Prezidentinin müvafiq Sərəncamına əsasən 1 sentyabr 2019-cu il tarixindən mərhum İlham Hüseynovun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə vəzifə maaşının orta aylıq məbləği 675,63 manat, rütbə maaşı 122,00 manat, qulluq stajına görə əlavəsi 100,12 manat, mükafatlarla müavinətlərin cəminə görə əlavəsi 236,16 manat olmaqla orta aylıq əmək haqqısı 1133,91 manat təşkil etmişdir. Azərbaycan Respublikası Prezidentinin 2018-ci il 25 iyun tarixli 142 nömrəli Fərmanının tələblərinə uyğun qaydada 1 sentyabr 2019-cu il tarixinədək mərhumun vaxtilə qulluq keçdiyi vəzifələr üzrə ümumilikdə orta aylıq əmək haqqı (798,82 manat) ilə 1 sentyabr 2019-cu il tarixindən sonrakı orta aylıq əmək haqqının (1133,91 manat) arasındakı fərq məbləğinin (335,09 manat) 35 faizi-117,28 manat 1 sentyabr 2019-cu il tarixinədək hesablanmış pensiyasının (427,70 manat) üzərinə əlavə olunmaqla əmək pensiyasının məbləği 544,98 manat müəyyən edilmişdir. “Əmək pensiyaları haqqında” qanunun 20.20-ci maddəsinə əsasən əmək pensiyası mərhuma ödənilməli olan əmək pensiyasının (544,98 manat) 80 faizi-435,98 manat məbləğində müəyyən edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2019-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 6975,68 manat məbləğində əmək pensiyası ödənilməli olduğu halda həmin müddət ərzində 7392,31 manat ödənilmişdir. Bu səbəbdən də ona yuxarıda qeyd olunan dövr ərzində 416,63 manat artıq pul vəsaitinin ödənildiyi aşkar edilmişdir. Qeyd olunanlara əsasən iddiaçıya xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ümumilikdə 15746,62 manat artıq pul vəsaitinin ödənildiyi Dövlət Sosial Müdafiə Fondunun Daxili nəzarət departamenti tərəfindən müəyyən edilmiş və həmin artıq ödənilmiş pul vəsaitinin büdcəyə qaytarılması Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala tapşırılmışdır. Həmin artıq ödənilmiş 15746,62 manat vəsaitin büdcəyə bərpa edilməsi məqsədilə əmək pensiyasından tutulmanın aparılması üçün yazılı razılığı qısa müddətdə Mərkəzi Filiala təqdim edilməsi xahiş olunmuşdur. Əks halda qanunvericiliyin tələblərinə uyğun qaydada müvafiq tədbirlər görüləcəyi bildirilmişdir. İddiaçı tərəfindən artıq ödənilmiş pul vəsaitinin könüllü şəkildə büdcəyə qaytarılması təmin olunmadığından Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.1976-cı il tarixində anadan olmuş ünvan 2 yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2008- xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15746,62 manat artıq ödənilmiş əmək pensiyası məbləği tələb edilərək 10 gün müddətində tələbkar Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsinə dair xx.xx.2021-ci il tarixli **********6 nömrəli Qərar qəbul edilmişdir. Göründüyü kimi “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 82.3-cü maddəsinə əsasən tələbin icraya yönəldilməsi haqqında qərarın qəbul edilməsi üçün nəzərdə tutulmuş şərtlərə əməl edilmiş, yəni; -Borclu tərəfindən ən azı 10 gün ərzində pul tələblərinin ödənilməsini nəzərdə tutan inzibati akt qəbul edilərək ona rəsmi olaraq ünvanlanmış; -Pul tələblərinin ödənilməsi üçün müəyyən olunmuş icra müddəti bitmiş; - Tərəfimizdən borcluya edilmiş xəbərdarlıqdan sonra, xəbərdarlığın elan olunduğu gündən sonrakı 10 gün müddətində borclu ödəməni həyata keçirməmişdir. Qanunvericiliyin müddəalarından görünür ki, şəxsə əsassız ödənilmiş pensiya məbləğinin qaytarılması ilə bağlı məsələ inzibati orqanın özü tərəfindən də həll oluna bilər. Bunun üçün inzibati orqan göstərilən məbləğin cavabdehdən tutulmasına dair qərar qəbul etməlidir. Pul tələbinin ödənilməsi ilə bağlı olan belə qərar “İnzibati icraat haqqında” Qanunun mənası baxımından inzibati aktdır, ünvanlandığı şəxslər üçün məcburi xarakter daşıyır. Həmçinin bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 21.3.6-cı maddəsinə əsasən inzibati aktların məcburi qaydada icrası ilə bağlı tədbirlərin təbiqi nəzərdə tutulduqda inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə borclu deyildir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 81.1-ci maddəsinə əsasən inzibati akt ünvanlandığı şəxs (şəxslər) üçün məcburi xarakter daşıyır və həmin şəxs (şəxslər) ona əməl etməyə borcludur. Eləcə də, həmin Qanunun 82.2-ci maddəsinə əsasən inzibati aktı qəbul etmiş orqan tələbin icraya yönəldilməsi haqqında qərar qəbul edir. Bu halda tələbin icraya yönəldilməsi üçün məhkəmə qərarının qəbul edilməsi tələb olunmur. Əlavə olaraq bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 2.0.7-ci maddəsinə əsasən diskresion səlahiyyətlər dedikdə, qanunla inzibati orqana və ya vəzifəli şəxsə mümkün qanunauyğun qərarlardan birini seçmək hüququnun verilməsi nəzərdə tutulur. Göründüyü kimi, Mərkəzi Filial artıq ödənilmiş pul məbləğinin tələb edilməsi barədə inzibati qərar qəbul etməklə öz diskresion səlahiyyətlərindən istifadə etmişdir. Eyni zamanda, “Normativ hüquqi aktlar haqqında” Azərbaycan Respublikasının Konstitusiya Qanununun 10.5-ci maddəsinə əsasən yeni normativ hüquqi akt eyni məsələ üzrə həmin dövlət orqanı tərəfindən əvvəllər qəbul edilmiş normativ hüquqi akta münasibətdə daha yüksək hüquqi qüvvəyə malikdir. “Əmək pensiyaları haqqında” Qanunun xx.xx.2006-cı ildə, “İnzibati icraat haqqında” Qanunun isə xx.xx.2011-ci ildə qüvvəyə mindiyini nəzərə alsaq, tərəfimizdən həmin Qanunun tələblərinə uyğun qaydada tərtib olunmuş inzibati qərarın qanunauyğunluğunun iddiaçı tərəfindən mübahisələndirilməsi əsassızdır. Həmin Qanunun 81.5-ci maddəsinin tələbinə əsasən inzibati orqanın inzibati aktın icrası ilə bağlı qanuni tələbləri bütün dövlət və yerli özünüidarəetmə orqanları, hüquqi və fiziki şəxslər üçün məcburidir. Lakin Bakı İnzibati Məhkəməsi qeyd olunanları nəzərə almadan, əsassız və qanunsuz qərar qəbul edərək iddianı təmin etmişdir. Əlavə olaraq bildiririk ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin edilməsi barədə qərar “etimadın qorunması” prinsipinə əsaslanmaqla qəbul edilmişdir. Bununla bağlı bildiririk ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə əsasən inzibati orqan tərəfindən maraqlı şəxslərin əlverişli mövqeyinə olan etimadı qorunmalıdır. Buna görə də qanunverici məhkəmələrə tam səlahiyyət verir ki, 67.5-ci maddənin ilkin şərtlərinin ödənilib-ödənilmədiyini yoxlasınlar. Başqa sözlə qanunsuz əlverişli inzibati akt “İnzibati icraat haqqında” Qanunun müvafiq normaları nəzərə alınmaqla ləğv edilə bilər. Bu müddəalarda müəyyən edilmiş qanunçuluq və hüquqi sabitlik, yəni etimad hüququnun qorunması prinsipləri arasında ortaq mövqe tapılmalı və bu iki prinsipin izlədiyi mövqe tarazlaşıdırılmaqla qərar qəbul edilməlidir. Bu nöqteyi-nəzərdən yanaşdıqda görürük ki, 67.5-ci maddədə etimad hüququna istinad edilə bilməyən halları müəyyən edən şərtlər də nəzərdə tutulur. Məhkəmələr təyin edilmiş əmək pensiyasının dayandırılması barədə qərarlar qəbul edərkən həmin istisna halları da hər bir halda nəzərə almalıdırlar. Sözügedən maddənin məzmununun təhlili nəticəsində belə bir qənaətə gəlmək olar ki, aşağıda göstərilən iki halda qanunsuz əlverişli inzibati akt ləğv edilə bilər: 1) həmin inzibati akt başqa şəxlslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurduqda; 2) həmin inzibati akt dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurduqda. Göründüyü kimi, iddiaçıya dövlət büdcəsi hesabına artıq ödənilmiş pensiya məbləğinin olması dövlət maraqlarına ziyan vurur. Eyni zamanda onunla eyni kateqoriyadan olan lakin pensiya məbləği düzgün hesablanmış şəxslərə münasibətdə sözügedən artıq ödəmənin olması başqa şəxlsərin hüquqlarına və ya qanunla qorunan maraqlarına ziyan vurulması kimi qiymətləndirilməlidir. Odur ki, iddianı təmin edilməsi barədə qərarın maddi hüquq normalarının pozulması hesab edilməlidir. Bundan əlavə “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsinə aşağıdakı hallarda da maraqlı şəxs etimadın qorunması hüququna istinad edə bilməz: 1) rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 2) səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Nəzərə alınmalıdır ki, əmək pensiyasının qanunauyğun təyin edilməsi və hesablanması pensiya sisteminin əsas təməl prinsipləridir. Məhkəmənin iddianı təmin etməsi qeyd olunan pensiya sisteminin təməl prinsiplərinə ziddir və hazırki iddia tələbi “qanunçuluq” prinsipinə zidd olmuşdur. Belə ki, qanunçuluq prinsipi inzibati orqanların qəbul etdikləri qərarların, həyata keçirdikləri tədbirlərin (fəaliyyətin) qanunlara zidd olmamasını və qanunla nəzərdə tutulmayan tədbirlərin həyata keçirilməməsini ehtiva etməklə yanaşı, inzibati fəaliyyətin qanun əsasında həyata keçirilməsini də müəyyən edir. Yəni inzibati orqanların fəaliyyəti ancaq o zaman qanunauyğun olur ki, onların öz fəaliyyətini həyata keçirərkən istifadə etdiyi səlahiyyətləri üçün qanuni əsaslar mövcud olsun. Apellyasiya baxışı zamanı cavabdehin nümayəndəsi X8 apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini, iddia tələbinin isə rədd edilməsi barədə qərar qəbul edilməsini məhkəmə kollegiyasından xahiş etdi. İşə apellyasiya qaydasında baxılarkən iş üzrə iddiacı məhkəmə iclasının vaxtı və yeri barədə lazımı qaydada məlumatlandırılmaqla çağırılmasına baxmayaraq nümayəndəsi məhkəmə iclasına gəlməmişdir, bu səbəbdən məhkəmə kollegiyası İPM-nin 62.3-cü maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş üzrə cavabdehin nümayəndəsinin izahatını dinləyərək, iş materiallarını və apellyasiya şikayətlərinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək belə hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İşdən görünür ki, iddiaçı cavabdeh inzibati orqan tərəfindən pul məbləğinin tutulması barədə hərəkətlərinin qanunsuz hesab edilməsini məhkəmədən xahiş etmişdir. Birinci instansiya məhkəməsi iddia tələbini təmin etmiş və mövqeyini onunla əsaslandırmışdır ki, baxılan iş üzrə iddiaçı etimadının qorunması hüququna malikdir. Belə ki, iş üzrə “İnzibati İcraat haqqında” Qanunun 67.6-cı maddəsində göstərilmiş halların mövcul olması müəyyən edilməmişdir. Məhkəmə hesab etmişdir ki, mübahisələndirilən qərarın qəbul edilməsi ilə nəticələnmiş inzibati icraat aparılarkən inzibati orqan tərəfindən qanunverinilik normalarının tələbləri nəzərə alınmamış, iddiaçının qərarın qəbul edilməsinə münasibəti öyrənilməmiş, araşdırma onun iştirakı olmadan aparılmışdır. Sonda artıq ödənişin geri qaytarılması barədə qərar qəbul edilmişdir. İddiaçı qanunla etimadının qorunması hüququna malik olduğundan, habelə ona artıq ödənişlərin olunması başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığından, eyni zamanda ona verilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı üçün hazırki halda cavabdehin mübahisələndirilən qərarı ləğv edilməlidir. Nəzərə almaq lazımdır ki, qanunvericilik normaları əmək pensiyasının təyin olunmasını birmənalı olaraq bu barədə aidiyyəti səlahiyyətli orqan kimi DSMF orqanının qərar qəbul etməsi ilə şərtləndirir və həmin qərar “əlverişli inzibati akt” sayılır. Nəzərə alınmalıdır ki, DSMF orqanının bu qəbildən olan əlverişli inzibati aktı ona münasibətdə «İnzibati icraat haqqında» Qanunun 67.6-cı maddəsində nəzərdə tutulmuş hallar mövcud olmadıqda, habelə həmin Qanunun 65.1-ci maddəsində göstərilən inzibati aktlar sırasına daxil olmadıqda, eləcə də başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurulmadığı hallarda, inzibati aktın ünvanlandığı şəxs kimi əmək pensiyası təyin edilmiş şəxs etimadın qanunla qorunması hüququna malikdir. Hazırkı işin halları ilə bağlı isə qeyd olunan yuxarıda sadalanan xüsusatların mövcud olmaması ilə yanaşı iddiaçıya ilkin pensiya təyin olunması barədə DSMF orqanının iddiaçıya pensiya təyinatı barədə ilkin qərarı – inzibati aktı geri çağırılmadığından, ləğv edilmədiyindən, dəyişdirilmədiyindən, qüvvədə olma müddəti qurtardığından və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilmədiyindən (bunu təkzib edən dəlil və sübutlar təqdim edilməmişdir), «İnzibati icraat haqqında» Qanunun 64.2-ci maddəsinin tələblərinə görə hüquqi qüvvədədir və hüquqi cəhətdən etibarlıdır. Lakin məlum olur ki, hazırkı iş üzrə cavabdeh DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən iddiaçıya əmək pensiyasının təyin edilməsi barədə qərar ləğv edilmədən, “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” ayrıca qərar qəbul edilmişdir. Məhkəmə xüsusilə vurğulamışdır ki, iddiaçı ona münasibətdə qanunla qorunan etimad hüququna malik olduğundan, hazırda mübahisələndirilən “ödənilmiş pensiya məbləğinin qaytarılması barədə” 04 noyabr 2021-ci il tarixli **********6 nömrəli qərarın qəbulu «İnzibati icraat haqqında» Qanunun 67.5-ci maddəsinə görə yolverilən deyil. Qeyd olunanlardan əlavə məhkəmə qeyd etmişdir ki, iddiaçıya təyin olunmuş pensiyanın məbləği qanuna uyğun hesablanmaması sübuta yetirilmiş olsa belə, həmin məbləğ iddiaçının gətirdiyi dəlil kimi “artıq ödənilmiş əmək pensiyası məbləği” qismində qiymətləndirilə bilməz, eləcə də müvafiq məbləğlər aylıq ödəniş şəklində verildiyi halda, ondan toplam olaraq birdəfəlik tutulması «Əmək pensiyaları haqqında» Azərbaycan Respublikası Qanununun müddəaları və «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 17-ci maddəsinin tələbləri baxımından adekvat da sayılmır. Yuxarıda göstərilənlərin məcmusunda məhkəmə belə qənaətə gəlmişdir ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının 04 noyabr 2021-ci il tarixli **********6 nömrəli qərarı müvafiq inzibati icraatı apararkən qanunçuluq və etimadın qorunması prinsiplərini gözləmədən qərar qəbul edildiyindən, həmin qərar qanunsuzdur. Nəzərə alınmalıdır ki, «İnzibati icraat haqqında» Qanunun 13.3-cü maddəsinə əsasən müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Həmin Qanunun 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. Həmin Qanunun 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İş materiallarına olan Bakı şəhəri Yasamal rayon Polis İdarəsi tərəfindən xx.xx.2012-ci ildə verilmiş AZE seriyalı 0******* saylı şəxsiyyət vəsiqəsinin surətindən müəyyən olunur ki, xx.xx.1976-cı ildə Bakı şəhərində doğulmuş İddiaçı ünvan 1 ünvanında qeydiyyatdadır. İş materiallarına olan DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının artıq ödənilmiş əmək pensiya məbləğinin geri qaytarılması haqqında xx.xx.2021-ci il tarixli **********6 saylı qərarın surətindən müəyyən olunur ki, DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində İddiaçı 15.746,62 manat məbləğində artıq əmək pensiyasının ödənilməsi məsələsinə baxılaraq xx.xx.1976-cı il tarixində doğulmuş ünvan 2 ünvanında yaşayan (qeydiyyatda olan) İddiaçı xx.xx.2008-xx.xx.2020-ci il tarixləri arasındakı dövr ərzində ona 15.746,62 manat artıq ödənilmiş əmək pensiyası məbləğinin tələb edilərək, 10 gün müddətində Binəqədi rayon, Ziya Bünyadov 43 ünvanında yerləşən tələbkar DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının hesabına ödənilməsi qərara alınmışdır.. Cavabdeh DSMF-nin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən məhkəməyə təqdim edilmiş İddiaçı və X1 pensiya işində olan: Pensiyaçının uçot vərəqindən və qərarından görünür ki, xx.xx.2008-ci il tarixli qərarla X3 ailə başçısını itirməyə görə xx.xx.2008-ci il tarixdən xx.xx.2019-cu il tarixə kimi 120,99 manat, 24 dekabr 1978-ci il təvəllüdlü İddiaçı xx.xx.2008-cı il tarixli qərarla ailə başçısını itirməyə görə 120,99 manat, əmək pensiyasının təyin edilməsi qərara alınmışdır. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamlarından müəyyən olunur ki, X3 xx.xx.2008-ci il tarixdən 163,13 manat, xx.xx.2013-cü il tarixdən xx.xx.2019-cu il tarixədək 332,52 manat, xx.xx.2018-ci il tarixdən xx.xx.2019-cu il tarixədək 342,59 manat pensiya hesablanmışdır. Pensiya miqdarının dəyişdirilməsi haqqında şöbənin sərəncamından müəyyən olunur ki, İddiaçı xx.xx.2008-ci ildən 163,13 manat, xx.xx.2013- cü il tarixli sərəncamla xx.xx.2013cü ildən 332,57 manat, iyun 2018-ci il tarixli sərəncamla xx.xx.2018-ci il tarixdən xx.xx.2022ci il tarixədək 342,59 manat pensiya hesablanmışdır. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə X9 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2021-ci il tarixli **********6 saylı qərarının surətindən müəyyən olunur ki, İddiaçı əvvəlki pensiya məbləği 342,16 manat, yenidən hesablanmış pensiya məbləği 435,98 manat hesablanmışdır. Məhkəmə kollegiyası apelyasiya şikayətinin mahiyyətcə imtinada, eləcə də etirazda göstərilən əsaslarla eyni olan dəlilləri üzrə birinci instansiya məhkəməsinin araşdırmalarını yetərli hesab edərək qeyd edir ki, “Əmək Pensiyaları haqqında” Qanunun 39.1-ci maddəsinə əsasən artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. “İnzibati icraat haqqında” Qanunun: Maddə 1.1 Bu Qanun inzibati aktların qəbul edilməsi, icra olunması və ya ləğv edilməsi ilə bağlı inzibati orqanlar tərəfindən həyata keçirilən fəaliyyətin hüquqi əsaslarını, prinsiplərini və prosedur qaydalarını müəyyən edir. Maddə 1.2. Bu Qanunun müddəaları inzibati orqanların fiziki və ya hüquqi şəxslərə münasibətdə faktiki xarakterli digər fəaliyyətinə (hərəkətlərinə) də şamil olunur. Maddə 2.0.2. inzibati akt - inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid olan müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədilə qəbul edilmiş və ünvanlandığı hüquqi və ya fiziki şəxs (şəxslər) üçün müəyyən hüquqi nəticələr yaradan qərar, sərəncam və ya digər növ hakimiyyət tədbiridir. Maddə 2.0.6. inzibati icraat - fiziki və ya hüquqi şəxslərin müraciəti əsasında və ya inzibati orqanların öz təşəbbüsü ilə inzibati aktın qəbul edilməsi, icra olunması, dəyişdirilməsi və ya ləğv edilməsi, habelə inzibati şikayətlərə baxılması üzrə müvafiq inzibati orqanlar tərəfindən bu Qanunla müəyyən olunmuş prosedur qaydalar daxilində həyata keçirilən fəaliyyətdir. Maddə 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır. Maddə 13.3. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. Maddə 13.4. İnzibati orqanların bu Qanunun 13.3-cü maddəsində nəzərdə tutulmuş vədləri və ya bəyanatları yalnız yazılı formada olduqda etibarlı təminat sayılır və şəxsin etimad hüququnun əsasını təşkil edir. Bu Qanunun 63-cü və 67-69-cu maddələri də təminatlara şamil olunur. Maddə 13.5. Fiziki və ya hüquqi şəxslərin etimadı qanunsuz hərəkətlərə əsaslana bilməz. Maddə 67.1. İnzibati orqan tərəfindən inzibati icraat haqqında hüquq normalarının və ya maddi hüquq normalarının pozulması və ya düzgün tətbiq edilməməsi nəticəsində qəbul edilmiş inzibati akt qanunsuz sayılır. Maddə 67.3. Qanunsuz əlverişsiz inzibati akt hər bir halda ləğv olunmalıdır. Azərbaycan Respublikasının müvafiq qanunları ilə başqa qayda nəzərdə tutulmamışdırsa, qanunsuz əlverişsiz inzibati aktın ləğv olunması həmin aktın qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Maddə 67.4. Qanunsuz əlverişli inzibati akt yalnız bu maddədə nəzərdə tutulmuş məhdudiyyətlər daxilində ləğv oluna bilər. Maddə 67.5. Maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir. Maddə 67.6. Maraqlı şəxs aşağıdakı hallarda etimadın qorunması hüququna istinad edə bilməz: 67.6.1. rüşvət, hədə-qorxu və ya aldatma yolu ilə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.2. səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etməklə inzibati aktın qəbul edilməsinə nail olduqda; 67.6.3. inzibati aktın qanunsuz olduğunu bildiyi və ya kobud ehtiyatsızlıq nəticəsində bilmədiyi halda. Maddə 67.7. Bu Qanunun 67.6-cı maddəsində göstərilən hallarda qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırır. Bu zaman maraqlı şəxs xərclənmiş pul vəsaitlərinin və ya istifadə olunmuş əşyanın əvəzini ödəməyə borcludur. Ödəmənin həcmi Azərbaycan Respublikası Mülki Məcəlləsinin əsassız varlanma ilə bağlı müddəalarına uyğun olaraq müəyyən edilir. Maddə 67.8. Başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vuran qanunsuz əlverişli inzibati akt ləğv olunmalıdır. Həmin aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.1. Qanuni əlverişsiz inzibati akt, həmin aktın ləğv olunmasının qanunla birbaşa qadağan edildiyi hallar istisna olmaqla, onu qəbul etmiş orqan tərəfindən tam və ya qismən ləğv oluna bilər. Maddə 68.2. Qanuni əlverişli inzibati akt yalnız aşağıdakı hallarda ləğv edilə bilər: 68.2.1. inzibati aktın ləğvi qanunla birbaşa nəzərdə tutulduğu halda və ya inzibati aktın özündə bu barədə müvafiq qeyd olduğu halda; 68.2.2. maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya lazımi qaydada və müddətdə istifadə etmədiyi halda; 68.2.3. inzibati aktın qəbulundan sonra yaranmış hüquqi və ya faktiki hallara görə həmin aktın qüvvədə qalması dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi halda; 68.2.4. inzibati aktın qəbulu üçün əsas olmuş hüquq normasının dəyişməsi nəticəsində inzibati orqanın həmin aktı qəbul etməməyə haqlı olduğu və maraqlı şəxsin inzibati aktla müəyyən edilmiş imtiyazlardan (hüquqlardan) istifadə etmədiyi və ya ona münasibətdə inzibati aktla təminat verilmiş öhdəliklər yerinə yetirilmədiyi və ya həmin aktın qüvvədə qalmasının dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vura bildiyi hallarda. Maddə 68.3. Qanuni inzibati aktın ləğv olunması onun qüvvəyə mindiyi andan yaranmış hüquqi nəticələri aradan qaldırmır. Maddə 68.4. Qanuni inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Məhkəmə kollegiyası xüsusi olaraq vurğulayır ki, məhkəmə əlverişli inzibati aktın ləğvi və ya dəyişdirilməsi ilə bağlı mübahisənin mahiyyəti üzrə qərar qəbul edərkən, o cümlədən də artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin cavabdehdən geri tələb olunması ilə bağlı hallarda, “İnzibati icraat haqqında” Qanunun 67-ci maddəsinin, xüsusən 67.5-67.13-ci maddələrinin tələblərinin, şəxsin həmin qanunda təsbit edilmiş etimad hüququnun inzibati orqan tərəfindən nəzərə alınıb-alınmadığını müəyyən etməli və ona qiymət verməlidir. Bu zaman həmçinin nəzərə alınmalıdır ki, 67.5-ci maddənin tələbinə görə, şəxsin özünün əlverişli hüquqi mövqeyinə olan etimadı qanunla qorunur. Xüsusən birdəfəlik və ya mütəmadi pul ödəmələri və ya əşyanın verilməsi ilə bağlı hallarda, şəxsin etimadının qanunla qorunub-qorunmadığı yuxarıda qeyd edilən maddələrin müddəaları baxımından yoxlanılmalıdır. Məhkəmələr həmin maddədə nəzərdə tutulmuş ilkin şərtlərin ödənililib-ödənilmədiyini tam yoxlamaq səlahiyyətinə malikdir. Bu zaman həm də şəxsin etimad hüququna istinad etməsini istisna edən şərtlərin mövcudluğu da məhkəmələr tərəfindən xidməti vəzifəsinə görə yoxlanılmalıdır. Həmçinin nəzərə almaq lazımdır ki, birdəfəlik və ya mütəmadi pul ödəmələrinin, o cümlədən artıq ödəmənin inzibati orqanın təqsiri üzündən baş verdiyi və şəxsin təqsirli davranışına bağlı olmadığı hallarda, inzibat icraat hüququnun müddəaları baxımından şəxsin əmlak vəziyyəti qorunmağa layiqdir. Bu zaman həmçinin şəxsin ona ödənilmiş pul vəsaitlərini xərclədiyi və buna görə də həmin vəsaiti qaytarmaq iqtidarında olmadığı və ya onu qaytaracağı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda həmin şəxsin etimad hüququnun qanunla qorunduğu da nəzərə alınmalıdır. Başqa cür yanaşma, şəxsin vicdansız və təqsirli davranışına bağlı olmadığı hallarda, sosial təminat sahəsində qanunun düzgün tətbiqinə məsuliyyət daşıyan inzibati orqanın yanlış hərəkətinin məsuliyyətinin və səhv hesablamanın neqativ hüquqi nəticələrinin yükünün həmin şəxsin üzərinə qoyulması demək olardı. Məhkəmə kollegiyası həmçinin qeyd edir ki, inzibati orqan qüvvədə olan və mübahisələndirilə bilməyən əlverişli inzibati aktın qanunsuz olması ilə bağlı əsaslı məlumatlar əldə etdiyi hər bir halda, inzibati icraat haqqında qanunvericiliyin tələbləri baxımından xidməti mövqeyinə görə həmin inzibati aktın qəbul edilməsi üzrə əvvəlki inzibati icraatı təzələməyə və icraat aparmağa, icraat çərçivəsində inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların mövcudluğunu müəyyən etməyə borcludur. Bu zaman inzibati orqan tərəfindən şəxsin həmin inzibati akta etimad hüququnun mövcudluğu, şəxsin etimadının qanunla qorunub-qorunmadığı da “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından yoxlanılmalıdır. İnzibati orqan yalnız bu halların müəyyən edilməsindən sonra inzibati aktın ləğvi və ya dəyişdirilməsi və ya inzibati aktın ləğvi və ya dəyişdirilməsindən imtina barədə qərar (inzibati akt) qəbul etməyə haqlıdır. Təzələnmiş icraat nəticəsində qəbul edilən inzibati akt qanunvericiliyin müvafiq maddələrinə istinad edilməklə inzibati orqan tərəfindən əsaslandırılmalıdır. Şəxs inzibati orqanın hansı hallar əsasında inzibati aktı ləğv etdiyini və ya dəyişdirdiyini, bunun səbəblərini və bu zaman istinad olunan hüquq normalarını qərardan aydın görmək imkanına malik olmalıdır. Bunu şəxsin həmin qərardan müdafiə olunmaq və öz müdafiəsini səmərəli şəkildə həyata keçirmək hüququ tələb edir. İnzibati orqanın öz qərarını əsaslandırma vəzifəsi eyni zamanda və həm də səmərəli məhkəmə nəzarətinin həyata keçirilməsi məqsədlərinə xidmət edir. Qeyd edilən qayda artıq ödənilmiş əmək pensiyası məbləğinin şəxsdən geri tələb olunması ilə bağlı hallara da tam şəkildə tətbiq olunur. Nəzərə almaq lazımdır ki, şəxsə ödənilmiş vəsaitin geri tələb olunması onun iqtisadi maraqları sferasına və əmlak hüquqlarına müdaxilə ilə bağlı olduğu üçün, inzibati orqan həmin pensiyanın təyin olunması barədə qərarın qəbulu ilə nəticələnmiş inzibati icraatı təzələməyə, icraat çərçivəsində pensiyanın artıq ödənilib-ödənilməməsini və bunun səbəblərini müəyyən etməyə, etimad hüququnun qorunması prinsipinin tələbləri və “İnzibati icraat haqqında” Qanunun 67-ci, xüsusən də 67.5-67.13-ci maddələrinin müddəaları baxımından həmin məbləğin tələb edilməsinin mümkünlüyünü yoxlamağa və yalnız bundan sonra şəxsin razılığı və ya məhkəmə qaydasında geri tələb edilən məbləğ barədə qərar qəbul etməyə haqlı sayılmalıdır. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, hazırki mübahisə ilə bağlı yaranmış münasibətlər “Əmək pensiyaları haqqında” Qanunun 39-cu maddəsinin tənzimləməsi altına düşür. Həmin normanın birinci bəndi aşkar olaraq tələb edir ki, artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləği əmək pensiyaçısının razılığı ilə əmək pensiyasını təyin edən orqanın qərarı əsasında, razılığı olmadıqda məhkəmə qaydasında tutulur. Göründüyü kimi, qanunverici artıq ödənilmiş əmək pensiyası və əmək pensiyasına əlavənin məbləğinin tutulması barədə qərarın (inzibati aktın) qəbulunu əmək pensiyaçısının razılığı ilə şərtləndirir. Belə razılıq olmadıqda, tələbin təmini üçün məhkəmə müdafiəsi hüququnun həyata keçirilməsini təsbit edir. Odur ki, artıq ödənilmiş vəsaitlərin (əmək pensiyası və əmək pensiyasına əlavənin) geri qaytarılmasının iki qaydası təsbit olunur: ya könüllü, ya da məcburi. Aydındır ki, könüllü qaytarılma yalnız əmək pensiyaçısının razılığı ilə mümkündür. Məcburi geri qaytarılma isə belə razılıq olub-olmamasından asılı olmayaraq tətbiq olunur. Əmək pensiyaçısının artıq ödənilmiş vəsaitlərlə bağlı könüllü olaraq geri dönüş etməsinə razılıq verməsi inzibati orqana məhkəmədən kənar qaydada inzibati akt qəbul etmək səlahiyyəti verir. Başqa sözlə, əgər inzibati orqan məhkəməyə müraciət etmədən inzibati akt qəbul etməklə artıq ödənilmiş vəsaitlərin geri qaytarılmasına nail olmaq istəyirsə, bunun yeganə yolu əmək pensiyaçısının razılığının alınmasıdır. Əgər bununla bağlı tərəflər arasında mübahisə vardırsa, və yaxud əmək pensiyaçısının bununla bağlı aşkar görünən razılığı yoxdursa, inzibati orqan müvafiq məzmunda inzibati akt qəbul etmək səlahiyyətinə malik olmayacaqdır. Hazırki mübahisə üzrə də iddiaçı belə bir razılığının olmadığını və bəyan edilmədiyini bildirir. Həmçinin məhkəmə kollegiyası qeyd edir ki cavabdehin iddiaçıdan asılı olmayan hallar nəticəsində səhv etməsi məhkəmə kollegiyası hesab edir ki, iddiaçıdan artıq ödənişin tutulmasına əsas yarada bilməz. Məhkəmə araşdırması nəticəsində zərurəti nədən meydana gəldiyi qeyd edilməmiş, iddiaçı tərəfindən pensiya məbləği ilə bağlı hər hansı qanunsuz hərəkət göstərilməmişdir. Göründüyü kimi, rüşvət, hədə-qorxu və ya aldatma səhv və ya təhrif olunmuş məlumatları əks etdirən sənədlər təqdim etmə kimi vasitələrlə iddiaçı onun pensiya məbləğinə müdaxilə etməmişdir. Eləcə də, inzibati aktın qanunsuz olduğunu bilinməsi və ya bilməli olmasının iddiaçıdan gözlənilməsi məntiqsiz olar. Belə ki, müvafiq bazaya və mütəxəssis heyətinə malik cavabdeh tərəfindən əmək pensiyasının ehtimal olunan səhv hesab edilməsi illər sonra müəyyən edilə bilirsə, həmin halların hesablamanın aparılması ilə bağlı müvafiq ixtisasa malik olmayan iddiaçıdan səhv hesablamanın müəyyən edilməsinin gözlənilməsi əsassızdır. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, maraqlı şəxs kimi iddiaçı etimadın qorunması hüququna istinad etməsinə istisna müəyyən edilməmişdir ki, qeyd olunan hal onun barəsində pensiya təyin edilməsi, pensiya təyini ilə yenidən hesablama barədə qərar, sərəncam qəbul edilərək, faktiki xarakterli hərəkətlər edilərək həmin qərarların hüquqi nəticəsi kimi artıq məbləğ ödənilməsi, cavabdehin səhvi səbəbindən artıq hesablanan məbləğin geri qaytarılmasına əsas vermir. Belə ki, pensiya təyini və səhv hesablamalarla bağlı cavabdehin hərəkətlərini, qəbul edilmiş qərar və sərəncamları qanunsuz hesab etsək belə, həmin hərəkətlər iddiaçı üçün daha artıq ödənişlərin həyata keçirilməsi ilə nəticələndiyindən, yəni onun üçün əlverişli xarakterə malik olduğundan pulun geri qaytarılması əsası da mövcud olmayacaqdır. İnzibati icraat haqqında qanunvericiliyin tələbindən də göründüyü kimi maraqlı şəxsin etimad hüququna istinadı istisna etmirsə qanunsuz inzibati akt əlverişli inzibati akt hesab edilsə belə onun hüquqi nəticələrinin aradan qaldırılmasından söhbət gedə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 12.1-ci maddəsinə əsasən məhkəmə proses iştirakçılarının izahatlarını, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Həmin Məcəllənin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Sadalanan xüsusatlara, istinad olunan hüquq normalarına əsaslanaraq və iş üzrə toplanmış sübutların məcmusuna qiymət verərək məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsi iddiaçının tələbini qismən təmin etməklə iş üzrə düzgün nəticəyə gəlmişdir, cavabdehin apelyasiya şikayətinin təmin edilməsi və birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsaslar olmadığından apelyasiya şikayəti təmin edilməməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı dəyişdirilmədən saxlanılmalıdır. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Cavabdehin apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-6878/2022 saylı 22 iyun 2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 (otuz) gün keçdikdən sonra qüvvəyə minir. Məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apelyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin inzibati kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar