Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3101/2025 17.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Nəbizadə Nigar Xeyrulla qızı (sədrlik edən və məruzəçi), Tağızadə Mirzə Nəsib oğlu və Əkbərov Kamran Hüseyn oğlundan ibarət tərkibdə, İsayeva Sevinc Ehtiram qızının katibliyi, İddiaçı, onun nümayəndəsi və vəkili Vəkil, Cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddiaçıya 60 yaşından, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və həmin tarixdən ödənilməmiş pensiya məbləğinin ödənilməsi öhdəliyinin cavabdehin üzərinə qoyulması tələbinə dair Bakı İnzibati Məhkəməsinin xx.xx.2025-ci il tarixli, 2-1(112)-2492/2025 saylı qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayəti üzrə inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında açıq məhkəmə iclasında şifahi məhkəmə baxışı qaydasında baxaraq, MÜƏYYƏN ETDİ: İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək, ona 60 yaşının tamam olduğu tarixdən, yəni xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi və hazırki dövrədək yaranmış fərqin ödənilməsi öhdəliyinin cavabdehə həvalə edilməsini xahiş etmişdir. İddia ərizəsi onunla əsaslandırılmışdır ki, o, xx.xx.1964-cü ildə Qəbələ rayonunda anadan olmuşdur. İddiaçı digər işlərlə yanaşı xx.xx.2003-cü ildən xx.xx.2024-cü ilə qədər “X1 Azərbaycan" MMC-də nəzarət otağı operatoru (gəmidə növbətçi kapitan köməkçisi) vəzifəsində işləmişdir. Şəxsin yuxarıda sadalanan əmək fəaliyyətləri ona məxsus əmək kitabçası ilə yanaşı iş yerindən verilmiş arayışla da, öz təsdiqini tapmışdır. Qeyd edilən arayışda iddiaçının işlədiyi sahələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin "Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin Siyahısı”nın təsdiq edilməsi barədə 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarının 21.b yarımbölməsinə uyğun olaraq iddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasına çıxmaq hüququna malikdir və onun xüsusilə zərərli və ağır olan işlərdə iş stajı 21 il 4 ay, ümumi iş stajı 25 ildən çox təşkil edir. Bundan sonra, iddiaçı cavabdeh inzibati orqana ərizə ilə müraciət edərək ona güzəştli şərtlərlə pensiya təyin edilməsini xahiş etmişdir. Cavabdeh inzibati orqan xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-192190/2024 saylı cavab məktubu ilə iddiaçının ərizəsində qeyd etdiklərinin icrasından imtina etmişdir. İmtinanın əsası kimi iddiaçının işlədiyi sahə işəgötürən müəssisə tərəfindən verilmiş arayışda istinad edilən və Nazirlər Kabineitinin qərarında göstərilən bəndə uyğun deyil. Halbuki işəgötürən müəssisə tərəfindən iddiaçının işlədiyi vəzifənin zərərli peşəyə aid olması müəyyən edilmişdir. Buna baxmayaraq, cavabdeh orqan sırf vəzifənin hərfi mənada adını əsas götürərək müraciətin təmin edilməsindən imtina etmişdir. Cavabdeh iddiaya qarşı yazılı etirazını məhkəməyə təqdim etmiş və etirazı onunla əsaslandırmışdır ki, iddiaçının mübahisəli əmək fəaliyyəti onun güzəştli şərtlərlə pensiya hüququ verən sahədə və vəzifədə çalışdığını iddia etdiyi "xxxx" MMC-də olan xx.xx.2003cü il tarixdən xx.xx.2024-cü il tarixədək olan dövrü təşkil edir. … Güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bu arayışın təyinatı, şəxsin işlədiyi peşənin və istehsalat sahəsinin sözügedən siyahılarda nəzərdə tutulmuş zərərli istehsalat sahələri və ya peşələrlə uyğunluğunu dürüstləşdirməkdir. Bu arayışın məzmunu sadəcə şəxsin çalışdığı peşənin və istehsalat sahəsinin siyahıda göstərilən hər hansı bölməyə aid olmasından ibarət olmalı deyil, işçinin gördüyü işin siyahılara uyğunluğunu müəyyən etmək üçün nəticəyə gəlməyə əsas verən zəruri qiymətləndirici istehsalattexnoloji məlumatları, eyniləşdirmə üçün zəruri olan meyar əlamətlərini əks etdirməli, əsaslandırılmış olmalıdır. Azərbaycan Respublikasının Ali Məhkəməsi tərəfindən inzibati məhkəmələrə ünvanlanmış icmal məktubda məhkəmələrə izah olunmuşdur ki, iş yerindən əldə edilən sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələrin müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. Lakin onu da nəzərə almaq lazımdır ki, apellyasiya instansiyası məhkəməsi iş yerindən təqdim edilmiş belə arayışı heç də həmişə birmənalı sübut kimi qəbul etməməlidir. Məhkəmə Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.6-cı maddəsinə uyğun olaraq işə baxılarkən həmin arayışın məzmunu diqqətlə tədqiq edilməli və qiymətləndirməli, zərurət yaranarsa, sənədi vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb edilməklə və ya digər müvafiq araşdırma aparılmaqla iddiaçının həqiqətən güzəştli şərtlə pensiyaya hüquq verən sahədə və peşədə işləyib-işləmədiyi mötəbər qaydada müəyyən etməlidir. Oxşar işlər üzrə artıq formalaşmış Ali Məhkəmənin mövqeyinə görə, məhkəmə qərarının əsaslandırılması zamanı iddiaçının zərərli əmək şəraitində işlədiyi dövrün siyahıda nəzərdə tutulan hansı sahəyə və koda uyğunluğu dəqiq göstərilməlidir. Bu halda, məhkəmə iddiaçının gördüyü iş, tutduğu vəzifə və malik olduğu peşə ilə güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən iş, vəzifə və peşə arasındakı uyğunluğu (eyniliyi) işin konkret halları (iddiaçının tutduğu vəzifəyə və malik olduğu peşəyə görə gördüyü işin xarakteri, habelə işlədiyi müəssisənin fəaliyyət istiqaməti və s.) nəzərə alınmaqla müəyyən edə bilər. Bu zaman nəzərə alınmalıdır ki, burada, söhbət müxtəlif işlərin, vəzifələrin və peşələrin adlarının eyniliyinin müəyyən edilməsindən deyil, şəxsin təyin olunduğu işə, vəzifəyə və peşəyə görə bilavasitə icra etdiyi funksional vəzifənin (işin) eyniliyinin müəyyən olunmasından gedir. Funksional vəzifənin (işin) eyniliyi isə iş yerindən və ya səlahiyyətli orqanlardan bu barədə əldə edilmiş vəzifə təlimatlarına əsasən müəyyən edilə bilər. Qeyd olunmalıdır ki, sözügedən arayış güzəştli şərtlərlə yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə qanunla tələb edilən müddətdə çalışmasını müəyyən etməyə imkan verməlidir. İşin araşdırılmış hallarından və yuxarıda qeyd olunan qanunvericilik nörmalarının qarşılıqlı təhlilindən görünür ki, İddiaçı güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin olunması üçün onun qanunveriliklə tələb olunan güzəştli stajının olması öz təsdiqini tapmır. Həmçinin, iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Həmçinin imtina cavabdehin inzibati orqan olaraq güdməli olduğu qanuni məqsədə çatmaq üçün öz məzmunu baxımından zəruri və yararlı olmuşdur. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-2492/2025 saylı qərarı ilə (hakim A.A.Abdullayeva) iddia tələbi təmin edilərək, İddiaçı 60 yaşının tamam olduğu xx.xx.2024-cü il tarixdən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi öhdəliyinin cavabdeh Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Birinci instansiyası məhkəməsinin qərarı cavabdeh tərəfindən mübahisələndirilmiş və apellyasiya şikayəti etirazın məzmununa uyğun əsaslandırılmışdır. Həmçinin cavabdeh apellyasiya şikayətində qeyd etmişdir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən cavabdehə təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 12 saylı Qərarının “21 (b)” bəndində nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 21 ildən çox təşkil etməsi öz təsdiqini tapmışdır. Belə ki, müəssisə tərəfindən verilmiş arayışdan göründüyü kimi, dənizdə yarımdalma üzən X2 Qurğusunda işləmiş və bilavasitə növbətçi kapitan köməkçisi əmək funksiyalarını yerinə yetirmişdir. Belə ki, iddiaçının gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yarım dalama üzən qazma qurğusunda (gəmidə) növbətçi kapitan köməkçisi kimi əməliyyatları həyata keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.(b) üzən heyət (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil etməsi Müəssisə tərəfindən bir daha təsdiq edilmişdir. Birinci instansiya məhkəməsi tərəfindən işə baxılan zaman obyektiv araşdırma prinsipinin tələblərinə riayət edilməmiş, mübahisə ilə bağlı işin halları tam və hərtərəfli araşdırılmamışdır. … Birinci instansiya məhkəməsinin iddiaçının güzəştli iş stajının araşdırılması və təmin olunmasına yönələn mövqeyi ilə razılaşmayaraq bildirilir ki, məhkəmə iddiaçının müvafiq güzəştli iş stajının araşdırılması zamanı iş yerindən təqdim edilmiş arayışı digər sübutlarla birlikdə qiymətləndirmədən yeganə hüquqi əsas kimi götürmüş, arayışın məzmununu diqqətlə tədqiq etməli, qiymətləndirməli, həmçinin arayış barədə onu vermiş müəssisədən əlavə məlumat, vəzifə təlimatları tələb etməli olduğu halda işi tam, hərtərəfli araşdırmayaraq işdə olan sənədlərlə kifayətlənmişdir. Azərbaycan Respublikası Ali Məhkəməsinin pensiya işləri ilə bağlı aşağı instansiya məhkəmələrinə göndərilən icmal məktuba əsasən güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsinə dair işlərə baxılarkən qanunvericiliyin göstərilən normalarına uyğun olaraq iddiaçının işlədiyi müəssisədən onun zərərli əmək şəraitində işləməsinə dair arayış (güzəştli iş arayışı) tələb edilməli və həmin sənəd iş materiallarına əlavə olunmalıdır. Bundan əlavə, iş yerindən əldə edilən həmin sənəd məzmunca iddiaçının arayışda qeyd olunan işlərdə və müddətlərdə zərərli əmək şəraitində işləməsini müəyyən etməyə imkan verməli, ümumi ifadələrdən istifadə edilməməli, iddiaçının işlədiyi sahələr, peşələr və vəzifələr müvafiq icra hakimiyyətinin təsdiq etdiyi siyahılarda təsbit olunmuş aidiyyəti kodlara uyğunluğu göstərilməlidir. … Bakı İnzibati Məhkəməsi qərar qəbul edərkən maddi və prosessual hüquq normalarını düzgün tətbiq etməmiş, digər tərəfdən iddiaçı ilkin sübutetmə yükü qanunvericiliklə üzərinə düşən tərəf kimi ona pensiya təyin olunması ilə bağlı arzuladığı inzibati aktın cavabdeh tərəfindən qəbul edilməsini zəruri edən faktiki şərtlərin mövcudluğunu sübuta yetirməmiş, bu inzibati aktın cavabdeh tərəfindən qəbulunu konkret hada istisna edən faktiki şərtlərin mövcudluğu isə cavabdeh tərəfindən verilmiş imtina ilə sübuta yetirilmişdir. Məhkəmə iclasında iştirak edən cavabdeh Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialının nümayəndəsi Nümayəndə izahatında məhkəməyə bildirdi ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”na əsasən iddiaçının işlədiyi “nəzarət otağı operatoru” vəzifəsi Siyahıda nəzərdə tutulmamışdır. Məhkəməyə iddiaçının “gəmidə növbətçi kapitanın köməkçisi” vəzifəsində işləməsi ilə bağlı çıxarış təqdim olunsa da, həmin çıxarışdan onun konkret hansı vəzifədə işləməsi və əmək funksiyalarını müəyyən etmək mümkün olmamışdır. Eyni zamanda cavabdehin nümayəndəsi ona verilmiş suallara cavab olaraq bildirdi ki, vəzifə uyğunlaşdırılmasında ziddiyətli məqamlar mövcuddur. Arayışda istinad edilən sahə və vəzifəyə uyğunluq təşkil etmir. Belə ki, müəssisə tərəfindən verilən arayışda vəzifələrin uyğunluğu qeyd olunsa da, bu hal təkcə sözlə yazılmalı deyil, həmçinin ətraflı şəkildə əsaslandırılmalıdır. ... Nəzarət otağı operatoru və gəmidə növbətçi kapitan köməkçisi vəzifələrinin adları tam fərqlidir. İddiaçı “Drilling” müəssisəsində işlədiyinə görə qeyd etmək lazımdır ki, bu kimi müəssisələrdə iddiaçının işlədiyi vəzifə mövcud olmur. Məhkəmə iclasında iştirak edən İddiaçı nümayəndəsi və vəkili Vəkil izahatında məhkəməyə bildirdi ki, cavabdeh inzibati orqanın apellyasiya şikayəti tam əsasız xarakter daşıyır. Belə ki, qarşı tərəfin əsas dəlili Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007-ci il tarixli, 12 saylı Qərarı ilə təsdiq edilmiş “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin siyahısı”nda iddiaçının işlədiyi “nəzarət otağı operatoru” vəzifəsinin nəzərdə tutulmaması ilə bağlıdır. Belə ki, iddiaçının işlədiyi müəssisə tərəfindən müvafiq vəzifənin əmək funskiyalarını özündə əks etdirən sənədlər məhkəməyə təqdim olunmuşdur. Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Explorer” adlı, yarımdalma üzən qazma qurğusu tipli gəmiyə Minimum Heyət tərkibi haqqında şəhadətnamə verilmişdir. İddiaçının işlədiyi "xxxx" Məhdud Məsuliyyətli Cəmiyyəti xarici, qeyri-rezident şirkətdir. Bu səbəbdən də şirkətin ştat cədvəli ölkəmizdəki ştat cədvəlinə uyğun vəzifələrlə müəyyən qədər fəqlənir. Yəni xaricdə “nəzarət otağı operatoru” vəzifəsi ölkəmizdə “gəmidə növbətçi kapitanın köməkçisi” vəzifəsi ilə eynilik təşkil edir. Cavabdeh inzibati orqan tərəfindən qeyd olunan vəzifələrin uyğunsuz olması ilə bağlı heç bir sübut təqdim edilməmişdir. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib, iş materiallarını və apellyasiya şikayətinin dəlillərini araşdıraraq, işdə olan sübutlara hüquqi qiymət verərək hesab edir ki, apellyasiya şikayəti əsassızdır, birinci instansiyası məhkəməsi tərəfindən işə baxılan zaman prosessual hüquq normalarının tələblərinə riayət edilmiş, habelə mübahisəli hüquq münasibətini tənzimləyən maddi hüquq normaları düzgün tətbiq olunmuşdur. Belə ki, iş materiallarında olan və məhkəmə iclasında tədqiq edilmiş sənədlərdən aşağıdakılar müəyyən edilir: - İddiaçı xx.xx.1964-cü il təvəllüdlüdür. - Cavabdeh tərəfindən iddiaçının müraciətinin edilməsindən xx.xx.2024-cü il tarixli, 3-17-1/2-M-192190/2024 nömrəli məktubla imtina edilmiş və bildirilmişdir ki, “Mərkəzi Filiala təqdim etdiyiniz Noble Drilling Services Azərbaycan MMC-nin sizə xx.xx.2003xx.xx.2024-cü il tarixləri arasındakı dövr ərzində sözügedən müəssisə otağı operatoru vəzifəsində işlədiyiniz qeyd olunmuşdur. İşlədiyiniz sahə və sözügedən arayışda istinad edilən, yuxarıda qeyd olunan sahə və vəzifəyə uyğun deyil, sizin güzəştli iş stajınız yoxdur. Qeyd olunanları nəzərə alaraq, sizə güzəştli şərtlərlə yaşa görə əmək pensiyasının təyin edilməsi qanunvericilik tələbləri baxımından mümkün hesab edilmir”. - “X1 Azerbaijan” MMC tərəfindən verilmiş xx.xx.2024-cü il tarixli “Güzəştli şərtlərlə yaşa görə əmək pensiyası hüququ verən” arayışda göstərilmişdir ki, İddiaçı Qüdrət oğlu “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa uyğun olaraq, güzəştli şərtlə yaşa görə əmək pensiyası hüququ verən vəzifədə "xxxx" MMC (xx.xx.2008ci ildən "xxxx" MMC və xx.xx.2022-ci ildən "xxxx" MMC) şirkətinin Azərbaycan Respublikasındakı Nümayəndəliyində xx.xx.2003-xx.xx.2024-cü il tarixlərində nəzarət otağı operatoru (gəmidə növbətçi kapitan köməkçisi) kimi çalışmışdır. İşlədiyi vəzifə üzrə ümumi sosial sığorta stajı "Noble Drilling Services Azərbaycan” MMC şirkətinin Azərbaycandakı Nümayəndəliyində 21 il, 4 ay təşkil edir. Cənab Məmmədov dənizdə yarımdalma üzən X2 Qurğusunda işləmiş və bilavasitə növbətçi kapitan köməkçisi əmək funksiyalarını yerinə yetirmişdir. Belə ki, cənab Məmmədov gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yarım dalama üzən qazma qurğusunda (gəmidə) növbətçi kapitan köməkçisi kimi əməliyyatları həyata keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.(b) üzən heyət (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçıxidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil edir. - Birinci instansiyası məhkəməsinin sorğusuna Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli, 3-27-106/2-298/2025 saylı məktubla bildirilmişdir ki, sorğulanan məsələlər Agentliyin səlahiyyətlərinə aid olmadığı üçün tərəflərindən cavablandırılması qeyri-mümkündür. - Azərbaycan Respublikasının Rəqəmsal İnkişaf və Nəqliyyat Nazirliyi Dövlət Dəniz və Liman Agentliyi tərəfindən “Explorer” adlı, yarımdalma üzən qazma qurğusu tipli gəmiyə (istismar edən şirkət – “Noble Drilling A/S”) Minimum Heyət tərkibi haqqında xx.xx.2023-cü il tarixli, 042- 23/V saylı şəhadətnamə verilmişdir. - “X1 Azerbaijan” MMC tərəfindən Nəzarət otağının operatoru peşəsinin əmək funksiyaları, məsuliyyət və səlahiyyətləri ilə bağlı məlumatlar təqdim edilmişdir. Beləliklə, məhkəmə araşdırması zamanı işin hallarından müəyyən edilmişdir ki, iddiaçı xx.xx.1964-cü il təvəllüddür. İddiaçının xx.xx.2024-cü il il tarixdə 60 yaşı olmuş, iddiaçının xx.xx.1964-cü il tarixədək 25 ildən artıq ümumi, 12 il 6 aydan artıq isə xüsusi əmək stajı vardır. Bununla da, o, hazırda qüvvədə olan “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununa əsasən güzəştli şərtlərlə pensiya hüququ qazanmışdır. Bu səbəbdən də, ona 60 yaşdan yaşa görə güzəştli şərtlərlə əmək pensiyası təyin edilməlidir. İddiaçıya məxsus əmək kitabçasına və işlədiyi müəssisələr tərəfindən verilmiş arayışlara əsasən onun ümumi iş stajı 25 ildən artıqdır. Bu hal, cavabdeh tərəfindən də, mübahisələndirilmir. Belə ki, bunu cavabdehin imtinası və etirazının dəlilləri bir daha təsdiq edir. Hazırki mübahisənin predmeti olan güzəştli iş stajına gəldikdə isə məhkəmə kollegiyası qeyd edir ki, iddiaçının işlədiyi müəssisə tərəfindən cavabdehə təqdim edilmiş güzəştli arayışda iddiaçının işlədiyi peşələrin güzəştli şərtlərlə pensiya hüququ verən peşələrə aid olması, onun işlədiyi peşələrin Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 12 nömrəli Qərarının “21 (b)” bəndində nəzərdə tutulması, onun ümumilikdə güzəştli iş stajının 21 ildən çox təşkil etməsi öz təsdiqini tapmışdır. Belə ki, müəssisə tərəfindən verilmiş arayışdan göründüyü kimi, dənizdə yarımdalma üzən X2 Qurğusunda işləmiş və bilavasitə növbətçi kapitan köməkçisi əmək funksiyalarını yerinə yetirmişdir. Belə ki, iddiaçının gördüyü işlərin güzəştli əmək pensiyası hüququna əsas olan xüsusiyyətləri yarım dalama üzən qazma qurğusunda (gəmidə) növbətçi kapitan köməkçisi kimi əməliyyatları həyata keçirmək, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 23 yanvar 2007- ci il tarixli, 12 nömrəli Qərarı ilə təsdiq edilmiş Siyahının 21.(b) üzən heyət (dəniz, çay donanmasının və balıqçılar sənayesi donanmasının gəmi heyəti (daim liman akvatoriyasında işləyən liman gəmiləri, yardımçı-xidmət gəmiləri, xidmət, şəhərətrafı və şəhərdaxili yol gəmiləri istisna olmaqla)) yarımbəndində müəyyən edilmiş sahənin və vəzifənin xüsusiyyətləri ilə eynilik təşkil etməsi Müəssisə tərəfindən bir daha təsdiq edilmişdir. Əlavə olaraq iddiaçı tərəfindən məhkəməyə həmin müəssisə tərəfindən verilmiş onun işlədiyi peşənin əmək funksiyaları, məsuliyyət və səlahiyyətləri ilə bağlı məlumatları təqdim edilmişdir. Bununla da, cavabdehin imtinasında və etirazında göstərilən dəlillər iddiaçının işlədiyi müəssisə tərəfindən verilmiş arayışla təkzib edilmişdir. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 9.1-ci maddəsinə əsasən, axırıncı iş yerindən asılı olmayaraq, güzəştli şərtlərlə yaşa görə əmək pensiyası almaq hüququ verən incəsənətin xüsusi sahələrinin, yeraltı, əmək şəraiti xüsusilə zərərli və ağır olan işlərin (istehsalatların, peşələrin, vəzifələrin və göstəricilərin) müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqanın (qurumun) təsdiq etdiyi siyahısında nəzərdə tutulan işlərdə azı 12 il 6 ay çalışmış kişilərin və azı 10 il çalışmış qadınların bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş şərtlər daxilində yaş həddi 5 il azaldılmaqla yaşa görə əmək pensiyası hüququ vardır. Azərbaycan Respublikası Konstitusiyasının 38-ci maddəsinin İ və İİİ hissəsinə görə, hər kəsin sosial təminat hüququ vardır və hər kəs qanunla müəyyən edilmiş yaş həddinə çatdıqda, xəstəliyinə, əlilliyinə, ailə başçısını itirdiyinə, əmək qabiliyyətini itirdiyinə, işsizliyə görə və qanunla nəzərdə tutulmuş digər hallarda sosial təminat hüququna malikdir. Azərbayca Respublikası Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli, 175 saylı Qərarı ilə təsdiq edilmiş“Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydaları”na əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması və bir növdən başqa növünə keçirilməsi üçün müraciət etmiş şəxslər həmin müraciətlərinə pensiyanın növündən asılı olaraq zəruri sənədlər (Qaydaya 2 nömrəli Əlavə) əlavə edirlər. Qeyd edilən 2 saylı Əlavəyə əsasən Qanunun 9-cu maddəsinə əsasən yaşa görə pensiya təyin edilməsi üçün şəxsin güzəştli şərtlərlə pensiya hüququ verən işdə çalışmasına dair iş yerinin arayışı müraciət edən şəxs tərəfindən təqdim edilməlidir ki, iş materiallarına əlavə olunmuş iddiaçının işlədiyi müəssisələr tərəfindən verilmiş arayış güzəştli şərtlərlə hüququ verən işdə çalışmasını təsdiq edən arayışdır və həmin arayış mötəbər sübut kimi qiymətləndirilməlidir. Apellyasiya şikayətinin dəlillərinə münasibətdə məhkəmə kollegiyası qeyd etməyi zəruri hesab edir ki, inzibati orqan icraat zamanı xidməti vəzifəsinə görə yalnız şəxsin əleyhinə və ya ziyanına olan halları deyil, həm də onun xeyrinə olan halları hərtərəfli araşdırmağa, müəyyən etməyə və iş üzrə obyektiv qərar qəbul etməyə borcludur. İnzibati orqan həmçinin icraat çərçivəsində şəxsin dinlənilmə hüququnu təmin etmək, qəbul olunması nəzərdə tutulan inzibati aktla (bir qayda olaraq əlverişsiz inzibati aktla) bağlı onun mülahizələrini və arqumentlərini dinləmək, habelə onun ziyanına olan halların araşdırılması məqsədi ilə, xüsusilə dövlət orqanlarına müvafiq sorğuların göndərilməsini, arayışların (arxiv arayışı, iş yerindən arayışı) tələb olunmasını təmin etmək vəzifəsi də daşıyır. Bu inzibati orqanların fəaliyyətinin qanunçuluq və obyektiv araşdırma prinsiplərinə tabe olmasından irəli gəlir. “Stec və digərləri Birləşmiş Krallığa qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi vurğulamışdır ki, dövlətlərin sosial siyasət sahəsində geniş mülahizə səlahiyyəti olsa da, bu, ödəniş şərtlərinin özbaşına dəyişdirilməsi və ya ödənilməsinin əsassız şəkildə rədd olunması anlamına gəlmir. “Schuler-Zgraggen İsveçrəyə qarşı” iş üzrə qərarında İnsan hüquqları üzrə Avropa Məhkəməsi qeyd etmişdir ki, sosial təminat mübahisəsi konkret şəraitdə “mülki hüquq və vəzifələr” kateqoriyasına düşürsə, 6-cı maddədəki bütün təminatlar (ədalətli araşdırma, bərabərlik, mübahisəsiz məhkəmə qərarı və s.) qorunmalıdır. İnsan hüquqları üzrə Avropa Məhkəməsi sosial təminat sahəsində dövlətlərin daha geniş səlahiyyətə malik olduqlarını tanıyır. Ancaq bu səlahiyyət proporsionallıq prinsipi ilə məhdudlaşır. Başqa sözlə, qanunda açıq şəkildə nəzərdə tutulan ödənişi (pensiya, müavinət və s.) “yanlış” və ya “natamam” tətbiq etməklə şəxsi məhrum etmək, dövlətin sosial müdafiə funksiyasına ziddir. "İnzibati icraat haqqında" Azərbaycan Respublikası Qanununun 24-cü maddəsinə görə, inzibati orqan inzibati icraat zamanı işin düzgün həlli üçün əhəmiyyət kəsb edən bütün faktiki halları hərtərəfli, tam və obyektiv araşdırmağa borcludur; inzibati orqan maraqlı şəxslərin xeyrinə olan halların araşdırılmasından və nəzərə alınmasından imtina edə bilməz. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 68.1-ci maddəsinə müvafiq olaraq, məhkəmə mübahisə ilə bağlı iş üzrə inzibati məhkəmə icraatı nəticəsində onda yaranmış daxili inam əsasında qərar qəbul edir. Qərarda məhkəmənin mövqeyi üçün əsas olmuş səbəblər göstərilməlidir. İnzibati Prosessual Məcəllənin 87.6-cı maddəsinə müvafiq olaraq, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Yekunda, hazırkı inzibati işə apellyasiya qaydasında baxan məhkəmə kollegiyası yuxarıda qeyd olunanlara məcmu halda hüquqi qiymət verərək hesab edir ki, birinci instansiya məhkəməsinin gəldiyi nəticə düzgündür, apellyasiya şikayətinin dəlilləri işin halları və qanunvericiliklə təkzib olunur, şikayət qərarın ləğvinə əsas vermir. Bununla bağlı olaraq şikayət təmin edilməməli, birinci instansiyası məhkəməsi tərəfindən qəbul edilmiş qərar dəyişdirilmədən saxlanılmalıdır. Şərh olunanlara əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 87, 90 və 94-cü maddələrinin tələblərini rəhbər tutaraq, məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə X3 Şəxsin Xüsusi Şərtlərlə Təyinat üzrə Mərkəzi Filialı tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 29 aprel 2025-ci il tarixli, 2-1(112)-2492/2025 saylı qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan qərarın tam formada təqdim olunduğu (elektron kabineti olan tərəflərin elektron kabinetinə yerləşdirildiyi) gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Nigar Nəbizadə Hakimlər: Mirzə Tağızadə Kamran Əkbərov
Məhkəmə qərarları › İş №2-1(103)-3101/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3101/2025
17.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver