Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3095/2022 23.12.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Cəmilova Xəyalə Adil qızı və Oruczadə Aytən Pənah qızından ibarət tərkibdə Həsənzadə Səbuhi Mehdi oğlunun katibliyi , İddiaçı1 iştirakı ilə, iddiаçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı “qeydiyyata alınma” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: Birinci instansiya məhkəməsində aparılan icraat: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 və İddiaçı4 cavabdeh Bakı şəhəri Qaradağ rayon Polis İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin imtinasının qanunazidd hesab edilməsi və onların ünvan 1 ünvanına qeydiyyata alınması vəzifəsinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçılar X2 qarşı miras əmlakın bölünməsi tələbinə dair Qaradağ Rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə prosesi zamanı barışıq sazişi bağlanmış, Qaradağ Rayon Məhkəməsinin 13 may 2011-ci il tarixli, 2(002)- 348/2011 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə görə Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin həyətyanı sahəsinə əsas qapıdan daxil olarkən sağ tərəfdə yerləşən torpaq sahəsinin divardandivara 26 metr uzunluğu, 7 metr eni olmaq şərti ilə sahənin özünə yaşayış şəraiti yaradılması üçün İddiaçı2 ayrılması müəyyən edilmişdir. X1 onlara qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair iddiası Qaradağ Rayon Məhkəməsinin 11 yanvar 2019-cu il tarixli, 2(002)-162/2019 saylı qətnaməsi ilə təmin edilmiş, İddiaçı2, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri, Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqlarını itirməklə həmin ünvandan çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri verilmiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2 (102)- 5587/2020 saylı Qərarı ilə kassasiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin gəldiyi nəticəyə görə tərəflərin yaşayış sahəsinə münasibətdə hüquqi vəziyyəti onların arasında bağlanmış barışıq sazişi əsasında yaranmış və sazişin şərtlərinə əməl etməklə X4, onun vəfatından sonra isə ailə üzvləri evə mülkiyyət hüququ əldə etmiş, onlar ayrılmış torpaq sahəsində fərdi yaşayış evi inşa etdiklərindən və yaşayış sahəsi ilə təmin olunduqlarından onların evdən çıxarılması qanunvericiliyə uyğun olmuşdur. Hazırda onlar göstərilən məhkəmə qətnamələrinə əsasən Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13-dən pasport qeydiyyatından çıxarılmışlar. Məhkəmə qətnaməsi ilə təsdiq edilən ünvanda yəni, ünvan 2öçüb orada yaşamaqla heç bir ünvanda pasport qeydiyyatları yoxdur. Qanunvericiliyin tələbinə görə vətəndaş yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Bununla bağlı Qaradağ rayon Polis İdarəsinə müraciət etsələr də, müraciətlərinin təmin edilməsindən imtina edilmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı ilə iddia tələbi təmin edilməmişdir. Qərardan narazı qalan iddiaçı tərəf apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsinə dair yeni qərar qəbul edilməsini xahiş etmişdir. Apelyasiya şikayətinin dəlilləri, məhkəmə icraatı iştirakçılarının izahatları Apelyasiya şikayəti onunla əsaslanıdırılmışdır ki, onlar X2 qarşı miras əmlakın bölünməsi tələbinə dair Qaradağ rayon Məhkəməsinə müraciət etmişlər. Məhkəmə prosessi zamanı barışıq sazişi bağlanmış, Qaradağ rayon Məhkəməsinin 13 may 201 l-ci il tarixli, 2(002)-348/2011 saylı qərardadı ilə barışıq sazişi təsdiq edilmişdir. Barışıq sazişinə əsasən onlara Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, 13 saylı evin həyətində özlərinə yaşayış şəratinin yaradılması üçün 26 metr uzunluğu,7 metr eni olmaq şərti ilə torpaq sahəsi ayrılmışdır. X5 Bacıoğlu vəfat etmiş, onun həyat yoldaşı onlara qarşı yaşayış sahəsindən istifadə hüququnun itirilməsi və evdən çıxarılma tələbinə dair Qaradağ rayon Məhkəməsinə müraciət etmiş, Qaradağ rayon Məhkəməsinin 2 yanvar 2019-cu il tarixli, 2(002)- 162/2019 saylı qətnaməsi ilə iddiası təmin edilmiş, onların yəni İddiaçı2 Bacıqızının, İddiaçı1, İddiaçı3 və İddiaçı4 Bakı şəhəri Qaradağ rayonu Lökbatan qəsəbəsi 20 Yanvar küçəsi, 13 saylı evdən istifadə hüquqları itirilməklə həmin ünavandan çıxarılması qət edilmişdir. Qətnamədən apellyasiya və kassasiya şikayətləri vermiş, Azərbaycan Respublikası Ali Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2(102)-5587/2020 saylı Qərarı ilə kasssiya şikayəti təmin edilməmişdir. Ali Məhkəmənin gəldiyi nəticəyə görə tərəflərin yaşayış sahəinə münasibətdə hüquqi vəziyyəti onların arasında bağlanmış barışıq sazişi əsasında yaranmış, sazişin şərtlərinə əməl etməklə X4, onun vəfatından sonra isə ailə üzvləri evə mülkiyyət hüququ əldə etmiş, onlar isə ayrılmış torpaq sahəsində özlərinə fərdi yaşayış evi inşa etdiyindən və yaşayış sahəsi ilə təmin olunduqlarından evdən çıxarılmaqları qanunvericiliyə uyğun olmuşdur. Məhkəmə qətnamələri qanuni qüvvəsini almış və onlar Qaradağ rayonu, Lökbatan qəsəbəsi, 20 Yanvar küçəsi, ev 13dən pasport qeydiyyatından çıxarılmışlar. Məhkəmə qətnaməsi ilə təsdiq edilən ünvanda ünvan 3b orada yaşasalarda hazırda iddiaçılardan Cabirin və Əminiənin heç bir ünvanda pasport qeydiyyatı yoxdur, Məryəm hərbi hissəyə qeydiyyata düşmüş, Tural isə xahişlərinə əsasən tanışlarının evinə qeydiyyata düşmüşdür. Qanunvericiliyin tələbinə görə vətəndaş yaşadığı və olduğu yer üzrə qeydiyyata alınmalıdır. Tərəflərin izahatları : Məhkəmə kollegiyasının iclasında iştirak edən İddiaçı1 apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini, iddia tələblərinin təmin edilməsini xahiş etmişdir. Cavabdeh tərəf isə iclasdan əvvəl məhkəməyə ərizə ilə müraciət edərək, onların nümayəndələrinin iştirakı olmadan məhkəmə iclasının keçirilməsini xahiş etmişdir. Digər iddiaçılar isə məhkəmə iclasının yeri və vaxtı barədə lazımı qaydada məlumatlandırsalar da iclasda iştirak etməmiş və səbəbi barədə məlumat verməmişlər Məhkəmə kollegiyasının Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Apellyasiya Məhkəməsinin mövqeyi Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İddiaçıların apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır. İşin müəyyən edilmiş hallarından görünür ki, iddiaçılar ünvan 4 ünvanına yaşayış yeri üzrə qeydiyyata alınması barədə cavabdehə müraciət etmiş, cavabdeh isə iddiaçıların müraciətini təmin etməmişdir. Daha sonra iddiaçı hazırkı tələblə Bakı İnzibati Məhkəməsinə müraciət etmiş, mübahisəli məsələ birinci instansiya məhkəməsi tərəfindən yuxarda qeyd edilən şəkildə həll edilmişdir. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Kollegiya qeyd edir ki, iddiaçıların tələbi yaşayış yeri üzrə qeydiyyata alınma ilə bağlı olduğundan, hazırkı iş üzrə “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun normaları tətbiq olunmalıdır. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun : 2-ci maddəsinə əsasən, şəxsin yaşayış yeri — tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. On dörd yaşı olmayan yetkinlik yaşına çatmayanların və ya qəyyumluq altında olan şəxslərin yaşayış yeri onların qanuni nümayəndələrinin — müvafiq olaraq valideynlərinin, övladlığa götürənlərin və ya qəyyumların yaşayış yeri sayılır; 5-ci maddəsinə əsasən, yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizə-anketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Göründüyü kimi, yuxarda qeyd edilən qanunun 5-ci maddəsinin dispozisiya şərtləri açıq şəkildə qeyd olunmuşdur. Qanunun qeyd edilən tələblərindən görünür ki, şəxsin yalnız qanuni əsaslarla yaşadığı ev onun yaşayış yeri sayıla bilər ki, həmin yaşayış yeri üzrə qeydiyyata alınmaq üçün də həmin şəxs tərəfindən ərizə-anketlə birlikdə şəxsiyyətini təsdiq edən sənədin (şəxsiyyət vəsiqəsi və ya doğum haqqında şəhadətnamə) və həmin yaşayış sahəsinə köçmək üçün əsas verən sənədin (daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsinin müvafiq icra hakimiyyəti orqanına təqdim olunması tələb olunur. Qeyd edilən Qanunun 8-ci maddəsinin tələbindən isə görünür ki, bu qanunda göstərilən müvafiq sənədlər təqdim edilmədikdə müvafiq icra hakimiyyəti orqanları (“müvafiq icra hakimiyyəti orqanları”nın səlahiyyətlərini öz səlahiyyətləri daxilində Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi və Azərbaycan Respublikasının Dövlət Miqrasiya Xidməti həyata keçirirlər) şəxsin yaşayış yeri üzrə qeydiyyata alınmasından imtina edir. İş materiallarında olan Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 4 ünvanda yerləşən qeyri-yaşayış sahəsinin qeydiyyatdan keçməsi ilə bağlı məlumat aşkar edilməmişdir. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 23 may 2022-ci il tarixli məktubunda qeyd edilmişdir ki, ünvan 5 ünvanda yerləşən tikili daşınmaz əmlakın dövlət reyestrində qeydiyyatdan keçməmişdir. Aparılan araşdırma nəticəsində ünvan 5 ünvanının digər yaşayış sahəsinə verilməsi barədə məlumat aşkar edilməmişdir. Qeyd edilən məlumatlardan aydın olur ki, iddiaçılar yuxarda qeyd edilən maddənin (Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” qanunun5-ci maddəsinin ) 2-ci bəndində nəzərdə tutulan sənədləri, yaşadıqları əmlak özbaşına tikili olduğu üçün, təqdim edə bilmədiyindən, sözügedən normanın şərtləri onlartərəfindən yerinə yetirilmir. Azərbaycan Respublikasının Prezidentinin 27 noyabr 2008-ci il 27 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Azərbaycan Respublikasında ünvan reyestrinin aparılması və daşınmaz əmlak obyektlərinə ünvan verilməsi Qaydaları”nın: 1.4-cü bəndinə əsasən, ünvan reyestri daşınmaz əmlakın vahid kadastrı ilə əlaqələndirilməklə, məkana görə daşınmaz əmlak obyektlərinin xüsusi vasitələrdən istifadə edilmədən yerləşdiyi yerin müəyyənləşdirilməsinə imkan verən və onların fərdiləşdirilməsini təmin edən məlumat bazasıdır. Ünvan reyestri ünvan istifadəçilərini ünvanla bağlı zəruri informasiya ilə təmin etmək məqsədi ilə tərtib edilir və aparılır; 3.7-ci bəndinə əsasən, daşınmaz əmlak obyektinin ünvanı təkrarolunmaz olmaqla, aşağıdakı rekvizitlərdən ibarətdir: 3.7.1. ərazi vahidinin adı və kodlaşdırılmış nömrəsi; 3.7.2. nəqliyyat infrastrukturu obyektinin adı (adları) və kodlaşdırılmış nömrəsi (nömrələri); 3.7.3. ünvan verilmiş daşınmaz əmlak obyektinin növü; 3.7.4. daşınmaz əmlak obyektinin fərdiləşdirilməni təmin edən rəqəmlərdən və zəruri hallarda onlara əlavə edilmiş hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi; 3.7.5. daşınmaz tarix və mədəniyyət abidəsi olub-olmamasına dair qeyd; 3.7.6. daşınmaz əmlak obyektinin Azərbaycan Respublikası Vergi Məcəlləsinin 220.8.1-ci maddəsinə uyğun olaraq ərazi üzrə zonası (Bakı şəhəri, habelə onun qəsəbə və kəndlərində yerləşən torpaq (kənd təsərrüfatı təyinatlı torpaq sahələri istisna olmaqla), yaşayış və qeyri-yaşayış sahələrinə münasibətdə). 4.2-ci bəndinə əsasən, dövlət orqanları və bələdiyyələr, hüquqi və fiziki şəxslər bu qaydalara uyğun olaraq, rəsmi sənədlərdə yalnız ünvan reyestrinə daxil edilmiş ünvanlardan istifadə etməlidirlər. Göründüyü kimi, iddiaçılar tərəfindən qeydiyyata alınması tələbini irəli sürdükləri tikili yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamaqla bərabər həmin tikili vahid ünvan göstəricilərinə də (fərdi yaşayış evinin fərdiləşdirilməsini təmin edən rəqəm və hərflərdən və (və ya) işarələrdən ibarət ünvan nömrəsi) malik deyildir. İş materiallarında olan Bakı şəhəri, Qaradağ RİH Başçısının Lökbatan qəsəbəsi inzibati ərazi dairəsi üzrə nümayəndəli tərəfindən verilmiş arayışda iddiaçıların qeydiyyata alınmaq istədikləri yerin ünvanı Lökbatan qəsəbəsi, 20 yanvar küçəsi, ev 13A olaraq göstərilmişdir. Kollegiya hesab edir ki, arayışda göstərilən ünvan vahid ünvan göstəriciləri hesab oluna bilməz. İlk növbədə Kollegiya bildirir ki, arayışı tərtib etmiş orqan qeyd edilən əraziyə ünvan vermək səlahiyyətinə malik deyil. Həmçinin iddiaçıların qeydiyyata düsmək istədikləri yer yaşayış sahəsi kimi daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmayan qanunsuz tikilidir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən, apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apelyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tərəfin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul etdiyi mübahisələndirilən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Odur ki, məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, qərara aldı: İddiaçıların apelyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-8146/2022 saylı, xx.xx.2022-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 (otuz) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Mirzə Tağızadə Hakimlər: Xəyalə Cəmilova Aytən Oruczadə
Məhkəmə qərarları › İş №2-1(103)-3095/2022
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3095/2022
23.12.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver