Azərbaycan Respublikası adından QƏRAR Bakı şəhəri İş № 2-1(103)-3107/2024 28.11.2024 BAKI APELLYASİYA MƏHKƏMƏSİ Hakimlər Yusifov Cahangir Afər oğlu (sədrlik edən), Oruczadə Aytən Pənah qızı və Abbasova Günel Məhərrəm qızından ibarət tərkibdə, cavabdehin nümayəndəsi X1, üçüncü şəxsin nümayəndəsi Vəkil iştirakı ilə, İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı (üçüncü şəxs: ("xxxx" MTK) “ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ötürülməsi tələbinə dair” inzibati mübahisə üzrə Bakı İnzibati Məhkəməsinin 2-1(112)- 3452/2024 saylı xx.xx.2024cü il tarixli qərarından cavabdeh tərəfindən verilmiş apellyasiya şikayətinə əsasən işə Bakı Apellyasiya Məhkəməsinin binasında (Bakı şəhəri, Z.Xəlilov küçəsi, 540-cı məhəllə) açıq məhkəmə iclasında baxaraq m ü ə y y ə n e t d i: İ. İddiaçı cavabdeh Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə qarşı öhdəliyin icrası haqqında iddia ərizəsi, sonradan isə iddinın dəyişdirilməsi barədə ərizə ilə məhkəməyə müraciət edərək, ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 11 -ci mərtəbə, 5 №-li, bir otaqlı mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehə üzərinə qoyulması və **********785500 saylı qərarın ləğv edilməsi barədə qərar qəbul edilməsini xahiş etmişdir. İddiaçı tələbini aşağıdakılarla əsaslandırmışdır: “...xx.xx.2022-ci il tarixində "AVANT Group*' MTK ilə 0509 saylı Payçı müqaviləsini bağlamış, həmin Payçı müqaviləsinə əsasən Bakı şəhəri, Yasamal rayonu, A.M.Şərifzadə küç.241 ünvanında tikilməkdə olan "xxxx" Yaşayış Kompleksinin 5-ci binasında, 5-ci blok, 11-cü mərtəbə, 5 №li, bir otaqlı olan mənzili almış və bu mənzilə görə ƏDV daxil 82.709 manat məbləğində pul vəsaiti MTK-nın hesablarına mədaxil edilmişdir. Daha sonra, "xxxx" MTK ilə bağlanmış Payçı müqaviləsi və mədaxil qəbzlərinin surətləri əlavə edilməklə, Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə “Fiziki şəxslər tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı elektron ərizə” ilə müraciət etmiş, lakin cavabdeh xx.xx.2023-cü il tarixli **********785500 saylı qərarı ilə yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina etmişdir. İmtina onunla əlaqələndirmişdir ki, Azərbaycan Respublikası Prezidentinin xx.xx.2022-ci il tarixli 1693 nömrəli Fərmanı ilə təsdiq edilmiş ‘'Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada Satıcının bank hesabına, ƏDV məbləğini isə Satıcının ƏDV depozit hesabına ödəməlidir. Lakin, alıcı İddiaçı tərəfindən təqdim edilmiş sənədlərin araşdırması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) Satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Həmin qərarda cavabdeh özü də təsdiq etmişdir ki, tərəfindən ƏDV ödənilmiş, lakin Qaydanın 5.1.2-ci bəndinə uyğun ödəniş edilməmişdir. Bu tamamilə əsassız qərardır. Çünki tərəfindən yaşayış sahəsinin qiyməti ƏDV daxil hesablanıb, MTK-ya ödəniş etsə də müvafiq qaydada MTK da öz tərəfindən ƏDV məbləğini ödəyib, vergiyə hesabat təqdim etmişdir. Bununla əlaqədar MTK-ya ərizə ilə müraciət etdiyi zaman ödənilmiş ƏDV məbləğinin ƏDV depozit hesabına köçürülməsi və müvafiq qaydada vergiyə hesabat verilməsi barədə MTK tərəfindən ərizəsi cavablandırılmışdır. Bununla da tam təsdiq olunur ki, tərəfindən MTK-nın cari hesabına ödənilmiş ƏDV məbləği MTK tərəfindən müvafiq qaydada ƏDV depozit hesabına köçürülmüşdür...” Cavabdeh iddia ərizəsinə etirazında iddianı qəbul etməmiş və bunu aşağıdakılarla əsaslandırılmışdır: “...İddiaçı nağdsız qaydada alınmış yaşayış sahəsinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ilə bağlı xx.xx.2023- cü il tarixli elektron ərizə ilə İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə müraciət etmiş və ərizəyə 509 nömrəli müqavilə, bank mədaxil qəbzi və digər sənədlər əlavə edilmişdir. Onun təqdim etdiyi sənədlərin araşdırılması zamanı yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərini (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğini isə satıcının ƏDV depozit hesabına ödəməli olduğu halda, onun tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV daxil) satıcının bank hesabına ödənildiyi müəyyən edilmişdir. Müraciət üzrə aparılmış araşdırmanın nəticəsi üzrə "İnzibati icraat haqqında” Azərbaycan Respublikasının Qanununun 58-ci və 61-ci maddələrinə əsasən “Yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılmasından imtina edilməsi haqqında” xx.xx.2023-cü il tarixli **********785500 nömrəli qərar qəbul edilmişdir. Həmin qərar və “ƏDV qaytarmaq ərizəsindən imtina barədə" bildiriş iddiaçıya göndərlimişdir...” Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3452/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı ilə iddia təmin edilmiş, Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinin xx.xx.2023-cü il tarixli, **********785500 saylı qərarı ləğv edilmiş, Nağdsız qaydada alınmış yaşayış sahəsinə (ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 11-ci mərtəbə, 5 №-li, bir otaqlı mənzilə) görə İddiaçı qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyi Azərbaycan Respublikası İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidmətinin Bakı şəhəri Lokal Gəlirlər Baş İdarəsinə həvalə edilmişdir. Cavabdeh apellyasiya şikayəti verərək həmin qərarın ləğv edilməsini, iddia tələbinin rədd edilməsi barədə yeni qərar çıxarılmasını məhkəmədən xahiş etmişdir. Apellyasiya şikayəti İPM-in 85-ci maddəsinin tələblərinə uyğun verilmiş, apellyasiya icraatı mümkün hesab olunmuşdur. Apellyasiya mərhələsində "xxxx" MTK adi cəlbetmə qaydasında üçüncü şəxs qismində işə cəlb olunmuşdur. Cavabdeh apellyasiya şikayətini aşağıdakılarla əsaslandırılmışdır: “...Bakı İnzibatı Məhkəməsinin qeyd edilən qərarında Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın 5.1.2-ci bəndinə əsasən ƏDV məbləğinin ƏDV-depozit hesabına ödənilməsi birbaşa qeyd edilməsinə baxmayaraq, Bakı İnzibatı Məhkəməsi Fərmana şərh verərək, "xxxx" MTK-nın ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV vergisi hesabat təqdim etməyi əsas göstərərək, ƏDV məbləğinin ƏDVdepozit hesaba ödənilməməsini düzgün hesab edir. ƏDV-nin geri qaytarılması üçün fiziki şəxslər alınmış yaşayış sahəsi üzrə ödənişlərin həyata keçirilməsi zamanı yuxarıda qeyd edilən tələblərə uyğun şəkildə ödənişləri həyata keçirməlidirlər və Bakı İnzibati Məhkəməsinin Azərbaycan Respublikası Prezidentinin Fərmanı ilə təsdiq edilmiş Qaydalara şərh vermək səlahiyyəti yoxdur. Məhkəmənin tərəflərin təqdim etdikləri dəlilləri, arqumentləri və sübutları düzgün şəkildə araşdırmaq öhdəliyi vardır. Məhkəmə işin mahiyyəti üzrə bütün arqumentləri detallı şəkildə dəqiq səbəblər təqdim edilməklə araşdırılmalıdır. Birmənalı olaraq maddi və prosessual hüquq normalarının pozulması birinci instansiya məhkəməsinin qərarının ləğv edilməsi üçün əsasdır. Əlavə olaraq, qanunla müəyyən edilmiş vergiləri, hesablanmış faizləri, tətbiq edilmiş maliyyə sanksiyalarını və digər məcburi ödənişləri ödəmək vergi ödəməyə stimullaşdırmaqdır. Ümumiyyətlə, Azərbaycan Respublikası Vergi Məcəlləsində dəyişikliklərdən biri də məhz nağdsız əməliyyatların stimullaşdırılması məqsədilə tətbiq olunan “Nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin bir hissəsinin qaytarılması” layihəsidir. Məlum olduğu kimi, Azərbaycan Respublikası Prezidentinin 25 may 2022-ci il tarixli Fərmanı ilə fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikası ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin bir hissəsinin qaytarılması ilə bağlı MTK tərəfindən e-qaimələrin tərtib edilməsi və alıcılar tərəfindən müraciətlərin edilməsi üçün İnternet Vergi İdarəsində müvafiq portal yaradılıb. Ölkədə tətbiq olunan “ƏDV geri al" layihəsi uğurla tətbiq edilməsində əsas məqsəd iqtisadiyyatın şəffaflaşdırılması istiqamətində mühüm addımlar atmaq olub. Məhkəmə qərarının əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığından Bakı İnzibati Məhkəməsinin xx.xx.2024-cü il tarixli 2-1(112)-3452/2024 nömrəli qərarı qanuni və əsaslı deyildir. Odur ki, qərar ləğv edilməli və iddia təmin edilməməlidir...” Məhkəmə kollegiyasının iclaslarında iştirak edən cavabdehin nümayəndəsi apellyasiya şikayətinə uyğun izahat verərək təmin olunmasını məhkəmədən xahiş etmişdir. Üçüncü şəxsin nümayəndəsi isə 2022-ci ilin noyabr ayına kimi, vergi orqanında müvafiq elektron sistem mövcud olmadığını, noyabr ayında isə proqram təminatının çalışmağa başladığı elan olunsa da, növbəti ilin aprel ayına kimi həmin proqramın faktiki olaraq çalışmadığından vətəndaşların əziyyət çəkdiyini, idddiaçının son ödənişinin də məhz 2022-ci ilə qaiməsiz dövrə düşdyünü bildirərək, birinci instansiya məhkəməsinin qərarının qüvvədə saxlanılmasını məhkəmədən xahiş etmişdir. Məhkəmə kollegiyasının iclası barədə məlumat verilmiş iddiaçı məhkəməyə gəlməmiş, İPM-in 62-ci maddəsinə əsasən onun iştirakı olmadan işə baxılması mümkün hesab olunmuşdur. İİ. Məhkəmə kollegiyası işdə iştirak edən şəxsləri dinləyib və iş materiallarını araşdırıb belə hesab edir ki, aşağıdakı əsaslara görə cavabdehin apellyasiya şikayəti təmin edilmədən, birinci instansiya məhkəməsinin qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Azərbaycan Respublikası Vergi Məcəlləsinin 165.6.-ci maddəsinə əsasən, fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması şərtlərini və qaydasını müvafiq icra hakimiyyəti orqanının müəyyən etdiyi orqan (qurum) təsdiq edir. Bu maddəyə uyğun olaraq qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. Fiziki şəxs olan istehlakçılar eyni binadan bir və ya bir neçə yaşayış və (və ya) qeyri-yaşayış sahələrini aldıqda, ƏDV-nin qaytarılması alınmış yaşayış sahəsinin 500 kvadrat metr və qeyri-yaşayış sahəsinin 500 kvadrat metrdən çox olmayan hissəsinə mütənasib ödənilmiş ƏDV-yə tətbiq edilir. Eyni zamanda, Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli 219 nömrəli qərarı ilə təsdiq edilmiş “Vergi ödəyicisinə verilmiş elektron qaimə-faktura üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi Qaydaları”na əsasən: 1.6. Bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslər tərəfindən elektron qaimə-fakturada, müqavilədə, qəbzdə və ya çekdə göstərilən yaşayış və qeyri-yaşayış sahələrinin ƏDV-siz dəyəri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsin bank hesabına, ƏDV-nin məbləği isə ƏDV-nin depozit hesabına köçürülməlidir. Eyni zamanda, Azərbaycan Respublikası Prezidentinin “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması Şərtləri və Qaydası”nın təsdiq edilməsi haqqında 25 may 2022-ci il tarixli Fərmanı isə aşağıdakıları nəzərədə tutur: 1.2. Bu Qaydanın tələbləri bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə təqdim edilmiş elektron qaiməfaktura üzrə yaşayış və qeyri-yaşayış sahələrinin qiymətindən (ƏDV ilə birlikdə) asılı olmayaraq tətbiq edilir. 1.3. ƏDV-nin alıcıya qaytarılması alıcının bank hesabına köçürmə yolu ilə həyata keçirilir. Qaytarılan məbləğ ödənilmiş ƏDV-nin 30 faizini təşkil edir. 2.0.2. alıcı – satıcıdan yaşayış və qeyri-yaşayış sahələrini nağdsız qaydada alan fiziki şəxs olan istehlakçı; 2.0.3. satıcı – ƏDV ödəyicisi olan və Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxs; 2.0.4. operator – ƏDV-nin qaytarılması şərtilə alıcılara təqdim edilən yaşayış və qeyriyaşayış sahələri üzrə elektron qaimə-fakturanın tərtib edilməsinə, həmin elektron qaiməfaktura barədə məlumatların aidiyyəti üzrə ötürülməsinə imkan verən proqram təminatının, portalın və vahid elektron məlumat bazasının fəaliyyətini təşkil və idarə edən Azərbaycan Respublikasının İqtisadiyyat Nazirliyi yanında Dövlət Vergi Xidməti (bundan sonra – Dövlət Vergi Xidməti); 2.0.7. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi – bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslər tərəfindən yaşayış və qeyri-yaşayış sahələrinin notarial qaydada təsdiq edilməklə, habelə notarial qaydada təsdiq edilmədən bağlanılmış müqavilələr üzrə, həmçinin mənzil-tikinti kooperativi üzvlərinin ümumi yığıncağının qərarı ilə özgəninkiləşdirilməsi; ...; 3.1. Operator: 3.1.1. bu Qayda ilə müəyyən edilmiş hallarda ƏDV-nin qaytarılması işlərini təşkil edir; 5.1. Alıcı yaşayış və qeyri-yaşayış sahələrinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçərək elektron kabinetini yaradır, elektron kabinet vasitəsilə müraciətini və aşağıdakı sənədləri skan edərək portala göndərir: 5.1.1. yaşayış və qeyri-yaşayış sahələrinin təqdim edilməsi ilə bağlı sənədin surəti; 5.1.2. alınmış yaşayış və qeyri-yaşayış sahələrinin tam dəyərinin (ƏDV-siz) nağdsız qaydada satıcının bank hesabına, ƏDV məbləğinin isə satıcının ƏDV depozit hesabına ödənildiyini təsdiq edən və aşağıdakı məlumatların dəqiq göstərildiyi bank ödəniş sənədi: 5.3. Dəyəri satıcıya tam şəkildə ödənilmiş yaşayış və qeyri-yaşayış sahələrinə görə bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan müddətdən sonra müraciət edildikdə ƏDV-nin qaytarılmasına yol verilmir. 5.4. Alıcı tərəfindən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş ƏDV-nin qaytarılması ilə bağlı alıcının müraciətinə operator 10 (on) iş günü müddətində baxır və bu Qaydanın 5.1-ci bəndində nəzərdə tutulan sənədlərin düzgünlüyünü yoxlayır. Sənədlərdə çatışmazlıq aşkar olunduqda, müraciət daxil olduğu gündən 5 (beş) iş günü müddətində çatışmazlıqların aradan qaldırılması barədə alıcının portalda yaratdığı elektron kabinetə bildiriş göndərilir. Bütün çatışmazlıqlar eyni zamanda bildirilməlidir. Alıcı həmin çatışmazlıqları bildirişi aldığı tarixdən ən geci 10 (on) iş günü müddətində aradan qaldırmalıdır. Bu zaman operatorun müraciətə baxması ilə bağlı müddətin axımı dayandırılır və dayandırılmış müddət operator tərəfindən alıcının müraciətinə baxılma müddətinə daxil edilmir. Çatışmazlıqların aradan qaldırılması barədə alıcının müraciətindən sonra müddətin axımı bərpa olunur. 5.5. Elektron qaimə-faktura və bu Qaydanın 5.1-ci bəndində qeyd olunmuş sənədlərdə göstərilən məlumatlar operator tərəfindən yoxlanıldıqdan sonra dərhal risk qiymətləndirilməsi aparılır və risk qiymətləndirilməsinin nəticələri əsasında, təqdim edilmiş sənədlər bu Qayda ilə müəyyən edilmiş tələblərə cavab verdikdə, operator alıcıya qaytarılacaq ƏDV-nin yekun məbləği barədə məlumatı həmin gün müvəkkil banka ötürür. Bu barədə alıcının portalda yaratdığı elektron kabinetə məlumat göndərilir. 5.7. Müvəkkil bank bu Qaydanın 5.5-ci bəndində nəzərdə tutulan ƏDV məbləğini məlumatı aldığı tarixdən 5 (beş) iş günündən gec olmayaraq alıcının bank hesabına qaytarır. Müvəkkil bank tərəfindən əcnəbilərə və vətəndaşlığı olmayan şəxslərə ƏDV məbləği onların seçimindən asılı olaraq milli və ya xarici valyutada qaytarılır. 5.8. Qaytarılacaq ƏDV məbləği müvəkkil bank tərəfindən bank əməliyyatlarının aparılmasına görə xidmət haqları çıxılmaqla alıcıya ödənilir. Qanunvericiliyin qeyd olunan tələblərindən göründüyü kimi, bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxsdən nağdsız qaydada yaşayış sahəsi alan şəxs (alıcı) yaşayış sahəsinin dəyərini satıcıya nağdsız qaydada tam şəkildə ödədikdən sonra 90 (doxsan) gündən gec olmayaraq, ƏDV-nin qaytarılması məqsədilə portalda qeydiyyatdan keçməklə elektron kabineti vasitəsilə qeyd olunan sənədləri portala göndərdiyi təqdirdə, satıcının depozit hesabına ödədiyi ƏDV-nin 30 faizini geri qaytarılmasını tələb etmək hüququ vardır. İş materiallarına əlavə edilmiş 31 sentyabr 2022-ci il tarixli 0509 nörməli “Payçı müqaviləsi”nə və mədaxil qəbzlərinə əsasən müəyyən olunur ki, iddiaçı ünvan 1 ünvanında yerləşən "xxxx" yaşayış kompleksinin 5-ci binasında, 5-ci blok, 11-ci mərtəbə, 5 №-li, bir otaqlı mənzili, mənzilin 82709 manat məbləğində ƏDV daxil ümumi dəyərinin müqavilə imzalanarəkn 30.000,9 manatını avans şəklində, qalan, 52700 manat məbləğini hissə-hissə MTK-nın hesabına nağdsız qaydada köçürməklə, almışdır. "xxxx" MTK-nın iddiaçıya ünvanlanmış 27 oktyabr 2023-cü il tarixli məktubunda da qeyd olunur ki, iddiaçı tərəfindən kooperativə ödənilən ƏDV daxil 82.709 manat məbləğin 12.616,63 manat ƏDVsi müvafiq qaydada vergi orqanına ümumi hesabatda bəyan edilmiş və həmin bəyannamə üzrə yaranmış vegi öhdəliyi yerinə yetirilmişdir. Qeyd olunan hallar işin mübahisələndirilməyən hallarıdır. İşin hallarından göründüyü kimi, iddiaçının, vergi orqanında yaradılmış proqram təminatı vasitəsilə, mənzilə görə ödədiyi ƏDV-nin ona ödəniləcək 30 faiz hissəsini geri qaytarılması üçün elektron portalda müvafiq şərait yarandığı 2023-cü ilin aperel ayının sonundan etibarən yarandığı və qeyd olunan fərmanda nəzərdə tutulan 90 gün müddətin ötürülməsi işin mübahisələndirilməyən halıdır. İş materiallarına əsasən müəyyən olunur ki, iddiaçının mənzilə görə ƏDV daxil ödənişləri, o cümlədən son ödənişi vergi orqanında müvafiq proqram təminatı hələ fəaliyyətə başlamazdan əvvəl 2022-ci ildə həyata keçirilmiş, iddiaçı cavabdeh vergi orqanına ilkin olaraq ƏDV-nin geri qaytarılması üçün xx.xx.2023-cü il tarixli elektron ərizə ilə müraciət etmiş, lakin onun bu müraciəti cavabdeh vergi orqanı tərəfindən 10 mart 2023-cü il tarixli qərarı ilə, yaşayış sahəsinin ƏDV daxil tam dəyərinin satıcının bank hesabına ödənildiyi əsas gətirilməklə, ƏDV-nin geri qaytarılmasından imtina olunmuşdur. Halbuki, həmin vaxt iddiaçı tərəfindən ƏDV-nin ayrılıqda satıcının ƏDV depozit hesabına köçürülməsi üçün vergi orqanının proqram təminatı hələ işlək vəziyyətdə olmamışdır. Bu hal iddiaçının ƏDV-nin geri qaytarılması üçün sonrakı - xx.xx.2023-cü il tarixli müraciətinin cavabdeh vergi orqanı ona ünvanladığı “ƏDV qaytarmaq ərizəsinin təsdiqi barədə” elektron bildirişinin aşağıda göstərilən məzmunu ilə də təsdiq olunur: “Sizin tərəfinizdən göndərilmiş xx.xx.2023-cü il tarixli **********450200 nömrəli “Fiziki şəxs olan istehlakçılar tərəfindən Azərbaycan Respublikasının ərazisində bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən nağdsız qaydada alınmış yaşayış və qeyri-yaşayış sahələrinə görə ödənilmiş əlavə dəyər vergisinin qaytarılması ərizəsi Dövlət Vergi Xidmətinin vahid elektron məlumat bazasında nəzərə alınmamışdır. Qaytarılacaq ƏDV məbləği (772,17 AZN) müvəkkil bank tərəfindən (ərazidə göstərilən bank rekvizitləri doğru olduğu təqdirdə) bank əməliyyatlarınıni aparılmasına görə xidmət haqları çıxılmaqla (6933,5 AZN) 5 iş günü müddətində müddətində ərizənizdə göstərilən bank hesabınıza köçürülməsi təmin ediləcək. Müraciətinizdə göstərilən bank rekvizitləri yanlış olduqda vəsaitin hesabınıza köçürülməsi mümkün olmayacaq.” Lakin işin mübahisələndirilən hallarıdan göründüyü kimi, cavabdeh bu halda da bildirişinə uyğun hərəkət etməmiş, üçüncü şəxs MTK 2022-ci ilin sentyabr ayı üzrə onun hesabına iddiaçı tərəfindən ödənilmiş ƏDV məbləği də daxil olmaqla, cavabdehə vergi orqanına müvafiq hesabat təqdim edilməsinə və vergilərin ödənilməsinə və bu işin mübahisəsiz halı olmasına baxmayaraq, hərəkətsizlik nümayiş etdirmiş bununla da, əsassız olaraq ddiaçını haqqı çatanları almaq hüququndan məhrum etmişdir. Odur ki, birinci instansiya məhkəməsi tərəfindən də məhz, öz qərarında iddianı təmin edərkən haqlı olaraq aşağıdakıları qeyd etmişdir: “... İddiaçının aldığı, alqı-satqı müqaviləsinin predmeti olan mənziin dəyəri (ƏDV məbləği də daxil olmaqla) MTK-nın hesabına ödənildiyindən, MTK da öz növbəsində həmin məbləğlər də (ƏDV depozit hesabına köçürülməsi nəzərdə tutulmuş, lakin MTK-nın hesabına köçürülmüş) daxil olmaqla həmin ay üzrə ümumi dövriyəyə cəlb olunan məbləğdən ƏDV vergisi ödəmiş və hesabat təqdim etmişdir. Belə olan halda, ƏDV məbləğinin cavabdehdən (dövlət büdcəsindən) deyil, MTK-dan tələb edilməsi, MTK-nın əsassız olaraq artıq ƏDV ödəməsinə, həmçinin ƏDV məbləğinin alıcılara qaytarılmasından yaranan ikiqat ziyana uğramasına səbəb ola bilər. Azərbaycan Respublikası Nazirlər Kabinetinin xx.xx.2007-ci il tarixli, 219 № li qərarı ilə təsdiq edilmiş «Vergi ödəyicisinə verilmiş elektron vergi hesab-fakturası üzrə alınmış malların (iş və xidmətlərin) dəyəri ödənilərkən ƏDV-nin ödənilməsi, ƏDV-nin depozit hesabında uçotun aparılması, ƏDV-nin hərəkəti, bu hesab üzrə aparılan əməliyyatlardan ƏDV-nin əvəzləşdirilməsi və dövlət büdcəsinə köçürülməsi “Qaydaları»ı: Bənd 2. ƏDV-nin depozit hesabına vəsaitlərin mədaxili. 2.1. ƏDV-nin depozit hesabına vəsaitlər aşağıdakı, lakin bunlarla məhdudlaşdırılmayan mənbələrdən daxil ola bilər: - ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından; - digər vergi ödəyicilərinin bank hesablarından; -- bina tikintisi fəaliyyəti ilə məşğul olan şəxslərdən yaşayış və qeyri-yaşayış sahələri alan şəxslərin ödəmələrindən. Göründüyü kimi, ƏDV-nin depozit hesabı həmçinin ƏDV qeydiyyatında olan vergi ödəyicisinin öz bank hesablarından ödənilmiş vəsaitlərdən mədaxili də nəzərdə tutulmuşdur...” Daha sonra, məhkəmə, Vergi Məcəlləsinin 58.6 və 175.1.3-cü maddələrinin tələblərinə istinadən qeyd etmişdir ki, qanunvericilikdə vergi ödəyicisi tərəfindən malların (iş və xidmətlərin) dəyəri ödənilən gündən 1 iş günü müddətində, ƏDV-nin məbləğinin aparılmış ödəniş məbləğinə uyğun olaraq ƏDV-nin depozit hesabına ödənilməməsinə görə maliyyə sanksiyası nəzərdə tutulmuşdur. MTK etdiyi alqı-satqılar üzrə ƏDV hesabatı təqdim etmişdir. İş materiallarında cavabdeh tərəfindən MTK-nın satdığı mənzillərə görə ƏDV aldığı məbləğin ƏDV depozit hesabına köçürməməsinə görə maliyyə sanksiyasının tədbiq edilməsi müəyyə edilmir. Cavabdeh bu barədə məhkəməyə hər hansı bir sübut təqdim etməmiş, ümumiyyətlə bu halı mübahisələndirməmişdir. Aparılmış qiymətləndirmənin nəticəsi olaraq, məhkəmə hesab edir ki, iddia təmin edilməlidir...” Qeyd olunanları nəzərə alan məhkəmə kollegiyası belə hesab edir ki, birinci instansiya məhkəməsi tərəfindən iddianın təmin olunaraq imtina qərarının ləğv edilərək mənzilə görə ona qaytarılacaq olan ƏDV-nin yekun məbləği barədə məlumatın müvəkkil banka ("xxxx" ASC-nin baş ofisi (Müştəri Xidmətləri Departamenti)) ötürülməsi öhdəliyinin cavabdehə həvalə edilməsi işin hallarına, maddi və prosessul hüquq normalarına uyğun nəticədir. İPM-in 73.1-ci maddəsi isə nəzərədə tutur ki, İnzibati aktın qəbulundan imtina olunmasının və ya cavabdehin hərəkətsizliyi nəticəsində inzibati aktın qəbul edilməməsinin qanuna zidd olduğu və iddiaçının hüquqlarının pozulmasına səbəb olduğu hallarda, məhkəmə inzibati orqanın üzərinə inzibati aktın qəbul edilməsi barədə öhdəlik qoyur. Beləliklə də göstərilənləri nəzərə alan məhkəmə kollegiyası cavabdehin apellyasiya şikayətinin, məhkəmə tərəfindən qərarın əsası kimi istinad olunanlar və gətirilən dəlillər həm işin faktiki hallarına, həm də qanunvericiliyin tələblərinə uyğun olmadığını, gəldiyi nəticənin qanunsuz və əsassız olduğunu mübahisələndirən dəlilləri ilə razılaşmır və yekunda belə qənaətə gəlir ki, onun apellyasiya şikayəti təmin olunmadan, Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3452/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılmalıdır. Yuxarıda göstərilənlərə əsasən və İPM-in 69, 82, 87, 89, 90, 94-cü maddələrini rəhbər tutaraq məhkəmə kollegiyası Q Ə R A R A A L D İ: Cavabdehin apellyasiya şikayəti təmin edilməsin. Bakı İnzibati Məhkəməsinin 2-1(112)-3452/2024 saylı xx.xx.2024-cü il tarixli qərarı dəyişdirilmədən qüvvədə saxlanılsın. Hazırkı qərardan təqdim edildiyi gündən 1 (bir) ay müddətində Bakı Apellyasiya Məhkəməsi vasitəsi ilə Azərbaycan Respublikası Ali Məhkəməsinin İnzibati Kollegiyasına (Bakı şəhəri, Y.Səfərov küçəsi 14, 1193-cü məhəllə) kassasiya şikayəti verilə bilər.
Məhkəmə qərarları › İş №2-1(103)-3107/2024
Bakı Apellyasiya Məhkəməsi Qərar — İş №2-1(103)-3107/2024
28.11.2024 · İnzibati mübahisələrə dair iş
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Mənbə: Azərbaycan məhkəmə sistemi (courts.gov.az) — anonimləşdirilmiş rəsmi mətn. Dataset: Azerbaijan Court Data (CC-BY-4.0).
Bu qərar sizin işinizə uyğun gəlirmi?
Sualınızı yazın — cavab qanun maddələri və məhkəmə təcrübəsi əsasında hazırlanır.
Sual ver