Məhkəmə qərarları › İş №2-1(103)-3105/2025

Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3105/2025

01.08.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).

Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3105/2025 01.08.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin icarə müqaviləsi əsasında ona məxsus olması və yaxud özəlləşdirilməsinə dair qərar qəbul edilməsi barədə tələbinə dair iş üzrə Hakimlər: Tağızadə Mirzə Nəsib oğlu (sədrlik edən və məruzəçi), Əkbərov Kamran Hüseyn oğlu və Nəbizadə Nigar Xeyrulla qızından ibarət tərkibdə Mirzəyeva Ayşəm Lehsan qızının katibliyi, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı torpaq sahəsinin icarə müqaviləsi əsasında ona məxsus olması və yaxud özəlləşdirilməsinə dair qərar qəbul edilməsi barədə tələbinə dair Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apelyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), şifahi məhkəmə baxışı qaydasında, açıq məhkəmə iclasında baxaraq müəyyən etdi: BİRİNCİ İNSTANSİYA MƏHKƏMƏSİNDƏ APARİLAN İCRAAT:

1. İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsinə qarşı 08 dekabr 2006-cı ildə Şağan qəsəbəsində yerləşən 1200 kv.m torpaq sahəsinin icarə müqaviləsinə əsasən 124 nömrə ilə ona məxsus olması barədə və yaxud özəlləşdirilməsi barədə qətnamə qəbul edilməsinə dair iddia ərizəsi ilə məhkəməyə müraciət etmişdir.

2. İddia tələbi onunla əsaslandırılmışdır ki, 08 dekabr 2006-cı ildə Şağan Bələdiyyəsi tərəfindən 1200 kv.m torpağ sahəsi ona icarəyə ayrılmışdır. İcarəyə verilməsi haqqında müqavilənin nömrəsi 124-dür. Müqavilənin 1.2-ci maddəsinə əsasən bağçılıq təsərrüfatı və ev tikmək üçün verilmişdir. Sözügedən torpaq sahəsi üzərində hüquqlarının daşınmaz əmlak tərəfindən qeydiyyata alınması üçün müraciət etsə də, xx.xx.2024-cü ildə ona imtina məktubu verilib. Həmin torpaq sahəsində uşaqları üçün ev tikmək niyyəti var. Lakin, hüquqmüəyyənedici əsaslı sənəd əldə edə bilmədiyi üçün əziyyət çəkir. Müraciəti nəticəsiz qaldığı üçün məcbur olub məhkəməyə iddia ərizəsi ilə müraciət etmək qərarına gəlmişdir.

3. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır.

4. Qərardaddan narazı qalan iddiaçı həmin qərardaddan apelyasiya şikayəti verərək qərardadın ləğv edilməsini və iddia tələbinin təmin edilməsini xahiş etmişdir.

APELLYASİYA ŞİKAYƏTİNİN DƏLİLLƏRİ VƏ MƏHKƏMƏ İCRAATİ İŞTİRAKÇİLARİNİN İZAHATLARİ:

5. Apelyasiya şikayəti onunla əsaslandırılmışdır ki, məhkəmənin hazırlığı və baxışı zamanı ona məlum oldu ki, Şağan Bələdiyyəsinə göndərilən sorğuda cavab belə olmuşdur ki, Bələdiyyənin arxiv sənədləri Bakı şəhər milli arxivə verildiyinə görə sorğuya cavab vermək qeyri mümkündür və hakim məhkəmə iclasında bildirdi ki, milli arxivə sorğu göndəriləndən sonra milli arxivin cavabı Şağan Bələdiyyəsinin milli arxivinə heç bir sənəd göndərilmədiyi olmuşdur. Bu sübutlara görə hakim hesab etmişdir ki, ərizə mümkünsüz hesab olunsun. Əlavə onu bildirmək istəyir ki, məhkəmə zamanı ona verilmiş torpağ sahəsinin Bakı şəhəri 1 saylı Ərazi İdarəsinin mütəxəssisləri tərəfindən yoxlanılmadan torpağ sahəsinin tanınmasına nəzarət məhkəmə hazırlığından çıxardırılmışdır. Göstərilən nöqsanları nəzərə alaraq, qərardadın ləğv edilərək ərizənin təmin olunmasını xahiş edir. Tərəflərin izahatları

6. İşə baxılmasının vaxtı və yeri barədə lazımi qaydada xəbərdar edilməsinə baxmayaraq, tərəflər məhkəmə iclasına gəlməmiş və gəlməmələrinin səbəbləri barədə məhkəməyə məlumat verməmişlər.

7. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 62.3-cü maddəsinə əsaslanaraq şifahi məhkəmə baxışı ilə bağlı iclasa çağırılan tərəflərin iştirakı olmadan işə baxılması və iş üzrə müvafiq məhkəmə aktının qəbul edilməsini mümkün hesab etmişdir.

İŞİN HALLARİ:

8. 08 dekabr 2006-cı il tarixli, 124 nömrəli müqavilənin kserosurətindən görünür ki, Şağan Bələdiyyəsi tərəfindən 1200 kv.m torpağ sahəsi iddiaçıya icarəyə ayrılmışdır.

9. Daşınmaz Əmlakın Dövlət Kadastrı və Reyestri publik hüquqi şəxsi 1 saylı Bakı Ərazi İdarəsi tərəfindən verilən xx.xx.2024-cü il tarixli, 3-21-3-30/2-X0064-8/2024 nömrəli imtina məktubunda bildirilmişdir ki, torpaq sahəsinin ayrılmasına dair bələdiyyənin qərarı təqdim edilməmiş, müqavilədə və torpaq sahəsinin yerləşməsini müəyyən etməyə imkan verən sənəddə (yerləşmə cizgisi) bələdiyyə qərarına istinad edilməmiş, cizgidə istinad və məsafə göstərilməmiş, bundan başqa qeyd edilən torpaq sahəsi ilə bağlı bələdiyyənin mülkiyyət hüququ qeydiyyata alınmamışdır. ”daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 15.1.2-ci maddəsinə əsasən (hüquqların dövlət qeydiyyatı üçün notariat qaydasında təsdiqlənməsi tələb olunmayan sənədlərin forması və məzmunu qanunvericiliklə müəyyən edilmiş tələblərə uyğun olmaması) hüquqların dövlət qeydiyyatından imtina edilmişdir.

10. Bakı şəhəri Xəzər rayonu Şağan Bələdiyyəsinin xx.xx.2024-cü il tarixli, 134 nömrəli məktubunda qeyd olunmuşdur ki, Şağan Bələdiyyəsinin 2000-2016-ci illlərə aid sənədləri Azərbaycan Respublikası Milli Arxiv İdarəsinə təhvil verildiyi üçün sorğunu cavablandırmaq mümkün olmamışdır.

11. Azərbaycan Respublikası Milli Arxiv İdarəsinin xx.xx.2024-cü il tarixli, 3-48-2F/2- 1428/2024 nömrəli məktubunda bildirilmişdir ki, Əzizbəyov rayon Şağan Bələdiyyəsinin arxiv sənədləri Dövlət Arxivinin Bakı filialına təhvil verilməmişdir.

TƏTBİQ EDİLƏN HÜQUQ:

12. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarı: 2.3. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.1. Məhkəmələr ilk növbədə iddiaçının həmin iddia tələbi üzrə subyektiv hüququnun olubolmamasını, cavabdehin həmin iddiaya cavab verməli olub-olmamasını, qanunvericilikdə nəzərdə tutulduğu hallarda cavabdehin imtinasının olub-olmamasını, İPM-də nəzərdə tutulmuş iddia müddətlərinə riayət edilib-edilmədiyini, prosessual həmiştirakçılığın yol verilənliyini, tələblərin bir iddiada birləşdirilməsinin mümkünlüyünü İPM-in 37-ci maddəsinə uyğun yoxlamalıdırlar. 6.2. İddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

13. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsi: 35.1. Bu Məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında, öhdəliklərin icrası haqqında və müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır. 87.6. Apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. 87.7. Apellyasiya instansiyası məhkəməsi, bir qayda olaraq, mübahisə ilə bağlı işə mahiyyəti üzrə baxaraq həll edir.

APELLYASİYA İNSTANSİYA MƏHKƏMƏSİNİN MÖVQEYİ:

14. Məhkəmə kollegiyası apelyasiya şikayətinin dəlillərini iş materialları ilə birgə araşdıraraq aşağıdakı nəticəyə gəlir.

15. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apelyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır.

16. İddiaçının apelyasiya şikayəti birinci instansiya məhkəməsinin qərardadının ləğvinə yönəldiyi üçün kollegiya qərardadın qanuniliyini tam yoxlayır.

17. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.8-ci maddəsinə əsasən Apelyasiya instansiyası məhkəməsi qərarını əsaslandırmağa borcludur. Apelyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxladıqda, həmin qərardakı əsaslara istinad edə bilər. Lakin hər bir halda apelyasiya instansiyası məhkəməsinin qərarında apelyasiya şikayətinin dəlillərinə münasibət bildirilməlidir.

18. Məhkəmə kollegiyası iddianın mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə ilə razılaşır və aşağıdakıların qeyd edilməsini zəruri hesab edir.

19. “İnzibati məhkəmə icraatında iddianın mümkünlüyünə dair” Azərbaycan Respublikası Ali Məhkəməsi Plenumunun 10 aprel 2015-ci il tarixli 5 nömrəli Qərarınında qeyd edilmişdir ki, məhkəmələr nəzərə almalıdırlar ki, inzibati mübahisələrə dair iddianın əsaslılığının yoxlanılması üçün zəruri ilkin şərt onun mümkün olmasıdır. İddianın əsaslılığının yoxlanılmasına yönəlmiş fəaliyyəti zamanı məhkəmə cavabdehə qarşı irəli sürülmüş maddi-hüquqi tələbin mövcud olub-olmamasını araşdırmaqla mahiyyəti üzrə baxmağa imkan verən şərtlərin mövcudluğunun yoxlanılmasını nəzərdə tutur. Mümkünlük şərtlərinin mövcudluğunu məhkəmə tərəflərin bildirməsindən asılı olmayaraq özünün xidməti vəzifəsinə görə yoxlamalıdır.

20. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinə əsasən bu məcəllədə başqa qayda nəzərdə tutulmamışdırsa, iddiaçının iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın şikayəti və ya hərəkətsizliyi nəticəsində onun hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırdığı hallarda mübahisələndirmə haqqında, məcburetmə haqqında öhdəliklərin icrası haqqında və ya müəyyən hərəkətləri etməkdən çəkinməyə dair iddia mümkün sayılır.

21. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 35.1-ci maddəsinin mahiyyətindən aydın olur ki, iddianın mümkün sayılması üçün iddiaçı iddia ərizəsində inzibati aktın qəbul edilməsi və ya qəbul edilməsindən imtina olunması, yaxud inzibati orqanın hərəkəti və ya hərəkətsizliyi nəticəsində özünün hüquqlarının və qanunla qorunan maraqlarının pozulduğunu əsaslandırmalıdır.

22. İddianın mümkünlüyü baxımından hüququn pozulub-pozulmadığının müəyyən olunmasının qiymətləndirilməsi zamanı iddiaçının hüquqi marağı, başqa sözlə konkret halda hüquqi müdafiəyə ehtiyacının olubolmadığı da nəzərə alınmalıdır. Bu zaman iddiaçının arzuladığı məqsədə çatmaq üçün düzgün hüquqi müdafiə vasitələrindən, o cümlədən əlverişli iddia növündən istifadə edibetmədiyi yoxlanılmalıdır.

23. Adıçəkilən Qərarın 6.2-ci maddəsinə əsasən iddiaçının hüquqi marağı yalnız o halda mövcud olacaqdır ki, onun çatmaq istədiyi məqsədə qaldırılmış iddianın uğurlu olması ilə nail olmaq mümkün olsun.

24. Göründüyü kimi inzibati prosesual qanunvericiliyin tələbinə görə, istənilən növ inzibati məhkəmə icraatı qaydasında baxılmalı olan iddianın yalnız onun mümkünlüyü haqqında şərt yerinə yetirildiyi halda yolveriləndir, iddianın əsaslı hesab edilərək, məhkəmə tərəfindən mümkün sayılması üçün əsas şərtləri-iddia müddətinə dair normalara riayət edilməklə, iddiaya cavab verilməli olan inzibati orqana qarşı yönəlməsi, iddiaçının pozulması ehtimal olunan subyektiv hüququnun mövcudluğunun Azərbaycan Respublikası Konstitusiyasından, ümumi (publik) hüquq sahəsində qüvvədə olan qanunlardan və digər normativ hüquqi aktlardan irəli gəlməsi, inzibatı məhkəmə icraatı qaydasında iddia inzibati orqanın hərəkəti və hərəkətsizliyi nəticəsində şəxsin hüquqlarının pozulmasının əsaslandırdığı hallarda mümkün hesab edilir.

25. Azərbaycan Respublikası Konstitusiya Məhkəməsinin Plenumunun M.Bağırovun şikayəti üzrə Azərbaycan Respublikası Ali Məhkəməsi Mülki işlər üzrə məhkəmə kollegiyasının 04 may 2007-ci il tarixli qərarının Azərbaycan Respublikasının Konstitusiyasına və qanunlarına uyğunluğunun yoxlanılmasına dair 30 iyul 2008-ci il tarixli qərarına əsasən, mülki mübahisənin qanuni həlli üçün işə baxan məhkəmə ilk növbədə iddia qaldırmış şəxsin müvafiq subyektiv hüquqa malik olub-olmamasını araşdırmalıdır.

26. Subyektiv hüquq üç elementin məcmusu kimi qiymətləndirilə bilər: öz hərəkətlərinə hüquqi ixtiyar; başqa (borclu) şəxslərdən tələb etmək hüququ; müdafiə hüququ. Subyektiv hüququn ikinci və üçüncü elementləri birinci elementin mövcudluğu ilə bağlıdır. Belə qaydalara riayət edilmədən subyektiv hüququn digər elementlərinin, yəni başqa şəxslərdən tələb etmək hüququnun yaranmasından, eləcə də həyata keçirilməsindən söhbət gedə bilməz.

27. İşin faktiki hallarından müəyyən olur ki, iddiaçı tərəfindən Şağan Bələdiyyəsi ilə aralarında bağlanmış 08 dekabr 2006-cı il tarixli müqavilə əsasında icarəsinə ayrılmış 1200 kv.m torpaq sahəsi üzərində hüquqlarının dövlət qeydiyyatına alınması ilə bağlı öncə cavabdehə, sonra isə məhkəməyə müraciət edilməsinə baxmayaraq həmin icarə müqaviləsinin əsli təqdim edilə bilməmiş, birinci instansiya məhkəməsi tərəfindən iddiaçıya hüquqi yardım göstərilməsi və işin hallarının hər tərəfli araşdırılması məqsədilə aidiyyəti qurumlara sorğular ünvanlanaraq müvafiq icarə müqaviləsinin əslinin əldə edilməsinə nail olunmağa çalışılsa da, müqavilənin əsli aşkar edilməmişdir.

28. “Daşınmaz əmlakın dövlət reyestri haqqında” Azərbaycan Respublikası Qanununun 8.0-cı maddəsinə əsasən, daşınmaz əmlak üzərində hüquqların əmələ gəlməsinin, başqasına keçməsinin, məhdudlaşdırılmasının (yüklülüyünün) və xitam verilməsinin dövlət qeydiyyatı üçün əsas hesab olunur: 8.0.10.1. tikintisinə icazə tələb olunan tikinti obyektləri üçün - torpaq sahəsi üzərində mülkiyyət, icarə və ya istifadə hüququnu təsdiq edən sənəd, tikintiyə icazə verilməsi barədə qərar, tikinti layihəsinin memarlıq-planlaşdırma bölməsi, tikinti obyektinin istismarına icazə; 8.0.10-1. müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) tərəfindən müəyyənləşdirilmiş hallarda və qaydada tikinti obyektlərinə münasibətdə - tikinti obyektinin istismarına icazə və torpaq sahəsi üzərində mülkiyyət və ya icarə hüququnu təsdiq edən sənəd;

29. Qeyd olunan qanunvericilik normalarının tələblərindən də göründüyü kimi torpaq sahəsi üzərində icarə hüquq münasibətlərindən yaranan hüquqların dövlət qeydiyyatına alına bilməsi üçün müvafiq icarə müqaviləsinin mövcudluğu əsas şərtlərdən biridir. Lakin hazırki işdə iddiaçı sözügedən torpaq sahəsinin onun istifadəsinə ayrılması barədə icarə müqaviləsinin əslini təqdim edə bilmir.

30. Belə olan halda kollegiya bildirir ki, iddia edilən torpaq sahəsinə dair müqavilənin əsli iddiaçıda mövcud olmadığından, onun hazırki tələbi irəli sürməyə subyektiv hüququ istisna edilməli və eləcə də, iddia ərizəsi Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 46.1-ci maddəsində nəzərdə tutulmuş tələblərə cavab vermədiyindən əsaslandırılmış iddia kimi qəbul edilməməlidir.

31. Beləliklə, göstərilənlərə əsasən məhkəmə kollegiyası hesab edir ki, hazırki iddia İPM-in müddəalarına uyğun olaraq inzibati icraat qaydasında baxılması mümkün olmayan iddia olduğundan, iddia tələbinin mümkün sayılmaması ilə bağlı birinci instansiya məhkəməsinin gəldiyi nəticə qanunidir.

32. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 58.7-ci maddəsinə əsasən sübutlar məhkəmə tərəfindən tam və hərtərəfli araşdırıldıqdan sonra qiymətləndirilir.

33. Həmin Məcəllənin 87.6-cı maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər.

34. Sadalanan xüsusatlara və istinad olunan hüquq normalarına əsaslanan məhkəmə kollegiyası belə nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin qərardadı qanuni və əsaslı olduğundan dəyişdirilmədən saxlanılmalı, iddiaçının apelyasiya şikayəti təmin edilməməlidir.

35. Şərh edilənlərə əsasən və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 69, 80, 89, 90 və 94.1-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası qərara aldı:

Apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-1420/2025 nömrəli, xx.xx.2025-ci il tarixli qərardadı dəyişdirilmədən saxlanılsın. Qərardad təqdim olunduğu gündən 10 (on) gün müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə ondan Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Yusif Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.

Bu qərar sizin işinizə uyğun gəlirmi?

Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.

Sual ver

Eyni kateqoriyada digər qərarlar