Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3094/2024 24.10.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə (Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti və Bakı şəhəri üzrə Təhsil İdarəsi üçüncü şəxs qismində cəlb edilməklə) qarşı iş üzrə QƏRARİ (Açar sözlər: “çıxarışın verilməsi”) Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası, hakimlər X2 (sədrlik edən və məruzəçi), X1 və Xəyalə Adil qızı Cəmilovadan ibarət tərkibdə, Aygün Ülviyyət qızı Nizamlının katibliyi ilə, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında açıq məhkəmə iclasında baxaraq, aşağıdakı qərarı qəbul etdi. İŞİN HALLARİ
1. Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-plandırmasının eskiz həlli müstəsna hal olaraq razılışdırılmışdır.
2. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 36 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş qeyri-yaşayış obyektinə istismar aktının verilməsi qərara alınmışdır.
3. xx.xx.2016-cı il tarixli 49 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş, ümumi sahəsi 65,58 kv.m. qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir.
4. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,109 ha torpaq sahəsinə iddiaçının xx.xx.2025-ci il tarixədək icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır.
5. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2798 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 2 ünvanında yerləşən 0.109 ha torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə 1020 kv.metr hissədə üst-üstə düşür. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az), İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 1 ünvanında yerləşən 0.109 ha torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”na aiddir.
İŞ ÜZRƏ QƏBUL EDİLMİŞ MƏHKƏMƏ AKTİ
a) Birinci instansiya məhkəməsində icraat
6. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri Publik Hüquqi Şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsi 99 ünvanında yerləşən 0,109 ha torpaq sahəsində yerləşən qeyriyaşayış binası üzərində iddiaçının xüsusi mülkiyyət hüququnun daşınmaz əmlakın dövlət reyetsrində qeydiyyata alınması öhdəliyin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
7. İddia tələbi onunla əsaslandırılmışdır ki, Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin hüquqların dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın dövlət reyestrində ünvan 1 ünvanında yerləşən 0,109 ha ölçüdə yaşayış məntəqəsi torpaqlarına aid olan sahə üzərində onun icarə hüquqları ********** reyestr nömrəsi ilə qeydiyyata alınmışdır. Qeyd edilən torpaq sahəsi üzərində Bakı şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş idarəsi ilə 11 aprel 2005-ci il tarixli və 10 oktyabr 2017-ci il tarixli məktubları ilə razılaşdırılmış cizgi əsasında qeyri-yaşayış sahəsinin layihəsi hazırlanmış və tikilmişdir. Həmin qeyri-yaşayış sahəsinin istismarına 04 mart 2016-cı il tarixli, 49 saylı icazə verilmişdir. Sözügedən qeyri-yaşayış binası üzərində mülkiyyət hüquqlarının daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması üçün müraciət etmiş, cavabdehin 08 sentyabr 2021-ci il tarixli, **********60 saylı məktubu ilə müraciət təmin edilməmişdir.
8. Cavabdeh 1 saylı Bakı Ərazi İdarəsi iddiaya dair etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, aparılan araşdırmalar nəticəsində müəyyən olunmuşdur ki, torpaq sahəsinə dair "Daşınmaz əmlakın dövlət reyestri haqqında'* Azərbaycan Respublikası Qanununun 8-ci maddəsində nəzərdə tutulmuş hüquqmuəyyənedicı sənədlər təqdim edilməmişdir. Torpaq sahəsinin cizgi və tayihədəki ölçüləri ilə faktiki ölçüləri arasında fərqlər mövcuddur. Həmçinin, qeyri-yaşayış binasının tikintiyə icazə sənədi təqdim edilməməyib və istismara icazə sənədi Bakı Şəhəri İcra Hakimiyyəti tərəfindən verilməmişdir. Elektron kadastr baza məlumatlarına əsasən torpaq sahəsi dövlət mülkiyyətindədir. Müraciət olunan sahə Təhsil Nazirliyinin balansında olmaqla 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşür. Bununla bağlı Azərbaycan Respublikası Təhsil Nazirliyi Bakı Şəhəri üzrə Təhsil idarəsinin müraciəti (Təhsil müəssisələrinin texniki pasportlarının hazırlanması barədə) idarəyə daxil olmuşdur. Yuxanda qeyd olunan səbəblərdən ərizənin icrası mümkün olmamış və bu barədə iddiaçıya **********49 qeydiyyat nömrəli. xx.xx.2021ci il tarixli məktub ünvanlanmışdır.
9. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilməmişdir.
10. Məhkəmə öz mövqeyini onunla əsaslandırmışdır ki, tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün təqdim edilməli olan ilk sənəd tikintiyə icazə sənədidir ki, hazırkı işdə mövcud olmamış və təqdim edilmədiyi halda verilmiş istismara icazə sənədinin də heç bir hüquqi qüvvəsi ola bilməz. Məhkəmə xüsusilə qeyd edir ki, hətta istinad olunan istismara icazə sənədi qəbul edilsə belə, iddianın təmini üçün yetərli deyil. Çünki əks yanaşma (istismara icazə sənədinin təkbaşına yetərli olması) “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikasının Qanununun 8.0.9.2 və ya 8.0.10.1-ci maddəsində digər hüquqmüəyyənedici sənədlərin qeyd edilməsini əhəmiyyətsiz edər. Məhkəmə, yuxarıda sadalanan qanunvericilik normalarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçının müraciətinə Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən qanunvericiliyə uyğun qaydada baxılmış, verilmiş imtina məktubu nəticəsində iddiaçının hüquqları və qanunla qorunan maraqları pozulmamış və onların həyata keçirilməsinə maneə yaradılmamışdır. Məhkəmə hesab edir ki, imtina qanuni və əsaslı olduğundan hazırkı iddia tələbi təmin oluna bilməz.
b) Apellyasiya instansiya məhkəməsində icraat
Apellyasiya şikayətinin və ona qarşı etirazın dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları
11. İddiaçı apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir.
c) Apellyasiya şikayətinin dəlilləri
12. Apellyasiya şikayətini onunla əsaslandırmışdır ki, həmin qərar və nəticə qanunsuz və əsassızdır.İş materiallarında olan və məhkəmə baxışında tədqiq edilmiş: Bakı Şəhəri İcra Hakimiyyəti Memarlıq və Şəhərsalma Baş İdarəsinin xx.xx.2005-ci il tarixli məktubundan görünür ki, İddiaçı məxsus Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində yerləşən qeyri-yaşayış obyektinin tikintisinə dair təqdim olunmuş memarlıq-plandırmasının eskiz həlli müstəsna hal olaraq razılışdırılmışdır. Bakı şəhəri Sabunçu Rayon İcra Hakimiyyəti başçısının xx.xx.2016-cı il tarixli 36 nömrəli sərəncamından görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş qeyri-yaşayış obyektinə istismar aktının verilməsi qərara alınmışdır. xx.xx.2016-cı il tarixli 49 nömrəli “Tikinti obyektinin istismarına icazə” sənədindən görünür ki, Bakı şəhəri Sabunçu rayonu, Bakıxanov qəsəbəsi, Xəlilbəy Xasməmmədov küçəsində inşa edilmiş, ümumi sahəsi 65,58 kv.m. qeyri-yaşayış obyektinin istismarına icazə verilmişdir. Daşınmaz əmlakın dövlət reyestrindən çıxarışın surətindən görünür ki, ünvan 1 ünvanında yerləşən 0,109 ha torpaq sahəsinə iddiaçının xx.xx.2025-ci il tarixədək icarə hüququ daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023- cü il tarixli 10/2798 nömrəli ekspert rəyində qeyd edilmişdir ki, İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 2 ünvanında yerləşən 0.109 ha torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə 1020 kv.metr hissədə üst-üstə düşür. Qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşmədiyi müəyyən edilmişdir. Mərkəzə təqdim olunmuş elektron baza məlumatlarına əsasən (kadastrportali.az), İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 1 ünvanında yerləşən 0.109 ha torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”na aiddir. Cavabdehin imtina əsasları ümumiyyətlə qanunvericilikdə nəzərdə tutulmamışdır və qeyd edilən torpaq sahəsindəki qeyri-yaşayış sahəsinə dair sənədlər qüvvədədir və qanunidir. Bundan başqa, Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2798 nömrəli ekspert rəyindən də göründüyü kimi, İddiaçı icarə hüququnun qeydiyyata alındığı 0.109 ha torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə 1020 kv.metr hissədə üst-üstə düşsə də, qeyri-yaşayış sahəsinin yerləşdiyi torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə üst-üstə düşmür, həmçinin elektron baza məlumatlarına əsasən torpaq sahəsinin kateqoriyası “Yaşayış məntəqələrinin torpaqları”na aiddir. Göründüyü kimi, iddianın təmin edilməsi, nə cavabdehin, nə də üçüncü şəxslərin hüquqlarını pozmur. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəllənin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası Konstitusiyasının 29-cu maddəsinin İİİ bəndinə əsasən, hər kəsin mülkiyyətində daşınar və daşınmaz əmlak ola bilər. Mülkiyyət hüququ mülkiyyətçinin əmlaka sahib olmaq, əmlakdan istifadə etmək və onun barəsində sərəncam verməkdən ibarətdir. Azərbaycan Respublikası Prezidentinin 2015-ci il 4 may tarixli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsinin yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidməti haqqında Əsasnamə”nin 2.0.1-ci və 3.0.11-ci bəndlərinə əsasən dövlət reyestrində daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatının həyata keçirilməsini təmin etmək Xidmətin fəaliyyət istiqamətlərinə, hüquqların dövlət qeydiyyatını rəsmiləşdirmək məqsədi ilə dövlət reyestrindən çıxarış vermək Xidmətin vəzifələrinə aid edilmişdir.
d) Apellyasiya şikayətinə qarşı etirazın dəlilləri
13. Apellyasiya şikayətinə yazılı etiraz təqdim edilməmişdir.
e) Prosses iştirakçılarının izahatları
14. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə xəbərdar edilməsinə baxmayaraq iş üzrə tərəflər məhkəmə iclasına gəlməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən işə baxılmasını mümkün hesab etmişdir.
TƏTBİQ EDİLƏN HÜQUQ
15. Azərbaycan Respublikasının Mülki Məcəlləsi:
Maddə 139.1. Mülkiyyət hüququ və daşınmaz əmlaka digər hüquqlar, bu hüquqların məhdudlaşdırılması, əmələ gəlməsi, başqasına keçməsi və xitamı dövlət qeydiyyatına alınmalıdır. Mülkiyyət hüququ, istifadə hüququ, ipoteka, servitutlar, habelə daşınmaz əmlaka digər hüquqlar bu Məcəllədə və qanunvericilikdə nəzərdə tutulan hallarda qeydə alınmalıdır. Maddə 139-1.1. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: Maddə 139-1.1.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə). Maddə 178.1. Daşınmaz əmlaka mülkiyyət hüququ qanunla müəyyənləşdirilmiş əsaslarla onun verilməsinin daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əldə edənə keçir. Əgər qanuna müvafiq olaraq daşınmaz əmlak üzərində mülkiyyət hüququnun dövlət reyestrində qeydə alınmadan başqa şəxsə keçməsi mümkündürsə, onda şəxs bu barədə dövlət reyestrinə məlumat verməlidir. Maddə 178.2. Yeni yaranmış daşınmaz əmlaka mülkiyyət hüququ onun daşınmaz əmlakın dövlət reyestrində qeydə alındığı andan əmələ gəlir.
16. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanunu:
Maddə 2.1. daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının dövlət qeydiyyatı Azərbaycan Respublikasının Mülki Məcəlləsinə uyğun olaraq daşınmaz əmlaka hüquqların əmələ gəlməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) başqasına keçməsinin və bu hüquqlara xitam verilməsinin dövlət tərəfindən tanınması və təsdiq edilməsi barədə hüquqi aktdır. Maddə 2.2. Azərbaycan Respublikasının Mülki Məcəlləsi ilə və bu qanunla müəyyən edilmiş qaydada daşınmaz əmlak üzərində hüquqların qeydiyyatı daşınmaz əmlakın dövlət reyestrində aparılır. Maddə 7. daşınmaz əmlak üzərində mülkiyyət və digər əşya hüquqlarının qeydiyyatı üçün zəruri olan mərzçəkmə və inventarlaşdırma işlərinin aparılması, habelə müvafiq texniki sənədlərin tərtibi qaydası qanunvericiliklə müəyyən edilir Maddə 8. Daşınmaz əmlak üzərində hüquqların dövlət qeydiyyatı üçün əsaslar 8.0. Daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün aşağıdakılar əsas hesab olunur: 8.0.6. mənzil-tikinti kooperativi binasında yaşayış (qeyri-yaşayış) sahəsinin verilməsi barədə mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı (qanunvericiliklə nəzərdə tutulmuş pay haqqı tam ödənildikdə); 8.0.9. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə minənədək (2013-cü il yanvarın 1-dək) inşa edilmiş tikililərə dair: 8.0.9.2. çoxmənzilli binalara, qeyri-yaşayış binalarına və hündürlüyü 12 metrdən çox olan yaşayış evlərinə münasibətdə - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə, müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, istismara qəbul aktı, 8.0.10. Azərbaycan Respublikasının Şəhərsalma və Tikinti Məcəlləsi qüvvəyə mindikdən (2013-cü il yanvarın 1-dən) sonra inşa edilən tikililərə dair: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə, Maddə 12.1. Daşınmaz əmlaka mülkiyyət və digər əşya hüquqlarının əmələ gəlməsi və başqasına keçməsi müvafiq icra hakimiyyəti orqanları tərəfindən hazırlanan sənədlər əsasında qeydiyyat orqanı tərəfindən elektron üsulla təqdim olunan dövlət reyestrindən çıxarışla rəsmiləşdirilir. Maddə 15.1. Hüquqların dövlət qeydiyyatına alınmasından aşağıdakı hallarda imtina edilə bilər: dövlət qeydiyyatı barədə müraciət olunan hüquq bu Qanuna əsasən dövlət qeydiyyatına alınmalı deyildirsə; hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun deyildirsə; hüquqların dövlət qeydiyyatı barədə ərizəni verməyə ixtiyarı olmayan şəxs müraciət etdikdə; daşınmaz əmlaka hüququn yaranması barədə icra hakimiyyəti və ya bələdiyyə orqanının aktı qanunvericiliklə müəyyən edilmiş qaydada etibarsız hesab olunduqda; daşınmaz əmlak barəsində təsdiqləyici sənəd vermiş şəxs həmin əmlak üzərində hüquqa dair sərəncam vermək səlahiyyətinə malik olmadıqda; bu Qanunun 14-cü maddəsində nəzərdə tutulmuş qeydiyyatın dayandırılmasına səbəb olan hallar aradan qaldırılmadıqda.
17.Azərbaycan Respublikası Mülki Məcəlləsinin 178.8 maddəsinin şərh edilməsinə dair Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun 25 oktyabr 2010- cu il tarixli qərarı
18.“İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanunu:
13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
17. Fiziki və ya hüquqi şəxslərin hüquqi statusuna (prinsipial hərəkət azadlığına) hər hansı müdaxiləni nəzərdə tutan tədbirlər inzibati orqanın güddüyü qanuni məqsədə mütənasib olmalı, həmin məqsədə çatmaq üçün öz məzmunu, yeri, vaxtı və əhatə etdiyi şəxslərin dairəsi baxımından zəruri və yararlı olmalıdır. 19.1. İnzibati icraat zamanı işin faktiki halları ilə əlaqədar fiziki və ya hüquqi şəxslər tərəfindən təqdim olunan sənədlər və dəlillər, onların həqiqətə uyğun olmadığı sübuta yetirilməyibsə, mötəbər hesab olunur. Fiziki və ya hüquqi şəxslərdən həmin sənədlərin və dəlillərin mötəbərliyini təsdiq edən əlavə sənədlərin və ya məlumatların tələb olunması qadağandır. 19.2. Təqdim olunmuş sənədlərin və dəlillərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda, inzibati orqan müstəqil şəkildə və öz hesabına onların mötəbərliyinin müəyyən edilməsi üçün tədbirlər görür. 24.1. İnzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. 24.2. İnzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz.
19. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi:
Maddə 68.1. məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. Maddə 68.2.məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır. Maddə 82. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. Maddə 87.6 Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: Maddə 87.7.1. inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; Maddə 87.7.2. inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə; Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 94.1 Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay, məhkəmə qərardadının təqdim olunduğu gündən, həmçinin bu Məcəllənin 131.3-cü və 132.3-cü maddələrində nəzərdə tutulmuş hallarda 10 gün müddətində müvafiq apellyasiya instansiyası məhkəməsi vasitəsi ilə verilir.
APELLYASİYA BAXİŞİNİN HƏDLƏRİ
20. Apellyasiya şikayəti vaxtında verilmiş, şikayət formal baxımdan lazımi qaydalarla əsaslandırılmış və şikayətçinin tələbləri göstərilmişdir. Ona görə də, şikayət mümkün hesab edilmişdir.
21. Apellyasiya instansiyası məhkəməsi tərəfindən yeni təqdim olunmuş sübutlar (sübutetmə vasitələrini) və faktlar (faktiki halları) da nəzərə alınaraq birinci instansiya məhkəməsinin qərarı tam olaraq yoxlanılır. Apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır.
22. Qanunun tələbinə görə, apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
APELLYASİYA İNSTANSİYASİ MƏHKƏMƏSİNİN MÖVQEYİ
23. Əvvəla məhkəmə Kollegiyası qeyd edir ki, iddiaçının iddiası mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur.
24. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətlərinə maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Birinci instansiya məhkəməsinin qərarının ləğv olunması və ya dəyişdirilməsi üçün əsas yoxdur.
25. Məhkəmə kollegiyası xüsusilə qeyd edir ki, apellyasiya şikayətinin dəlilləri mahiyyətcə iddia tələbinə dair etirazın dəlillərini təkrarlamaqla onlarla eynilik təşkil edir. Birinci instansiya məhkəməsi tərəfindən hazırkı mübahisə üzrə zəruri olan həddə, eləcə də işin hallarının tam və hərtərəfli araşdırılması təmin edilmişdir. Ona görə də, işin faktiki halları ilə bağlı birinci instansiya məhkəməsinin araşdırmaları yetərli hesab olunur.
26. Qanunvericiliyin yuxarıda istinad olunan normaları baxımından iddiaçının iddia tələbi ilə bağlı məsələ birinci instansiya məhkəməsi tərəfindən lazımi qaydada araşdırılmışdır. Məhkəmə bununla bağlı istinad etdiyi sübutları prosessual qanunvericiliyin mümkünlük, aidiyyət və mötəbərlik tələblərini nəzərə almaqla qiymətləndirmişdir. Odur ki, birinci instansiya məhkəməsinin qərarında ətraflı şərh olunmuş həmin məsələləri təkrarlamağa lüzum qalmır.
27. Birinci instansiya məhkəməsi mübahisənin müəyyən olunmuş faktiki hallarına hüquq normalarını da düzgün tətbiq etmişdir, ona görə də məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin hüquq normalarının tətbiqi ilə bağlı qiymətləndirməsi ilə də razılaşır.
28. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası ilk öncə qeyd edir ki, Bakı Şəhər İcra Hakimiyyəti tərəfindən sözügedən tikintiyə icazə verilməsi barədə qərar mövcud deyil və tikintiyə icazə verilməmiş, həmçinin daşınmaz əmlakın yerləşdiyi torpağa dair hüquq müəyyənedici sənədin artıq hüququi qüvvəsi yoxdur.
29. Göründüyü kimi, daşınmaz əmlaka dair mülkiyyət hüququnun qeydə alınması üçün 4 hüquq müəyyənedici sənəd; 1. torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, 2. müvafiq icra hakimiyyəti orqanı ilə razılaşdırılmış layihə,
3. müvafiq icra hakimiyyəti orqanının tikilinin inşa edilməsinə icazə barədə qərarı, 4. istismara qəbul aktı tələb olunur.
30. Kollegiya qeyd edir ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 16 sentyabr 2014-cü il tarixli 309 nömrəli qərarı ilə təsdiq edilmiş “Tikintisinə icazə tələb edilən tikinti obyektlərinin istismarına icazə üçün müraciətə sifarişçi tərəfindən əlavə edilən tikinti sənədlərinin siyahısı”nında ilk tələb olunan sənəd tikintiyə icazə sənədədir ki, göründüyü kimi belə bir sənəd mövcud deyildir.
31. Məhkəmə araşdırması zamanı, tikintiyə icazə sənədinin və torpağa dair hüquq müəyyənedici sənədinin artıq mövcud olmadığı müəyyən edilmişdir. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, iddiaçının iddia etdiyi qeyri-yaşayış sahəsinə dair mülkiyyət hüquqlarının dövlət qeydiyyatına alınması üçün qanunvericiliklə müəyyən edilən əsasların mövcudluğu müəyyən edilmədiyindən, eyni zamanda hüquqların dövlət qeydiyyatına alınmasından imtinaya qanuni əsaslar olduğundan iddia tələbi əsassızdır.
32. Bununla belə, məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının iddia etdiyi torpaq sahəsinin yerləşmə yeri mübahisəlidir və Azərbaycan Respublikası Ədliyyə Nazirliyi Məhkəmə Ekspertiza Mərkəzinin xx.xx.2023-cü il tarixli 10/2798 nömrəli ekspert rəyi ilə İddiaçı icarə hüququnun qeydiyyata alındığı ünvan 2 ünvanında yerləşən 0.109 ha torpaq sahəsi 80 saylı orta məktəbin ərazisi ilə 1020 kv.metr hissədə üst-üstə düşməsi öz təsdiqini tapmışdır.
33. Bundan əlavə, İddiaçı və Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti arasında bağlanılmış icarə müqavilələri xx.xx.2024-cü il tarixli və 137 saylı Sərəncam əsasında ləğv edilmişdir.
34. Göründüyü kimi, İPM-in 14.3-cü maddəsinə uyğun olaraq hazırkı işdə cavabdeh imtinasını zəruri edən şərtlərin mövcudluğunu sübut etsə də, iddiaçı bunun əksini sübut edə bilməmişdir. Belə ola halda cavabdehin imtinası mahiyyətcə qanuna zidd olmamış və iddiaçının hüquqlarını pozmamışdır, imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə mütənasib, həmin məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur («İnzibati icraat haqqında» AR Qanununun 17-ci maddəsi). Bu əsaslarla cavabdeh inzibati orqanın iddiaçının müraciətinin təmin edilməsindən imtina etməsi iddiaçının qanunla qorunan hüquqlarını pozmamışdır.
35. Beləliklə, məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qənaəti ilə razılaşaraq hesab edir ki, cavabdehin apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır.
36. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-nin 68.1-ci, 68.2ci, 68.3-cü, 87.6-cı, 87.8-ci, 94.1.-ci maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası
qərara aldı:
Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-157/2024 nömrəli, xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan, Kassasiya şikayəti məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 1 ay müddətində, Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına verilə bilər.