Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-310/2021 27.01.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası Hakimlər: Nuriyeva Afaq Bayram qızı (sədrlik edən və məruzəçi), Ağayev Valeh Məmməd oğlu və Hüseyn Aida Əli qızından ibarət tərkibdə, X4 oğlunun katibliyi ilə, Cavabdehin nümayəndəsi və vəkili X3 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X6 üzrə Mərkəzi Filialına qarşı yaşa görə əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması tələbinə dair inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3381/2020 saylı qərarından cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən verilmiş apellyasiya şikayətinə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) şifahi məhkəmə iclasında baxaraq məhkəmə kollegiyası, müəyyən etdi: Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3381/2020 saylı qərarı ilə iddia tələbi təmin edilərək, iddiaçıya pensiya təyin olunduqdan sonra onun fərdi hesabının sığorta hissəsində toplanan pensiya kapitalına əsasən qanunvericiliyin müvafiq maddələri nəzərə alınmaqla onun əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehin üzərinə qoyulması qərara alınmışdır (hakim P.Hüseynov). Həmin qərardan narazı qalan cavabdehin nümayəndəsi və vəkili D.Qurbanova tərəfindən apellyasiya şikayəti verilmişdir. Məhkəmə kollegiyasının xx.xx.2020-ci il tarixli qərardadı ilə cavabdeh DSMF-nun X6 İdarəsi - cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun X6 üzrə Mərkəzi Filialı ilə əvəz edilmişdir. İşin halları: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondu X1rşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, onun fərdi şəxsi hesabında toplanmış sosial sığorta kapitalı əsasında onun yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ona yaşa görə pensiya təyin olunduqdan sonrakı dövr üzrə, 6 il və daha çox işləyərək qazandığı və fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınmış, sığorta pensiya kapitalına əsasən, yaşa görə güzəştli şərtlərlə aldığı əmək pensiyasının yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı iddia tələbini onunla əsaslandırmışdır ki, iddiaçı hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin edilmiş sığortaolunan şəxs, ona pensiya təyin edildikdən sonra işləməkdə davam edərək, 6 ildən çox işləmişdir. Onun xx.xx.2006-cı il tarixdən halhazıradək fərdi hesabının sığorta hissəsində toplanan kapitalın 20.313 manat 06 qəpik təşkil edir. Yaşa görə əmək pensiyasına çıxdıqdan sonra 2006-cı il 01 yanvar tarixindən 2017-ci il 01 iyul tarixinədək olan dövr üzrə fərdi hesabının sığorta hissəsində qeydə alınan və istifadə olunmamış, yəni əmək pensiyasının sığorta hissəsinin hesablanmasında nəzərə alınmamış pensiya kapitalı mövcuddur. Buna görə də cavabdeh orqana xx.xx.2019-cu il tarixdə müraciət edərək onun əmək pensiyasına çıxdıqdan sonra işləyib topladığı sosial sığorta kapitalını nəzərə alaraq, onun aldığı əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanmasını xahiş etmişdir. Lakin onun müraciəti xx.xx.2020-ci il tarixdə aldığı cavab məktubundan görünür ki, təmin edilməmişdir. O, hesab edir ki, verilən cavab xx xxxxxx 2006-cı il tarixli 54-İİİQ saylı “Əmək pensiyaları haqqında" Qanunun 37.3.1-ci və 9.6-cı maddələrinə ziddir. Nəticə etibarilə, onun aldığı əmək pensiyası, sığorta və yığım hissələrindən ibarətdir. Hərbi qulluqçuların yaşa görə aldığı əmək pensiyasının yalnız təminat xərcliyindən ibarət olması barədə hər hansı maddi hüquq norması mövcud deyil. O hesab edir ki, onun əmək pensiyasına çıxdıqdan sonra işləyib əldə etdiyi sığorta pensiya kapitalı hazırki pensiya məbləğinin hesablanmasında nəzərə alınmalıdır və əmək pensiyasının sığorta hissəsinin yenidən hesablanması aparılmalıdır. Qanunun və qaydaların göstərişindən aşkar görünür ki, o da yaşa görə əmək pensiyaçısı olaraq iddia ərizəsində göstərdiyi hüquqlara sahibdir və aldığı pensiyanın yenidən hesablanmasını, qazandığı sığorta kapitalının hazırda aldığı əmək pensiyasının sığorta hissəsi ilə toplanmasını xahiş edə bilər. Onun aldığı pensiya sığorta və yığım hissələrindən ibarətdir. Deməli, onun işləyib qazandığı sığorta kapitalı hazırda aldığı pensiyanın sığorta hissəsi ilə toplanmalıdır və bu toplanma xx xxxxxx 2017-ci il tarixli 17 saylı Kollegiya Qərarı ilə təsdiq edilmiş "Əmək pensiyaları haqqında" Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları"nın 5.3-cü bəndində təsbit olunan düstur nəzərə alınaraq aparılmalıdır. İş üzrə Bakı İnzibati Məhkəməsi yuxarıda göstərilən qərarı qəbul etmişdir. Apellyasiya şikayətinin dəlilləri və işdə iştirak edən şəxsin izahatı: Cavabdehin nümayəndəsi və vəkili X5 apellyasiya şikayətini müdafiə edərək, çıxışında bildirmişdir ki, iddiaçıya xx.xx.2002-ci il tarixində hərbi qulluqçu kimi, “Əmək pensiyaları haqqında” Qanunun 20.14.1-ci maddəsinə əsasən, təminat xərcliyinin 86 faizi məbləğində pensiya təyin olunmuşdur. Məlum olduğu kimi, həmin maddəyə əsasən, hərbi qulluqçuların pensiyası onların təminat xərcliyinə uyğun olaraq hesablanır. “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydalarına” əsasən hərbi qulluqçuların və xüsusi rütbəli şəxslərin təminat xərcliyi həmin şəxslərin qulluq etdiyi orqanların müvafiq qurumları tərəfindən hazırlanır və bu qaydaların əlavəsində göstərilmiş formada əmək pensiyasının təyin edilməsi üçün Azərbaycan Respublikası Dövlət Sosial Müdafiə Fonduna göndərilir. Həmin Qaydaların 4-cü bəndinə görə, əmək pensiyalarının yenidən hesablanması məqsədilə təminat xərcliyində baş verən artımlar barədə məlumatlar da həmin orqanlar tərəfindən Cavabdehə göndərilməlidir. Yəni yeni məlumat vərəqəsi daxil olmadan cavabdeh tərəfindən iddiaçının pensiyasına hər hansı dəyişiklik edilməsi mümkün deyil. Bundan əlavə, məlum olduğu kimi, qanunvericilikdə, hərbi qulluqçulara əmək pensiyası ilə bağlı kifayət qədər üstünlüklər tanınır: 1- hərbi qulluqçuların əmək pensiyası sığorta kapitalına əsasən deyil, təminat xərcliyinə əsasən hesablanır. Yəni adi bir əmək pensiyaçısının sığorta kapitalının az olması onun alacağı əmək pensiyasının az olması ilə nəticələnir. Lakin hərbi qulluqçuların əmək pensiyası ödənilərkən sığorta kapitalı “Əmək pensiyaları haqqında” Qanunla müəyyən edilmiş əlavələrlə birlikdə hərbi qulluqçunun təminat xərcliyinə (onun qanunla müəyyən edilmiş faizinə) çatdırılır. Beləliklə, sığorta kapitalının az olması hərbi qulluqçunun əmək pensiyasının az olmasına gətirib çıxarmır, pensiyası müvafiq əlavələr (20.14.1-ci maddəyə əsasən) hesabına tamamlanır. 2- təminat xərcliyi hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir. Yəni hərbi qulluqçuların əmək pensiyası hər dəfə keçmişdə işlədiyi vəzifədə işləyənlərin maaşlarında artım olduqca yenidən artır. Məhkəmənin mövqeyindən isə belə nəticəyə gəlmək olar ki, əmək pensiyasına çıxan hərbi qulluqçu əgər sonradan işləyirsə, onun əmək pensiyası həm təminat xərcliyi artdıqca artmalıdır, həm sığorta kapitalı artdıqca. Bu isə şəxsə münasibətdə ikiqat artımın tətbiq edilməsinə gətirib çıxarır. Ayın məsələdir ki, qanunvericilikdə buna şərait yaradıla bilməzdi. Bunun qarşısının alınması məqsədilə qanunvericilikdə aşağıdakılar nəzərdə tutulur:“Əmək pensiyaları haqqında” Qanunun 29.2ci maddəsinə əsasən. Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Yəni sığorta hissəsi artdıqda əlavələrin məbləği azaldıldığı üçün faktiki olaraq pensiyaçının aldığı əmək pensiyasının məbləğində heç bir artım baş vermir. Nümayəndə və vəkil qeyd edilənlərə əsasən apellyasiya şikayətinin təmin edilməsini, birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsi barədə yeni qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı məhkəməyə elektron ərizə ünvanlayaraq, işə onun iştirakı olmadan baxılmasını və iş üzrə qərar qəbul edilməsini xahiş etmişdir. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan iddiaçının iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq qərarın qəbul edilməsini mümkün hesab etmişdir. Hüquqi məsələlər: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.7-ci maddəsinə əsasən apellyasiya instansiya məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir. Məhkəmə kollegiyası məruzəçi-hakimin məruzəsini və cavabdehin nümayəndəsi və vəkilinin çıxışını dinləyərək, iş materiallarını araşdıraraq, apellyasiya şikayətinin dəlillərini müzakirə edərək, apellyasiya şikayətinin təmin edilməməsi nəticəsinə gəlir. İş materiallarından görünür ki, İddiaçı xx.xx.1965-ci il tarixdə doğulmuşdur. İş materiallarında olan İddiaçı məxsus ******* nömrəli əmək kitabçasından görünür ki, İddiaçı xx.xx.1982-ci ildən xx.xx.1992-ci ilə qədər keçmiş SSRİ Silahlı Qüvvələrində, xx.xx.1992-ci ildən xx.xx.2002-ci ilə qədər Azərbaycan Respublikasının Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuş, xx.xx.2003-cü il tarixdən xx.xx.2020-ci il tarixədək əmək fəaliyyəti ilə məşğul olmuşdur. İş materiallarında olan Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Sosial Müdafiə Fondunun X6 İdarəsi tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2020-ci il tarixli **********5 nömrəli məktubda bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.5-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçuların yaşa görə güzəştli şərtlərlə pensiya almaq hüququ vardır. Həmin Qanunun 20.14-cü maddəsinə uyğun olaraq yaşa görə əmək pensiyası hüququ qazanmış hərbi qulluqçuların əmək pensiyasına əlavələr qulluq stajına görə müəyyən edilməklə təminat xərciliyindəki sonrakı artımlar nəzərə alınaraq hesablanır. Qanunun 20.14.1-ci maddəsinə əsasən hərbi xidmətdən buraxılanadək 20 təqvim ili və daha çox hərbi xidmət etmiş hərbi qulluqçulara 20 il hərbi xidmət üçün müvafiq təminat xərcliyinin 50 faizi, yaşına və ya xəstəliyinə görə hərbi xidmətdən buraxılanlara isə 55 faizi, 20 ildən yuxarı hərbi xidmətin (hərbi xidmətin güzəştli sayılan hissəsi nəzərə alınmaqla) hər ili (il tam olmadıqda isə natamam ildəki iş stajı aylarının sayına mütənasib olaraq hesablanmaqla) üçün müvafiq təminat xərcliyinin 2 faizi (Müdafiə Nazirliyi sistemində xidmət edən şəxslər üzrə isə 3 faizi) miqdarında əlavə olunmaqla müəyyən edilən məbləğlə bu qanunla təyin edilən əmək pensiyasının məbləği arasındakı fərq qədər hesablanır. Sizə sözügedən maddənin tələblərinə uyğun qaydada hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası ödənilir. Qanunun 9.6-cı maddəsinin sonuncu cümləsinə əsasən hərbi qulluqçunun yalnız fərdi hesabında qeydə alınmış sığorta kapitalına görə pensiyasının yeridən hesablanması hüququ vardır. Belə ki, əmək pensiyaları haqqında Azərbaycan Rəspublikasının qanunvericiliyinə uyğun olaraq əmək pensiyası alan şəxslərin pensiya məbləğləri iki cür müəyyənləşdirilir: 1) Fərdi hesabın sığorta hissəsində yığılan pensiya kapitalından hesablanan məbləğ; 2) Güzəştli şərtlərlə əmək pensiyası hüququ olan şəxslərə dövlət büdcəsi hesabına vəzifə maşına müvafiq əmsallar tətbiq edilməklə hesablanan əlavələrlə birlikdə müəyyən edilən məbləğ. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinə görə hərbi qulluqçular və xüsusi rütbəli şəxslər güzəştli şərtlərlə əmək pensiyası hüququ olan kateqoriyaya daxildirlər. Əlavə olaraq bildirilmişdir ki, sosial sığorta hesabdakı pensiya kapitalı əsas götürülməklə pensiya təyinatını tələb etmək hüququ vardır. Nəzərə çatdırılmışdır ki, bu zaman yuxarıda qeyd olunan birinci kateqoriya şəxslərdən hesab ediləcəyinə görə dövlət vəsaiti hesabına güzəştli şərtlərlə pensiya almaq hüququndan istifadə edə bilməyəcək. Qeyd olunanlar nəzərə alınaraq bildirilmişdir ki, “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 37.3.1-ci maddəsində qeyd olunanların güzəştli şərtlərlə əmək pensiyası təyin edilmiş hərbi qulluqçulara münasibətdə tətbiq edilməsi qanunvericiliyin tələbləri baxımından mümkün hesab edilmədiyindən, güzəştli şərtlərlə ödənilən əmək pensiyasından imtina etməklə sığorta kapitalına görə əmək pensiyasının hesablanması üçün yaşadığı ərazi üzrə Dövlət Sosial Müdafiə Fondunun aidiyyəti rayon (şəhər) şöbəsinə müraciət etməyi tövsiyə olunur. İş materiallarında olan İddiaçı məxsus pensiya işində olan Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna göndərilmiş İddiaçı barəsində MN seriyalı ZE-54799 nömrəli Hərbi qulluqçunun (xüsusi rütbəli şəxsin) pensiya təminatı üzrə məlumat vərəqəsinin surətindən görünür ki, İddiaçı xx.xx.2002-ci il tarixdə hərbi qulluqçu kimi tərxis olunmuş, onun təqvim xidmət illəri 20 il 2 ay 18 gün, güzəştli xidmət illəri 12 il 7 ay 23 gün, cəmi iş stajı və xidmət illəri 32 il 10 ay 11 gün təşkil edir və ona yaşa görə pensiya təyin edilmişdir. Aşağıda göstərilənlərə əsasən birinci instansiya məhkəməsi hesab etmişdir ki, cavabdeh orqanın imtinası əsassızdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun: 1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3-cü maddəsinə əsasən hərbi qulluqçular - Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.5-ci maddəsinə əsasən təminat xərcliyi (pul təminatı) - hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda (sonrakı artımlar da nəzərə alınmaqla) aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 4.2-ci maddəsinə əsasən yaşa görə əmək pensiyası aşağıdakılardan ibarətdir: 4.2.2. sığorta hissəsindən; 4.2.3. yığım hissəsindən; 9.6-cı maddəsinə əsasən hərbi qulluqçulara əmək pensiyası hərbi xidmət dövründə deyil, hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Əmək pensiyası təyin olunduqdan sonra hərbi xidmətini davam etdirən əmək pensiyaçılarının pensiyası sonuncu təminat xərcliyinə görə yenidən hesablanmır. Bu kateqoriyadan olan şəxslərin əmək pensiyası yalnız fərdi hesablarında qeydə alınmış sığorta pensiya kapitalına görə yenidən hesablana bilər; 21.1-ci maddəsinə əsasən qanunvericiliklə müəyyən edilmiş qaydada məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xarakterindən və müddətindən asılı olmayaraq müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin hərbi qulluqçuların, eləcə də hüquqi şəxs yaratmadan sahibkarlıq fəaliyyəti ilə məşğul olan fiziki şəxslərin, vəzifəyə seçilmiş və ya təyin edilmiş şəxslərin iş, hərbi xidmət və ya digər fəaliyyət müddətləri sığorta stajına daxil edilir; 29.2-ci maddəsinə əsasən bu Qanunun 20-ci maddəsində nəzərdə tutulmuş şəxslərin əmək pensiyasının sığorta hissəsi bu Qanunun 29.1-ci maddəsinə uyğun olaraq artırıldıqda və ya yenidən hesablandıqda, qulluq stajına görə əmək pensiyasına əlavələrin məbləği həmin artımlar qədər azaldılmaqla yenidən hesablanır. Həmin şəxslərin tutmuş olduqları vəzifələr üzrə aylıq əməkhaqqı (əməkhaqqı, dövlət məvacibi, təminat xərcliyi) sonradan artırıldıqda, bu artımlar nəzərə alınmaqla, qulluq stajına görə əmək pensiyasına əlavələr yenidən hesablanır; 37.3.1-ci maddəsinə əsasən yaşa görə əmək pensiyasının pensiya təyin olunan günədək qazanılmış sığorta hissəsi tam məbləğdə ödənilir. Pensiya təyin olunduqdan sonrakı dövr üzrə qazanılan sığorta və yığım hissələri üzrə pensiya kapitalının toplanması davam etdirilir və şəxslər işləməyən əmək pensiyaçısı kateqoriyasına keçdikdə, yaxud pensiya təyin olunduğu gündən sonra 6 il və daha çox işlədikdə həmin dövr üzrə sığorta və yığım hissələrinin hesablanmasında gözlənilən pensiya ödənişi müddəti aylarının sayı pensiyaçının pensiya yaşından sonra işlədiyi ayların miqdarı qədər, lakin 72 aydan artıq olmamaqla azaldılaraq əmək pensiyası yenidən hesablanır. Sonrakı belə hesablamalar bu maddədə göstərilən şərt nəzərə alınmaqla hər növbəti 6 ildən bir həyata keçirilir. Birinci instansiya məhkəməsi sadalanan qanunvericilik aktlarını işin faktiki hallarına tətbiq edərək belə nəticəyə gəlir ki, iddiaçıya hərbi qulluqçu kimi əmək pensiyası təyin olunduğundan və pensiya təyin olunduqdan sonrakı dövr üzrə pensiya kapitalının toplanması davam etdiyindən, həmçinin iddiaçı ona pensiya təyin olunduğu gündən sonra 6 ildən çox işlədiyindən və mövcud qanunvericilikdə hərbi qulluqçuların əmək pensiyasının yenidən hesablanmasına hər hansı məhdudiyyət nəzərdə tutulmadığından, iddiaçının hazırkı iddia tələbi əsaslıdır və təmin olunmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 2.2.3-cü maddəsinə əsasən inzibati orqan tərəfindən inzibati aktın qəbul edilməsi ilə əlaqədar olmayan müəyyən hərəkətlərin edilməsinə dair iddialara (öhdəliyin icrası haqqında iddia) inzibati məhkəmə icraatı qaydasında baxılır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 34.1-ci maddəsinə əsasən öhdəliyin icrası haqqında iddia vasitəsi ilə iddiaçı cavabdehdən inzibati aktın qəbul edilməsi ilə bağlı olmayan (inzibati aktın qəbul edilməsinə yönəlməyən) müəyyən hərəkətlərin edilməsini tələb edə bilər. Məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır, cavabdehin apelyasiya şikayətində göstərilən dəlilləri qəbul etmir və hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İPM-nin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 68.2, 69, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası, qərara aldı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin xx.xx.2020-ci il tarixli, 2-1(112)-3381/2020 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 30 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Afaq Nuriyeva Hakimlər: Valeh Ağayev Aida Hüseyn
Məhkəmə qərarları › İş №2-1(103)-310/2021
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-310/2021
27.01.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver