Məhkəmə qərarları › İş №2-1(103)-31/2021

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-31/2021

24.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-31/2021 24.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Nağıyeva Elmira Eyvaz qızı (sədrlik edən və məruzəçi), Baxışova Vüsalə Ələkbər qızından və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X5, İddiaçının vəkili Vəkil (Bakı şəhəri 27 saylı Vəkil Bürosu), Üçüncü şəxsin nümayəndəsi X3 iştirakları ilə, İddiaçı (xx.xx.1978-ci il tarixində Masallı rayonunda anadan olmuş, Bakı şəhəri, ünvan 1 ünvanında qeydiyyatdadır) cavabdeh Təhsildə X1rşı diplomun tanınması tələbinə dair 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 3175/2018 nömrəli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçı 25.06.2018-ci il tarixində cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil aldığı ixtisasın tanınması və həmin universitet tərəfindən adına verilmiş 03.03.2015-ci il tarixli Dİ 033778 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddia ərizəsi ilə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə müraciət etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçıya M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən 03.03.2015-ci il tarixdə adına verilmiş Dİ 033778 nömrəli magistr diplomunun Azərbaycan Respublikası ərazisində tanınması barədə cavabdeh inzibati orqana müraciət etmiş, cavabdehin 12.06.2018-ci il tarixli 1225/ANİ saylı cavab məktubu ilə xahişi təmin edilməmiş, imtinaya səbəb kimi, diplom əlavəsində qeyd olunan tədris yükünü yerinə yetirməyinin qeyri-mümkün olması göstərilmişdir. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19.10.2018-ci il tarixli iş № 2-1(82)- 3175/2018 (sədrlik edən hakim X.İmanov) qərarı ilə iddianın təmin edilməsi qərara alınmışdır. Məhkəmənin qeyd olunan qərarından narazı qalan cavabdeh apellyasiya şikayəti verərək birinci instansiya məhkəməsinin 19.10.2018-ci il tarixli qərarının ləğv edilməsini, iddia tələbinin isə təmin edilməməsini məhkəmə kollegiyasından xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı 1998-ci ildə Azərbaycan Dillər Universitetinin Filologiya fakültəsini fransız dili istiqaməti üzrə bitirərək bakalavr dərəcəsi almış, sentyabr 2013 - mart 2015-ci illərdə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil müəssisələrinin idarə edilməsi ixtisası üzrə qiyabi təhsil formasında ali təhsilin ikinci səviyyəsi - magistr təhsili almışdır. “Filologiya” və “idarəetmə” ixtisasları ayrı-ayrı ixtisas qruplarına aid edildiyindən və normativ üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçının həmin ölkədə qısa müddət olması səbəbindən ona imtina edilmişdir Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28.03.2019-cu il tarixli iş № 2-1(103)-847/2019 (hakimlər Ülvi Mayılov - sədrlik edən və məruzəçi, Mirzə Tağızadə və Fuad Talışinski) qərarı ilə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin təmin edilməsi, birinci instansiya məhkəməsinin 2-1 (82)3175/2018 saylı 19 oktyabr 2018ci il tarixli qərarının ləğv edilməsi, iddiaçının cavabdehə qarşı diplom üzrə aldığı ixtisasın ölkə ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi vəzifəsinin cavabdehə həvalə edilməsi tələbinə dair iddiasının təmin edilməməsi qərara alınmışdır. Qərardan iddiaçı tərəfindən kassasiya şikayəti verilmiş AR Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(102)-2256/2019 saylı, 10.07.2019-cu il tarixli qərarı ilə (hakimlər Z.Quliyev, İ.Hüseynov, R.Nəbizadə) İddiaçı kassasiya şikayəti qismən təmin edilmiş, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 28 mart 2019-cu il tarixli 2-1(103)-847/19 saylı qərarı ləğv edilmiş, iş təkrar baxılması üçün apellyasiya instansiyası məhkəməsinə göndərilmiş, Kasasiya şikayəti qalan hissədə təmin edilməmişdir. İşin hazırkı apellyasiya icraatı zamanı Azərbaycan Respublikası X6 üçüncü şəxs qismində cəlb edilmişdir. Cavabdeh və digər üçüncü şəxs məhkəmə kollegiyası iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmalarına baxmayaraq nümayəndələri sonuncu məhkəmə iclasına gəlməmişlər. Azərbaycan Respublikası İPM-nin 62.3.-cü maddəsinə əsasən işə onların nümayəndələrinin iştirakları olmadan baxılması mümkün hesab edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən iddiaçının vəkili apellyasiya şikayətinə etiraz edərək, onun təmin edilməməsini xahiş etdi. Məhkəmə kollegiyası iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi izahat verərək, diplomun tanınması, nostrifikasiya olunması, ixtisasın ekvivalentliyinin tanınması və s. X4 səlahiyyətlərinə aid olan məsələ olmadığını, ixtisasların uyğunluğu ilə bağlı Jurnalın çıxarışını təqdim etdiyini, orada menecment (təhsilin təşkili və idarə olunması) ixtisasının olduğunu, bu ixtisasın iddiaçının Draqomonov adına Milli Pedaqoji Universitetdə aldığı ixtisasa uyğun olub-olmamasının araşdırılmasının onların səlahiyyətlərindən kənar olduğunu, sadəcə bu ixtisasların iddiaçının bakalavr ixtisası ilə Azərbaycan Respublikasında qəbul ola biləcəyi magistr ixtisaslarının siyahısını təqdim etdiklərini qeyd etmişdir. Əvvəlki məhkəmə kollegiyası iclasında iştirak etmiş cavabdehin nümayəndəsi X2 apellyasiya şikayətini müdafiə edərək, onun təmin edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməli və birinci instansiya məhkəməsinin hazırkı iş üzrə qərarı ləğv edilməli, iddia tələbi rədd edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinin tələblərini və cavabdehin apellyasiya şikayətinin birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinə yönəldiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarının əsaslılığı tam həcmdə yoxlanılmalıdır. Qeyd olunan normanın tələbini və cavabdehin apellyasiya şikayətində birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsinin tələb edildiyini nəzərə alan məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsinin qərarı tam yoxlanılmalıdır. İş materiallarında olan: - 03.05.2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 053/15) magistr diplomunun təsdiq edilmiş surətindən müəyyən olunur ki, İddiaçı 03.03.2015-ci ildə M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə magistr dərəcəsi almışdır. - 03.03.2015-ci il tarixli Dİ № 033778 saylı magistr diplomuna əlavədən görünür ki, İddiaçı M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisası üzrə 2013-2015-ci illərdə təhsil aldığı müddətdə növbəti test və imtahanlardan keçmiş, 26 fənn üzrə məqbul, yaxşı və əla qiymətlər almış, diplom müdafiəsi 60 kafi qiymətlə qiymətləndirilmişdir. - M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən iddiaçıya verilmiş 19.09.2013-cü il tarixdə 976 nömrəli arayışın təsdiq olunmuş surətindən görünür ki, İddiaçı həqiqətən də M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil və təhsilin təşkili sahəsində “müəssisə, idarə və təşkilatların meneceri” ixtisasının qiyabi formasına qəbul olunmuş və 20.09.2013-cü il tarixli qərarı ilə siyahıya daxil edilmişdir. - Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya İdarəsinin iddiaçıya ünvanladığı 08 noyabr 2018-ci il tarixli 1225/ANİ nömrəli məktubuna əsasən iddiaçının xarici ali təhsil ixtisasının Azərbaycan Respublikası ərazisində tanınması və ekvivalentliyinin müəyyən edilməsi barədə elektron müraciətinə baxılmış və cavab olaraq bildirilmişdir ki, M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin normativi üzrə orada təhsil almaq üçün tələb olunan müddətin qarşılığında iddiaçı həmin ölkədə qısa müddət ərzində olmuşdur. Hesab edilmişdir ki, təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkündür. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2003- cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 3.6-cı bəndinə əsasən Ekvivalentlik haqqında Şəhadətnamənin verilməsi üçün sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblər uyğun olmalıdır. Göstərilənləri nəzərə alaraq Qaydaların 3.7-ci bəndinə əsasən, M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən İddiaçı adına verilmiş 03 mart 2015-ci il tarixli Dİ № 033778 nömrəli diplomun ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası DİM-nin 04/04-08/1240 saylı, 19.05.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “İddiaçı cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə qarşı (üçüncü şəxs - X6) “diplomun tanınması tələbi”nə dair inzibati iş üzrə Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli aralıq qərardadının (bakalavr diplomu üzrə ixtisasın 03.03.2015-ci il tarixli, Dİ “033778 saylı (qeydiyyat nömrəsi 53/15) magistr diplomu üzrə istiqamətə (ixtisasa) uyğun olub-olmaması (dərs aldığı fənlərlə alması zəruri olan fənlər arasında nə kimi fərqlərin olması) barədə əsaslandırılmış imtina cavabı verilməsinin cavabdeh Azərbaycan Respublikası Təhsil Nazirliyinə həvalə edilməsi) icrası ilə bağlı Nazirliyin Təhsildə Keyfiyyət Təminatı Agentliyindən məhkəməyə daxil olmuş 11.02.2021-ci il tarixli 00-05-45/TKTA saylı məktubda sözügedən qərardadın icrası zamanı X4 nümayəndəsinin iştirak edib-etməməsi qeyd edilmədiyi üçün bu barədə məlumat verilməsi ilə bağlı sorğuya baxılmışdır. Qeyd edilən məsələ ilə bağlı Təhsildə Keyfiyyət Təminatı Agentliyindən Mərkəzə hər hansı məktub daxil olmamış və aralıq qərardadının icrasını təmin etmək məqsədilə Mərkəzin nümayəndəsi prosesdə iştirak etməmişdir. - Cavabdehin 00-05-355/TKTA saylı, 20.08.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, “Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində 2013-2015-ci illər ərzində “Menecment” ixtisası üzrə qiyabi magistratura təhsili almış İddiaçı xarici ali təhsil ixtisasının tanınması məqsədi ilə 05.05.2016-cı il tarixində Təhsil Nazirliyinin Akkreditasiya və Nostrifikasiya idarəsinə müraciət etmişdir. Ərizəçinin xarici ali təhsil ixtisasının ölkə ərazisində tanınmasından imtina edilməsi haqqında 21.11.2016-cı il tarixli qərar qəbul edilmişdir. Belə ki, ərizəçinin sənədlərinin ekspertizası çərçivəsində İddiaçı 2013-2015-ci illərdə aldığı təhsil üzrə sərhədkeçmə məlumatlarının araşdırılması zamanı müəyyən olunmuşdur ki, iddiaçı Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universitetinin qiyabi tədris normativi üzrə təhsil almaq üçün tələb olunan müddətin qarşılığında həmin ölkənin ərazisində qısa müddət ərzində olduğundan diploma əlavədə qeyd olunan tədris yükünü yerinə yetirməsi qeyrimümkündür. Eyni zamanda ali təhsil sənədlərinin araşdırılması zamanı İddiaçı “Filologiya” ixtisası üzrə bakalavr təhsili aldığı müəyyən olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 14 iyun tarixli, 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi çərçivəsində yalnız tibb, təbiət, texniki və texnoloji ixtisaslar qrupuna daxil olan ixtisaslar üzrə təhsil səviyyələri arasında ixtisas uyğunluğunun olması tələbi əsas göturərək İddiaçı bakalavr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Filologiya) magistr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Təhsilin təşkili və idarə olunması ) arasında uyğunsuzluq aşkarlanmamışdır. - Cavabdehin 00-05-45/TKTA saylı, 11.02.2021-ci il tarixli məktubunda qeyd edilmişdir ki, Bakı Apellyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 22.10.2019-cu il tarixli, 2-1(103)-2244/2019 saylı qərardadının icrası məqsədilə İddiaçı Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən verilmiş 03.03.2015-ci il tarixli, Dİ 033778 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilməmişdir. - Azərbaycan Respublikası Dövlət Sərhəd Xidməti Sərhəd Nəzarəti İdarəsi tərəfindən məhkəməyə ünvanlanmış (03 oktyabr 2019-cu il tarixli, 37/5726 nömrəli) İddiaçı 2015- 2019-cu illər ərzində dövlət sərhədindən hərəkəti barədə İAMAS bazasında aşağıdakı məlumatlar qeydə alınmışdır: 22.02.2015 - Çıxış Ukrayna; 28.02.2015 -Giriş Ukrayna ; 16.08.2015 - Çıxış Türkiyə; 25.08.2015 - Giriş Türkiyə; 03.09.2016 - Çıxış Türkiyə; 12.09.2016 - Giriş Türkiyə; 12.11.2016 -Çıxış Türkiyə; 17.11.2016 - Giriş Türkiyə; 09.01.2018 - Çıxış Ukrayna; 19.01.2018 - Giriş Ukrayna; 08.03.2019 - Çıxış İran; 10.03.2019 -Giriş İran. - Azərbaycan Respublikası Təhsil Nazirliyi tərəfindən təqdim edilmiş İddiaçı sərhədkeçmə məlumatlarına əsasən (iş mat. 38-ci səh.) : 19.05.2013- çıxış Biləsuvar; 25.05.2013- giriş Astara; 16.07.2013- çıxış Roma; 08.08.2013- giriş Kiyev; 17.09.2013-çıxış Kiyev; 23.09.2013- giriş Vyana; 21.08.2014çıxış Dubay; 26.08.2014- giriş Dubay; 22.02.2015-çıxış Kiyev; 28.02.2015- giriş Kiyev; 16.08.2015-çıxış Antalya; 25.08.2015- giriş İstanbul. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşmayaraq aşağıdakıları qeyd edir: Azərbaycan Respublikası Prezidentinin 29 dekabr 2019-cu il tarixli Fərmanı ilə təsdiq edilmiş “Təhsildə Keyfiyyət Təminatı Agentliyinin Nizamnaməsi”nin 1.1-ci bəndinə əsasən Təhsildə Keyfiyyət Təminatı Agentliyi (bundan sonra – Agentlik) mülkiyyət və təşkilatihüquqi formasından asılı olmayaraq, Azərbaycan Respublikasında fəaliyyət göstərən təhsil müəssisələrinin akkreditasiyası və xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası), xarici ölkələrdə verilən təhsil haqqında sənədlərin tanınması, habelə peşə təhsili üzrə qeyri-formal və informal təhsil formaları vasitəsilə əldə edilmiş bilik, bacarıq, səriştə və təcrübənin qiymətləndirilməsi və tanınması məqsədilə imtahan keçirilməsi və peşə ixtisasını təsdiq edən dövlət təhsil sənədinin verilməsi sahəsində (bundan sonra – müvafiq sahədə) fəaliyyət göstərən publik hüquqi şəxsdir. Həmin Nizamnamənin 2.2.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınmasını həyata keçirmək Agentliyin fəaliyyət istiqamətlərindən biridir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentiliyinin müəyyən edilməsi (nostrifikasiyası) ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.4-cü bəndinə görə xarici dövlətlərin ali təhsilə aid kvalifikasiyalarının tanınması ilə bağlı ekspertizanı təşkil etmək Agentliyin vəzifəsidir. Həmin Nizamnamənin 3.1.8-ci bəndinə görə bu Nizamnamə ilə müəyyən edilmiş fəaliyyət istiqamətlərinə uyğun olaraq Azərbaycan Respublikasının beynəlxalq müqavilələri ilə tənzimlənən və Agentliyinin fəaliyyət istiqamətlərinə aid məsələlər üzrə Azərbaycan Respublikasının götürdüyü öhdəliklərin yerinə yetirilməsini təmin etmək Agentliyin vəzifəsidir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13.05.2003-cü il tarixli, 64 saylı qərarı ilə təsdiq edilmiş “Xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi (nostrifikasiyası) Qaydaları”nın 1.2-ci bəndinə əsasən xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması dedikdə, xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən verilmiş, ali təhsil proqramının uğurla bitirilməsini təsdiq edən, bu və ya digər dərəcə verən hər hansı sənədin, diplomun, yaxud başqa bir şəhadətnamənin Azərbaycan Respublikasının ərazisində qüvvədə olmasının təsdiqi başa düşülür. - 1.3-cü bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının ekvivalentliyinin müəyyən edilməsi xarici dövlətlərin səlahiyyətli orqanları tərəfindən bu ixtisasların alındığını təsdiq edən sənədlərin sahiblərinə Azərbaycan Respublikasında verilmiş ali təhsil haqqında sənədlərin sahiblərinin malik olduqları eyni akademik və peşə hüquqlarının verilməsi deməkdir. - 1.4-cü bəndinə görə isə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və ekvivalentliyi haqqında Şəhadətnamə onun sahibinə əlavə (ikinci) ixtisas almaq, ixtisasını artırmaq, diplomdan sonrakı hazırlıq pilləsinə qəbul olunmaq, habelə müvafiq peşə fəaliyyəti göstərmək hüququ verir. - 1.6-cı bəndinə görə xarici dövlətlərin ali təhsil sahəsində ixtisaslarının tanınması və tanınma haqqında Şəhadətnamənin verilməsi bu Qaydalar əsasında Azərbaycan Respublikasının Təhsil Nazirliyi tərəfindən həyata keçirilir. Azərbaycan Respublikasının tərəfdaş çıxdığı beynəlxalq müqavilələrdə və dövlətlərarası razılaşmalarda ekvivalentlik müəyyən edilibsə, ekvivalentlik haqqında Şəhadətnamə ekspertiza keçirilmədən verilir. - 3.2-ci bəndinə görə ali təhsil sahəsində ixtisasların ekvivalentliyinin müəyyən olunması aşağıdakı qaydada keçirilir: - ekspertiza – xarici ölkələrin verdiyi ali təhsil sahəsində ixtisasların tanınması və xarici dövlətdə alınmış təhsilin Azərbaycan Respublikasında qüvvədə olan təhsil standartlarına uyğunluğunun müəyyən edilməsi; - xarici ölkələrdə alınmış təhsilin məzmununun Azərbaycan Respublikasında təhsilin dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi (xarici dövlətin təhsil sahəsində ixtisasının tanınmasından sonra). - 3.3-cü bəndinə görə təhsilin məzmununun dövlət standartlarına uyğunluğunun müəyyənləşdirilməsi məqsədi ilə Azərbaycan Respublikası Təhsil Nazirliyinin elmi metodiki bölmələri və təhsil sisteminin yüksək ixtisaslı mütəxəssislərindən ibarət ekspert qrupu yaradılır. - 3.6-cı bəndinə görə ekvivalentlik haqqında Şəhadətnamə aşağıdakılara əsasən verilir: - təhsil sahəsində ixtisasın tanınması barədə müsbət rəy; - təhsilin məzmununun uyğunluğu haqqında müsbət ekspert rəyi; - Azərbaycan Respublikasının müvafiq sahə üzrə tərəfdar çıxdığı beynəlxalq müqavilələr, eyni zamanda sənədi verən ölkədə və Azərbaycan Respublikasında təhsilin müvafiq strukturlarına qoyulan tələblərin uyğunluğu. - 3.7-ci bəndinə görə 3.6-cı bənddə göstərilən əsasların biri üzrə mənfi rəy ekvivalentlik haqqında Şəhadətnamənin verilməsinə imtina etmək üçün səbəb ola bilər. Mənfi rəy aşağıdakı hallarda verilə bilər: - xarici dövlətdə ali təhsil sahəsində ixtisas almaq üçün təlimin ümumi normativ müddəti Azərbaycan Respublikasında təhsilin dövlət standartlarında nəzərdə tutulduğundan bir il az olduqda; - təhsil haqqında sənədin verildiyi ölkədə onların sahiblərinə həmin sənədin verdiyi hüquqlar Azərbaycan Respublikasında müvafiq sənədin verdiyi hüquqlardan az olduqda (məsələn, onların sahiblərinin doktoranturaya daxil olmaq və ya peşə fəaliyyəti ilə məşğul olmaq hüququ yoxdursa); - xarici ölkələrdə verilən təhsil istiqamətlər (ixtisaslar) üzrə qiyabi və əyani-qiyabi olduqda, lakin Azərbaycan Respublikasında həmin istiqamət (ixtisas) üzrə belə təhsil formasına yol verilmədikdə. Ali Məhkəmənin hazırkı iş üzrə hüquqi mövqeyi ondan ibarət olmuşdur ki, “bununla əlaqədar olaraq məhkəmə kollegiyası ilk öncə qeyd etməyi zəruri hesab edir ki, Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasının rəsmi internet saytında “Bakalavriat səviyyəsində ixtisasın şifri və adı”, həmçinin “Magistratura səviyyəsində uyğun ixtisasların (ixtisaslaşmaların) şifri və adı” bölmələrində birmənalı şəkildə göstərilmişdir ki, “0102 Dil və ədəbiyyat müəllimliyi (fransız dili və ədəbiyyatı)” üzrə bakalavriat səviyyəsində ixtisasın davam etdirilməsi “060407 Menecment - Menecment (təhsilin təşkili və idarə olunması) ixtisası” üzrə nəzərdə tutulmuş, lakin apelyasiya instansiyası məhkəməsi həmin məsələni diqqətə almamış və bunun tam və hərtərəfli araşdırılması üçün Azərbaycan Respublikası Tələbə Qəbulu üzrə Dövlət Komissiyasını işə üçüncü şəxs qismində cəlb etməli olduğu halda, etməmiş, bunun nəticəsində də sözügedən mühüm məsələ araşdırılmadan qalmışdır.” Azərbaycan Respublikası İPM-nin 96.11-ci maddəsinə əsasən Mübahisə edilən qərarla bağlı Ali Məhkəmənin hüquqi mövqeyi apellyasiya instansiyası məhkəmələri üçün məcburidir. İşin hazırkı apellyasiya icraatı zamanı müvafiq hüquqi göstərişlər nəzərə alınmış və Azərbaycan Respublikası X6 üçüncü şəxs qismində məhkəmə icraatına cəlb edilmişdir. Eyni zamanda işin hazırkı apellyasiya icraatı zamanı Məhkəmənin 22.10.2019-cu il tarixli qərardadı ilə İddiaçı 02.07.1998-ci il tarixli bakalavr diplomu üzrə ixtisasın 03.03.2015-ci il tarixli Dİ № 033778 saylı (qeydiyyat nömrəsi 53/15) magistr diplomu üzrə istiqamətə (ixtisasa) uyğun olub-olmaması (dərs aldığı fənlərlə alması zəruri olan fənlər arasında nə kimi fərqlərin olması) barədə əsaslandırılmış imtina cavabının verilməsi cavabdeh Azərbaycan Respublikasının Təhsil Nazirliyinə həvalə edilmiş, iddiaçının müraciətinə əsaslandırılmış cavab verilməsi üçün Azərbaycan Respublikasının Təhsil Nazirliyinə 1 (bir) ay müddət təyin edilməsi qərara alınmışdır. Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin 00-05-355/TKTA saylı, 20.08.2021-ci il tarixli və 00-05-45/TKTA saylı, 11.02.2021-ci il tarixli məktublarında İddiaçı Ukraynanın M.P.Draqomanov adına Milli Pedaqoji Universiteti tərəfindən verilmiş 03.03.2015-ci il tarixli, Dİ 033778 nömrəli diplom üzrə ixtisasın tanınması məsələsi aidiyyəti üzrə Təhsildə Keyfiyyət Təminatı Agentliyində yenidən araşdırılmış və həmin ixtisasın ölkə ərazisində tanınması mümkün hesab edilmədiyi qeyd edilmişdir. Eyni zamanda ali təhsil sənədlərinin araşdırılması zamanı İddiaçı “Filologiya” ixtisası üzrə bakalavr təhsili aldığı müəyyən olmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2011 -ci il 14 iyun tarixli, 95 nömrəli qərarı ilə təsdiq edilmiş “Ali təhsilin magistratura səviyyəsi üzrə ixtisasların (ixtisaslaşmaların) təsnifatı”na əsasən xarici ali təhsil ixtisaslarının tanınması və ekvivalentliyinin müəyyən edilməsi çərçivəsində yalnız tibb, təbiət, texniki və texnoloji ixtisaslar qrupuna daxil olan ixtisaslar üzrə təhsil səviyyələri arasında ixtisas uyğunluğunun olması tələbi əsas göturərək İddiaçı bakalavr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Filologiya) magistr səviyyəsi üzrə əldə etdiyi ixtisas (Təhsilin təşkili və idarə olunması ) arasında uyğunsuzluq aşkarlanmamışdır. Göründüyü kimi iddiaçının müraciətinə ilkin olaraq verilmiş imtina məktubunda iddiaçının magistratura səviyyəsində təhsil aldığı ixtisas ilə bakalavr ixtisası arasında uyğunsuzluqların olması qeyd edilsə də, işin hazırkı apellyasiya icraatı zamanı aparılmış araşdırmalara uyğun olaraq və hazırkı cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin məhkəməyə ünvanladığı müvafiq məktuba əsasən ixtisaslar arasında uyğunsuzluq olmadığı müəyyən edilmişdir. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı iş üzrə cavabdeh inzibati orqanın imtinasının əsasını yalnız iddiaçının həmin ölkədə qısa müddət ərzində olması və təhsil alan tələbə üçün dərsə davamiyyətə əməl etməyərək diploma əlavədə göstərilən tədris proqramının yerinə yetirilməsi qeyri-mümkünlüyü təşkil edir. Məhkəmə kollegiyası cavabdehin imtinasının əsası ilə razılaşaraq qeyd edir ki, iş materiallarında olan sərhədkeçmə məlumatlarından görünür ki, iddiaçı 2013-2015-ci illərdə qısa müddətdə təhsil aldığı ölkədə olmuşdur. Göründüyü kimi iddiaçının xarici ölkədə olduğu qısa müddət ərzində magistr pilləsi üzrə proqramın mənimsənilməsi qeyri-mümkündür. Məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən qanunvericiliyin tələblərinə əsasən diplomun tanınmasından imtina üçün əsas kimi nəzərdə tutulan halların mövcudluğu öz təsdiqini tapdığından cavabdeh inzibati orqanın iddiaçının magistr diplomunun tanınmasından imtinası qanuna uyğun olmaqla onun hüquqlarının pozulmasına səbəb olmamışdır. Göründüyü kimi, qanunvericilikdə inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borclu olan inzibati orqan buna kifayət qədər əsaslar olduğu halda hüquqi yardım üçün digər qurumlara da müraciət etməsi müəyyən edilmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinə əsasən inzibati orqan tərəfindən diskresion səlahiyyət əsasında qərar qəbul edildikdə məhkəmə, bir qayda olaraq, iddiaçının tələbinə uyğun qərar qəbul edə bilməz (73.3.1.). İnzibati orqanın diskresion səlahiyyətlər əsasında hərəkət etdiyi hallarda məhkəmə, həmçinin inzibati aktın və ya inzibati aktın qəbul edilməsindən imtinanın yaxud inzibati orqanın hərəkətsizliyi səbəbindən inzibati aktın qəbul edilməməsinin diskresion səlahiyyətlərin qanunla müəyyən olunmuş hədlərinə əməl olunmaması və ya diskresion hüququn həmin səlahiyyətlərin məqsədinə uyğun şəkildə həyata keçirilməməsi baxımından qanunsuz olub-olmadığını yoxlayır (74). Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmamış, sübutlara düzgün hüquqi qiymət verilməmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilmiş və düzgün nəticəyə gəlinməmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, cavabdehin apellyasiya şikayəti əsaslı olduğundan təmin edilməli, 2 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2-1(82)-3175/2018 nömrəli qərarı əsassız olduğundan ləğv edilməli, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq qərara aldı: Cavabdeh Təhsildə Keyfiyyət Təminatı Agentliyinin apellyasiya şikayəti təmin edilsin. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 19 oktyabr 2018-ci il tarixli, 2-1(82)- 3175/2018 nömrəli qərarı ləğv edilsin. Hazırkı iş üzrə yeni qərar qəbul edilsin. İddiaçı cavabdeh Təhsildə X1rşı “Ukrayna Respublikasının M.P.Draqomanov adına Milli Pedaqoji Universitetində təhsil aldığı ixtisasın tanınması və həmin universitet tərəfindən adına verilmiş 03.03.2015-ci il tarixli Dİ 033778 nömrəli diplomu üzrə ixtisasının tanınması və ekvivalentliyi haqqında şəhadətnamənin verilməsi”nə dair iddia tələbi rədd edilsin. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Məhkəmə qərarının motivasiyası və prosessual xərclərlə bağlı kassasiya şikayətinə yol verilmir.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar