Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3095/2023 25.10.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X7 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Yusifov Cahangir Afər oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin cavabdeh Binəqədi rayonu X2rşı “Sərəncamın və alqı-satqı aktının etibarsız hesab edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)- 10833/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti cavabdeh Binəqədi rayonu X2rşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazisi hüdudları daxilində yerləşən 7500 kv.metr torpaq sahəsinin sahibkarlıq fəaliyyəti üçün vətəndaş X5 mülkiyyətinə verilməsi barədə cavabdehin xx.xx.2006-cı il tarixli 1313 nömrəli Sərəncamı və cavabdeh ilə X8 arasında bağlanılmış torpaqların alqı-satqısına dair aktın etibarsız hesab edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Bəhlul Cəlalov) e-2-1(112)-10833/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini, iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, vətəndaş X5 müraciəti əsasında Binəqədi qəsəbə Bələdiyyəsinin xx.xx.2006-ci il tarixli 1313 nömrəli sərəncamı ilə Bakı şəhəri, Binəqədi rayonu, Binəqədi qəsəbəsinin ərazi hüdudları daxilində yerləşən 7500 kv.m torpaq sahəsi sahibkarlıq fəaliyyəti məqsədilə vətəndaş X5 alqı-satqı yolu ilə mülkiyyətinə ayrılmışdır. Binəqədi qəsəbə Bələdiyyəsi ilə alıcı X8 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmişdir. Daha sonra həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Aparılmış araşdırmalar zamanı müəyyən edilmişdir ki, Əmlak Məsələləri Dövlət Xidmətində mövcud olan torpaq sahələrinin elektron kadastr məlumatlarına əsasən X1 torpaq sahəsi bələdiyyə mülkiyyətində deyil, dövlət mülkiyyətində olan torpaq sahəsidir və faktiki torpaq sahəsinin bir hissəsi elektrik xəttinin mühafizə zonasında yerləşir. Tərəflər arasında bağlanmış torpaqların alqı-satqısına dair akt bələdiyyə sədri və vətəndaş X8 tərəfindən imzalansa da, keçmiş Dövlət Torpaq və Xəritəçəkmə Komitəsi tərəfindən təsdiq edilməmişdir. Bundan əlavə mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasını təsdiq edən dövlət əmlakının Registrdən çıxarış Xidmət tərəfindən birinci instansiya məhkəməsinə təqdim olunmuşdur. Göründüyü kimi, Binəqədi qəsəbə Bələdiyyəsi öz səlahiyyətlərindən kənara çıxaraq dövlət mülkiyyətində olan torpaq sahəsini fiziki şəxsə satmışdır. Bələdiyyənin hazırda mübahisələndirilən sərəncamı və alqı-satqı müqaviləsi əsasında hər hansı şəxsin hüquqları daşınmaz əmlakın dövlət reyestrində qeydə alınmamışdır və məhkəmə tərəfindən mahiyyəti üzrə araşdırma aparılacağı halda, müvafiq sorğular əsasında mübahisələndirilən bələdiyyə qərarına dair Xidmətdə və digər dövlət orqanlarında məlumatın olmadığı müəyyən oluna bilər. Bu baxımdan Binəqədi qəsəbə Bələdiyyəsinin mübahisəli torpaq sahəsinə dair sərəncam vermək səlahiyyəti olmadığından, “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun 65.1-ci maddəsinə əsasən həmin orqanın sərəncamı etibarsız hesab edilməlidir. Xidmət tərəfindən təqdim edilmiş dövlət əmlakının Registrdən çıxarış əsasında mübahisə predmeti olan torpaq sahəsinin dövlət mülkiyyətində olmasının təsdiq olunduğu və mübahisələndirilən inzibati aktın qəbul etmiş inzibati orqan tərəfindən bunun əksini sübut edən hər hansı sənəd məhkəməyə təqdim olunmadığı halda, birinci instansiya məhkəməsi qanunsuz olaraq iddiaçı Əmlak Məsələləri Dövlət Xidmətinin hazırkı iddia tələbini irəli sürməyə subyektiv hüququnun olmadığını qeyd etmişdir. Belə olan halda İnzibati Prosessual Məcəllənin 12-ci maddəsinin tələbindən göründüyü kimi, birinci instansiya məhkəməsi Xidmət tərəfindən təqdim olunmuş dövlət əmlakının Registrdən çıxarışın mübahisəli torpaq sahəsinə aid olmasını araşdırmağa borclu olduğu halda, bununla bağlı hər hansı tədbirlər görülməmişdir (mütəxəssis rəyi alınmamış, Xidmətə bununla bağlı hər hansı müraciət edilməmişdir). Halbuki iddia ərizəsindən göründüyü kimi, Binəqədi bələdiyyəsi tərəfindən mübahisəli torpaq sahəsinə dair Akif Şiriyevə təqdim edilmiş sənədlər əsasında aparılmış araşdırma zamanı həmin torpaq sahəsinin dövlət mülkiyyətində olması müəyyən olunduğundan, hazırkı iddia tələbinin əsası kimi mübahisəli torpaq sahəsinə dair qeyd olunan dövlət əmlakının Registrdən çıxarış məhkəməyə təqdim olunmuşdur. Bundan əlavə birinci instansiya məhkəməsi iddiaçı tərəfindən hazırda mübahisələndirilən sərəncamın etibarsız hesab edilməsi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddətin ötürüldüyünü qeyd etmişdir. Birinci instansiya məhkəməsi iddiaçı tərəfindən mübahisələndirilən sərəncamın 2006-cı ildə qəbul edildiyini, həmin qərarın qəbul edilməsindən 17 ilə yaxın müddət keçdiyini, iddiaçının isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət edərək məhkəmə müdafiəsi hüququndan yararlanmadığını qeyd etmişdir. Həmçinin məhkəmə qeyd etmişdir ki, “iddiaçı torpaq sahəsinin bələdiyyə tərəfindən satılmasını iddia edirsə, iddiaçı bu barədə sərəncam qəbul edildiyi vaxtdan 17 il ərzində bundan məlumatlı olmalı idi”. Bu səbəbdən birinci instansiya məhkəməsi iddiaçının “tanınma haqqında iddia” irəli sürməklə məhz mübahisələndirmə haqqında iddia növü üçün nəzərdə tutulmuş mümkünlük şərtlərindən (İnzibati Prosessual Məcəllənin 38.1-ci maddəsinin iddia müddətinə aid tələbi) yayınmaq məqsədi güddüyünü bildirmişdir. Halbuki, iddiaçının mübahisələndirilən sərəncamdan hansı tarixdən məlumatlı olması iş materialları əsasında müəyyən olunmamışdır. Belə ki, birinci instansiya məhkəməsi iddiaçının mübahisələndirilən sərəncamdan hansı tarixdən xəbərdar olması ilə bağlı hər hansı araşdırma aparmamış, eyni zamanda cavabdeh inzibati orqanın mübahisələndirilən sərəncam barədə iddiaçını xəbərdar edib-etməməsini aydınlaşdırmamışdır. Birinci instansiya məhkəməsi inzibati icraat qaydasında verilən hazırkı iddianın istər mümkünlüyünün müəyyənləşdirilməsi, daha sonra isə iddianın əsaslılığının araşdırılması üçün bələdiyyənin mübahisə predmeti olan qanunsuz sərəncamı barədə digər dövlət orqanlarında (Milli Arxiv İdarəsində, Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Bələdiyyələrlə iş mərkəzində) məlumatın olub-olmaması barədə müvafiq sorğular verərək araşdırma aparılacağı halda, qeyd olunan sərəncamın qanunsuz olması və hazırkı iddianın tam əsaslı olduğu müəyyən edilə bilərdi. Eyni zamanda nəzərə alınmalıdır ki, qanunvericilikdə hazırkı iddia növü üçün iddia müddəti müəyyən edilməmişdir. Belə olan halda birinci instansiya məhkəməsinin prosessual qanunvericiliyin tələblərini pozaraq və heç bir sübuta əsaslanmadan cavabdehin xeyrinə birtərəfli araşdırma aparmaqla, iddiaçı tərəfindən hazırda mübahisələndirilən sərəncamın etibarsız hesab edilməsi barədə iddia tələbi ilə məhkəməyə vaxtında müraciət edilməməsi ilə bağlı işin hallarına uyğun gəlməyən mövqeyi tamamilə əsassızdır. Göstərilənlərə əsasən qərardadın ləğv edilməsi, iddiaya mahiyyəti üzrə baxılması üçün inzibati işin Bakı İnzibati Məhkəməsinə göndərilməsi xahiş edilmişdir. Məhkəmə iclasının yeri və vaxtı barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbi barədə məhkəməyə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan şəxsin (nümayəndəsinin) iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan Binəqədi Rayonu Binəqədi Qəsəbə Bələdiyyəsinin xx.xx.2006-cı il tarixli 1313 nömrəli sərəncamının surətindən görünür ki, Binəqədi qəsəbə Bələdiyyəsinin ərazi hüdudlarında Bakı şəhər sakinləri X4 və X5 razılıq ərizələri və müraciətləri nəzərə alınaraq birincinin istifadəsinə ayrılmış ünvanı cizgidə göstərilən sahibkarlıq fəaliyyəti tikintisi üçün nəzərdə tutulmuş 1 ha torpaq sahəsinin 7500 kv.m-nin sahiblik və ondan istifadə hüquqları Bakı şəhər sakini X5 adına keçirilməsi qərara alınmışdır. Daha sonra Binəqədi qəsəbə Bələdiyyəsi ilə alıcı X8 arasında həmin torpaq sahəsinin alqı-satqısına dair akt tərtib edilmiş, həmin torpaq sahəsinin yerləşmə cizgisi çəkilmiş və Binəqədi qəsəbə Bələdiyyəsi tərəfindən təsdiq edilmişdir. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianını mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərinin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Məhkəmə kollegiyası qeyd edir ki, hazırda iddiaçı cavabdehin xx.xx.2006-cı il tarixli sərəncamının etibarsız hesab edilməsini tələb etsə də, əslində, iddiaçının məqsədi həmin sərəncamın ləğvinə nail olmaqdır. Bu baxımdan, hazırkı iddia faktiki olaraq, mübahisələndirmə haqqında iddiaya uyğun gəlir. Belə olan halda, İnzibati Prosessual Məcəllənin 36.1-cı maddəsinə müvafiq, həmin sərəncamın etibarsızlığının tanınması barədə iddia kimi qaldırılsa da, sözügedən Məcəllənin 36.4-cü maddəsinin tələbi baxımından, hazırkı tələbi mübahisələndirmə haqqında iddia tələbinə münasibətdə subsidiar xarakter daşıyır. İddiaçı cavabdehin 2006-cı il tarixdə qəbul edilmiş sərəncamının ləğv edilməsi ilə bağlı xx.xx.2023-cü il tarixdə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. Halbuki, 2000ci ildən sonra ümumi (publik) hüquq münasibətlərindən əmələ gələn işlər üzrə icraatı tənzimləyən Azərbaycan Respublikası MPM-in “Müvafıq icra hakimiyyəti orqanlarının, yerli özünüidarə orqanlarının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarları və hərəkətləri (hərəkətsizliyi) ilə əlaqədar mübahisələrə dair işlər üzrə icraat” adlanan XXVİİ fəslinin müddəalarına görə, maraqlı şəxs müvafiq icra hakimiyyəti orqanının və yerli özünüidarə orqanının, sair orqan və təşkilatların, onların vəzifəli şəxslərinin qərarı, hərəkəti (hərəkətsizliyi) ilə əlaqədar mübahisə qaldıra bilər (296.1-ci maddə). Şəxs özünün hüquq və azadlığının pozulduğu barədə ona məlum olan gündən qanunda başqa müddət müəyyən edilməyibsə, 1 ay müddətində ərizə ilə məhkəməyə müraciət etmək hüququna malikdir (298-ci maddə) (Həmin fəsil 10 iyun 2011-ci il tarixli, 143-lVQD nömrəli Azərbaycan Respublikası Qanunu ilə MPM-dən çıxarılmışdır). Bundan başqa, 01 yanvar 2011-ci ildən qüvvəyə minmiş Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 38.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Həmin Məcəllənin 24.4-cü maddəsinə əsasən təbii fəlakət və ya digər qarşısıalınmaz hallar, eləcə də hüquqi müdafiə vasitələrindən istifadəyə yol verilməməsi barədə yazılı xəbərdarlıqla bağlı olan hallar istisna olmaqla, müddətin buraxılmasından 1 il keçdikdən sonra həmin müddətin bərpasına dair ərizə verilə bilməz. “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə əsasən qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Həmin Qanunun 73.1-ci maddəsinə əsasən qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, şikayət inzibati aktın qüvvəyə mindiyi gündən 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində müvafiq şikayət instansiyasına verilir. İnzibati Prosessual Məcəllənin qanuni qüvvəyə mindiyi 01 yanvar 2011-ci ilədək qəbul edilmiş inzibati aktların mübahisələndirilməsi üçün əvvəlki qanunvericiliklə müəyyən edilmiş məhkəməyə müraciət etmə müddəti ötürülmüşdürsə, həmin aktlar inzibati prosessual qanunvericiliyə istinadən mübahisələndirilə bilməz. Belə ki, İnzibati Prosessual Məcəllə onun qüvvəyə minməsindən əvvəl məhkəmə qaydasında mübahisələndirilməsi imkanı aradan qalxmış hər hansı inzibati akta qarşı yeni hüquqi müdafiə imkanı yaratmır. Şəxsin pozulmuş hüquqlarının müdafiəsi ilə əlaqədar tələb irəli sürməsi üçün iddia müddətinin başlanmasının düzgün qiymətləndirilməsi onun məhkəmə müdafiəsi hüququnun səmərəli həyata keçirilməsi və pozulmuş hüquqlarının bərpa edilməsi baxımından mühüm əhəmiyyət kəsb edir. İddia müddətinin axımının başlanğıcı bir tərəfdən subyektiv hüququn pozulduğu obyektiv anla, digər tərəfdən isə səlahiyyətli şəxsin öz hüquqlarının pozulduğunu bildiyi və ya bilməli olduğu subyektiv anla əlaqəlidir. İddiaçının mübahisə etdiyi sərəncam 2006-cı ildə qəbul edilmişdir. Həmin sərəncamın qəbul edilməsindən 17 ilə yaxın müddət keçmişdir. İddiaçı isə qanunla müəyyən edilmiş müddət ərzində məhkəməyə müraciət etməyərək məhkəmə müdafiəsi hüququndan yararlanmamışdır. İddiaçı qeyd edilən müddətdə məhkəməyə müraciət etmək hüququnu həyata keçirməsinə mane olan və ya həmin hüququn həyata keçirilməsini məhdudlaşdıran obyektiv halların mövcudluğuna əsaslanmamışdır. Belə ki, iddiaçı qeyd edilən müddətdə əraziyə dair mövcud olan inzibati aktların müəyyən edilməsi ilə bağlı tədbirlər görə bilərdi, bununla bağlı hər hansı məhdudiyyətin mövcud olması və ya bunu mümkünsüz edən şərtlər bildirilməmişdir. O da qeyd edilməlidir ki, iddiaçı hazırda mübahisələndirilən torpaq sahəsinin dövlət mülkiyyətində olmasını iddia edir. Lakin iddiaçının dövlət mülkiyyətində olmasını iddia etdiyi torpaq sahəsinin 17 ilə yaxın müddət ərzində digər şəxsə satılmasını bilməməsi (bununla maraqlanmaması) ağlabatan və inandırıcı deyildir. Belə ki, dövlət əmlakından təyinatı üzrə səmərəli istifadə olunması vəziyyətini təhlil etmək, dövlət əmlakının mühafizəsinə və qorunub saxlanılmasına nəzarəti həyata keçirmək iddiaçının vəzifələri sırasına daxildir. Belə olan halda, iddiaçının dövlət əmlakı hesab etdiyi torpaq sahəsinin Bələdiyyə tərəfindən satılmasını iddia edirsə, iddiaçı bu barədə sərəncam qəbul edildiyi vaxtdan keçən 17 il ərzində məlumatlı olmalı idi. Beləliklə, iddiaçı hazırda mübahisələndirdiyi sərəncamın ləğvi ilə bağlı müvafiq iddia tələbi ilə məhkəməyə müraciət etmək üçün qanunla nəzərdə tutulmuş müddəti ötürmüşdür. İddiaçı tərəfindən həm cavabdehin mübahisələndirilən sərəncamı qəbul edilərkən qüvvədə olmuş, həm da hazırda qüvvədə olan inzibati hüquq normalarının tələbləri baxımından iddia müddət buraxılmışdır. Başqa sözlə, iddianın mümkünlük şərti yerinə yetirilmir. Odur ki, məhkəmə kollegiyası birinci instansiya məhkəməsi tərəfindən iddianın mümkün sayılmamasını düzgün nəticə kimi qiymətləndirir. Qeyd edilməlidir ki, artıq formalaşmış məhkəmə təcrübəsində eyni hallara dair iddialar mümkün sayılmamışdır. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 5 saylı, 10 aprel 2015-ci il tarixli Qərarında qeyd olunur: 1.1. Məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. 1.2. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. 1.3. Mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 1.4. Ona görə də, iddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. 2.1. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır. 2.2. İşin araşdırılması prinsipi bu hallara da şamil olunur. İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olub-olmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 6.1. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olub-olmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edib-etmədiyi yoxlanılmalıdır. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun. 8.1. İddia mümkün sayılmadıqda məhkəmə İPM-in 35.3-cü maddəsinə əsasən qərardad qəbul edir. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar. 9. İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. Qanunvericiliyin tələbinə əsasən, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırkı iddia inzibati prosessual qanunvericiliyin tələblərinə cavab vermədiyindən iddianın mümkün sayılmaması barədə birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur. Bu səbəbdən də iddiaçının şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-10833/2023 nömrəli, 03 iyul 2023-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3095/2023
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3095/2023
25.10.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver