Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3099/2025 11.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), X2 və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Əzizzadə Rüfanə Elxan qızının katibliyi ilə, İddiaçı, İddiaçının nümayəndəsi və vəkili Vəkil, Cavabdehin nümayəndəsi X1 iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Cavabdehnə qarşı “əmrin ləğv edilməsi” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsində (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D İ : İddiaçı Cavabdeh tərəfindən verilmiş işdən azad edildiyimə dair əmrini ləğv edib iddiaçının Cavabdehndə polis sıravisi vəzifəsinə bərpa olunmasına, məcburi işburaxmaya görə əmək haqqının hesablanıb verilməsinə dair qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, Cavabdeh ilə 20 dekabr 2012-ci il tarixində 1620 ş/h saylı nömrə əsasında bağladığı əmək müqaviləsinə əsasən, polis sıravisi vəzifəsi işi üzrə xidmətə başlamışdır. 12 il 08 ay 07 gün qüsursuz xidmət etmişdir. Xidməti dövründə təşəkkümamə ilə mükafatlandırmışdır. xx.xx.2024-cü il tarixli 3-13-17/ə/ş/h/226 nömrəli əmək kitabçasında qeyd edilənə əsasən, iddiaçı yəni İddiaçı ilə Cavabdeh arasımda olan əmək müqaviləsinə xitam verilmişdir. İşə gedəndə ona bildirdilər ki, hələ işə gəlməyin, təzə işçilər götürülüb, onlar sizi bir müddət əvəz edəcəklər. Bir müddət keçdikdən sonra eşitmişdir ki, onu aldadıblar, əsassız yerə işdən xaric ediblər. Hüquqlarını tələb etdikdə, rədd cavabı almışdır, dedilər ki, ondan şikayət var. İş saatından sonra və asudə günlərdə taksi fəaliyyəti ilə məşğul olmuşdur, bir xanımla da qeyri-rəsmi münasibəti var. Bildirmişdir ki, maaşı aylıq xərclərimi qarşılamır, taksi fəaliyyəti ilə məşğul olmağı da bu səbəbdəndir, ancaq xanımla münasibətdə olmağı böhtandır. Lakin heç bir faydası olmadı, işdən çıxarma haqqında əmri istəsə də, əmri verməyərək cavab olaraq bildirdilər ki, şikayət tam araşdırılıb qurtarandan sonra əmri verəcəyik. Bir müddət keçdikdən sonra, 18 aprel 2024-cü il tarixində, işlədiyim yerə gedərək, uzun mübahisədən sonra əmək kitabçamı ala bilmişdir. 23 aprel 2024-cü il tarixində Baş Mühafizə İdarəsinə rəsmi qaydada poçt vasitəsilə, pretenziya məktubu göndərməyinə baxmayaraq, bu günədək rəsmi cavab verməyiblər. Dəfələrlə tələb etməyinə baxmayaraq, müxtəlif bəhanələrlə süründürməçilik edərək, yayınırlar. 18 may 2024-cü il tarixi məhkəmə müraciət etməyimin son günüdür. Bu səbəbdən də müddətinin bitməsinə 1 gün qalmış məhkəmə müraciət edir. İşsiz qaldığı bu neçə ay maddi vəziyyətini daha da ağırlaşdırdı. Aylıq məvacibi 675 manat təşkil etsə də qismən də olsa maddi tələbatlarını qarşılayırdı. İştirakı olmadan əmək müqaviləsinə birtərəfli qaydada xitam verilməsi qanunsuzdur. Həmin əmək müqaviləsi tərəflər arasında xx.xx.2012-cu il tarixində, müddətsiz bağlanmışdır. Cavabdeh tərəfindən işçilərin sayı azaldılmayıb, ştat ixtisar edilməyib. Bu səbəbdəndə hesab edir ki, cavabdeh qanunun aliliyini kənara qoyaraq qərəzli mövqedən çıxış edərək sözügedən qanunsuz əmri çıxarmışdır. Cavabdehlə yaranmış mübahisəni yoluna qoymaq cəhdlərim nəticə verməmişdir. Cavabdehə iddiaçı tərəfindən göndərilmiş təklifə də heç bir cavab verilmədi. Bundan sonra tərəfindən Mediasiya təşkilatına müraciət edilməsinə baxmayaraq, cavabdeh orqanın məsul şəxsi saymamazlıq edərək, mediasiya təşkilatına belə gəlmədi. Düşünmüşdür ki, gələr, orada barışıq sazişi bağlanılar, işinə bərpa olar, heç məhkəmə də olmaz. Buradan da iddiaçının işdən çıxarılması barədə qərar qəbul edərkən, cavabdehin qərəzli olduğu aydın olaraq nəzərə çarpır. İşlədiyi müddət ərzində iddiaçı işində hər zaman nizam-intizamlı olmuş və bir dəfə də olsun nöqsana yol verməmişdir, hər hansı bir intizam məsuliyyətinə cəlb edilməmişdir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı qərardaddan apellyasiya şikayəti verərək qərardadın ləğv edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uygun əsaslandırılmışdır. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək onun rədd edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçı və onun nümayəndəsi və vəkili apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdilər. Məhkəmə kollegiyası apelyasiya şikayətini iş materialları ilə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməlidir. İş materiallarında olan: - Bakı 8 saylı Mediasiya təşkilatının ilkin mediasiya sessiyasında (İMS) iştirak edilməməsi barədə xx.xx.2024-cü il tarixli arayış iş materiallarına əlavə edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, DİN-in sabiq əməkdaşı İddiaçı 20 dekabr 2012-ci il tarixindən 22 fevral 2024-cü il tarixədək DİN-in Baş Mühafizə İdarəsində polis nəfəri vəzifəsində xidmət edib və DİN-in Baş Mühafizə İdarəsinin müvafi əmri ilə 22 fevral 2024-cü il tarixdən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2025-ci il tarixli məktubu ilə İddiaçı Bakı şəhəri Nəsimi Rayon Mühafizə İdarəsinə çağırılaraq əmrlərlə tanış olmaması barədə tərtib olunmuş akt təqdim edilmişdir: - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən:
1. “Polis haqqında” Qanunun 29 və 32-ci, “DİO əməkdaşlarının etik davranış Kodeksinin” 1- 3, 12, 15, 17 və 22-ci, “İntizam Nizamnaməsi”nin 3.1, 3.2 və 3.9-cu bəndlərinin, həmçinin “Daxili işlər orqanlarında xidmətə qəbul və müsabiqənin keçirilməsi qaydaları haqqında” təlimatın 2.5.11-ci maddəsinin tələblərini pozaraq vətəndaş S.Babayeva ilə əxlaq normalarına zidd münasibətlər quraraq sonuncunun qaynı A.Mehdiyevin haqlı şikayətinə zəmin yaratdığına, DİO-da xidmətə qəbul olunan zaman təhrifedici məlumatlar verdiyinə, polisdə xidmətlə bir araya sığmayan ödənişli taksi fəaliyyətilə məşğul olduğuna, eləcə də müvafiq icazə almadan xidmət etdiyi (yaşadığı) ərazini tərk etdiyinə, “Tik-Tok” sosial şəbəkəsində “rakko_021” profili ilə qeydiyyatdan keçərək həmin sosial şəbəkənin resurslarından istifadə etdiyinə və araşdırma prosesində məsuliyyətdən yayınmaq məqsədi ilə qeyri-səmimi mövqe tutduğuna görə Nəsimi Rayon Mühafizə İdarəsinin polis nəfəri, polis baş serjantı İddiaçı “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə”nin 135-ci maddəsinin 4 və 9-cu bəndlərinə əsasən daxili işlər orqanlarında xidmətdən xaric edilmişdir.
2. Nəsimi RMl-nin rəhbərliyindən tabelikdəki əməkdaşların xidmətdə olduqları və xidmətdən kənar vaxtlarda qanunçuluğa, nizam- intizam və etik davranış qaydalarına, DİN-in və BMl-nin aidiyyəti əmr, eləcə də göstərişlərinin tələblərinə ciddi riayət etmələrinə nəzarətin artırılması polisin nüfuzuna və daxili işlər orqanları əməkdaşlarının adına xələl gətirən neqativ halların qarşısının alınması üçün kəsərli tədbirlərin görülməsi tələb olunsun. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinə əsasən “Azərbaycan Respublikası daxili işlər orqanlarında xidmət keçmə haqqında Əsasnamə” yə müvafiq olaraq 135-ci maddənin 4 və 9-cu bəndləri ilə (daxili işlər orqanlarında xidmətlə bir araya sığmayan fəaliyyətlə məşğul olduğuna və daxili işlər orqanları əməkdaşı adına ləkə gətirən hərəkət etdiyinə görə) xidmətdən xaric edilmişdir. - xx.xx.2024-cü il tarixli akta əsasən: “Nəsimi RMİ-nin rəis müavini, polis mayoru, kadr və peşə hazırlığı üzrə baş inspektor, polis kapitanı, bölük komandiri, polis baş leytenantı və kargüzar bu aktı tərtib edirik ondan ötrü ki, polis baş serjantı İddiaçı idarəyə dəvət olunsa da, Baş Mühafizə İdarənin xx.xx.2024-cü il tarixli 3-13-17/Ə56/2024 nömrəli əmri ilə ona elan edilmiş cəza ilə tanış edilməkdən imtina etmişdir.” Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Azərbaycan Respublikası Ali Məhkəməsinin Plenumunun “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” 10 aprel 2015-ci il tarixli, 5 saylı qərarına əsasən: 1.1. inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri olan ilkin şərt onun mümkün olmasıdır. 1.3. mümkünlük şərtləri iddiaya mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. 2.3. ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmaması, cavabdehin həmin iddiaya cavab verməli olub-olmaması, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmaması, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyi, prosessual həmiştirakçılığın yol verilənliyi, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyü İPM-in 37-ci maddəsinə uyğun yoxlanılmalıdır. 4.1. İPM-in 35.1-ci maddəsinə görə, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır. 5.2-ci bəndinə əsasən iddianın mümkünlüyü baxımından hüququn pozulması o halda mövcud olur ki, hüquqa müdaxilə aşkar şəkildə baş verir və birmənalı nəzərə çarpır. 8.6. İddianın mümkünlük şərtləri icraatın bütün mərhələlərində yoxlanılmalı, həmin şərtlər mübahisənin mahiyyəti üzrə qərar çıxırıldığı anda mövcud olmalıdırlar.
9. Məhkəmələrin diqqətinə çatdırılsın ki, İPM-də nəzərdə tutulmuş mümkünlük şərtləri ilə yanaşı ayrı-ayrı iddia növləri üzrə tələb olunan mümkünlük şərtlərinin (məsələn, məcburetmə, öhdəliyin icrası və vurulmuş ziyana görə kompensasiyanın ödənilməsi haqqında iddialarda iddiaçının müvafiq ərizə ilə əvvəlcə inzibati orqana müraciət etməsi, iddianın verilməsi müddətinə əməl olunması və s.) də mövcudluğu yoxlanılmalıdır.
12. inzibati mübahisələrin predmetini inzibati orqanlar tərəfindən qəbul edilmiş və ya qəbul edilməsi arzu edilən inzibati aktlar, habelə inzibati orqanların fiziki və hüquqi şəxslərə münasibətdə faktiki xarakterli hərəkətləri təşkil edir.
13. İnzibati orqan tərəfindən qəbul edilmiş istənilən aktı inzibati akt hesab etmək olmaz. “İnzibati icraat haqqında” Qanunun 2.0.2-ci maddəsində təsbit edildiyi kimi, qəbul edilmiş akt yalnız o, zaman inzibati akt kimi qiymətləndirilə bilər ki, o inzibati orqan tərəfindən ümumi (publik) hüquq sahəsinə aid müəyyən (konkret) məsələni nizama salmaq və ya həll etmək məqsədi və hakimiyyət səlahiyyətlərinin tətbiqi ilə əlaqədar qəbul edilsin və ünvanlandığı şəxslər üçün müəyyən hüquqi nəticələr yaratsın. 14.1. inzibati aktlar hüquqi status yaratmaq, dəyişdirmək və ya xitam vermək xüsusiyyətinə malikdirlər. 16.1. İddianın mümkünlüyünə dair şərtlərə, həmçinin iddianın lazımı qaydada qaldırılması da aiddir. 16.2. İddia ərizəsi İPM-in 46.1-ci maddəsində təsbit edilmiş formal tələblərə cavab verməlidir. 16.3. Həmin normada nəzərdə tutulmuş iddia ərizəsinin məzmununa dair tələblər - ərizənin verildiyi məhkəmənin adı; iddiaçı və cavabdeh fiziki şəxslərin soyadları, adları, atalarının adları, yaşayış yerləri, inzibati orqanların (hüquqi şəxslərin) adı və hüquqi ünvanları; iddiaçının (ərizəçinin) tələbi - imperativ xarakter daşıyır və verilmiş ərizələrdə bunlar göstərilməlidir. 16.4. İPM-in 46.3-cü maddəsinə əsasən, iddia ərizəsi bu Məcəllənin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədikdə hakim və ya məhkəmə tərkibinə sədrlik edən tərəfindən təyin olunmuş hakim (məruzəçi hakim) iddia ərizəsini həmin tələblərə uyğunlaşdırmaq üçün ağlabatan müddət təyin edir. 16.5. Nəzərə alınmalıdır ki, həmin normanın, həmçinin dinlənilmə hüququnun təmin edilməsi məqsədi ilə iddia ərizəsindəki çatışmazlıqlar, təyin edilmiş müddət və həmin müddət ərzində çatışmazlıqların aradan qaldırılmamasının hüquqi nəticələri barədə iddiaçı bilavasitə və ya məhkəmə bildirişi vasitəsi ilə məlumatlandırılmalıdır. Bu, həm də İPM-in 11.2 və 49.2-ci maddələrinin tələblərindən irəli gəlir. Belə ki, İPM-in 11.2-ci maddəsinə əsasən, məhkəmə inzibati prosesin gedişində proses iştirakçılarından hər birinə öz mövqeyini ifadə etmək, prosessual hüquqlarını və vəzifələrini həyata keçirmək üçün tam və bərabər imkanlar yaratmağa borcludur. İPM-in 49.2-ci maddəsinə əsasən, məhkəmənin bütün sərəncamları barədə proses iştirakçılarına vaxtında məlumat verilməlidir. 16.6. İddia ərizəsindəki çatışmazlıqlar məhkəmə tərəfindən təyin edilmiş müddətdə aradan qaldırılmadıqda (həmin müddət iddiaçının vəsatətinə əsasən məhkəmə tərəfindən uzadıla bilər), məhkəmə iddianın mümkünlüyü ilə bağlı məsələni həll edə bilər. Hazırkı işin hallarından müəyyən edilir ki, iddiaçı inzibati aktın qeyd edilən əlamətlərinə malik Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi Baş Mühafizə İdarəsinin xx.xx.2024-cü il tarixli əmrinin ləğv edilməsini və xidmətə bərpa olunmasını tələb edir. Odur ki, iddianın növü mübahisələndirməyə dair iddiadır. Azərbaycan Respublikası İPM-in 38.1-ci maddəsinə əsasən, mübahisələndirmə haqqında iddia inzibati aktın təqdim (elan) olunduğu vaxtdan, şikayət instansiyasına şikayət verildiyi hallarda isə şikayətə dair qəbul olunan inzibati aktın təqdim olunduğu vaxtdan 30 gün müddətində, elmi dərəcələr və elmi adlar verilməsi, xarici ölkələrdə verilmiş elmi dərəcələr və elmi adlar haqqında sənədlərin nostrifikasiyası (ekvivalentliyinin müəyyən edilməsi və tanınması) və ya təkrar attestasiya əsasında tanınması, elmi dərəcədən və elmi addan məhrumetmə (elmi adın və elmi dərəcənin bərpası) ilə bağlı inzibati aktlara münasibətdə isə bu inzibati aktlar qəbul edildiyi tarixdən 2 ay müddətində qaldırıla bilər. Azərbaycan Respublikasının 29 iyun 2001-ci il tarixli 168-İİQ saylı Qanunu ilə təsdiq edilmiş “Azərbaycan Respublikasının daxili işlər orqanlarında xidmət keçmə haqqında” Əsasnamənin 150ci bəndinə əsasən, xidmət keçmə yerini dəyişdirmə, tutduğu vəzifədən azad edilərək aşağı vəzifəyə keçirilmə haqqında qərarla razı olmayan daxili işlər orqanlarının əməkdaşı yazılı bildiriş aldığı gündən daxili işlər orqanlarının yuxarı vəzifəli şəxslərinə müraciət etmək, daxili işlər orqanlarından xaric olunma haqqında qərarla razı olmadıqda isə məhkəməyə şikayət etmək hüququna malikdir. İş materiallarına əlavə edilmiş xx.xx.2024-cü il tarixli aktdan müəyyən edilir ki: “Nəsimi RMİnin rəis müavini, polis mayoru, kadr və peşə hazırlığı üzrə baş inspektor, polis kapitanı, bölük komandiri, polis baş leytenantı və kargüzar bu aktı tərtib edirik ondan ötrü ki, polis baş serjantı İddiaçı idarəyə dəvət olunsa da, Baş Mühafizə İdarənin xx.xx.2024-cü il tarixli 3-13-17/Ə56/2024 nömrəli əmri ilə ona elan edilmiş cəza ilə tanış edilməkdən imtina etmişdir.” Göründüyü kimi iddiaçı qeyd edilən tarixdən xidmətini davam etdirməmiş, xidmətinə həmin tarixdən xitam verildiyi ona bəlli olmuşdur. Qeyd edilən hal həm iddiaçının izahatına, həm də cavabdeh tərəfindən təqdim edilən akta əsasən müəyyən edilir. Məhkəmə kollegiyası qeyd edir ki, mediasiya prosesinin tətbiqi ilə bağlı müddət axımı məhkəməyə müraciət etmə müddətini dayandırsa belə, iddiaçı tərəfindən İPM-in 38.1-ci maddəsi ilə müəyyən edilmiş müddət ötürülmüşdür. Belə ki, iddiaçı ilkin mediasiya üçün xx.xx.2024-cü il tarixdə müraciət etmiş, xx.xx.2024-cü il tarixdə ilkin mediasiya sessiyasında iştirak edilməməsi barədə arayış verilmişdir. İddiaçı müvafiq tələblə məhkəməyə xx.xx.2024-cü il tarixdə müraciət etmişdir. Azərbaycan Respublikası İPM-in 35.1-ci maddəsinə əsasən bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır Həmin Məcəllənin 35.3-cü maddəsinə görə iddianın mümkün sayılmaması barədə məhkəmə qərardad qəbul edir. Həmin qərardaddan yuxarı məhkəməyə şikayət verilə bilər. Göründüyü kimi qanunun tələbinə görə istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddia yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir. İddianın əsaslı hesab edilərək məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtlər - tələbin iddia müddətinə dair normalara riayət edilməklə və iddiaya cavab verməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Konstitusiyadan, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və qanun qüvvəli aktlardan irəli gəlməsidir.Həmin maddənin tələbinə əsasən inzibati məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının və qanunla qorunan maraqlarının güman və ehtimal edilən pozulması deyil, konkret hüquqların pozulmasının əsaslandırıldığı hallarda mümkün hesab edilir. Beləliklə, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası işin yuxarıda müzakirə edilən hallarına məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin qərardadı maddi və prosessual hüquq normalarının tətbiqi baxımından qanuni olmuş, apellyasiya şikayəti qərardadın ləğvinə əsas verməmiş, bununla əlaqədar olaraq, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İPM-in 82, 87, 90 və 94-cu maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D İ : Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1355/2025 saylı, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardaddan işdə iştirak edən şəxslərə rəsmi qaydada verildiyi gündən 10 (on) gün müddətinə Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin inzibati kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küç, 14) kassasiya şikayəti verilə bilər.