Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3091/2024 25.07.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair işdə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” barədə ərizə üzrə QƏRARDADİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası X1 (sədrlik edən və məruzəçi), Şirinov İkram Sabir oğlu və Kazımov Elşən Cələddin oğlundan ibarət tərkibdə, Əsədova Leyla Kamran qızının katibliyi, Ərizəçi İddiaçı1 iştirakı ilə, İddiaçı1 cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı “texniki pasportun və çıxarışın verilməsi” tələbinə dair işdə “məhkəmə qərarının icra edilməməsinə görə cərimənin tətbiq edilməsi” barədə ərizə üzrə Bakı İnzibati Məhkəməsinin 23 may 2024-cü il tarixli, 2-1(112)-172/2024 nömrəli qərardadından ərizəçi tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərardadı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia təmin edilərək Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində 1156 “a” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeyda alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
2. Həmin qərar qanuni qüvvəsini aldığından xx.xx.2022-ci il tarixli məktubla icra edilməsi üçün aidiyyəti üzrə cavabdehə göndərilmişdir.
3. Cavabdeh xx.xx.2022-ci il tarixli məktubunda bildirmişdir ki, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı icra edilmiş, ünvan 2 ünvanına dair İddiaçı1 adına ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli elektron çıxarış hazırlanmışdır.
4. Cavabdeh tərəfindən təqdim edilmiş çıxarışın surətindən görünür ki, Bakı şəhəri, Binəqədi rayonu, Göradil kəndi, 1156A saylı 0,12 ha bağ sahəsi İddiaçı1 adına daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTLARİ
Birinci instansiya məhkəməsində icraat:
5. İddiaçı ərizə ilə məhkəməyə müraciət edərək qərarın düzgün icra edilmədiyini və 1061,0 kv.m. sahə üzrə texniki pasport tərtib edildiyini bildirmişdir.
6. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2022 xx.xx.2024-cü il tarixli qərardadı ilə (hakim H.Ağalarov) Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə cərimənin təyin edilməsindən imtina edilməsi qərara alınmışdır.
7. Qərardaddan narazı qalan ərizəçi İddiaçı1 apellyasiya şikayəti verərək, iş üzrə cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə cərimənin təyin edilməsindən imtina edilməsi barədə Bakı İnzibati Məhkəməsinn 2-1 (112)-172/2022 nörməli, xx.xx.2024-cü il tarixli qərardadının ləğv edib, cavabdehə cərimənin təyin edilməsinə dair ərizənin təmin edilməsi barədə qərar çıxarılmasını xahiş etmişdir.
APELLYASİYA ŞİKAYƏTİNİN VƏ ONA QARŞİ ETİRAZİN DƏLİLLƏRİ:
a. Apellyasiya şikayətinin dəlilləri
8. Apellyasiya şikayətinin dəlillərinə görə məhkəmə hesab etmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin qərarı düzgün icra olunaraq, iddiaçının mübahisə predmeti bağ sahəsinə hüquqları qeydiyyata alınmış və tərtib edilmiş texniki pasport da, iş materiallarında olan bağın ilkin arxiv cizgisinə uyğundur.
9. Daha sonra məhkəmə hüquqi əsas kimi AR İPM-nin 120-ci maddəsinin müvafiq bəndlərinə istinad edərək belə qənaətə gəlmişdir ki, inzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər düzgün olaraq icra edildiyindən cərimənin təyin edilməsindən imtina edilməlidir.
10. Hazırkı məhkəmə qərardadı onu deməyə əsas verir ki, məhkəmədə iddia tələbi üzrə heç bir işə baxılmamışdır. Cavabdeh inzibati orqan imtina etdiyi əsaslarla torpağın icarə müqaviləsində göstərilən torpaq sahəsinin azaldılması ilə texniki pasport tərtib etmişdir. Halbuki AR ƏMDX DƏDKR Publik Hüquqi şəxsinin Hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrinin reyestr nömrəsi **********15-11301, qeydiyyat nömrəsi **********, xx.xx.2022-ci il tarixli “Çıxarış”ında torpağın sahəsinin ölçüsü 1200 kv.m göstərilmişdir. Bundan başqa bağın ilkin arxiv cizgisində bağ sahəsinin 4 döngə nöqtələrinin koordinatları olduğu halda, inzibati orqan tərəfindən iddiaçıya təqdim olunan bağın texniki pasportunun cizgisində 6 döngə nöqtələrinin koordinatları göstərilmişdir. Bunu da faktiki istifadədə olması ilə əsaslandırılmışdır. Əgər belədirsə, onda bağın ilkin arxiv cizgisini təqdim etməli, sonradan hansı dəyişikliyin olması müqayisə edilməklə əsaslandırılmalı idi. Yəni, hər bir halda sonrakı dəyişiklikləri müəyyən edilməsi üçün mütləq ilkin arxiv cizgisi təqdim olunmalı idi. İnzibati orqan tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər düzgün olaraq icra edilmədiyindən cərimənin təyin edilməsindən imtina edilməsi əsassız olmuş və məhkəmə bu barədə qərardad çıxarmaqla yanlışlığa yol vermişdir.
b. apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
11. Apellyasiya şikayətinə qarşı etiraz təqdim edilməmişdir.
Tərəflərin iştirakı:
12. Məhkəmə iclasında ərizəçi İddiaçı1 apellyasiya şikayətini müdafiə edərək məhkəmə qərarının icra edilməməsini nəzərə alaraq cavabdeh orqanın cərimə edilməsini xahiş etmişdir.
13. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdehə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, iştirak etməmə səbəbi barədə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPMnin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir.
TƏTBİQ EDİLƏN HÜQUQ
14. Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsi:
Maddə 120.1. Bu Məcəllənin 33.4-cü, 40-cı, 70-ci, 71-ci və 73-cü maddələrində nəzərdə tutulmuş hallarda inzibati orqan tərəfindən məhkəmə qərardadı və ya qərarı ilə onun üzərinə qoyulmuş öhdəliklər (müvəqqəti xarakterli müdafiə ilə bağlı, inzibati aktın qəbul edilməsi və ya qanuna zidd inzibati aktın nəticələrinin aradan qaldırılması ilə bağlı öhdəlikləri) icra edilmədikdə, birinci instansiya məhkəməsi proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, inzibati orqana icra üçün müddət müəyyən edir və cərimə tətbiq olunacağı barədə həmin orqana xəbərdarlıq edir; Maddə 120.2. Bu Məcəllənin 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər. Məhkəmə bu barədə qərardad qəbul edir; Maddə 120.3. Cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Maddə 120.4. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər.
15. “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 19 noyabr 2021-ci il tarixli qərarı: “... 25. İnzibati orqanların üzərinə qoyulmuş öhdəliklərin (vəzifələrin) icrasına dair çıxarılmış məhkəmə aktı qanuni qüvvəyə mindikdən sonra hakim, əvvəlcə həmin məhkəmə aktını icranı həyata keçirməli olan inzibati orqana göndərməklə icra üçün müddət müəyyən etməli və icra olunmamaya görə cərimə tətbiq olunacağı barədə xəbərdarlıq etməlidir. İPM-in 120.1-ci maddəsində icra üçün müəyyən edilməli olan konkret müddətin göstərilməməsinin səbəbi inzibati orqan tərəfindən icra edilməli olan öhdəliyin (vəzifənin) hər bir konkret mübahisənin xarakterindən, icra üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmindən və buna görə tələb olunan vaxtdan asılı olaraq dəyişkən olması ilə bağlıdır. Odur ki, icra üçün müddətlər hər bir iş üzrə müxtəlif ola bilər. Lakin məhkəmə, mübahisənin xarakterini, icra təmin etmək üçün yerinə yetirilməsi tələb olunan hərəkətlərin həcmini və sərf ediləcək ehtimal olunan vaxtı, eləcə də tərəflərin bütün diqqətəlayiq digər maraqlarını nəzərə almaqla inzibati orqan üçün ağlabatan müddətlər müəyyən etməlidir. İcra üçün müəyyən edilmiş ilkin müddət bitdikdən sonra proses iştirakçısının ərizəsinə əsasən və ya xidməti vəzifəsinə görə, işin hallarını və tərəflərin təqdim etdiyi dəlilləri nəzərə almaqla müvafiq əsasların mövcudluğu qənaətinə gəldikdə, məhkəmə icra üçün yeni müddət də müəyyən edə bilər. Lakin hər bir halda, bu müddətlər “İnzibati icraat haqqında” Qanunun 52.5-ci maddəsində inzibati icraatın müddəti üçün müəyyən edilmiş maksimal müddət olan 90 (doxsan) günü keçməməlidir.
26. İPM-in 120.1-ci maddəsinə uyğun olaraq müəyyən edilmiş müddətdə inzibati orqan tərəfindən onun üzərinə qoyulmuş öhdəliklər icra olunmadıqda, məhkəmə cərimənin məbləğini müəyyən edə və inzibati orqanı həmin məbləğdə cərimə edə bilər.
27. İPM-in 120.3 və 120.4-cü maddələrinə görə cərimə 50.000 manatadək məbləğdə müəyyən oluna bilər. Cərimə təkrar təyin oluna və məcburi qaydada tutula bilər. Bu normaların mənasına əsasən təkrar cərimə əvvəlki məcburi icra tədbirinin davamı kimi deyil, yeni müstəqil məcburi icra tədbiri kimi qiymətləndirilməlidir. İnzibati prosessual qanunvericilikdə isə borclu inzibati orqanın məhkəmə aktının icra edilməməsinə yönəlik hərəkətsizliyinin davam etdirilməsi və onun tələbkar qarşısında öhdəliklərini yerinə yetirməkdən yayınması ilə müşayiət olunan hüquq pozuntusuna görə tətbiq edilən məcburi icra tədbirlərinin nə ümumi sayına, nə də təyin edilən cərimələrin ümumi məbləğinə hər hansı məhdudiyyət qoyulmamış, əksinə, əvvəl seçilmiş məcburi icra tədbiri heç bir nəticə vermədiyi halda, daha ciddi və ya başqa məcburi icra tədbirinin tətbiqi imkanı nəzərdə tutulmuşdur. Bu mənada, məhkəmələr nəzərə almalıdırlar ki, qanunvericilikdə təyin edilmiş cərimə və təkrar cərimələrin birlikdə toplam ümumi məbləğinin 50.000 manatı aşmayacağına dair məhdudiyyət yoxdur. Yeganə məhdudiyyət bir dəfə tətbiq ediləcək cərimənin (və ya təkrar cərimənin) maksimal məbləğinin 50.000 manatdan çox ola bilməyəcəyi ilə bağlıdır. Məhkəmələr cərimənin məbləğini müəyyən edərkən ilk növbədə hər bir işin xüsusi hallarını, tərəflərin bütün diqqətəlayiq maraqlarını, icranın baş tutmamasının səbəblərini və mütənasiblik prinsipinin tələblərini nəzərə almalıdır. Məhkəmələrə həmçinin tövsiyə olunur ki, məcburi icra tədbiri qismində cərimə ilkin olaraq tətbiq edilərkən bir qayda olaraq, maksimal həddə cərimə seçilməməli, ilkin tədbir müsbət nəticə vermədiyi halda, getdikcə maksimal həddə yaxınlaşan daha yüksək məbləğdə təkrar cərimələrin tətbiq edilməsi və bununla da, məcburi icra tədbirlərinin ardıcıl sərtləşdirilməsi vasitəsilə məhkəmə qərarının icrasına nail olunmalıdır. Təyin edilmiş cərimə və təkrar cərimə məbləğlərinin məcburi qaydada tutulması isə İPM-in 119-cu maddəsi ilə müəyyən olunmuş qaydada icra olunmalıdır.
28. Cərimənin və ya təkrar cərimənin tətbiqi məcburi icra tədbiri hesab olunur və məhkəmə bu barədə məsələyə proses iştirakçılarının dinlənilmə hüquqlarını təmin etməklə məhkəmə iclasında baxaraq müvafiq qərardad çıxarmalıdır. İnzibati orqan üçün müəyyən edilmiş müddət bitdikdən sonra icra yenə də təmin edilməmiş qalarsa, məhkəmənin məcburi icra tədbiri kimi cərimənin tətbiqi ilə bağlı məsələni müzakirə etmək borcu yaranır. Məhkəmə bu məsələyə həm xidməti vəzifəsinə görə, həm də tərəflərin vəsatəti əsasında baxmalıdır. Məhkəmənin cərimənin təyin edilməsi, cərimənin təkrar təyin edilməsi və ya cərimənin (təkrar cərimənin) təyin edilməsindən imtina barədə qərardadlarından maraqlarına toxunan şəxslər şikayət verə bilərlər.
29. Məhkəmə cərimənin və ya təkrar cərimənin təyin edilməsinə baxmayaraq inzibati orqan tərəfindən yenə də icranın təmin olunmasına yönəlik real hərəkətlər edilmədiyi qənaətinə gəldikdə, bu barədə müvafiq qərardad çıxarmaqla “İcra haqqında” Qanunda nəzərdə tutulan məcburi icra tədbirlərinin tətbiqi üçün icra vərəqəsi verməklə onu icraya yönəltməlidir. Öz növbəsində icra vərəqəsini icraatına qəbul etmiş icra qurumu icranı təmin etmək üçün “İcra haqqında” Qanunun müəyyən etdiyi hərəkətləri etməli, xüsusən həmin Qanunun 70 və 82-ci maddələrində nəzərdə tutulmuş tədbirləri görməli və məhkəməni görülmüş işlər barədə məlumatlandırmalıdır”.
APELLYASİYA ŞİKAYƏTİNİN MÜMKÜNLÜYÜ
16. Apellyasiya şikayəti mümkündür. Şikayət vaxtında verilmişdir, formal baxımdan lazımi qaydada əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir.
MƏHKƏMƏNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur.
18. Bununla belə məhkəmə kollegiyası, aşağıdakıları qeyd etməyi zəruri sayır.
19. Belə ki, işin hallarına görə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2022 nörməli, xx.xx.2022-ci il tarixli qərarı ilə (hakim E.Əliyev) iddia təmin edilərək, Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən və 1156 “a” ünvanında yerləşən 0,12 ha torpaq sahəsinə texniki pasportun tərtib edilməsi və hüquqların daşınmaz əmlakın reyestrində qeyda alınaraq çıxarışın verilməsi öhdəliyi Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin üzərinə qoyulmuşdur.
20. Hazırda tərəflər arasındakı mübahisə sözügedən qərarın icra olunubolunmaması, qərar icra olunmamış sayılacağı halda borclu barəsində müvafiq məsuliyyət tədbirlərinin tətbiqi ilə bağlıdır.
21. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsi (xx.xx.2023-cü il tarixli məktubu) məhkəmə qərarının onun tərəfindən icra olunduğunu bildirir və özünün bu mövqeyini onunla əsaslandırır ki, ********** qeydiyyat nömrəli, xx.xx.2022-ci il tarixli çıxarışla Bakı şəhəri, Binəqədi rayonu, Goradil qəsəbəsində yerləşən 1156 “a” bağ sahəsi üzərində İddiaçı1 mülkiyyət hüququ qeydiyyata alınmışdır. Həmçinin qərarın icrası ilə bağlı bağ sahəsinə dair Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinın 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən 04/3929 inventar nömrəli texniki pasport tərtib olunmuşdur. İdarənin mütəxəssisləri tərəfindən baxış keçirilmişdir. Baxış zamanı məlum olmuşdur ki, bağ sahəsi 1156 saylı bağ sahəsi ilə bir hasar daxilindədir. Belə ki, texniki pasportda şərti işarələrin (keçid yolu) göstərilməsinə əsas 1156 və 1156A saylı bağ sahələrinə dair arxiv cizgilərində 1156A saylı bağ sahəsi daxilində 1156 saylı bağ sahəsinə keçid yolunun göstərilməsidir. Ərazinin hasar daxilində ümumi sahəsi 2400.0 kv.m-dir. Ümumi sahədə 1156 saylı bağın 1200.0 kv.m-ni və arxiv cizgisində də 1156 saylı bağ sahəsinə keçid yolu kimi göstərilən (139.0 kv.m) sahə çıxıldıqda 1156A saylı bağa 1061.0 kv.m sahə qalır.
22. Tələbkarın mövqeyinə görə isə məhkəmənin qərarı borclu tərəfindən icra olunmamışdır. Belə ki, 1061.0 kv.m. sahə üzrə texniki pasport tərtib edildiyini bildirmişdir.
23. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh inzibati orqan tərəfindən məhkəmənin qərarı düzgün icra olunaraq, iddiaçının mübahisə predmeti bağ sahəsinə hüquqları qeydiyyata alındığından və tərtib edilmiş texniki pasport iş materiallarında olan bağın ilkin arxiv cizgisinə uyğun olduğundan bu səbəbdən də borcluya cərimənin tətbiq edilməsinə zərurət qalmamışdır.
24. Kollegiya göstərilənlərə əsasən birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır.
25. Məhkəmə kollegiyası “İnzibati mübahisələrə dair işlər üzrə məhkəmə qərarlarının icrasının təmin edilməsi haqqında” Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun 10 saylı, 19 noyabr 2021-ci il tarixli qərarının 1-ci bəndindəki mövqeni xatırlatmaqla bir daha qeyd edir ki, məhkəmə qərarlarının icrası məhkəmə müdafiəsi hüququnun ayrılmaz tərkib hissəsini təşkil edir. Məhkəmə qərarının icra olunmaması məhkəmə müdafiəsi hüququnu puç və əhəmiyyətsiz etməklə, həmin hüququn son nəticədə xəyali hala çevrilməsinə səbəb olur.
26. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)- 623/2023 saylı xx.xx.2023-cü il tarixli qərarındakı hüquqi mövqeyinə görə “...məhkəmə qərarı vaxtında, tam və düzgün icra olunmalıdır. Bu qaydada icra onu nəzərdə tutur ki, qərar vaxtında icra olunmaqla yanaşı, həm də onun məzmununa uyğun icra olunmalı, icra formal deyil, mahiyyəti üzrə baş tutmuş olmalıdır. Müvafiq olaraq borclunun icranı təmin etməyə yönəlmiş hərəkətləri qərarın hədəflədiyi yekun faktiki və hüquqi nəticələri təmin etməlidir.”
27. Məhkəmə kollegiyası qeyd edir ki, ərizəçinin apellyasiya şikayətində göstərilən dəlilləri borclu tərəfindən qanuni qüvvəyə minmiş məhkəmə qərarının icra olunmamasına dəlalət etmir.
28. Beləliklə də hazırki inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin ərizənin təmin olunmaması ilə əlaqədar gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərardadın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
29. Yuxarıda göstərilənlərə əsasən Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2, 80, 85 və 120-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası
QƏRARA ALDİ:
Ərizəçi İddiaçı1 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-172/2022 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan onun rəsmi qaydada verildiyi (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Sədrlik edən: Mehriban Qarayeva Hakimlər: İkram Şirinov Elşən Kazımov