Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3100/2025 23.10.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, X6 Asəf qızının katibliyi ilə, Cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinin nümayəndəsi X1 üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakları ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı (Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialı üçüncü şəxs qismində cəlb edilməklə) “məlumat vərəqəsinin ləğv edilməsi və s.” tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2768/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:
1. İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək iddiaçının vəzifə maaşının 950 manatdan 860 manata endirilməsi barədə qərarın ləğv edilməsi və vəzifə maaşının xx.xx.2019-cu ildən bərpa olunması öhdəliyinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir.
2. İddia tələbi onunla əsaslandırılmışdır ki, iddiaçıya Azərbaycan Respublikasının Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsinə əsasən xidmət illərinə görə yaşa görə əmək pensiyası təyin edilib. İddiaçiya əmək pensiyası təyin olunan zaman Müdafiə Nazirliyi tərəfindən verilmiş məlumat vərəqəsində olan məlumatlar əsasında hesablamalar aparılmışdır. Cavabdeh tərəfindən yenidən tərtib olunmuş məlumat vərəqəsində iddiaçının vəzifə maaşı düzgün göstərilməmiş, bunun nəticəsində iddiaçıya təyin olunan pensiya məbləği də düzgün hesablanmamışdır. Vəzifə maaşı 950 manat əvəzinə, 1997-ci ildən istehfaya çıxdığı vaxtdan 26 il sonra xx.xx.2023-cü ildə yeni vəzifə maaşı olaraq 860 manat göstərilmişdir. Bu da məlumat vərəqəsinin əsassız olduğunu göstərir.
3. Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli qərardadı ilə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialı İddiaçı cavabdeh Azərbaycan Respublikası Müdafiə Nazirliyinə qarşı “məlumat vərəqəsinin ləğv edilməsi və s.” tələbinə dair iş üzrə inzibati məhkəmə icraatına adi cəlbetmə qaydasında üçüncü şəxs qismində cəlb edilmişdir.
4. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2768/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərarı ilə iddia təmin edilərək, İddiaçı barəsində tərtib olunmuş xx.xx.2023-cü il tarixli, ZE- 42704 nömrəli məlumat vərəqəsi ləğv edilmişdir.
5. Qərardan narazı qalan üçüncü şəxs həmin qərardan apelyasiya şikayəti verərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:
6. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, iddiaçıya Müdafiə Nazirliyi tərəfindən vaxtilə ona xidmət illərinə görə pensiya təyin edilmişdir. Azərbaycan Respublikası Prezidentinin 2006-cı il 22 dekabr tarixli 499 nömrəli Fərmanının tələblərinə uyğun olaraq 1 yanvar 2007-ci il tarixdən etibarən hərbi qulluqçular və xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi və ödənilməsi funksiyalarını Dövlət Sosial Müdafiə Fondu həyata keçirdiyindən, ona əmək pensiyası həmin tarixdən etibarən Mərkəzi Filial tərəfindən ödənilir. Mərkəzi Filial tərəfindən verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir. Bununla əlaqədar, cari ilin sentyabr ayından İddiaçı əmək pensiyası yenidən hesablanaraq müvafiq təminat xərcliyinin (vəzifə maaşının 860,00 manat, rütbə maaşının 159,00 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50 faizi miqdarında əlavə 509,50 manat və ərzaq payı əvəzinə verilən pul kompensasiyası 64,00 manat olmaqla cəmi təminat xərcliyi 1592,50 manat) 100 faizi - 1592,50 manat məbləğində müəyyən edilmişdir. Belə ki, İddiaçı xx.xx.2020-xx.xx.2021-ci il tarixləri arasındakı dövr ərzində 1592,50 manat əmək pensiyası ödənilməli olduğu halda, 1727,50 manat, xx.xx.2022-xx.xx.2022-ci il tarixləri arasındakı dövr ərzində 1751,75 manat (maddi yardımla birlikdə) ödənilməli olduğu halda, 1900,25 manat (maddi yardımla birlikdə), 01 yanvar 2023-cü il tarixdən etibarən isə müvafiq indeksləşdirmə ilə əlaqədar 2009,26 manat ödənilməli olduğu halda 2179,59 manat ödənilmişdir. Qanunun 39.1-ci maddəsinin 01 yanvar 2023-cü il tarixdən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, iddiaçıya artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 5383,03 manat müəyyən edilmişdir. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 5383,03 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 200,92 manat) İddiaçı əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. İddiaçı yenidən həqiqi hərbi xidmətə çağırılaraq 01 noyabr 1991-ci il tarixdən N may 1997-ci tarixədək Azərbaycan Respublikası Silahlı Qüvvələrində həqiqi hərbi xidmətdə olmuşdur. O, müdafiə nazirinin 077 nömrəli 25 yanvar 1997-ci il tarixli əmri ilə “Hərbi xidmət haqqında” Azərbaycan Respublikası Qanununun 19-cu maddəsinin “a” bəndinə (yaşa görə) müvafiq olaraq N nömrəli hərbi hissənin (Hərbi tikinti idarəsi) quraşdırma şöbəsinin rəisi vəzifəsindən həqiqi hərbi xidmətdən istefaya buraxılaraq N may 1997-ci tarixdən hərbi hissənin şəxsi heyətinin siyahısından çıxarılmış, hərbi qeydiyyat üçün Bakı şəhəri Yasamal rayon hərbi komissarlığına göndərilmişdir. Bildirir ki, İddiaçı xidmət illəri: təqvimlə - 30 il 01 ay 22 gün, xidmət illərinə güzəştli qaydada əlavə olunan müddət -12 il 07 ay 28 gün, ümumi xidmət illəri isə 42 il 09 ay 20 gün təşkil etmişdir. Ona yenidən 01 iyun 1997-ci il tarixdən Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən xidmət illərinə görə (“Hərbi qulluqçuların pensiya təminatı haqında" Azərbaycan Respublikası Qanununun 12-ci maddəsinin “a” bəndi) pensiya təyin edilərək, adına yazılmış 382892 nömrəli 29 may 1997-ci il tarixli pensiya vərəqi X5 Bankın (BUSB) Yasamal rayon filialına göndərilmişdir. Həmin tarixə İddiaçı aylıq pensiyası təminat xərcliyinin (vəzifə maaşı - 93000 (18.6 azn) manat, rütbə maaşı - 40000 (8 azn) manat, xidmət illərinə görə 50 faiz əlavə - 66500 (13.3 azn) manat, ərzaq payı əvəzinə verilən pul kompensasiyası - 123733 (24.74 azn) manat) 100 faizi miqdarında müəyyən olunaraq 323233 (64.64 azn) manat təşkil etmişdir. “Azərbaycan Respublikası Müdafiə Nazirliyinin hərbi qulluqçularının və dövlət qulluqçusu olmayan mülki işçilərinin aylıq vəzifə (tarif) maaşlarının məbləğlərinin təsdiq edilməsi haqqında” Azərbaycan Respublikası Nazirlər Kabinetinin müvafiq qərarları ilə Müdafiə Nazirliyinin tabeliyində olmuş, lakin Müdafiə Nazirliyinin mərkəzi aparatının ştat tərkibinə daxil edilməyən “Hərbi Tikinti İdarəsində şöbə rəisi" vəzifəsinin aylıq vəzifə maaşı: xx.xx.1998-ci il tarixdən 290000 (58 azn) manat, xx.xx.2001-ci il tarixdən 435000 (87 azn) manat, xx.xx.2004-cü il tarixdən 600000 (120 azn) manat, xx.xx.2006-ci il tarixdən 240 manat miqdarında təsdiq edilmişdir. Hal-hazırda (xx.xx.2007-ci il tarixdən) hərbi qulluqçuların pensiyası “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanunun 1.0.5-ci maddəsinə müvafiq olaraq hərbi qulluqçuların xidmətdən buraxıldığı günə aldıqları miqdarda aylıq təminat xərcliyi (pul təminatı) əsas götürülməklə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli Qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları” ilə müəyyən edilmiş “Məlumat vərəqi” əsasında Mərkəzi Filial tərəfindən təyin edilir və yenidən hesablanır. Bu Qaydalara əsasən İddiaçı barəsində tərtib edilərək Mərkəzi Filiala göndərilmiş xx.xx.2007ci il tarixli ZE-42704 nömrəli “Məlumat vərəqi”ndə onun vəzifə maaşı xx.xx.2006-cı il tarixdən 240 manat olmalı olduğu halda, Azərbaycan Respublikası Hərbi Komissarlığı tərəfindən səhvən 276 manat göstərilməklə təminat xərcliyinə aid məlumatlar öz əksini tapmışdır. Bundan başqa, bildirilir ki, Hərbi Tikinti İdarəsi xx.xx.2006-cı il tarixdən ləğv edilmişdir. Ləğv edildiyi günədək bu idarə Müdafiə Nazirliyinin mərkəzi aparatının ştat tərkibinə daxil edilməyən digər - Mənzil İstismar İdarəsi ilə eyni statusda olmuşdur. S. Abdullayevin ləğv olunmuş Hərbi Tikinti İdarəsində tutduğu quraşdırma şöbəsinin rəisinin vəzifə maaşı yuxarıda qeyd edilən idarədə “şöbə rəisi” vəzifəsinin, habelə Azərbaycan Ali Hərbi Məktəbində “silsilə rəisi” vəzifəsinin maaşları ilə eyni məbləğdə, yəni xx.xx.2006-cı il tarixdən 240 manat təşkil etmişdir. Bu səbəbdən, Hərbi Tikinti İdarəsində “quraşdırma şöbəsinin rəisi”-nin vəzifə maaşı Mənzil İstismar İdarəsində “şöbə rəisi” və Azərbaycan Ali Hərbi Məktəbində “silsilə rəisi” vəzifələrinin maaşları ilə uyğunlaşdırılaraq xx.xx.2008-ci il tarixdən 310 manat, xx.xx.2010-ci il tarixdən 340 manat, xx.xx.2011-ci il tarixdən 425 manat, xx.xx.2013-cü il tarixdən 468 manat, xx.xx.2014-ci il tarixdən 528 manat, xx.xx.2016-cı il tarixdən 580 manat, xx.xx.2018-ci il tarixdən 640 manat, xx.xx.2019-cu il tarixdən isə 840 manat miqdarında müəyyən edilməli olduğu halda, Mərkəzi Filial tərəfindən həmin vəzifənin maaşı xx.xx.2008-ci il tarixdən 410 manat, xx.xx.2010-ci il tarixdən 450 manat, xx.xx.2011-ci il tarixdən 565 manat, xx.xx.2013-cü il tarixdən 622 manat, xx.xx.2014-ci il tarixdən 622 manat, xx.xx.2016-cı il tarixdən 685 manat, xx.xx.2018-ci il tarixdən 756 manat, xx.xx.2019-cu il tarixdən isə 950 manat məbləğində səhvən müəyyən edilmişdir. Mərkəzi Filialı tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanlanmış 3-17-1/2-140887/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq İddiaçı barəsində yenidən tərtib edilərək bu quruma göndərilmiş xx.xx.2023-cü il tarixli ZE-42704 nömrəli “Məlumat vərəqi”ndə iddiaçının vəzifə maaşı daha yüksək olan “Briqada komandiri” vəzifəsinin maaşına uyğunlaşdırılmaqla 860 manat məbləğində müəyyən edilərək qeyd edilmişdir. Tərəflərin izahatları:
7. Məhkəmə kollegiyasının iclasında iştirak edən üçüncü şəxsin nümayəndəsi apelyasiya şikayətini müdafiə edərək qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
8. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin nümayəndəsi birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etdi.
9. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apelyasiya şikayətinin əsassız olduğunu və təmin edilməməsini, birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etdi. İŞİN HALLARİ:
10. İş materiallarında olan ZE-42704-001412 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur.
11. Cavabdeh tərəfindən xx.xx.2023-cü il tarixdə tərtib olunmuş ZE-42704 nömrəli məlumat vərəqəsindən görünür ki, İddiaçı vəzifə maaşı 860 manat təşkil edir.
12. DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş xx.xx.2023cü il tarixli məktubun surətindən görünür ki, İddiaçı Kərim oğlunun sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən əmək pensiyası vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilib. Bununla əlaqədar, əmək pensiyasının yenidən hesablanaraq müvafiq təmin xərcliyinin (vəzifə maaşı 860 manat, rütbə maaşı 190 manat, xidmət illərinə görə vəzifə və rütbə maaşının 50% miqdarında əlavə 509,50 manat və ərzaq payı əvəzinə pul kompensasiyası 64 manat olmaqla cəmi təminat xərcliyinin 1.592,50 manat) 100 faizi – 1.592,50 manat məbləğində müəyyən edilib. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 1 yanvar 2023cü il tarixindən qüvvədə olan 26.4-cü maddəsinə əsasən əmək pensiyanın həmin tarixdən 1.751,75 manat, 29-cu maddəsinə əsasən indeksləşdirilmə ilə əlaqədar artırılaraq 2.009,26 manat təşkil edir. Qanunun 39.1-ci maddəsinin 1 yanvar 2023-cü il tarixindən qüvvədə olmuş redaksiyasına əsasən əmək pensiyasının və əmək pensiyasına əlavənin artıq ödənilmiş məbləği əmək pensiyaçısından son üç il üçün tutulur. Bununla əlaqədar olaraq, ona artıq ödənilmiş vəsait son üç il üzrə məhdudlaşdırılaraq 5.383,03 manat müəyyən edilib. Qeyd olunanlara əsasən, artıq ödənilmiş 5.383,03 manat pul vəsaiti cari ilin sentyabr ayından etibarən hissə-hissə (hər ay 200,92 manat) əmək pensiyasından tutularaq büdcəyə bərpa edilir. TƏTBİQ EDİLƏN HÜQUQ
13. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanunu: 1.0.1. əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir; 1.0.3. hərbi qulluqçular — Azərbaycan Respublikası Silahlı Qüvvələrində və hərbi xidmət nəzərdə tutulmuş digər dövlət orqanlarında (dövlət orqanlarının strukturuna daxil olan qurumlarda) xidmət edən hərbi rütbəli şəxslərdir; 1.0.4. xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının müvafiq icra hakimiyyəti orqanlarında xidmət edən xüsusi rütbəli şəxslərdir; 1.0.5. təminat xərcliyi (pul təminatı) — hərbi qulluqçuların hərbi xidmətdən buraxıldığı günə (sərəncamdan ehtiyata və ya istefaya buraxılarkən sərəncama götürüldüyü günə) aldıqları miqdarda aylıq vəzifə maaşından, rütbə maaşından, xidmət illərinə görə əlavədən, ərzaq payı əvəzinə verilən pul kompensasiyasından, vəzifə maaşından hesablanan digər əlavələrdən (büdcədənkənar vəsaitlər hesabına hesablanan əlavələr və digər ödənişlər istisna olmaqla), artımlardan ibarət olan məbləğdir; 9.6. Hərbi qulluqçulara yaşa görə əmək pensiyası hərbi xidmətdən buraxıldıqdan sonra təyin olunur. Aşağıdakı şəxslər istisna olmaqla, hərbi qulluqçu kimi yaşa görə əmək pensiyası təyin olunduqdan sonra yenidən hərbi xidmətə qəbul edilmiş və buraxılmış əmək pensiyaçılarının əmək pensiyasının sonuncu təminat xərcliyinə görə yenidən hesablanmasına yol verilmir: 9.6.1. hərbi xidmətə yenidən qəbul edildiyi tarixdən ən azı 72 ay xidmət etmiş şəxslər; 9.6.2. məhkəmənin qanuni qüvvəyə minmiş qərarı ilə hərbi xidmətə bərpa edilmiş şəxslər; 9.6.3. hərbi xidmət vəzifələrini yerinə yetirərkən həlak olmuş şəxslər; 9.6.4. ali zabit heyətinə aid şəxslər. 22.4. hərbi xidmət müddətinin və təminat xərcliyinin hesablanması və bu barədə məlumatların təqdim olunması qaydası müvafiq icra hakimiyyəti orqanı tərəfindən müəyyən edilir.
14. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması Qaydaları”:
1. Bu Qaydalar “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 22.4-cü maddəsinə uyğun olaraq hazırlanmışdır və həmin Qanunun 1.0.3-cü maddəsində nəzərdə tutulmuş hərbi qulluqçular - Azərbaycan Respublikası Təhlükəsizlik Şurasının katibinin xidmətində, Azərbaycan Respublikasının Müdafiə Nazirliyində, Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyində, Azərbaycan Respublikasının Ədliyyə Nazirliyində, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyində, Azərbaycan Respublikasının Hərbi Prokurorluğunda, Azərbaycan Respublikasının Dövlət Təhlükəsizliyi Xidmətində, Azərbaycan Respublikasının Xarici Kəşfiyyat Xidmətində, Azərbaycan Respublikasının Dövlət Sərhəd Xidmətində, Azərbaycan Respublikasının Səfərbərlik və Hərbi Xidmətə Çağırış üzrə Dövlət Xidmətində, Azərbaycan Respublikası Prezidentinin Təhlükəsizlik Xidmətində, Azərbaycan Respublikasının Xüsusi Rabitə və X2 Xidmətində, Azərbaycan Respublikasının Strateji X3 Agentliyində və Azərbaycan Respublikasının qanunvericiliyinə uyğun olaraq yaradılmış başqa silahlı birləşmələrdə xidmət etmiş hərbi rütbəli şəxslərə və 1.0.4- cü maddəsində nəzərdə tutulmuş xüsusi rütbəli şəxslər - Azərbaycan Respublikasının Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikasının Fövqəladə Hallar Nazirliyi, Azərbaycan Respublikasının Dövlət Gömrük Komitəsi, Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətində xidmət etmiş xüsusi rütbəli şəxslərə əmək pensiyasının təyin edilməsi üçün təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların həmin orqanlar tərəfindən Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fonduna (bundan sonra – Fond) təqdim olunması qaydalarını müəyyən edir;
2. Bu Qaydaların 1-ci hissəsində nəzərdə tutulmuş hərbi və xüsusi rütbəli şəxslərin (bundan sonra – hərbi və xüsusi rütbəli şəxslər) təminat xərcliyi (pul təminatı) həmin şəxslərin sonuncu xidmət keçdiyi orqan tərəfindən “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun (bundan sonra – Qanun) 1.0.5-ci maddəsinə uyğun olaraq hesablanır.
3. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir.
4. Bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
15. “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanunu: 13.1-ci maddəsinə əsasən inzibati orqanların inzibati praktikasına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur; 13.2-ci maddəsinə əsasən inzibati orqan mövcud inzibati praktikaya uyğun hərəkət etməyə borcludur. Yalnız ictimai maraqların tələb etdiyi hallarda mövcud inzibati praktika yeni praktika ilə dəyişdirilə bilər. Yeni inzibati praktika davamlı olmalı və ümumi xarakter daşımalıdır; 24.1-ci maddəsinə əsasən inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; 24.2-ci maddəsinə əsasən inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz; 24.3-cü maddəsinə əsasən inzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Araşdırmanın üsulu və həcmi inzibati orqan tərəfindən müəyyən edilir. İnzibati orqan maraqlı şəxslərin izahatları ilə və təqdim etdiyi sübutlarla bağlı deyildir; 64.1-ci maddəsinə əsasən inzibati akt, ünvanlandığı şəxsə və ya maraqlarına toxunduğu şəxsə bu barədə məlumat verildiyi andan və yaxud bu barədə həmin şəxslərə məlum olduğu andan hüquqi qüvvəyə minir. İnzibati akt məlumat verildiyi məzmunda hüquqi qüvvəyə minir və hüquqi cəhətdən etibarlı sayılır; 64.2-ci maddəsinə əsasən inzibati akt qanunla müəyyən olunmuş qaydada geri çağırılana, ləğv edilənə, dəyişdirilənə, qüvvədə olma müddəti qurtardığına və ya başqa səbəbə görə qüvvədən düşmüş hesab edilənə qədər hüquqi qüvvəsini saxlayır və hüquqi cəhətdən etibarlı sayılır;
16. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.
APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ
17. Məhkəmə kollegiyası apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.
18. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar(faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.
19. Üçüncü şəxsin apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərarının ləğvinə yönəldiyi üçün kollegiya qərarın qanuniliyini tam yoxlayır.
20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.
21. Kollegiya birinci instansiya məhkəməsinin mövqeyilə razılaşır, işə şikayət həddində, hüquqi məsələlər, habelə sübutlar və faktlar əsasında mahiyyəti üzrə baxaraq hesab edir ki, məhkəmənin sözügedən qərarı qanuni və əsaslı olduğundan dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
22. İş materiallarında olan ZE-42704-001412 nömrəli pensiya uçot vərəqindən görünür ki, iddiaçıya xx.xx.1997-ci il tarixdən yaşa görə əmək pensiyası təyin olunmuşdur. Əmək pensiyasının yenidən hesablanması haqqında 22 avqust 2023-cü il tarixli qərardan görünür ki, iddiaçıya xx.xx.2020-xx.xx.2022-ci il tarixdən 1.592,50 manat pensiya təyin edilmiş, xx.xx.2023-cü il tarixdən pensiya məbləği 2.009,26 manatadək çatdırılmışdır.
23. Lakin sonradan cavabdeh tərəfindən DSMF Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına 28 iyul 2023-cü il tarixli məktub ünvanlanaraq iddiaçının Müdafiə Nazirliyi xətti ilə yaşa (xidmət illərinə) görə təyin olunmuş əmək pensiyasının yenidən hesablanması məqsədilə ilə yenilənmiş “Məlumat vərəqəsi” göndərilmiş və sonuncu məlumat vərəqində iddiaçının vəzifə maaşı 950 manat əvəzinə 860 manat məbləğində göstərilmişdir.
24. Cavabdehin mövqeyinə görə Hərbi Tikinti İdarəsində “quraşdırma şöbəsinin rəisi” nin vəzifə maaşı Mənzil İstismar İdarəsində “şöbə rəisi” və Azərbaycan Ali Hərbi Məktəbində “silsilə rəisi” vəzifələrinin maaşları ilə uyğunlaşdırılaraq xx.xx.2008-ci il tarixdən 310 manat, xx.xx.2010-ci il tarixdən 340 manat, xx.xx.2011-ci il tarixdən 425 manat, xx.xx.2013-cü il tarixdən 468 manat, xx.xx.2014-ci il tarixdən 528 manat, xx.xx.2016-cı il tarixdən 580 manat, xx.xx.2018-ci il tarixdən 640 manat, xx.xx.2019-cu il tarixdən isə 840 manat miqdarında müəyyən edilməli olduğu halda, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən həmin vəzifənin maaşı xx.xx.2008-ci il tarixdən 410 manat, xx.xx.2010-ci il tarixdən 450 manat, xx.xx.2011-ci il tarixdən 565 manat, xx.xx.2013-cü il tarixdən 622 manat, xx.xx.2014-ci il tarixdən 622 manat, xx.xx.2016-cı il tarixdən 685 manat, xx.xx.2018-ci il tarixdən 756 manat, xx.xx.2019-cu il tarixdən isə 950 manat miqdarında səhvən müəyyən edilmişdir. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən Müdafiə Nazirliyinin Maliyyə və Büdcə İdarəsinə ünvanlanmış 3-17-1/2- 140887/2023 nömrəli xx.xx.2023-cü il tarixli sorğuya cavab olaraq İddiaçı barəsində ZE-42704 nömrəli xx.xx.2023-cü il tarixli yenilənmiş “Məlumat vərəqi” bu quruma göndərilmişdir.
25. Qeyd etmək lazımdır ki, “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 4-cü bəndinin ilkin redaksiyasına əsasən, hərbi qulluqçular və xüsusi rütbəli şəxslər sırasından olan əmək pensiyaçılarının pensiyalarının yenidən hesablanması (və ya pensiyalarına əlavə edilməsi) məqsədilə təminat xərcliyində baş vermiş artımlar barədə məlumat müvafiq icra hakimiyyəti orqanları tərəfindən 5 iş günü ərzində Azərbaycan Respublikasının Dövlət Sosial Müdafiə Fonduna təqdim edilməlidir.
26. Lakin işin hallarından göründüyü kimi, cavabdeh orqan bu müddəaya əməl etməmiş, yəni qanunla nəzərdə tutulan müddət ərzində düzəliş edilmiş məlumat vərəqəsini yenidən tərtib edərək səlahiyyətli orqana təqdim etməmişdir. Bu isə inzibati icraat zamanı qanunvericiliklə müəyyən olunmuş əsasların pozulması, eləcə də vətəndaşın hüquqlarına bilavasitə təsir göstərən inzibati hərəkətsizlik kimi qiymətləndirilməlidir.
27. Eyni zamanda, iş üzrə üçüncü şəxs Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı da cavabdehin mövqeyindən çıxış edərək apelyasiya şikayətində qeyd etmişdir ki, “...Mərkəzi Filial tərəfindən verilmiş sorğuya cavab olaraq sonuncu xidmət keçdiyi orqan tərəfindən təqdim olunmuş yeni məlumat vərəqinə əsasən iddiaçının əmək pensiyasının vəzifə maaşına uyğun olaraq düzgün hesablanmadığı aşkar edilmişdir.”
28. Məhkəmə kollegiyası həm cavabdehin, həm də üçüncü şəxsin dəlillərinə münasibətdə qeyd edir ki, özünün qəbul etdiyi inzibati aktda səhvlər olduğunu aşkar edən inzibati orqan “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinin müddətlə bağlı tələblərini nəzərə almaqla qərar qəbul edə bilər.
29. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.12-ci maddəsinə görə, qanunsuz inzibati akt, həmin aktın ləğv olunmasını şərtləndirən hallar məlum olduğu gündən 1 il ərzində ləğv edilə bilər. Qanunun imperativ xarakter daşıyan həmin normasına görə, inzibati orqan tərəfindən əvvəllər qəbul edilmiş qanunsuz inzibati akt, Qanunun 67.6-cı maddəsində sadalanan hallar istisna olmaqla, qalan digər hallarda yalnız inzibati aktın ləğv olunmasına, yaxud dəyişdirilməsinə səbəb olan hal və ya hallar inzibati orqana məlum olduğu gündən 1 il ərzində ləğv oluna, yaxud dəyişdirilə bilər.
30. Yuxarıda qeyd olunan normaya əsasən, demək olar ki, burada iki əsas məsələyə diqqət yetirilməlidir. Birincisi, inzibati aktın ləğv olunmasını və ya dəyişdirilməsini şərtləndirən halların nədən ibarət olmasıdır. Yəni, inzibati orqan hansı hala (hallara) əsaslanıb qəbul etdiyi inzibati aktı ləğv etmək, yaxud dəyişdirmək qərarına gəlmişdir. İkinci məsələ isə inzibati aktın ləğv olunmasına və ya dəyişdirilməsinə səbəb olan halın (halların) inzibati orqana məlum olmasından sonra 1 (bir) il ərzində yeni qərar qəbul edilməsidir.
31. Onu da qeyd etmək lazımdır ki, inzibati aktın ləğvini və ya dəyişdirilməsini şərtləndirən halların məlum olduğu vaxtın başlanğıcının düzgün müəyyən edilməsi həlledici əhəmiyyət kəsb edir. Ona görə də, bu vaxt yalnız mötəbər sübutlara əsaslanmaqla müəyyən edilməlidir. Bunun üçün ilk növbədə, qanunsuzluğu iddia olunan aktın ləğv edilməsinə və ya dəyişdirilməsinə səbəb olan halın (halların) məhz nələrdən ibarət olduğu, inzibati orqanın hansı hallara istinad etdiyi dəqiq aydınlaşdırılmalıdır. Belə halların nələrdən ibarət olduğunu bildirmək vəzifəsi inzibati orqanın üzərinə düşür.
32. Kollegiya qeyd edir ki, iddiaçıya “vəzifə maaşının 950 manat olmasını” əks etdirən məlumat vərəqəsinin tərtib edildiyi vaxtdan 1 (bir) ildən çox müddət keçdiyindən və səhv məlumatın göstərilməsinə səbəb olan hal kimi qəbul etdiyi məsələ elə həmin vaxt cavabdehə məlum olduğundan, habelə məlum olma halını digər bir tarix kimi müəyyən etmək üçün cavabdeh tərəfindən hər hansı sübut təqdim edilmədiyindən, cavabdeh inzibati orqanın əvvəllər tərtib etdiyi məlumat vərəqəsinin dəyişdirməsi qanuni sayıla bilməz və iddiaçının qanunla qorunan etimad hüququnu pozan hal kimi qiymətləndirilməlidir.
33. “İnzibati icraat haqqında” Qanunda nəzərdə tutulan “etimadın qorunması” prinsipinin mahiyyətindən aydın olur ki, inzibati orqanlar öz təşəbbüsü ilə inzibati akt qəbul edərkən inzibati icraat aparırlar və Qanunda başqa qayda nəzərdə tutulmamışdırsa, inzibati orqan inzibati icraat barədə maraqlı şəxsə və ya onun nümayəndəsinə məlumat verməli və işdə onun iştirakını təmin etməlidir.
34. Eyni zamanda, inzibati aktı qəbul etməzdən əvvəl inzibati orqan onun məzmunu, xüsusilə işin müəyyən edilmiş faktiki halları və həmin işlə bağlı nəzərdə tutulan tədbirlər haqqında maraqlı şəxslərə və ya onların nümayəndələrinə məlumat verməyə və bu barədə onların mülahizələrini dinləməyə bocludur, habelə inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludurlar.
35. Kollegiya bildirir ki, inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. İnzibati icraat zamanı işin bütün hallarının araşdırılması inzibati orqanın xidməti vəzifəsindən irəli gəlir. Müəyyən inzibati aktın sonradan qəbul edilməsi və ya qəbul edilməməsi ilə bağlı səlahiyyətli inzibati orqanların vədlərinə, bəyanatlarına fiziki və ya hüquqi şəxslərin etimadı qanunla qorunur.
36. Dövlət orqanlarından etimad hüququ çərçivəsində gözlənilən onların vaxtında, uyğun və ardıcıl şəkildə hərəkət etmək öhdəliyinə riayət etmələridir. Vətəndaşlar “İnzibati icraat haqqında” Qanunun 67.6-cı maddəsində sadalanmış hallar istisna olmaqla prinsipcə, onların xeyrinə çıxarılmış yekun əlverişli inzibati aktların və həmin aktlardan irəli gələn tətbiq tədbirlərinin etibarlılığına güvənə bilməlidirlər. Həmin güvən etimad hüququnu yaratmaqla qanunla müəyyən edilmiş həddlərdə qorunur.
37. Məhkəmə kollegiyası hesab edir ki, inzibati orqanlar, o cümlədən cavabdeh də öz fəaliyyət sferasına aid bütün normativ hüquqi aktları dəqiq bilməli və onları düzgün tətbiq etməlidir.
38. Bundan əlavə, iş materiallarında olan iddiaçının sosial təminat hüququndan irəli gələn mübahisə üzrə Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X7 Şəxsin Xüsusi Şərtlərlə təyinatı üzrə Mərkəzi Filialına münasibətdə aparılmış inzibati icraat çərçivəsində Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli, 2-1(112)-4953/2024 saylı qanuni qüvvəsini almış qərarında iddiaçıya izah olunmuşdur ki, “...vətəndaş ilkin olaraq yenilənmiş məlumat vərəqəsi ilə bağlı aidiyyəti quruma müraciət etməli, daha sonra isə mübahisə yarandıqda məhz həmin quruma qarşı iddia qaldırılmalıdır.”
39. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2007-ci il 27 avqust tarixli 135 nömrəli qərarı ilə təsdiq edilmiş “Təminat xərcliyinin hesablanması, hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumatların təqdim olunması” Qaydalarının 3-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, hərbi və ya xüsusi rütbəli şəxsin hərbi xidmət müddəti və təminat xərcliyi barədə məlumat vərəqi (1 nömrəli əlavə) əmək pensiyası hüququnun yarandığı tarixdən onun, həmin şəxs vəfat etdikdə isə ailə başçısını itirməyə görə əmək pensiyası almaq hüququ olan ailə üzvünün müraciəti əsasında xidmət keçdiyi orqan tərəfindən elektron qaydada qeydiyyata alınması məqsədilə 15 iş günü müddətində müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür. Pensiya alan hərbi və ya xüsusi rütbəli şəxs öldükdə, ona vaxtilə pensiya təyin edilməsi üçün xidmət illəri və təminat xərcliyinə dair sənədlərdəki məlumatlarda dəyişikliklər baş vermişdirsə, ailə başçısını itirməyə görə pensiya hüququ yaranan ailə üzvünün Fonda müraciətindən 10 iş günü müddətində göndərilən Fondun sorğusu əsasında məlumat vərəqi bu hissədə nəzərdə tutulan müddətdə və qaydada təqdim edilir. Bu Qaydaların 4-cü bəndinə əsasən bu Qaydaların 7-ci hissəsi nəzərə alınmaqla, şəxsin əmək pensiyasının yenidən hesablanmasına əsas verən, onun xidmət illərinin müddətindəki, təminat xərcliyinin tərkibindəki və vəzifə uyğunlaşdırılması ilə bağlı dəyişikliklər barədə əsaslandırılmış məlumatlar müəyyən edildiyi tarixdən 7 iş günü müddətində Qaydaların 1-ci hissəsində göstərilən orqanlar tərəfindən müvafiq elektron informasiya sisteminə səlahiyyətli şəxsin gücləndirilmiş elektron imzası vasitəsilə daxil edilməklə Fonda ötürülür.
40. Yuxarıda qeyd olunan normaların tələblərindən və Bakı İnzibati Məhkəməsinin adıçəkilən qərarından göründüyü kimi hərbi qulluqçuların pensiyasının hesablanması zamanı əsas götürülən təminat xərcliyi onların xidmət keçdiyi qurum tərəfindən təqdim olunur və təminat xərcliyinə olan dəyişiklər barədə məhz həmin qurum pensiya təyin edən orqana məlumat verməlidir. Bu isə öz növbəsində bir daha təsdiq edir ki, məlumat vərəqəsi iddiaçının pensiyasının yenidən hesablanması prosesində əsas sənəd kimi çıxış edir.
41. Beləliklə, Kollegiya qeyd etməyi zəruri hesab edir ki, iddiaçı məhz hazırki iddia tələbi ilə müraciət edərək sözügedən məlumat vərəqəsinin ləğv edilməsini tələb etməkdə haqlıdır.
42. Həmçinin Azərbaycan Respublikası Konstitusiya Məhkəməsi Plenumunun “X.Mustafayevanın şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasının 27 fevral 2020-ci il tarixli qərarında qeyd edilmişdir ki, ... Qüvvədə olan qanunvericilik, hətta bəzi hallarda və müəyyən şərtlər çərçivəsində şəxsin etimadının qorunmasının publik maraqlara nisbətdə “üstünlüyünü” təsbit etmişdir. Belə ki, “İnzibati icraat haqqında” Qanunun 67.5-ci maddəsinə müvafiq olaraq, maraqlı şəxsin məzmununa etimad göstərdiyi və həmin etimadın qanunla qorunduğu, habelə başqa şəxslərin hüquqlarına və ya qanunla qorunan maraqlarına, dövlət maraqlarına və ya ictimai maraqlara ziyan vurmadığı hallarda, maraqlı şəxsə münasibətdə birdəfəlik və ya cari pul və ya əşya öhdəliklərinin nəzərdə tutulduğu və ya belə öhdəliklərin əmələ gəlməsinə səbəb olmuş qanunsuz əlverişli inzibati aktın ləğv olunmasına yol verilmir. Maraqlı şəxsin ona verilmiş pul vəsaitlərini xərclədiyi və ya əmlakdan istifadə etdiyi və buna görə də onları qaytarmaq iqtidarında olmadığı və ya onları qaytardığı təqdirdə əhəmiyyətli ziyana məruz qalacağı hallarda, həmin şəxs etimadın qanunla qorunması hüququna malikdir.
43. İnsan Hüquqları üzrə Avropa Məhkəməsinin presedent hüququna görə də, “lazımi idarəetmə” prinsipi hakimiyyət orqanlarının operativ şəkildə öz səhvlərini, hətta onların özlərinin diqqətsizliyi nəticəsində yaranan səhvlərini düzəltməsinin qarşısını almamalıdır. Lakin köhnə “səhv”in düzəldilməsi zərurəti, dövlət orqanının hərəkətinin qanuniliyinə etibar edən vicdanlı şəxsin yeni hüququna tənasübsüz şəkildə maneə törətməməlidir. Başqa sözlə, öz prosedurlarını tətbiq etməyən və ya onlara riayət etməyən dövlət orqanları öz hüquq pozuntularından fayda götürmək və ya öz vəzifələrindən yayınmaq hüququna malik olmamalıdırlar. Dövlət orqanları tərəfindən yol verilən istənilən səhvin riskini dövlətin özü daşımalı və səhvlər maraqlı şəxslərin hesabına düzəldilməməlidir (Beinaroviç və digərləri Litvaya qarşı iş üzrə, 2018-ci il 12 iyun tarixli Qərar, §140).
44. Yuxarıda qeyd olunanlara məcmu halda qiymət verən Məhkəmə kollegiyası hesab edir ki, birinci instansiya məhkəməsi iddia tələbini təmin etməklə düzgün nəticəyə gəlmişdir. Odur ki, üçüncü şəxsin apelyasiya şikayəti əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin hazırki iş üzrə qəbul edilən mübahisələndirilən qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır.
45. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.
46. Həmin Məcəllənin 68.2-ci maddəsinə əsasən məhkəmə qərarı yalnız məhkəmə icraatında tədqiq olunmuş və barələrində proses iştirakçılarının öz mülahizələrini bildirmək imkanına malik olduqları faktlar və sübutlarla əsaslandırılmalıdır.
47. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.
48. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 35, 80, 87.6, 89 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası Q Ə R A R A A L D I : Apelyasiya şikayəti təmin edilməsin . Bakı İnzibati Məhkəməsinin 2-1(112)-2768/2025 nömrəli, xx.xx.2025-ci il tarixli tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.