Məhkəmə qərarları › İş №2-1(103)-3100/2024

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3100/2024

04.12.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3100/2024 04.12.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ X5 Aktiv oğlunun sədrliyi və məruzəsilə, Məmmədova Şərafət Asif qızı və Məmmədov Ceyhun Bəşir oğlundan ibarət tərkibdə, Həsənova Nahidə Rasim qızının katibliyi ilə, İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin Cavabdehnə qarşı “siyahıya alınmış əmlakın satılması” tələbinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında şifahi məhkəmə baxışı qaydasında açıq məhkəmə iclasında baxaraq, məhkəmə kollegiyası m ü ə y y ə n e t d i: İddiaçı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə ödənilməmiş 79485,38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə 94000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, vergi ödəyicisi olan Cavabdeh Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə vergi öhdəliklərini yerinə yetirmədiyi üçün onun dövlət büdcəsinə borcu yaranmışdır. Yaranmış borc məbləğinin 5 gün ərzində dövlət büdcəsinə ödənilməsi məqsədi ilə ona bildiriş verilmişdir. Lakin cavabdehə borc məbləğinin ödənilməsi üçün bildiriş verilməsinə baxmayaraq, yaranmış borc məbləği yenə də ödənilməmişdir. Ona görə də Vergi Məcəlləsinin 89.1-ci maddəsinə əsasən vergi öhdəliklərinin yerinə yetirilməsini təmin etmək üsulu kimi vergi orqanı vergi ödəyicisinin əmlakının siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli qərar çıxarmışdır. Qərar əsasında vergi ödəyicisinin xx.xx.2023-cü il tarixə yaranan 79485,38 manat borcuna görə 94000 manat məbləğində əmlak siyahıya alınmış və bu barədə xx.xx.2023-cü il tarixli, **********7 saylı Protokol tərtib edilmişdir. Protokola siyahıya alınmış əmlakın siyahısı əlavə edilmişdir. Əmlak siyahıya alındıqdan sonra 30 gün müddətində borc dövlət büdcəsinə ödənilmədiyi halda siyahıya alınmış əmlakın satılması üçün məhkəmədə iddia qaldırılacağı barədə Vergi Məcəlləsinin 70.2-ci maddəsinin tələblərinə uyğun olaraq cavabdehə xx.xx.2023-cü il tarixli xəbərdarlıq məktubu göndərilmişdir. Cavabdehin xx.xx.2023-cü il tarixə yuxarıda qeyd olunan borc məbləğindən dövlət büdcəsinə 79485,38 manat ödənilməmiş borcu qalmışdır. Bakı İnzibati Məhkəməsinin (hakim Tural Məlikov) 2-1(112)-1060/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Cavabdeh xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarı üzrə siyahıya alınmış ümumilikdə 94000 manat məbləğində əmlakının Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması, göstərilən daşınar əmlakın satılmasından əldə edilmiş məbləğdən borcun tutularaq dövlət büdcəsinə ödənilməsi, satışdan artıq qalan məbləğin Cavabdehnə qaytarılması qərara alınmışdır. Həmin qərardan cavabdeh apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçı Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsi Cavabdehnə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək cavabdehin xx.xx.2023-cü il tarixə dövlət büdcəsinə 79485,38 manat məbləğində borcunun ödənilməsinin təmin edilməsi məqsədilə 94000 manat məbləğində siyahıya alınmış əmlakının müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə satılması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tam təmin olunmuş və Cavabdeh xx.xx.2023-cü il tarixə yaranmış borc məbləğindən dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə Dövlət Vergi Xidməti Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********7 nömrəli qərarı üzrə siyahıya alınmış ümumilikdə 94000 manat məbləğində əmlakı Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidmətinin müəyyən etdiyi orqan (qurum) tərəfindən satılması barədə qərar qəbul olunmuşdur. Qərar əsassızdır və aşağıda qeyd olunan əsaslara görə ləğv edilməlidir. Belə ki, iddiaçı məhkəməyə xx.xx.2023-cü il tarixə yaranan 79485,38 manat məbləğində borcuna görə əmlakın siyahıya alınması barədə xx.xx.2023-cü il tarixli, **********7 saylı Protokolu təqdim etmişdir. Halbuki həmin əmlak başqa şəxsə məxsusdur. Bu barədə müvafiq icarə müqaviləsinin və digər təkzibolunmaz sübutların təqdim olunmasına baxmayaraq, məhkəmə qeyd olunan məsələni araşdırmamış və digər fiziki şəxsə məxsus olan əmlakın satılaraq vergi borcunun ödənilməsi üçün qərar qəbul etmişdur. Bundan əlavə, Vergi Məcəlləsinin 85.4-cü maddəsinə görə vergi orqanları vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 3 il ərzində vergi ödəyicisinin vergisini, faizləri və maliyyə sanksiyasını hesablamaq və hesablanmış məbləği yenidən hesablamaq, verginin, faizlərin və maliyyə sanksiyalarının hesablanmış (yenidən hesablanmış) məbləğini vergiyə cəlb edilən hesabat dövrü qurtardıqdan sonra 5 il ərzində tutmaq hüququna malikdirlər. Həmçinin Vergi Məcəlləsinin 93.1.1-ci maddəsinə əsasən həmin Məcəllə ilə müəyyən edilmiş vergi öhdəliyinin yerinə yetirilməsi müddəti qurtardıqda və müəyyən edilmiş əsaslar üzrə vergi öhdəlikləri qüvvədən düşdükdə vergilər, faizlər və maliyyə sanksiyaları vergi orqanları tərəfindən ümidsiz borclar kimi silinir. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun «Azərbaycan Respublikası Vergi Məcəlləsinin 78.3, 85.4, 90.3 və 93.1.1-ci maddələrinin şərh edilməsinə dair» xx.xx.2011-ci il tarixli qərarında qeyd edilmişdir ki, hesablanmış vergilərin, faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının tutulmasının Azərbaycan Respublikası Vergi Məcəlləsinin 85.4-cü maddəsi ilə müəyyən olunmuş müddətinin bitməsi həmin Məcəllənin 93.1.1-ci maddəsinə uyğun olaraq vergi öhdəliyinin yerinə yetirilməsi müddətinin bitməsi kimi qəbul olunaraq, tutulma müddəti bitmiş vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclar ümidsiz borc kimi silinir. Lakin məhkəmə qərar qəbul edərkən bu məsələləri araşdırmamış və tələbetmə müddəti bitmiş, yəni 2018-ci ildə yaranmış vergi borcunun əmlak hesabına satılaraq ödənilməsi barədə qərar qəbul etmişdir. Məhkəmə iclasının vaxtı və yeri barədə lazımi qaydada məlumatlandırılmasına baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş, gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsasən məhkəmə kollegiyası tərəflərin iştirakı olmadan işə baxılmasını və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Baxılan iş üzrə cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarının qanuniliyini tam yoxlayır. Məhkəmə kollegiyası işin materiallarını yoxlayaraq, apellyasiya şikayətinin dəlillərini araşdıraraq hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarında olan DVX X3 Baş İdarəsi tərəfindən Cavabdehnə (VÖEN **********) göndərilmiş xx.xx.2023-cü il tarixli, **********2 saylı bildirişdən görünür ki, vergi ödəyicisinin xx.xx.2023-cü il tarixinə ümumilikdə 79,485.37 manat borcu vardır. Vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuş, borcun ödənilməyəcəyi təqdirdə məhkəməyə müraciət ediləcəyi bildirilmişdir. İş materiallarından görünür ki, vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixi **********7 nömrəli qərar qəbul edilmişdir (cavabdehin direktoru Şahin Səfərov imza etməklə qərarla xx.xx.2023-cü ildə tanış olmuşdur). İş materiallarında olan “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********7 nömrəli protokoldan və siyahıdan görünür ki, vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə cəmi 94.000 manat dəyərində daşınmaz əmlakı (soyuducu, monitor, kran kamera, səsgücləndirici, soyuducu salat üçün) siyahıya alınmışdır. Protokol və siyahı "xxxx" MMC-nin direktoru X1 iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmış, o, protokolun və siyahının bir surətini almış və siyahıya alınmış əmlakı məsul saxlamaya almışdır. İş materiallarında olan “Vergi ödəyicisinin siyahıya alınmış əmlakının məsul saxlanmaya verilməsi haqqında” xx.xx.2023-cü il tarixli aktdan görünür ki, vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlak məsul saxlanma üçün "xxxx" MMC-nin direktoru X2 təhvil verilmiş və o, imza edərək əmlakı təhvil almışdır. İş materiallarında olan izahatdan görünür ki, cavabdeh "xxxx" MMC-nin rəhbəri X4 iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verdiyi xx.xx.2023-cü il tarixli izahatda siyahıya alınmış əmlakların Cavabdeh MMC-yə məxsus olmasını, həmin borcun qısa müddətə ödəniləcəyini bildirilmiş, həmçinin izahatın doğruluğunu imzası ilə təsdiq etmişdir. İş materiallarında olan xəbərdarlıqdan görünür ki, vergi ödəyicisinə "Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə" xəbərdarlıq göndərilmiş, borc ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmşidir. Azərbaycan Respublikasının Vergi Məcəlləsi: 89.1. Vergi ödəyicisi vergi öhdəliyini bu Məcəllə ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının, habelə həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının ödənilməsini təmin etmək üsulu kimi onun əmlakı siyahıya alına bilər. 89.2. Əmlakın siyahıya alınması vergi ödəyicisinin öz əmlakı barəsində hüquqlarının elə məhdudlaşdırılmasıdır ki, bu zaman vergi ödəyicisi siyahıya alınmış əmlaka və ya onun bir hissəsinə sərəncam vermək hüququna malik olmur, həmin əmlaka sahiblik və ondan istifadə edilməsi vergi orqanının nəzarəti ilə həyata keçirilir. 89.3. Vergi ödəyicisi vergilər, faizlər və maliyyə sanksiyaları üzrə borclarını bu Məcəllənin 65.1-ci maddəsində qeyd olunan bildirişdə göstərilən müddət ərzində ödəmədikdə vergi orqanı müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilmiş formada aktivləri barədə məlumatın 10 gün ərzində vergi orqanına təqdim edilməsini vergi ödəyicisindən tələb edə bilər. Məlumatın vaxtında verilməməsinə görə vergi ödəyicisi bu Məcəllənin tələblərinə uyğun olaraq məsuliyyət daşıyır. Vergi ödəyicisinin vergi öhdəliyini yerinə yetirməkdən boyun qaçırması barədə vergi orqanının kifayət qədər əsası olduqda, habelə vergi ödəyicisi riskli vergi ödəyicisi olduğu halda vergi orqanı vergi ödəyicisinə yazılı bildiriş göndərməklə eyni zamanda ondan vergi öhdəliyini dərhal ödəməyi tələb edə bilər. Vergi ödəyicisi bu maddənin ikinci abzasında nəzərdə tutulmuş hallarda vergi öhdəliyini yerinə yetirmədikdə, vergi orqanı özünün əsaslandırılmış qərarı əsasında vergi ödəyicisinin əmlakının siyahıya alınmasını həyata keçirə bilər. Təxirəsalınmaz hallar istisna olunmaqla, gecə vaxtı (axşam saat 20.00-dan səhər saat 8.00-qədər) əmlakın siyahıya alınmasına yol verilmir. 89.4. Vergi ödəyicisi olan hüquqi şəxsin bütün əmlakı, vergi ödəyicisi olan fiziki şəxsin isə Azərbaycan Respublikasının qanunvericiliyinə əsasən tələb yönəldilə bilməyən əmlakından başqa digər əmlakı siyahıya alına bilər. 89.5. Yalnız vergi öhdəliyinin yerinə yetirilməsi, həmin öhdəliyin yerinə yetirilməməsi ilə əlaqədar vergi borcu üzrə hesablanmış faizlərin və tətbiq edilmiş maliyyə sanksiyalarının, habelə əmlakın satışı üzrə xərclərin ödənilməsi üçün zəruri və kifayət olan, satış üçün yararlı və öz əmtəə xassəsini itirməmiş əmlak siyahıya alınır. 89.6. Əmlakın siyahıya alınması bu Məcəllənin 89.5-ci maddəsinin müddəaları nəzərə alınmaqla aşağıdakı ardıcıllıqla həyata keçirilir: nağd pul vəsaitləri; bilavasitə məhsulların (malların) istehsalında iştirak etməyən əmlak (qiymətli kağızlar, valyuta dəyərliləri, qeyri-istehsal binaları, minik avtonəqliyyatı, xidmət otaqlarının dizayn əşyaları və sair); hazır məhsullar (mallar), habelə istehsalda iştirak etməyən və (və ya) bilavasitə istehsalda iştirakı nəzərdə tutulmayan digər maddi qiymətlilər; istehsalda bilavasitə iştirakı nəzərdə tutulmuş xammal və materiallar, habelə dəzgahlar, avadanlıqlar, binalar, qurğular və digər əsas vəsaitlər; inventarizasiya aparılmaqla digər əmlak. 89.7. Əmlakın siyahıya alınması vergi orqanının rəhbərinin qərarına əsasən həyata keçirilir. Qərarda vergi ödəyicisinin adı və əmlakın yerləşdiyi ünvan göstərilməlidir. 89.10. Siyahıya alınma zamanı vergi orqanının vəzifəli şəxsləri tərəfindən əmlakın siyahıya alınması haqqında protokol tərtib edilir, əmlak siyahıya alınır və bu siyahı əmlakın fotoşəkli ilə birlikdə (dövlət reyestri aparılan daşınar və daşınmaz əmlakın reyestr məlumatlarına əsasən siyahıya alınması halı istisna olmaqla) protokola əlavə edilir. Siyahıda əmlakın dəqiq adı, sayı, fərdi əlamətləri, mümkün olduqda qiymətləri göstərilməklə əmlak tam təsvir edilir. Siyahıya alınan bütün əmlak müşahidəçilərə və vergi ödəyicisinə (onun nümayəndəsinə) baxış üçün təqdim edilir. Vergi ödəyicisi siyahıya alınmış əmlakı barəsində bu Məcəllənin 89.2-ci və 89.11-ci maddələrində müəyyən edilmiş məhdudiyyətlərin pozulmasına görə Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq məsuliyyət daşıdığı barədə vergi orqanı tərəfindən xəbərdar edilir. 89.14. Siyahıya alınmış malların vergi ödəyicisində məsul saxlamaya qoyulması aşağıdakı qaydada həyata keçirilir: 89.14.1. Siyahıya alınmış mallar vergi ödəyicisində və ya onun razılığı ilə vergi orqanının vəzifəli şəxsləri tərəfindən müəyyən edilən yerlərdə məsul saxlamaya qoyulur. 90.1. Vergi ödəyicisinin əmlakı siyahıya alındıqdan sonra 30 gün müddətində vergi öhdəliyi yerinə yetirilmədikdə, vergi orqanı vergilər, faizlər və maliyyə sanksiyaları üzrə dövlət büdcəsinə yaranmış borclarının ödənilməsinin təmin olunması məqsədi ilə siyahıya alınmış əmlakın zəruri və kifayət olan həcmdə müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) vasitəsilə, habelə dəyəri 5000 manatdan artıq olmayan daşınar əmlakların isə ticarət şəbəkələrində satılması haqqında qərar qəbul olunması üçün məhkəməyə müraciət edə bilər. Siyahıya alınmış əmlakın yararlıq müddəti bu maddədə göstərilən müddət başa çatanadək bitirsə, vergi orqanı dərhal məhkəməyə müraciət edə bilər. “Azərbaycan Respublikası Vergi Məcəlləsinin təsdiq edilməsi, qüvvəyə minməsi və bununla bağlı hüquqi tənzimləmə məsələləri haqqında” Azərbaycan Respublikası Qanununun və bu Qanunla təsdiq edilmiş Azərbaycan Respublikası Vergi Məcəlləsinin tətbiq edilməsi barədə” Azərbaycan Respublikası Prezidentinin xx.xx.2000-ci il tarixli, 393 №-li Fərmanına əsasən “müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum)” dedikdə Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Əmlak Məsələləri Dövlət Xidməti qismində Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi nəzərdə tutulur. İşin faktiki halları ondan ibarətdir ki, cavabdehə verci borcunun olması barədə bildiriş göndərilərək vergi borcunun 5 gün müddətində ödənilməsi tələb olunmuşdur. Cavabdeh tərəfindən vergi öhdəliyi Azərbaycan Respublikasının Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi üçün iddiaçı tərəfindən “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2021-ci il tarixi **********7 nömrəli qərar qəbul edilmiş, habelə “Əmlakın siyahıya alınması haqqında” xx.xx.2023-cü il tarixli **********7 nömrəli protokol və siyahı tərtib edilərək vergi ödəyicisinin dövlət büdcəsinə ödənilməmiş borcunun ödənilməsinin təmin edilməsi məqsədi ilə əmlakı siyahıya alınmış və siyahıya alınmış əmlakı cavabdeh məsul saxlamaya almışdır. İddiaçı tərəfindən cavabdehə "Vergi ödəyicisinin siyahıya alınmış əmlakına qoyulmuş məhdudiyyətlərin pozulmasına görə məsuliyyət daşıması barədə" xəbərdarlıq göndərilmiş, borc ödənilmədikdə siyahıya alınmış əmlakların satılması üçün məhkəmədə iddia qaldırılacağı bildirilmşidir. Məhkəmə kollegiyası qeyd edir ki, əmlakın siyahıya alınması, vergi ödəyicisinin vergi öhdəliyini Vergi Məcəlləsi ilə müəyyən edilmiş müddətdə yerinə yetirmədikdə yaranmış vergi borclarının ödənilməsini təmin etmək üsuludur, yəni vergi ödəyicisinin vergi borcları yarandığı və Vergi Məcəlləsində müəyyən edilmiş müddətdə yerinə yetirilmədiyi halda, vergi orqanı əmlakın siyahıya alınması üsulunu tətbiq etməyə haqlıdır. Həm birinci instansiya məhkəməsi, həm də apellyasiya instansiyası məhkəməsi tərəfindən verilmiş sorğuya iddiaçı tərəfindən verilmiş cavab məktublarından və təqdim edilmiş şəxsi hesab vərəqəsindən görünür ki, vergi ödəyicisi olan cavabdehin dövlət büdcəsinə ödənilməmiş vergi borcu mövcuddur. Cavabdeh tərəfindən vergi borcunun olması mübahisələndirilmir, cavabdeh vergi borcunun olduğunu təsdiq edir və iddia tələbinə etiraz ərizəsində borcun xx.xx.2023-cü ilədək ödənilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. Lakin bu günədək vergi borcu cavabdeh tərəfindən ödənilməmişdir. Eyni zamanda məhkəmə kollegiyası qeyd edir ki, iddiaçı tərəfindən qəbul edilmiş “Əmlakın siyahıya alınması haqqında” qərarla cavabdehin rəhbəri imza edilməklə tanış olmuş, “Əmlakın siyahıya alınması haqqında” protokol və siyahı cavabdehin rəhbərinin iştirakı ilə tərtib edilmiş və onun tərəfindən imzalanmış, o, protokolun və siyahının bir surətini almış və siyahıya alınmış əmlakı məsul saxlamaya almışdır. Vergi ödəyicisinə məxsus siyahıya alınmış əmlakın məsul saxlanma üçün cavabdehin rəhbərinə təhvil verilməsi barədə akt da tərtib edilmişdir və o, imza edərək əmlakı təhvil almışdır. Lakin cavabdehin rəhbəri borcu, eləcə də qeyd olunan sənədlərin düzgünlüyünü, habelə əmlakın ona məxsus olmasını mübahisələndirməmişdir. Əksinə, cavabdehin rəhbəri iddiaçı Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə verdiyi izahatda siyahıya alınmış əmlakların Cavabdeh MMC-yə məxsus olmasını, həmin borcun qısa müddətə ödəniləcəyini bildirilmiş, həmçinin izahatın doğruluğunu imzası ilə təsdiq etmişdir. Məhkəmə kollegiyası göstərilənləri nəzərə alaraq qeyd edir ki, birinci instansiya məhkəməsi iddianı təmin etməklə mübahisənin faktiki halları, tərəflərin münasibətləri və tətbiq edilməli olan hüquqla bağlı düzgün nəticəyə gəlmişdir, apellyasiya şikayətinin dəlilləri birinci instansiya məhkəməsinin qəbul etdiyi qərarın ləğvi üçün əsas hesab edilə bilməz. Ona görə də apellyasiya şikayəti təmin edilməməli, qərar dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87.6-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Yuxarıda göstərilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 89, 90 və 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: Cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1060/2024 nömrəli, 07 may 2024-cü il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan tam formada təqdim olunduğu gündən 1 ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar