Məhkəmə qərarları › İş №2-1(103)-310/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-310/2025

15.04.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-310/2025 15.04.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X9 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X10 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X11) qarşı “qeydiyyatdan çıxarılma” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(112)-3923/2024 nömrəli qərarından üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında, açıq məhkəmə iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Bakı şəhər Xətai Rayon Polis İdarəsinə (üçüncü şəxs X11) qarşı mülkiyyətçisi olduğu ünvan 6 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanda yerləşən mənzilində pasport qeydiyyatında olan X5 pasport qeydiyyatından çıxarılması vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiа tələbi оnunlа əsаslаndırılmışdır ki, iddiaçı ünvan 6 (yeni qaydalarla: AZ 1025, ünvan 1 ünvanda yerləşən mənzilin tam mülkiyyət hüququ ilə mülkiyətçisidir və həmin mənzilə xx.xx.2023-cü il tarixli çıxarış verilmişdir. X11 iddiaçıya məxsus mənzildə pasport qeydiyyatındadır. Nərmin Qarayevadan ona məxsus mənzildən pasport qeydiyyatından çıxmasını xahiş etsə də, o, buna razılıq vermir və bununla da onun mənzil üzərində sərəncam vermək hüququnu məhdudlaşdırır. Birinci instansiya məhkəməsinin xx.xx.2023-cü il tarixli qərardadı ilə X11 zəruri cəlbetmə qaydasında üçüncü şəxs qismində inzibati məhkəmə icraatına cəlb edilmişdir. Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(112)-3923/2024 nömrəli qərarı qərarı ilə (hakim S.Salahova) iddia təmin edilərək, üçüncü şəxs xx.xx.2005-ci il təvəllüdlü X5 Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11F ünvanında yerləşən 40 saylı mənzil (yeni qaydalarla: AZ 1025, ünvan 1 üzrə qeydiyyatdan çıxarılması öhdəliyinin cavabdeh Bakı şəhəri Xətai Rayon Polis İdarəsinin üzərinə qoyulması qərara alınmışdır. Üçüncü şəxs X11 apellyasiya şikayəti verərək Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(112)-3923/2024 nömrəli qərarının ləğv edilməsi, iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, üçüncü şəxs və onun 2 azyaşlı qardaşı xx.xx.2008-ci ildə anadan olmuş X13 və xx.xx.2012-ci ildə anadan olmuş X14 atalarına məxsus olan ünvan 6 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzildə valideynləri ilə birlikdə 2013-cü ildən yaşayıblar və orada qeydiyyata düşüblər. X4 anasına və azyaşlı övladlarına qarşı amansız rəftar edərək fiziki və mənəvi zorakılıq hərəkətləri edirdi. 2015-ci ildə atası anasını və övladlarını tərk etmişdir, onlar anası ilə birlikdə yaşayıblar, lakin atası onlardan əl çəkməyərək onlara əzab verməyi davam etdirmişdir. Anası bu işgəncələrə dözməyərək təqribən 5 il bundan əvvəl çoxlu dərman içərək özünü öldürmək istəmişdir, lakin Toksikologiya xəstəxanasında anasının həyatı xilas edilmişdir. Eyni zamanda, atası Bakı şəhəri, Xətai rayonu ərazisində onun adına olan ünvan 6 (yeni qaydalarla ünvan 2 ünvanda yerləşən mənzili 2019-cu il tarixdə əllərindən alaraq onları çölə atmışdır. Anası atasının verdiyi işgəncələrə dözməyərək 2021-ci ildə vəfat etmişdir. Bundan sonra, o, yetkinlik yaşına çatana kimi iki azyaşlı qardaşı ilə birlikdə ünvan 3 ünvanda ana babası X1 yanında yaşayıblar və onların maddi təminatını dayısı X7 təmin etmişdir. Anası vəfat etdikdən sonra da atası ona və iki azyaşlı qardaşına işgəncə verməyə davam etmişdir. Eyni zamanda, atası övladlarına Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2020ci il tarixli qətnaməsi ilə nəzərdə tutulan alimenti ödəməmiş, yüksək maddi imkanları olmasına baxmayaraq, onlara heç bir maddi yardım etməmiş və valideyn vəzifələrini icra etməmişdir. Bunun əksinə olaraq valideyn hüquqlarından onlar övladlarına zərər vurmaq üçün sui-istifadə edərək iki azyaşlı qardaşını qeydiyyatda olduqları ünvan 6 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən mənzildən qeydiyyatdan və Bakı şəhərində orta təhsil aldıqları məktəbdən çıxartmışdır, bu səbəbdən onlar təhsillərini davam etdirə bilməmişlər. Onların müxtəlif dövlət orqanlarına çoxsaylı müraciətindən və qəbullarda olduqdan sonra onların orta məktəbə bərpası mümkün olmuşdur. Mövcud iddianın obyekti olan ünvan 6 (yeni qaydalarla: ünvan 4 ünvanda yerləşən mənzil faktiki olaraq X4na məxsusdur, lakin qardaşı İddiaçı adına sənədləşdirmişdir. Bununla bağlı olaraq bildirir ki, atası geniş maddi imkana malikdir, çoxsaylı obyekt, ev və mənzilləri vardır və həmin daşınmaz əmlaklar qardaş və bacılarının adına sənədləşdirilmişdir. İş materiallarında olan xx.xx.2023-cü il tarixli protokoldan çıxarışdan görünür ki, İddiaçı xx.xx.2023-cü il tarixdə "xxxx" MTK-ya üzv qəbul edilərək ona ünvan 6 (yeni qaydalarla ünvan 4 ünvanda yerləşən mənzil verilmişdir və xx.xx.2024-cü il tarixli çıxarışdan görünür ki, onun həmin mənzilə mülkiyyət hüququ xx.xx.2024-cü il tarixdə qeydiyyata alınmışdır, lakin o, həmin mənzildə 2013-cü ildən yaşayaraq oraya qeydiyyata düşüb və atası tərəfindən 2019-cu il tarixdə anası və azyaşlı qardaşları ilə birlikdə oradan çıxarılıb. Bununla da onun həmin mənzilə istifadə hüququ vardır və məhkəmənin onun həmin mənzilə iddiaçının razılığı ilə qeydiyyata düşdüyü və orada yaşamadığı göstərilərək, bununla da onun həmin mənzilə istifadə hüququ olmadığı və kompensasiya ödənilmədən həmin mənzildən qeydiyyatdan çıxarılmalı olduğu barədə gəldiyi nəticə düzgün deyildir. Onun həmin mənzilə istifadə hüququ 2013-cü ildən yaranmışdır və qanunvericiliyin tələbinə əsasən həmin mənzilə mülkiyyət hüququnun 2023-cü il tarixdə iddiaçıya keçməsi onun həmin mənzilə olan istifadə hüququna xitam verilməsi üçün əsas deyildir. İddiaçının həmin mənzilə mülkiyyət hüququnun yarandığı xx.xx.2024-cü il tarixdən 10 il əvvəl, yəni 2013-cü ildən onun həmin mənzildə yaşayaraq oraya istifadə hüququnun yarandığı məhkəmə tərəfindən aydınlaşdırılmamışdır. Bununla da məhkəmənin gəldiyi nəticə üçün mühüm əhəmiyyəti olan həmin faktiki halın aydınlaşdırılmaması nəticəsində məhkəmə onun həmin mənzilə istifadə hüququnun olmaması barədə düzgün olmayan nəticəyə gəlmişdir. Məhkəmənin onun həmin mənzilə istifadə hüququnun olmaması barədə gəldiyi nəticəni təsdiq edən sübut növü kimi onun həmin mənzilə istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmasına dair məlumatın aşkar edilməməsi barədə Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsinin 1 saylı Bakı Ərazi İdarəsinin xx.xx.2024-cü il tarixli məktubuna istinad etməsi ilə bağlı məhkəmə MM-nin 228.1-ci maddəsini düzgün şərh etməmişdir. Tərəflərin iştirakı: Məhkəmə iclasının vaxtı və yeri barədə tərəflərə lazımi qaydada məlumat verilməsinə baxmayaraq, məhkəmə iclasında iştirak etməmiş, səbəbləri barədə heç bir məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən tərəflərin iştirakı olmadan şikayət üzrə işə baxılmasını mümkün hesab edir. Əsaslandırma hissəsi: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Məhkəmə kollegiyası işin materiallarını tədqiq edib, apellyasiya şikayətinin dəlillərini araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarına əlavə edilmiş: - Cavabdehin iddiaçıya ünvanladığı xx.xx.2023-cü il tarixli, 3-13-55/2-M-39977 nömrəli məktubunda bildirilmişdir ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin tələblərinə əsasən qanunda göstərilən sənədlərin hər-hansı birinin təqdim olunduğu halda keçmiş sakinlərin qeydiyyatdan çıxarılma məsələsi müsbət həll oluna bilər. - Azərbaycan Respublikası Əmlak Məsələləri Dövlət Komitəsi yanında Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinın Hüquqları Dövlət qeydiyyatı haqqında daşınmaz əmlakın Dövlət reyestrindən xx.xx.2023-cü il tarixli, qeydiyyat nömrəsi ********** olan çıxarışına əsasən ümumi sahəsi 144.50 kv.m olan ünvan 6 (yeni qaydalarla: ünvan 4 xüsusi mülkiyyət hüququ üzrə İddiaçı adına qeydiyyatdan keçmişdir. - xx.xx.2023-cü il tarixli, 754 nömrəli protokoldan çıxarışdan görünür ki, İddiaçı müraciət edərək onun MTK-ya üzv qəbul edilməsini xahiş etmiş, MTK tərəfindən vətəndaş İddiaçı "xxxx" MTK-ya üzv qəbul edilərək, ona Süleyman Vəzirov küçəsi, 11F saylı "xxxx" MTK-nın yaşayış binasında İİ giriş, 8-ci mərtəbəsində yerləşən ümumi sahəsi 158,0 kv. m təşkil edən 3 otaqlı, 40 saylı mənzil verilmiş və çıxarışa 1 nəfər ailə tərkibi-özü daxil edilmişdir. - Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin ******* nömrəli xx.xx.2023-cü il tarixli Yaşayış yeri üzrə qeydiyyat haqqında arayışına əsasən İddiaçı (xx.xx.1971-ci il təvəllüdlü), X11 (xx.xx.2005-ci il təvəllüdlü) ünvan 6 ünvanında qeydiyyatdadırlar. - Məhkəmənin sorğusuna əsasən Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 23 aprel 2024-cü il tarixli, 18/2-10647/24 nömrəli məktubunda qeyd edilir ki, Bakı şəhəri, S.Vəzirov küçəsi, ev 11F, mənzil 40-da qeydiyyatda olan şəxslər müəyyən edilməmişdir. - Məhkəmənin sorğusuna əsasən, Daxili İşlər Nazirliyi Baş Pasport, Qeydiyyat və Miqrasiya İdarəsinin 24 aprel 2024-cü il tarixli məktubunda qeyd edilmişdir ki, xx.xx.2014cü il tarixdən ünvan 6 ünvanda qeydiyyatda olan X5 həmin ünvana qeydiyyata alınmasına əsas olmuş sənədlərin saxlanma müddəti (5 il) bitdiyi üçün məhv edildiyindən həmin sənədlərin təqdim edilməsi mümkün olmamışdır. - Məhkəmənin sorğusuna əsasən, Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi xx.xx.2024-cü il tarixli məktubu ilə bildirmişdir ki, İddiaçı mülkiyyətində Bakı şəhəri, Xətai rayonu, Süleyman Vəzirov küçəsi, ev 11F, 40 saylı mənzilində X5 istifadə hüququnun daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınması barədə məlumat aşkar edilməmişdir. - "xxxx" MTK tərəfindən verilmiş maliyyə arayışında qeyd edilir ki, ünvan 7 ünvanda yerləşən kooperativ yaşayış binası "xxxx" MTK-ya məxsusdur. Bu binanın 2 giriş, 8 mərtəbəsində ümumi sahəsi 143,2 kv.m, yaşayış sahəsi 71,8 kv.m olan, 3 otaqlı 40 saylı mənzilin pay dəyəri payçı Hüseynova Vəfa İbrahim qızı tərəfindən tam ödənilmişdir və MTK-ya borcu yoxdur. - “Elektron məhkəmə” informasiya sistemindən əldə edilmiş üçüncü şəxs N.Qarayevaya məxsus məlumatlardan görünür ki, X4 olmaqla, iddiaçının qardaşı qızıdır. Hazırkı iş üzrə məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşaraq qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ qeydiyyata alınmış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Yuxarıda qeyd olunduğu kimi üçüncü şəxs mənzildə faktiki yaşamır. Birinci instansiya məhkəməsi mübahisələndirilən qərarında qeyd etmişdir ki, üçüncü şəxs Nərmin Qarayeva iddiaçının qardaşı qızı olmaqla, onun razılığı ilə mübahisəli mənzilə qeydiyyata alınmışdır. Hazırda N.Qarayevanın iddiaçının mülkiyyətində olan mübahisəli mənzilə əşya hüququ kimi istifadə hüququnun olması və hazırda həmin mənzildə yaşaması müəyyən olunmur. Şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmalarına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni yaşayış yerləri üzrə və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 09 aprel 2003-cü il tarixli, 55s nömrəli Sərəncamına uyğun olaraq Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin şəxsiyyət vəsiqəsi verən müvafiq orqanının ünvanı üzrə qeydiyyata alına bilərlər. Apelyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd edir ki, hazırkı mübahisədə iddiaçının hüquqi marağı mülkiyyət hüququ əsasında ona məxsus olan yaşayış evində qeydiyyatda olan üçüncü şəxsin qeydiyyatdan çıxarılmasına nail olmaqdan ibarətdir. Belə ki, mübahisə ilə bağlı işin hallarından görünür ki, daşınmaz əmlak üzərində iddiaçının mülkiyyət hüququ xx.xx.2023-cü il tarixdə daşınmaz əmlakın dövlət reyestrində qeydiyyata alınmışdır. Bundan əlavə, işin materiallarında olan Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2016-cı il tarixli qanuni qüvvəsini almış qətnaməsindən görünür ki, həmin qətnamə ilə ilk iddia üzrə iddiaçılar İddiaçı və X3 birgə verdikləri apellyasiya şikayəti qismən təmin edilmiş, iş üzrə Bakı şəhəri Xətai Rayon Məhkəməsinin xx.xx.2016cı il tarixli qətnaməsi qismən, yəni ilk iddianın qalan hissəsinin təmin edilməməsi, qarşılıqlı iddianın təmin edilməsi hissəsində ləğv edilməsi və həmin hissədə yeni qətnamə qəbul edilməsi, iddiaçılar İddiaçı və X3 birgə iddiasının Xətai Rayon Məhkəməsi tərəfindən təmin edilməyən hissəsinin təmin edilməsi, Bakı şəhəri, Xətai rayonu, S.Vəzirov küçəsində yerləşən 11 F №-li evin 40 №-li mənzilinə dair "xxxx" MTK tərəfindən Hüseynova Vəfa İbrahim qızının (üçüncü şəxs X5 anası) adına verilmiş xx.xx.2006-cı il tarixli “Maliyyə arayışı”, həmin mənzilə dair "xxxx" MTK-nın payçılarının 05 və 12 noyabr 2006-cı il tarixli protokollarının etibarsız hesab edilməsi, Hüseynova Vəfa İbrahim qızının mübahisəli mənzildən istifadə hüququnun itirilmiş hesab edilməsi və onun həmin mənzildən çıxarılması, mənzilin boşaldılaraq İddiaçı və X6 təhvil verilməsi, cavabdeh Hüseynova Vəfa İbrahim qızının “müqavilənin etibarsız hesab edilməsi barədə” qarşılıqlı iddiasının təmin edilməməsi, Xətai Rayon Məhkəməsinin xx.xx.2016-cı il tarixli qətnaməsinin “Hüseynova Vəfa İbrahim qızının mübahisəli mənzilin qardaşı X2 adına keçirilməsinə etiraz etməməsinə dair xx.xx.2015-ci il tarixdə notariat qaydasında təsdiq edilmiş ərizənin, həmin ərizə əsasında mübahisəli mənzilin Hüseynova Vəfa İbrahim qızının adından X2 adına keçirilməsinə dair "xxxx" MTK-nın üzvlərinin xx.xx.2015-ci il tarixli 70 saylı protokolunun və həmin protokoldan çıxarışın, həmçinin həmin mənzilə dair "xxxx" MTK ilə X7 arasında bağlanmış xx.xx.2015-ci il tarixli “Çoxmənzilli yaşayış binasının tikintisi haqqında fərdi müqavilənin” etibarsız hesab edilməsi” hissədə dəyişdirilmədən saxlanılması qət edilmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin Mülki Kollegiyasının 2(102)-3050/2017 saylı, xx.xx.2017-ci il tarixli qərarı ilə cavabdeh Hüseynova Vəfa İbrahim qızının kassasiya şikayətinin təmin edilməməsi, Bakı Apellyasiya Məhkəməsinin Mülki Kollegiyasının 25 noyabr 2016-cı il tarixli qətnaməsinin dəyişdirilmədən saxlanılması qərara alınmışdır. Həmçinin qeyd olunmalıdır ki, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanunun 2-ci maddəsinə əsasən yaşayış yeri və olduğu yer anlayışları şəxsin yaşayış yeri - tam həcmdə fəaliyyət qabiliyyətli şəxsin mülkiyyətçi kimi, icarə və kirayə müqaviləsi üzrə, yaxud Azərbaycan Respublikasının qanunvericiliyi ilə nəzərdə tutulmuş digər əsaslarla daimi və ya daha çox yaşadığı ev, mənzil, xidməti yaşayış sahəsi, yataqxana, ahıllar və əlilliyi olan şəxslər, o cümlədən sağlamlıq imkanları məhdud 18 yaşınadək uşaqlar üçün sosial xidmət müəssisələri, xüsusi təhsil müəssisələri və digər bu kimi yaşayış yerləri başa düşülür. Həmin Qanunun 5-ci maddəsinə əsasən yaşayış yeri üzrə qeydiyyatda olmayan vətəndaşa ilk dəfə Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi verilərkən o, yaşayış yeri üzrə qeydiyyata alınır. Bu halda vətəndaş yalnız “Azərbaycan Respublikası vətəndaşının şəxsiyyət vəsiqəsi haqqında” Azərbaycan Respublikası Qanununun tətbiqi barədə Əsasnamə”də nəzərdə tutulmuş şəxsiyyət vəsiqəsinin verilməsi haqqında ərizəanketi doldurmalı və vəsiqənin verilməsi üçün tələb olunan sənədlərdən əlavə bu Qanunun 5-ci maddəsinin ikinci hissəsinin 2-ci bəndində göstərilən, yaşayış sahəsinə köçmək üçün əsas verən sənədi də təqdim etməlidir. Yaşayış yerini dəyişdirmiş vətəndaş yeni yaşayış yerinə gəldikdən sonra 10 gündən gec olmayaraq qeydiyyata alınması üçün müvafiq icra hakimiyyəti orqanına müraciət edərək forması müvafiq icra hakimiyyəti orqanı tərəfindən təsdiq edilən, yaşayış yeri üzrə qeydiyyata alınma haqqında ərizə-anketlə birlikdə aşağıdakı sənədləri təqdim etməlidir: 1) şəxsiyyət vəsiqəsi; 2) yaşayış sahəsinə köçmək üçün əsas verən sənəd (mülkiyyət hüququnun dövlət qeydiyyatına alınması haqqında daşınmaz əmlakın dövlət reyestrindən çıxarış, order, icarə və ya kirayə müqaviləsi, yaxud Azərbaycan Respublikası qanunvericiliyində nəzərdə tutulmuş başqa sənəd) və ya vətəndaşa yaşayış sahəsi verən şəxsin ərizəsi. Həmin Qanunun 9.1-ci maddəsinə əsasən müvafiq icra hakimiyyəti orqanları tərəfindən şəxs yaşayış yeri üzrə qeydiyyatdan aşağıdakı hallarda çıxarılır: 1) yaşayış yerini dəyişdikdə — yeni yaşayış yeri üzrə qeydiyyata alınması barədə müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 2) başqa ölkədə yaşayış yeri seçdikdə — müvafiq icra hakimiyyəti orqanlarının məlumatına əsasən; 3) ömürlük azadlıqdan məhrum edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş hökmü əsasında; 4) öldükdə və ya məhkəmə qətnaməsi ilə ölmüş elan edildikdə — ölüm aktının qeydə alınması haqqında müvafiq dövlət orqanının məlumatı əsasında; 5) yaşayış sahəsindən çıxarıldıqda və ya yaşayış sahəsindən istifadə hüququna xitam verildikdə məhkəmənin qanuni qüvvəyə minmiş qətnaməsi əsasında; 6) qeydiyyata alınma üçün əsas olmuş sənədlərin və ya məlumatların həqiqətə uyğun olmadığı və ya qeydiyyat məsələsi həll edilərkən vəzifəli şəxs tərəfindən qanunsuz hərəkətə yol verildiyi aşkar edildikdə — məhkəmənin qanuni qüvvəyə minmiş qərarı əsasında. “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Azərbaycan Respublikası Qanununun 9-cu maddəsinin birinci hissəsinin bəzi müddəalarının şərh edilməsinə dair” Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin 24 sentyabr 2020-ci il tarixli Qərarında mükiyyətçiyə məxsus yaşayış sahəsinə qeydiyata alınmış, lakin həmin yaşayış sahəsindən istifadə hüququ olmayan və orada faktiki yaşamayan şəxslərin qeydiyyatdan çıxarılması məsələsi ilə əlaqədar Konstitusiya Məhkəməsinin Plenumu qeyd etmişdir ki, bu hallarda qeydiyyatda olan şəxslərin mülkiyyətçinin ərizəsi əsasında inzibati orqan tərəfindən qeydiyyatdan çıxarılması məsələsi qanunvericilikdə birmənalı qaydada tənzimlənməsə də, “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə bu mümkün hesab edilməlidir. Belə ki, qeyd edilən norma məhz şəxsin yaşayış yerini dəyişdiyi halda müvafiq icra hakimiyyəti orqanının məlumatı əsasında onun əvvəlki yaşayış yeri üzrə qeydiyyatdan çıxarılmasını müəyyən edir. Qanunun bu normasında nəzərdə tutulmuş “şəxsin yaşayış yerini dəyişməsi” ifadəsi “şəxsin həmin yaşayış sahəsində yaşamaması” mənasını da ehtiva edir. Nəzərə alınmalıdır ki, Konstitusiya Məhkəməsi Plenumunun son illərdə qəbul etdiyi Qərarlar mülkiyyətçinin hüquqlarının müdafiəsinə, üçüncü şəxslərin yaşayış sahəsinə dair əmlak hüquqlarının mövcudluğunun mülkiyyətçinin hüquqlarının, o cümlədən sərəncam hüququnun realizəsinə maneçilik yaratmamasına istiqamətlənmişdir. Konstitusiya Məhkəməsi Plenumunun ““Azərbaycan Respublikasında mənzil fondunun özəlləşdirilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 1-ci, 5-ci və 12-ci maddələrinin şərh edilməsinə dair” 2012-ci il 21 dekabr tarixli Qərarında qeyd olunmuşdur ki, mülkiyyət hüququnun məhdudlaşdırılması qanunçuluğun tələbinə cavab verməli, başqa şəxslərin hüquq və azadlıqlarının müdafiəsi məqsədilə tətbiq edilməli, mütənasib olmalı və bu konstitusion hüququn mahiyyətini dəyişməməlidir. Bu cür məhdudiyyətin mümkünlüyü və onun xarakteri layiqli həyat səviyyəsi də daxil olmaqla konstitusion əhəmiyyətli dəyərlərin müdafiəsi ilə şərtləndirilməlidir. Mülkiyyət hüququ mülkiyyətçinin ona məxsus olan əmlaka faktiki sahib olmaq, öz tələbatlarının təmin olunması üçün təyinatından asılı olaraq bu əmlakdan istədiyi kimi istifadə etmək, əmlakın hüquqi müqəddəratını öz iradəsinə görə müəyyən etmək, həmçinin qüvvədə olan qanunvericilik çərçivəsində digər şəxslərin hüquq və qanunla qorunan maraqlarını pozmadan həmin əmlak üzərində dövlət tərəfindən təminat altına alınmış üstünlüyünə üçüncü şəxslərin müdaxiləsini aradan götürmək, bu zaman öz mülahizəsinə görə və maraqlarına uyğun hərəkət etmək səlahiyyətidir (Konstitusiya Məhkəməsi Plenumunun “Bələdiyyə torpaqlarının idarə edilməsi haqqında” Azərbaycan Respublikası Qanununun 9.8-ci maddəsinin Azərbaycan Respublikası Konstitusiyasının 13 və 29-cu maddələri, eləcə də Azərbaycan Respublikası Mülki Məcəlləsinin 152-ci maddəsinin müddəaları baxımından şərh edilməsinə dair” 2020-ci il 27 avqust tarixli Qərarı). Konstitusiyanın mülkiyyət hüququnu nəzərdə tutan normalarını inkişaf etdirən Mülki Məcəllə də mülki hüquq münasibətləri sahəsində mülkiyyət hüququnun tanınmasına və müdafiə olunmasına yönəlmiş hüquqi mexanizmləri müəyyənləşdirmişdir. Belə ki, Məcəllənin 157-ci maddəsinə əsasən, mülkiyyətçi öz əmlakını istənilən qanunsuz müdaxilədən və qəsdlərdən qorumağa haqlıdır. Məhkəmə kollegiyası hesab edir ki, üçüncü şəxsin iddiaçıya məxsus mənzil üzərində hər hansı əmlak hüququna malik olmadığı və yaşamadığı halda qeyd edilən ünvanda qeydiyyatda qalması iddiaçının mülkiyyətçi kimi öz əmlakı üzərində sərbəst sərəncam vermək hüququnu məhdudlaşdırıldığından iddiaçı üçüncü şəxsin sözügedən mənzildən qeydiyyatdan çıxarılmasının cavabdehə həvalə edilməsini tələb etməklə haqlı olmuşdur. Həmçinin qeyd edilməlidir ki, şəxsin yaşayış yerindən qeydiyyatdan çıxarılması onun üçün hər hansı əlverişsiz hüquqi nəticələr yaratmamaqla yanaşı, yaşayış sahəsi üzrə, ümumiyyətlə qeydiyyatsız qalmasına da səbəb olmur. Belə ki, həmin şəxslər özlərinin yeni (faktiki) yaşayış yeri üzrə qeydiyyata alına bilər. Məhkəmə kollegiyası hesab edir ki, sözügedən mənzil iddiaçının xüsusi mülkiyyətində olduğundan, üçüncü şəxsin qeydiyyatdan çıxarılması barədə iddiaçının müraciətindən imtina etməsinə dair cavabdehin hərəkəti “Yaşayış yeri və olduğu yer üzrə qeydiyyat haqqında” Qanunun 9-cu maddəsinin birinci hissəsinin 1-ci bəndinin mənasına görə qanunauyğun olmamışdır. Göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, iddiaçı hazırkı iddia tələbi ilə məhkəməyə müraciət etməkdə haqlıdır və işə baxan birinci instansiya məhkəməsi cavabdehin imtinasının qanunsuz olması və iddianın təmin edilməsi barədə düzgün nəticəyə gəlmişdir. Beləliklə, məhkəmə kollegiyası üçüncü şəxsin apellyasiya şikayətində göstərdikləri dəlilləri formal hesab edir və belə qənaətə gəlir ki, bu dəlillər məhkəmə qərarının ləğvi üçün əsas ola bilməz. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Qeyd edilənlərə əsasən, məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. Nəticəvi hissə: Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90, 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, Kollegiya qərara aldı: Üçüncü şəxs X11 tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 20 may 2024-cü il tarixli, 2-1(112)-3923/2024 nömrəli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Elvin Əliyev

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar