Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3106/2025 30.09.2025 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Giriş hissə: X6 Səmədovun sədrliyi və məruzəsi ilə, Xəyalə Adil qızı Cəmilova və X4 ibarət tərkibdə, Eldarzadə Şirazi Elxan oğlunun katibliyi, İddiaçının nümayəndəsi və vəkili Nümayəndə iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi yanında Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) qarşı “əlilliyin müəyyən edilməsi” tələbinə dair inzibati iş üzrə Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-424/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən inzibati işə Bakı Apellyasiya Məhkəməsinin inzibati binasında, açıq şifahi məhkəmə baxış iclasında baxaraq aşağıdakı qərarı qəbul etdi. Təsviri hissə: İddiaçı cavabdeh Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinə (DTSERA) qarşı iddia ərizəsi ilə Bakı İnzibati Məhkəməsinə müraciət edərək ona əlillik təyin edilməsi vəzifəsinin cavabdehin üzərinə qoyulması barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddia tələbi onunla əsaslandırılmışdır ki, İddiaçı 1991- 1995-ci illərdə daxili işlər orqanlarında xidmət keçmiş, 1-ci Qarabağ müharibəsində iştirak etmişdir. 1992-ci ilin oktyabr ayında keçmiş Ağdərə rayonunda düşmən mərmisindən kəllə-beyin travması (kontuziya) almışdır. 2020-ci ildə kəsilənə qədər 2 qrup müharibə əlili kimi pensiya və təqaüd almışdır. Son bir-neçə ildə sağlamlıq vəziyyəti daha da pisləşmiş, əlavə müalicələr almışdır. Bu ilin may ayında yenidən pensiya təyin edilməsi məqsədilə cavabdeh tərəfindən müayinə olunmuşdur. Cavabdeh özünün xx.xx.2023-cü il tarixli məktubu ilə İddiaçı xəstəliyi meyarlara cavab vermədiyindən əlilliyin təyinindən imtina etmişdir. İddiaçı qeyd etmişdir ki, müharibə vaxtı aldığı travmadan əziyyət çəkir. Əsəb sistemi kəskin pozulmuşdur. Tez-tez tutmaları olur. Qulağında daimi küy vardır. Göstərilənləri nəzərə alaraq iddianın təmin edilməsi xahiş edilmişdir. Cavabdeh inzibati orqan iddiaya dair yazılı etiraz təqdim edərək qeyd etmişdir ki, iddiaçının əlillik vəziyyətinə sonuncu dəfə əlavə əyani müayinəsi həyata keçirilərək Bakı Baş Səhiyyə İdarəsinin xx.xx.2022-ci il tarixli göndərişi əsasında baxılmış və Diaqnozun mətni: Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası. Mərkəzə göndərilmənin/İmtina edilmənin səbəbi: Diaqnoz əlillik əlaməti təyin etməməsi - Səbəb: Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir.” səbəbi ilə imtina verilmişdir. Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN: xxxxxxx) əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir (unikal kod). Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 24 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəlləbeyin travması. Baş beyin silkələnməsi. Kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaş pozğunluğu, qulağında səs, yuxusuzluq, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında Medikamentoz preparatlardan “Depakin”, “Qabaqamma”, qəbul etdiyini bildirmişdir. Təqdim olunan sənədlərdə qeyd olunan diaqnoz haqqında vətəndaş şikayət bildirməmiş, anamnestik məlumatlarında epitutmanı ümumiyyətlə təsvir etməmiş, təqdim olunan sənədlərin doğruluğuna şübhə yaranmış, vətəndaşın hal-hazırda aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifləməsi, depressiv daxil olmalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Postravmatik ensefalopatiya, Baş beyin atrofik dəyişikliklər. Kəskin asteno-nevrotik vəziyyət” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Beyin şırımları və qırışları dərinləşmişdir. Hər iki təpə nahiyələrində kalsinatlaşmış sahələr diqqəti çəkir. Arxa kəllə çuxurunda ölçüsü təxminən 11 x 9 mm araxnoidal kista diqqəti çəkir” kimi qeyd olunsa da, ocaqlı nevroloji patologiya izlənilməmişdir. X9 Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinəsinin nəticəsi “Hər iki qulaqda yüngül dərəcəli sensonevral (nevrosensor) tip eşitmə azlığı geyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Diamed klinikanın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-organik əlamətləri qeyd olunur. Hipoksiya qeyd olunur. Travmanın qalıq əlamətləri gevd olunur. 1 hissədə paraksizmal aktivliyi gicgah-təpə nahiyəsində qeyd olunur (5-6 dəfə qeyd olunur). 2-ci hissədə həmin zonada qıcolma dalğalar qeyd olur (hiperventilvasiyadan sonra). 3-cü hissə-foto stimulyasiyadan sonra-qıcolma dalğalar artır (8-9 dəfə qeyd olunur). Həmin zonada MRT-də kalsinasiya və kista, qıcolma dalğalar qeyd olunur. Kəllə-daxili hipertenziyanın əlamətləri qeyd olunur" kimi göstərilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Hazırda əlillik təyinatına əsas verən patofunksional pozuntular müəyyən edilməmişdir. Göstərilənlərə əsasən iddia tələbinin təmin edilməməsi məhkəmədən xahiş edilmişdir. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-424/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı ilə (hakim T.Məlikov) iddianın təmin edilməsi, İddiaçı Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi- Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulması qərara alınmışdır. Qərardan narazı qalan cavabdeh inzibati orqan qanunvericiliklə müəyyən edilmiş qaydada və vaxtda apellyasiya şikayəti verərək, qərarın ləğv edilməsini və iddia tələbinin təmin edilməməsini xahiş etmişdir. Apellyasiya şikayətinin dəlilləri: Apellyasiya şikayəti iddia ərizəsinə verilmiş yazılı etiraza uyğun tərtib edilmiş və qeyd edilmişdir ki, İddiaçı əlillik vəziyyətinin qiymətləndirməsi üçün tibb müəssisəsinin yeni göndərişi rəsmiləşdirilmiş, qərar verilməsi üçün Agentliyə göndərilmişdir. Vətəndaşın müraciəti əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, İddiaçı Azərbaycan Respublikası Daxili İşlər Nazirliyinin Xüsusi Həkim Komissiyası tərəfindən xx.xx.2017-ci il tarixli 24 nömrəli Qərar verilmişdir. Həmin qərarda “Qapalı kəlləbeyin travması. Baş beyin silkələnməsi. Kontuziya” diaqnozlu travmanın səbəb əlaqəsi “Hərbi travmadır, Azərbaycan Respublikasının müdafiəsi zamanı alınmışdır” kimi müəyyənləşdirilmişdir. Xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başağrıları, yaddaş pozğunluğu, qulağında səs, yuxusuzluq, əsəbilikdən şikayətlənmişdir. Anamnestik məlumatlarında Medikamentoz preparatlardan “Depakin”, “Qabaqamma”, qəbul etdiyini bildirmişdir. Təqdim olunan sənədlərdə qeyd olunan diaqnoz haqqında vətəndaş şikayət bildirməmiş, anamnestik məlumatlarında epitutmanı ümumiyyətlə təsvir etməmiş, təqdim olunan sənədlərin doğruluğuna şübhə yaranmış, vətəndaşın hal-hazırda aktiv əmək müqaviləsi olduğu aşkarlanmışdır. Anamnestik məlumatlarda və obyektiv müayinələrin nəticələrində əlillik təyinatına əsas verə biləcək nevroloji, psixoproduktiv əlamətlər və davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. Yuxarı və aşağı ətraflarda hərəkətlər sərbəst və ağrısız müşahidə edilmişdir. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Baş beynin üzvi xəstəliyi (QKBT) nəticəsində nəzərə çarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifləməsi, depressiv daxil olmalarla” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-xx.xx.2022-ci il tarixli Çıxarışda diaqnoz “Postravmatik ensefalopatiya, Baş beyin atrofik dəyişikliklər. Kəskin asteno-nevrotik vəziyyət” kimi qeyd olunsa da, obyektiv müayinə zamanı öz təsdiqini tapmamışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyi 2 saylı X1 xx.xx.2022-ci il tarixli Elektroensefaloqrafiya müayinəsinin nəticəsi “Yüngül dərəcəli diffuz rezidual-orqanik tipli dəyişikliklər qeyd olunur” kimi qeyd olunsa da, klinik olaraq öz təsdiqini tapmamışdır. Respublika Neyrocərrahiyyə Xəstəxanasının xx.xx.2022-ci il tarixli Kranial KT müayinəsinin nəticəsi “Mülayim beyin atrofiyası. Beyin şırımları və qırışları dərinləşmişdir. Hər iki təpə nahiyələrində kalsinatlaşmış sahələr diqqəti çəkir. Arxa kəllə çuxurunda ölçüsü təxminən 1 1 x 9 mm araxnoidal kista diqqəti çəkir” kimi qeyd olunsa da, ocaqlı nevroloji patologiya izlənilməmişdir. X9 Mərkəzinin xx.xx.2022-ci il tarixli müayinəsinin nəticəsi “Hər iki qulaqda yüngül dərəcəli sensonevral (nevrosensor) tip eşitmə azlığı geyd edilir” kimi müəyyənləşdirilmiş, əlillik təyinatına əsas verməmişdir. Diamed klinikanın xx.xx.2023-cü il tarixli EEQ müayinəsinin nəticəsi “Rezidual-organik əlamətləri qeyd olunur. Hipoksiya qeyd olunur. Travmanın qalıq əlamətləri gevd olunur. 1 hissədə paraksizmal aktivliyi gicgah-təpə nahiyəsində qeyd olunur (5-6 dəfə qeyd olunur). 2-ci hissədə həmin zonadaqıcolma dalğalar qeyd olur (hiperventilvasiyadan sonra). 3-cü hissə-foto stimulyasiyadan sonraqıcolma dalğalar artır (8-9 dəfə qeyd olunur). Həmin zonada MRT-də kalsinasiya və kista, qıcolma dalğalar qeyd olunur. Kəllə-daxili hipertenziyanın əlamətləri qeyd olunur” kimi göstərilsə də, klinik olaraq öz təsdiqini tapmamışdır. Yekun olaraq diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Birinci instansiya məhkəməsi işə baxarkən işi yetərincə araşdırmayaraq, müvafiq tibbiekspertizanın rəyinə əsaslanmışdır. Həmçinin, şəxsin əyani müayinə olunması nəticəsində zəruri biliklərə sahib komissiya tərəfindən gəlinən nəticələrə ümumiyyətlə məhəl qoymamış və öz mülahizəsinə əsasən qərar qəbul etmişdir. Bu isə işin nəticələrinin araşdırılmamasına gətirib çıxartmışdır. Sözügedən hal, yəni diaqnozun əlillik təyinatına əsas verməməsi halı iddiaçının əyani müayinəsi zamanı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-Sosial Ekspertləri tərəfindən müəyyən edilmişdir. Həmçinin, məhkəmənin gəldiyi səhv nəticə ondan ibarətdir ki, diaqnozun doğruluğunun müəyyən edilməsi heç də həmin şəxsə əlillik təyin edilməsinə əsas vermir, şəxsdə sözügedən xəstəliyin ağırlaşmaları mövcud olmalıdır ki, şəxsə əlillik təyinatı aparılsın. Birinci instansiya məhkəməsi sırf göndərişdəki XBT kodlarının Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları” haqqında Əsasnamədə mövcud olmasına əsaslanaraq və ümumi normalara istinad edərək səhv nəticəyə gəlmişdir. Diaqnoz şəxsin hazırkı vəziyyətini əks etdirməklə yanası əyani müayinədə aşkar edilmiş patofunksional dəyişikliklər əlillik səviyyəsində olmadığından dərəcənin təyini zamanı, ona xx.xx.2022-ci il tarixli 187 saylı Qərarla təsdiq edilmiş “Əlilliyin təyin edilməsi meyarlarının hər-hansı bir bəndini aid etmək mümkün olmamışdır. Göndərişdə qeyd olunan diaqnoz öz təsdiqini tapmadığı halda məhkəmə xüsusi tibbi bilik tələb edən sahədə qərar çıxararaq orqanın diskresion səlahiyyətinə əsassız müdaxilə etmişdir. İddiaçının əlilliyinin təyin edilməsi istiqamətində Agentlik tərəfindən hər hansı qanunazidd hərəkətə və ya hərəkətsizliyə yol verilməməsinə, o cümlədən “İnzibati icraat haqqında” Azərbaycan Respublikası Qanununun tələblərinin pozulmamasına baxmayaraq, məhkəmə qanunsuz olaraq iddianı təmin etməklə maddi və prosessual hüquq normalarını pozmuşdur. Bu səbəbdən Bakı İnzibati Məhkəməsinin qərarı ləğv edilməlidir. Məhkəmə icraatında tərəflərin iştirakı: Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçının nümayəndəsi və vəkili Nümayəndə apellyasiya şikayətinə etiraz edərək, apellyasiya şikayətinin təmin edilməməsini və birinci instansiya məhkəməsinin qərarının dəyişdirilmədən qüvvədə saxlanılmasını xahiş etmişdir. Məhkəmə kollegiyasının iclasının vaxtı və yeri barədə cavabdeh inzibati orqana lazımi qaydada məlumat verilməsinə baxmayaraq, nümayəndəsinin məhkəmə iclasında iştirakını təmin etməmiş, səbəbləri barədə məlumat verməmişlər. Məhkəmə kollegiyası Azərbaycan Respublikası İPM-nin 62-ci maddəsinə əsasən işə cavabdehin nümayəndəsinin iştirakı olmadan baxılmasını mümkün hesab edir. Əsaslandırıcı hissə: Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 82-ci maddəsinə əsasən apellyasiya instansiyası məhkəməsi mübahisə ilə bağlı işə şikayət həddində və hüquqi məsələlər, habelə sübutlar və faktlar (faktiki hallar) əsasında mahiyyəti üzrə tam həcmdə baxır. Apellyasiya şikayəti qanunla müəyyən olunmuş tələblərə riayət olunmaqla verilmişdir, şikayətin mümkün sayılmaması üçün əsaslar yoxdur. Belə ki, şikayət birinci instansiya məhkəməsinin qərarının təqdim olunduğu gündən 30 gün ərzində verilmişdir (İPM-85.1), formal baxımdan əsaslandırılmış və şikayətçinin tələbi göstərilmişdir (İPM-85.2, 85.3). Məhkəmə kollegiyası iddiaçının nümayəndəsi və vəkilini dinləyib, apellyasiya şikayətinin dəlillərini iş materialları ilə birlikdə araşdırıb hesab edir ki, apellyasiya şikayəti təmin edilməməli, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən saxlanılmalıdır. İş materiallarından görünür ki: - Tibbi-Sosial Ekspertiza və X5 Tibbi-Sosial Ekspertiza müayinəsindən çıxarışa əsasən İddiaçı 19 may 2017-ci il tarixdə “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, mərmi patlaması nəticəsində aldığı travmadan sonrakı vəziyyət, kəllədaxili travmalar nəticələri, keçirilmiş QKBT-nin davamli qaliq əlamətləri, posttravmatik ensefalopatiya” diaqnozu ilə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN Tibbi-sosial ekspert komissiyasında sonuncu müayinəyə dair məlumatlardan görünür ki, iddiaçının əlillik vəziyyəti Bakı Baş Səhiyyə İdarəsinın xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli göndərişi əsasında xx.xx.2022-ci il tarixdə qiymətləndirilmiş və “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası” diaqnozunun əlillik əlaməti təyin etməməsi səbəbi ilə imtina verilmişdir. - Azərbaycan Respublikası ƏƏSMN tabeliyində DTSERA-nın Tibbi-sosial ekspert komissiyasının xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3093/2023 saylı qərarından görünür ki, İddiaçı əyani müayinəsi keçirilmiş və nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 187 saylı 13 may 2022-ci il tarixli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na əsasən diaqnoz əlillik təyin etməməsi barədə qərar qəbul edilmişdir. - Cavabdeh DTSERA tərəfindən məhkəməyə ünvanlanmış xx.xx.2024-cü il tarixli məktubda bildirilmişdir ki, “İddiaçı əlillik vəziyyətinin qiymətləndirilməsi məqsədilə dövlət tibb müəssisəsinin E00048274URA nömrəli göndərişi əsasında xx.xx.2023-cü il tarixində Agentlikdə əyani müayinə olunmuşdur. Təqdim edilən tibbi sənədlər və həyata keçirilmiş ətraflı müayinənin nəticəsi olaraq, şəxsin sağlamlıq vəziyyətinin obyektiv müayinəsi zamanı əlilliyin təyininə əsas verən ağırlaşmalar və patofunksional dəyişikliklər aşkar olunmadığından, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”na uyğun olaraq diaqnozun öz təsdiqini tapmaması barədə qərar qəbul edilmişdir”. - Tibbi-sosial ekspert komissiyasının 10 yanvar 2024-cü il tarixli, 3-17-4/3-3-89/2024 nömrəli qərarından görünür ki, Bakı şəhər sakini xx.xx.1969-cu il təvəllüdlü İddiaçı (FİN:xxxxxxx) əlillik vəziyyəti tibb müəssisəsinin E00048274URA nömrəli xx.xx.2022-ci il tarixli göndərişi əsasında qiymətləndirilmiş və “Diaqnoz əlillik əlaməti təyin etmir” barədə qərar verilmişdir (ESDAS 3-17-4/3-1-12920/2023). Vətəndaş Bakı İnzibati Məhkəməsinin qərardadına əsasən 3-17- 4/1-45139/2023 nömrəli məktub əsasında əyani müayinəyə dəvət olunmuşdur. Məhkəmə qərardadı əsasında əlavə əyani müayinənin araşdırılması aparılaraq müəyyən olunmuşdur ki, xəstənin hazırkı obyektiv vəziyyətinin müayinəsi zamanı başından travma aldığını qeyd etmiş, partlayış dalğasına məruz qaldığı üçün sağ qulağının pərdəsinin deşilməsindən, başağrısı, yaddaşsızlıq, qulağında səsdən şikayətlənmiş, əsəbləşdiyi zaman dilinin dolaşdığını qeyd etmiş, dərman qəbulu ilə keçib getdiyini söyləmişdir. Medikamentoz preparatlardan Depakin, Stimulaton, Spitamin qəbul etdiyini qeyd etmişdir. Xəstənin şikayətləri ilə klinik əlamətləri arasında uyğunsuzluq müşahidə edilmişdir. Müayinə zamanı simulyasiya etmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi dəyişikliklər aşkar edilməmişdir. Həmçinin, “Əlilliyin müəyyən olunması meyarlarına müvafiq olaraq “Epilepsiva seyrək tutmalarla (ayda iki dəfədən az olmamaqla) təzahür edən, həyat fəaliyyətinin əsas sferalarına adaptasiyanın çətinləşməsi ilə nəticələnən orta dərəcəli psixopatoloii simptomatika” və digər ağırlaşmalar təsdiqlənmədiyindən əlillik təyinatına əsas verməmişdir. Nəticədə Azərbaycan Respublikası Nazirlər Kabinetinin 13 may 2022-ci il tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”ına müvafiq olaraq Diaqnoz əlillik əlaməti təyin etmir barədə qərar qəbul edilmişdir. Beləliklə, işin hallarından görünür ki, iddiaçıya 19 may 2017-ci il tarixdə ilk dəfə Azərbaycan Respublikasının ərazi bütövlüyünün müdafiəsi ilə əlaqədar 5 il müddətinə ikinci dərəcəli əlillik təyin edilmiş, xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli göndərişi tərtib edilmiş, həmin göndəriş və özünün müraciəti əsasında müvafiq olaraq ekspert komissiyasında əyani müayinələr zamanı barəsində diaqnozun əlillik təyin etməməsi barədə xx.xx.2023-cü il tarixli, 3-17-4/3-3-3093/2023 saylı qərar qəbul edilmişdir. İşdən görünür ki, iddiaçı cavabdeh inzibati orqanın qərarından narazı qalaraq hazırkı tələblə məhkəməyə müraciət etmişdir. Məhkəmə kollegiyası hazırkı iş üzrə iddiaçıya əlillik təyin edilməli olması ilə bağlı birinci instansiya məhkəməsinin mövqeyi ilə razılaşır. Belə ki, “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikasının Qanununun: - 3.1-ci maddəsinə əsasən, şəxsin əlilliyinin səbəbi, dərəcəsi və müddəti müvafiq icra hakimiyyəti orqanı tərəfindən onun əlilliyinin qiymətləndirilməsi keçirildikdən sonra qəbul edilmiş qərar əsasında müəyyən edilir. Əlilliyinin qiymətləndirilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir. - 3.2-ci maddəsinə əsasən, əlilliyin qiymətləndirilməsi məqsədi ilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi qaydasını müvafiq icra hakimiyyəti orqanı müəyyən edir; - 3.3-cü maddəsinə görə, şəxs müvafiq icra hakimiyyəti orqanı tərəfindən bu barədə qərarın qəbul edildiyi tarixdən əlilliyi olan şəxs hesab edilir. - 3.4-cü maddəsinə uyğun olaraq, əlilliyin müəyyən olunması meyarlarını müvafiq icra hakimiyyəti orqanı təsdiq edir. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 11 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi Qaydaları”na əsasən: 1.2. Azərbaycan Respublikasında əlilliyi qiymətləndirmək məqsədilə tibbi-sosial ekspertiza Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və X2-sosial ekspert komissiyaları tərəfindən həyata keçirilir. 1.4. Əlilliyin qiymətləndirilməsi “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə uyğun olaraq “Əlilliyin müəyyən olunması meyarları”na əsasən həyata keçirilir. 1.5. Şəxsin əlilliyi aşağıdakı səbəblərdən birinə əsasən müəyyən edilir: 1.5.1. ümumi səbəblərdən: 1.5.1.1. ümumi xəstəlik; 1.5.1.2. istehsalat zədəsi; 1.5.1.3. peşə xəstəliyi; 1.5.1.4. Çernobıl AES-də qəzanın ləğvi ilə əlaqədar; 1.5.1.5. hərbi xidmət dövrü ilə əlaqədar; 1.5.1.6. hərbi əməliyyatlar keçirilən zonada olmaqla əlaqədar; 1.5.1.7. terror hadisəsi ilə əlaqədar; 1.5.2. xüsusi səbəblərdən: 1.5.2.1. Azərbaycan Respublikasının ərazi bütövlüyünün, müstəqilliyinin və konstitusiya quruluşunun müdafiəsi ilə əlaqədar; 1.5.2.2. 1990-cı ilin 20 Yanvar hadisələri ilə əlaqədar; 1.5.2.3. hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar; 1.5.2.4. Çernobıl AES-də hərbi xidmət vəzifələrini (xidməti vəzifələri) yerinə yetirməklə əlaqədar. 1.6. Əlilliyin səbəbinin, dərəcəsinin və müddətinin müəyyən edilməsi məqsədilə əlilliyin qiymətləndirilməsi TSEK tərəfindən Nazirliyin Mərkəzləşdirilmiş elektron informasiya sisteminin Əlillik altsistemi (bundan sonra – altsistem) vasitəsilə aparılır. - 2.1-ci bəndinə əsasən şəxsin əlilliyinin qiymətləndirilməsi tibbi-sosial ekspertiza müayinəsinə göndəriş vermək hüququ olan tibb müəssisələrinin həkim-məsləhət komissiyaları və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbi-həkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra-Komissiya) tərəfindən “Tibbisosial ekspert komissiyasına göndərişlərin reyestri”nə elektron sənəd formasında daxil edilmiş Tibbi-sosial ekspertiza müayinəsinə göndəriş (bundan sonra – göndəriş) əsasında aparılır. - 2.2-ci bəndinə əsasən göndərişin rəsmiləşdirilməsi barədə məlumat “Tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin reyestri”nə daxil edildikdən sonra altsistemə ötürülür. - 2.3-cü bəndinə əsasən göndəriş altsistem tərəfindən qəbul edildikdən sonra göndərişi verən Komissiyanın, bu göndərişi təsdiq edən vəzifəli şəxslərin və əlilliyi qiymətləndiriləcək şəxsin kimliyini birbaşa və ya dolayısilə müəyyən etməyə imkan verən bütün məlumatlar şifrlənərək adsızlaşdırılır. Adsızlaşdırılmış göndərişlər əlilliyin qiymətləndirilməsi məqsədilə altsistem üzərindən dərhal TSEK-ə göndərilir. - 2.4-cü bəndinə görə TSEK 10 (on) iş günündən çox olmamaqla göndərişdə qeyd olunmuş məlumatlar əsasında şəxsin əlilliyini qiymətləndirir, əlilliyin müəyyən olunmasına və ya səbəblərini göstərməklə, imtinaya dair qərar qəbul edir. Əlavə araşdırma tələb olunduğu hallarda, TSEK-in müraciəti əsasında bu müddət Agentlik tərəfindən 15 (on beş) iş gününədək uzadıla bilər. - 2.5-ci bəndinə görə TSEK-in sədri və üzvləri hər biri ayrı-ayrılıqda qiymətləndirmə ilə bağlı rəylərini altsistemdə yaradılmış xüsusi pəncərədə qeyd edir və gücləndirilmiş elektron imza ilə imzalayır. - 2.9-cu bəndinə görə göndəriş natamam və ya yanlış doldurulduqda, TSEK altsistemin xüsusi bölməsində müvafiq qeyd aparmaqla bu barədə bildirişi altsistem vasitəsilə onu rəsmiləşdirmiş Komissiyaya göndərir. - 3.7-ci bəndinə görə əlilliyin qiymətləndirilməsi barədə TSEK-in qərarının düzgünlüyünü şübhə altına alan əsaslı sübutlar təqdim edildiyi hallarda, Agentlik əlilliyi müəyyən edilmiş şəxsi əyani müayinəyə cəlb edir. Müayinənin nəticələrinə əsasən TSEKin qəbul etdiyi qərarın qüvvədə saxlanılması, dəyişdirilməsi və ya ləğvi barədə qərar qəbul edir və həmin gün ərzində altsistemə daxil edir. - 4.9-cu bəndinə görə bu qərardan “İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununa və Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinə uyğun olaraq, inzibati qaydada və (və ya) məhkəməyə şikayət verilə bilər. Sadalanan normalardan müəyyən olunur ki, qanunverici əlilliyin təyinatının müvafiq sənədlər əsasında qiymətləndirilməsi və nəticəsinin inzibati akt olan qərarla rəsmiləşdirilməsini müəyyən etmiş, həmin qərarın düzgünlüyünə şübhə yarandıqda isə şəxsin əyani müayinəyə cəlb edilməsi və müayinənin nəticələrinin qərarla rəsmiləşdirilməsi, nəticə müsbət olmazsa, əlilliyin təyini barədə qərarın ləğv edilməsini nəzərdə tutmuşdur. Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2020-ci il 16 yanvar tarixli 12 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin verilməsi Qaydası”: 1.1-ci bənd. Bu Qayda “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.2-ci maddəsinə əsasən hazırlanmışdır və Azərbaycan Respublikasının vətəndaşlarına, Azərbaycan Respublikasının tərəfdar çıxdığı beynəlxalq müqavilələrdə başqa hal nəzərdə tutulmayıbsa, Azərbaycan Respublikasının ərazisində daimi yaşayan vətəndaşlığı olmayan şəxslərə və əcnəbilərə (bundan sonra – şəxs) əlilliyin qiymətləndirilməsi məqsədilə tibbi-sosial ekspertiza müayinəsinə göndərişlərin (bundan sonra – göndəriş) verilməsini tənzimləyir. 1.2-ci bənd. Şəxsə göndəriş maddi-texniki bazası, kadr potensialı, ixtisaslaşması, əhaliyə xidmətin əlçatanlığı nəzərə alınmaqla, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin, Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin Azərbaycan Respublikasının Nazirlər Kabineti ilə razılaşdırmaqla, birgə müəyyən etdiyi siyahıda göstərilən tibb müəssisələrinin həkimməsləhət komissiyaları (bundan sonra – Komissiya) və ya Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2008-ci il 29 fevral tarixli 59 nömrəli Qərarı ilə təsdiq edilmiş “Hərbihəkim ekspertizası haqqında Əsasnamə” ilə müəyyən edilmiş hərbi-həkim komissiyaları (bundan sonra – Komissiya) tərəfindən verilir. 1.3-cü bənd. Göndəriş vermək hüququ olan tibb müəssisələrinin siyahısı Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin, Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyinin rəsmi internet saytında yerləşdirilir. 1.4-cü bənd. Göndərişin forması Azərbaycan Respublikasının Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyi və İcbari Tibbi Sığorta üzrə Dövlət Agentliyi ilə razılaşdırılaraq, Azərbaycan Respublikasının Səhiyyə Nazirliyi tərəfindən təsdiq edilir. 1.5-ci bənd. Göndəriş verilməsi üçün əsas aşağıdakılardır: 1.5.1-ci bənd. Şəxsin eyni xəstəliklə son 6 (altı) ay müddətində fasiləsiz və ya son 12 (on iki) ay müddətində fasilələrlə ümumilikdə 6 (altı) aydan çox ambulator və ya stasionar müalicədə olmasına baxmayaraq, orqanizmin pozulmuş funksiyalarının bərpa olunmaması və şəxsin cəmiyyətin həyatında tam və səmərəli iştirakına mane olan sabit fiziki, psixi, əqli və ya hissiyyat pozuntularının olması; 1.5.2-ci bənd. Şəxsdə əqli pozuntuların və anatomik çatışmazlıqların, dərmanlara davamlı vərəm formalarının, İV mərhələ onkoloji xəstəliklərin, V mərhələ xroniki böyrək xəstəliyinin olması (göndəriş bu Qaydanın 1.5.1-ci yarımbəndində göstərilən müddət gözlənilmədən verilir); 1.5.3-cü bənd. Əlillik müddətinin bitməsindən sonra bu Qaydanın 1.5.1-ci və 1.5.2-ci yarımbəndlərində qeyd olunan pozuntuların, çatışmazlıqların və xəstəliklərin davam etməsi; 1.5.4-cü bənd. Peşə əmək qabiliyyətinin itirilməsi faizinin müəyyən edilməsi; 1.5.5-ci bənd. Əlilliyi olan şəxsin sağlamlıq vəziyyətində olan dəyişikliklə bağlı Komissiyanın rəyinə əsasən tibbi-sosial ekspertiza müayinəsinə zərurət yaranması. 2.1-ci bənd. Göndəriş verilməsi üçün şəxs (onun qanuni nümayəndəsi) və ya müalicə həkimi Komissiyaya müraciət edir. 2.2-ci bənd. Komissiya göndəriş üçün müraciətdən 7 (yeddi) iş günündən (bu Qaydanın 1.5.2-ci yarımbəndində göstərilən hallarda 5 (beş) iş günündən) gec olmayaraq şəxsin tibbi müayinələrini, o cümlədən xəstəlik tarixlərindən çıxarışları toplayır və müalicənin nəticələrini araşdırır. Diaqnozun dəqiqləşdirilməsi məqsədilə şəxs ixtisaslaşdırılmış tibb müəssisəsinə göndərildikdə, bu müddət əlavə olaraq 10 (on) iş gününədək artırılır. 2.3-cü bənd. Komissiya göndəriş verilməsi və ya verilməsindən imtina barədə qərarı bu Qaydanın 2.2-ci bəndinə uyğun olaraq araşdırma bitdikdən sonra 3 (üç) iş günü müddətindən gec olmayaraq qəbul edir. Qərar protokolla rəsmiləşdirilir. Protokol Komissiyanın sədri və üzvləri tərəfindən imzalanır və möhürlə təsdiq edilir. 2.4-cü bənd. Şəxsin sağlamlıq vəziyyəti ilə bağlı Komissiyaya getmək imkanı olmadıqda, o Komissiya tərəfindən olduğu yerdə müayinə edilir və göndərişdə bu barədə qeyd aparılmaqla, bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qərar qəbul edilir. 2.5-ci bənd. Bu Qaydanın 2.3-cü bəndinə uyğun olaraq qəbul edilmiş qərar əsasında şəxsin fərdi identifikasiya nömrəsi (FİN), onun sağlamlıq vəziyyətini əks etdirən müayinələrin nəticələri, mütəxəssislərin ətraflı obyektiv məlumatları, aparılmış müalicə tədbirləri və onların səmərəliliyi, xəstəliyin inkişaf proqnozu, xəstəliklərin beynəlxalq təsnifatına uyğun olaraq əsas diaqnoz, yanaşı xəstəliklər, ağırlaşmalar və əlilliyin müəyyən edilməsinə əsas verən səbəblər göstərilməklə Komissiya tərəfindən həmin gün göndəriş tərtib edilir. Birinci instansiya məhkəməsi tərəfindən işin hallarının obyektiv araşdırılması məqsədilə ekpertiza təyin edilərək ekspertizanın keçirilməsi Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyininin ekspertlərinə tapşırılmışdır. Azərbaycan Respublikası Səhiyyə Nazirliyinin Məhkəmə-Tibbi Ekspertiza və X7-Təcrübi və Tədris Birliyi tərəfindən verilmiş T31/2025 nömrəli, xx.xx.2025-ci il tarixli ekspert rəyinin nəticə hissəsində aşağıdakılar bildirilmişdir: 1-3-cü suallar üzrə SN-nin “MTE və PA Birliyi” PHŞ müalicə müəssisəsi olmadığından və müvafiq tibbi avandanlıqlarla təchiz olunmadığından onun hazırda hansı xəstəliklərdən əziyyət çəkib-çəkməməsi barədə dəqiq fikir söyləmək mümkün olmadı. Lakin İddiaçı əlillik vəziyyətinin Tibbi-Sosial Ekspert Komissiyası tərəfindən qiymətləndirilməsi ilə bağlı müvafiq tibb müəssisəsində tərtib edilmiş göndərişdə qeyd edilən “T90.5-kəllədaxili travmaların nəticələri, keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət, posttravmatik ensefalopatiya, beyindaxili hipertenziya, vegetativ damar distoniyası, simpato adrenalin krizlərlə (Stasionarda olduğu müddətdə 2 dəfə kriz baş vermişdir), posttravmatik başağrıları, koqnitiv pozulmalar, baş beyinin üzvi mənşəli nəzərəçarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaş zəifliyi (1992-ci il tarixdə Azərb...). Ağırlaşmalar: F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifliyi, F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kobud davranış pozulmaları, G44.3-xroniki posttravmatik başağrısı, müalicəyə tabe olmayan daimi başağrıları, G93.4dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya, yaddaş və koqnitiv pozulmalar. Yanaşı xəstəliklər: İ10-essensial (birincili) hipertenziya, arterial hipertenziya İİ mərhələ, İ25.1-ürəyin aterosklerotik xəstəliyi, ÜİX- koronokardioskleroz” diaqnoz ona stasionarlarda müayinə və müalicələri zamanı müəyyən edilsə də, şəxsin DTSERA-da əyani müayinəsi zamanı “2 nömrəli X3”nın xx.xx.2022- xx.xx.2022-ci il tarixli, 5314/22 nömrəli çıxarışında qeyd olunan “Baş beynin üzvi xəstəliyi (QKBT) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifləməsi, depressiv daxilolmalarla” və “Respublika Neyrocərrahiyyə Xəstəxanası”nın xx.xx.2023-cü il tarixli çıxarışında diaqnoz “Posttravmatik ensefalopatiya, baş beyində atrofık dəyişikliklər, kəskin asteno-nevrotik vəziyyət” diaqnozları öz təsdiqini tapmamış, xəstənin şikayətləri ilə klinik əlamətləri arasında uyğunsuzluq müşahidə edilmiş, müayinədə simulyasiya etmiş, əlillik təyinatına əsas verə biləcək nevroloji, psixi dəyişikliklər, davranış pozuntusu əlamətləri aşkar edilməmişdir. 4-5-cu suallar üzrə vətəndaş İddiaçı məhkəmə-tibbi müayinədən keçirilərkən “2 nömrəli X3”na müayinəyə göndərilmiş və onun xx.xx.2025-ci il tarixdə Həkim Psixiatr Komissiyası tərəfindən müayinəsi zamanı “Üzvi (hərbi travmaqapalı kəllə-beyin travması) nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozulmaları, yaddaş zəifləməsi, depressiv daxilolmalarla MMSE-22, F07.0, F07.8, F06.7, F06.3” qərarı verilmişdir. Beləliklə, qeyd olunanlardan görünür ki, cavabdeh iddiaçıya əlillik təyin edilməsindən imtina edərkən onun sağlamlıq vəziyyətində əlillik təyinatına əsas verən dəyişikliklər aşkar edilmədiyini, buna görə də diaqnozun əlillik əlaməti təyin etmədiyi qənaətinə gəlsə də, iş materialları və ekspert rəyi ilə bu hal tam təkzib olunmuşdur. Məhkəmə kollegiyası diqqətə çatdırır ki, Azərbaycan Respublikası Nazirlər Kabinetinin 2022-ci il 13 may tarixli 187 nömrəli Qərarı ilə təsdiq edilmiş “Əlilliyin müəyyən olunması meyarları”nın 1.1-ci bəndinə görə əlilliyin müəyyən olunması meyarları (bundan sonra – Meyarlar) “Əlilliyi olan şəxslərin hüquqları haqqında” Azərbaycan Respublikası Qanununun 3.4-cü maddəsinə əsasən hazırlanmışdır və əlilliyin qiymətləndirilməsi üçün əsas göstəriciləri müəyyən edir. Həmin Meyarların 3.1-ci bəndinə əsasən anadangəlmə xəstəlikdən və ya çatışmazlıqdan, yaxud sonradan qazanılmış xəstəlikdən və ya zədədən, habelə sonradan qazanılmış xəstəlik və ya zədə ilə əlaqədar çatışmazlıqdan (bundan sonra – xəstəlik, zədə və çatışmazlıqlar) irəli gələn orqanizmin funksiyalarının pozulması faizləri bu Meyarlara Əlavə - “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə uyğun olaraq aşağıdakı qaydada müəyyən edilir: 3.1.1. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİİ dərəcə məhdudlaşması halında – 81-100 faiz; 3.1.2. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İİ dərəcə məhdudlaşması halında – 61-80 faiz; 3.1.3. xəstəlik, zədə və çatışmazlıqlardan irəli gələn, insanın həyat fəaliyyəti kateqoriyalarının hər hansı birinin və ya bir neçəsinin İ dərəcə məhdudlaşması halında – 31-60 faiz. İddiaçıya dair sonuncu göndərişin status localis bölməsində qeyd olunur ki, əsas diaqnoz: T90.5 olan “Kəllədaxili travmaların nəticələri, Keçirilmiş qapalı kəllə-beyin travmasından sonrakı vəziyyət. Postravmatik ensefalopatiya. Beyin daxili hipertenziya. Vegetativ damar distoniyası. Simpato adrenalin krizlərlə (stasionarda olduğu müddətdə 2 dəfə kriz baş vermişdir). Postravmatik baş ağrıları. Koqnitiv pozulmalar. Baş beyinin üzvi mənşəli nəzərə çarpan şəxsiyyət dəyişikliyi, davranış pozuntuları və yaddaş zəifliyi” qeyd edilmişdir. İddiaçıda olan əsas diaqnozun ağırlaşması – F07.0-üzvi mənşəli şəxsiyyət pozuntusu, baş beyinin üzvi nəticəsində nəzərəçarpan şəxsiyyət dəyişikliyi, kobud davranış pozuntuları, yaddaş zəifliyi, F07.8-baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları, kobud davranış pozulmaları, G44.3-xroniki posttravmatik başağrısı, müalicəyə tabe olmayan daimi başağrıları, G93.4- dəqiqləşdirilməmiş ensefalopatiya, posttravmatik ensefalopatiya, yaddaş və koqnitiv pozulmalar – hazırda qüvvədə olan “Əlilliyin müəyyən olunması meyarları”na Əlavədə də öz əksini tapmışdır. İddiaçı barəsində ambulator kartoçkadan görünür ki, iddiaçıda F07.0 diaqnozu ilə yanaşı F07.8 diaqnozu da var. “Əlilliyin müəyyən olunması meyarları”na “Orqanizmin funksiyalarının pozulmasının faiz göstəricisi və müddəti”nə dair Əlavənin 13-cü bəndinə (Psixi və davranış pozuntuları) əsasən - Simptomatik daxil olmaqla, üzvi psixi pozuntular: 7.6.2. Üzvi mənşəli şəxsiyyət pozuntusu - F07. Baş beynin xəstəliyi, travması və disfunksiyası nəticəsində yaranan digər üzvi mənşəli şəxsiyyət və davranış pozuntuları - F07.8.– 2 il müddətinə əlillik təyini üçün əsasdır. Göründüyü kimi, Meyarlar şəxsdə XBT-10 (xəstəliklərin və sağlamlıqla bağlı problemlərin beynəlxalq statistik təsnifatı) kodu üzrə F07.8 diaqnozuna uyğun xəstəliyin olmasını əlilliyin təyini üçün əsas hesab etmişdir, hansı ki, bu xəstəliklər iddiaçı barəsində verilmiş göndərişdə təsbit edilmiş, ekspert rəyi ilə təsdiq olunmuşdur. İşin araşdırılmış hallarından aydın olur ki, əlillik dərəcəsinin təyin edilməsindən imtina edildiyi zaman müəyyən edilən diaqnozlar əvvəllər əlillik dərəcəsi təyin edildiyi zaman müəyyən edilən diaqnozla eynilik təşkil etdiyindən, həmçinin əlilliyin təyin olunmasına əsas olan diaqnoz müvafiq normativ hüquqi aktlarda (əlilliyin müəyyən olunması meyarlarında) göstərildiyindən hazırkı iddia tələbi əsaslıdır. Həmçinin, Ali Məhkəmənin oxşar işlər üzrə qərarlarında da mövqe bu cür əsaslandırılmışdır ki, iddiaçıda olan xəstəliklərin davam etdiyi təqdirdə, təkrar müayinə zamanı cavabdehin mövcud inzibati praktikasına və bununla bağlı onun eyni şərtlər daxilində inzibati orqanın davranışına münasibətdə iddiaçının etimad hüququ qorunmalıdır. Əks halda, həmin xəstəliklərdən əziyyət çəkən, əlilliyi təyin edilən şəxslərlə iddiaçının vəziyyətində olan şəxslər arasında qeyri-bərabər münasibət yaranacaqdır ki, nə qədər ki, iddiaçıya təyin edilmiş əlilliyin ləğvinə dair hər hansı inzibati icraat aparılmamışdır, həmin əlilliyin təyinatına uyğun olaraq aparılan inzibati praktikaya, inzibati orqanın hərəkətinə iddiaçının etimad hüququnun qorunması həyata keçirilməli, 2018-ci il tarixdən eyni xəstəliklərdən əlilliyi olan şəxsin reabitilasiyası üçün müəyyən edilmiş müddət ərzində sağalmaması nəzərə alınmalıdır (Ali Məhkəmənin İnzibati Kollegiyasının 2-1(102)1012/2022 saylı, xx.xx.2022-ci il tarixli, 2-1(102)-144/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il tarixli qərarı, 2-1(102)-1169/2023 saylı iş üzrə qəbul etdiyi xx.xx.2023-cü il qərarı). Qeyd edilənlərə əsasən Kollegiya bu nəticəyə gəlir ki, birinci instansiya məhkəməsinin Bakı Baş Səhiyyə İdarəsi tərəfindən verilmiş xx.xx.2022-ci il tarixli, E00048274URA nömrəli tibbi göndəriş (Forma 88) əsasında ilk dəfə əlilliyinin qiymətləndirildiyi tarixdən orqanizminin funksiyalarının pozulması faizinə uyğun olaraq əlilliyinin müəyyən edilməsi öhdəliyi cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyinin üzərinə qoyulmalı olması ilə bağlı gəldiyi nəticə əsaslı olmuşdur. Əlilliyin səbəbli əlaqəsi ilə bağlı isə məhkəmə kollegiyası qeyd edir ki, bu hal mübahisəli deyildir. Belə ki, cavabdeh inzibati orqan şəxsdə olan xəstəliyin məhz “Hərbi əməliyyatlar nəticəsində odlu silahla və digər adi silah növləri ilə törədilmiş zədələnmələr, mərmi partlaması nəticəsində aldığı travmadan sonrakı vəziyyət, kəllədaxili travmalar nəticələri, keçirilmiş QKBT-nin davamli qalıq əlamətləri, posttravmatik ensefalopatiya” xəstəliklə bağlı olmasını inkar etmir. Bundan əlavə, əvvəlki əlillik dərəcəsinin təyini zamanı da iddiaçının əlilliyinin səbəbi kimi hərbi xidmət vəzifələrini yerinə yetirməklə əlaqədar olduğu qeyd edilmişdir. Beləliklə də, qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası birinci instansiya məhkəməsinin qərarı ilə iddianın təmin olunmasını mahiyyəti üzrə işin hallarına, maddi və prosessual hüquq normalarına uyğun nəticə kimi qiymətləndirir. İPM-in 73.1-ci maddəsinin tələbindən də görünür ki, inzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanunazidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə, məhkəmə kollegiyası hesab edir ki, cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinin dəlilləri əsassızdır və qanuni qərarın ləğvinə əsas vermir, bu səbəbdən təmin edilməməli və Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-424/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılmalıdır. Azərbaycan Respublikası İnzibati Prosessual Məcəlləsinin 87.6-cı maddəsinə əsasən, apellyasiya instansiyası məhkəməsi birinci instansiya məhkəməsinin qərarını dəyişdirmədən qüvvədə saxlaya bilər, dəyişdirə bilər və ya ləğv edərək (tam və ya qismən) yeni qərar qəbul edə bilər. Birinci instansiya məhkəməsinin qərarı apellyasiya tələbi həddində dəyişdirilə bilər. Nəticəvi hissə: Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin 33, 82, 85 və 90-cı maddələrini rəhbər tutaraq, Məhkəmə kollegiyası QƏRARA ALDİ: Cavabdeh Azərbaycan Respublikası Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin tabeliyində Dövlət Tibbi-Sosial Ekspertiza və Reabilitasiya Agentliyi tərəfindən verilmiş apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin e-2-1(112)-424/2025 nömrəli, 29 aprel 2025-ci il tarixli qərarı dəyişdirilmədən saxlanılsın. Qərardan onun rəsmi qaydada verildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsilə Azərbaycan Respublikasının Ali Məhkəməsinin İnzibati Kollegiyasına kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Rəşid Səmədov Hakimlər: Xəyalə Cəmilova Orxan İsmayılov
Məhkəmə qərarları › İş №2-1(103)-3106/2025
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3106/2025
30.09.2025 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver