Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3101/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, iddiaçının nümayəndəsi vəkil X3 və cavabdeh tərəfin (prosessual hüquq varisinin) nümayəndəsi X1 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon Şöbəsinə qarşı “əmək pensiyası təyin edilməsi tələbinə dair” inzibati iş üzrə cavabdeh (prosessual hüquq varisi Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı) tərəfindən verilmiş “yeni açılmış hallara görə iş üzrə icraatın təzələnməsi barədə ərizəsi üzrə Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4057/2017 saylı 01.07.2021-ci il qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin (Bakı şəhəri,Z.Xəlilov küçəsi, 540-cı məhəllə) binasında, açıq məhkəmə iclasında baxaraq MÜƏYYƏN ETDİ: İ. 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)-4057/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarına əsasən iddia təmin edilərək, İddiaçı 07.04.1985-ci il tarixdən 02.01.1990-cı il tarixədək Neft Daşları NQÇİ-də və 01.01.1990-cı il tarixdən hal-hazıradək 28 May NQÇİ-də dənizdə işlədiyi dövrün Azərbaycan Respublikası Nazirlər Kabinetinin 320 nömrəli 21 iyun 1993-cü il tarixli qərarı ilə müəyyənləşdirilmiş güzəştli pensiya hüququ olan vəzifələrin İ siyahısına müvafiq qaydada xüsusilə zərərli əmək stajı kimi nəzərə alınmaqla, 30.09.2009-cu il tarixdən (50 yaş) güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının həmin dövrdə qüvvədə olan qanunvericiliyə müvafiq olaraq 2004-2005-ci illərin orta aylıq əmək haqqı əsas götürülməklə, yenidən hesablanması və yaranmış fərqin birdəfəlik ödənilməsi vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyini yanında Dövlət Sosial Müdafiə Fondunun Bakı şəhəri Nizami rayon şöbəsinin üzərinə qoyulmuşdur. Bakı Apelyasiya Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 2-1(103)-2493/2017 saylı, 07 noyabr 2017-ci il tarixli qərarı ilə birinci instansiya məhkəməsinin həmin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21(102)- 415/2018 saylı 21 fevral 2018-ci il tarixli qərarı ilə apellyesiya instansiyası məhkəməsinin qərarı da dəyişdirilmədən qüvvədə saxlanılmışdır. Beləliklə də 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini almış və məhkəmənin 15 mart 2018-ci il tarixli məktubu ilə icra edilməsi üçün cavabdeh orqana göndərilmişdir. Cavabdeh orqan isə 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinə ünvanlanmış 09.04.2018-ci il tarixli 15/1624 saylı məktubunda bildirmişdir ki, məhkəmənin X2 iddia tələbi üzrə qərarı icra edilərək, ona hüququ yarandığı gündən əmək pensiyası təyin edilmişdir (Məktub 10.04.2018-ci il tarixində məhkəməyə daxil olmuşdur). İİ. 18.02.2021-ci il tarixdə cavabdeh orqanın prosessual hüquq varisi Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı yeni açılmış hallaradair ərizə ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4057/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarının ləğv edilməsini və iş üzrə icraatın təzələnməsini xahiş etmişdir. Ərizə onunla əsaslandırılmışdır ki, “...2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarında iddiaçının işlədiyi və güzəştli hesab olunan istehsalat sahəsi, peşə və vəzifələrinin uyğunluğu 1 və 2 №-li Siyahılarda qeyd olunmuş istehsalat və peşələrlə (vəzifələrlə) əsaslandırılmamış, ümumi mülahizələr və şərhlər əsasında qərar qəbul edilmişdir. Məhkəmə qərar çıxararkən müəyyən etdiyi iş dövrlərinin təsdiq edilməsi məqsədi ilə müvafiq müəssisə, idarə və təşkilatlardan heç bir rəsmi məlumat, o cümlədən, güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışması barədə arayışın alınması təmin edilməmiş və ya tələb edilməmiş, zəruri tədqiqat işləri aparılmamış, iddiaçının dənizdə işlədiyi barədə əsaslar olmadan iddia tələbi təmin edilmişdir. Bakı Apellyasiya Məhkəməsində vətəndaşın 1985-1990-cı illər üzrə idarənin istehsalatların avtomatlaşdırılması sexində işlədiyi çilingər (1985-1987) və idarənin aparat heyətində hesablama texnikasının avtomatlaşdırılması şöbəsində mühəndis (1987-1990) vəzifələrini 1 №-li Siyahıda göstərilmiş “Kod-11000000X. Neftin qazılması və hasilatı (dəniz neftçiləri üçün), neft, qaz, qaz kondensatı, kömür və şistin emalı” bölməsinin “Kod- 1100000a-18547- texnoloji qurğuların təmiri üzrə çilingərlər” və “Kod-1100000b-17541quyularda geofiziki tədqiqatları yerinə yetirən geofiziki-mədən partiya və dəstələrinin rəhbərləri və mütəxəssisləri: mədən-geofiziki partiyaların rəisləri, mühəndisləri, geofizikləri, geoloqları, texnikləri, ustaları” vəzifəsinə uyğun hesab etməklə iddia tələbini təmin etmişdir. Qüvvədə olan qanunvericiliyə əsasən Muradxan Şəfiyevin pensiyası 2004-2005-ci illərin əməkhaqqına əsasən hesablana bilməz və onun güzəştli şərtlərlə yaşa görə əmək pensiya hüququ qanunvericiliklə 1 №-li Siyahı ilə 30.09.2011-ci il tarixdən 52 yaşından yaranır. Məhkəmə qərarlarına əsaslanaraq hesablanmış və faktiki ödənilmiş pensiya məbləğləri 232371,45 manat müəyyən edilmiş, yuxarıda qeyd olunan qanunvericiliyə müvafiq hesablanılmalı və ödənilməli olan pensiya məbləğləri 28.817,72 manat əsassız ödənilmiş məbləğ 203553,73 manat təşkil etmişdir. Beləliklə, Fondun Nizami rayon şöbəsi tərəfindən məhkəmə qərarları əsasında İddiaçı pensiyanın təyin edilməsi, yenidən hesablanması və 01.01.2020-ci il tarixədək ödənilməsi nəticəsində plastik kart hesabına dövlət büdcəsi hesabına külli miqdarda əsassız vəsait ödənilmişdir. İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tərəfindən müvafiq materiallar Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş, həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı aparılır...” İİİ. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4057/2017 saylı 01.07.2021-ci il qərardadı ilə cavabdeh tərəfin ərizə təmin edilərək, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 2-1(82)- 4057/2017 saylı, 05 sentyabr 2017-ci il tarixli qərarı ləğv edilmiş, qərarın icrası dayandırılmış, işə mahiyyəti üzrə baxılması təzələnmişdir. İV. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardadın ləğv edilməsini və ərizənin rədd edilməsinə dair yeni qərardad qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, “qərardad əsassızdır. Belə ki, məhkəmə, qərardadında yeni açılmış halların və ya faktların nədə ifadə ollunduğunu, habelə, onların nədən ibarət olmasını əsaslandıra bilməmiş, ərİzəçinin absurd yanaşmasını öz qərardadına köçürərək ərizəsini təmin etmişdir. Ərzəçinin ərizəsində qeyd edilən, guya yeni açılmış hesa etdiyi hallar isə ondan ibarətdir ki, işə baxan məhkəmələr tərəfindən məhkəmə tədqiqatının aparılmaması, iddiaçının işlədiyi yerlərin zərərli olub-olmamasının araşdırılmaması. Halbuki, iddiaçının tələbi üç instansiya məhkəməsinin hakimləri tərəfindən tədqiqat aparıldıqdan sonra yekun qərar qəbul edilmişdir. Məhkəmə tədqiqatının aparılmasına dair iradların bildirilməsi ən azından dövlətin adından qəbul edilmiş məhkəmə qərarına hörmətsizlik kimi qəbul edilməlidir. Bununla da dövlət orqanı icrası məcbkri olan və qanuni qüvvəsini almış məhkəmə qərarının icrasından yayınma məqsədini daşıyır. Göründüyü kimi, heç bir yeni bir sübutdan söhbət gedə bilməz. Cavabdehin qeyd etdiyi hallar ən geci ona 01.01.2020-ci il tarixdə bəlli olmuşdur. Belə ki, həmin tarixdən pensiya ödənişini dayandırmış və bunu ərizəsində qeyd etdiyi hallarla əsaslandırmışdır. Ərizəçinin yeni açılmış hal kimi əsas gətirdiyi sübutlar və hallar işə baxılarkən, DSMF orqanına məlum olduğundan, İPM-in 103.1-ci maddəsi ilə müəyyən olunmuş 3(üç) aylıq müddət buraxılmış, 1 il 1 ay 17 gün sonra məhkəməyə ərizə ilə müraciət olunmuşdur...” V. Məhkəmə kollegiysının iclasında iştirak edən iddiaçının nümayəndəsi vəkil P.Zalışov apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasında iştirak edən cavabdehin prosessual hüquq varisinin nümayəndəsi N.Məmmədova iddiaçının apellyasiya şikayətinin əsassız olduğunu bildirərək, iddiaçıya qanunsuz məhkəmə qərarlaına əsasən güzəştli şərtlərlə pensiya təyin edildiyini və müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktı ilə bağlı materialların Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərildiyini və həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı aparıldığını qeyd edərək, birinci instansiya məhkəməsinin qərardadını qüvvəsində saxlanılmasını məhkəmədən xahiş etmişdir. Vİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını araşdırıb belə qənaətə gəlir ki, aşağıdakı əsaslara görə iddiaçının apellyasiya şikayəti qismən təmin edilməli, birinci instansiya məhkəməsinin qərardadı ləğv olunmalı və cavabdehin yeni açılmış hallara dair ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmamalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin («İPM») 100-cü madəsinə əsasən qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış inzibati məhkəmə icraatı, sonradan yeni sübutların və ya halların aşkar olunduğu və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim olunmadığı təqdirdə, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər. Qanunun qeyd olunan tələbindən göründüyü kimi, qanuni qüvvəyə minmiş məhkəmə qərarının qəbul edilməsi ilə başa çatmış icraat o halda, proses iştirakçılarından birinin yeni açılmış hallarla bağlı ərizəsinə əsasən təzələnə bilər ki, sonradan, yeni sübutların və ya halların aşkar edilsin və həmin sübutların və ya halların ərizəçidən asılı olmayan səbəblərdən ilkin icraat zamanı təqdim edilmiş olsun. Lakin konkret halda, belə halların iddiaçının ərizəsinə əsasən mövcudluğu müəyyən olunmur. Belə ki, ərizədə yeni açılmış hallar kimi bəyan edilən 1-ci hal ondan ibarətdir ki, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarı, həmin qərarı dəyişdirmədən qüvvədə saxlayan apellyasiya və kassasiya instansiya məhkəmələrinin qərarları iddiaçının güzəştli şərtlərlə əmək pensiyası hüququ verən vəzifələrdə çalışmasına dair arayış alınmadan və zəruri məhkəmə tədqiqatı aparılmadan ona güzəştli şərtlərlə əmək pensiyası təyin edilmişdir. Başqa sözlə, cavabdeh tərəfin yeni açılmış hal kimi istinad etdiyi əsas iddia tələbi üzrə yekun məhkəmə qərarının qanunsuz və əsassız olması kimi göstərilir. İkinci bir yeni açılmış hal kimi isə ərizədə vurğulanır ki, İddiaçı müvafiq sənədlərin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktına hüquqi qiymətin verilməsi məqsədi ilə müvafiq materiallar Əmək və Əhalinin Sosial Müadfiəsi Nazirliyi tərəfindən Azərbaycan Respublikası Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinə göndərilmiş və həmin İdarə tərəfindən cinayət işi açılaraq istintaqı aparılır. Ərizədə istinad edilən hər iki halın yeni açılmış hallar kimi qəbul edilməsi mümkünsüzdür. Çünki, iddianın predmeti iddiaçıya güzəştli şərtlərlə pensiya təyin edilməsi tələbindən ibarət olmuş, hər üç məhkəmə instansiyasında bununla bağlı araşdırma aparılmaqla məhkəmələr müvafiq hüquqi qiymət verilmiş və Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasının 21 fevral 2018-ci il tarixli qərarı qəbul edildikdən sonra 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini almışdır. İPM-in 78-ci maddəsinin tələbindən isə görünür ki, mübahisə predmeti barədə qanuni qüvvəyə minmiş məhkəmə qərarı proses iştirakçıları və onların hüquqi varisləri üçün məcburidir. Digər tərəfdən, 2 saylı Bakı İnzibati-İqtisadi Məhkəməsinin 05 sentyabr 2017-ci il tarixli qərarı qanuni qüvvəsini aldıqdan sonra, cavabdeh 10.04.2018-ci il tarixində məhkəməyə təqdim etdiyi 09.04.2018-ci il tarixli 15/1624 saylı məktubunda həmin qərarın icra edərək iddiaçıya hüququ yarandığı gündən əmək pensiyası təyin etdiyini bildirdiyi tarixdən 2 il 10 aydan da çox müddət keçmişdir. İPM-in 103.1-ci maddəsi isə nəzərdə tutur ki, tələbindən isə göründüyü kimi, yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizə, bu Məcəllənin 100-cü maddəsində nəzərdə tutulmuş sübutların və ya halların ərizə verən şəxsə məlum olduğu gündən 3 ay müddətində verilə bilər. Ərizədə istinad olunan, Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsində iddiaçının sənədlərinin saxtalaşdırılması yolu ilə yüksək məbləğdə pensiya alması faktı ilə bağlı cinayət işi açılaraq istintaqı aparılmasına dai 2-ci bir hala gəldikdə isə, məsələ ilə bağlı qanuni qüvvəsini almış məhkəmənin ittiham hökmü mövcud olmadığı halda, qeyd olunan halın da yeni açılmış hal kimi mümkünlüyü qəbulolunmazdır. Digər tərəfdən bu halda da, icraatın təzələnməsinə dair ərizə verilməsi üçün qanunla müəyyən edilən 3(üç) aylıq müddət buraxılmış olur. Belə ki, ərizədə qeyd olunanlardan göründüyü kimi, cavabdeh, istinad etdiyi əsaslara görə 01.01.2020-ci il tarixindən iddiaçıya pensiya ödənişini dayandırdığı halda, həmin tarixdən 1 il 2 ay keçdikdən sonra, yəni, 18.02.2021-ci il tarixində hazırkı ərizə ilə məhkəməyə müraciət etmişdir. Qeyd edilənlərdən göründüyü kimi, İPM-in 100 və 103.1-ci maddəsinin tələbləri baxımından, cavabdeh tərəfin yeni açılmış hallarla bağlı icraatın təzələnməsi barədə ərizəsinin məhkəmə icraatının mümkün sayılması üçün əsaslar müəyyən edilmir. Lakin birinci instansiya məhkəməsi tərəfindən ərizədə göstərilən hallara düzgün hüquqi qiymət verilməmiş, prosesual qanunvericiliyin tələbləri düzgün təfsir olunmamış, bütün bunların nəticəsi olaraq da, məhkəmə, iş üzrə icraatın təzələnməsi barədə səhv nəticəyə gəlmişdir. Ona görə də qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası iddiaçının apellyasiya şikayətinin, Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4057/2017 saylı 01.07.2021-ci il qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşır və İPM-in 35.1 və 35.3-cü maddələrinin tələbləri baxımından, yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti qismən təmin olunmalı, həmin qərardad ləğv edilməli və cavabdeh tərəfin yeni açılmış hallarla bağlı iş üzrə icraatın təzələnməsi barədə ərizəsi üzrə icraatın mümkün sayılmaması barədə yeni qərardad çıxarılmalıdır. Yuxarıda göstərilənləri və İPM-in 80, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: İddiaçı apellyasiya şikayəti qismən təmin edilsin. Bakı İnzibati Məhkəməsinin 2-1(82)-4057/2017 saylı 01.07.2021-ci il tarixli qərardadı ləğv edilsin. Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının yeni açılmış hallarla bağlı icraatın təzələnməsinə dair ərizəsi üzrə məhkəmə icraatı mümkün sayılmasın. Qərardaddan təqdim edildiyi gündən 10 gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati-İqtisadi Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3101/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3101/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver