Məhkəmə qərarları › İş №2-1(103)-3104/2025

Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3104/2025

06.11.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3104/2025 06.11.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər: Əkbərov Kamran Hüseyn oğlu (sədrlik edən və məruzəçi), Qasımov Vidadi Kamal oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə, Məhkəmə iclas katibi Şahbazlı Nəzrin Elmar qızının katibliyi, İddiaçı, Cavabdehin nümayəndəsi X2 iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı “yaşa görə əmək pensiyasının yenidən hesablanması” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2025 saylı, 14.04. 2025-ci il tarixli qərarından iddiaçı və cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətlərinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq M Ü Ə Y Y Ə N E T D I : İddiaçı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Müdafiə Fondunun Sosial Ödənişlərin Təyinat üzrə Mərkəzi Filialına qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajının 29 il 5 gün, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olmaqla nəzərə alınmamış 1 il 5 ay 14 gün də daxil olmaqla pensiyanın yenidən hesablanması öhdəliyinin cavabdehə həvalə edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia ərizəsində qeyd edilmişdir ki, iddiaçı 1959-cu il martın 09-da anadan olmuş, əmək fəaliyyətinə 1976-cı il sentyabrın 09-da “Bakıbaştikinti” İdarəsinin Sənayeləşdirilmiş Evtikmə İstehslat Birliyinin 2 №-li Evtikmə Kombinatında başlamışdır. xx.xx.1976-cı ildən 1976-cı il noyabrın 20-dək “Bakıbaştikinti” İdarəsinin 2 №-li Evtikmə Kombinatında işləmiş (sığorta stajı 2 ay 11 gün); xx.xx.1977-ci ildən xx.xx.1978-ci ilədək Neftçala rayonu “Kolxozlararası tikinti idarəsi”ndə işləmiş (sığorta stajı 1 il 4 ay); xx.xx.1978-ci ildən xx.xx.1980-cı ilədək həqiqi hərbi xidmətdə olmuş (sığorta stajı 2 il 1 ay 7 gün); xx.xx.1980-cı ildən xx.xx.1991-ci ilədək “Bakıbaştikinti” İdarəsinin Sənayeləşdirilmiş Evtikmə İstehslat Birliyinin 2 №-li Evtikmə Kombinatında işləmiş (sığorta stajı 10 il 11 ay 3 gün), xx.xx.1991-ci ildən xx.xx.1992-ci ilədək “Ədalət” hüquq kooperativində işləmiş (sığorta stajı 7 ay 12 gün); xx.xx.1992-ci ildən 01,03.1994-cü ilədək Azərbaycan Respublikası Kolxozlar Şurası Kolxoz işləri və təsərrüfatlararası kooperasiya idarəsində işləmiş (sığorta stajı 2 il 10 gün), xx.xx.1994-cü ildən 01.01,2006-cı ilədək Azərbaycan Respublikası Vəkillər Kollefıyasının Bakı şəhəri 13 saylı Vəkil Bürosunda işləyirəm (sığorta stajı 11 il 10 ay)- cəmi xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajı 29 il 5 gün təşkil etmişdir. xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil etmişdir. Beləlikllə, cəmi ümumilikdə sığorta stajı 47 il 2 ay 14 gün təşkil edir. Bundan başqa, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ildək sığorta stajı 29 il 5 gün, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək sığorta stajı 18 il 2 ay 9 gün təşkil edir. Cavabdeh tərəfindən 2024-cü il martın 11-də mənə avtomatlaşdırılmış qaydada 331.89 manat pensiya təyin olunmuş, xx.xx.2024-cü ildə müraciəti əsasında təyin olunmuş pensiyanın yenidən hesablanmasını xahiş etmiş, xx.xx.2024-cü ildə ***-***-**-** nömrəli mobil telefonuna mesaj gələrək pensiyanın yenidən hesablandığı, xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək 27 il 9 ay, xx.xx.2006-cı idən xx.xx.2024-cü ilədək 18 il sığorta stajının olması ilə pensiyanın 351.58 manat təyin olunması bildirilmiş, lakin sığorta stajı düzgün hesablanmamış, ümumilikdə 1 il 5 ay 14 gün staj nəzərə alınmamışdır. Pensiyanın hazırlanmasında nəzərə alınmamış 1 il 5 ay 14 gün sığorta stajının da nəzərə alınmaqla pensiyanın yenidən hesablanması ilə bağlı 24 aprel 2024-cü il tarixli ərizə ilə cavabdehdən xahiş etmiş, lakin cavabdeh 10 may 2024-cü il tarixli 3-17-1/2-B-109902/2024 №-li məktubla iddiaçıya xx.xx.1976-cı ildən xx.xx.2006-cı ilədək sığorta stajımın 29 il 5 gün olduğu halda 27 il 9 ay, xx.xx.2006-cı ildən xx.xx.2024-cü ilədək isə 18 il 2 ay 9 gün olduğu halda 18 il olması kimi cavab verməklə pensiyanın yenidən hesablanmasından imtina etməklə 1 il 5 ay 14 gün sığorta stajını nəzərə almamışdır. İşin birinci instansiya icraatı zamanı cavabdeh iddiaya dair yazılı etiraz təqdim edərək iddia tələbinin rədd edilməsini xahiş etmişdir. Etirazda qeyd edilmişdir ki, İddiaçı xx.xx.2024-cü il tarixdə avtomatlaşdırılmış qaydada yaşa görə əmək pensiyası təyin olunmuşdur. İddiaçı xx.xx.2024-cü il tarixdə Mərkəzi Filiala müraciət edərək, ona təyin olunmuş pensiya məbləğinin yenidən hesablanmasını xahiş etmişdir. Mərkəzi Filial tərəfindən İddiaçı ünvanlanmış xx.xx.2024-cü il tarixli 3-17-1/2-B-109902/2024 nömrəli məktubunda iddiaçının xx.xx.2006-cı il tarixədək 27 il 9 ay 23 gün, xx.xx.2024-cü il tarixədək fərdi hesabın sığorta hissəsində qeydə alınan 22.601.45 manat (18 il sığorta stajına uyğun olaraq) pensiya kapitalına əsasən ona təyin edilmiş pensiya məbləğinin xx.xx.2024-cü il tarixə 351,58 manat məbləğində müəyyən olunduğu bildirilmişdir. Lakin, iddiaçı Mərkəzi Filial tərəfindən təqdim olunmuş hesablama ilə razılaşmayaraq, onun sığorta stajının düzgün hesablanmadığını bildirmişdir. Belə ki, iddiaçının iddia ərizəsində bildirdiyi hesablamalara əsasən onun xx.xx.2006-cı il tarixə sığorta stajının 29 il 5 gün təşkil etdiyi qeyd olunur. Belə ki, iddiaçının adına tərtib olunmuş xx.xx.1976-cı il tarixli ИТ-İ ******* nömrəli əmək kitabçasına əsasən xx.xx.1980-ci il tarixdən xx.xx.1986-cı il tarixə işlədiyi halda, iddiaçı iddia ərizəsində həmin tarixli qeydi xx.xx.1980-ci il tarixdən xx.xx.1991-ci il tarixə hesablamış və qeyd olunan hesablamanı hansı əsaslarla həyata keçirdiyi barədə məlumat təqdim etməmişdir. Qeyd olunanlara əsasən iddiaçının hazırki tarixə ümumi sığorta stajı 45 il 9 ay 23 gün təşkil edir ki, bu da öz növbəsində cavabdeh tərəfindən aparılmış hesablamanın əsaslı olmasına siraət edir. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2025 saylı, 14.04. 2025-ci il tarixli qərarı ilə iddia qismən təmin edilmiş, İddiaçı xx.xx.2024–xx.xx.2024-cü il tarixləri və xx.xx.1980–xx.xx.1980-ci il tarixləri arasındaki dövrlərin sığorta stajına daxil edilməsi və pensiyanın yenidən hesablanması vəzifəsi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Sosial Fondunun Sosial Ödənişlərin Təyinatı üzrə Mərkəzi Filialına həvalə edilməsi qərara alınmışdır. Cavabdeh apellyasiya şikayəti verərək, həmin qərarın qismən ləğv olunmasını və iddianın rədd edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə yazılı etiraza uyğun tərtib edilmişdir. Eyni zamanda iddiaçı qərardan apellyasiya şikayəti verərək, qərarın qismən ləğv edilməsini və iddia tələbinin tam təmin edilməsini xahiş etmişdir. Apellyasiya şikayəti iddia ərizəsinə uyğun tərtib edilmişdir. Məhkəmə kollegiyası iclasında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətini müdafiə edərək onun təmin edilməsini xahiş etdi. Məhkəmə kollegiyası iş materiallarını yoxlayaraq və apellyasiya şikayətlərinin dəlilini araşdıraraq hesab edir ki, apellyasiya şikayətləri təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-1489/2025 saylı, 14.04. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. İş materiallarından görünür ki; Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə yaşa görə təyin olunmuş 331,89 manat əmək pensiyasının məbləği yenidən hesablanmış və 351,69 manata çatdırılmışdır. Ümumi əsaslara görə əmək pensiyasının yenidən hesablanması haqqında xx.xx.2024-cü il tarixli qərarı ilə iddiaçıya xx.xx.2024-cü il tarixdə yaşa görə təyin olunmuş əmək pensiyasının məbləği yenidən hesablanmış və 351,58 manata çatdırılmışdır. Cavabdeh tərəfindən verilmiş 25 iyul 2024-cü il tarixli sorğuya cavab məktubundan görünür ki, Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin “Pensiya” altsisteminə əsasən İddiaçı 1992-ci ilədək 13 il 9 ay 23 gün, 1992-ci il tarixindən 2006-cı il tarixinədək 14 il, 2006-cı il tarixindən sonra 18 il sosial sığorta stajı mövcuddur. İddiaçı sosial sığorta stajına onun təqdim etdiyi hərbi biletin surətinə əsasən xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, 09.11,1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (27 il 9 ay 23 gün) daxil edilmişdir. Qeyd olunanlara əsasən bildirilir ki, iddiaçının sosial sığorta stajı xx.xx.2006-cı il tarixinədək 27 il 9 ay 23 gün, xx.xx.2006-cı il tarixindən sonra isə 18 il olmaqla ümumilikdə 45 il 9 ay 23 gün təşkil edir və onun təqdim etdiyi sənədlərə əsasən mübahisəli sığorta stajı aşkar edilməmişdir. ƏƏSMN Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş xx.xx.2025-ci il tarixli sorğuya cavab məktubundan görünür ki, İddiaçı əlillik təyinatı barədə Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin "Əlillik" altsistemində məlumat və ya göndəriş (Forma 088) aşkar edilməmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununun: -1.0.1-ci maddəsinə əsasən əmək pensiyası - bu Qanunla nəzərdə tutulmuş qayda və şərtlərlə müəyyən edilən və məcburi dövlət sosial sığortaolunanların (bundan sonra – sığortaolunan) onlara əmək pensiyası təyin olunduqdan əvvəl aldıqları əməkhaqqı və digər gəlirlərin, yaxud sığortaolunanlarin ölümü ilə əlaqədar onların ailə üzvlərinin itirdikləri gəlirlərin kompensasiyası məqsədilə vətəndaşlara aylıq pul ödənişidir. -7-ci maddəsinə əsasən 63 yaşına çatmış kişilərin və 60 yaşına çatmış qadınların fərdi hesabın sığorta hissəsində qeydə alınmış pensiya kapitalı əmək pensiyasının minimum məbləğindən az olmayan pensiya təminatına imkan verdikdə sığorta stajından asılı olmayaraq, bu pensiya təminatına imkan vermədikdə isə azı 25 il sığorta stajı olduqda (2017-ci il iyulun 1dək yaşa görə əmək pensiyası təyin edilmiş şəxslər istisna olmaqla) yaşa görə əmək pensiyası hüququ vardır. Qeyd. Bu Qanunun 7-ci maddəsində nəzərdə tutulmuş kişilərin yaş həddi 2017-ci il iyulun 1dən başlayaraq 2021-ci il iyulun 1-dək, qadınların yaş həddi 2017-ci il iyulun 1- dən başlayaraq 2027-ci il iyulun 1-dək hər il 6 ay artırılır. Azərbaycan Respublikasının Nazirlər Kabinetinin 2022-ci il 28 aprel tarixli 175 nömrəli qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi Qaydası”nın 5.2- ci maddəsinə əsasən Qanunun 7-ci maddəsində kişilərin yaş həddi 1 iyul 2020-ci il tarixdən sonra 65 yaş müəyyən olunmuşdur. Məhkəmə qeyd edir ki, mübahisəli hüquq münasibətlərinin yarandığı dövrdə qüvvədə olmuş xx.xx.1992-ci il tarixli “Vətəndaşların pensiya təminatı haqqında” Azərbaycan Respublikası Qanunun 67-ci maddəsinin 1-ci bəndinə əsasən mülkiyyət və təsərrüfatçılıq formalarından asılı olmayaraq müəssisələrdə, idarələrdə, təşkilatlarda və kooperativlərdə əmək müqaviləsi və ya üzvlük əsasında əmək fəaliyyəti xarakterindən və müddətindən asılı olmayaraq ümumi iş stajına daxil edilir. Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. Həmin Qanunun 69.1-ci maddəsinə əsasən, iş stajı müəyyən edilmiş qaydada idarə, müəssisə və təşkilatın verdiyi sənədə əsasən təsdiq edilir. İş stajını sübut edən əsas sənəd əmək kitabçasıdır. Həmçinin Azərbaycan Respublikasının Əmək Məcəlləsinin 87.1-ci maddəsinə əsasən də işçinin əmək fəaliyyəti haqqında sənəd əmək kitabçası hesab edilir. İşçinin əmək fəaliyyəti haqqında sənəddə onun əmək stajı haqqında-işə girdiyi gün, ay, il, işlədiyi peşəsi (vəzifəsi), işdən çıxarılmanın əsası, günü, ayı və ili barədə qeydlər göstərilir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 26 dekabr 1996-cı il tarixli, 186 nömrəli qərarı ilə təsdiq edilmiş “İşçilərin əmək kitabçasının forması və onun tətbiqi qaydaları”nın 1.1-ci bəndinə əsasən əmək kitabçası işçinin əmək fəaliyyətini və əmək stajını təsdiq edən əsas sənəddir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 25 noyabr 1992-ci il tarixli, 638 nömrəli qərarı ilə təsdiq edilmiş “Pensiya təyinatı üçün əmək stajının təsdiq edilməsi qaydası barədə Əsasnamə”nin (Nazirlər Kabinetinin 26 sentyabr 2006-cı il tarixli, 217 saylı qərarı ilə qüvvədən düşmüşdür) 3-cü bəndinə əsasən, iş stajını təsdiq edən sənəd əmək kitabçasıdır. Əmək kitabçası olmadıqda, yaxud iş dövrü barədə qeydlər düzgün və dəqiq olmadıqda əmək kitabçasını təsdiqedici sənəd kimi arayışlar, əmrlər, çıxarışlar, əmək haqqı verilməsi üçün şəxsi hesablar və əmək haqqı cədvəlləri nəzərə alınır. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 28 aprel 2022-ci il tarixli, 175 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əmək pensiyalarının təyin edilməsi, hesablanması, yenidən hesablanması, bir növdən başqa növə keçirilməsi və ödənilməsi” Qaydasının 4.1-ci bəndinə əsasən əmək pensiyasının təyin edilməsi zamanı nəzərə alınan sosial sığorta stajı aşağıdakılara əsasən müəyyən edilir: 4.1.1. 2006-cı il yanvarın 1-dək olan dövr üzrə:

1. “Sosial sığorta haqqında” Azərbaycan Respublikasının Qanununa və bu sahədə münasibətləri tənzimləyən digər normativ hüquqi aktlara uyğun olaraq məcburi dövlət sosial sığorta haqlarının ödənilməsi şərtilə mülkiyyət formasından, əmək fəaliyyətinin xüsusiyyətlərindən və müddətindən asılı olmayaraq, müəssisə, idarə və təşkilatlarda əmək müqaviləsi (kontraktı) əsasında işləyənlərin iş müddəti əmək fəaliyyəti barədə sənədlərə (əmək kitabçası, o olmadıqda işəgötürənin arayışı və ya dövlət arxivinin arayışı), həmin sənədlərin mötəbərliyinə əsaslı şübhələr olduğu hallarda Fond tərəfindən işəgötürəndə, dövlət arxivində və Fondda saxlanılan məlumatların üzləşdirilməsi nəticəsində tərtib olunan akta əsasən;... Həmin maddənin 8-ci hissəsinə əsasən, əmək (sosial sığorta) pensiyasının təyin edilməsi üçün qanunla müəyyən edilmiş hallar istisna olmaqla 1 yanvar 2002-ci il tarixdən əmək stajına məcburi dövlət sosial sığorta haqlarının ödənildiyi əmək fəaliyyəti müddəti daxildir. 1 yanvar 2002ci ilədək əmək fəaliyyəti göstərən şəxslərə pensiya təyin olunması üçün əmək stajı bu maddənin birinci-yeddinci hissələrinə müvafiq olaraq hesablanır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən əmək pensiyalarının təyin edilməsi, yenidən hesablanması, bir növündən başqa növünə keçirilməsi və ödənilməsi Qaydaları”nın 3.1-ci bəndinə əsasən, sığortaolunanların qazanmış olduqları pensiya hüquqlarının müəyyən edilməsi zamanı nəzərə alınan sığorta stajı əhatə etdiyi dövrə uyğun olaraq aşağıdakılardan ibarətdir: -Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün ümumi iş stajı; -Qanunun qüvvəyə mindiyi tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı. Həmin Qaydaların 3.2-ci bəndinə görə, 2006-cı il yanvarın 1-dək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün iş stajı aşağıdakı sənədlər üzrə PAS-a daxil edilmiş məlumatlara əsasən müəyyən edilir: 3.2.1. əmək kitabçası;... Göründüyü kimi “Əmək pensiyaları haqqında” Qanunun qüvvəyə mindiyi 2006-cı il 1 yanvar tarixdən sonra əmək pensiyası hüququnun yarandığı tarixədək olan müddət üzrə sosial sığorta stajı nəzərə alındığı halda, 2006-cı il 1 yanvar tarixədək sığortaolunanların qazanılmış əmək pensiyası hüquqlarının nəzərə alınması üçün onların ümumi iş stajı əsas götürülür və həmin iş stajı işçinin əmək kitabçasının məlumatlarına əsasən müəyyən edilir. Hazırkı işin faktiki hallarından görünür ki, iddiaçıya yaşa görə əmək pensiyası təyin edilmiş, lakin iddiaçı ona təyin olunan pensiya zamanı 01 il 05 ay 14 gün müddətin staja daxil edilmədiyini mübahisələndirmişdir. İddiaçı hazırda həmin müddətin onun sığorta stajına daxil edilməsi nəticəsinə nail olmaq istəyir. İddiaçı bununla bağlı cavabdehə müraciət etsə də, sonuncu onun müraciətinin təmin edilməsindən imtina etmiş və bu halı iddiaçının mübahisəli sığorta stajının olmaması ilə əlaqələndirmişdir. İddiaçı hazırda cavabdehin imtinasını mübahisələndirir. Məhkəmə kollegiyası qeyd edir ki, cavabdeh iddiaçının stajını hesablayarkən onun xx.xx.1978-ci il tarixindən xx.xx.1980-ci il tarixinədək hərbi xidmətdə olduğu dövrü, əmək kitabçasının surətinə əsasən xx.xx.1976-cı il tarixindən xx.xx.1976-cı il tarixinədək, xx.xx.1977-ci il tarixindən xx.xx.1978-ci il tarixinədək, xx.xx.1980-ci il tarixindən xx.xx.1986-cı il tarixinədək, 09.11,1987-ci il tarixindən xx.xx.1991-ci il tarixinədək, xx.xx.1991-ci il tarixindən xx.xx.1992-ci il tarixinədək, xx.xx.1992-ci il tarixindən xx.xx.1994-cü il tarixinədək, xx.xx.1994-cü il tarixindən xx.xx.2006-cı il tarixinədək əmək fəaliyyəti dövrü (27 il 9 ay 23 gün) olduğunu, xx.xx.2006-cı il tarixindən xx.xx.2024-cü il tarixinədək fərdi şəxsi hesabının sığorta hissəsində qeydə alınan pensiya kapitalı əsasında pensiya təyin etmişdir. Lakin məhkəmə qeyd edir ki, cavabdeh tərəfindən sığorta stajı və pensiya kapitalı hesablanarkən iddiaçının faktiki əmək fəaliyyəti tam nəzərə alınmamışdır. Belə ki, iş materiallarından aydın olur ki, iddiaçı xx.xx.2024-cü il tarixədək fasiləsiz olaraq əmək fəaliyyətini davam etdirmiş və bu müddət ərzində onun fərdi şəxsi hesabının sığorta hissəsində əlavə pensiya kapitalı toplanmışdır. Bu hal isə iş üzrə tərəflər arasında mübahisə doğurmamışdır. “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikasının Qanununa əsasən, pensiya hüququnun müəyyən edilməsi zamanı sığorta stajı və fərdi hesabda qeydə alınan pensiya kapitalı müvafiq olaraq pensiya hüququ yarandığı tarixədək (bu halda xx.xx.2024-cü il) nəzərə alınmalıdır. Cavabdeh tərəfindən bu prinsipə əməl edilməyərək, yalnız xx.xx.2024-cü il tarixədək olan dövr qiymətləndirilmiş və nəticədə iddiaçının faktiki əmək fəaliyyəti və sığorta kapitalı düzgün əks olunmamışdır. Yuxarıda qeyd olunanları nəzərə alaraq, Məhkəmə hesab edir ki, cavabdeh tərəfindən xx.xx.2024–xx.xx.2024-cü il tarixləri arasındakı dövrün stajdan kənarda saxlanılması hüquqi baxımdan əsassız olmuşdur. Bu səbəbdən həmin dövr iddiaçının sığorta stajına daxil edilməli və pensiya kapitalının hesablanması zamanı nəzərə alınmalıdır. Məhkəmə kollegiyası, iddiaçının orduda xidmət etdiyi və işə qəbul olunduğu tarixədək olan dövrü də onun ümumi iş stajına daxil edilməsi məsələsinə münasibətdə qeyd edir ki, iddiaçının hərbi xidmət keçərkən qüvvədə olan “Dövlət pensiyalarının təyini və ödənilməsi” Qaydalarının 109cu bəndinə əsasən keçmiş SSRİ Silahlı Qüvvələrində hərbi xidmət iş stajına aid edilməlidir. «Vətəndaşların pensiya təminatı haqqında» Azərbaycan Respublikasının Qanunun 67-ci maddəsinin v) bəndinə əsasən də hərbi (alternativ) xidmət və Müdafiə Nazirliyində qeydiyyatdan keçmiş özünümüdafiə dəstələrində və birləşmələrində olmaq, milli təhlükəsizlik, daxili işlər, Dövlət sərhədini mühafizə və Prezidenti mühafizə orqanlarında xidmət müddəti iş stajına daxil edilir. SSRİ Nazirlər Sovetinin xx.xx.1973-cü il tarixli 252 nömrəli Qərarı ilə təsdiq edilmiş “Dövlət sosial sığorta müavinətlərinin təyini zamanı fəhlə və qulluqçuların fasiləsiz stajının hesablanması qaydaları”nın 8-ci bəndinin “a” yarımbəndinə əsasən SSRİ Silahlı Qüvvələrində, SSRİ Nazirlər Soveti yanında Dövlət Təhlükəsizlik Komitəsinin və SSRİ Daxili İşlər Nazirliyinin orqanlarında, xalq milislərində və partizan dəstələrində xidmət, əgər xidmətdən azad olunma tarixi və işə daxil olma və ya təhsil müəssisəsinə (orta-ixtisas, ali təhsil, aspirantura, doktorantura) daxil olma tarixi arasında fasilə üç aydan artıq deyilsə fasiləsiz əmək stajına daxildir. Göründüyü kimi, mübahisəli hüquq münasibətinin yarandığı zaman qüvvədə olan pensiya qanunvericiliyi yalnız hərbi xidmətdən azad olunma tarixi ilə işə daxil olma tarixi arasındakı fasiləni deyil, həm də təhsil müəssisəsinə daxil olma tarixi arasındakı fasilənin üç aydan artıq olmadığı təqdirdə fasiləsiz əmək stajına daxil edilməsini nəzərdə tuturdu. Məhkəmə kollegiyası qeyd edir ki, hazırkı işdə iddiaçı xx.xx.1978-cı il tarixdən xx.xx.1980-ci il tarixədək həqiqi hərbi xidmətdə olmuş, xx.xx.1980-ci il tarixdə isə fəhlə kimi işə qəbul edilmişdir. Hərbi xidmətin başa çatması ilə əmək fəaliyyətinə başlanması arasında keçən zaman kəsiyi 2 ay 29 gün olmuşdur ki, bu da üç ay həddini aşmadığından, mövcud hüquqi çərçivəyə tam uyğundur. Bu baxımdan, yalnız hərbi xidmət dövrü deyil, eyni zamanda xidmətin bitməsi ilə əmək fəaliyyətinə başlanması arasında olan keçid müddəti də iddiaçının fasiləsiz əmək stajına daxil edilməlidir. Qeyd olunan dövrün staja aid edilməməsi isə hüquq münasibətləri yarandığı dövrdə qüvvədə olan Qaydaların tələblərinə zidd olardı. Göstərilənlərə əsasən kollegiya hesab edir ki, iddiaçının xx.xx.2024–xx.xx.2024- cü il tarixləri və xx.xx.1980–xx.xx.1980-ci il tarixləri arasındaki dövr onun stajına daxil edilməklə yenidən hesablanmalıdır. Məhkəmə kollegiyası iddiaçının şikayətinin dəlillərinə münasibətdə qeyd edir ki, iddiaçı xx.xx.1986-xx.xx.1987-ci il tarixləri arasındaki dövrün onun stajına daxil edilməsini tələb etsə, iddiaçı həmin dövrün staja daxil edilməsini tələb etməkdə haqlı olmamışdır. Belə ki, iddiaçı sözügedən dövrün əmək stajına daxil edilməsini əsaslandırmaq üçün “Əmək pensiyaları haqqında” Azərbaycan Respublikası Qanununun 21.2.6-cı maddəsinə istinad etmişdir. Həmin norma istehsalatda bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının 61–100 faiz pozulması səbəbilə əlillik təyin olunmuş şəxslərin, yaşa görə əmək pensiyası hüququ əldə edənədək pensiyada olduqları müddətin sığorta stajına daxil edilməsini nəzərdə tutur. Lakin məhkəmə aparılmış araşdırmalar əsasında müəyyən etmişdir ki, iddiaçının həmin dövr üzrə əlillik statusuna malik olmasını təsdiq edən hər hansı sənəd mövcud deyildir. İddiaçının yalnız əlilliyə görə işdən çıxarılması faktı, özlüyündə onun qanunvericiliklə nəzərdə tutulmuş qaydada əlillik təyinatı alması anlamına gəlmir. Qeyd edilməlidir ki, Azərbaycan Respublikası Prezidentinin 30 iyun 2020-ci il tarixli 1077 nömrəli Fərmanı ilə təsdiqlənmiş “Dövlət Tibbi-Sosial Ekspertiza və X1”nin 3-cü maddəsinə əsasən, ölkə üzrə əlillik dərəcələrinin müəyyən olunması, orqanizmin funksional pozulma faizinin qiymətləndirilməsi və bu barədə rəsmi qərarların qəbul edilməsi yalnız sözügedən Agentliyin səlahiyyətləri çərçivəsində həyata keçirilir. İddiaçının iş üzrə təqdim etdiyi sübutlar arasında isə həmin Agentlik tərəfindən verilmiş əlillik barədə heç bir rəsmi qərarın mövcud olmadığı müəyyən olunmuşdur. Məhkəmə kollegiyası, eyni zamanda, diqqətə çatdırır ki, iddiaçının əlillik statusunun tanınması ehtimalı olsa belə, bu halın onun mübahisələndirilən dövrdə sığorta stajına daxil edilməsinə birbaşa hüquqi əsas yaratmır. Belə ki, qüvvədə olan qanunvericiliyin normasının dispozitiv məzmununa görə, yalnız istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi nəticəsində orqanizmin funksiyalarının ən azı 61 faiz dərəcədə pozulması və bu səbəbdən əlillik təyin edilməsi halında, şəxsin yaşa görə əmək pensiyası hüququ yarananadək pensiyada keçirdiyi müddət sığorta stajına daxil edilə bilər. Göründüyü kimi, burada həm səbəb (istehsalatla bağlı bədbəxt hadisə və ya peşə xəstəliyi), həm də nəticə (əlillik dərəcəsinin müvafiq həddə olması) əsas şərtlər kimi müəyyən olunmuşdur. Hazırkı iş üzrə isə bu meyarların hər hansı birinin mövcudluğu müəyyən olunmur. Eyni zamanda Məhkəmə onu da vurğulamağı zəruri hesab edir ki, hətta, iddiaçının ikinci dərəcəli əlilliyi olsaydı belə, bu əlillik peşə və ya istehsalatda baş vermiş bədbəxt hadisə nəticəsində təyin olunmamışdırsa deməli onun tələb etdiyi dövrlərin staja daxil edilməsindən söhbət gedə bilməzdi. Beləliklə, iddiaçının xx.xx.1986–xx.xx.1987-ci il tarixləri arasında olan müddətin əmək stajına daxil edilməsinə dair hüquqi əsasları olmadığından, onun bu hissədəki tələbi əsassız hesab edilir. Beləliklə, məhkəmə kollegiyası iş üzrə toplanmış və tədqiq edilmiş sübutlara məcmu halda qiymət verərək hesab edir ki, hazırkı mübahisəyə baxılarkən birinci instansiya məhkəməsi tərəfindən işin faktiki halları düzgün araşdırılmış, sübutlara düzgün hüquqi qiymət verilmiş, maddi hüquq normalarının tətbiqində səhvə yol verilməmiş və düzgün nəticəyə gəlinmişdir. Yuxarıda qeyd edilənləri nəzərə alaraq məhkəmə kollegiyası hesab edir ki, apellyasiya şikayətləri əsassız olduğundan təmin edilməməli, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2025 saylı, 14.04. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Həmin Məcəllənin 87.8-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apellyasiya instansiyası məhkəməsinin qərarında apellyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir. Məhkəmə kollegiyası şərh olunanları nəzərə alaraq, Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 82, 87, 90, 94 və 99-cu maddələrini rəhbər tutaraq QƏRARA ALDİ Apellyasiya şikayətləri təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1489/2025 saylı, 14.04. 2025-ci il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardan təqdim olunduğu gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsilə Azərbaycan Respublikası Ali Məhkəməsinin (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193cü məhəllə) İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar