Məhkəmə qərarları › İş №2-1(103)-3092/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3092/2025

29.01.2026 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3092/2025 29.01.2026 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X3 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçının nümayəndəsi və vəkili Vəkil Eyyub qızı, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi və pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh tərəfindən dayandırılmış 5937 manat məbləğində güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının azaldıldığı tarixdən (həmin məbləğdə) bərpa olunması öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir . İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək 3-cü dərəcə ilə pensiyaçı dənizdə qazma işləri idarəsində neft və qaz istismar və kəşfiyyat qazması üzrə “qazmaçı köməkçisi” vəzifəsində istehsalat təcrübəsi keçib işləmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 62 saylı Əmrlə “Neft Daşları” DQKİ-nə istehsalat təcrübəsi dövründə (diplom öncəsi) 2-ci dərəcə ilə PRMnin qazma avadanlıqlarının, boru və qazma borularının köməkçisi/nəqliyyat/fəhlə vəzifəsinə qəbul edilmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 90 saylı Əmrlə istehsalat diplom öncəsi təcrübənin başa çatması ilə əlaqədar olaraq işdən azad edilmişdir. xx.xx.1977-ci il tarixində xx.xx.1977-ci il tarixli, 104/k saylı Əmrlə “Xəzərdənizneft” X2ma qurğular ilə Dəniz Kəşfiyyat qazma idarəsi Bakı neft texnikumunu 0209 ixtisası üzrə bitirən gənc mütəxəssisi İQİ “Oktyabrın 60 illiyi”- nə neft və qaz istismar və kəşfiyyat qazması üzrə 4-cü dərəcə ilə neft və qaz buruqlarının “qazmaçı köməkçisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1978-ci il tarixində xx.xx.1978-ci il tarixli, 67k saylı Əmrlə neft və qaz istismar və kəşfiyyat qazması üzrə neft buruqlarının “qazmaçı köməkçisi” üzrə 5-ci ixtisas dərəcəsinə təyin olunmuşdur. xx.xx.1979-cu il tarixində xx.xx.1979-cu il tarixli, 57-k saylı Əmrlə YÜQQ "Xəzərdənizneft"-ə 6-cı dərəcə ilə “neft və qaz isti kəşfiyyat qazması üzrə neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1981-ci il tarixində xx.xx.1981-ci il tarixli, 135k saylı Əmrlə yeni təşkil olunmuş xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsinə köçürülmüşdür. xx.xx.1981-ci il tarixində xx.xx.1981-ci il tarixli, 8-k saylı Əmrlə xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsi İB “Xəzərdənizneftqazistehsalat” YÜQQ “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə “qazmaçı” vəzifəsinə qəbul edilmişdir. xx.xx.1981-ci il tarixində xx.xx.1981- ci il tarixli, 8-k saylı Əmrlə İB “Xəzərdənizneftqazistehsalat”-dən köçürülmə qaydası ilə YÜQQ “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1985-ci il tarixində xx.xx.1985-ci il tarixli, 61-k saylı X11 Nazirliyinin sərəncamı ilə Şərti əmək qaydalarının 52-ci bəndinə əsasən xaricə işləmək üçün ezam olunmuşdur. xx.xx.1985-ci il tarixindən xx.xx.1989-cü il tarixinədək VSRna “qazmaçı” vəzifəsi üzrə ezamiyyətdə xidmət göstərmişdir. xx.xx.1989-cu il tarixində xx.xx.1989cu il tarixli, 163k saylı Əmrlə Xüsusi texniki vasitələr ilə Dəniz kəşfiyyat qazma idarəsi İB “Xəzərdənizneftqazistehsalat” Yarımdalma üzən qazma qurğusu “Xəzərdənizneft”-ə 5-ci dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və qaz buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1990-cı il tarixində xx.xx.1990-cı il tarixli, 38k saylı Əmrlə həmin qurğuda 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə vəzifəyə köçürülmüşdür. xx.xx.1994-cü il tarixində xx.xx.1994-cü il tarixli, 89k saylı Əmrlə “Şelf-5” Yarımdalma üzən qazma qurğusuna 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə “neft və neft buruqlarının qazmaçısı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, 18k saylı Əmrlə yarımdalma üzən qazma qurğusu “Xəzərdənizneft”-ə 6-cı dərəcə ilə neft və qaz istismar və kəşfiyyat qazması üzrə neft və qaz buruqlarının qazmaçısı vəzifəsinə köçürülmüşdür. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, 31k saylı Əmrlə Azərbaycan Respublikası ƏHQM-nin 37-ci maddəsinə əsasən, Santa Fe şirkətinə keçdiyi üçün öz xahişi ilə işdən azad edilib. xx.xx.1995-ci il tarixində xx.xx.1995-ci il tarixli, SF0065 saylı işə qəbul müqaviləsi ilə YÜQQ “Xəzərdənizneft”-in modernləşdirilməsi üçün “X8 Corporation” Azərbaycan Nümayəndəliyinə “Asst.Diller” vəzifəsinə qəbul olmuşam. xx.xx.1997-ci il tarixində xx.xx.1997-ci il tarixli, 32 saylı X12 Şirkətinə “qazmaçı” vəzifəsinə köçürülmüşdür. xx.xx.1998-ci il tarixində xx.xx.1998-ci il tarixli, daxili dəyişmə haqqında 5 saylı X12 Şirkətinə “qazmaçı” vəzifəsindən “buruq ustası” vəzifəsinə köçürülmüşdür. xx.xx.2002ci il tarixində xx.xx.2002-ci il tarixli, 21 nömrəli Əmrlə, İstiqlal qurğusunda təkmilləşdirilməkdə olan “buruq ustası” vəzifəsinə keçirilmişəm. xx.xx.2004-cü il tarixində xx.xx.2004-cü il tarixli, 127 saylı Əmrlə tutduğum vəzifədən öz xahişi ilə azad edilmişdir. xx.xx.2004-cü il tarixində xx.xx.2004-cü il tarixli, 236 nömrəli əmək müqaviləsi ilə KCA Dentag Caspian Limited şirkətinə “növbə rəisi” vəzifəsinə qəbul edilmişdir. xx.xx.2005-ci il tarixində Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69-cu maddəsinin “3” bəndinə əsasən (başqa işəgötürənlə əmək müqaviləsi bağladıqda) tutduğu vəzifədən azad edilmişdir. xx.xx.2005-ci il tarixində xx.xx.2005-ci il tarixli, 89 saylı Əmrlə “X5” MMC-yə “supervayzer” vəzifəsinə qəbul olmuşdur. xx.xx.2008- ci il tarixində xx.xx.2008-ci il tarixli, 645 1/s saylı Əmrlə Rusiya Federasiyası Əmək Məcəlləsinin 77-ci maddəsinin birinci hissəsinin 1ci bəndi ilə tərəflərin razılığı ilə işdən azad edilmişdir. xx.xx.2008-ci ildə “X5” MMC-nin “SPT-Azeri” filialına baş mühəndis-supervayzer vəzifəsinə qəbul edilmişdir. xx.xx.2010-cu il tarixində xx.xx.2010-cu il tarixli, 17/k saylı Əmrlə Azərbaycan Respublikası Əmək Məcəlləsinin 69- cu maddəsinin “1” bəndinə əsasən öz xahişi ilə tutduğu vəzifədən azad edilmişdir. Əlavə olaraq bildirir ki, ona “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun tətbiqi barədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.1993-cü il tarixli 320 saylı qərarı ilə təsdiq edilmiş siyahı üzrə 50 yaşım tamam olduğu vaxtdan pensiya təmin edilmişdir. Lakin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi şərtlərlə təyinat üzrə Mərkəzi Filialının xx.xx.2023-cü il tarixli, 3-17-1/2- Q-256044/2023 saylı məktubu ilə əmək pensiya məbləğinin yanlış hesablandığı ona bildirilmişdir. Bununla bağlı olaraq da, hal-hazırda da inzibati orqan tərəfindən ona məxsus pensiya məbləğindən azaldılmalar həyata keçirilir. Hazırda ona verilən pensiya məbləği olduqca aşağı olmaqla 5937 manatdan 537 manata azaldılmışdır. Bu məbləğlə mən yaşayışımı təmin edə bilmir, əvvəlki pensiya məbləği üzrə üzərinə götürdüyü öhdəliklərini icra etməkdə çətinlik çəkir. İddiaçının nümayəndəsi və vəkili Vəkil xx.xx.2024-cü il tarixində iddia tələbinin dəqiqləşdirməsi barədə ərizə təqdim edərək cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi; cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 (beş min doqquz yüz otuz yeddi) manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmənin eyni tarixli qərardadı ilə iddia tələbi dəqiqləşdirilmiş şəkildə icraata qəbul edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardan narazı qalan iddiaçı apellyasiya şikayəti verərək, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(103)-871/2025 saylı, xx.xx.2025ci il tarixli qərardadı ilə apellyasiya şikayəti təmin edilməmiş, Bakı İnzibati Məhkəməsinin e-2- 1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qərardaddan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 2-1(102)-1383/2025 saylı, xx.xx.2025-ci il tarixli qərarı ilə İddiaçı tərəfindən verilmiş kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyasının 23 yanvar 2025-ci il tarixli, 2- 1(103)- 871/2025 saylı qərardadı ləğv edilmiş, işin təkrar baxılması üçün həmin məhkəməyə qaytarılması və kassasiya şikayətinin qalan hissədə təmin edilməməsi qərara alınmışdır. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi göstərişi ondan ibarət olmuşdur ki, “31. Mübahisə predmeti ilə bağlı tələb sosial təminatla bağlı olduğundan, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanuna müəyyən edilmiş qərar anlayışından fərqli olduğundan, yəni qəbul edilmiş akt özlüyündə cavabdehin faktiki hərəkətini ehtiva etdiyindən hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növü kimi qəbul edilməlidir. 32. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt isə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının (şəxsin) müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Belə olan halda iddiaçının iddia müddətini ötürülməsi əsası ilə iddia tələbinin mümkün hesab edilməməsi barədə apellyasiya instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgün qəbul edilə bilməz.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası şəxsin izahatını, apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməlidir. İş materialları ilə müəyyən edilir ki; İddiaçı Dövlət Sosial X6 rayon Şöbəsinin xx.xx.2008-ci il tarixli qərarı ilə xx.xx.2008-ci il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 21 iyun 1993-cü il tarixli 320 nömrəli Qərarı ilə təsdiq edilmiş 1 nömrəli Siyahısına əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyası təyin edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının dayandırılması haqqında” xx.xx.2020-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik təşkil edir. Dayandırılmanın səbəbi: Nazirliyin Aparatının Daxili nəzarət və audit şöbəsindən İdarənin e-mailinə xx.xx.2020-ci il tarixində daxil olmuş məktub. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının “Əmək pensiyasının yenidən hesablanması” haqqında xx.xx.2021-ci il tarixli qərarına əsasən İddiaçı xx.xx.2012-ci il tarixdə təyin olunmuş pensiya məbləği 4478 manat 59 qəpik, yenidən hesablanmış pensiya məbləği 4989 manat 14 qəpik təşkil edir. Yenidən hesablanmanın səbəbi: **********0 nömrəli məktuba əsasən pensiya ödənişinin bərpa olunması. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X7 pensiyasının yenidən hesablanması haqqında xx.xx.2023-cü il tarixli qərarına əsasən İddiaçı hazırkı pensiya məbləği 5936 manat 22 qəpik, pensiyanın təyin olunduğu tarix xx.xx.2010, yenidən hesablamanın səbəbi:37.3, inventar, saxtalaşdırılmış şəxsiyyət vəsiqəsi ilə təyinat aparılıb(qeydiyyat ünvanı), xx.xx.2008-xx.xx.2010-cu il tarixləri arasındakı dövr tam tutulmalı, yenidən hesablanmış pensiya məbləği 537 manat 58 qəpik. Hazırkı iş üzrə birinci instansiya məhkəməsi hesab etmişdir ki, “iddiaçı mübahisələndirdiyi xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılmasına dair qərarın ləğvi və həmin qərarın hüquqi nəticəsi olan sentyabr 2020-ci ildən etibarən mart 2021-ci il daxil olmaqla ödənilməyən aylara görə pensiyanın ödənilməsi tələbi qanunvericilikdə nəzərdə tutulmuş iddia müddətini ötürməklə vermişdir. İddiaçının əmək pensiyasının dayandırıldığı və dayandırılmış aylar üzrə pensiyanın ödənilmədiyi barədə uzun müddət əvvəl məlumatlı olmasını təsdiq edən təkzibedilməz sübutlar vardır. Belə ki, İddiaçı tərəfindən cavabdehə ünvanladığı xx.xx.2021-ci il tarixli ərizəsində qeyd etmişdir ki, xx.xx.2009-cu il tarixdə plastik kart hesabına köçürülmüş 32658,89 manat məbləğin pensiyanın ödənişinin dayandırıldığı 1 sentyabr 2020-ci tarixdən 1 aprel 2021-ci il tarixinədək ödənilməli olan pensiyasından tam tutularaq pensiyanın ödənişinin bərpa edilməsinə göstəriş verməklərini xahiş edir. Bundan əlavə iddiaçının xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək pensiya almaması və bunu xx.xx.2020 və xx.xx.2021-ci il tarixli öz ərizələrində etiraf etməsi belə iddiaçının sözügedən əmək pensiyasının dayandırılmasından qəbul olunduğu vaxtdan məlumatlı olduğunu bilavasitə təsdiq edir. Göründüyü kimi iddiaçı barəsində qəbul edilmiş inzibati aktdan məlumatı olduğu sentyabr 2020-ci il tarixdən 3 ildən çox müddət keçdikdən sonra məhkəmədə iddia qaldırmışdır.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşmır. Belə ki, “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun xx.xx.2015-ci il tarixli 5 №-li qərarının 2.3-cü bəndinə əsasən məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasının, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPMdə nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-nin 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. İddianın mümkünlük şərtlərinin yoxlanılması məsələsi ilə bağlı, məhkəmə “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarında göstərilmiş mövqeyinin nəzərə alınmasını zəruri hesab edir. Qərarda göstərilmişdir ki, “Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır”. Azərbaycan Respublikası İPM-nin 35.1-ci maddəsinə əsasən, bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qeyd edilən normanın tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçının tələbi cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2020-ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın və xx.xx.2023-cü il tarixli, 3-17-1/3-3-62449/2023 saylı “Əmək pensiyasının yenidən hesablanması haqqında” qərarın ləğv edilməsi, cavabdeh tərəfindən xx.xx.2020-ci il tarixdən dayandırılmış güzəştli şərtlərlə yaşa görə 5937 manat məbləğində əmək pensiyasının xx.xx.2020-ci il tarixdən bərpa olunması; xx.xx.2020-ci il tarixindən 2021-ci ilin aprel ayınadək ödənilməmiş pensiya məbləğinin hesablanaraq ödənilməsi öhdəliyinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsinə dair qərar qəbul edilməsinə yönəlmişdir. Hazırda iddiaçı tərəfindən iddianın mümkün sayılmayan hissəsi yəni, xx.xx.2020- ci il tarixli, **********9 saylı “Əmək pensiyasının dayandırılması haqqında” qərarın ləğvi kassasiya məhkəməsinin baxış predmetidir. İddia tələbinin bu hissəsi ilə bağlı birinci instansiya məhkəməsi qərardad qəbul edərkən bildirmişdir ki, hazırkı iddia tələbi mübahisləndirmə haqqında iddiadır və iddiaçı bu iddia növü üçün qanunla müəyyən edilmiş iddia müddətini ötürmüşdür. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin bu mövqeyi ilə razılaşmayaraq qeyd edir ki, Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2-ci maddəsində müxtəlif iddia növləri müəyyənləşdirilmişdir. Qanunverici inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddiaları öhdəliyin icrasına aid iddialar hesab edir. Mübahisə premdeti ilə bağlı tələb sosial təminatla bağlı olduğundan, eyni zamanda cavabdeh inzibati orqan tərəfindən iddiaçıya münasibətdə qəbul etdiyi qərar “İnzibati icraat haqqında” Qanuna müəyyən edilmiş qərar anlayışından fərqli olduğundan, yəni qəbul edilmiş akt özlüyündə cavabdehin faktiki hərəkətini ehtiva etdiyindən hazırkı iddia tələbi öhdəliyin icrası haqqında iddia növü kimi qəbul edilməlidir. Məhkəmə kollegiyası qeyd edir ki, bu növ iddiaların mümkün sayılması ilə bağlı inzibati prosessual qanunvericilikdə müəyyən edilən yeganə şərt isə məhkəməyə müraciət edilməzdən əvvəl iddiaçının (şəxsin) müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət edilməsidir. Yəni, inzibati prosessual qanunvericilik öhdəliyin icrası haqqında iddia növü ilə əlaqədar iddia tələbinin irəli sürülməsi üçün hər hansı müddət müəyyən etməmişdir. Belə olan halda iddiaçının iddia müddətini ötürülməsi əsası ilə iddia tələbinin mümkün hesab edilməməsi barədə birinci instansiya məhkəməsinin gəlmiş olduğu nəticə düzgün qəbul edilə bilməz. Belə olan halda məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən qəbul edilmiş qərardad, həmçinin qərar ləğv edilərək, iddiaçının tələbinə mahiyyəti üzrə baxılaraq qiymət verilməlidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Həmin Məcəllənin 87.9-cu maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Belə olan halda, məhkəmə kollegiyasl apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərardadının əsassız olması ilə razılaşaraq, hesab edir ki, Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və qərarı ləğv edilməli, iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 80, 82 və 87-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5866/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərardadı və qərarı ləğv edilsin. İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı "qərarın ləğvi və pensiyanın ödənilməsi” tələbinə dair inzibati iş sonrakı prosessual hərəkətlərin edilməsi üçün Bakı İnzibati Məhkəməsinə göndərilsin. Qərardad qəbul edildiyi andan qanuni qüvvəyə minir. Qərardaddan kassasiya şikayəti verilə bilməz.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar