Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3097/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi Vəkil və cavabdehin nümayəndəsi X4 iştirakı ilə, İddiaçı QSC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı “qərarın qismən ona aid hissədə ləğv edilməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı QSC cavabdeh İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında xx.xx.2022-ci il tarixli qərarın iddiaçıya aid olan hissədə ləğv edilməsini və cavabdeh tərəfindən qəbul edilmiş antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...Azərbaycan X1 İctimai Birliyindən xx.xx.2021-ci il tarixində cavabdeh inzibati orqana daxil olmuş yazılı müraciətinə cavabdeh tərəfindən baxılaraq Azərbaycan Duz İstehsalat Birliyi QSC ("xxxx" QSC) barəsində antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlamalara başlanılmış, xx.xx.2022-ci il tarixli FA-23 nömrəli əmr ilə antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə iş qaldırılaraq müvafiq Komissiya yaradılmış və həmin Komissiya tərəfindən yoxlama və inzibati araşdırma aparıldıqdan sonra araşdırma yekunlaşdırılmış, xx.xx.2022-ci il tarixdə işə baxılmasının nəticələri haqqında müvafiq qərar qəbul edilmişdir. Həmin Qərara əsasən “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyriqanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdansatışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsi, duz məhsullarının topdansatışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690 473.13 manat məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanması barədə iddiaçıya göstəriş verilməsi qərara alınmışdır. Cavabdeh tərəfindən iddiaçı təşkilat barəsində xx.xx.2022-ci il tarixli antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında, həmçinin, göstəriş verilmişdir. Həmin Göstərişə əsasən, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi qeyri-qanuni fəaliyyətin dayandırılması, duz məhsullarının topdan satışı zamanı müəyyən edilmiş əsassız qiymət artımının aradan qaldırılması və gələcək fəaliyyətində hökmran mövqedən sui-istifadə etməyərək bazarın rəqabətliliyini nəzərə alaraq qiymətlərin iqtisadi qanunauyğunluqlar əsasında müəyyən edilməsinin təmin edilməsi, duz məhsullarının istehsalı və satışı zamanı rəqabətin təmin edilməsi, digər təsərrüfat subyektlərinin və istehlakçıların mənafeyinin qorunması, habelə alıcılar arasında bərabər şəraitin yaradılması məqsədilə Azərbaycan Respublikasında antiinhisar qanunvericiliyinə uyğun olaraq duz məhsullarının (qida, texniki və qeyri-qida sənaye (xam)) satış, habelə alıcıların bununla bağlı müraciət etmə qayda və şərtlərini müəyyən edərək internet informasiya ehtiyatlarında açıqlanmasının təmin edilməsi, “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixindən xx.xx.2022-ci il tarixinə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690 473.13 (altı yüz doxsan min dörd yüz yetmiş üç manat on üç qəpik) AZN məbləğində mənfəətin 30 (otuz) gün ərzində dövlət büdcəsinə ödənilməsinin təmin edilməsi iddiaçı təşkilatdan tələb edilmişdir. Cavabdeh tərəfindən iddiaçı təşkilat barəsində aparılan sahibkarlıq sahəsində yoxlamalar dövlət reyestrində qeydə alınmadan qanunsuz aparılmışdır. Belə ki, “Sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılması haqqında” Qanunun müddəalarına görə sahibkarlıq sahəsində aparılan yoxlamaların dayandırılmasına baxmayaraq, Azərbaycan X1 İctimai Birliyinin müraciəti əsasında cavabdeh tərəfindən aparılmış yoxlama vahid məlumat reyestrində qeydiyyata alınmamış, iddiaçıya yoxlamanın başlanmasından əvvəl reyestrdən çıxarış təqdim edilməmişdir. Bundan əlavə, cavabdeh inzibati orqanın prosessual fəaliyyətini tənzimləyən Azərbaycan Respublikası Nazirlər Kabinetinin 120 nömrəli xx.xx.1998-ci il tarixli qərarı ilə təsdiq edilmiş “Antiinhisar qanunvericiliyinin pozulması haqqında işlərə baxılması” Qaydalarının 1.3-1 -ci bəndi ilə konkret olaraq müəyyənləşdirilmişdir ki, antiinhisar qanunvericiliyinin pozulması əlamətlərinin olub-olmaması ilə bağlı sahibkarlıq subyektində yoxlamalar “Sahibkarlıq sahəsində aparılan yoxlamaların tənzimlənməsi və sahibkarların maraqlarının müdafiəsi haqqında” Azərbaycan Respublikasının Qanununda nəzərdə tutulmuş hallarda və qaydada həyata keçirilir...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş rədd olunmasını məhkəmədən xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırılmışdır. “ ...İddiaçı tərəfindən istehsal olunan “ALFA EXT TBL DUZU_25KQ_CVL”, “AZERDUZ EXTRA NOV DUZ N.1_25KQ”, “AZERDUZ S.DUZU_500Q*20_SLND PLS”, “SALUTE ELA NOV YODLU X.DUZU_25KQ”, “SALUTE PENDİR-TRS DUZU_3KQ*5”, “SALUTE X.DUZU_1 KQ*16_PST” və “WATER BOSS EXT TBL DUZU_25KQ” adlı duz məhsullarının satış qiymətləri maya dəyərinin dəyişməsinə nisbətdə daha çox artırılaraq satılmqla qiymət manipulyasiyasına yol verilmiş, bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4-cü bəndinin tələbləri pozulmuşdur. İddiaçı ilə Novxanı Bələdiyyəsi arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən 409,94 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Mirzələdi gölü), "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış və qüvvədə olan müqaviləyə əsasən 68 hektar torpaq sahəsi, o cümlədən su ilə örtülü hövzəsi (Masazır gölü) 99 illik müddətdə tam həcmdə "xxxx" QSC-yə icarəyə verilib. "xxxx" QSC istehsal olunan insan qidalanması üçün yararlı olan duz məhsullarını 2016-cı ildən, xam duz məhsulunu isə 2021 -ci ildən etibarən yalnız "xxxx" MMC-yə satmaqla qapalı satış şəbəkəsi yaratmış, bununla da “Antiinhisar fəaliyyəti haqqında" Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 6-cı bəndinin tələbləri pozulmuşdur. Xam duz ilin isti aylarında Mirzələdi və Masazır göllərinin ətrafında yaşayan sakinlər tərəfindən qeyd edilən göllərdən "xxxx" QSC-nin icazəsi ilə toplanaraq cəmiyyətin müəyyən etdiyi miqdarda və qiymətə satılır. Fiziki şəxslər tərəfindən "xxxx" QSC-yə təhvil verilən təmiz və bəyaz xam duzun bir ton üçün qiymətinin 2020-ci ildə 18,00 manat, 2021ci ildə isə 20,00 manat, digər aşağı növ xam duzun bir ton üçün qiymətinin həm 2020-ci, həm də 2021-ci ildə 14.00 manat təşkil etdiyi müəyyən edilmişdir. "xxxx" QSC ilə Abşeron Rayon İcra Hakimiyyəti arasında bağlanmış müqaviləyə əsasən icarə obyekti (Masazır gölü) üçüncü şəxsə icarəyə verildiyi zaman qoyulmuş investisiyanın dəyəri cəmiyyətə ödənilməlidir. 2019-cu ildən 2022-ci ilin aprel ayına qədər olan dövr ərzində duz məhsullarının alışı ilə bağlı "xxxx" QSC-yə, həmçinin "xxxx" QSC tərəfindən istehsal olunan duz məhsullarının birbaşa istehsalçıdan alınması ilə bağlı digər bazar subyektləri tərəfindən Xidmətə heç bir müraciət daxil olmamışdır. Həmçinin təqdim edilmiş sənədlərə əsasən "xxxx" QSC və "xxxx" MMC-nin səhmlərinin 100%-nin "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 63.3162%-nin "xxxx" MMC-yə, 36.6838%-nin isə "xxxx" MMC-yə, "xxxx" MMC-nin səhmlərinin 68.0809%-nin "xxxx" MMC-yə, 0.3192%-nin “X3” MMC-yə, 31.5999%-nin "xxxx" MMC-yə məxsus olduğu müəyyən edilmişdir...” Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin 2-1(112)-505/2024 saylı xx.xx.2024-cü il tarixli qərardadı ilə iddia cavabdehin antiinhisar qanunvericiliyinin pozulmasının aradan qaldırılması haqqında xx.xx.2022-ci il tarixli göstərişin ləğv edilməsi tələbinə dair hissəsində mümkün sayılmamışdır. Eyni zamanda, Bakı İnzibati Məhkəməsinin Məhkəməsinin xx.xx.2024-cü il tarixli qərarı ilə isə iddia qalan hissədə təmin edilmiş və Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin xx.xx.2022-ci il tarixli “Antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılmış işə baxılmasının nəticələri haqqında” Qərarı qismən - İddiaçı QSC-yə aid hissədə ləğv edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul olunmasını xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmişdir, apellyasiya icraatı mümkündür. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırmışdır: “... Məhkəmənin qərarı qanunsuz və əsassızdır. Belə ki, qanunvericilikdə Xidmətin hökmran mövqe tutan təsərrüfat obyektlərini dövlət reyestrində qeydə alındıqdan sonra onun barəsində antiinhisar qanunvericiliyin olması əlamətləri üzrə araşdırma aparmasını nəzərədə tutan hər hansı imperativ norma yoxdur. Başqa sözlə, qanunvericilikdə hökmən inhisarçı müəssisənin dövlət reyestrinə salındıqdan sonra, onlara “Antiinhisar fəaliyyəti haqqında” Qanunun təsir dairəsinə düşməsini ehtiva edən normalar nəzərdə tutulmamışdır. Qanunda hökmran mövqe bazar payının 35 faizindən çox olan vəziyyət kimi təsbit olunmuş, məhz, həmin göstəricidən yuxarı olan təsərrüfat subyektlərinin fəaliyyətinə Qanunun təsirini nəzərədə tutur. Qanunvericilik Reyestrə salınmadan aparılan hərəkətlərin hüquqi qüvvəsini etibarsız hesab etmir və bu halda reyestrə salınma və ya salınmama hüquqi nəticlər yaradır... Hökmran mövqe statik bir ölçü deyil, dinamik ölçüdür və daim dəyişməsi halı mümkündür. Aparılan bazar araşdırmasından sonra cəmiyyətin bazar payının dəyişib-dəyişməməsi barədə Xidmət xx.xx.2023-cü il tarixli sorğu məktubu ilə sənəd və məlumatların təqdim olunması xahiş edilsə də iddiaçı xx.xx.2023-cü il tarixli məktubu ilə imtina etmişdir. Əlavə olaraq, Xidmət tərəfindən hər hansı bir təsərrüfat subyektinin hökmran mövqedə olduğunu bilmək üçün əvvəlcə araşdırma aparması zəruridir. Ölkə ərazisində minlərlə bazar olduğu nəzərə alındıqda bütün bazarlar üzrə hökmran mövqenin Xidmət tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Xidmətin qeyri-məhdud sayda bazar subyektləri barədə əvvəlcə araşdırma aparıb, daha sonra, onları hökmran mövqe ilə əlaqədar reyestrə saldıqdan sonrakı hərəkətlərə qiymət verilməsi, pozuntuya yol vermiş subyektlərin məsuliyyətdən yayınması ilə nəticələnər...” İddiaçı iddia ərizəsinə etirazında apellyasiya şikayətinin rədd olunmasını xahiş etmişdir. Etiraz aşağıdakılarla əsaslandırmışdır: “... Antiinzisar haqqında Qanunda və Əsasnamədə Xidmətin vəzifəsi onu ehtiva edir ki, bazar subyektləri əvvəlcə bu reyestrə daxil edilib, sonra, onların qanunazidd hərəkətlərinə qiymət verilməlidir. Çünki əksi təqdirdə bu cür reyestr aparmaq vəzifəsinin mənası olmazdı. Reyestr hüquqi nəticə yaradan bir qeydiyyat sistemidir. Cavabdeh bütün bazarın araşdırılmasını aparıb bütün bazar iştirakçılarını deyil sadəcə 35 faizdən mövqe tutanları reyestrə daxil etməlidir. Bu da ümumi bazara münasibətdə böyük bir say təşkil etmir. Həmçinin, cavabdehə araşdırmada Dövlət Statistika Komitəsi də ona müvafiq məlumatların təqdim edilməsində “İnzibati icraat haqqında” Qanunun 5-ci maddəsinə əsasən hüquqi yardım edir. Cavabdehin həmin reyestri aparmaqda çətinlik çəkməsi reallığı əks etdirməyən məsuliyyətdən yayınmaq üçün formal xarakterli mülahizəsidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin edilməsini, iddiaçının nümayəndəsi isə apellyasiya şikayətinə etirazına uyğun izahat verərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişlər. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin olunmadan, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. İşin hallarından göründüyü kimi, cavabdeh tərəfindən yaradılmış Komissiya tərəfindən iddiaçının antiinhisar qanunvericiliyinin pozulması əlamətləri ilə bağlı yoxlama aparılmış nəticələrinə dair xx.xx.2022-ci il tarixli qərarla, duz məhsullarının topdan satışını “Antiinhisar fəaliyyəti haqqında” Azərbaycan Respublikası Qanununun 8-ci maddəsinin 4cü bəndinin tələblərini pozmaqla həyata keçirdiyi xx.xx.2020-ci il tarixdən xx.xx.2022-ci il tarixə kimi olan dövr ərzində qeyri-qanuni fəaliyyəti nəticəsində əldə etdiyi 690 473.13 manat məbləğində mənfəətin 30 gün ərzində dövlət büdcəsinə ödənilməsi cavabdehə həvalə olunmuşdur. İPM-in 32.1-ci maddəsinə əsasən mübahisələndirmə haqqında iddia vasitəsilə iddiaçı inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini məhkəmədən tələb edə bilər. Konkret halda, iddiaçı mübahisələndirmə haqqında iddia vasitəsilə cavabdehin antiinhisar qanunvericiliyinin pozulması əlamətləri üzrə qaldırılan işə baxılmasının nəticələri haqqında sözügedən xx.xx.2022-ci il tarixli qərarının ləğv olunmasını tələb etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçı tələbində haqlıdır. Belə ki, mübahisələndirilən qərarda istinad edilən “Antiinhisar fəaliyyəti haqqında” 4-cü maddəsində verilən anlayışına görə: “hökmran mövqe” - təsərrüfat subyektinin öz iqtisadi potensialının üstünlüyünə əsaslanaraq rəqabətə həlledici təsir göstərməyə imkan verən və bununla da bazarın digər iştirakçılarının bazara daxil olmasını çətinləşdirən müstəsna vəziyyətidir. Bazarda payı 35 faizdən və ya qanunvericiliklə müəyyən olunmuş digər həddən çox olan təsərrüfat subyekti hökmran mövqe tutan hesab olunur. Həmin Qanunun 8-ci maddəsinin birinci hissəsinin 4-cü bəndinə əsasən bazarda hökmran mövqe tutan təsərrüfat subyektlərinin rəqabətin məhdudlaşdırılmasına, digər təsərrüfat subyektinin və istehlakçıların mənafeyinə toxunmasına gətirib çıxaran, yaxud gətirib çıxara bilən qeyri-qanuni fəaliyyətinə o cümlədən - bazarda əlavə üstünlük əldə etmək məqsədilə qiymətlərlə manipulyasiya edilməsi (onların yüksəldilməsi, azaldılması və ya bir səviyyədə saxlanılması) daxildir. Həmin Qanunun 16-cı maddəsinin 2-ci hissəsinə əsasən Azərbaycan Respublikasının Dövlət Statistika Komitəsi müvafiq icra hakimiyyəti orqanını (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) inhisarçı müəssisələrin dövlət reyestrinin aparılması üçün razılaşdırılmış proqram əsasında milli bazarda müəssisələrin hökmran mövqeyini müəyyən edən statistika məlumatları ilə təmin edir. Həmin maddənin 3-cü hissəsinə əsasən inhisarçı müəssisələr müvafiq icra hakimiyyəti orqanının (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) təklifi ilə Dövlət Statistika Komitəsi tərəfindən müəyyənləşdirilmiş qaydada təsdiq edilən dövlət statistika hesabatı əsasında öz fəaliyyətlərinin inhisarçı mövqeləri haqqında müvafiq icra hakimiyyəti orqanına (Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidməti) hesabat təqdim edirlər. Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Antiinhisar və İstehlak Bazarına Nəzarət Dövlət Xidmətinin Əsasnaməsinin: 3.0 və 3.0.5-ci maddələrinə əsasən bu Əsasnamə ilə müəyyən olunmuş fəaliyyət istiqamətlərinə uyğun olaraq, rəqabətin vəziyyətini araşdırmaq, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq Xidmətin vəzifəsidir. Konkret halda işin mübahisələndirilən hallarından göründüyü kimi, cavabdeh, mübahisələndirilən qərarla iddiaçını duz məhsularının topdan satışında 35 faizdən yuxarı mövqe tutaraq bu mövqeyindən əsassız sui istifadə edərək qiymət artımına səbəb olduğunu, bununla da antihinhisar qanunvericiliyinin tələblərini pozduğuna görə, həmin fəaliyyət nəticəsində əldə etdiyi mənfəətin dövlət büdəsinə ödənilməsi öhdəliyini iddiaçının üzərinə qoymuşdur. Halbuki, birincisi, cavabdeh orqan, iddiçının bazarda 35 faizdən yuxarı olmaqla, hökmran mövqe tutan bazar subyekti kimi, Əsasnamənin qeyd olunan 3.0.5-ci bəndinin imperativ tələbinə müvafiq olaraq dövlət reyestrinə daxil etməmişdir və bu hal işin mübahisəsiz haldır. Əslində, cavabdehin apellyasiya şikayətinin qeyd olunan dəlillərindən göründüyü kimi, iddiaçı qurumun bazarda hökmran mövqe tutan iştirakçı kimi dövlət reyestrinə daxil etmədiyi etiraf olunur. Bununla bağlı mübahisəlndirdiyi hal ondan ibarətdir ki, hökmran mövqe tutan subyektlərin reyestərə daxil ediləmsi ilə bağlı qanunvericilikdə imperativ norma mövcud deyil, bazar iştirakçısı hökmran mövqe tutursa, reyestrə daxil edilmədən yoxlanıla bilər. Cavabdehin qeyd olunan dəlillərinin əsassız olduğu, qeyd olunan Əsasnamənin adıçəkilən 3.0.5-ci bəndinin tələbi ilə sübuta yetirilir. Belə ki, həmin müddəadan aydın görünür ki, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən etmək və əmtəə bazarında payı antiinhisar qanunvericiliyi ilə müəyyən edilmiş həddən çox olan təsərrüfat subyektlərinin dövlət reyestrini aparmaq Xidmətin vəzifəsidir. Cavabdeh orqan isə, görünür, «vəzifə» və «hüquq» anlayışlarını fərqləndirməkdə çətinlik çəkir. Halbuki, sadalanan qanunvericiliyin qeyd olunan tələblərinə əsasən statistika məlumatlarından istifadə edərək, təsərrüfat subyektlərinin hökmran mövqeyini müəyyən edib onları müvafiq dövlət reyestrinə daxil etmək, Xidmətin üzərinə düşən birbaşa vəzifəsindən yayınaraq, mülahizə yürüdür ki, ölkə ərazisində minlərlə bazar olduğu nəzərə alındıqda bütün bazarlar üzrə hökmran mövqenin Xidmət tərəfindən müəyyən edilməsi qeyri-mümkündür. Madam ki, minlərlə bazar olduğu nəzərə alındıqda bütün bazarlar üzrə hökmran mövqenin Xidmət tərəfindən müəyyən edilməsi qeyri-mümkündür, belə olan halda, iddiaçı qurumun bazarda 35 faizdən yuxarı mövqe tutduğunu hansı əsaslardan çıxış edərək müəyyən edildiyi bəlli deyil. Belə çıxır ki, cavabdeh özü qeyd olunan dəlili ilə iddiaçının bazarda hökmran mövqə tutan subyekt olduğunu israrlayan digər dəlilini təkzib edir. Beləliklə də qeyd olunanlar onu deməyə əsas verir ki, cavabdeh tərəfindən mübahisələnirilən qərarın qəbul edilməsini zəruri edən faktiki şərtlərinin mövcudluğu sübuta yetirilmiş hesab oluna bilməz. Belə olan halda, həmin qərarla iddiaçının maddi məsuliyyətə cəlb olunaraq üzərinə əldə etdiyi mənfəətin dövlət büdcəsinə ödənilməsi öhdəliyin qoyulması sonuncunun hüquqlarını pozmuş olur. İPM-in 70.1-ci maddəsi isə nəzərdə tutur ki, inzibati aktın qanuna zidd olduğu və bunun nəticəsində iddiaçının hüquqlarını pozduğu hallarda, məhkəmə həmin inzibati aktın (şikayət instansiyasına inzibati şikayət verildiyi hallarda isə, habelə şikayət instansiyasının müvafiq qərarının) ləğv edilməsi barədə qərar qəbul edir. Qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərarı ilə mübahisələndirilən qərarın ləğv olunmasını işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. Bu baxımdan, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarının qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin edilmədən, həmin qərar dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin Bakı İnzibati Məhkəməsinin 2-1(112)-505/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3097/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3097/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver