Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3096/2025 27.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair işi üzrə Açar sözlər: (inzibati orqanın imtina qərarının müəyyən edilməsinin prosessual əhəmiyyəti, predmet baxımından səlahiyyətsizlik halı, əlilliyin müəyyən edilməsi və inzibati orqanın qiymətləndirmə azadlığının sıfıra endirilməsi) Hakimlər İsmayılov Orxan Nadir oğlunun (sədrlik edən və məruzəçi), X7 və X2 ibarət tərkibdə, Dəmirova Nəcimə Arif qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil2 iştirakı ilə, İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-1(112)-1437/2025 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə şifahi məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. İşin halları TSEK-in müayinələrə dair məlumatlarına əsasən: xx.xx.2016-cı il tarixdə “Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması, Sağ oturuq sinirinin güllə yaralması nəticəsində zədəlməsindən sonraki vəziyyət. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması.Oynaqların kontrakturası, sağ diz və aşof tovar oynağının” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə “Sağ oturuq sinirinin güllə yaralması (1994) nəticəsində zədəlməsindən sonraki qalıq əlamətlər. Oynaqların kontrakturası, sağ diz və hər iki aşof tovar oynağının. Oynaqların hərəkət məhdudluğu. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. -xx.xx.2022-ci il tarixdə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. -Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli, L00189315ETF nömrəli tibbi göndəriş üzrə xx.xx.2024-cü ildə “diaqnoz əlillik təyin etmir” əsası ilə əlillik təyin edilməsindən imtina edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati aktdan müəyyən olunur ki, həmin tarixli qiymətləndirmə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərardan görünür ki, diaqnoz əlillik əlaməti təyin etməməsi əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Birinci instansiya məhkəməsində icraat İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona təyin edilmiş əlillik dərəcəsinin ləğv edildiyi tarixdən bərpa edilməsi, həmçinin əlilliyə görə təyin edilmiş ödənişin verilməsinin dayandırıldığı tarixdən bərpa edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçının nümayəndəsi və vəkilinin sonuncu ərizəsi nəzərə alınaraq məhkəmənin müvafiq qərardadı ilə (həmin məhkəmənin xx.xx.2025-ci il tarixli düzəliş qərardadı nəzərə alınmaqla) iddia tələbi “İddiaçı barəsində “Əlilliyin müəyyən edilməməsinə dair 16 may 2024-cü il tarixli və 20 avqust 2024-cü il tarixli qərarların ləğv edilməsi və əlillik dərəcəsinin ləğv edildiyi 16 may 2024-cü il tarixdən bərpa edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması barədə qərar qəbul edilməsi” kimi dəyişdirilmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, xx.xx.1973-ci il təvəllüdlü İddiaçı Müdafiə Nazirliyinin Mərkəzi Hərbi Həkim Komissiyasının müvafiq qərarına əsasən müəyyən edilmişdir ki, Neftçala RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma diaqnoz "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası", “HƏRBİ TRAVMADİR, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi 251saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik — diaqnoz: "İrinləmiş dermoid kistası" (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi ilə təsdiq edilir) “XƏSTƏLİKDİR,HƏRBİ XİDMƏT DÖVRÜNDƏ ALİNMİŞDİR”. İddiaçı müharibə veteranı olmaqla, uzun illərdir ki, onun barəsində 3-cü dərəcəli əlillik müəyyən edilmişdir. Əlillik səbəbi- AR ərazi bütovlüyünün müdafiəsi ilə əlaqədar, Diaqnoz- sağ oturaq sinirin güllə yaralanması (1994cü il) nəticəsində zədələnməsindən sonrakı qalıq əlamətlər,oynaqların kontrakturası, sağ diz və hər iki oynağın hərəkət məhdudluğu,aşağı ətrafların monoplegiyası, yerişin pozulması,digər dəqiqləşdirilməmiş nevrotik pozuntular). Lakin iddiaçı barəsində təyin edilmiş müvafiq sosial təminatlar, pensiya və müavinətlərin ödənilməsi əsassız olaraq dayandırılmışdır. İddiaçının əlillik vəziyyətinin qiymətləndirilməsi üçün cavabdehə müraciətlər edilmiş və bununla bağlı Dövlət Tibbi Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin xx.xx.2024-cü il tarixli, 3-17-4/2-11040/2024 nömrəli cavab məktubunda isə təqdim edilən tibbi sənədlər və sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı müəyyən edilmiş diaqnozlar AR NK-nin göndərişin rəsmiləşdirildiyi tarixdə qüvvədə olan xx.xx.2015-ci il tarixli 413 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq əlillik təyininə əsas vermədiyindən barəsində “diaqnoz əlillik əlaməti təyin etmir” qərarı qəbul edildiyi qeyd olunmuşdur. Hesab olunur ki, Dövlət Tibbi – Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin bu cavabı əsassız və qanunsuzdur. Halbuki, İddiaçı Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar əlilliyini təsdiq etmiş, 2023-cü ilə kimi müavinət almasına əsas olmuşdur. İddiaçı əlilliyi fasiləsiz olaraq 26 ildir ki, davam edir. Qanunvericiliyin tələbinə əsasən müvafiq əlillik dərəcəsi faziləsiz olaraq uzunmüddət davam edərsə, cavabdeh orqanın təşəbbüsü ilə həmin halda əlillik müddətsiz müəyyən edilməlidir. Bu əsas özü də cavabdeh qurumun iddia münasibətdə “əlilliyinin olmaması” mövqeyi tamamilə qanunsuz olmasını sübut edir. Cavabdeh iddiaya dair yazılı etirazla məhkəməyə müraciət edərək bildirmişdir ki, vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Həkim Komissiyası tərəfindən xx.xx.2016-cı il tarixli 587 nömrəli Qərar verilmişdir. Həmin qərarda "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə varası (xx.xx.1994)" diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi və "irinləmiş dermoid kista" diaqnozlu xəstəliyin səbəb əlaqəsi “Xəstəlikdir, Hərbi xidmət dövründə alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı sağ dizdə və belindəki güclü ağrılardan, soyuq olduqda ağrıların artmasından şikayətlənmiş, sağ budun aşağı 1/3-də səthi, zəif nəzərəçarpan dəri çapıqları aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı, D=S izlənilmiş, hərəki məhdudluq və əzələ atrofiyası aşkarlanmamışdır. Nəticədə Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 30 dekabr 2015-ci il tarixli 413 nömrəli qərarı ilə təsdiq edilmiş “Əlilliyin və sağlamlıq imkanları məhdudluğunun müəyyən olunması meyarlarına dair Əsasnamə”yə müvafiq olaraq “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir. Göründüyü kimi, iddiaçı iddia ərizəsində prosessual müddətin buraxılmasına əsas olan halları əsaslandırmamışdır. Göstərilənlərə əsasən cavabdeh iddianın qeyr tələbinin təmin edilməməsini xahiş etmişdir. Birinci instansiya məhkəməsinin gəldiyi nəticə Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-1(112)-1437/2025 nömrəli qərarı ilə (hakim T.R.Məlikov) iddia tələbi təmin edilərək, İddiaçı barəsində “Əlilliyin müəyyən edilməməsinə dair 16 may 2024-cü il tarixli qərarı və 20 avqust 2024-cü il tarixli qərarlarının ona aid hissədə ləğv edilməsi, İddiaçı xx.xx.2024-cü il tarixli, L00189315ETF tibbi göndəriş (Forma-88) əsasında əlillik vəziyyətinin ilk dəfə qiymətləndirildiyi xx.xx.2024cü il tarixdən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli, 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 6.5.1.1-ci bəndinə əsasən orqanizmin funksiyalarının pozulması faizinin 40 faiz olmaqla 1 il müddətinə əlillik təyin edilməsi öhdəliyinin cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Cavabdeh inzibati orqan birinci instansiya məhkəməsinin qeyd edilən qərarından apellyasiya şikayəti verərək, Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2- 1(112)-1437/2025 nömrəli qərarının ləğv edilməsini, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri Cavabdehin nümayəndəsi apellyasiya şikayətində qeyd etmişdir ki, birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbi-ekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Belə ki, iddiaçının göndərişində əsas diaqnoz kimi müəyyən edimiş Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Keçirilmiş (1994-cü il) sağ budun aşağı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət və ağırlaşma kimi müəyyən edimi.ş M24.5- Oynaqların kontrakturası, Oynaqların kontrakturası. Sağ diz oynağının açıcı kontrakturası(bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə). Sol aşıq - baldır oynağının açıcı - bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə); G83.1- Aşağı ətrafların monoplegiyası, Aşağı ətrafın monoplegiyası. Sağ aşağı ətrafın süst monoparezi. Əzələ gücü - 2 bal diaqnozları Əsasnamədə əlillik təyinatına əsas verən xəstəlik kimi müəyyən edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Tərəflərin izahatları, prosessual məsələlər Apellyasiya məhkəməsində iddiaçı, onun nümayəndəsi və vəkili apellyasiya şikayətinə etiraz edib şikayətin təmin edilməməsini və Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli, e-2-1(112)-1437/2025 nömrəli qərarının qüvvədə saxlanılmasını xahiş etmişlər. Məhkəmə kollegiyasının növbəti iclasının vaxtı və yeri barədə cavabdehə məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-in 62-ci maddəsinə əsasən cavabdehin nümayəndəsinin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Tətbiq edilən hüquq “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Qanun: Maddə 3. Əlilliyin müəyyən edilməsi 3.1. Şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.2. Əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. 3.3. Şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. 3.4. Əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Maddə 4. Əlilliyi olan şəxslərin hüquqi vəziyyətinin əsasları 4.1. Əlilliyi olan şəxslər Azərbaycan Respublikasının Konstitusiyasında və digər normativ hüquqi aktlarda, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə təsbit olunmuş bütün insan və vətəndaş hüquq və azadlıqlarına malikdirlər. 4.2. Əlilliyi olan şəxslərə qarşı ayrı-seçkilik qadağandır və qanunla təqib edilir. Əlilliyi olan şəxslərin faktiki bərabərliyinin sürətləndirilməsi və ya buna nail olunması üçün zəruri olan konkret tədbirlər ayrı-seçkilik hesab edilmir. 4.3. Əlilliyi olan şəxs özü və ya nümayəndə vasitəsi ilə hüquqlarını və qanunla qorunan maraqlarını müdafiə etmək məqsədi ilə inzibati aktdan, inzibati aktın qəbul edilməsindən imtinadan, inzibati orqanın hərəkət və ya hərəkətsizliyindən “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq şikayət edə bilər. Maddə 6. Əlilliyi olan şəxslərlə bağlı dövlət təminatları 6.4. Əlilliyi olan şəxslərin hüquq və qanuni mənafelərini inzibati qaydada və məhkəmə qaydasında müdafiə etmək hüququ vardır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” Sıra Xəstəliklərin, zədələrin və XBT- Orqanizmin Orqanizmin №-si çatışmazlıqların adları, onların 10 funksiyalarının funksiyalarının ağırlıq dərəcəsi, mərhələsi, (kod) pozulması faizi pozulması orqanizmin funksiyalarının davamlı müddəti pozulmasının kliniki funksional xüsusiyyətləri
6. Sinir sistemi xəstəlikləri 6.5. Serebral iflic və digər paralitik sindromlar 6.5.1.1. ayrı-ayrı ətrafların parezləri və 40 1 il tonus pozuntusu (əzələ gücünün 4 bala qədər azalması, 1,5-2 sm-lik əzələ hipotrofiyası, yuxarı və aşağı ətraf oynaqlarında hərəkətlərin tam həcminin, eləcə də əşyaları tutma və saxlama kimi biləyin əsas funksiyasının saxlanılması ilə); cüzi statodinamik pozuntular
İnzibati Prosessual Məcəllə: Maddə 2.2. İnzibati məhkəmə icraatı qaydasında aşağıdakı iddialara baxılır: ... 2.2.2. inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi ilə bağlı müvafiq öhdəliyin qoyulmasına dair iddialara və ya inzibati orqanın hərəkətsizliyindən müdafiəyə dair iddialara (məcburetmə haqqında iddia); M a d d ə 33. Məcburetmə haqqında iddia 33.1. Məcburetmə haqqında iddia vasitəsi ilə iddiaçı onun arzuladığı inzibati aktı qəbul etmək vəzifəsini cavabdehin üzərinə qoymağı məhkəmədən tələb edə bilər. 33.2. Bu Məcəllənin 33.1-ci maddəsində nəzərdə tutulmuş qayda həm iddiaçının arzuladığı inzibati aktın qəbulundan cavabdeh tərəfindən imtina edildiyi hallara, həm də cavabdehin hərəkətsizliyi səbəbindən (hərəkətsizliyə qarşı iddia) inzibati aktın qəbul edilmədiyi hallara şamil olunur. 33.3. İnzibati akt inzibati orqanın hərəkətsizliyi səbəbindən qəbul edilməmişdirsə, məhkəmə ona inzibati aktın qəbul olunması üçün müəyyən müddət təyin edir. İnzibati orqan inzibati aktın qəbul edilməsi barədə məhkəməyə məlumat verməlidir. 33.4. Bu Məcəllənin 33.3-cü maddəsinə uyğun olaraq təyin edilmiş müddət bitənədək inzibati orqan tərəfindən inzibati akt qəbul edilmədikdə, məhkəmə həmin müddətin bitdiyi vaxtdan 3 ay ərzində iş üzrə qərar qəbul edir. Məhkəmənin həmin qərarı inzibati aktı əvəz edir. Bu Məcəllənin 73.3-cü maddəsində nəzərdə tutulmuş hallarda məhkəmə öz qərarında inzibati orqana inzibati aktla bağlı müvafiq göstərişlər verməyə haqlıdır. M a d d ə 73. Məcburetmə haqqında iddiaya dair məhkəmə qərarı 73.1. İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.2. İddiaçının tələbi əsasında müəyyən konkret qərarın qəbul edilməsi mümkün olmadıqda, məhkəmə inzibati orqanın üzərinə, məhkəmənin hüquqi mövqeyini nəzərə almaqla, iddiaçının xeyrinə müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. 73.3. Aşağıdakı hallarda məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz: 73.3.1. inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə; 73.3.2. inzibati aktın qəbulu zamanı inzibati orqanın istinad etdiyi maddi hüquq normasının tətbiqi şərtləri həmin orqanın özünün qiymətləndirməsinə əsasən müəyyən olunduqda və ya hər hansı hüquq normasının tətbiqi ilə bağlı inzibati orqana qiymətləndirmə azadlığı verildikdə; 73.3.3. inzibati aktın qəbul edilməsi üçün araşdırmanın davam etdirilməsi zəruri olduqda və məhkəmə tərəfindən müstəqil şəkildə, məhkəmə baxışı çərçivəsində belə araşdırmanın həyata keçirilməsi mümkün olmadıqda. Maddə 85.1. Şikayət məhkəmə qərarının tam formada təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadının isə elan olunduğu gündən 10 gün müddətində inzibati məhkəmə vasitəsilə verilir. Maddə 87.5. Şikayətlə bağlı qərar apellyasiya instansiyası məhkəməsi tərəfindən şifahi məhkəmə baxışı qaydasında qəbul edilir. Maddə 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Maddə 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə icraatının davam etdirilməsinin zəruri olduğu aşağıdakı müstəsna hallarda apellyasiya instansiyası məhkəməsi, barəsində şikayət verilmiş məhkəmə qərarını ləğv edərək işi müvafiq inzibati məhkəməyə göndərə bilər: inzibati məhkəmədə icraat zamanı yol verilmiş ciddi prosessual pozuntular səbəbindən əhəmiyyətli sayda və ya geniş həcmdə sübutların araşdırılması tələb olunduqda; inzibati məhkəmə tərəfindən mahiyyəti üzrə qərar qəbul edilmədikdə. Maddə 87.8. Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Maddə 87.9. Apellyasiya instansiyası məhkəməsinin şikayətlə bağlı hüquqi mövqeyi birinci instansiya məhkəmələri üçün məcburidir. Maddə 89. Bu Məcəllənin 94.1-ci maddəsində nəzərdə tutulmuş müddətdə şikayətin verilmədiyi və ya inzibati məhkəmə icraatının iştirakçıları tərəfindən şikayətin geri götürüldüyü hallarda, məhkəmə qərarı onun təqdim olunduğu gündən 30 gün, məhkəmə qərardadı isə 10 gün keçdikdən sonra qanuni qüvvəyə minir. Şikayətin geri götürülməsi haqqında bəyanat yazılı şəkildə məhkəməyə təqdim olunmalıdır.
Apellyasiya instansiyasi məhkəməsinin mövqeyi
Məhkəmə kollegiyası iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti əsassızdır. Bu səbəbdən şikayət təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İlk növbədə qeyd edilməlidir ki, iddiaçının hüquqi marağı onun barəsində əlilliyin müəyyən edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulmasına nail olmaqdan ibarətdir. Qeyd etmək lazımdır ki, iddiaçının nümayəndəsi xx.xx.2025-ci il tarixli məhkəmə iclasında ərizə ilə məhkəmə kolegiyasına müraciət edərək, iddia tələbindəki “xx.xx.2024cü il tarixli qərarın ləğvi” ifadəsinin əhəmiyyətsiz olduğu üçün nəzərə alınmamasını və tələbdən çıxarılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının protokol qərardadı ilə dəqiqləşmə barədə ərizə icraata qəbul edilmişdir. Cavabdeh tərəfindən verilən apellyasiya şikayətinin əsas dəlili ondan ibarətdir ki, “...birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X4- Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanaşı əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Belə ki, iddiaçının göndərişində əsas diaqnoz kimi müəyyən edimiş Y36.4- Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr. Keçirilmiş (1994-cü il) sağ budun aşağı 1/3-nin güllə yaralanmasından sonrakı vəziyyət və ağırlaşma kimi müəyyən edilmiş, M24.5- Oynaqların kontrakturası, Oynaqların kontrakturası. Sağ diz oynağının açıcı kontrakturası(bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə). Sol aşıq - baldır oynağının açıcı - bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə); G83.1- Aşağı ətrafların monoplegiyası, Aşağı ətrafın monoplegiyası. Sağ aşağı ətrafın süst monoparezi. Əzələ gücü - 2 bal diaqnozları Əsasnamədə əlillik təyinatına əsas verən xəstəlik kimi müəyyən edilməmişdir. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanuna zidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir.”. Məhkəmə tərkibi iddia tələbinə, eyni zamanda cavabdehin apellyasiya şikayətinə münasibətdə bir neçə mərhələdə hüquqi dəyərləndirmə aparılmasını məqsədəmüvafiq hesab edir.
1. Cavabdeh inzibati orqanın imtina qərarının müəyyən edilməsinin prosessual əhəmiyyəti və predmet baxımından səlahiyyətsizlik halı İlk növbədə qeyd etmək lazımdır ki, hazırkı iddia tələbi məcburetmə haqqında iddia hesab olunur. Belə ki, məcburetmə haqqında iddia vasitəsilə iddiaçı məhkəmə qarşısında inzibati orqandan “İnzibati icraat haqqında” Qanunun (İİQ-nin) 2.0.10-cu maddəsində nəzərdə tutulmuş mənada onun üçün əlverişli vəziyyət yaradan inzibati akt qəbul edilməsini, yəni özünün hüquqi vəziyyətinin genişləndirilməsini tələb edir. Bu, həm inzibati orqanın inzibati aktın qəbulundan imtina etdiyi (İPM-in 33.1-ci maddəsi), həm də inzibati orqanın ərizənin baxılmamış saxlanılması haqqında qərar qəbul etdiyi (İİQ-nin 34-cü maddəsi), eləcə də hərəkətsizlik səbəbindən ümumiyyətlə, inzibati aktın qəbul edilməsinə dair ərizəyə baxmadığı (İPM-in 33.2-ci maddəsi) hallara şamil olunur. Başqa sözlə, məcburetmə haqqında iddianın predmeti mövcud vəziyyətdə qəbul edilməsi tələb olunan və iddiaçıya münasibətdə əlverişli vəziyyət yaradan inzibati aktdır. İPM-in 73.1-ci maddəsinə görə, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Nəzərə almaq lazımdır ki, İPM-in 73.1-ci maddəsində nəzərdə tutulmuş halda, yəni inzibati orqan qapalı (bağlı və ya qeyd-şərtsiz) səlahiyyətə malik olduqda, bir qayda olaraq, inzibati orqanın qəbul etdiyi imtina qərarı inzibati məhkəmə icraatında yoxlama predmeti olmur. Bu zaman əsas məsələ iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğudur. Əgər iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququ yoxdursa, imtina qərarının qanunsuz olmasının bir o qədər əhəmiyyəti yoxdur. Məsələn, şərti qəbul edək ki, şəxs 65 yaşına çatdığına və 25 il sosial sığorta stajına malik olduğuna görə ona yaşa görə pensiya təyin edilməsi barədə qərar qəbul edilməsi üçün inzibati orqana müraciət edir. İnzibati orqan onun müraciətinin təmin edilməsindən imtina edir ki, onun əlilliyi yoxdur. Əgər adi halda yaşa görə əmək pensiyasının təyin edilməsi şəxsdə əlilliyin mövcud olmasından asılı deyilsə, bu zaman imtina qərarı qanunsuzdur Ancaq buna baxmayaraq, inzibati məhkəmə icraatında həmin imtina qərarı ləğv olunmur. Əsas önəmli və yoxlanılmalı məsələ şəxsin ona yaşa görə pensiya təyin edilməsi üçün tələb hüququnun mövcudluğudur. Başqa sözlə, yaşa görə pensiyanın təyin edilməsi üçün qanunda nəzərdə tutulmuş dispoziya şərtlərinin (müvafiq yaşa çatması və stajının/pensiya kapitalının olması) ödənilməsidir. Əgər məhkəmə icraatında onun 25 il staja malik olduğu müəyyən edilməzsə, iddia rədd olunacaqdır. Baxmayaraq ki, imtina qərarı qanunvericiliyin tələbinə uyğun olmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati məhkəmə icraatı qaydasında məcburetmə haqqında iddialara baxılarkən imtina qərarı yalnız o halda hüquqi yoxlamaya (nəzarətə) məruz qalır ki, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olsun (İPM-in 73.3.1 və 73.1.2-ci maddələri). Çünki maraqlı şəxsin (hazırkı halda iddiaçının) diskresion səlahiyyətlərin (qiymətləndirmə azadlığının) düzgün şəkildə həyata keçirilməsinə dair tələb hüququ mövcuddur. Belə ki, İİQ-nin 16.2-cı maddəsinə görə, hüquq normasının tətbiqi inzibati orqanın diskresion səlahiyyətlərinə aid olduğu hallarda, maraqlı şəxs diskresion səlahiyyətlərin düzgün həyata keçirilməsini tələb etməkdə haqlıdır. Beləliklə, inzibati orqan diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda imtina qərarı inzibati məhkəmə icraatı qaydasında yoxlanılmalıdır. Hazırkı inzibati mübahisəyə dair işdə şəxsin sağlamlıq vəziyyətinin qiymətləndirilməsi üzrə inzibati orqan qiymətləndirmə azadlığına malikdir və bu, təkzib edilməzdir. İş materiallarından müəyyən olunur ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş L00189315ETF nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən xx.xx.2024 və xx.xx.2024-cü il tarixli qərarlarla imtina edilmişdir. Başqa sözlə, eyni tarixli göndəriş əsasında tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən iddiaçıya əlillik təyin edilməsindən iki fərqli qərarla imtina edilmişdir. xx.xx.2024-cü il tarixli inzibati aktdan müəyyən olunur ki, həmin tarixli qiymətləndirmə nəticəsində “diaqnoz əlillik əlaməti təyin etməməsi-səbəb: diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar qəbul edilmişdir (i.v.73). xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli inzibati aktdan müəyyən olunur ki, iddiaçının aralarında olduğu bir neçə şəxsin əyani müayinəsi həyata keçirilmiş və iddiaçı barəsində diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir (i.v.64-65).
Hüquqi dəyərləndirilməli suallar aşağıdakılardan ibarətdir: 1) TSEK-in (Agentliyin yox, məhz TSEK-in) şəxsi əyani müayinəyə cəlb etməyə səlahiyyəti varmı? 2) xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərarı (ikinci imtina qərarını) etibarlı inzibati akt kimi qəbul etmək olarmı? 3) nəhayət, hansı inzibati akt imtina qərarı kimi qəbul olunmalıdır ?
Məhkəmə tərkibi birinci sualla (TSEK-in şəxsi əyani müayinəyə cəlb etməyə səlahiyyəti varmı?) bağlı aşağıdakıları qeyd edir. İlk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın aşağıdakı bəndinə nəzər salaq: 3.7. Əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. Normanın sistemli təhlilindən aşağıdakılar müəyyən olunur: - əlilliyi müəyyən edilmiş maraqlı şəxs (vətəndaş) TSEK-in (tibbi-sosial ekspert komissiyasının) qərarından subordinasiya baxımından yuxarı inzibati orqan kimi Agentliyə (söhbət Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyindən gedir) şikayət etmək (əsaslı sübutlar vətəndaşın müraciəti əsasında da təqdim edilə bilər) hüququna malikdir. Məsələn, şəxsə müddətli əlillik təyin edilib, ancaq o, müddətsiz təyin edilmə ilə bağlı müraciət edir; - qeyd olunan norma yalnız vətəndaşların müraciəti əsasında deyil, həm də Agentliyin yuxarı inzibati orqan kimi inzibati icraat aparmaqla TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında sonradan həmin qərarı təftiş etmək imkanına sahib olduğunu istisna etmir; - Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir, normada söhbət məhz əlilliyi müəyyən edilmiş şəxslərdən gedir, başqa sözlə, əlilliyin təyin edilməsindən imtina edilmiş şəxslə bağlı müvafiq imtina qərarının təftiş edilməsindən və həmin şəxsin əyani müayinəyə cəlb edilməsindən bəhs edilmir; - Agentlik müayinənin nəticələrinə əsasən TSEK-in qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir. İndi isə inzibati orqanın xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli inzibati aktına (i.v.64-65) nəzər salaq: - qərar tibbi-sosial ekspert komissiyası (TSEK) tərəfindən qəbul edilib (qərarın sonunda 6 nömrəli Tibbi Qiymətləndirmə Komissiyasının sədrinin adı qeyd olunmuşdur); - qərar vətəndaşların müraciəti əsasında qəbul edilib (onlardan biri də iddiaçıdır); - müraciət əsasında xx.xx.2024-cü tarixdə həmin şəxlərin əyani müayinəsi həyata keçirilmişdir; Məhkəmənin sorğusu əsasında qeyd olunan qərarla bağlı inzibati orqandan aşağıdakı məlumat və sənədlərin təqdim edilməsi xahiş olunmuşdur (i.v 215-216): 1) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 20 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərarında vətəndaşların müraciəti əsasında xx.xx.2024-cü il tarixdə əyani müayinəsinin həyata keçirilməsi qeyd edilmişdir. Odur ki, İddiaçı müraciətinin təsdiq olunmuş surəti; 2) “Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X3-sosial ekspert komissiyasının 20 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərarı formalaşmış inzibati təcrübənizdə inzibati akt kimi qəbul edilirmi? 3) TSEK tərəfindən iddiaçının xx.xx.2024-cü il tarixdə əyani müayinəyə cəlb edilməsinin hüquqi əsası nədir? (konkret hüquqi akt və müvafiq norma göstərilsin); 4) xx.xx.2024-cü il tarixli imtina qərarı və xx.xx.2024-cü il tarixli qərar iddiaçıya hansı qaydada və nə vaxt təqdim edilmişdir? (gün, ay, il dəqiq göstərilsin və buna dair sübutlar məhkəməyə təqdim edilsin) və s. Cavabdeh xx.xx.2025-ci il tarixli məktubunda (i.v 217-220) qeyd edilmişdir ki, “İddiaçı xx.xx.2024-cü il tarixli əyani müayinəsi Agentliyə şifahi müraciəti əsasında həyata keçirilmişdir. Müəyyən olunmuşdur ki, vətəndaşa dair dövlət tibb müəssisəsi tərəfindən L00189315ETF nömrəli göndəriş rəsmiləşdirilmişdir. Həmin göndəriş əsasında İddiaçı xx.xx.2024-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na müvafiq olaraq, xx.xx.2024-cü il tarixindən diaqnozun əlillik əlaməti təyin etməməsi barədə qərar qəbul edilmişdir. 20 avqust 2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərar inzibati akt hesab edilir...” Məhkəmə tərkibi qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərarı inzibati aktın rekvizitlərinə malikdir. Bununla yanaşı, qeyd olunmalıdır ki, birinci instansiya məhkəməsi tərəfindən məhz həmin qararın qanuniliyi yoxlanılmış və həmin qərar iddiaçıya münasibətdə ləğv edilmişdir. Digər tərəfdən nəzərə almaq lazımdır ki, həmin qərar nəticəsində müəyyən edilmiş hallar cavabdehin etirazının, apellyasiya şikayətinin əsasını təşkil edir. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlilindən müəyyən edilir ki, tibb müəssisəsi tərəfindən əlilliyin təyini üçün verilmiş L00189315ETF nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş əsasında ilk imtinadan (xx.xx.2024-cü il tarixli qərardan) sonra TSEK-in iddiaçını xx.xx.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyəti olmamışdır. Belə ki, məhkəmə araşdırması zamanı belə bir səlahiyyətin təsbit edildiyi hüquqi akt müəyyən edilməmiş, eyni zamanda inzibati orqan tərəfindən də bu barədə hər hansı bir sübut təqdim edilməmişdir. Nəzərə almaq lazımdır ki, əks hüquqi mövqe obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərinin tələbləri ilə uzlaşmır. Bu, aşağıdakı səbəblərdən irəli gəlir. İlk növbədə “TSEK-də əlilliyin qiymətləndirilməsi qaydaları”na baxaq: 2.2. Göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. 2.3. Göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir... Nəzərə almaq lazımdır ki, hər bir ölkənin əlilliyi olan şəxslər barəsində dövlət siyasəti bu sahədə olan müvafiq hüquq normalarının güddüyü məqsədi də formalaşdırır. Yuxarıdakı normaların təhlili onu deməyə əsas verir ki, dövlət əlilliyin qiymətləndirilməsinin məhz göndərişdə qeyd olunmuş məlumatlar əsasında, yəni məmur-ekspert təması olmadan həyata keçirilməsini hədəfləmişdir. Qeyd etmək lazımdır ki, bu icraatın prosedur qaydaları spesifikliyi ilə “ənənəvi” inzibati icraat qaydalarından fərqlənir. Belə ki, maraqlı şəxslərin təməl hüquqlarından olan dinlənilmək hüququnun praktiki realizasiyası tibbi-sosial ekspertiza fəaliyyəti zamanı, bir qayda olaraq, istisna olunur. Bu yanaşma, İİQ-nin 3.3-cü maddəsinin müddəaları da nəzərə alınmaqla prinsip etibarilə Agentliyin hazırki strategiyasına uyğun olaraq icraatın şəffaflığı və qeyri-prosessual müdaxilənin yolverilməzliyi baxımından məqbul hesab edilir. Həmin səbəblədir ki, əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısı ilə müəyyən etməyə imkan verən bütün məlumatlar TSEK-ə şifrlənərək adsızlaşdırılmaqla göndərilir. Beləliklə, əlilliyi qiymətləndiriləcək şəxsi, göndərişi rəsmiləşdirən səhiyyə müəssisəsini, onu təsdiq edən şəxsləri müəyyən etməyə imkan verən bütün məlumatların avtomatik olaraq adsızlaşdırılması bu prosesin obyektivlik, qərəzsizlik və bərabərlik prinsipləri əsasında aparılmasını təmin edir. Obyektivlik o deməkdir ki, inzibati orqan qərar qəbul edərkən yalnız faktlara, sübutlara və hüquqi aktlara əsaslanmalıdır. İİQ-nin 24.1-ci maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur. İşə baxılmasında qərəzsizlik ilə bağlı normalar İİQ-nin 22-ci maddəsində təsbit edilmişdir. Belə ki, həmin Qanunun: 22.1-ci maddəsinə əsasən, inzibati orqanlar öz səlahiyyətlərini qərəzsiz olaraq həyata keçirməyə borcludurlar. 22.2-ci maddəsinə əsasən, işin nəticəsində marağı olan vəzifəli şəxs inzibati icraatda iştirak edə bilməz. Qeyd olunan müddəalar ümumi norma kimi etiraz üçün normaların dəqiq tənzim etmədiyi halları da tənzimləyir. Bununla da Konstitusiya ilə təsdiq edilmiş mövqe inzibati icraatda da təmin edilir. Müddəanın məqsədi “İnzibati icraat haqqında” Qanunun 42-ci maddəsi (Vəzifəli şəxsə etiraz etmək üçün əsaslar) ilə qarşıya qoyulmuş məqsədi daşıyır və onun birbaşa təzimləyə bilmədiyi halları tənzimləyir, yəni şəxsi, işə aid olmayan, xüsusilə də tərəfkeşliyin inzibati orqanın fəaliyyətinə təsirini istisna etmək, bununla da vətəndaşın diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının qüsursuz həyata keçirilməsinə olan hüququnu təmin etmək məqsədi daşıyır. Söhbət heç də institusional (orqan özü qərəzli ola bilməz) qərəzlilikdən deyil, konkret orqanın fəaliyyətini reallaşdıran vəzifəli şəxsin qərəzliliyinin istisna edilməsindən gedir. İnzibati orqanlar tərəfindən qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı riayət edilməli əsas norma Azərbaycan Respublikasının Konstitusiyasının 25-ci maddəsində təsbit olunmuş “bərabərlik hüququ”dur. Beləliklə, əlilliyin qiymətləndirilməsi prosesinin elektron və adsızlaşdırılmış qaydada (göndərişdə qeyd olunmuş məlumatlar əsasında), yəni şəxsi əyani müayinəyə cəlb etmədən aparılması ona görə obyektivlik, qərəzsizlik və bərabərlik prinsiplərin təminat forması kimi çıxış edir ki: - qəbul ediləcək qərar şəxsin kimliyindən, sosial statusundan və s. amillərdən asılı olmur; - qərar yalnız tibbi sənədlərin məzmununa, faktlara və normativ meyarlara əsaslanaraq qəbul edilir; - bütün göndərişlər (müraciətlər) eyni meyarlarla qiymətləndirilir; - qərəzsizlik və neytrallıq təmin olunur.
Məhkəmə tərkibi ikinci sualla (xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərarı etibarlı inzibati akt kimi qəbul etmək olarmı?) bağlı aşağıdakıları qeyd edir. xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli inzibati aktın məzmunundan müəyyən olunur ki, həmin qərar xx.xx.2024-cü il il tarixdə aparılmış əyani müayinənin nəticəsinə əsaslanmış və mahiyyət etibarı ilə iddiaçıya əlillik təyin olunmasından imtina edilmişdir. Yuxarıda da qeyd edildiyi kimi, TSEK-in iddiaçını xx.xx.2024-cü il tarixdə əyani müayinəyə cəlb etməyə səlahiyyətli olmasına dair məhkəmə araşdırması zamanı hər hansı bir hüquqi akt müəyyən edilməmişdir. Maraqlı şəxsi (vətəndaşı) əyani müayinəyə cəlb etməyə səlahiyyətli orqan Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyidir. Başqa sözlə, belə səlahiyyət tibbi-sosial ekspert komissiyalarına (TSEK-ə) deyil, subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentliyə məxsusdur. Digər tərəfdən, nəzərə almaq lazımdır ki, Agentlik və TSEK eyni orqan kimi qiymətləndirilə bilməz. Belə ki, “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 1.2-ci bəndinə əsasən, Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin (Nazirlik) tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin (Agentlik) tibbi-sosial ekspert komissiyaları (TSEK) tərəfindən həyata keçirilir. Eyni zamanda, “Əlilliyin qiymətləndirilməsi Qaydası”na əsasən, əlilliyin qiymətləndirilməsi barədə qərardan şikayət “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə verilir (3.4-cü bəndd). Əlilliyin qiymətləndirilməsi barədə qərarlardan bu Qaydanın 3.4-cü bəndinə uyğun olaraq verilmiş şikayətlərə Nazirlik və Agentlik tərəfindən bu Qaydanın tələblərinə riayət edilməklə “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq baxılır (3.5-ci bənd). Xüsusi ilə o da qeyd edilməlidir ki, Agentlik əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsləri deyil, məhz əlilliyi müəyyən edilmiş şəxsləri onların müraciətləri əsasında, habelə əvvəlki qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutların mövcudluğu halında inzibati icraat aparmaqla əyani müayinəyə cəlb edə bilər. Belə ki, Azərbaycan Respublikası Prezidentinin 2020-ci il 30 iyun tarixli 1077 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3.2.4-cü bəndinə əsasən, tibbi-sosial ekspert komissiyalarının qərarlarından narazı olan vətəndaşların müraciəti əsasında, habelə əlilliyin qiymətləndirilməsi barədə tibbi-sosial ekspert komissiyasının qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar olduqda, əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etmək Agentliyin hüquqları sırasındadır. Yuxarıda qeyd edilənlərin qarşılıqlı təhlili onu deməyə əsas verir ki, istər TSEK-in, istərsə də Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunvercilikdə təsbit edilməmişdir. Qeyd olunmalıdır ki, İİQ-nin 65-ci maddəsində inzibati aktın etibarsızlığının əsasları müəyyən edilmişdir. Həmin əsaslardan biri də müvafiq səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati aktdır. İnzibati hüquq nəzəriyyəsində mövcud yanaşma ondan ibarətdir ki, inzibati orqanın səlahiyyətinin zaman, məkan, subyekt və predmet baxımından sərhədləri müəyyən edilmişdir. Bu baxımdan inzibati məhkəmə icraatında inzibati aktın səlahiyyət ünsürü qiymətləndirilərkən zaman, məkan, subyekt və predmet baxımından müəyyən olunmuş sərhədlərin aşılıb-aşılmadığı araşdırılmalıdır. Predmet üzrə səlahiyyət inzibati orqanın məzmun etibarilə hansı məsələni həll etmə imkanına sahib olmasında ifadə olunur. Yəni inzibati orqanın mahiyyət etibarilə hansı münasibətləri tənzimləmək səlahiyyəti vardır. İnzibati idarəçilik orqanlarının öz daxilində səlahiyyət bölgüsündən asılı olaraq açıq-aşkar qərar qəbul etmək səlahiyyəti olmayan orqanın inzibati akt qəbul etməsi də bu aktın əhəmiyyətsiz olmasını bildirir. Məhkəmə tərkibi razılaşır ki, Agentliyin əlilliyi müəyyən edilmiş şəxsləri əyani müayinəyə cəlb etməklə məhdudlaşdırılsa da, bu məsələ ilə bağlı səlahiyyəti müvafiq hüquqi aktlarda təsbit edilmişdir. Başqa sözlə, Agentliyin əlilliyin təyin edilməsindən imtina edilmiş şəxsi əyani müayinəyə cəlb edərək qərar verməsi inzibati aktın etibarsızlığı ilə deyil, qanunsuzluğu (ləğvi) ilə nəticələnə bilər. TSEK-ə münasibətdə isə ümumiyyətlə, şəxsi əyani müayinəyə cəlb etmək səlahiyyəti qanunverici tərəfindən tanınmamışdır. Elmi ədəbiyyatda qeyd edilir ki, inzibati orqanlar yalnız qanunla müəyyən edilmiş sərhədlər daxilində fəaliyyət göstərə bilər. Başqa sözlə desək, inzibati orqanların səlahiyyətləri dar təfsir (potestas stricte interpretatur) olunmalı və şübhə halında “səlahiyyət əleyhinə prezumpsiya” (in dubiis, non praesumitur pro potentia) işə düşür. Yəni inzibati orqanın hansısa məsələyə dair səlahiyyətli olub-olmaması ilə bağlı tərəddüd olarsa, bu zaman belə prezumpsiya edilir ki, inzibati orqan həmin məsələni həll etməkdə (inzibati akt qəbul etməkdə) səlahiyyətli deyil. Məhkəmə tərkibi qeyd edir ki, predmet baxımından səlahiyyətsiz həm də aşağı pillədə dayanan inzibati orqanın subordinasiya baxımından yuxarı inzibati orqanın səlahiyyətini mənimsəməsində ifadə olunur. Belə ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli inzibati aktın məzmunundan müəyyən olunur ki, əyani müayinə 27 nəfər vətəndaşın müraciətinə əsasən aparılmışdır. İlk növbədə qeyd etmək lazımdır ki, iş materiallarında olan sənədlərdə iddiaçıya verilən ilk imtinadan sonra, yəni xx.xx.2024-cü il tarixdən ikinci imtinanın verildiyi tarixədək (xx.xx.2024-cü il tarixədək) iddiaçının xx.xx.2024-cü il tarixli imtina qərarından (birinci imtinadan) şikayət verməsi müəyyən olunmur. Məhkəmə tərəfindən cavabdehə bu barədə sorğu (i.v.217-221) göndərilsə də, lakin cavabdeh həmin sübutları təqdim edə bilməmişdir. Hətta şərti olaraq qəbul etsək ki, belə bir şikayət (müraciət) mövcuddur, bu halda belə, əlilliyin qiymətləndirilməsi barədə verilmiş qərarlardan müraciətlərə (şikayətlərə) subordinasiya baxımından yuxarı inzibati orqan olan Agentlik baxmalı və müvafiq qərar qəbul etməlidir. Göründüyü kimi, L00189315ETF nömrəli, xx.xx.2024-cü il tarixli göndəriş əsasında iddiaçıya əlillik təyin edilməsindən ilk imtina qərarı xx.xx.2024-cü il tarixdə qəbul olunsa da, yeni göndəriş və yeni əsaslar yaranmadan TSEK tərəfindən xx.xx.2024-cü il tarixdə ikinci imtina qərarının qəbul edilməsi ilə inzibati icraatın prinsip və tələbləri pozulmuşdur. Beləliklə, müvafiq hüquqi dəyərləndirmə nəticəsində məhkəmə tərkibində belə qənaət formalaşır ki, TSEK-in iddiaçını xx.xx.2024-cü il il tarixdə əyani müayinəyə cəlb etməklə qəbul etdiyi xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərar səlahiyyəti olmayan inzibati orqan tərəfindən qəbul edilmiş inzibati akt kimi tanınmalıdır. Nəzərə almaq lazımdır ki, həmin qərarın qəbul edilməsi ilə TSEK tərəfindən “səlahiyyətlərin hüdudları” (bəzən “səlahiyyətlilik” də adlanır), “səlahiyyətlərin iyerarxiyası” və “qanunçuluq” prinsiplərinin tələbləri pozulmuşdur. Səlahiyyətlərin hüdudları prinsipinin mahiyyəti ondan ibarətdir ki, hər bir inzibati orqan yalnız qanunla müəyyən edilmiş səlahiyyətləri çərçivəsində fəaliyyət göstərə bilər. Heç bir orqan öz səlahiyyətlərini aşmamalı və ya başqa orqanın səlahiyyətlərinə müdaxilə etməməlidir. Başqa sözlə, bu prinsip hər bir orqanın qanunla müəyyən olunmuş fəaliyyət sərhədlərini qoruyur. Səlahiyyətlərin iyerarxiyası prinsipi inzibati hüquqda dövlət idarəetməsinin əsas prinsiplərindən biridir və inzibati orqanlar arasında tabeçilik münasibətlərinin necə qurulduğunu müəyyən edir. Başqa sözlə, bu prinsip inzibati idarəçilik sisteminin daxili strukturunu və tabeçiliyi müəyyən edir. Qanunçuluq prinsipinin tələbinə əsasən, inzibati orqanlar qanunun tələblərinə riayət etməyə borcludurlar. İnzibati orqanlar yalnız qanunla nəzərdə tutulmuş hallarda və qaydada şəxsin hüquq və azadlıqlarına müdaxilə edə bilərlər(İİQ-nin 11-ci maddəsi). Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi qeyd edir ki, xx.xx.2024-cü il tarixli, 3-17-4/3-3-6098/2024 nömrəli qərar qəbul edildiyi andan yararsız (əhəmiyyətsiz) sayılan və heç bir hüquqi nəticə yaratmayan etibarsız inzibati akt kimi qəbul edilməlidir.
Məhkəmə tərkibi üçüncü sualla (hansı inzibati akt imtina qərarı kimi qəbul olunmalıdır ?) bağlı aşağıdakıları qeyd edir. İlk növbədə “Əlilliyin qiymətləndirilməsi Qaydası”nın aşağıdakı bəndlərinə nəzər salaq: 1.6. Orqanizmin funksiyalarının pozulması faizinin, səbəbinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. 2.1. Şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbi-sosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. 2.4. TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Xidmət tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. Yuxarıda qeyd olunmuş normaların qarşılıqlı təhlili onu deməyə əsas verir ki, şəxsin əlilliyi mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi vasitəsilə TSEK tərəfindən göndərişdə qeyd olunmuş məlumatlar əsasında aparılır. Yekunda isə TSEK tərəfindən əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edilir. Qeyd etmək lazımdır ki, əlilliklə bağlı qərarların qəbul edilmə proseduru aşağıdakı kimidir: TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. Qərar bu Qaydaya əlavədə müəyyən edilmiş formada qəbul edilir və əlilliyin qiymətləndirilməsinə dair məlumatlar, eləcə də şəxsin sosial müdafiə tədbirlərinə və reabilitasiya vasitələrinə ehtiyacının olmasına dair tibbi göstəriş və əmək zəmanəti altsistemə daxil edilir, TSEK-in sədri və üzvləri tərəfindən gücləndirilmiş elektron imza ilə imzalanır. Şəxsin əlilliyinin müəyyən edilməsi və əlilliyin müəyyən olunmasından imtina edilməsi barədə qərarlarda göstərilən məlumatlar X5 Sistemi üzərindən təqdim edilə (əldə edilə) bilər. Bu qərarlarda göstərilən məlumatların X5 Sistemi üzərindən təqdim edilməsi həmin qərarların təqdim edilməsinə bərabər tutulur (“Əlilliyin qiymətləndirilməsi Qaydası”nın 2.5-2.6-1-ci bəndləri). Beləliklə, məhkəmə tərkibinin üçüncü sualla bağlı qənaəti ondan ibarətdir ki, əlilliyin müəyyən olunmasından imtinaya dair qərar kimi xx.xx.2024-cü il tarixli inzibati akt qəbul olunmalıdır.
2. İmtina qərarının qanuniliyinin və iddia tələbinin əsaslılığının yoxlanılması İlk növbədə qeyd etmək lazımdır ki, inzibati icraatda inzibati orqanın mülahizəsi iki mərhələdə fərqləndirilməlidir. Birinci olaraq inzibati orqanın işin faktiki və hüquqi hallarının müəyyən edilməsinə münasibətdə mülahizəsi, yəni inzibati orqanın öz qiymətləndirməsinə əsasən hərəkəti, ikinci olaraq isə hüquqi nəticəyə münasibətdə mülahizəsi, yəni inzibati orqanın diskresion səlahiyyətlərinə əsasən seçim hüququnun olması fərqləndirilməlidir. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in şəxsin sağlamlıq vəziyyəti ilə bağlı faktiki halların müəyyənləşdirilməsində mülahizə sərbəstliyi (qiymətləndirmə azadlığı) vardır. Bununla da inzibati orqan işin faktiki vəziyyətinin qiymətləndirilməsini həyata keçirir, yəni qəbul ediləcək inzibati aktın səbəb ünsürünü müəyyən edir. Bu hal mövcud qanunvercilikdə inzibati orqanın qiymətləndirmə azadlığı kimi qəbul edilsə də (İPM-in 73.3.2-ci maddəsinin 2-ci cümləsi), hüquq ədəbiyyatında qeyd olunan fəaliyyət inzibati orqanın “inzibati aktın səbəb ünsüründə diskresion səlahiyyəti” kimi də ifadə edilir. Elmi ədəbiyyatda qəbul olunan yanaşma ondan ibarətdir ki, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə tərəfindən inzibati aktın yoxlanılması demək olar ki, inzibati orqanın diskresion səlahiyyəti əsasında qəbul edilmiş inzibati aktın yoxlanılması qaydası ilə eynilik təşkil edir. Bu zaman inzibati orqan “İnzibati icraat haqqında” Qanunun müəyyən prinsip və tələblərinə əməl etməlidir. Hazırkı inzibati mübahisəyə dair işdə xx.xx.2024-cü il tarixli imtina qərarının qəbul edilməsi ilə “İnzibati icraat haqqında” Qanunun aşağıdakı prinsip və tələbləri pozulmuşdur. Birincisi, İİQ-nin 61.3-cü maddəsinin tələbləri pozulmuşdur. Belə ki, həmin maddənin tələbinə görə, inzibati akt diskresion səlahiyyətlər daxilində qəbul edildiyi halda, inzibati orqan öz mülahizələrini dəqiq və aydın şəkildə əsaslandırmalıdır. Ümumiyyətlə, inzibati aktın əsaslandırması tələbi hüquqi dövlət prinsipindən irəli gəlir, xüsusən publik hakimiyyət səlahiyyətlərini həyata keçirən orqanların fəaliyyətində qanunçuluğa riayət olunmanı təmin etməyə yönəlir. Əsaslandırılmış inzibati akt mövcud olduqda inzibati orqanın işin faktiki hallarını hansı qaydada müəyyən etdiyini, eləcə də həmin hallara hüququ hansı qaydada tətbiq etdiyini müəyyən etmək mümkün olur. Bununla, həm inzibati orqanların hüquqi dövlətin ümumi prinsiplərinə və qanunçuluğa uyğun davranmalarına nail olunur, həm də şəxslərin hüquqi vəziyyətlərində aydınlığı, proqnozlaşdırmanı, xüsusən də hüquqi müdafiənin düzgün və səmərəli həyata keçirilməsini təmin etmək mümkün olur. Qeyd etmək lazımdır ki, İİQ-nin 61.3-cü maddəsində nəzərdə tutulmuş tələb həm də inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktlara da aiddir. Belə ki, inzibati orqan qiymətləndirmə azadlığından yararlandığı bütün hallarda nəticəyə necə və hansı hallar nəzərə alınmaqla gəldiyini anlaşılan şəkildə izah etməlidir. Yalnız belə bir izah məhkəməyə inzibati orqanın hərəkətinin qəbul edilə bilən olubolmamasını yoxlamağa imkan yaradır. Əgər belə bir əsaslandırma yoxdursa və ya o, anlaşıla bilən deyildirsə, inzibati akt qanuna zidd sayılmalıdır. İş materiallarında olan xx.xx.2024-cü il tarixli qərardan müəyyən olunur ki, “diaqnoz əlillik əlaməti təyin etmir” əsası ilə iddiaçıya əlillik təyin edilməsindən imtina edilmişdir. Nəzərə almaq lazımdır ki, inzibati orqanın qiymətləndirmə azadlığı nəticəsində qəbul etdiyi inzibati aktların əsaslandırması “dəqiq və aydın” olmalıdır. Eyni zamanda qeyd olunmalıdır ki, hüquqi müəyyənlik prinsipi də tələb edir ki, inzibati aktlar aydın və anlaşılan olmalıdır. Belə ki, bu prinsipin elementləri İİQ-nin 58-ci maddəsində göstərilmişdir: 58.2. İnzibati akt məzmun baxımından kifayət qədər aydın və anlaşılan olmalıdır. 58.3. İnzibati aktda onun ünvanlandığı hüquqi və ya fiziki şəxslər, nizama saldığı və ya həll etdiyi məsələlər dəqiq göstərilməlidir. Ancaq hazırkı halda inzibati orqan tərəfindən imtina qərarı qəbul edilərkən yuxarıda qeyd olunan prinsip və tələblərə əməl edildiyi müəyyən olunmur. Başqa sözlə, imtina qərarı səthi və natamam əsaslandırılmışdır. Məhkəmə tərkibi, xüsusilə qeyd etməyi zəruri hesab edir ki, cavabdehin iddiaya etirazının, eyni zamanda apellyasiya şikayətinin əsasında xx.xx.2024-cü il tarixli imtina qərarı (ikinci imtina) dayanır. Məhkəmə tərkibi həmin qərarın hüquqazidd olmasına dair yuxarıda öz hüquqi mövqeyini ifadə etdi. Nəzərə almaq lazımdır ki, xx.xx.2024-cü il tarixli imtina qərarı sanki formal olaraq qəbul edilmişdir. Ancaq burada diqqət edilməli məqam başqadır. Belə ki, bu qəbildən olan işlərin təhlili onu göstərir ki, TSEK, bir qayda olaraq, birinci imtina qərarını “möhkəmləndirmək”, yəni sonradan “əsaslandırmaq” üçün şəxsi əyani müayinəyə cəlb edir. Təbii ki, həmin qərarlar da əyani müayinənin nəticəsində qəbul edildiyindən müqayisədə daha “ciddi əsaslandırılmış” qərar kimi təqdim olunur. Məhkəmə tərkibi qeyd edir ki, TSEK-in bu formada inzibati icraat aparması qanunverciliyin tələblərinə uyğun hesab edilə bilməz. Başqa sözlə, bu qaydada yaradılmış inzibati praktika qanunçuluq və səmərəli dövlət idarəçiliyi prinsipləri ilə ziddiyyət təşkil edir. İkincisi, inzibati orqan tərəfindən “işin hallarının obyektiv araşdırılması prinsipi”nin (İİQ-nin 24-cü maddəsi) tələblərinə əməl edilməmişdir. Bu prinsipin mahiyyəti ondan ibarətdir ki, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa, eləcə də əlavə sübutlar toplamağa borcludur. Başqa sözlə, bu hal onun xidməti vəzifəsindən irəli gəlir. Əslində bu prinsipin tələblərinin pozulmasını mahiyyət etibarı ilə xx.xx.2024-cü il tarixli imtina qərarının əsaslandırılmamasından müəyyən etmək olur. Başqa sözlə desək, TSEK göndərişdə qeyd olunmuş məlumatlara, yəni əsas diaqnoza və ağırlaşmalara səthi yanaşmış, hərtərəfli, tam və obyektiv təhlil aparmamış və formal əsaslarla əlillik təyin edilməsindəm imtina etmişdir. Üçüncüsü, inzibati orqan tərəfindən “Etimad hüququnun qorunması prinsipi”nin tələblərinə əməl edilməmişdir. İlk növbədə “İnzibati icraat haqqında” Qanunun 13-cü maddəsinin aşağıdakı normalarına nəzər salaq: 13.1. İnzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur. 13.2. İnzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır... Nəzərə almaq lazımdır ki, inzibati orqan bir tərəfdən eyni faktiki hallara və hüquqi əsaslara söykənən işlər üzrə qərarların qəbuluna dair özünün (o cümlədən və xüsusilə də məhkəmə qərarı əsasında) formalaşdırdığı inzibati praktikaya, yəni hüququn tətbiqi praktikasına bağlıdır, digər tərəfdən isə fiziki və ya hüquqi şəxslərin analoji vəziyyətlərdə həmin praktikanın onlara da tətbiq olunacağına dair əsaslı qanuni gözləntilərinə və həmin praktikaya etimadına bağlıdır. Bu zaman həm də nəzərə alınmalıdır ki, şəxsin etimad hüququ yalnız inzibati orqanların davranışının proqnozlaşdırılmasının mümkün olduğu hallarda təmin oluna bilər. Belə proqnozlaşdırma isə inzibati orqanların inzibati, yəni hüquq tətbiqi praktikasına və bu praktikanın davamlılığına bağlıdır. Maraqlı şəxs onun müraciətinin inzibati praktikaya uyğun və artıq həll edilmiş oxşar işlərə analoji qaydada həll olunacağını əvvəlcədən bilmək və proqnozlaşdırmaq imkanına malik olmalıdır. Şəxsə belə imkan məhz bərabər yanaşma və etimadın qorunması prinsipləri vasitəsi ilə yaradılır. İşin hallarından müəyyən olunur ki, xx.xx.2016-cı il tarixdə “Oturaq sinirinin budçanaq oynağı və bud səviyyəsində travması, Sağ oturuq sinirinin güllə yaralması nəticəsində zədəlməsindən sonraki vəziyyət. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması.Oynaqların kontrakturası, sağ diz və aşof tovar oynağının” diaqnozu ilə ümumi xəstəlik səbəbindən üçüncü dərəcəli müddətsiz əlillik təyin edilmişdir. xx.xx.2017-ci il tarixdə “Sağ oturuq sinirinin güllə yaralması (1994) nəticəsində zədəlməsindən sonraki qalıq əlamətlər. Oynaqların kontrakturası, sağ diz və hər iki aşof tovar oynağının. Oynaqların hərəkət məhdudluğu. Aşağı ətrafların monoplegiyası, yerişin pozulması. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular” diaqnozu əsasında Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə üçüncü dərəcəli əlillik təyin edilmişdir. Bakı 34 nömrəli şəhər Poliklinikası tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli forma 088 arayışından görünür ki, iddiaçıda aşağıdaki xəstəliklər müəyyən olunmuşdur: Əsas diaqnoz – S74.0. Oturaq sinirinin bud-çanaq oynağı və bud səviyyəsində travması. Sağ oturaq sinirinin güllə yarası nəticəsində zədələnəndən sonrakı vəziyyət (1994-cü il); Ağırlaşma – G83.1. Aşağı ətrafların monoplegiyası, Sağ aşağı ətrafların monaperizi; Yanaşı xəstəliklər – F45.3. Vegetativ sinir sisteminin somatoform disfunksiyası. NSD qarışıq tip. Arterial hipotoniya. Yanaşı xəstəliklər – M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya və zədələnmələr (L4-L5 fəqərəarası disklərin yırtığı 5 mm) L00189315ETF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə diaqnoz aşağıdakı kimi qeyd olunmuşdur: Əsas diaqnoz - Y36.4. Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, keçirilmiş (1994-cü il) sağ budun aşağı Vz-mo. güllə yaralanmasından sonrakı vəziyyət. Ağırlaşma - M24.5. Oynaqların kontrakturası, oynaqların kontrakturası, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcıbükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə). G83.1. Aşağı ətrafların monoplegiyası, aşağı ətrafın monoplegiyası, sağ aşağı ətrafın süst monoparezi, əzələ gücü - 2 bal. L90.5. Dərinin çapıqlaşmış vəziyyəti və flbrozu, dərinin çapıqlaşmış vəziyyəti və flbrozu, odlu silahla yaralanmasından sonra sağ budun orta aşağı A-nin diz oynağına kimi uzanan iç və tış səthlərində boylama kobud dartıcı çapıq toxuması. R26.8. Hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, hərəkətin və yerişin digər və dəqiqləşdirilməmiş pozulmaları, dayaq-hərəkət pozulması. R52.1. Müalicəyə tabe olmayan daimi ağrı, xroniki ağrı sindromu. C93.4. Aşağı ətrafın sinirinin travmasının nəticələri, aşağı ətrafın sinirinin travmasının nəticələri, keçirilmiş (1994-cü il) sağ budun aşağı A-nin güllə yaralanmasından sonrakı vəziyyət. M62.5. Əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, əzələnin başqa rubrikalarda təsnif olunmayan atrofıyası və üzülməsi, əzələ atrofıyası. M17.5. Digər ikincili qonartrozlar, digər ikincili qonartrozlar, sol diz oynağının ostreoartrozu. M21.1. Digər rubrikalarda təsnif olunmayan varus deformasiya, digər rubrikalarda təsnif olunmayan varus deformasiya. L91.0. Hipertrofık çapıq, hipertrofık çapıq. G57.9. Aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, aşağı ətrafın dəqiqləşdirilməmiş mononevropatiyası, sağ aşağı ətrafın posttravmatik nevropatiyası. Yanaşı xəstəliklər - M20.4. Çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), çəkicəbənzər ayaq baş barmaqları (qazanılmış), sol ayaq barmağının çəkicəbənzər deformasiyası. S42.2. Bazu sümüyünün yuxarı ucunun sınığı, bazu sümüyünün pis bitişmiş sınığı, sol bazu sümüyün proksimal metafizinin qeyri-düzgün bitişmiş sınığı. F48.8. Digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular, M51.1. Bel və digər şöbələrin fəqərəarası disklərinin radikulopatiya ilə - bel və digər şöbələrin fəqərəarası disklərin radikulopatiya ilə diskogen L1-L2, L3-L4, L4-L5 protruziyaların nəticəsində radikulopatiya. S92.0. Daban sümüyünün sınığı, daban sümüyünün sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması. M84.0. Sümük sınığının pis bitişməsi, bazu sümüyünün pis bitişmiş sınığı, sol bazu sümüyünün proksimal mediafızinin qeyri-düzgün bitişmiş sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması. Beləliklə, iş üzrə materiallardan iddiaçının əlillik vəziyyətinin həm əvvəlki, həm də sonrakı qiymətləndirilməsi zamanı onun xəstəliyi ilə bağlı diaqnozların və ağırlaşmaların demək olar ki, eyni olduğu görünür. Ancaq cavabdeh eyni diaqnoz əsasında iddiaçıya ən azından uzun müddətdir ki, əlillik təyin etməsinə, hal-hazırda ekspert rəyində, eyni zamanda L00189315ETF nömrəli, xx.xx.2024-cü il tarixli göndərişdə qeyd olunan xəstəliklərin iddiaçıda olmasına baxmayaraq, həmin diaqnoz əsasında təkrar əlilliyin müəyyən olunmasından heç bir ciddi əsaslandırma olmadan imtina etmişdir. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, xx.xx.2024-cü il tarixli imtina qərarı qanunsuz olduğundan haqlı olaraq birinci instasiya məhkəməsi tərəfindən ləğv edilmişdir.. Əsas məsələ ondan ibarətdir ki, imtina qərarı ləğv edildikdən sonra prosessual baxımdan məhkəmənin mahiyyəti üzrə iki qərar qəbul etmək imkanı yaranır. Onlardan biri iddianın tam təmin edilməsi, yəni iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması, digəri isə iddianın qismən təmin edilməsi, yəni məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla zəruri inzibati icraat aparılması və yenidən müvafiq inzibati aktın qəbul edilməsi barədə öhdəliyin qoyulmasıdır (İPM-in 73.2 və 73.3.2-ci maddələri). Doğrudur, inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu hallarda İPM-in 73.3-cü maddəsinə əsasən məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilmir. Başqa sözlə, bu kimi hallarda daha çox İPM-in 73.2-ci maddəsində nəzərdə tutulmuş prosessual institutdan (məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair) istifadə edilir. Bununla bağlı qeyd etmək lazımdır ki, İPM-in 73.3-cü maddəsində söhbət məhkəmənin “bir qayda olaraq” iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməmisindən gedir. Bu, o anlama gəlir ki, məhkəmə istisna hallarda iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Başqa sözlə, inzibati orqanın diskresion səlahiyyətə və qiymətləndirmə azadlığına malik olduğu hallarda məhkəmə işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq yalnız bir hakimiyyət tədbirini yararlı, zəruri və mütənasib hesab edərsə, iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsi öhdəliyinin inzibati orqanın üzərinə qoyulması barədə qərar qəbul edə bilər. Elmi ədəbiyyatda qeyd edilir ki, belə istisna hallar, adətən, diskresion səlahiyyətin, eləcə də qiymətləndirmə azadlığının sıfıra endirilməsi zamanı mümkündür. Diskresion səlahiyyətin sıfır səviyyəsinə endirilməsi o deməkdir ki, qanun diskresion səlahiyyət müəyyən etsə də, bəzən konkret işin xüsusiyyətlərindən (hallarından) asılı olaraq hüquqi nəticə kimi yalnız bir hakimiyyət tədbiri yararlı, zəruri və mütənasib hesab oluna bilər. Belə olan halda inzibati orqan tərəfindən məhz həmin hakimiyyət tədbiri tətbiq olunmalıdır. Qiymətləndirmə azadlığının sıfıra endirilməsi işin faktiki hallarının tam aydın və açıq olduğu halla bağlıdır. Başqa sözlə, elə bir haldır ki, fərqli qiymətləndirmə hüquqazidd nəticə doğurardı. Digər tərəfdən, İPM-in 73.2-ci maddəsinin tələbinə görə, məhkəmənin hüquqi mövqeyi nəzərə alınmaqla yenidən müvafiq inzibati aktın qəbul edilməsi öhdəlinin qoyulmasına dair qərar o vaxt qəbul edilir ki, iddiaçının tələbi əsasında konkret qərarın qəbul edilməsi mümkün olmasın. Başqa sözlə, burada söhbət mübahisənin qərar qəbul etmək üçün "hazır" olmaması halından gedir. Mübahisənin “hazır” olmasını çətinləşdirən amillərdən biri də inzibati orqanın qiymətləndirmə azadlığına malik olduğu haldır. Məhkəmə tərkibinin qənaəti ondan ibarətdir ki, hazırkı halda işin faktiki halları (iş materiallarında olan tibbi sənədlər və rəylər) tam açıq və aydın olduğundan birinci instansiya məhkəməsi haqlı olaraq iddiaçının arzuladığı inzibati aktın (əlilliyin müəyyən olunmasına dair) qəbul edilməsi öhdəliyini cavabdehin üzərinə qoymuşdur. Başqa sözlə, iş materiallarında olan sübutlardan iddiaçının müxtəlif maneələrlə qarşılaşdığı zaman digər şəxslərlə bərabər səviyyədə cəmiyyət həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki pozuntularının olması müəyyən olunur. Belə ki, iş materiallarında olan aşağıdakı sübutlara nəzərə salaq: Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin “MTE və PAB” PHŞ-nin ekspertləri tərəfindən verilmiş T 85/2025 saylı ekspert rəyində aşağıdakılar bildirilmişdir: 1, 2. Vətəndaş İddiaçı iş materiallarında olan tibbi sənədlərə əsasən isə əlillik vəziyyətinin Tibbi- Sosial Ekspert Komissiyaları tərəfindən qiymətləndirilməsi üçün Bakı Baş Səhiyyə İdarəsindən Tibbi-Sosial Ekspert Komissiyasına göndərilmiş xx.xx.2024-cü il tarixli, L00189315ETF saylı göndərişi əsasında tərtib edilmiş qiymətləndirmənin nəticələrində qeyd edilmiş “Diaqnozun mətni: Keçirilmiş (1994-cü il), sağ budun aşağı 1/3-nın güllə yaralanmasından sonrakı vəziyyət, sol bazu sümüyünün proksimal mediafızinin qeyridüzgün bitişmiş sınığı, sol daban sümüyünün qeyri-düzgün bitişmiş sınığı, deformasiyası, tağın hündürlüyünün azalması, yastılaşması, sağ diz oynağının açıcı kontrakturası (bükmə 100 dərəcə), sol diz oynağının açıcı kontrakturası (bükmə 85 dərəcə), sol aşıq-baldır oynağının açıcı-bükücü kontrakturası (açma 100 dərəcə, bükmə 90 dərəcə), sol ayaq barmağının çəkicəbənzər deformasiyası, dayaqhərəkət pozulması, xroniki ağrı sindromu, sağ aşağı ətrafın süst monoparezi, əzələ gücü - 2 bal, əzələ atrofıyası, diskogen L1-L2, L3-L4, L4-L5 protruziyaların nəticəsində radikulopatiya, sağ budun orta aşağı lA-nin diz oynağına kimi uzanan iç və tış səthlərinin boylama kobud dartıcı çapıq toxuması, digər dəqiqləşdirilməmiş nevrotik pozuntular” diaqnoz xəstənin anamnestik, kliniki, laboratorinstrumental müayinələri əsasında qoyulmuş, müalicə tədbirləri xəstəliyin dinamikasına uyğun aparıldığından onun proqnozu və səmərəliliyi qənaətbəxş olmuş, TSEK-in ekspertləri tərəfindən əmək qabiliyyətinin itirilməsinin 0% olması qeyd edilmişdir. Əsas xəstəliyin xroniki olmasını nəzərə alsaq onun həmin xəstəliklərdən əziyyət çəkməsini hazırda da inkar etmək olmaz. Lakin onun DTSERA-da əyani müayinələri zamanı o, sağ dizdə və belindəki güclü ağrılardan, soyuq olduqda ağrıların artmasından şikayətlənmiş, sağ budun aşağı VS-də səthi, zəif nəzərəcarpan dəri çapıqları, aşağı ətraflarda əzələ gücü və tonus normal, reflekslər canlı, D=S izlənilmiş, hərəki məhdudluq, parez əlamətləri və əzələ atrofıyası, qeyd edilməmiş, xx.xx.2024-cü il tarixli EMG müayinəsinin nəticəsində “Bu göstəricilər sağ aşağı ətrafın ağır dərəcədə sensor-motor neyropatiyası (Posttravmatik) ilə uyğun dəyərləndirildi” kimi qeyd edilsə də klinik olaraq öz təsdiqini tapmamış, nevroloji defısit müəyyən edilməmişdir. 3. Xəstəlik və qüsurların XBT kodlarına uyğun göstərilməsi məsələsi hər bir ixtisas sahəsi üzrə mütəxəssis həkimin səlahiyyətlərinə aiddir. 4. Əlilliyin təyini ilə əlaqədar sualların həlli məhkəmə-tibb ekspertinin deyil, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2020-ci il tarixli, 11 saylı Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydası”nm 1-ci bəndinə görə Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi Sosial Ekspertiza və X3-Sosial Ekspert Komissiyaları tərəfindən həyata keçirilir. Azərbaycan Respublikası Müdafiə Nazirliyi Mərkəzi Hərbi Komissiyasının hazırda qüvvədə olan 587 nömrəli, xx.xx.2016-cı il tarixli qərarından görünür ki, Neftçala RHK tərəfindən 1993-cü ildə hərbi xidmətə çağırılmış, vətəndaş İddiaçı döyüş zonasında hərbi xidmət keçərkən xx.xx.1994-cü ildə aldığı və xx.xx.1994-cü ildən xx.xx.1994-cü ilə kimi N nömrəli hərbi hissədə müayinə və müalicə olunduğu yaralanma - diaqnoz: "Sağ budun aşağı 1/3-nin yumşaq toxumalarının dəlib keçən güllə yarası” (Azərbaycan Respublikası SHXÇDX-nin Bakı ş Səbail rayon İdarəsinin xx.xx.2016-cı il tarixli 350 nömrəli göndərişi, xx.xx.2016-ci il tarixli 349 nömrəli arayışı, -51 nömrəli hərbi hissədən verilmiş xx.xx.1994cü il tarixli çıxarış epikrizi, MN MHHK-nın həkim mütəxəssisinin rəyi ilə təsdiq edilir), “hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır“ və xx.xx.1995-ci ildən xx.xx.1996-cı ilə kimi N saylı hərbi hissədə müayinə və müalicə olunduğu xəstəlik diaqnoz: “irinləmiş dermoid kistası" (N nömrəli hərbi hissədən verilmiş xx.xx.1996-cı il tarixli çıxarış epikrizi ilə təsdiq edilir), "xəstəlikdir, hərbi xidmət dövründə alınmışdır". Göründüyü kimi, iş materiallarında olan çoxsaylı sübutlar (tibbi sənədlər) iddiaçının arzuladığı inzibati aktın qəbul edilməsinə olan tələb hüququnun mövcudluğunu təsdiq edir. Birinci instansiya məhkəməsi haqlı olaraq öz qərarında qeyd etmişdir ki, tibbi sənədlərdə və Forma 088 arayışında əzələ gücü 2 bal kimi qeyd olunmuşdur. Lakin burada diqqət yetirilməli əsas məqam odur ki, əzələ gücünün 2 bal olması özlüyündə 6.5.1.4-cü altbənddə nəzərdə tutulan daha yüksək səviyyəli (65– 80%) funksional pozuntuya əsas vermir. Belə pozuntu yalnız hemiparez və ya genişləndirilmiş hərəkət məhdudiyyətləri hallarında nəzərə alınır. Hazırkı işdə isə forma 088-də diaqnoz "monoparez" kimi qeyd olunmuş, yəni yalnız bir ətrafın, konkret olaraq sağ aşağı ətrafın əzələ zəifliyi müşahidə olunmuşdur. Bu baxımdan, məhkəmə nəticəyə gəlir ki, iddiaçıda müşahidə olunan pozuntu 6.5.1.1-ci altbənddə nəzərdə tutulmuş “ayrıayrı ətrafların parezi” halına uyğundur. Sözügedən meyarların tətbiqi nəticəsində iddiaçıya 40% funksional pozuntu ilə İ dərəcə əlillik təyin olunmalıdır. Göründüyü kimi, işə baxan birinci instasniya məhkəməsinin hakimi formalaşmış məhkəmə təcrübəsini nəzərə alaraq, qərarda iddiaçının orqanizm funksiyalarının pozulması faizini (40) müəyyən etmişdir. Birinci instansiya məhkəməsi qeyd olunan məsələ ilə bağlı formalaşmış inzibati məhkəmə təcrübəsinə uyğun qərar qəbul etdiyindən məhkəmə tərkibi qeyd olunan hissədə qərarın dəyişdirilməsinə lüzum görmür. Ancaq məhkəmə tərkibinin qeyd olunan məsələ ilə bağlı ümumilikdə hüquqi mövqeyi fərqlidir. Belə ki, məhkəmə tərkibi inzibati məhkəmə icraatı çərçivəsində iddiaçının sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsini, eyni zamanda bu halın inzibati məhkəmə icraatının predmeti olmasını məqsədəuyğun hesab etmir. Başqa sözlə, məhkəmə tərkibinin hüquqi mövqeyinə görə, belə işlərdə tələb hüququnun mövcudluğu halında məhkəmənin vəzifəsi “əlilliyin müəyyən edilməsinə dair inzibati aktın qəbul edilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması” ilə bitir. Çünki burada söhbət inzibati orqanın daha çox xüsusi biliyə və təcrübəyə malik olduğu hallardan gedir. Məhkəmə tərəfindən şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin dəqiqliklə müəyyən edilməsi yalnız qiymətləndirmə azadlığının sıfıra endirilməsi halında istisna təşkil edə bilər. Belə ki, nəzərə almaq lazımdır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 2.1-ci bəndinə əsasən, əlillik yalnız şəxsə qoyulmuş diaqnoz əsasında deyil, həmin diaqnozla müəyyən edilən xəstəliyin insanın həyat fəaliyyəti üzrə müəyyən edilmiş 7 əsas kateqoriyadan biri və ya bir neçəsi üzrə hansı dərəcədə məhdudlaşma yaratması ilə müəyyən edilir. Bu meyarlara uyğun olaraq, İ, İİ və İİİ dərəcəli məhdudlaşmalar müvafiq olaraq 31–60%, 61–80% və 81–100% aralığında funksional pozuntu faizi ilə ifadə olunmaqla əlilliyin təyin edilməsinə əsas verir. Bundan başqa, Tibbi-Sosial Ekspert Komissiyası yalnız tibbi meyarlar əsasında deyil, həm də sosial meyarlar baxımından qiymətləndirmə apararaq funksional pozuntu faizini müəyyən edir. Başqa sözlə, həmin faizin müəyyən edilməsi zamanı xəstəliyin şəxsin həyat fəaliyyəti funksiyalarının pozulmasına necə təsir etməsi baxımından qiymətləndirmə aparılır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, məhkəmə tərkibi hesab edir ki, bir qayda olaraq, inzibati məhkəmə icraatı çərçivəsində xüsusi dəqiqliklə şəxsin sağlamlıq imkanlarının pozulması faizinin və əlillik müddətinin müəyyən edilməsi hakimiyyətlərin bölünməsi prinsipinə əsasən məhkəmənin vəzifəsi deyil. Eyni zamanda məhkəmə tərkibi hesab edir ki, şəxsin sağlamlıq imkanlarının pozulmasının faizinin və əlilliyin müddətinin məhkəmə tərəfindən müəyyən edilməsi məqsədəuyğunluğun aradan qalxması ilə nəticələnə bilər. Belə ki, məqsədəuyğunluq prinsipi tələb edir ki, normativ hüquqi aktlara əsasən, inzibati orqanlar onlara həvalə edilmiş inzibati funksiyanın həyata keçirilməsi zamanı ictimai və dövlət mənafeyinin təmin edilməsi üçün ən doğru qərarı qəbul etsin. Başqa sözlə, məqsədəuyğunluq prinsipi hazırkı halda onu ifadə edir ki, qanunverciliklə inzibati orqana tanınan qiymətləndirmə azadlığının həyata keçirilməsi zamanı müəyyən olunmalı spesifik hallar, bir qayda olaraq, məhkəmə tərəfindən inzibati məhkəmə icraatı qaydasında qiymətləndirmə aparılaraq müəyyən olunmamalıdır. Beləliklə, məhkəmə kollegiyasının qənaəti ondan ibarətdir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı nəticəvi hissədən “20 avqust 2024-cü il tarixli qərarın ona aid hissədə” ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılmalıdır.
Nəticəvi hissə
Yuxarıda göstərilənlərə və İPM-in 4.1, 68, 69, 81-82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:
Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin olunmasın. Bakı İnzibati Məhkəməsinin 22 aprel 2025-ci il tarixli 2-1(112)-1437/2025 nömrəli qərarı nəticəvi hissədən “20 avqust 2024-cü il tarixli qərarı ona aid hissədə” ifadəsi çıxarılmaqla dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Qərardan şikayət verilmədiyi və ya proses iştirakçıları tərəfindən geri götürüldüyü halda, qərar onun təqdim olunduğu gündən 1 ay keçdikdən sonra qanuni qüvvəyə minir.