Məhkəmə qərarları › İş №2-1(103)-31/2022

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-31/2022

17.01.2022 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-31/2022 17.01.2022 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Həmidov Həmid Üzeyir oğlu (sədrlik edən və məruzəçi), Nağıyeva Elmira Eyvaz qızı və Yusifov Cahangir Afər oğlundan ibarət tərkibdə, Məhkəmə iclas katibi X8, İddiaçılar İddiaçı1 İnqilab oğlu və İddiaçı7, Cavabdehin nümayəndəsi X11, Üçüncü şəxs "xxxx" MMC-nin vəkili və nümayəndəsi İddiaçı15 iştirakları ilə, İddiaçılar İddiaçı1 və qeyrilərinin cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı (üçüncü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X2 Ekspertiza Baş İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" MMC ) “müvafiq tədbirlərin görülməsi” tələbinə dair iş üzrə 1 saylı Bakı İnzibati- İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərarından iddiaçılar tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin məhkəmə iclas zalında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: İddiaçılar İddiaçı1, İddiaçı2, İddiaçı3 oğu, İddiaçı4, İddiaçı5, İddiaçı6, İddiaçı7, İddiaçı8, İddiaçı9, İddiaçı10, İddiaçı11, İddiaçı12, İddiaçı13, X6 cavabdeh Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X1rşı 3-cü şəxslər Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X2 Ekspertiza Baş İdarəsi, Bakı şəhər İcra Hakimiyyəti, Yasamal rayon İcra Hakimiyyəti, Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi və "xxxx" MMC işə cəlb edilməklə Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, Zahid Xəlilov küçəsi, M.H.Şəhriyar küçəsi və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən 17.11.2016-cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15.11.2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında "xxxx" MMC tərəfindən qanunsuz tikilərək istifadə olunan 2 mərtəbəli qeyri-yaşayış sahəsinin (ofis binasının) sökülməsi üçün səlahiyyəti daxilində müvafiq tədbir görülməsi öhdəliyinin; Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, Zahid Xəlilov küçəsi, M.H.Şəhriyar küçəsi və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən 17.11.2016-cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15.11.2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında "xxxx" MMC tərəfindən yeni tikilmiş binanın altında tağ (altkeçid) vasitəsilə Əhməd Cəmil küçəsinə avtomobillərin giriş-çıxışı üçün giriş-çıxış yolunun layihəyə uyğunluğunun təmin edilməsi üçün səlahiyəti daxilində müvafiq tədbir görülməsi öhdəliyinin; Bakı şəhəri, Yasamal rayonu, X12 küçəsi, Zahid Xəlilov küçəsi, M.H.Şəhriyar küçəsi və Əhməd Cəmil küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən 17.11.2016-cı il tarixli, 374 nömrəli xüsusi nişan, 22879 nömrəli, 15.11.2016-cı il tarixli ekspertiza rəyi almış layihə əsasında 14 mərtəbəli tikilməli olan binada əlavə tikilmiş 3 (15-16-cı və mansard) mərtəbəsinin sökülməsi üçün səlahiyyəti daxilində müvafiq tədbir görülməsi öhdəliyinin cavabdeh Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin üzərinə qoyulması barədə iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, 2016-cı ildə həyətlərində, yəni Bakı şəhəri, Yasamal rayonu, Z.Xəlilov, Ə.Cəmil, Ə.Haqverdiyev və M.H.Şəhriyar küçələrinin kəsişməsində Dövlət Ekspertizasının 15.11.2016-cı il tarixli 22879 nömrəli rəyi və 17.11.2016-ci il tarixli 374 nömrəli “Xüsusi nişan” əsasında "xxxx" MMC tərəfindən mərtəbə sayı 14, hündürlüyü 52.4 m, ölçüləri (a×b) = 66.6 ×62.3 metr təşkil edən yüksək mərtəbəli yaşayış kompleksinin tikintisinə başlanılmışdır. Ötən il, 2017-ci ilin sentyabr ayında tikinti işləri 14-cü mərtəbəyə çatdıqda onlar onun başa çatdığını düşünmüşlər, lakin tikinti dayandırılmamışdır. Bununla bağlı və tikinti zamanı baş vermiş digər qanunsuzluqlarla bağlı, yəni tikilən bina ilə Zahid Xəlilov 36 V ünvanında yerləşən 9 mərtəbəli bina arasında layihə üzrə 9.4 metr məsafə olduğu halda, faktiki 7 metr təşkil etməsi barədə onlar oktyabr ayında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə Kollektiv müraciət göndərmişlər. Müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsinə kollekiv müraciət göndərmişlər. Müraciət əsasında Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Yasamal rayon İcra Hakimiyyətinə həmin ayda müvafiq tədbirlərin görülməsi üçün məktub göndərilmişdir. Bundan başqa, 2016-cı ildə təsdiqləmiş layihə üzrə məhəllədən Əhməd Cəmil küçəsinə yeni tikilən binanın altından avtomobillərin giriş-çıxışı üçün 6 metr enində, yəni eyni vaxtda 2 avtomobilin yan-yana rahat hərəkət edə biləcəyi altkeçid (tağ) nəzərdə tutulmuşdur. Lakin, bu gün faktiki olaraq həmin altkeçid (tağ) 3 metr enindədir və eyni vaxtda yalnız 1 avtomobil hərəkət edə bilir, ona görə də qarşıdan gələn avtomobillər onu gözləyir, tez-tez, bir neçə avtomobildən ibarət növbələr yaranır, onlara böyük əziyyət olur, hətta bəzən lüzumsuz mübahisələr, davalar da yaranır. Nəzərə alınmalıdır ki, məhəllədə mövcud olan 950-dən çox mənzilin təxminən yarısı yəni 400 mənzil ötən il tikilmiş 16 mərtəbəli (mansard qatının yaşayışa yararlı vəziyyətdə inşa olunması səbəbindən faktiki 17 mərtəbəli) binanın payına düşür və həmin bina hələ istismara verilmədiyindən, oradakı 400 ailə mənzillərinə yerləşmədiyinə görə bu gün həyətdə avtomobil saylı təxminən 2 dəfə azdır. Hazırda yaşayış olan 550 civarında mənzilin sakinlərinin 250-300 arası avtomobili var. Yəni ,yeni binalara 400 ailə köçdükdə, həyətdə avtomobil sayı 500-600 ədədə çıxacaq ki, məhəllənin az sayda olan və sözügedən altkeçid (tağ) kimi ensiz olmasına görə həyətin yolları və giriş-çıxışları bu qədər yükgötürmə qabiliyyətinə malik deyil. Əhməd Cəmil küçəsində yeni tikilən binanın altında avtomobillərin hərəkəti üçün nəzərdə tutulmuş altkeçiddən istifadəni çətinləşdirən başqa bir səbəb "xxxx" MMC tərəfindən həmin altkeçidin həyət tərəfdən tam qarşısında, 4- 5 metr üzbəüz məsafədə 2 mərtəbəli qeyri-yaşayış binasının tikilməsi olmuşdur. Həmin qeyri-yaşayış binası faktiki olaraq onların istifadə etdikləri avtomobil yolunun zəbt olunması nəticəsində tikilmişdir. Buna görə də, Zahid Xəlilov 36A, 36B, 36V ünvanlarında yerləşən binaların həyətindən altkeçidə qədər 3 döngə yaranıb və 4 metr enində yolun uzunluğu 50 metrə qədərdir. Yolun bir tərəfində həmişə avtomobil parklanması olduğuna görə, altkeçiddən çıxan avtomobilin manevretmə imkanı olmur, həmin 50 metr məsafədə 3 dənə döngə olan yolu üz-üzə gələn avtomobillərdən biri geriyə getməyə məcbur olur. Bu yol o qədər dardır ki, hərəkət zamanı park halında olan avtomobilləri zədələməmək böyük diqqət tələb edir. Lakin, bunula belə, artıq bir neçə qonşu qısa vaxt ərzində maşını zədələmişdir. Tikilmiş 2 mərtəbəli qeyri-yaşayış (ofis) binası ilkin layihədə nəzərdə tutulmamışdır və ümumiyyətlə, nəzərdə tutulmuş olsaydı belə, bu aşkar qanun pozuntusudur. Çünki, pilot layihələrlə qeyri-yaşayış ofis sahələri tikilən yaşayış binasının aşağı mərtəbələrində nəzərdə tutulur, ayrıca qeyri-yaşayış ofis binası tikilmir. Pilot layihələri qəzalı yaşayış binalarının yeni yaşayış binaları ilə əvəz edilməsi məqsədi daşıyır. Sökülən yaşayış binalarının yerində, həm də məhəllə daxilində, hər tərəfi yaşayış binaları ilə əhatə olunmuş vəziyyətdə ayrıca ofis binasının tikintisi nəzərdə tutulmur. Yeni tikilmiş 4 girişli binalar Zahid Xəlilov 36 V ünvanındakı 9 mərtəbəli binadan layihə üzrə 9.4 metr məsafədə olduğu halda, faktiki 7 metr təşkil edir. Yəni bina tikilərkən layihədən kənara çıxarılmış, 2.4 metr məsafədə yeni bina Zahid Xəlilov 36 A, 36 B, 36 V ünvanında yerləşən 9 mərtəbəli binalara doğru sürüşdürülmüşdür, bilavasitə həmin binaların həyətini zəbt etmişdir. Həyətləri təxminən 60-65 metr uzunluqda və 2.4 metr enində (144-156 kv.m sahədə) yeni bina tərəfindən zəbt olunmuşdur. Hesab edirlər ki, cavabdeh təşkilatın yuxarıda göstərilən faktlara göz yumması və buna şərait yaratması, bu məqsədlə hərəkətsizliyi qaunsuz və əsassızdır. Zərurət olmadığı halda (məsələn, dövlət ehtiyacları üçün, şəhid ailələrinə bağışlanmaq üçün) əlavə 3 mərtəbənin tikilməsi həyət və sakinlrə üçün əlavə yüklənmə deməkdir, insan sayı, avtomobil sayı, kommunal xidmətlərlə təminat səviyyəsi, hərəkət imkanları və s. məsələlərdə problemlər yaradır. 2 mərtəbə ofis günün bütün saatlarında gedişgəlişi çətinləşdirir, piyada və avtomobil hərəkətində və parkinqdə problemlər yaradır. Yeni tikilən binanın altından Əhməd Cəmil küçəsinə avtomobillərin giriş-çıxışı üçün 6 metr enində, yəni eyni vaxtda 2 avtomobilin yan-yana rahat hərəkət edə biləcəyi altkeçidin təmin edilməməsi avtomobil hərəkəti, nəqliyyat çətinliyi, növbələrin yaranması, yanğın təhlükəsizliyi kimi məsələlərdə problemlər yaradır. Yeni tikilmiş binanın altından məhəllədən Əhməd Cəmil küçəsinə 1 avtomobilin hərəkətinə imkan verən tağ (giriş-çıxış) sakinlərə çox əziyyət edir. Hələ ki, yeni tikilmiş 4 girişli 17 mərtəbəli binanın sakinləri mənzillərinə köçməyib, əlavə 2 girişli təzə bina da tikilərsə (hazırda davam etdirilir) sakinlərin, avtomobillərin sayı həddindən artıq çox olacaq, mövcud avtomobil, piyada yolları, giriş-çıxışlar 5-6 min nəfər sakinin rahat hərəkətini təmin etməyəcəkdir. Cavabdeh tərəfindən iddia ərizəsinə qarşı yazılı etiraz məhkəməyə təqdim edilərək, iddianın təmin edilməməsi xahiş edilmişdir. Etiraza əsasən, Yasamal rayon İcra Hakimiyyətinin 17 noyabr 2016-cı il tarixli, 374 nömrəli sərəncamına əsasən, Yasamal rayonu, S.Dadaşov küçəsi, 586-cı məhəllə, 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi, 586-cı məhəllə, 14/40/ 18/46 ünvanlarda yerləşən 2 mərtəbəli qəzalı vəziyyətdə olan yaşayış binaları sökülərək, yerində çoxmərtəbəli yaşayış binalarının, ofis və yeraltı avtodayanacağın tikintisi üçün "xxxx" MMC-yə icazə verilmişdir. Sonradan, Bakı Dövlət Layihə İnstitutu tərəfindən əlavə mərtəbələr daxil olmaqla şəhərsalma əsaslandırılması hazırlanmış və Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 03 iyul 2018-ci il tarixli, 02/05-1242 nömrəli məktubu ilə razılaşdırılmışdır. Təsdiq olunmuş şəhərsalma əsaslandırılması sənədində yenidən tərtib olunmuş layihə sənədləri Yasamal rayon İcra Hakimiyyətinin 11 dekabr 2018-ci il tarixli, 390/g-7 nömrəli məktubu ilə təkrar ekspertizaya təqdim olunmuş və həmin sənədlərə dair 26828/22879 saylı rəy alınmışdır. Bir daha məhkəmənin nəzərinə çatdırırlar ki, X3 Baş İdarəsinin 05 mart 2019-cu il tarixli, 26828/22879 nömrəli rəyi yuxrıda qeyd olunan şəhərsalma əsaslandırılması əsasında verilmişdir. Obyektdə sonrakı tikinti-quraşdırma işləri Komitə tərəfindən təsdiq olunmuş şəhərsalma əsaslandırılmasına, ekspertizadan təkrar keçirilmiş layihə sənədlərinə, Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş icazəyə uyğun olaraq aparılmışdır. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nömrəli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi Qaydaları”nın 4.3-cü bəndinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Bu cür məlumat Bakı şəhəri və ya Yasamal rayon İcra Hakimiyyətlərindən Nazirliyə və ya Agentliyə daxil olmamışdır. Bununla yanaşı, Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 92-ci maddəsində Fövqəladə Hallar Nazirliyi (Tikintidə Təhülkəsizliyə Nəzarət Dövlət Agentliyi) tərəfindən tikinti işlərinin dayandırılması barədə qərarın qəbul edilməsini zərur edən hallar müəyyən olunmuşdur. Eyni zamanda, həmin Məcəllənin 95-ci maddəsində də qanunsuz tikinti obyektlərinin sökülməsi üçün əsaslar müəyyən edilir. İddiada göstərilənlər isə qeyd olunan ünvanda aparılan tikinti işlərinin dayandırılması və ya tikinti obyektinin sökülməsi barədə qərarların çıxarılmasına əsas vermir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 saylı, 08.10.2019-cu il tarixli və 2-1(81)-2819/2019 saylı, 31.10.2019-cu il tarixli qərardadı ilə X13, X16, Məhərrəm Əfəndiyev və X10 prosessual həmiştirakçı kimi işə cəlb edilmişdir. 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 saylı, 04 noyabr 2019cu il tarixli qərarı ilə (hakim A.Abdullayeva) iddia tələbi təmin edilməmişdir. İddiaçılar apellyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdirlər. Apellyasiya şikayəti iddia ərizəsinin məzmununa uyğun əsaslandırılmışdır. Əlavə olaraq apellyasiya şikayətində bildirilmişdir ki, birinci instansiya məhkəməsi işi hərtəfərli araşdırmamış, iş üzrə toplanan dəlillərə düzgün qiymət verməmiş, qərarını düzgün əsaslandırmamış və mübahisə üzrə düzgün nəticəyə gəlməmişdir. İşin apellyasiya icraatı zamanı məhkəmənin 2-1(103)-955/2020 saylı, 08.10.2020-ci il tarixli qərardadı ilə iş üzrə məhkəmə mühəndislik-texniki ekspertizası təyin edilmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçılar apellyasiya şikayətini müdafiə edərək, apellyasiya şikayətinə uyğun izahat verərək məhkəmədən iddianın təmin olunmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxs "xxxx" MMC-nin vəkili və nümayəndəsi İddiaçı15 apellyasiya şikayətinə etiraz edərək apellyasiya şikayətinin təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İş üzrə digər iddiaçılara və üçüncü şəxslərə məhkəmə iclasının yeri və vaxtı barədə rəsmi qaydada bildiriş göndərilsə də, məhkəmə iclasında iştirak etməmişdirlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq məhkəmə iclasına gəlməyən digər iddiaçılar və üçüncü şəxslərin iştirakı olmadan işə baxılmasını mümkün hesab etdi. Məhkəmə kollegiyası tərəflərin izahatlarını dinləyərək, apellyasiya şikayətini iş materialları ilə birlikdə araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya instansiyası məhkəməsi həmçinin bu Məcəllənin 12-ci maddəsinin tələblərinə əsasən yeni təqdim olunmuş sübutları (sübutetmə vasitələrini) və faktları (faktiki halları) da nəzərə alır. İş materiallarında olan - Yasamal rayon İcra Hakimiyyəti başçısının 17 noyabr 2016-cı il tarixli, 374 saylı Sərəncamın surətindən görünür ki, AR Nazirlər Kabinetinin 25 fevral 2016-cı il tarixli, 86 nömrəli qərarını rəhbər tutaraq, "xxxx" MMC-nin müraciətini, AR Şəhərsalma və Tikinti Məcəlləsinin 74.1, 75.1 və 75.6-cı maddələrini, AR Dövlət Şəhərsalma və Arxitektura Komitəsinin 20 iyun 2016-cı il tarixli 02/05-909 nömrəli və 25 avqust 2016-cı il tarixli 02/05- 1249 nömrəli razılaşma məktublarını, Yasamal rayon İcra Hakimiyyəti başçısının 22 iyun 2016-cı il tarixli 206 nömrəli və 19 iyul 2016-cı il tarixli 240 nömrəli Sərəncamlarını, Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 X5 Baş İdarəsinin 15 noyabr 2016-cı il tarixli 22879 nömrəli ekspertiza rəyini nəzərə alaraq, Yasamal rayonu, S.Dadaşov küçəsi 568-ci məhəllə, 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi 568-ci məhəllə, 14/40, 18/46 saylı ünvanlarda sökülmüş binaların yerində "xxxx" MMC-yə 4 girişli (Blok 1, 2, 3, 4) yaşayış binalarının, ofis və yeraltı avtodayanacağın tikintisinə icazə verilmişdir. - iddiaçılar tərəfindən müxtəlif tarixlərdə Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə və Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinə ünvanlanmış məktublara verilmiş cavablardan müəyyən edilir ki, iddiaçılar hazırki mübahisə ilə bağlı Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsinə çoxsaylı şikayət ərizələri ünvanlamış, həmin müraciətlərə Komitə tərəfindən cavab olaraq bildirilmişdir ki, Yasamal rayonu, Ə.Haqverdiyev, Z.Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin əhatə etdiyi ərazidə "xxxx" MMC-nin sifarişi əsasında Bakı Dövlət Layihə institutu tərəfindən yenidən işlənmiş tikinti planlaşdırma eskizinə və memarlıq hissəsinə (eskiz) Komitənin 02/05-757 saylı, 01 may 2017-ci il tarixli məktubu ilə rəy verilmiş və ərazinin tikinti planlaşdırma eskizinin təsnifatında “3” saylı obyekt kimi göstərilmiş 14 mərtəbəli yaşayış binalarının yerində 3 mərtəbəli qeyri-yaşayış binasının tikintisinin planlaşdırılması tövsiyyə olunmuşdur. Əvvəlki tikinti planlaşdırma eskizinin razılaşdırılması barədə Komitənin 20.06.2016-cı il tarixli 02/05-909 nömrəli məktubu isə ləğv edilmişdir. Bundan sonra Yasamal rayon İcra Hakimiyyəti başçısının 13 aprel 2018-ci il tarixli, 80 nömrəli sərəncamına əsasən, Z.Xəlilov küçəsi, ev 30 A ünvanda qəzalı vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının yerində yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən iddiaçıların müraciətinə cavab olaraq bildirilmişdir ki, ərazidə tikinti-quraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş XN-08/A nömrəli 20 noyabr 2018-ci il tarixli xüsusi nişana, 08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli tikintiyə icazə sənədinə və aidyyəti qurumlarla razılaşaraq, ekspertizadan müsbət rəy almış tikinti layihəsinə əsasən yerinə yetirilmiş, tikinti-quraşdırma işlərini layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə mütəxəssislər tərəfindən nəzarət edilir. - sifarişçi "xxxx" MMC-nin sifarişi əsasında ARCH Group tərəfindən tərtib edilmiş eskiz layihənin surətindən görünür ki, Bakı şəhəri, Yasamal rayonu, Əhməd Cəmil, Ə.Haqverdiyev və Z.Xəlilov küçələrinin kəsişməsində tikiləcək çoxmərtəbəli yaşayış binasının blok 1,2,3,4 eskiz layihəsi Bakı şəhəri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən 06.06.2017-ci il tarixdə razılaşdırılmışdır. Həmin eskiz layihə 19.12.2018-ci il tarixdə ekspertiza üçün Dövlət Ekspertiza Baş İdarəsinə daxil olmuşdur. - sifarişçi Yasamal rayon İcra Hakimiyyətinin sifarişi əsasında Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi Bakı Dövlət Layihə İnstitutu tərəfindən Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Z.Xəlilov, Ə.Cəmil və M.Şəhriyar küçələrinin əhatə etdiyi ərazinin Şəhərsalma əsaslandırlması tərtib edilmişdir. Həmin şəhərsalma Əsaslandırılması Azərbaycan Respublikası Dövlət Şəhərsalma və Arxitektura Komitəsi tərəfindən 03.07.2018-ci il tarixdə razılaşdırılmışdır. Həmin eskiz layihə 19.12.2018-ci il tarixdə ekspertiza üçün Dövlət Ekspertiza Baş İdarəsinə daxil olmuş və təsdiq olunmuşdur. -Yasamal rayon İcra Hakimiyyəti Başçısı tərəfindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi X3 Baş İdarəsinin rəisinə ünvanlanmış məktubdan müəyyən edilir ki, "xxxx" MMC tərəfindən təqdim edilmiş eskiz layihə Ekspertiza Baş İdarəsinə göndərilərək, tikinti layihəsinin müvafiq qaydada ekspertizadan keçirilməsi və nəticəsinə dair ekspert rəyinin göndərilməsinin təmin edilməsi xahiş edilmişdir. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi X3 Baş İdarəsi tərəfindən verilmiş 05.03.2019-cu il tarixli, 26828/22879 nömrəli rəyin nəticə hissəsində bildirilmişdir ki, Bakı şəhəri, Yasamal rayonu, S.Dadaşov küçəsi 568-ci məhəllə, ev 16/33, 15/42, 13/38 saylı və Z.Xəlilov küçəsi 568-ci məhəllə, ev 14/40, 18/46 ünvanlarında yerləşən qəzalı binaların sökülərək yerində yeni yaşayış binasının tikintisi (dəyişikliklə əlaqədar) üzrə işçi layihəsini konstruktiv dayanıqlı baxımından qənaətbəxş hesab edib razılaşdırmaq olar. - Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyi tərəfindən ünvan 1 ünvanında yaşayan R.İlyasovaya (mən.31), M.İsgəndərliyə (mən.44), A.İsgəndərliyə (mən.44) və digərlərinə verilmiş cavab məktubundan görünür ki, sözügedən şəxslərin AR Nazirlər Kabinetinə ünvanladıqları 18.02.2019-cu il tarixli təkrar müraciətinə Agentlikdə baxılmışdır. Araşdırma zamanı müəyyən edilmişdir ki, Yasamal rayon İcra Hakimiyyəti Başçısının 13 aprel 2018-ci il tarixli 80 nömrəli sərəncamına əsasən Z.Xəlilov küçəsi, ev 30A ünvanında qəzalı vəziyyətdə olan beşmərtəbəli yaşayış binasının yerində yeni çoxmərtəbəli yaşayış binasının layihələndirilməsi üçün torpaq sahəsi "xxxx" MMC-yə icarəyə verilmişdir. Hazırda qeyd edilən ərazidə tikinti-quraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş xüsusi nişana, tikintiyə icazə sənədinə və aidiyyatı qurumlarla razılaşdırılaraq, ekspertizadan müsbət rəy almış tikinti layihəsinə əsasən yerinə yetirilir. Məhkəmə iddia tələbini rədd edərkən ona istinad etmişdir ki, mübahisəli ərazidə tikinti-quraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş XN-08/A nömrəli, 20 noyabr 2018-ci iltarixli xüsusi nişana, 08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli tikintiyə icazə sənədinə və aidiyyəti qurumlarla (Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) razılaşdırılaraq, ekspertizadan müsbət rəy almışdır. Tikinti işləri layihəyə uygun aparıldığından, tikintiquraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin mütəxəssislər tərəfindən nəzarət edildiyindən, tikintidə baş vermiş hər-hansı pozuntu halları barədə Bakı şəhəri və Yasamal rayon İcra Hakimiyyətlərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmadığından cavabdeh tərəfindən iddiaçıların müraciətinən əsaslı olaraq imtina etmişdir. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mahiyyət etibarı ilə düzgün hüquqi qənaətə gəldiyini hesab edir və öz mövqeyini aşağıdakı kimi əsaslandırır. Azərbaycan Respublikası Prezidentinin 2014-cü il 24 noyabr tarixli 375 nörməli Fərmanı ilə təsdiq edilmiş “Dövlət şəhərsalma nəzarətinin həyata keçirilməsi” Qaydalarının 44.1. Yerli icra hakimiyyəti orqanları tərəfindən dövlət şəhərsalma nəzarəti (bundan sonra yerli səviyyədə dövlət şəhərsalma nəzarəti) mütəmadi olaraq müvafiq inzibati ərazi vahidinin sərhədləri daxilində həyata keçirilir. Həmin Qaydaların 4.2-ci maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarətinin məqsədi ərazi planlaşdırılması sənədlərinin tələblərinə əməl olunmasını təmin etməkdən habelə özbaşına tikililərin qarşısını almaqdan ibarətdir. Həmin Qaydaların 4.3-cü maddəsinə əsasən yerli səviyyədə dövlət şəhərsalma nəzarəti zamanı yerli icra hakimiyyəti orqanları tikintiyə icazənin tələb olunmasına baxmayaraq, tikinti obyektinin belə icazə alınmadan tikildiyini, habelə barəsində məlumatlandırma icraatı tətbiq edilən tikinti obyektləri ilə bağlı Məcəllənin 80.4-cü maddəsinin tələblərinə riayət edilmədən tikinti obyektinin tikildiyini müəyyən etdikdə, habelə tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində tikintisinə Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan obyektdə hər hansı tikinti-quraşdırma işlərinin aparılmasını aşkar etdikdə, sifarişçiyə (podratçıya) tikinti işlərinin onlar tərəfindən dayandırılmasını yazılı qaydada tövsiyə edir və Məcəllədə nəzərdə tutulmuş tədbirlərin görülməsi üçün aşkar olunmuş pozuntular barədə Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyinə bir iş günü müddətində yazılı məlumat verməlidir. Azərbaycan Respublikası Şəhərsalma və Tikinti Məcəlləsinin 95.1-ci maddəsinə əsasən tikintisi başa çatmış və ya çatmamış tikinti obyekti və ya onun hissəsi aşağıdakı hallarda sökülür: 95.1.1. tikintisinə bu Məcəllə qüvvəyə mindikdən sonra başlanılmış və tikinti mərhələsində olan tikinti obyekti və ya onun hissəsi müvafiq icra hakimiyyəti orqanı və ya bələdiyyə tərəfindən tikinti məqsədləri üçün ayrılmamış dövlət və ya bələdiyyə mülkiyyətində olan torpaq sahəsində inşa edildikdə; 95.1.2. bu Məcəllənin 92.4.1-ci maddəsinə əsasən tikinti işlərinin dayandırılması barədə qərar qəbul edildiyi gündən 1 il ərzində tikintiyə icazə alınmadıqda; 95.1.3. bu Məcəllənin 92.4.2-ci, 92.4.3-cü və 92.4.4-cü maddələrinə əsasən tikinti işlərinin dayandırılması barədə qərarda nəzərdə tutulan pozuntular 2 il ərzində aradan qaldırılmadıqda; 95.1.3-1. bu Məcəllənin 92-1.1-ci maddəsində müəyyən edilən pozuntularla bağlı təqdim edilmiş ilk yazılı göstərişdə nəzərdə tutulan pozuntular ən geci 1 ay müddətində aradan qaldırılmadıqda; 95.1.4. sifarişçinin (tikinti obyektinin mülkiyyətçisinin) öz arzusu ilə. İşin araşdırılan hallarından müəyyən olunmuşdur ki, mübahisəli ərazidə tikintiquraşdırma işləri Yasamal rayon İcra Hakimiyyəti tərəfindən verilmiş XN-08/A nömrəli, 20 noyabr 2018-ci iltarixli xüsusi nişana, 08/A nömrəli, 20 noyabr 2018-ci il tarixli tikintiyə icazə sənədinə və aidiyyəti qurumlarla (Yasamal rayon İcra Hakimiyyəti və Azərbaycan Respublikası Şəhərsalma və Arxitektura Komitəsi) razılaşdırılaraq, ekspertizadan müsbət rəy alınmışdır. Məhkəmə kollegiyası hesab edir ki, tikinti quraşdırma işləri layihəyə əsasən aparıldığından, tikinti-quraşdırma işlərinin layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun yerinə yetirilməsinə Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin mütəxəssislər tərəfindən nəzarət edildiyindən, habelə tikintidə baş vermiş hər-hansı pozuntu halları barədə Bakı şəhəri və Yasamal rayon İcra Hakimiyyətlərindən Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyinə məlumat daxil olmadığından cavabdeh tərəfindən iddiaçıların müraciətindən əsaslı olaraq imtina edilmişdir. Məhkəmə kollegiyası iddiaçıların apellyasiya şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, işin hazırkı apellyasiya icraatı zamanı mübahisəli tikinti ərazisinə dair suallar yarandığından və həmin sualların izah edilməsi isə xüsusi bilik tələb etdiyindən iş üzrə məhkəmə mühəndislik-texniki ekspertizası təyin edilmiş və ekspertizanın aparılması Azərbaycan Respublikası Fövqəladə Hallar Nazirliyi Tikintidə X7 Agentliyinin mütəxəssisləri cəlb edilməklə Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinə həvalə edilmişdir. Ekspert qarşısında aşağıdakı suallar qoyulmuşdur:

1. Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Zahid Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən tikilmiş çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binası (qeyri-yaşayış sahəsi) iş materiallarında olan layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edilmişdirmi?

2. Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Zahid Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən tikilmiş çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binası (qeyri-yaşayış sahəsi) tikilərkən ara məsafəsi haqqında qanunverciliyin tələblərinə riayət edilmişdirmi? Azərbaycan Respublikası Ədliyyə Nazirliyinin Məhkəmə Ekspertizası Mərkəzinin 10/2397 saylı, 29 noyabr 2021-ci il tarixli ekspert rəyinin tədqiqat hissəsindən görünür ki, “1-ci sual üzrə - Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Zahid Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən tikilmiş çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binasının (qeyri-yaşayış sahəsi) tikintisinə icra hakimiyyəti tərəfindən razılaşdırıldığını, binanın parametrlərinin və ölçülərinin layihə sənədlərinə uyğun olduğunu nəzərə alaraq, həmin binanın layihəyə və tikintiyə dair normativ sənədlərin tələblərinə uyğun inşa edildiyi müəyyən olunur. 2- ci sual üzrə - Bakı şəhəri, Yasamal rayonu, Ə.Haqverdiyev, Zahid Xəlilov, Ə.Cəmil və M.H.Şəhriyar küçələrinin kəsişməsində "xxxx" MMC tərəfindən tikilmiş çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binasının həmin binanın yerləşdiyi torpaq sahəsinə dair verilmiş ayrıc aktı ilə ayrılmış sərhədlər daxilində inşa olunduğunu və həmin bina ilə digər tikililər (doqquz mərtəbəli binalar ilə) arasında ara məsafəsinin Dövlət və Şəhərsalma Arxitektura Komitəsinin Bakı Dövlət Layihə İnstitutu tərəfindən hazırlanmış layihə sənədlərinin göstəricilərinə uyğun olduğunu nəzərə alaraq, çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binası inşa olunarkən ara məsafəsi haqqında qanunvericiliyin tələblərinə riayət edildiyi müəyyən olunur.” Göründüyü kimi, "xxxx" MMC tərəfindən tikilmiş çox mərtəbəli yaşayış binası və ikimərtəbəli ofis binası normativ sənədlərin tələblərinə uyğun inşa edilmiş və müvafiq tikililər ilə ara məsafəsi haqqında qanunvericiliyin tələblərinə riayət edildiyi müəyyən olunmuşdur. Yuxarıda qeyd edilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçılar tərəfindən irəli sürülmüş iddia tələbinin əsasını təşkil edən hallar iş materialları ilə və müvafiq ekspertiza rəyləri ilə öz təsdiqini tapmadığından iddia tələbləri əsassızdır. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Qeyd olunanlara əsasən məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68, 69, 73.1 və 85.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə

qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Hazırkı iş üzrə 1 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(81)-2819/2019 saylı, 04 noyabr 2019-cu il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan, təqdim edildiyi gündən 1 (bir) ay müddətində Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati kollegiyasına (Bakı şəh.Yusif Səfərov küç.14, 1193-cü məh. AZ1025) Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar