Məhkəmə qərarları › İş №2-1(103)-310/2023

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-310/2023

30.03.2023 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-310/2023 30.03.2023 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X4 Hüseynin sədrliyi və məruzəsi ilə, Vüsalə Ələkbər qızı Baxışova və Raqib Əliddin oğlu Qurbanovdan ibarət tərkibdə, Şükriyyə Vüqar qızı Aydınlının katibliyi ilə, İddiaçının qanuni təmsilçisi X2, cavabdehin nümayəndəsi X1 iştirakı ilə, İddiaçı MMC-nin cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı “artıq ödəmə məbləğinin geri qaytarılması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-5005/2022 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı MMC (VÖEN **********) cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək xx.xx.2021-ci il tarixli, **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 168136,41 manat artıq ödəmə məbləğinin geri qaytarılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” xx.xx.2021-ci il tarixdə **********593000 saylı ərizə ilə cavabdehə müraciət etməsinə baxmayaraq, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87-ci maddəsinə əsasən ərizədə göstərilən artıq ödəmə məbləği olan 168136.41 manat iddiaçıya 45 gün ərzində geri qaytarılmamışdır. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-5005/2022 nömrəli, 15 mart 2022-ci il tarixli qərardadı ilə xx.xx.2021-ci il tarixli **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizədə göstərilən 167842.65 manat artıq ödəmə məbləğinin geri qaytarılması üçün rəyin verilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə iddiaçının qanuni təmsilçisinin iddia tələbinin dəqiqləşdirilməsi barədə ərizəsi icraata qəbul edilmişdir. Cavabdeh iddiaya dair etirazını təqdim edərək bildirmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. Həmin Məcəlləsinin 87.4-cü maddəsinə əsasən, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması qaydaları müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli 393 nömrəli Fərmanının 1.8-ci bəndinə əsasən həmin Məcəllənin 87.4-cü maddəsində nəzərdə tutulmuş müvafiq icra hakimiyyəti orqanının səlahiyyətlərini Azərbaycan Respublikasının Nazirlər Kabineti həyata keçirir. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2001-ci il 23 fevral tarixli 48 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” təsdiq edilmişdir. Bundan sonra həmin qərarda dəyişikliklər edilməsi haqqında Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları” yeni redaksiyada təsdiq edilmişdir. Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının büdcədən qaytarılması həmin Qaydalara uyğun olaraq həyata keçirilir. Qərarla təsdiq edilmiş 1 nömrəli əlavədə qeyd edilənlər formal xarakter daşımır və büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsinə, gəlirlərin, xərclərin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılmasına xidmət edir. “Büdcə sistemi haqqında" Qanunun 1.1.2-ci maddəsinə əsasən, büdcə təsnifatı dedikdə, dövlət büdcəsinin, Naxçıvan Muxtar Respublikasının büdcəsinin, yerli büdcələrin və büdcədənkənar dövlət fondlarının gəlirlərinin, xərclərinin və maliyyələşmə mənbələrinin funksional, iqtisadi, inzibati və digər prinsiplər əsasında qruplaşdırılması nəzərdə tutulur. Həmin qanunun 9.3cü maddəsinə əsasən, qanunvericiliklə nəzərdə tutulmuş həcmdən artıq ödənilmiş vergilərin, rüsumların, digər ödənişlərin və daxilolmaların büdcədən qaytarılması dövlət büdcəsi gəlirlərinin azaldılmasına aid edilir. Həmin qanunun 1.1.10-cu maddəsində isə qeyd edilir ki, dövlət büdcəsinin kassa icrası dedikdə büdcə gəlirlərinin büdcəyə daxilolmasını və xərclərinin büdcə təsnifatına uyğun olaraq xəzinədarlıq vasitəsi ilə ünvanlı istifadəsini təmin edən icra mexanizmi başa düşülür. İddiaçı MMC xx.xx.2021-ci il tarixdə ərizə ilə müraciət edərək, şəxsi hesab vərəqəsində yaranmış 167842,65 manat artıq ödəmə məbləğinin geri qaytarılmasını xahiş etmişdir. Lakin, ərizədə göstərilən məlumatlar (artıq ödəmənin ödənilmə tarixlərini, yaranma səbəblərini və digər məlumatları) tam və düzgün qeyd edilməmişdir. Bununla əlaqədar, vergi ödəyicisinə “İnzibati icraat haqqında” Qanunun tələblərinə müvafiq olaraq xx.xx.2021-ci il tarixli **********247700 nömrəli məktubla məlumat verilmiş və qeyd olunan çatışmazlıqlar aradan qaldırıldıqdan sonra yenidən müraciət edəcəyi təqdirdə qaldırılan məsələyə qanunvericiliyin tələblərinə uyğun qaydada baxılacağı bildirilmişdir. Göründüyü kimi cavabdeh tərəfindən vergi ödəyicisinə imtina verilməmişdir. Lakin, dürüstləşdirilmiş ərizə forması ilə yenidən cavabdehə müraciət olunmamışdır. Qeyd olunanlardan göründüyü kimi vergi ödəyicisi Nazirlər Kabinetinin xx.xx.2019-cu il tarixli 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin və maliyyə sanksiyalarının qaytarılması Qaydaları”nın tələblərinə əməl etməmiş, yol verdiyi nöqsanları aradan qaldırmaqla dürüstləşmiş ərizə ilə müraciət etməli olduğu halda bunu etməmiş, birbaşa məhkəmədə iddia tələbi irəli sürmüşdür. Bununla əlaqədar, iddianın mümkün sayılmaması barədə xx.xx.2022-ci il tarixli **********841800 nömrəli vəsatət (sübutlar əlavə edilməklə) məhkəməyə təqdim edilmiş və işin materiallarında var. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-5005/2022 saylı qərarı ilə iddia tələbi təmin edilmiş, İddiaçı MMC-nin (VÖEN **********) xx.xx.2021-ci il tarixli **********593000 saylı “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə” ərizəsində göstərilən 167842.65 manat artıq ödəmə məbləğinin qaytarılması barədə rəyin tərtib edilərək göndərilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək qərarın ləğv edilməsi və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmə cavabdeh tərəfindən təqdim edilən sübutların yoxlanılması ilə bağlı üzərinə düşən vəzifələri icra etməmişdir. Məhkəmənin iddiaçının müvafiq müraciəti üzrə cavabdeh inzibati orqanın həyata keçirdiyi inzibati icraat çərçivəsində ona ünvanlanmış məktubu imtina qismində qəbul etməsi tamamilə əsassız və qanunvericiliyin tələblərinə ziddir. İddianın təmin edilməsi üçün birinci instansiya məhkəməsinin əsas hesab etdiyi imtina işin halları ilə sübut olunmur. Məhkəmə icraatı iştirakçılarının izahatları: Məhkəmə iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi apellyasiya şikayətinə etiraz edərək təmin edilməməsini xahiş etdi. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati-Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsi dinləyib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İlk növbədə kollegiya qeyd edir ki, birinci instansiya məhkəməsi düzgün olaraq qeyd etmişdir ki, iddia mümkünlük şərtlərinə cavab verir. İddiaçı cavabdehə müraciət etmiş və imtina cavabı almışdır, iddia düzgün cavabdehə qarşı verilmiş, iddia qaldırmaqda iddiaçı subyektiv hüquqa malik olmuşdur. Cavabdehin xx.xx.2021-ci il tarixli, ********** nömrəli Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə barədə Bildirişə əsasən iddiaçıya bildirilmişdir ki, xx.xx.2021-ci il tarixə şəxsi hesab vərəqəsində tələb etmə müddəti bitmiş 53172.68 manat artıq ödəmə məbləği müəyyən edilmiş və qeyd olunan artıq ödəmə məbləğinin şəxsi hesab vərəqəsində “Tələb etmə və əvəzləşdirmə müddəti bitmiş artıq ödəmə” adlı vərəqəyə işlənilməsi təmin edilmişdir. İddiaçının xx.xx.2021-ci il tarixli **********593000 saylı artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə cavabdehə ünvünlanan ərizəsindən görünür ki, iddiaçı artıq ödəmənin yaranma tarixi: xx.xx.2021-ci il, artıq ödəmənin adı: 0300 - Əlavə dəyər vergisi, tədiyyə kodu: 114117, artıq ödəmənin ödənilmə tarixi: xx.xx.2021-ci il, artıq ödəmənin yaranma səbəbi: borc olmadan ödənilmiş məbləğlər və əvəzləşdirmədən yaranan, artıq ödəmənin məbləği: 167842,65 manat olan məlumatları göstərməklə iddiaçıya müraciət etmişdir. Cavabdehin birinci instansiya məhkəməsinin sorğusuna cavab olaraq xx.xx.2022-ci il tarixli, **********591000 nömrəli məktubu ilə bildirilmişdir ki İddiaçı MMC-nin (VÖEN **********) şəxsi hesab vərəqəsinin “Vergilər üzrə vərəqə” hissəsində xx.xx.2021-ci il tarixə 167842,65 manat məbləğində “artıq ödəmə” hissəsində göstərilmişdir. Cavabdehin **********247700 nömrəli, xx.xx.2021-ci il tarixli artıq ödəmə məbləği ilə əlaqədar müraciətə baxılması barədə məktubunda bildirilmişdir ki, Azərbaycan Respublikasının Vergi Məcəlləsinin 87.4-cü maddəsinə əsasən artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğlərinin vergi ödəyicisinə qaytarılması Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 16 iyul 2019-cu il 313 nömrəli qərarı ilə təsdiq edilmiş “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydaları” ilə müəyyən edilir. Həmin Qaydaların 3.1-ci bəndinə əsasən vergi ödəyicisi büdcəyə artıq ödəmələrin qaytarılması üçün vergilərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə ilə müraciət etməlidir. Ərizədə vergi ödəyicisinin eyniləşdirmə nömrəsi (VÖEN-ni), bank rekvizitləri, artıq ödəmələrin məbləği, onların yaranma tarixləri və səbəbləri göstərilməlidir. Göstərilənlərə əsasən, iddiaçı tərəfindən Qaydalarda nəzərdə tutulan ərizə forması ilə müraciət edildikdən sonra artıq ödəmənin qaytarılması məsələsinə baxıla bilər. Vergi Məcəlləsinin 15.1.4-cü maddəsinə əsasən vergi ödəyicisinin artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək hüququ vardır. 24.0.10-cu maddəsinə əsasən vergi ödəyiciləri tərəfindən artıq ödənilmiş vergi məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək vergi orqanlarının vəzifəsidir. 59.3-cü maddəsinə əsasən müəyyən edilmiş vergi məbləğindən artıq ödənilmiş məbləğ və ya düzgün tutulmayan vergi məbləği ödənildikdə, bu Məcəllə ilə başqa hallar nəzərdə tutulmamışdırsa, vergi ödəyicisinin ərizəsinin verildiyi tarixdən həmin məbləğlər geri qaytarılanadək gecikdirilən hər bir gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə müvafiq məbləğlərin 0,1 faizi məbləğində faiz ödənilir. Vergi ödəyicisinin artıq ödənilmiş məbləğlərin qaytarılmasına dair ərizə verdiyi müddətdən 45 gün ərzində (bu Məcəllənin 179.1-ci maddəsi ilə müəyyən edilən halda 20 gün, 179.2-ci maddəsi ilə müəyyən edilən halda isə 4 ay ərzində) məbləğ qaytarılarsa, faizlər vergi ödəyicisinə qaytarılmır. 85.5-ci maddəsinə əsasən vergi ödəyicisi vergi hesabatı dövrü qurtardıqdan sonra 3 il ərzində ondan düzgün tutulmamış vergilərin, faizlərin və maliyyə sanksiyalarının hesablanmasını və hesablanmış məbləğin yenidən hesablanmasını, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının məbləğinin qaytarılmasını və ya əvəzləşdirilməsini 5 il ərzində tələb etmək hüququna malikdir. 87.3-cü maddəsinə əsasən bu Məcəllədə başqa hallar müəyyən edilməmişdirsə, artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qalan məbləğləri vergi ödəyicisinin ərizəsinə əsasən 45 gün ərzində vergi ödəyicisinə qaytarılır. “Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının vergi ödəyicisinə qaytarılması Qaydalarının: 3.1-ci maddəsinə əsasən vergi ödəyicisi Artıq ödənilmiş vergilərin, faizlərin və maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (1 nömrəli əlavə) ilə bu Qaydaların 1.2.1-ci yarımbəndi nəzərə alınmaqla aidiyyəti üzrə vergi orqanlarına və ya gömrük orqanlarına, Özəlləşdirilməsi başa çatmış dövlət əmlakına görə ödənilmiş əmlak vergisinin qaytarılması barədə ərizə (2 nömrəli əlavə) ilə vergi orqanına, sığortaedən artıq ödənilmiş məcburi dövlət sosial sığorta və işsizlikdən sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına, sığortalı isə artıq ödənilmiş icbari tibbi sığorta haqlarının, faizlərin, maliyyə sanksiyalarının qaytarılması barədə ərizə (3 nömrəli əlavə) ilə vergi orqanına müraciət etməlidir. 4.1-ci maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar aşağıdakı artıq ödənilmiş vergilər, hesablanmış faizlər və tətbiq edilmiş maliyyə sanksiyaları ilə bağlı aşağıdakıları yerinə yetirirlər: 4.1.1. vergi ödəyicisinin büdcəyə artıq ödəmələrini digər vergilərin, faizlərin, maliyyə sanksiyalarının və inzibati cərimələr üzrə borcların ödənilməsinə yönəldirlər; 4.1.2. vergi ödəyicisinin razılığı ilə büdcəyə artıq ödəmələri sonrakı öhdəliklər üzrə ödəmələrə yönəldirlər; 4.1.3. Bu Qaydaların 4.8-ci bəndində nəzərdə tutulmuş hallar istisna olmaqla, büdcəyə artıq ödəmələrin qalan məbləğlərinin vergi ödəyicisinin yazılı ərizəsinə əsasən 45 gün müddətində vergi ödəyicisinə qaytarılmasını təmin etmək məqsədilə bu Qaydaların 4.9-cu bəndində nəzərdən tutulmuş qaydada rəy tərtib edirlər; 4.9-cu maddəsinə əsasən vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlar vergi ödəyicisinin və ya sığortaedənin büdcəyə artıq ödəmələrinin qaytarılması barədə 4 (dörd) nüsxədə rəy tərtib edirlər. 4.10-cu maddəsinə əsasən vergilər üzrə artıq ödəmələrin qaytarılması barədə tərtib olunmuş rəyin (4 nömrəli əlavə) 2 (iki) nüsxəsi və ərizənin surəti vergi ödəyicisinin ərizəsi daxil olduğu tarixdən 25 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsində nəzərdə tutulmuş halda 12 gün, 4.8-ci bəndin ikinci cümləsində nəzərdə tutulmuş halda isə 3 (üç) ay müddətində vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların Bakı şəhərindəki qurumları tərəfindən Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə, vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanların yerli qurumları tərəfindən artıq ödəmənin qaytarılmalı olduğu müvafiq yerli maliyyə orqanına və 1 (bir) nüsxəsi büdcəyə artıq ödəmələri olan vergi ödəyicisinə göndərilir, 1 (bir) nüsxəsi isə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanda qalmalıdır. 6.1-ci maddəsinə əsasən vergi ödəyicisi və ya sığortaedən tərəfindən büdcəyə artıq ödəmələrin qaytarılması barədə vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verildiyi tarixdən məbləğlər geri qaytarılanadək (Vergi Məcəlləsinin 199.12-ci maddəsinə uyğun olaraq özəlləşdirilməsi başa çatmış əmlaka görə ödənilmiş əmlak vergisi istisna olmaqla) gecikdirilən hər gün üçün (ödəmə günü də daxil olmaqla) vergi ödəyicisinə və ya sığortaedənə müvafiq məbləğin 0,1 faizi məbləğində faiz ödənilir. Bu faizlərin ödənilməsi büdcə gəlirlərinin azaldılmasına aid edilir. 6.2-ci maddəsinə əsasən vergi ödəyicisinin və ya sığortaedənin artıq ödənilmiş məbləğlərinin qaytarılmasına dair vəsaitlərin büdcəyə daxil olmasını təmin edən orqanlara ərizə verdiyi müddətdən 45 və ya bu Qaydaların 4.8-ci bəndinin birinci cümləsi ilə müəyyən edilən halda 20 gün, 4.8-ci bəndinin ikinci cümləsi ilə müəyyən edilən halda isə 4 (dörd) ay müddətində məbləğ qaytarılarsa, vergi ödəyicisinə və ya sığortaedənə faiz ödənilmir. Birinci instansiya məhkəməsi belə nəticəyə gəlmişdir ki, cavabdeh imtinasını “İnzibati icraat haqqında” Qanunun 11, 15 və 24-cü maddələrində göstərilmiş normalarının tələbinə uyğun əsaslandıra bilməmiş, formal mülahizələrə istinad etməklə iddiaçının müraciətini təmin etməkdən imtina etmişdir. Halbuki, hazırkı göstərilən normaların məzmunundan aydın olur ki, artıq ödənilmiş və ya artıq tutulmuş vergilərin vaxtında geri qaytarılmasını və ya əvəzləşdirilməsini tələb etmək vergi ödəyicisinin hüququ, həmin məbləğlərinin əvəzləşdirilməsi və ya geri qaytarılması, habelə vergi ödəyicilərindən düzgün tutulmayan vergi məbləğlərinin, maliyyə sanksiyalarının, faizlərin və inzibati cərimələrin geri qaytarılması üçün qanunvericiliklə müəyyən edilmiş tədbirləri görmək isə vergi orqanlarının vəzifələridir. Hazırkı halda iddiaçı tərəfindən artıq vergi məbləğinin ödənilməsi sübut olunduğundan iddia tələbi əsaslıdır. Cavabdeh isə həmin ödəməni qaytarmaqdan imtina edərək öz vəzifələrinin icrasında yayınmış, bununla da iddiaçının hüquqlarını pozmuşdur. İş materialları ilə təsdiq olunur ki, iddiaçı artıq ödənilmiş vergilərin qanunvericilikdə göstərilən müddətdə hesabına qaytarılmasından ötrü hazırlanmış forma ərizəsini təqdim etmiş və həmin ərizə vergi ödəyicisinin qeydiyyatda olduğu vergi orqanı tərəfindən rəsmi qeydiyyatdan keçmişdir. Vergi ödəyicisi olan hazırkı iddiaçının 167842,65 manat məbləğində artıq ödədiyi vergi məbləği mövcuddur. Cavabdehin imtinası formal mülahizələrə əsaslanmışdır. Belə olan halda, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh Dövlət Vergi Xidmətinin Milli Gəlirlər Baş İdarəsinin imtinası formal mülahizələrə əsaslanır və vergi qanunvericiliyin, inzibati icraatla bağlı qanunvericiliyin müddəalarının pozulması kimi qiymətləndirilməlidir. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan məhkəmə iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətində göstərdiyi dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər qanuni məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati-Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 08 iyun 2022-ci il tarixli, 2-1(112)-5005/2022 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Aida Hüseyn Hakimlər: Raqib Qurbanov Vüsalə Baxışova

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar