Azərbaycan Respublikası adından QƏRARDAD Bakı şəhəri İş № 2-1(103)-3107/2021 23.12.2021 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Həmidov Həmid Üzeyir oğlu və Nağıyeva Elmira Eyvaz qızından ibarət tərkibdə, İddiaçı iştirakı ilə, İddiaçı cavabdeh Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsinə qarşı (üçüncü şəxslər: Azərbaycan Respublikası Daxili İşlər Nazirliyi, Azərbaycan Respublikası Baş Prokurorluğu, Nəsimi rayon İcra Hakimiyyəti, Bakı şəhəri 13 saylı notariat ofisi) “mənzil üzərinə həbs qoyulması haqqında” iddia ərizəsinə dair iş üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9420/2021 saylı 29.09.2021-ci il tarixli qərardadından iddiaçı tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə), açıq məhkəmə iclasında baxaraq, müəyyən etdi: İddiaçı cavabdeh Azərbaycan Respublikası Daşınmaz Əmlakın Dövlət Reyestri Xidmətinin 1 saylı Bakı Ərazi İdarəsina qarşı iddia ərizəsi ilə məhkəməyə müraciət edərək, Bakı şəhəri Nəsimi rayonu Sverdlov (İzzət Həmidov) küçəsi 13 saylı mənzilə həbs qoyulmasına dair qərar qəbul edilməsini xahiş etmişdir. Bakı İnzibati Məhkəməsini n 2-1(112)-9420/2021 saylı 29.09.2021-ci il tarixli qərardadı ilə iddia mümkün sayılmamışdır. İddiaçı apellyasiya şikayəti verərək həmin qərardaddın ləğv edilməsini və işə baxılması barədə qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti onunla əsaslandırılmışdır ki, cavabdeh və qeyd edilən orqanlar tərəfindən onun hüquqları tapdalanır. Onun paylı mülkiyyət hüququ, konstitusion hüququ pozulur. Dövlət və hüquq mühafizə orqanları əmlak hüququnu qorumalıdır. Amma onlar öz vəzifələrinə səhlankar yanaşırlar. Məhkəmə kollegiyasının iclasında iştirak edən iddiaçı apellyasiya şikayətini dəlillərinə uyğun müdafiə edərək, şikayətin təmin olunmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə xəbərdar edilmiş cavabdeh və üçüncü şəxslər (nümayəndələri) məhkəməyə gəlməmiş, İPM-in 62.3-cü maddəsinin tələblərini nəzərə alan məhkəmə kollegiyası onların iştirakı olmadan işə baxılmasını mümkün hesab etmişdir. İİ. Məhkəmə kollegiyası iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakılara görə iddiaçının apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərardadı dəyişdirilmədən saxlanılmalıdır. Birinci instansiya məhkəməsinin qərardadında iddia ərizəsi üzrə məhkəmə icraatının mümkünsüzlüyü qənaətinə gələrkən qeyd etmişdir ki, “...iddia ərizəsindən aydın olur ki, iddiaçı Bakı şəhəri Nəsimi rayon Sverdlov küçəsi (İzzət Həmidov küç.) 13 saylı mənzilə həbs qoyulmasını xahiş etsə də qeyd edilən mənzilə həbs qoyulduqda hansı hüquqi marağının təmin olunacağını, ümumiyyətlə, mənzilə həbs qoyulmasında məqsədinin nədə ifadə olunduğunu bildirməmişdir...” Məhkəmə kollegiyası aşağıdakılara görə birinci instansiya məhkəməsinin qeyd olunan mövqeyi ilə razılaşır. İşin faktiki hallarından göründüyü kimi, iddiaçı, iddia ərizəsi formasında Bakı şəhəri Nəsimi rayon Sverdlov (İzzət Həmidov) küçəsi 13 saylı mənzilə həbs qoyulmasına dair qərar qəbul edilməsini məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyası hesab edir ki, iddiaçının bu tələbi formal baxımdan onun sözügedən mənzilə dair müvəqqəti xaraxterli müdafiə tədbirinin görülməsini tələb etməsi kimi qəbul edilməlidir. Azərbaycan Respublikasının İnzibati Prosessual Məcəlləsinin (“İPM”) 40.1-ci maddəsindən görünür ki, maraqlı şəxs inzibati aktın (bu Məcəllənin 131.2-ci maddəsinin ikinci cümləsində nəzərdə tutulmuş inzibati akt istisna olmaqla) icrasının dayandırılması barədə və ya iddianın təmin edilməsinə (iddiaçının hüquqlarının qorunmasına) yönəlmiş digər təminat tədbirlərinin görülməsi barədə məhkəməyə ərizə ilə müraciət edə bilər. Lakin konkret halda, iddiaçının tətbiq olunmasını tələb etdiyi həmin tədbirin görülməsini zəruri edən faktiki şərtlərin mövcudluğu müəyyən olunmur. Halbuki, İPM-in 43.1-ci maddəsinə əsasən məhkəmə tərəfindən müvəqqəti xarakterli müdafiə barədə qərardadın qəbul edilməsi üçün aşağıdakılar əsas sayılır: 43.1.1. mövcud vəziyyətin dəyişəcəyi təqdirdə ərizəçinin (iddiaçının) hüquqlarının qorunmasının (təmin və ya bərpa edilməsinin) mümkün olmayacağı və ya xeyli dərəcədə çətinləşəcəyi səbəbindən ilkin təcili tənzimləmənin zəruri olması; 43.1.2. ilkin məhkəmə araşdırması zamanı ərizəçinin maddi tələbinin mövcud olması ehtimalının müəyyən edilməsi. Həmin Mcəllənin 43.2-ci maddəsinin tələbinə əsasən ərizəçi məhkəməyə bu Məcəllənin 43.1-ci maddəsində nəzərdə tutulmuş əsasları yazılı formada, aydın və əsaslandırılmış şəkildə təqdim etməlidir. İddiaçının iş materiallarına əlavə edilmiş müvəqqəti xarakterli ərizəsindən isə görünür ki, onun ərizəsində birincisi, “Nəsimi rayonu, Y.Sverdlov küçəsi (İzzət Həmidov küçəsi) 13 saylı mənzilə həbs qoyulmasını tələb etməkdə məqsədinin və hüquq marağının nədən ibarət olduğu açıqlanmır, hansı maddi tələbinin predmetindən irəli gəldiyi bəlli deyil. İş materiallarından bununla əlaqədar görünür ki, işə baxan birinci instansiya məhkəməsi tərəfindən hüquqi yardım formasında iddiaçıya İPM-in 13-cü və 48.1-ci maddələrinin tələbləri qaydasında iddia tələbinin dəqiqləşdirilməsi və müvafiq qaydada əsaslandırılması ilə bağlı 20.08.2021-ci il tarixli təklif məktubu göndərilsə də iddiaçı tərəfindən əsaslandırılmış ərizəsi məhkəməyə təqdim edilməmiş, məhkəmə kollegiyasının hazırkı iclasında da mənzilə həbs qoyulmasında konkret mövqeyinə aydınlıq gətirə bilməmişdir. Belə olan halda, iddiaçının qeyd olunan mənzil üzərinə həbs qoyulması barədə ərizəsi İPM-in 43.2-ci maddəsinə uyğun olan əsaslandırılmış ərizə kimi qiymətləndirilə bilməz. Əsaslandırılmamış ərizənin isə, İPM-in 35.1-ci maddəsinin tələbləri baxımından, məhkəmə icraatının mümkünlüyü istisna edilir. Ona görə də qeyd edilənləri nəzərə alan məhkəmə kollegiyası, birinci instansiya məhkəməsinin qərardadı ilə iddia ərizəsinin məhkəmə icratının mümkün sayılmamasını prosessual qanuvericiliyin tələblərinə uyğun nəticə kimi qimətləndirir. Bu baxımdan da, məhkəmə kollegiyası, iddiaçının apellyasiya şikayətinin Bakı İnzibati Məhkəməsinin 2- 1(112)-9420/2021 saylı 29.09.2021-ci il tarixli qərardadının əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun şikayəti təmin edilmədən, həmin qərardad dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Qeyd olunanlara əsasən və İPM-in 80, 87, 89, 90 və 94-ci maddələrini rəhbər tutaraq, məhkəmə kollegiyası q ə r a r a a l d ı: İddiaçı İddiaçı apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-9420/2021 saylı 29.09.2021-ci il tarixli qərardadı dəyişdirilmədən qüvvədə saxlanılsın. Qərardaddan rəsmi qaydada verildiyi gündən 10 müddətində Bakı Apellyasiya Məhkəməsinin İnzibati Kollegiyası vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər. Sədrlik edən: Cahangir Yusifov Hakimlər: Həmid Həmidov Elmira Nağıyeva
Məhkəmə qərarları › İş №2-1(103)-3107/2021
Bakı Apellyasiya Məhkəməsi Qərardad — İş №2-1(103)-3107/2021
23.12.2021 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver