Məhkəmə qərarları › İş №2-1(103)-3099/2024

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3099/2024

11.09.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3099/2024 11.09.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X1 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Əkbərov Kamran Hüseyn oğlu və Məmmədova Şərafət Asif qızından ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsinə qarşı “qərarların ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası Müəyyən etdi: İddiaçı cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə (hazırda Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri X2 və Uçotun Təşkili Baş İdarəsi) qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli, **********9211 nömrəli, xx.xx.2022-ci il tarixli, **********9207 nömrəli və xx.xx.2022-ci il tarixli **********7780 nömrəli qərarların ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-2153/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərardadı ilə iddia ərizəsi geri götürülmüş sayılmış, iş üzrə icraata xitam verilmişdir. Həmin qərardaddan iddiaçı apellyasiya şikayəti verərək, qərardadın ləğv edilməsini və işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, İddiaçı cavabdeh Bakı şəhəri X3 üzrə Baş İdarəsinə qarşı iddia ərizəsi ilə Bakı İnzibatı Məhkəməsinə müraciət edərək, cavabdeh tərəfindən qəbul edilmiş xx.xx.2022-ci il tarixli **********9211 nömrəli, xx.xx.2022-ci il tarixli **********9207 nömrəli və xx.xx.2022-ci il tarixli **********7780 nömrəli qərarların ləğv edilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. Lakin üzürlü səbəbdən məhkəmə iclasında iştirak edə bilmədiyi üçün birinci instansiya məhkəməsi xx.xx.2024-cü il tarixli 2-1(112)-2153/2024 nömrəli qərardad qəbul etmiş, iddia ərizəsini geri götürülmüş saymışdır. Hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı əsassızdır. Belə ki, birinci instansiya məhkəməsində üzürlü olmağı barədə məhkəməyə ərizə ilə müraciət etmiş, yaxın qohumu rəhmətə getdiyi üçün məhkəmədə iştirak edə bilməmişdir. Birinci instansiya məhkəməsi isə iddiaçının iştirakı olmadan işə mahiyyəti üzrə baxmamış, məhkəmənin vaxtı və yeri barədə məlumat verməmişdir. Bu səbəblərə görə hesab edir ki, Bakı İnzibatı Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-2153/2024 nömrəli qərardadının ləğv edilməsi və işə mahiyyəti üzrə baxılıb qərar qəbul edilməsi zərurəti vardır. Məhkəmə iclasının yeri və vaxtı barədə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasında iştirak etməmişlər və gəlməmələrinin səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə hərtərəfli araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, qərardad dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan sənədlərdən görünür ki, iddiaçı hazırki iddia tələbi ilə əvvəl Şirvan İnzibati Məhkəməsinə müraciət etmişdir. xx.xx.2023-cü il və xx.xx.2023-cü il tarixlərdə keçirilən məhkəmə iclaslarının vaxtı və yeri barədə iddiaçıya məlumat verilməsinə baxmayaraq, məhkəmə iclaslarında iştirak etməmişdir. Şirvan İnzibati Məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə hazırki iddia ərizəsinə baxılması üçün iş aidiyyəti üzrə Bakı İnzibati Məhkəməsinə göndərilmişdir. Həmin qərardad tərəflərə, o cümlədən iddiaçıya rəsmi qaydada poçt vasitəsilə göndərilmişdir. Həmin qərardad poçt xəbərnaməsinə imza edilməklə xx.xx.2023-cü ildə iddiaçı tərəfindən rəsmi qaydada alınmışdır. İş Bakı İnzibati Məhkəməsinə daxil olduqdan sonra məhkəmə iclasları xx.xx.2023, xx.xx.2024, xx.xx.2024 və xx.xx.2024-cü il tarixlərə təyin edilmiş, bu barədə iddiaçıya SMS-bildiriş, eləcə də məhkəmə bildirişləri göndərilmiş, iddiaçıya Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinin tələbləri izah edilmiş, məhkəmə iclası barədə bildirişlər poçt xəbərnamələrinə imza edilməklə iddiaçı tərəfindən qəbul edilmişdir. Apellyasiya şikayətində iddiaçı məhkəmə iclasında üzürlü səbəbdən iştirak edə bilməməsi barədə məhkəməyə ərizə ilə müraciət etdiyini bildirsə də, məhkəmə iclasında üzrlü səbəbdən iştirak edə bilməməsi, məhkəmə iclasının təxirə salınması və ya işə onun iştirakı olmadan baxılması barədə iddiaçı tərəfindən məhkəməyə müraciət edilməmişdir, bu barədə sübutlar iş materiallarında mövcud deyildir. Eyni zamanda Bakı İnzibati Məhkəməsinin hazırda mübahisələndirilən qərardadını da iddiaçı poçt vasitəsilə almışdır, bu barədə poçt zərfi iddiaçı tərəfindən apellyasiya şikayətinə qoşulmuşdur. Bütün bunlar məhkəmə bildirişlərinin poçt vasitəsi ilə iddiaçı tərəfindən qəbul edildiyini təsdiq edir. Qeyd olunanlara baxmayaraq, iddiaçı məhkəmə iclaslarında iştirak etməmiş və bu barədə məhkəməyə məlumat verməmişdir. Bundan başqa, hazırki məhkəmə iclası barədə məhkəmə bildirişini poçt xəbərnaməsinə imza etməklə qəbul etməsinə baxmayaraq, iddiaçı hazırki məhkəmə iclasında da iştirak etmir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3-cü maddəsinə əsasən məhkəmənin tələbinə baxmayaraq, iddiaçı 30 gündən çox müddət ərzində ardıcıl olaraq iş üzrə məhkəmə icraatından yayındıqda, iddia geri götürülmüş sayılır. Belə hallarda məhkəmə iddianın geri götürülmüş sayılması barədə qərardad qəbul edir. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanuni və əsaslı olub, apellyasiya şikayətinin təmin edilməsi üçün əsaslar yoxdur, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərardadın ləğvi üçün əsas hesab edilə bilməz. Bu səbəbdən də apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 55.3, 80, 87, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Qərara aldı: İddiaçı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2153/2024 nömrəli, 23 aprel 2024-cü il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan təqdim olunduğu gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar