Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3094/2023 18.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi, İddiaçı və cavabdehin nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı “birdəfəlik ödəmənin və mənəvi ziyanın ödənilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4344/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, ona 6 dəfə ödənmiş 190 manat birdəfəlik ödəmənin və 10000 manat mənəvi ziyanın verilməsi vəzifəsinin cavabdeh Azərbaycan Respublikasın Əmək və Əhalinin Sosial Müdafısəsi Nazirliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4344/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir. Həmin qərardan İddiaçı apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı dəfələrlə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə işsiz kimi qeydiyyata düşməsi ilə bağlı müraciət etsə də, onu qeydiyyata almamışlar. Sonra bir neçə müraciətdən sonra qeydiyyata almışlar. Bundan sonra Nazirlər Kabinetinin qərarına əsasən iddiaçıya 190 manat pulun ödənilməsi ilə müraciət etmiş, lakin ona bildirilib ki, aztəminatlı meyarlarına uyğun gəlmir, ona görə təyin etməyiblər. Nazirlər Kabinetinin 2020-ci il 07 aprel 127 nömrəli qərarı ilə təsdiq edilmiş koronovirus pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar 190 manat birdəfəlik ödəmə almış şəxslərə 190 manat ödəmənin verilməsi birdəfəlik həyata keçirilir. Bununla bağlı iddiaçı dəfələrlə qeyd etdiyi orqana müraciət etmiş, lakin iddiaçını hər dəfə polisə aparmışlar, günahı olmadığını bilib buraxmışlar. Hesab edir ki, bununla bağlı iddiaçıya mənəvi ziyan dəyib. Göstərilənlərə əsasən Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4344/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarının ləğv edilməsi və iddianın təmin edilməsi barədə qərar qəbul edilməsi xahiş edilmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən İddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etmişdir. Apellyasiya baxışı zamanı məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi X6 apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən saxlanılmasını xahiş etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə iddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası proses iştirakçılarının izahatını dinləyərək, işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan AZE seriyalı ******** nömrəli şəxsiyyət vəsiqəsi məlumatından müəyyən olunur ki, xx.xx.1982-ci il təvəllüdlü Quliyev X4 Muxtar Respublikası, Babək rayonu, Çeşməbasar kəndində qeydiyyatdadır. İş materiallarında olan Suraxanı rayonu Polis İdarəsinin müvəqqəti qeydiyyat vəsiqəsinin surətindən görünür ki, xx.xx.1982-ci il təvəllüdlü Naxçıvan MR, Babək rayonu, Çeşməbasar kəndində doğulmuş İddiaçı Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır (verilib xx.xx.2022-ci il, etibarlıdır xx.xx.2024-cü il). İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin İddiaçı müraciətinə cavab olaraq ünvanladığı xx.xx.2022-ci il tarixli, **********0 nömrəli məktubunda bildirilmişdir: Sizin Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinə daxil olmuş müraciətinizə aidiyyəti üzrə baxılmışdır. Bildiririk ki, işsizlər və xüsusi karantin rejiminə görə işini itirən qeyri-formal işləyən şəxslərdən ibarət aztəminatlı vətəndaşlar üçün ölkə üzrə yaşayış minimumu səviyyəsində (190 manat) nəzərdə tutulan birdəfəlik ödəməni almaq məqsədilə Nazirliyin e-sosial.az internet portalı vasitəsilə müraciət etmisiniz, lakin aztəminatlılıq meyarına uyğun gəlmədiyiniz üçün Sizin birdəfəlik ödənişlə təmin olunmanıza imtina edilmişdir. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində X5 tərəfindən iddiaçıya ünvanlanmış xx.xx.2022-ci il tarixli **********0 nömrəli məktubda qeyd olunur: Sizin işlə təmin olunmağınıza köməklik göstərilməsi ilə bağlı Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyindən (bundan sonra - Nazirlik) daxil olmuş müraciətinizə X1 (bundan sonra - Agentlik) baxılmışdır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq Qərarına uyğun olaraq xüsusi karantin rejiminin tətbiqi ilə əlaqədar dövlət orqanlarında (qurumlarda) vətəndaşların yerində qrup və fərdi qaydada qəbulu dayandırıldığı üçün Sizi Agentliyin 3 saylı Ərazi Məşğulluq filialına (bundan sonra - Filial) dəvət etmək mümkün olmamışdır. Nəzərinizə çatdırırıq ki, Siz 7 sentyabr 2021-ci il tarixdən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (MEİS) "Məşğulluq” altsistemində işsiz şəxs kimi qeydiyyata alınmısınız. Əvvəllər Filiala etdiyiniz müraciətlərinizdə yüksək əmək haqqı (700-800 manat) olan münasib işlə təmin olunmağınıza köməklik göstərilməsini xahiş etmisiniz. Məşğulluq imkanlarınızın qiymətləndirilməsinə uyğun olaraq MEİS-in “Məşğulluq” altsistemindəki vakansiya bankında hazırda istəyinizə uyğun münasib iş yoxdur. Sosial rifahınızın və dayanıqlı məşğulluğunuzun təmin edilməsi məqsədilə Sizə “esosial.az" internet portalı vasitəsilə MEİS-in “Məşğulluq” altsistemində mövcud olan vakansiyaları mütəmadi izləmək tövsiyə olunmuşdur. Hazırkı müraciətinizin araşdırılması məqsədilə Filialın əməkdaşı tərəfindən Sizinlə əlaqə (***-***-**-**) saxlanılmışdır. Lakin Siz müraciətinizin məqsədini əməkdaşa deməkdən imtina edərək, yalnız əmək və əhalinin sosial müdafiəsi naziri cənab Sahil Babayevin qəbulunda iştirak etməyinizə köməklik göstərilməsini tələb etmisiniz. Bununla əlaqədar Sizə müvafiq məlumat verilmişdir. İş materiallarında olan təqdim edilmiş fərdi məşğulluq alt sisteminin məlumatlarından görünür ki: İddiaçı (FİNxxxxxxx), işaxtaran statusu xx.xx.2020-ci il tarixdə, xx.xx.2021-ci il tarixdə, işsizlik statusu xx.xx.2021-ci il tarixdə verilmişdir. İddiaçı ********* telefon nömrəsinə xx.xx.2020-ci il tarixdə "aztəminatlı sayılmadığı üçün" səbəbi ilə 190 manat birdəfəlik ödəmənin verilməsindən imtina edilməsi barədə SMS göndərilmişdir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri X8 üzrə Baş İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli məktubda bildirilmişdir ki, xx.xx.1982-ci il təvəllüdlü İddiaçı (PİN: xxxxxxx) adına hal-hazıradək mülki hüquq müqaviləsinin qeydiyyatdan keçib-keçməməsi, vergi ödəyicisi qismində uçota alınıb-alınmamasına dair müraciətinizə aidiyyəti üzrə Bakı şəhəri X8 üzrə Baş İdarəsində baxılmışdır. Vergi ödəyicisinin dövlət reyestrində olan məlumatlara əsasən bildiririk ki, vergi orqanında İddiaçı (PİN: xxxxxxx) vergi ödəyicisi kimi vergi uçotunda olması barədə məlumat aşkar edilməmişdir. İşəgötürən barədə məlumatların təqdim edilməməsi səbəbindən İddiaçı (PİN: xxxxxxx) ilə bağlanmış mülki müqavilə barədə məlumatın müəyyən edilməsi mümkün olmamışdır. İş materiallarında olan Azərbaycan Respublikası Naxçıvan Muxtar Respublikasının Daşınmaz Əmlak və Torpaq Məsələri üzrə Dövlət Xidməti tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2023-cü il tarixli, 02/341 nömrəli məktubunda bildirilmişdir ki, İddiaçı daxil olmaqla ailə üzvləri (cəmi 3 nəfər) ilə birlikdə Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı, Torpağın mülkiyyətə verilməsinə dair JN- 90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrində 13 oktyabr 2020-ci il tarixdə, Babək rayon notariat ofisinin 21 sentyabr 2020-ci il tarixli, 2V-108 nömrəli “Qanun üzrə vərəsəlik hüququ haqqında şəhadətnamə”si əsasında Babək rayonu, Çeşməbasar kəndində yerləşən ümumi sahəsi 805,40 kv.m həyətyanı torpaq sahəsinin 1/3 hissəsi İddiaçı, 2/3 hissəsi X2 adına qeydiyyata alınmışdır. Notariat ofisindən daxil olan məlumata əsasən daşınmaz əmlakın dövlət reyestrində bəhs olunan torpaq sahəsinin Naxçıvan şəhər 3 saylı notariat ofisinin 10 noyabr 2020-ci il tarixli, 4/Ə-292 nömrəli bağışlanma müqaviləsi əsasında özgəninkiləşdirilməsi barədə qeydlər aparılmışdır. İş materiallarında olan 3 saylı Bakı DOST Mərkəzinin 04 oktyabr 2021-ci il tarixli arayışına əsasən İddiaçı (FİN xxxxxxx) Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Məşğulluq” altsisteminə əsasən o, xx.xx.2021-ci il tarixindən işsiz kimi qeydiyyatdadır və “Əmək müqaviləsi bildirişi” altsisteminə əsasən adına hazırda qüvvədə olan əmək müqaviləsi aşkar edilməmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın: 1.1-ci bəndinə əsasən koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası (bundan sonra – Qayda) koronavirus (COVİD-19) pandemiyası (bundan sonra - pandemiya) dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin (bundan sonra - MEİS) “Məşğulluq” altsistemində (bundan sonra - MAS) işsiz kimi qeydiyyatda olan şəxslərə (bundan sonra – işsiz şəxslər) aylıq birdəfəlik ödəmənin (bundan sonra – birdəfəlik ödəmə) verilməsi şərtlərini və qaydasını tənzimləyir; 1.2-ci bəndinə əsasən birdəfəlik ödəmənin məqsədi pandemiya dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə bağlı məşğulluq tədbirlərinin məhdudlaşması ilə əlaqədar işsiz şəxslərin sosial müdafiəsini təmin etməkdən ibarətdir; 1.3-ci bəndinə əsasən birdəfəlik ödəmə Azərbaycan Respublikasının Nazirlər Kabineti yanında Operativ Qərargah tərəfindən xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə bu Qaydaya uyğun olaraq ödənilir; 1.4-ci bəndinə əsasən birdəfəlik ödəmənin təyin olunması elektron qaydada Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən həyata keçirilir; 2.1-ci bəndinə əsasən birdəfəlik ödəmə “Məşğulluq haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq işsiz kimi qeydiyyata alınmış və bu Qaydanın 2.3-cü bəndində göstərilən kateqoriyaya aid olmayan şəxslərə təyin olunur və ödənilir; 2.2-ci bəndinə əsasən birdəfəlik ödəmə qeydiyyat tarixindən asılı olaraq, aşağıdakı işsiz şəxslərə bu Qaydanın 2.1-ci bəndi nəzərə alınmaqla ödənilir: 2.2.1. 2020-ci il 1 aprel tarixinə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə; 2.2.2. pandemiya ilə əlaqədar xüsusi karantin rejiminin tətbiq edildiyi dövrdə MAS-da işsiz kimi qeydiyyata alınmış şəxslərə. 2.3-cü bəndinə əsasən dövlət qurumlarından aşağıdakı ödənişləri alan, habelə bu bənddə göstərilən meyarlara cavab verən işsiz şəxslərə birdəfəlik ödəmə verilmir: 2.3.1. ünvanlı dövlət sosial yardımı alan ailələrin üzvlərinə; 2.3.2. əmək pensiyaçılarına; 2.3.3. aylıq müavinət alanlara; 2.3.4. aylıq təqaüd alanlara; 2.3.5. özünüməşğulluğun təşkili proqramı çərçivəsində əmlak verilmiş şəxslərə; 2.3.6. işsizlikdən sığorta ödənişi alanlara; 2.3.7. peşə hazırlığına görə təqaüd alanlara; 2.3.8. 2020-ci ildə kənd təsərrüfatı üzrə subsidiya almış şəxslərə; 2.3.9. əri və ya arvadı sahibkar olanlara (aktiv VÖEN-i olan) və ya MEİS-in “Əmək müqaviləsi bildirişi” altsistemində aktiv əmək müqaviləsi bildirişi olanlara; 2.3.10. bu Qaydanın 2.3.1-2.3.8-ci, 2.3.11-ci, 2.3.12-ci və 2.3.15-ci yarmbəndlərində göstərilən şəxslərin əri və ya arvadı; 2.3.11. mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara; 2.3.12. mülkiyyətində və ya istifadəsində minik avtomobili, habelə digər nəqliyyat vasitəsi olanlara; 2.3.13. birdəfəlik ödəmə üçün müraciət tarixində xaricdə olanlara; 2.3.14. yaşı 18-dən aşağı olanlara; 2.3.15. Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tərəfindən bu Qaydanın 3.8-ci bəndinə uyğun olaraq əldə edilən məlumatlar əsasında birdəfəlik ödəmə üçün müraciət tarixinə 2020-ci il üçün ölkə üzrə yaşayış minimumunun iki mislindən çox digər gəliri (maliyyə vəsaiti, qeyri-maddi aktivləri və s.) olanlara. Məhkəmə icraatı gedişində əldə edilmiş əmlakla bağlı sorğuya cavablardan müəyyən olunur ki, Babək Rayon Aqrar İslahat Komissiyasının 27 sentyabr 1999-cu il tarixli, 82 nömrəli qərarına əsasən Babək rayonu, Çeşməbasar kəndində Torpağa mülkiyyət hüququna dair JN-350 nömrəli Dövlət Aktı əsasında iddiaçı da daxil olmaqla 3 nəfər ailə üzvü birlikdə 8664,97 kv.m kənd təsərrüfatı təyinatlı torpaq sahəsi, həmçinin Torpağın mülkiyyətə verilməsinə dair JN-90A nömrəli Şəhadətnamə əsasında 805,40 kv.m həyətyanı torpaq sahələri verilmişdir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020ci il 7 aprel tarixli 127 nömrəli Qərarı ilə təsdiq edilmiş «Koronavirus (COVİD-19) pandemiyası dövründə xüsusi karantin rejiminin tətbiq olunması ilə əlaqədar işsiz kimi qeydiyyatda olan şəxslərə birdəfəlik ödəmənin verilməsi şərtləri və qaydası»nın tələblərindən də göründüyü kimi, mülkiyyətində müxtəlif ünvanda iki və daha çox daşınmaz əmlakı olanlara birdəfəlik ödəmə verilmir. Göründüyü kimi, iddiaçı aztəminatlılıq meyarına cavab vermədiyindən birdəfəlik ödəməni almaq hüququ da yaranmamışdır. Ona görə də məhkəmə kollegiyası hesab edir ki, cavabdeh inzibati orqanın imtinası qanuni və əsaslı olmuşdur. İddia tələbi qeyd olunan hissədə əsassız hesab edilməlidir. Azərbaycan Respublikası Mülki Məcəlləsinin: 21.1-ci maddəsinə əsasən zərərin əvəzinin ödənilməsini tələb etmək hüququna malik olan şəxs ona vurulmuş zərərin əvəzinin tam ödənilməsini tələb edə bilər, bu şərtlə ki, qanunda və ya müqavilədə zərərin əvəzinin daha az miqdarda ödənilməsi nəzərdə tutulmasın. 21.2-ci maddəsinə əsasən zərər dedikdə, hüququ pozulmuş şəxsin pozulmuş hüququnu bərpa etmək üçün çəkdiyi və ya çəkməli olduğu xərclər, əmlakından məhrum olması və ya əmlakının zədələnməsi (real zərər), habelə hüququ pozulmasaydı, həmin şəxsin adi mülki dövriyyə şəraitində əldə edəcəyi gəlirlər (əldən çıxmış fayda) başa düşülür. 1096.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) hüquqla və ya qanunla müdafiə edilən başqa şəxsə (zərərçəkənə) birbaşa ziyan və ya zərər vurulmasına gətirib çıxaran təqsirli, hüquqa zidd (mülki qanunvericiliyin normalarını pozan) əməldir (hərəkət və ya hərəkətsizlikdir). 1096.2-ci maddəsinə əsasən delikt törətmiş şəxs mülki hüquq məsuliyyəti daşıyır. 1097.1-ci maddəsinə əsasən mülki hüquq pozuntusu (delikt) nəticəsində fiziki şəxsin şəxsiyyətinə və ya əmlakına vurulmuş zərərin, habelə hüquqi şəxsin əmlakına və işgüzar nüfuzuna vurulmuş zərərin əvəzi zərərvuran tərəfindən tam həcmdə ödənilməlidir. Qanunla zərərin əvəzini ödəmək vəzifəsi zərəri vurmayan şəxsin öhdəsinə qoyula bilər. «İnzibati icraat haqqında» Azərbaycan Respublikası Qanununun 89.1-ci maddəsinə əsasən inzibati orqanların qanunsuz qərarları (inzibati aktları) və ya hərəkətləri (hərəkətsizliyi) nəticəsində maraqlı şəxsə vurulmuş ziyana görə müvafiq inzibati orqan Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə müəyyən olunmuş qaydada məsuliyyət daşıyır. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 21-ci və 23-cü maddələrinin şərh edilməsi barədə” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 31 may 2002-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər adətən vətəndaşların şəxsi qeyri-əmlak hüquqlarının pozulması nəticəsində əmələ gəlir. Mənəvi zərər qeyri əmlak zərəri olmaqla iqtisadi məzmun və dəyər kəsb etməyən hüquq pozuntusudur. Belə zərər vətəndaşa anadangəlmə və ya qanun əsasında ona məxsus olan qeyri-maddi nemətlərə aid (şərəf, ləyaqət, işgüzar nüfuz, şəxsi ailə sirri, hərəkət etmək azadlığı, yaşayış yeri seçmə, ad hüququ, müəlliflik hüququ, sair şəxsi qeyri-əmlak hüquqlar və digər maddi nemətlər) hüquqlarını pozmaqla fiziki şəxsə mənəvi sarsıntı, iztirab verir. Mənəvi zərər bilavasitə zərər vuran şəxsin hərəkətlərindən sonra zərər çəkmişin şüuruna təsir göstərməklə mənfi psixoloji reaksiyaya səbəb olur. Mənəvi zərər vətəndaşların hüquqlarının pozulmasının müstəqil nəticəsidir. O, həm vurulmuş əmlak zərəri ilə birlikdə yaxud əmlak zərəri vurulmadığı hallarda kompensasiya edilir. “Azərbaycan Respublikası Mülki Məcəlləsinin 23-cü maddəsinin şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 aprel 2020-ci il tarixli Qərarında göstərilir ki, mənəvi zərər insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir və yaxın şəxsin itirilməsi, fəal ictimai həyatın davam etdirilməsinin qeyri-mümkünlüyü, əmək qabiliyyətinin itirilməsi, ailə və şəxsi həyat sirrinin ictimailəşməsi, şərəf və ləyaqəti alçaldan məlumatların yayılması, müəyyən hüquq və azadlıqların qanunsuz məhdudlaşdırılması, fiziki əzab, sağlamlığa zərər vurulması və s. nəticəsində yarana bilər. Mənəvi təzminat isə hüquqa zidd əməl ilə zərərçəkənin mənəvi və ya fiziki bütövlüyünə edilən təcavüz nəticəsində meydana gələn ağrı və iztirabın, mənəvi sarsıntının unudulması, yaşama sevinci və arzusunun təkrar qazanılması, pozulan mənəvi tarazlığın yenidən bərpa edilməsi üçün bərabərləşdirmə vasitəsidir. Mənəvi zərərin əvəzinin ödənilməsi tələbi maddi zərərin ödənilməsi tələbindən fərqləndirilməlidir. Maddi zərərin həcmi vurulmuş ziyanın həcmi ilə şərtlənsə də, mənəvi zərərin həcmi zərərçəkmiş şəxsin mülahizəsinə əsasən iddiada müəyyən edilir və məhkəmələr tərəfindən mənəvi zərərin həcmi (miqdarı) ədalətlilik və mütənasiblik meyarları baxımından qiymətləndirilməlidir. Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun “Mənəvi zərərin ödənilməsi barədə qanunvericiliyin məhkəmələr tərəfindən tətbiqi təcrübəsi haqqında” xx.xx.2008-ci il tarixli 7 saylı Qərarında qeyd edilmişdir ki, Azərbaycan Respublikası qanunvericiliyinin, “İnsan Hüquqlarının və Əsas Azadlıqların Müdafiəsi Haqqında Konvensiya”nın müddəaları və Avropa İnsan Hüquqları Məhkəməsinin presedentləri baxımından “mənəvi zərər” anlayışı insanın anadangəlmə və ya qanun əsasında ona mənsub olan şəxsi qeyri-əmlak xarakterli hüquq və azadlıqlarının, habelə əmlak hüquqlarının pozulması nəticəsində mənəvi sarsıntı və iztirab keçirməsini ifadə edir. Zərərçəkən fiziki şəxsin mənəvi sarsıntı keçirməsi dedikdə ona qarşı törədilən qanunsuz hərəkətin və ya hərəkətsizliyin şüurunda müəyyən mənfi psixi reaksiyaya səbəb olması, iztirab keçirməsi dedikdə isə onun sağlamlığının pozulması nəticəsində fiziki əzab çəkməsi anlaşılır. Mənəvi zərərin ödənilməsi ilə əlaqədar qanunvericiliyin müddəaları nəzərə alınmaqla şəxsə mənəvi zərər vurulması onun yaxın qohumlarını və ya iş yerini itirməsi, fəal ictimai həyat tərzindən məhrum olması , şəxsi, ailə və tibbi sirlərinin açıqlanması, şərəf, ləyaqət və işgüzar nüfuzunun ləkələnməsi, hər hansı başqa hüquqlarının müvəqqəti olaraq məhdudlaşdırılması və ya həmin hüquqlardan məhrum olması, sağlamlığına xəsarət yetirilməsi və s. hallarda özünü büruzə verə bilər. Şəxsə mənəvi zərərin vurulması mənəvi sarsıntı və iztirablara səbəb olan istənilən xarakterli qeyri-hüquqi hərəkət və ya hərəkətsizlikdə (mülki, cinayət, inzibati və s. hüquq pozmalarda) ifadə oluna bilər. Plenum izah edir ki, Azərbaycan Respublikası Mülki Məcəlləsinin 1097-ci maddəsinə müvafiq olaraq mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Məhkəmə kollegiyası iddia tələbinin mənəvi zərərin ödənilməsi hissəsi ilə əlaqədar qeyd edir ki, sadalanan qanunvericilik normalarından da göründüyü kimi, mənəvi zərərin ödənilməsi barədə iddia o hallarda təmin edilə bilər ki, iddiaçının fiziki və mənəvi sarsıntılar keçirməsi, bunların cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində baş verməsi, qanunsuz hərəkət və hərəkətsizliklə mənəvi zərər arasında səbəbli əlaqənin olması və zərərvuran şəxsin təqsiri müəyyən edilmiş olsun. Hazırki halda isə cavabdeh inzibati orqanın birbaşa hərəkətləri ilə iddiaçıya mənəvi zərər vurulması müəyyən olunmur. Belə ki, inzibati icraat gedişində iddiaçının tələbinin təmin edilməsi və ya təmin edilməməsi nəticəsindən asılı olmayaraq cavabdeh sosial müdafiə orqanının hərəkətləri (və ya hərəkətsizliyi) bilavasitə və təqsirli olaraq iddiaçıya zərər vurulmasına əsas olan hərəkət kimi qəbul edilə bilməz. İddiaçı cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulduğunu bildirsə də, cavabdehin hərəkətləri və ya hərəkətsizliyi nəticəsində ona mənəvi zərərin vurulmasını təsdiq edən hər hansı bir mötəbər sübutu məhkəməyə təqdim edə bilmədi. Göründüyü kimi, hazırki iş üzrə cavabdehin qanunsuz hərəkəti və ya hərəkətsizliyi nəticəsində iddiaçıya zərər dəyməsi sübuta yetirilmir. Belə olduqda, iddiaçı zərərin əvəzini tələb etmək hüququna malik olmur. Ona görə də iddia tələbi həmin hissədə də əsassız hesab edilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməməklə düzgün nəticəyə gəlmişdir. Apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-4344/2023 nömrəli, 31 may 2023-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinə kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3094/2023
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3094/2023
18.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver