Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3095/2021 15.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Hüseynov Azər Soltanhəmid oğlunun sədrliyi və məruzəsilə, Bəktaşi Səadət İnayət qızı və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, İsmayılzadə Rəhim Fərman oğlunun katibliyi, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh AR ƏƏSMN tabeliyində DSMF PHŞ Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı “pensiyanın təyin edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadından iddiaçı tərəfindən verilmiş şikayətə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi,540-cı məhəllə) şifahi məhkəmə baxışı qaydasında məhkəmə iclasında baxaraq Müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şəxslərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə iddiaçıya xidməti nəzərə alınmaqla hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi öhdəliyinin qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. Qərardaddan narazı qalan iddiaçı şikayət verərək Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadının ləğv edilməsini və işə mahiyyəti üzrə baxaraq iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Şikayət onunla əsaslandırılmışdır ki, məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 13-cü maddəsinə əsasən iddiaçıya heç bir köməklik göstərmədən məhkəmə qərardadında cavabdehin əsl cavabdehlə əvəz edilməsini qeyd etməmişdir. Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi iş materiallarına uyğun izahat verərək şikayətin təmin olunmamasın, Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadının dəyişdirilmədən saxlanılmasına dair qərardad qəbul edilməsini xahiş etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq iddiaçı (nümayəndəsi) məhkəmə iclasında iştirak etməmiş, habelə gəlməməsinin səbəbləri barədə məhkəməyə məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası cavabdehin nümayəndəsinin izahatını dinləyib, şikayətin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İş materiallarında olan: - Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin 15.09.2003-cü il tarixli, 1078 ş/h nömrəli Əmrindən Çıxarışda “Hərbi xidmət haqqında” AR Qanununun 18-ci maddəsinin “ə” bəndinə (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə) müvafiq olaraq baş leytenant İddiaçı 04 mart 2003-cü il tarixdən şəxsi heyətin siyahısından çıxarılmaqla Azərbaycan Respublikası Silahlı Qüvvələrinin ehtiyatına buraxılması, hərbi qeydiyyata götürülmək üçün Mingəçevir şəhər Hərbi Komissarlığına göndərilməsi qeyd olunmuşdur. - Azərbaycan Respublikasi Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətinin Mingəçevir şəhər şöbəsinin verdiyi 03.10.2018-ci il tarixli, 129 nömrəli arayışda qeyd edilmişdir ki, verilir ehtiyatda olan baş leytenant, 1969-cu il təvəllüdlü İddiaçı, ondan ötrü ki, o, həqiqətən 03.12.1987-ci il tarixdən 21.11.1989-cu il tarixə kimi keçmiş SSRİ Ordusunda; 25.01.1990-cı il tarixdən 12.08.1993-cü il tarixə kimi keçmiş SSRİ DTX-nın Akademiyasında; 12.08.1993-cü il tarixdən 02.09.1997-ci il tarixə kimi Bakı Ali Birləşmiş Komandanlıq məktəbində; 02.09.1997-ci il tarixdən 13.08.1998-ci il tarixə kimi Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında; 13.08.1998-ci il tarixdən 04.03.2003-cü il tarixə kimi Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarə-Hərbi Əks-Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuşdur. Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin əmrinə əsasən 04.03.2003-cü il tarixdə ehtiyata buraxılmışdır. - Məhkəmənin sorğusuna cavab olaraq Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidməti tərəfindən verilmiş 08.06.2021-ci il tarixli, 200/391 nömrəli məktubda bildirilmişdir ki, İddiaçı təminat xərcliyi barədə məlumat vərəqəsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim olunmamışdır. İddiaçı keçmiş MTN-in 04 mart 2003-cü il tarixli əmrinə əsasən həmin dövr qüvvədə olan “Hərbi xidmət haqqında” Azərbaycan Respublikasının Qanununun 18-ci maddəsinin “ə” yarımbəndi ilə (törədilmiş cinayətə görə məhkəmə tərəfindən hərbi xidmətdə olmağı istisna edən cəzaya məhkum edildikdə) ehtiyata buraxılmışdır. “Hərbi qulluqçuların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “b” və “v” yarımbəndlərinə, həmçinin hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5.2-ci və 9.5.3-cü maddələrinə əsasən hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə, eyni zamanda hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslərə hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilir. İddiaçı arxiv sənədləri araşdırılarkən məlum olmuşdur ki, 1997-ci ildə Bakı Ali Birləşmiş Komandanlıq məktəbini bitirmiş, 1997-ci ilin sentyabr ayından Sərhəd Qoşunları Baş İdarəsində müvafiq vəzifəyə təyin olunmuşdur. 1998-ci ilin avqust ayında Azərbaycan Respublikasının Prezidenti yanında Xüsusi İdarənin sərəncamına ezam olunmuş və sonradan xidməti davam etdirmişdir. Xidmətdən ehtiyata buraxılarkən İddiaçı xidmət illəri 12 il 00 ay 29 gün olmuşdur. Məlumat üçün qeyd edilir ki, İddiaçı 2017-ci il 19 iyul tarixində cavabdeh Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəmə orqanlarına müraciət edərək “xidmət illərinin, pensiyanın hesablanması və bununla bağlı müvafiq tədbirlərin görülməsi, eyni zamanda xidmətdən azad olunmağı ilə bağlı hərbi biletin, müvafiq əmrdən çıxarışın surətinin ona verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması” tələbinə dair iddia qaldırmışdır. Şəki İnzibati- İqtisadi Məhkəməsinin 2017ci il 15 noyabr tarixli 2-1(84)-1683/2017 saylı qərardadı ilə iddia təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin 2018-ci il 09 yanvar tarixli 2- 1(107)-14/2018 saylı qərardadı və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati- İqtisadi Kollegiyasının 2018-ci il 24 aprel tarixli 2-1(101)-865/2018 saylı qərarı ilə Şəki İnzibati-İqtisadi Məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. - Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə X2 Azər Abudin oğluna ünvanladığı 17.03.2021-ci il tarixli, **********1 nömrəli məktubunda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən aşağıdakı hərbi qulluqçuların (hərbi rütbələrdən məhrum edilmiş hərbi qulluqçular, müddətli həqiqi hərbi xidmət hərbi qulluqçuları istisna olmaqla) hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası hüququ vardır: hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçular; hərbi xidmətdən yaşa görə buraxılmış, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmətdən xəstəliyinə və ya səhhətinin məhdud imkanlarına, habelə ştatların ixtisarına görə buraxılmış və buraxıldığı gün 45 və daha çox yaşı, 25 təqvim ili və daha çox ümumi iş stajı olan, bu stajın azı 12 il 6 ayını hərbi xidmətdə keçirmiş şəxslər; hərbi xidmət müddəti 15 il və daha çox olmaqla Çernobıl AES-də qəzanın nəticələrinin aradan qaldırılması işlərində köçürmə zonasında iştirak etmiş hərbi qulluqçular. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 3-cü bəndinə əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatlar əmək pensiyası hüququnun yarandığı tarixdən onların müraciətləri əsasında qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən tərtib olunur və əmək pensiyasının təyin edilməsi üçün Fondun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına təqdim edilir. Qeyd olunanları nəzərə alaraq bildirilir ki, sözügedən Qaydaların tələblərinə uyğun olaraq sonuncu xidmət keçdiyiniz orqan tərəfindən sizə dair məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra əmək pensiyası təyin olunması məsələnizə baxılacaqdır. Birinci instansiya məhkəməsi qeyd etmişdir ki, iddiaçı 03.12.1987-ci il tarixdən 21.11.1989-cu il tarixə kimi keçmiş SSRİ Ordusunda; 25.01.1990-cı il tarixdən 12.08.1993cü il tarixə kimi keçmiş SSRİ DTX-nın Akademiyasında; 12.08.1993-cü il tarixdən 02.09.1997-ci il tarixə kimi Bakı Ali Birləşmiş Komandanlıq məktəbində; 02.09.1997-ci il tarixdən 13.08.1998-ci il tarixə kimi Milli Təhlükəsizlik Nazirliyinin Sərhəd Qoşunlarında; 13.08.1998-ci il tarixdən 04.03.2003-cü il tarixə kimi Azərbaycan Respublikası Prezidenti yanında Xüsusi idarə-Hərbi Əks-Kəşfiyyat Xidmətində həqiqi hərbi xidmətdə olmuş, Azərbaycan Respublikası Milli Təhlükəsizlik Nazirinin əmrinə əsasən 04.03.2003-cü il tarixdə ehtiyata buraxılmışdır. İddiaçı ona hərbi qulluqçu kimi əmək pensiyasının təyin edilməsi ilə bağlı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına müraciət etmiş, sonuncu iddiaçının xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqəsi tərtib edilərək Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edildikdən sonra ona əmək pensiyası təyin olunması məsələsinə baxılacağını qeyd etməklə müraciətin təminindən imtina etmişdir. Hazırkı iş üzrə iddiaçı ona ehtiyatda olan hərbi qulluqçu kimi pensiya təyin edilməsi vəzifəsinin Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının üzərinə qoyulmasını mübahisələndirsə də iddiaçıya pensiya təyininə əsas verən sonuncunun xidmət keçdiyi qurum olan Dövlət Təhlükəsizlik Xidməti tərəfindən təminat xərcliyi barədə məlumat vərəqi tərtib edilib Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filiala təqdim edilməmişdir. İddiaçıya hərbi qulluqçu kimi yaşa görə əmək pensiyasının təyin edilməsindən xidmət keçdiyi orqan tərəfindən məlumat vərəqinin təqdim edilməməsi əsası ilə imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, məlumat vərəqi verilmədən hərbi qulluqçu kimi pensiyanın təyin edilməsi məsələsinə baxıla bilməz. Bu mənada, iddiaçının hazırkı iddiaya hüquqi marağı da müəyyən edilmir. Hazırkı iş üzrə isə cavabdeh qismində qoyulmuş Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının iddiaçının hüquq və qanunla qorunan maraqlarını pozan hər hansı inzibati akt qəbul etdiyi və hərəkətə (və ya hərəkətsizliyə) yol verdiyi müəyyən olunmamışdır. Belə olan halda iddia cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına münasibətdə mümkün sayıla bilməz. Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir. Belə ki, «İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair» Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 05 saylı, 10 aprel 2015-ci il tarixli qərarında göstərilmişdir ki, mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. Həmin Qərarının 5.1-ci bəndinə görə inzibati mübahisələr inzibati orqanla fiziki və hüquqi şəxslər arasında inzibati aktın qəbul edilməsi, qəbul edilməsindən imtina olunması, ləğv edilməsi, dəyişdirilməsi, etibarsız sayılması, habelə inzibati orqanın faktiki xarakterli hərəkətləri (fəaliyyəti) və s. ilə bağlı yaranan münasibətlərdən irəli gəlir. Bu səbəbdən inzibati orqanların xaricə yönələn və maraqlı şəxsin publik hüquq sahəsindən irəli gələn bu və ya digər hüququn əldə edilməsi, hüququnun tanınması və ya hüquqlarının həyata keçirilməsi ilə bağlı inzibati orqana müraciətinin nəticəsi olaraq, yaxud inzibati orqanın öz təşəbbüsü ilə qəbul etdiyi aktlarının ləğv edilməsi və ya dəyişdirilməsi barədə (mübahisələndirmə haqqında), yaxud həmin aktların etibarsızlığının (qanunsuz) tanınması barədə (müəyyən etmə və tanınma haqqında) iddialara inzibati məhkəmə icraatı qaydasında baxılır. İnzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Həmin Qanunun 22.4-cü maddəsinə əsasən hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 27 avqust 2007-ci il tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”nın 1-ci bəndinə əsasən bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Dövlət Mühafizə Xidmətində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir. Həmin Qaydaların: -2-ci bəndinə əsasən Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır. -3-cü bəndinə görə bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. -5-ci bəndinə görə məlumat vərəqindəki məlumatlar təsdiqləndiyi tarixdən 5 iş günü müddətində Fondun səlahiyyətli vəzifəli şəxsi tərəfindən yoxlanılır, uyğunsuzluqlar aşkar edilmədikdə qəbul olunaraq pensiya təyinatı aparılır, əks təqdirdə səbəbi qeyd olunmaqla qəbulundan imtina edilərək müvafiq informasiya sistemi vasitəsilə aidiyyəti quruma məlumat verilir. -6-cı bəndinə əsasən əmək pensiyaçısının təminat xərcliyinə daxil olan vəzifə və rütbə maaşında, vəzifə maaşından hesablanan əlavələrdə, həmçinin ərzaq payı əvəzinə verilən pul kompensasiyasında artımlar (büdcədənkənar vəsaitlər hesabına müəyyən edilən artımlar istisna olmaqla) baş verdikdə onun əmək pensiyası Fond tərəfindən yenidən hesablanır. -7-ci bəndinə görə Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidməti, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidməti, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidməti və Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidməti bu Qaydaların 3-cü hissəsinə uyğun olaraq məlumat vərəqini (2 nömrəli əlavə) və 4-cü hissəsinə uyğun olaraq dəyişikliklər barədə məlumatları məxfi doldurmaqla kağız daşıyıcıda Fonda təqdim edirlər. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin İdarə Heyətinin 23 iyul 2020-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı haqqında” Əsasnamənin 1.1-ci bəndinə əsasən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu Publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra - Qanun) 9-cu və 20-ci maddələrində nəzərdə tutulan şəxslərin pensiyalarının təyin edilməsini, yenidən hesablanmasını, bir növdən başqa növə keçirilməsini, ödənilməsini, hərbi qulluqçuların və Qanunun 3.3-cü maddəsinə uyğun olaraq hərbi qulluqçulara bərabər tutulan xüsusi rütbəli şəxslərin dövlət sosial sığorta sistemində fərdi uçotunu və onlara məcburi dövlət sosial sığorta haqqı hesabına müavinətlərin hesablanıb ödənilməsini, habelə məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqları üzrə daxil olan ödənişlərin uçotunun aparılmasını mərkəzləşdirilmiş qaydada həyata keçirən ixtisaslaşdırılmış struktur qurumudur. Qeyd olunan normalara əsasən müəyyən olunur ki, hərbi qulluqçulara pensiyaların təyin edilməsi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondu publik hüquqi şəxsinin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının səlahiyyətinə aid edilsə də, lakin pensiyanın təyin edilməsi üçün məlumat vərəqinin təqdim edilməsi şəxsin qulluq etdiyi orqanların müvafiq qurumlarının (hazırkı iş üzrə Dövlət Təhlükəsizlik Xidmətinin) səlahiyyətində qalmışdır Eyni zamandan qeyd olunmalıdır ki, Şəki İnzibаti-İqtisаdi Məhkəməsinin 2-1(84)- 1683/2017 saylı, 15 noyabr 2017- ci il tаrixli qərardadı (hakim – K.H.Vəliyev) ilə İddiaçı Əbudin oğlunun cavabdeh Azərbaycan Respublikası Dövlət Təhlükəsizliyi Xidmətinə qarşı Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində saxlanılan şəxsi işinə əsasən xidmət illərinin və pensiyanın hesablanması və bununla bağlı müvafiq tədbirlərin görülməsi və xidmətdən azad olunmağı ilə bağlı hərbi biletin, müvafiq əmrdən çıxarışın surətinin verilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması tələbinə dair iddiası mümkün sayılmamışdır. Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-14/2018 saylı, 09 yanvar 2018-ci il tarixli qərardadı ilə (sədrlik edən və məruzəçi hakim – E.Ş.Hüseynov, hakimlər – R.R.Rəfiyev və G.Q.Abbasov) iddiaçının apellyasiya şikayəti təmin edilməyərək Şəki İnzibati-İqtisadi Məhkəməsinin 15 noyabr 2017-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)- 865/2018 saylı, 24.04.2018 tarixli qərarı ilə iddiaçının kassasiya şikayəti təmin edilməmiş, Şəki Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(107)-14/2018 saylı iş üzrə 09 yanvar 2018-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılmışdır. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi haqlı olaraq iddianın mümkün sayılmaması qərarına gəlmişdir. Ona görə də, şikayət təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş şikayət təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 01.10.2021-ci il tarixli, 2-1(112)-6601/2021 saylı qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-iqtisadi kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3095/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3095/2021
15.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver