Məhkəmə qərarları › İş №2-1(103)-3096/2022

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3096/2022

21.10.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3096/2022 21.10.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X13 Hüseynin sədrliyi və məruzəsi ilə, Səadət İnayət qızı Bəktaşi və Azər Soltanhəmid oğlu Hüseynovdan ibarət tərkibdə, Kamran İbrahim oğlu Musayevin katibliyi ilə, İddiaçı, nümayəndəsi X3 iştirakı ilə, İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə (üçüncü şəxslər X14, X15, X6, X4, X16, X7) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-7201/2022 saylı qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə 21 oktyabr 2022-ci il tarixdə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında, şifahi məhkəmə baxışı qaydasında baxaraq müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri Səbail Rayon Polis İdarəsinə qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, X8, X9, X2, X1, X10, X5 Bakı şəhəri, Səbail rayonu, ünvan 1 ünvanında yerləşən mənzildən qeydiyyatdan çıxarılmaları barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-7201/2022 saylı qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və işin Bakı İnzibati Məhkəməsində baxılması barədə qərardad çıxarılmasını xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, 3-cü şəxslər qeyd olunan ünvanda pasport qeydiyyatında olsalar da, həmin ünvanda uzun illərdi ki, yaşamamışdılar, 11 ilə yaxındır ki, xaricdə yaşayırlar, onların həmin ünvanda pasport qeydiyyatında qalmaları onun müəyyən mənfi hüquqi nəticələrə səbəb olur. Məhkəmə iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi və izahatında bildirdi ki, 11-12 ildir ki, onlara görə komunal xərcləri ödəyirlər, 2011-ci ildən orda yaşayırlar. Cavabdeh və 3-cü şəxslər iclasının vaxtı və yeri haqqında lazımi qaydada xəbərdar olunsalar da məhkəmə iclasında iştirak etməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prossesual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq işə cavabdehin nümayəndəsinin və 3-cü şəxslərin iştirakı olmadan baxılmasını mümkün hesab etmişdir. Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq və işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Məhkəmə kollegiyası ilk növbədə qeyd edir ki, inzibati mübahisələrə baxılması ilə əlaqədar iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün hesab edilməsidir. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə qərar qəbul edir. Mümkünlük şərtləri isə iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. İddianın mümkünlüyü həmişə onun əsaslılığının yoxlanılmasından əvvəl aparılan hüquqi dəyərləndirmədir. Ona görə də, işə baxan məhkəmə öncə mümkünlük şərtlərinin mövcudluğunu yoxlamalı və yalnız həmin şərtlərin mövcudluğunun müəyyən olunmasından sonra iddianın mahiyyəti üzrə araşdırılmasını aparmalıdır. Eyni zamanda, nəzərə almaq lazımdır ki, mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bunu tələb edib-etməmələrindən asılı olmayaraq xidməti vəzifəsinə görə yoxlamalıdır. Tərəflər iddianı mümkün hesab etsələr belə, məhkəmə xidməti vəzifəsinə görə aparmalı olduğu yoxlama nəticəsində tərəflərin mövqelərinin əksinə olaraq iddianın mümkünsüzlüyü nəticəsinə gələ bilər. Belə ki, İPM-in 12.1-ci maddəsinə görə məhkəmə proses iştirakçılarının izahatları, ərizə və təklifləri ilə, onların təqdim etdikləri sübutlarla və işdə olan digər materiallarla kifayətlənməyərək, mübahisənin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları xidməti vəzifəsinə görə araşdırmağa borcludur. Azərbaycan Respublikası Ali Məhkəməsinin “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarının 2.3-cü maddəsinə əsasən, məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdır. Subyektiv mənada hüquq normativ-hüquqi aktlarla müəyyən olunmuş zahiri azadlığı ifadə edir. Şəxsiyyətin davranışının bu və ya digər üsulunu seçməklə şüurlu olaraq məqsədləri müəyyən etmək və onların istiqamətində hərəkət etmək imkanı belə azadlığın daxili cəhətidir. Bu cəhət hüquqi tənzimlənmənin əhatəsinə düşmür. Həmin azadlığın ictimai münasibətlərdə öz məqsədini ifadə etmək imkanı kimi qəbul olunan xarici cəhəti isə mühüm əhəmiyyət kəsb edir. İkinci (xarici) cəhət hüquqi ixtiyar kimi təzahürü ehtiva edir. Belə ki, subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Birinci element isə bəzən yalnız qanunla müəyyən olunmuş qaydaya riayət edilməklə yaranır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun və müdafiə hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz. İddia tələbindən də göründüyü kimi iddiaçı daşınmaz əmlaka qeydiyyata düşmüş fiziki şəxslərin qeydiyyatını mübahisələndirərək onun mülkiyyət hüququnu həyata keçirməsinə maneələrin olduğunu iddia edir. İşin faktiki hallarından isə görünür ki, iddiaçı üçüncü şəxslərin yaşayış sahəsindən qeydiyyatdan çıxarılmasını tələb etsə də həmin tələbə münasibətdə yaşayış sahəsinə dair üçüncü şəxslərdən daha üstün mövqedə olduğunu nümayiş etdirən hüquqmüəyyənedici sənədi təqdim edə bilməmişdir. Belə ki, iddiaçı iddia ərizəsinə əmlaka dair hüquqmüəyyənedici sənəd təqdim etmək əvəzinə kommunal ödəniş çeklərini, notariat qaydada təsdiq edilməmiş müqavilələri təqdim etməklə kifayətlənmişdir. Birinci instansiya məhkəməsi tərəfindən əmlaka dair müvafiq sorğular vermiş və müəyyən etmişdir ki, həmin əmlaka mülkiyyət və ya gözlənilən mülkiyyət hüququnun mövcudluğuna dair heç bir məlumat aşkar edilməmişdir. Birinci instansiya məhkəməsi hesab etmişdir ki, iddiaçı yaşayış sahəsinə münasibətdə mülkiyyət hüququ mövcud olmayan şəxsdir. Onun həmin əmlakda faktiki yaşaması, üçüncü şəxslərin yaşamaması da hazırkı iddianın qaldırılmasına münasibətdə mümkünlük baxımından vəziyyəti iddiaçının xeyrinə dəyişməyən hal hesab edilir. Təbii haldır ki, hazırkı növ iddialar mülkiyyət hüquqlarının qorunması ilə bağlı olduğundan mülkiyyət hüququna malik olmayan şəxsin, ümumiyyətlə digər əmlak hüquqları da mövcud olmayan şəxsin əmlaka dair mövcud olmayan hüququn müdafiəsinə dair iddianın da mümkünlüyü ödənilmir. Beləliklə, məhkəmə kollegiyası göstərilənlərə əsasən belə qənaətə gəlir ki, birinci instansiya məhkəməsi iddianın mümkün sayılmamasına dair düzgün nəticəyə gəldiyindən iddiaçının apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 80, 85, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 27 may 2022-ci il tarixli, 2-1(112)-7201/2022 saylı qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan inzibati məhkəmə icraatının iştirakçıları rəsmi qaydada təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Səadət Bəktaşi Azər Hüseynov

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar